Icma.az
close
up
RU
Ümidlər getdikcə tükənir: ABŞ Rusiya Ukrayna danışıqlarından geri çəkiləcəkmi? TƏHLİL

Ümidlər getdikcə tükənir: ABŞ Rusiya Ukrayna danışıqlarından geri çəkiləcəkmi? TƏHLİL

Icma.az bildirir, Apa.az portalına istinadən.

Aprelin 18-də ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Ukrayna və Rusiya arasında sülh sazişinə dair razılığın əldə olunacağına dair real siqnal müşahidə olunmasa, Vaşinqton danışıqlardan geri çəkiləcək.

Bu açıqlamanın ABŞ-ın vasitəçilik cəhdlərinin nəticə vermədiyinə dair işarə kimi də qəbul etmək olar. Münaqişənin həllində əsas maneə isə tərəflərin qarşılıqlı güzəştə getmək istəməməsidir. Rusiya Krım və Donbas bölgələrinə dair tələbindən çəkilmir, Ukrayna isə ərazi bütövlüyündən vaz keçmək niyyətində deyil.

ABŞ-ın prosesdən çəkilməsi isə bu balansın daha da pozulmasına və danışıqların tamamilə iflasa uğramasına yol aça bilər.

Dövlət Katibinin bu bəyanatı analitiklər tərəfindən Vaşinqtonun diplomatik səylərinin tükəndiyini göstərən açıq mesaj, həmçinin, Rusiya və Ukraynanı danışıqlar prosesinə daha da yaxınlaşdırmaq üçün təzyiq vasitəsi kimi dəyərləndirilir.

Trampın təzyiq və təcrid diplomatiyası

Amerikalı siyasi ekspert Piter Teyz APA-ya bildirib ki, 17 apreldə Parisdə keçirilən və Rusiya-Ukrayna müharibəsinə son qoymaq istiqamətində aparılan danışıqların nəticəsiz və mənasız olması nəzərə alındığında, Prezident Donald Trampın Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq məqsədilə həyata keçirilən vasitəçilik prosesindən geri çəkilməsi ən məntiqli və strateji addım olardı: “Bu qərar Rusiyanı daha da təcrid edəcək, Moskvanın Vaşinqton tərəfindən tətbiq olunan sərt iqtisadi sanksiyalarla üzləşməsinə səbəb olacaq. Ukraynaya sülh gətirə biləcək yeganə etibarlı geosiyasi güc Tramp Administrasiyasıdır. Hətta ABŞ Rusiya-Ukrayna danışıqlarından geri çəkilsə belə, Prezident Tramp hələ də bu münaqişənin həlli üçün həlledici rolunu oynayacaq və Vaşinqton Moskva ilə Kiyev arasında sülh danışıqlarında yaradıcı yanaşmalarını davam etdirərək tərəflər arasında qalıcı sülhü təmin etməyə çalışacaq. Trampın rəhbərlik etdiyi Ağ Ev Ukraynada davamlı sülhün təmin olunması üçün müvafiq vasitəçilik missiyasını həyata keçirmək qabiliyyətinə malikdir. ABŞ bu prosesdən uzun müddət kənarda qalmayacaq; bu, sadəcə, Rusiyanı daha da zəiflətmək, Aİ ölkələri arasında qeyri-normal fikir ayrılıqlarını üzə çıxarmaq məqsədi daşıyır”.

Tramp Putinə qarşı qətiyyətli addımlar atacaq

Yaxın perspektivdə Trampın Rusiya Prezidenti Putinə qarşı sərt addımlar atacağını və Rusiyaya əlavə iqtisadi sanksiyalar tətbiq edəcəyini vurğulayan Piter Teyz deyir ki, Rusiya müharibəni uzatmaqla, öz milli iqtisadiyyatına və əmək bazarına ağır zərbə vurur.

“Hadisələrin inkişafı göstərir ki, Prezident Tramp ehtiyatlı və qətiyyətli şəkildə Putinin qarşısına çıxacaq və Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Rusiya hələ də anlamır ki, müharibəyə son qoymaq istiqamətində hər hansı irəliləyiş olmaması onun milli iqtisadiyyatına və əmək bazarına ağır mənfi təsir göstərəcək. Müharibənin uzadılması, iqtisadi sanksiyalar və beynəlxalq təzyiqlərin güclənməsi, ölkənin daxili bazarını və iş mühitini ciddi şəkildə daraldacaq, iqtisadi artımı daha da ləngidəcək. Bu sanksiyalar yalnız Rusiyanın valyuta bazarını və ticarət əlaqələrini sıxışdırmaqla kifayətlənməyəcək, həm də işsizlik və sosial gərginlik kimi əlavə problemlərə səbəb olacaq. Eyni zamanda, müharibənin davam etməsi Rusiyada daxili siyasi stabilliyi təhdid edə bilər. Prezident Putinin rəhbərliyi altında, ölkənin iqtisadi müstəqilliyi və əhalisinin rifahı daha da təhlükə altına girəcək, çünki müharibə hərbi sahə ilə yanaşı, iqtisadi və sosial sahələrdə də ciddi çətinliklər yaradır. Bütün bu faktlar, Rusiya rəhbərliyini beynəlxalq təzyiqləri nəzərə alaraq sülhə doğru addımlar atmağa məcbur edə bilər”, - deyə ekspert vurğulayıb.

Avropa diplomatiyasının uğursuzluğu

Amerikalı siyasi ekspert Avropanın Ukrayna-Rusiya münasibətlərində vasitəçilik potensialına dair fikirlərini də açıqlayıb: “Avropa Komissiyası, Fransa və Almaniya (Rusiyanın hibrid müharibəsinin əsas hədəfi olmuş İtaliya istisna olmaqla) bu məsələdə Tiranadakı “Azad Ukrayna” prospekti kimi davranır. Burada Ukrayna bayraqları Parlament binasının qarşısındakı küçənin hər iki tərəfini bəzəsə də, prospektin başlanğıcında yerləşən və Sovet İttifaqının Balkanlardakı strateji dayaq nöqtəsi olan Stalin heykəli Ukrayna bayraqlarına rəğbət göstərənlərə və Albaniya Milli Məclisinin spikeri Elisa Spiropalinin iqamətgahını ziyarət edənlərə “salam” verir. Albaniya hökumətinin Ukraynaya və Holodomora münasibəti Avropa İttifaqının Ukraynanın geosiyasi çətinliklərindən və fəlakətindən necə sui-istifadə etdiyinin tipik nümunəsidir. Effektiv diplomatiya, iki əsas dayağa – güclü iqtisadiyyat və zəngin hərbi gücə əsaslanır. Bu fundamental amilləri bu gün dünya siyasətində yalnız Tramp Administrasiyası özündə cəmləşdirir. Prezident Tramp müasir Avropa tarixində Ukraynaya davamlı sülh gətirən əsas dövlət xadimi kimi tarixə keçəcək və əminəm ki, qarşıdakı üç il ərzində ABŞ Prezidenti tərəfindən bu nailiyyətin gerçəkləşdirildiyinə şahid olacağıq. Ukrayna Rusiyanın işğal etdiyi əraziləri qorumaq hüququnu qəbul etməli və NATO-ya üzvlük iddiasından vaz keçməlidir. Əks halda, irəli sürüləcək hər hansı təklif dayanıqsız olacaq və NATO daxilində yeni müharibə xətlərinin açılmasına səbəb olacaq”.

“Putin Trampı aldadır...”

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko isə APA-ya açıqlamasında ABŞ dövlət katibi Marko Rubionun aprelin 18-də verdiyi bəyanatı məntiqli adlandırıb: “Əslində bu, kifayət qədər məntiqli bəyanatdır, çünki artıq üç ay yarımdır ki, Donald Tramp, sadəcə, Putin tərəfindən aldadılır. Və bu, doğrudan da, belədir. Rusiya guya danışıqlara açıq olduğunu göstərərək, prosesi süni şəkildə uzadır, sülhə hazır olduğunu sözdə desə də, əməldə bunu heç cür nümayiş etdirmir. Ağ Evin bu günlərdə nə qədər Rusiyayönümlü mövqe tutmasına baxmayaraq, Donald Trampın bir sıra müşavirləri - təkcə Mark Rubio deyil, elə Kit Kelloq da - vəziyyətin bu cür inkişafından son dərəcə narazıdırlar. Yeganə istisna hələ də bu məsələdə optimist mövqedə qalan Stiv Uitkofdur, lakin bu da daha çox onun şəxsi inamları ilə bağlı ola bilər, nəinki real, praktiki yanaşma ilə. Praktiki yanaşma isə Kit Kelloq və Mark Rubioda müşahidə olunur. Bu, təbii ki, Rusiya ilə razılaşmanın mümkünsüzlüyünü göstərən məntiqli bəyanatdır. Artıq ABŞ-ın ikitərəfli danışıqlardan çıxacağı, yaxud vasitəçi rolundan imtina edə biləcəyi ilə bağlı açıqlamalar səslənir. Əslində, Ukrayna heç vaxt bu danışıqlar üçün ABŞ-a müraciət etməyib. Bu danışıqları bizə, belə demək mümkündürsə, birbaşa Ağ Ev - Donald Tramp sırımağa çalışıb. Əgər bu qərar Ağ Evdə qəbul edilərsə, bu bizi tamamilə qane edər. Çünki biz ultimatum dili ilə danışan, işğal etdiyi əraziləri qaytarmaqdan imtina edən, üstəlik, hələ işğal etmədiyi daha çox Ukrayna ərazisinə iddia edən biri ilə heç cür razılığa gələ bilmərik. Məsələn, Rusiyanın bütün Zaporojye və bütün Xerson vilayətlərinin ona verilməsi ilə bağlı tələbi sadəcə gülüncdür. Çünki cəbhədəki vəziyyəti və Rusiya qoşunlarının uğursuz hücum cəhdlərini nəzərə alsaq, bu, heç bir məntiqə sığmır. Heç kim Rusiyaya belə “hədiyyələr” verməyə hazırlaşmır. Elə bu səbəbdən danışıqlar artıq Rusiyanın mövqeyinə görə əvvəlcədən iflasa uğramış proses idi. Burada yalnız bir sual qalmışdı: bu “qapını” kim çırpacaq? Ukrayna ABŞ-ın vasitəçiliyindən imtina edəcək? ABŞ özü bu prosesdən çıxacaq? Yoxsa üçüncü variant - bu “qapını” Rusiya çırpacaq? Ən ideal variant məhz üçüncüsü olardı. Çünki bu, Donald Trampın Rusiyaya qarşı münasibətini kökündən dəyişərdi. Amma artıq indinin özündə belə Trampın üç aydan çoxdur, aldadıldığını yavaş-yavaş anlaması, şübhəsiz ki, onun düşüncələrinə təsir edir. Mən hesab edirəm ki, bu, hadisələrin gələcək inkişafı üçün ən məqbul və real variantlardan biridir”.

Sülhdən danışan Rusiyanın yeni hücum taktikaları

Ukraynalı ekspert Rusiyanın ABŞ-ın irəli sürdüyü hər hansı sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu heç bir şəkildə nümayiş etdirmədiyini, əksinə, sülh danışıqlarının getdiyi bir vaxtda cəbhədə daha da fəallaşdığını və yeni taktikalara əl atdığını qeyd edib.

Hazırda Rusiya döyüş əməliyyatları zonasındakı fəallığını azaltmaq əlamətləri göstərmir. Əksinə, o, hücum əməliyyatlarının sayını artırıb və yeni taktika tətbiq etməyə başlayıb. Xüsusilə, Rusiya qoşunları moto­sikletlərdən istifadə etməklə kütləvi hücumlara keçib. Bəzən yüzə qədər, hətta daha çox motosikletin cəbhə xəttindəki müdafiə mövqelərini sürətlə yararaq Ukrayna mövqelərinə çatmaq məqsədilə istifadə edilməsi müşahidə olunur. Bu taktika hələlik Rusiya qoşunları üçün qlobal miqyasda bir nəticə verməyib. Buna baxmayaraq, istisna deyil ki, Rusiya komandanlığı itkilərin çox olmasına rəğmən, bu cür hücumları genişləndirməyə çalışacaq. Çünki açıq şəkildə deyilsə də, müdafiəsiz, yalnız sürətli və mobil nəqliyyat vasitəsi olan motosikletlərlə hücumlara başlamaq piyada üçün tank dəstəyi olmadan demək olar ki, intihar xarakteri daşıyır. Lakin Rusiya komandanlığı hər zaman öz əsgərlərinin həyatına biganə yanaşıb və itkilərin səviyyəsi onları narahat etmir. Problem isə ondadır ki, bu cür hücumları cəbhə xətti boyunca genişləndirməyə çalışırlar. Söhbət Orixiv Pokrovsk istiqamətindən gedir. Bu cür cəhdlər digər bölgələrdə də müşahidə olunur. Bu səbəbdən cəbhə xətti boyunca gərginliyin azalması baxımından vəziyyətdə hər hansısa yaxşılaşma qeydə alınmır. Mülki əhaliyə qarşı terror aktları ilə bağlı da vəziyyət oxşardır. Yenə də Ukraynaya, arxa cəbhəyə kamikadze dronlarla hücumlar həyata keçirilir, mülki obyektlər vurulur. Odessa vilayətinə, xüsusilə Tatarbunar rayonuna ballistik və qanadlı raketlərlə birgə kombinə edilmiş hücumlar olub. Yəni Rusiya ABŞ-ın irəli sürdüyü hər hansı sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu heç bir şəkildə nümayiş etdirmir”, - deyə ukraynalı ekspert bildirib.

Rubionun bəyanatı - ABŞ-ın Rusiya-Ukrayna münaqişəsində üzləşdiyi diplomatik çətinliklər

Rusiya Federasiyasının Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko isə ABŞ dövlət katibi Marko Rubionun bu bəyanatı Vaşinqtonun məsələnin nə dərəcədə çətinliyini dərk etdiyi üçün verdiyini düşünür.

O, APA-ya açıqlamasında qeyd edib ki, Trampın Ukraynadan danışıqlar prosesinə daha ciddi yanaşma əldə etməyə yönəlmiş bütün cəhdləri heç bir nəticə vermir: “Birincisi, bu bəyanat, Vaşinqtonun münaqişənin həlli ilə bağlı çətinlikləri dərk etdiyini göstərir. Əvvəlcə prezident Tramp döyüşlərin dayandırılması və atəşkəsin əldə edilməsi məsələsini bir günə, sonra yeddi günə, sonra isə bir aya həll edəcəyini vəd etdi. Lakin artıq 100 gün tamam olacaq ki, Tramp ABŞ-ın 47-ci prezidenti kimi fəaliyyətə başlayıb, amma biz görürük ki, Vaşinqtonun cəhdləri - birincisi, Avropa İttifaqından, ikincisi, Ukraynadan danışıqlar prosesinə daha ciddi yanaşma əldə etməyə yönəlmiş bütün cəhdləri heç bir müvəffəqiyyətə gətirib çıxarmadı. Rubionun bəyanatı Vaşinqtonun, Ağ Ev və Dövlət Departamentinin məsələnin düşündüyü qədər də sadə olmadığını başa düşməyə başladığını göstərir. İkinci olaraq, ABŞ gerçəkdən, görünür, öz vasitəçilik imkanlarını qiymətləndirməyə başlayır. Açıq danışaq, heç bir irəliləyiş yoxdur, hətta praktiki nəticələr də əldə olunmayıb, çünki ABŞ tərəfindən təklif olunan 30 günlük atəşkəs, yəni enerji infrastrukturuna zərbə vurulmaması ilə bağlı təklif Kiyev rejimi tərəfindən tamamilə görməzlikdən gəlinir. Buna baxmayaraq, Rusiya Ukraynanın enerji obyektlərinə zərbələr endirməməklə bağlı götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirir. Kiyev rejimi isə öz üzərinə götürdüyü və Trampa verdiyi vədlərə zidd olaraq, kamikadze dronlarından istifadə etməklə Rusiyanın enerji obyektlərinə genişmiqyaslı hücumları davam etdirir. Bu şəraitdə, baxmayaraq ki, Rusiya hələlik moratorium çərçivəsində götürdüyü öhdəliklərə riayət edir, Rusiya Silahlı Qüvvələri cəbhə xətti boyunca təzyiqi artırmağa və irəliləməyə davam edir, yeni-yeni yaşayış məntəqələrini azad edir və Ukrayna Silahlı Qüvvələrinin müqavimətini sındıraraq onları məğlub edir”.

“Zelenski Trampı alçaldır...”

İqor Korotçenko Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıq qabiliyyətinə malik olmadığını, onun Trampın nüfuzuna xələl gətirdiyini iddia edir: “Zelenski danışıq qabiliyyətinə malik deyil və heç vaxt olmayacaq. Faktiki olaraq, o, Trampı alçaldır, onun ABŞ prezident olaraq nüfuzunu yerə vurur. Zelenski Trampı Ağ Evdə təhqir etdikdən sonra Avropa, xüsusilə Avropa İttifaqı, Ursula fon der Leyen, Fransa və Almaniya Ukrayna liderini ABŞ-la olan siyasi qarşıdurmasında dəstəklədilər. Buna görə də, ABŞ-ın hazırda effektiv təsir vasitələri yoxdur. Hər halda tətbiq olunan vasitələr Zelenskinin daha danışıqqabiliyyətli olmasına səbəb olmayıb”.

Rusiyalı siyasi şərhçi ABŞ-ın hələ də bir neçə hərəkət seçiminin olduğunu düşünür.

Vaşinqtonun hələ bir neçə seçim imkanı var. Birincisi, bu, ABŞ kəşfiyyatı tərəfindən Kiyevə verilən hər cür kəşfiyyat məlumatlarının tamamilə qadağan edilməsi ola bilər. İkincisi isə “Starlink” sisteminin bağlanmasıdır. Bu, Ukrayna Silahlı Qüvvələri üçün ciddi nəticələr doğuracaq, çünki “Starlink” olmadan Ukrayna qoşunları bölgədəki əməliyyatlarını əvvəlki aylarda göstərdiyi qədər effektiv şəkildə icra edə bilməyəcək. Çünki “Starlink” olmadan, Ukrayna rejimi öz bölmələrini idarə etmək, onların fəaliyyətini əlaqələndirməkdə ciddi çətinliklərlə üzləşəcək. Son olaraq, ABŞ, Ukraynanı GPS qlobal naviqasiya sisteminin hərbi seqmentindən ayıra bilər, bu da Ukraynanın Qərb istehsalı olan yüksək dəqiqlikli zərbə vasitələrindən istifadə etmə imkanlarını kəskin şəkildə azaldacaq. Və unutmamalıyıq ki, ABŞ-ın rəsmi etiraflarına görə, Zelenskiyə verilən ABŞ hərbi və maliyyə yardımı nəticəsində böyük miqdarda vəsait mənimsənilib. Trampın həm Zelenskiyə, həm də onun yaxın ətrafına qarşı amerikalı vergi ödəyicilərinə zərər vurmaqla bağlı korrupsiya araşdırması başlatmaq imkanı var. Tramp bu üsullardan istifadə edəcək, yoxsa yox, yaxın gələcəkdə görəcəyik”, - deyə Korotçenko qeyd edib.

“ABŞ danışıqlardan çıxarsa, Rusiya Ukraynaya zərbələr endirməlidir”

İqor Korotçenko sözügedən məsələdə Avropa İttifaqının mövqeyinə də toxunub: “Hal-hazırda, görünür, Tramp sadəcə olaraq, Ukrayna böhranının həllini Avropa İttifaqı vasitəsilə həyata keçirmək istəyir. Rusiya bunu başa düşür ki, Avropa İttifaqı danışıqlarda razılaşma qabiliyyətinə malik deyil. Buna görə də əgər Tramp və ABŞ danışıqlardan çıxarsa, Rusiya Ukraynanın enerji infrastrukturuna, dövlətin hərbi idarəetmə mərkəzlərinə genişmiqyaslı zərbələr endirməlidir ki, Zelenski rejimini diz çökdürsün, onu Rusiyanın təklif etdiyi atəşkəs şərtlərini qəbul etməyə məcbur etsin. Bu mənada, əlbəttə ki, biz başa düşürük ki, danışıqlar prosesi aparılsa da, real olaraq Rusiya tərəfindən təklif olunan danışıqlar şərtlərinin, o cümlədən yeni ərazi reallıqlarının - Rusiya tərəfindən nəzarətə götürülən və onun tərkibinə daxil olan yeni regionların tanınması baxımından qəbul edilməsini təmin etmək olduqca çətindir”.

Göründüyü kimi, Trampın verdiyi vədlərin əksinə olaraq, Rusiya-Ukrayna sülh trekində vəziyyət çox mürəkkəbdir. Bununla belə, onun elə dünən verdiyi daha bir nikbin açıqlama diqqətdən qaçmamalıdır. Tramp bəyan edib ki, bu həftə Rusiya və Ukrayna arasında Ukraynadakı münaqişəyə son qoyacaq razılaşmanın əldə olunacağına ümid edir. Bunu Trampın vasitəçilikdə son ümidi də adlandırmaq olar. Bu ümid doğrulacaqmı, doğrulmasa, ABŞ Rusiya ilə Ukrayna arasında vasitəçilikdən çəkiləcəkmi? Görünəıın odur ki, bu suallara aydınlıq gəlməsi üçün hər halda uzun müddət gözləmək lazım gəlməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see159

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see141

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see127

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see118

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see115

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see114

Ömər Bolat Yaponiyaya gedəcək

22 Aprel 2025 16:01see112

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see112

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see111

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see111

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri