Icma.az
close
up
RU
Ukraynalı ekspert: Azərbaycanın müstəqil kursu Rusiya üçün qəbuledilməzdir, buna görə təzyiqlərə əl atır

Ukraynalı ekspert: Azərbaycanın müstəqil kursu Rusiya üçün qəbuledilməzdir, buna görə təzyiqlərə əl atır

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Rusiya Federasiyası bu gün milli azlıqlara qarşı sistemli və məqsədyönlü şəkildə yürüdülən şovinist və islamofob siyasəti ilə beynəlxalq hüququ, humanizm prinsiplərini və bəşəri dəyərləri açıq-aşkar ayaqlar altına atır. Bu siyasətin arxasında isə birbaşa Kreml durur. Prezident Vladimir Putinin rəhbərlik etdiyi rejim artıq uzun müddətdir ki, irqçi və imperialist yanaşmanı dövlət siyasətinə çevirib. Bu, sadəcə, bir tendensiya deyil – bu, yeni Putinizmin əsas ideoloji dayağıdır.

Yekaterinburqda azərbaycanlılara qarşı repressiya

SSRİ-nin süqutundan sonra Rusiyada şovinizm, islamofobiya və etnik nifrət yenidən baş qaldırdı, bu dəfə daha sistemli, daha sərt şəkildə... Kreml rəhbərliyi də bunu açıq şəkildə dəstəkləyir, ideoloji aparat bu siyasəti bəsləyir, hüquq-mühafizə orqanları isə icra edir. Artıq dövlətin özü qeyri-ruslara qarşı zorakılığın əsas icraçısına çevrilib. Bu gün polis, “Rosqvardiya”, FSB və digər rəsmi qurumlar rus olmayanı, xüsusilə də azərbaycanlı, özbək, qırğız, türkmən və çeçen mənşəli insanları yalnız milliyyətlərinə və dininə görə döyür, alçaldır, işgəncəyə məruz qoyur.

Bir neçə gün öncə Yekaterinburqda FSB əməkdaşlarının azərbaycanlı ailənin evinə hücum edərək, heç bir hüquqi prosedura riayət etmədən amansız əməliyyat keçirməsi Rusiyanın repressiv mahiyyətini bir daha sübut etdi. Həmin əməliyyat zamanı azərbaycanlı iki qardaş xüsusi qəddarlıqla qətlə yetirildi, bir neçə nəfər ağır xəsarət aldı, saxlanılanlardan bəziləri bu gün - iyunun 29-da məhkəmə qarşısına çıxarılıb.

Baş verənləri adi insident kimi qiymətləndirmək mümkün deyil. Bu, Rusiya dövlətinin qeyri-ruslara qarşı ümumiləşmiş münasibətinin bariz nümunəsidir. Bu hadisə təkcə həmin şəxslərin hüquqlarının pozulması deyil, eyni zamanda bütün türkdilli və müsəlman xalqlara verilən “siz bu ölkədə ikinci, hətta üçüncü dərəcəli vətəndaşlarsınız” mesajıdır.

Rusiyanın dövlət siyasəti: dini, irqi, milli ayrı-seçkilik

Rusiyada dini, irqi, milli ayrı-seçkilik faktiki olaraq dövlət siyasətinə çevrilib. Sosial xidmətlərdən istifadə, ədalətli məhkəmə hüququ, iqtisadi imkanlara çıxış – bütün bunlar rus olmayanlar üçün ya qadağandır, ya da ciddi şəkildə məhdudlaşdırılıb. Bu ölkədə müsəlman olmaq, türk soyadı daşımaq artıq risk faktoru sayılır. İslam dini və onun simvolları, o cümlədən hicab, azan, məscidlər Rusiya mediasında təhlükə kimi təqdim olunur, xalq isə bu təbliğata inandırılaraq fərqli millətlər qarşı nifrətlə köklənir.

Tarix boyu rus imperiyası digər xalqları assimilyasiya etmək, onların mədəni və siyasi kimliyini silmək cəhdləri ilə yadda qalıb. SSRİ dövründə bu siyasət “beynəlmiləlçilik” pərdəsi altında həyata keçirilirdisə, bu gün artıq heç bir örtüyə ehtiyac yoxdur - rus olmayan hər bir xalq Rusiya üçün ya itaətkar obyekt, ya da məhv edilməli düşməndir. Əgər Rusiya dil və din baxımından özünə ən yaxın olan slavyan mənşəli Ukrayna xalqına qarşı bu qədər qəddar davranır, onların şəhər və kəndlərini bombalayır, Buçada, Xarkovda, eləcə də digər yerlərdə soyqırımı həyata keçirirsə, digər xalqlara - xüsusilə də türklərə və müsəlmanlara qarşı daha amansız və insanlıqdan kənar münasibətin sərgilənməsi, əslində, təəccüblü olmamalıdır.

Çarizm, Sovet və Putinizmin ortaq cəhəti: ruslaşdırma və şovinizm

Kreml rejiminin zülmünü birbaşa yaşamış ukraynalı politoloq Aleksandr Kovalenko APA-ya açıqlamasında Rusiyanın təkcə Ukrayna xalqına deyil, bütövlükdə region xalqlarına qarşı həyata keçirdiyi repressiv və işğalçı siyasəti sərt tənqid edib.

Kovalenko bildirib ki, Rusiyanın özünü guya “titul xalq” - yəni dominant etnos kimi təqdim etməsi, köhnə və avtoritar imperiya düşüncəsinin bir təzahürüdür: “Bu zehniyyət hələ çar Rusiyasından miras qalmış, Sovet İttifaqı dövründə dövlət ideologiyasına çevrilmişdi, bu gün də eyni aqressiv formada davam edir. Tarix boyu Rusiya - istər imperiya, istərsə də sovet formasında - ətrafındakı xalqların milli kimliyini sistemli şəkildə kiçildib, onların müstəqil tarixini, dövlətçilik irsini, mədəniyyətini və hətta öz dilini belə tanımaqdan imtina edib. Digər xalqlara zorla “rus olmağın üstünlüyü” fikri aşılanıb. Bu tendensiya nəinki dayanmayıb, əksinə, bu gün daha açıq və daha sərt şəkildə davam edir. Rusiya, əslində, tarixi boyu öz komplekslərini gizlədə bilməyən, özündən narazı və daim başqalarının hesabına imperiya oynamağa çalışan ölkədir. Əlində böyük ərazilər və sərvətlər olmasına baxmayaraq, Rusiya heç vaxt öz daxili zəifliklərini həll edə bilməyib, bunun əvəzində daim başqa xalqları assimilyasiya və ya istismar etməyə çalışıb, onun imperiya mahiyyəti heç vaxt dəyişməyib. Ukraynaya qarşı başladığı işğalçı müharibədə tez və qəti qələbə gözləyən Kreml artıq dörd ildir ki, bataqlıqda ilişib qalıb. Bu iflasa uğramış avantüranın nəticələri həm hərbi, həm də siyasi baxımdan Rusiyanın reputasiyasını darmadağın edib. Əsəbi və zəif duruma düşən Rusiya rəhbərliyi artıq maska taxmağa belə ehtiyac duymur, digər xalqlara, mədəniyyətlərə və dinlərə qarşı əsl irqçi münasibətini açıq şəkildə ortaya qoyur. Bu gün Rusiyada qeyri-rus etnik qrupların nümayəndələri real təhlükə altındadır”.

Rusiya keçmiş “qardaş” xalqları sistemli şəkildə istismar edir

Ukraynalı politoloq qeyd edib ki, Rusiyada miqrantlara qarşı ölkə miqyasında reydlər keçirilir, onlara, sadəcə, hüquqsuz işçi qüvvəsi deyil, həm də müharibə üçün “canlı qüvvə” kimi yanaşılır: “Vətəndaşlıq alan bu insanlar Ukrayna ilə müharibə üçün kütləvi şəkildə səfərbərliyə cəlb olunur və bu, dövlət siyasətidir. Burada söhbət bütün Orta Asiya və Cənubi Qafqaz xalqlarından - taciklərdən, qırğızlardan, qazaxlardan, azərbaycanlılardan gedir. Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkinin fəxrlə bildirdiyi kimi, 2025-ci ilin əvvəlindən bəri 80 min miqrant guya hərbi qeydiyyat qaydalarını pozduğu üçün saxlanılıb, onlardan 20 mini artıq cəbhəyə göndərilib. Bu, açıq şəkildə insan alverinə və məcburi hərbi qulluq vasitəsilə etnik təmizləmə siyasətinə bənzəyir. İnsanlar Rusiyaya yaxşı həyat ümidi ilə gəlirlər, işləmək, yaşamaq, inkişaf etmək istəyirlər, əvəzində müharibə cəbhəsinə sürgün olunmaq, ölümlə üz-üzə qalmaq riski ilə qarşılaşırlar. Rusiya üçün digər xalqlar nə tərəfdaş, nə qonşudur, sadəcə, istifadə ediləcək resurs, istismar obyekti, kütləvi qüvvədir. Bu ölkə tarix boyu təkcə öz daxilindəki azsaylı etnosları deyil, həm də Sovet İttifaqı adı altında “böyük qardaşlıq” maskası ilə əzilmiş bütün xalqları sistemli şəkildə istismar edib. Bu gün həmin istismarın, nifrətin və qəsbkar təfəkkürün daha da sərt formasını görürük. Bir zamanlar keçmiş sovet respublikalarının bəzi vətəndaşları Rusiyaya ümidlə baxır, orada həyat qurmağa çalışırdılar. Bu gün isə Rusiya dini və mədəni kimliyi fərqli olan hər kəs üçün potensial repressiya zonasıdır. Bu ölkəyə köçmək artıq yeni bir həyat qurmaq deyil, həyatını təhlükəyə atmaq deməkdir. Rusiya bu gün artıq təhlükəli, düşmən və qəddar bir sistemin adıdır. Orada yaşamaq uçuruma yuvarlanmaq riski ilə üz-üzə qalmaq deməkdir”.

Politoloq vurğulayıb ki, Rusiya güc strukturları qeyri-rus millətlərə və digər dinlərin nümayəndələrinə qarşı zorakılıq tətbiq etməkdə nə qanun, nə də əxlaq tanıyır: “Bu, müasir Rusiya Federasiyasında dəfələrlə qeydə alınıb və bəzi hallarda cəmiyyət tərəfindən artıq adi hal kimi qəbul olunmağa başlayıb. Hazırda digər millətlərin və dinlərin nümayəndələrinə qarşı bu cür artan aqressiya və zorakılığı izah edən amillərdən biri də odur ki, Rusiyanın öz cəmiyyətində ölkədəki iqtisadi vəziyyətdən narazılıq, əhalinin rifahının düşməsi, eləcə də psixoloji və mənəvi gərginliklər artır. Bütün bunlar isə birbaşa şəkildə Ukraynada uğursuzluğa düçar olmaları ilə bağlıdır. Rusiya hakimiyyəti daha kiçik bir dövlətə qarşı genişmiqyaslı hücum əməliyyatı aparmaq iqtidarında olmadığını və bu sahədə yaşadığı reputasiya fiaskosunu ölkə daxilində digər millətlərin nümayəndələrinə qarşı zorakılıqla kompensasiya etməyə çalışır. Əgər əvvəllər şovinist və ifrat dərəcədə aqressiv millətçiliyini müəyyən qədər gizlətməyə çalışırdısa, bu gün artıq demək olar ki, bütün güc strukturları ölkə rəhbərliyindən birbaşa "yaşıl işıq" alıblar – onlara heç bir məhdudiyyət olmadan digər millətlərin nümayəndələrinə qarşı mümkün qədər sərt davranmaq göstərişi verilib”.

Azərbaycanın müstəqil kursu Rusiya üçün qəbuledilməzdir

Ukraynalı ekspert qeyd edir ki, Azərbaycan regionda və daxildə müstəqil siyasət yürütməsi ilə fərqlənən nadir dövlətlərdən biridir və məhz bu səbəbdən Rusiya son vaxtlar Bakıya müxtəlif təzyiq alətləri ilə təsir göstərməyə çalışır. Bu isə iki ölkə arasında münasibətlərin gərginləşməsinə yol açıb.

“Moskva xüsusilə Çeçenistan hava məkanında Azərbaycanın sərnişin təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı məsələdə, eləcə də digər bir çox mövzularda Bakıya təzyiq göstərir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan həm daxili, həm də xarici siyasətdə kifayət qədər qətiyyətli mövqe nümayiş etdirir, bu da təbii ki, siyasi baxımdan Rusiya üçün qəbuledilməzdir. Ona görə də təəccüblü olmaz ki, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşları da risk zonasına düşsünlər. Çünki Rusiya harada diplomatik, siyasi, iqtisadi və ya hərbi yollarla təzyiq göstərə bilmir, orada insan hüquq və azadlıqlarını məhdudlaşdırmağa, daim məşğul olduğu üsula - terrora əl atır. İndi isə bu terror millətlərarası səviyyədə, Rusiyada yaşayan digər ölkələrin vətəndaşlarına qarşı həyata keçirilir. Buna görə də hesab edirəm ki, Rusiyaya iş, biznes və ya digər səbəblərlə gələn əcnəbilər, o cümlədən azərbaycanlılar, yaxud illərdir, orada yaşayan şəxslər real olaraq artan təhlükə və təzyiq riskləri ilə üz-üzədirlər”, - deyə politoloq Aleksandr Kovalenko fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 İyun 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see145

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see135

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see134

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see133

OMON dəstəsi azərbaycanlıların evinə basqın etdi: Ölən var

27 İyun 2025 22:50see119

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see119

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see117

İran MAQATE rəhbərini persona non grata elan etdi

27 İyun 2025 22:29see117

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see117

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see117

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır Kosaçev

27 İyun 2025 19:59see116

Lion dan qərar: Avropa Liqasında iştirak edəcək

27 İyun 2025 20:33see116

“Arsenal”ın futbolçusunun toy Fotoları

28 İyun 2025 09:38see115

Naxçıvanda məclis faciə ilə bitdi: Cibinə siqaret al, qoy deyən dostunu öldürdü

27 İyun 2025 22:25see115

Trampa Ali Məhkəmədən “yaşıl işıq”: ABŞ da doğulan hər kəs vətəndaş olmayacaq KONKRET

27 İyun 2025 20:51see115

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see114

Şuşanın turizm potensialı haqqında süjet hazırlandı Video

27 İyun 2025 22:08see113

İranın zənginləşdirilmiş uranı harada gizlətdiyi məlum olub

28 İyun 2025 02:49see112

Müntəzəm süd içənlərə XƏBƏRDARLIQ

27 İyun 2025 21:04see111

XİN İran səfirindən təkzib tələb edir: Ərazimiz hər hansı dövlət tərəfindən istifadə olunmayıb

27 İyun 2025 23:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri