Icma.az
close
up
RU
Uşaq sığınacağının rəhbəri: Çantamı əlimdən almaq üçün iki yeniyetmə hücum edib məni döydü...

Uşaq sığınacağının rəhbəri: Çantamı əlimdən almaq üçün iki yeniyetmə hücum edib məni döydü...

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Sevinc Mürvətqızının "Azərbaycan Uşaqları" İctimai Birliyinin “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi”ndən müsahibə - reportajı təqdim edir.

Bakının gözdən uzaq, könüldən iraq səmtində - Biləcəridəki məhəllələrdən birində uşaq səsləri ilə əhatə olunan, yeni tikilmiş, möhtəşəm, gözəl üçmərtəbəli ev ucalır.

Böyük darvazasından keçib həyətə addımımızı atdığımız ilk anlardan nigaran, intizarlı, ümidli, sevincli baxışları qapıya zillənən gözəl hörüklü, balacalı-böyüklü xeyli uşaq qarşılayır bizi.

Bura "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi"dir.
Bu məsum uşaqlar nə vaxtsa ailədəki zorakılıqdan, baxımsızlıqdan, sevgisizlikdən və ümidsizlikdən müxtəlif dövlət və hüquq-mühafizə orqanlarının vasitəsilə bu qapıya pənah gətirənlərdir.


Bu sığınacaq sadəcə bir məkan deyil, həm də uşaqlara ikinci nəfəs verən həyat məktəbidir. Bu ideyanın müəllifi, İctimai Birliyin rəhbəri Kəmalə Ağazadə 18 ildir ki, bu mərkəzin sığınacağında uşaqlara qucaq açır, hər birinin hekayəsini özüylə daşıyır və yetə bildiyi qədər onlara bəzən ana, bəzən psixoloq, bəzən müəllim ola bilmək missiyasını yerinə yetirməyə çalışır...

18 illik tarix, dəyişən məkanlar, dəyişməyən missiya...


"Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi" (bundan sonra mərkəz) artıq 18 ildir ki, fəaliyyət göstərir. Həmsöhbətimiz ilk illərdə bir otaqlı kirayə mənzillərlə başladıqları bu yolun çətinliyindən söz açır: “Uzun illər əvvəl cəmiyyət bu uşaqlarla bir ərazini paylaşmağa da razı deyildi. Baxmayaraq ki, bizim icarəyə götürdüyümüz məkanlar elə ən ağır kontingent olan, marginal qrupların olduğu yerlərdə yerləşirdi. Mərkəzimizin fəaliyyəti daha çox 6-cı mikrorayonda yerləşən məkanın payına düşür, orada təxminən 11 il qalmışıq”.

Hazırda ziyarət etdiyimiz, mərkəzin sayca 12-ci və sonuncu qərargahı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə inşa edilib. Leyla xanım iki il əvvəl mərkəzi ziyarət etdikdən sonra, onun şəraitsiz kirayə mənzildə fəaliyyət göstərdiyini görüb, bu məqsədlə xüsusi göstəriş verib. Layihə xeyriyyəçilərin dəstəyi ilə gerçəkləşdirilib və bu ilin mart ayında - Novruz bayramında rəsmi açılışı olub.

Kəmalə Ağazadə ilə sözügedən mərkəzi mərtəbə-mərtəbə, az qala otaq-otaq gəzərək etdiyimiz söhbətimizdə demək olar ki, bütün məqamlara toxunuruq: “Bu binanın tikilib mərkəzdəki uşaqların istifadəsinə verilməsi təkcə qürurverici deyil, bəlkə də qeyri-hökumət təşkilatları tarixində ən böyük imzalardan biridir. Dövlət maliyyəsi olmadan da sosial məsuliyyətin gerçəyə çevrilə biləcəyini göstərdik...”

Mərkəzin rəhbəri bu sığınacağın yaradılması arzusunun uşaqlıqdan qaynaqlana biləcəyini deyir: “Bu ideya məndə hələ uşaqlıqdan formalaşıb. Evcik-evcik oynayanda oyuncaqları bir araya gətirməyi xoşlayırdım. O vaxt heç indiki kimi uşaq oyuncaq dəstləri yox idi. Uşaqlıqdan ev formatında oyunları daha çox sevirdim. Oyuncaqlarımın arasında ailə modelini görmək istəyirdim. Mənim çox gözəl uşaqlığım olub. Çox adam bu ideyamın kökündə hansısa uşaqlıq travması ola bilıəcəyini düşünür, amma qətiyyən belə deyil. Sevgiylə dolu bir mühitdə böyümüşəm. Neft mühəndisləri olan valideynlərim işləyirdi, sonra da onları xaricə çalışmağa göndərdilər, o baxımdan sonralar uşaqlığımı daha çox nənəmin, babamın yanında, xala - bibi, əmi - dayı əhatəsində sevgi, şəfqət içində keçirmişəm, hətta deyəırdim ki, bir az ərköyün böyüdülmüşəm”.

33 yaşında Gənclər və İdman Nazirliyində “Uşaqlar Birliyi”nin Respublika Şurasının rəhbəri seçilən Kəmalə Ağazadə elə o vaxtdan da ömrünü bu sahəyə həsr edib.

2000-ci ildə UNICEF-in küçə uşaqları ilə bağlı hesabatının hazırlanmasında iştirak edib. Həmin vaxt 7000-dən artıq küçə uşağı qeydə alınmışdı. Dediyinə görə, hazırda bu rəqəm 500-dən aşağıdır.

Uşaq sığınacağı ideyası – hər şey bir hücumdan başlanıb...

...2006-cı ildə Kəmalə xanım gecə bir tədbirdən evə qayıdarkən iki yeniyetmə tərəfindən döyülüb və çantası oğurlanıb: “O illərdə kütləvi tədbirlər gec saatlarda yekunlaşırdı, ictimai nəqliyyatdan düşdüm, evə haradasa yarım kilometr yolum qalmışdı. O yolda çantamı əlimdən almaq üçün iki yeniyetmə hücum edib məni döydü. Onda uzun zaman xəstəxanda yatdım, sonra həmin uşaqları aşkarlamışdılar, polis məni tanıtma prosesinə çağırmışdı. Uşaqları gördüm, qarşımda cılız, boynubükük iki uşaq dayanmışdı. Dedim ki, onların ailələri ilə tanış olmaq istəyirəm. Mən onları mühakimə etmədim, ailələri iə görüşdüm, dəstək verməyə çalışdım.
Birinin anası onkoloji xəstə idi. Çantamı əlimdən almaq istəyinin səbəbi pul əldə edib anasına dərman almaq idi. Digər isə heç kimin maraqlanmadığı, sadəcə küçədə ayaqda qala bilmək üçün quldurluq, oğurluq edirdi. O iki uşaq sonralar sığınacaq mərkəzindən yararlanan ilk benefesiarlarım oldular”.

Beləcə, şərdən xeyir doğulub, o hadisədən sonra bugünkü sığınacağı yaratmaq ideyasını daha da qətiləşdirib.


Kəmalə Ağazadə bildirdi ki, əvvəlcə, 2007-ci ildə küçə uşaqları üçün “Günərzi mərkəzi”, 2010-cu ildə isə Uşaq Sığınacaq Mərkəzi yaradılıb: “Həmin illərdə aidiyyəti qurumlar problemi qəbul edə, baş verənlərlə barışa bilmirdilər, “yox, bizdə belə problem yoxur, bunları danışmaq olmaz və sair...”

Amerikaya təcrübəyə getdim, qayıdandan sonra oradakı modelləri Avropa, Qafqaz ölkələri, qardaş Türkiyədən olan modellərlə qarşılaşdırıb faydalanaraq bir Azərbaycan modeli formalaşdırdım. Təşkilatın nəzdində yaradılmış bu sığınacağı artıq bir neçə ölkənin təcrübəsini özündə birləşdirən bir brend də adlandırmaq olar. Bu, mənim xəyallarım idi. Və inanırdım ki bir gün bu xəyalları reallaşdıracağam.

10 il Daxili İşlər Nazirliyində işlədiyim dövrdə (orada insan alveri qurbanlarının sığınacağının rəhbəri olmuşdum) idarəçilik, xidmət, kargüzarlıq təcrübəmin formalaşması ilə o xəyalı gerçəkləşdirəcəyimə əmin idim. Çox böyük çətinliklərdən keçdik. 18 il bir igidin ömrüdür, biz bu illər ərzində çox böyük layihələr icra etmişik. Mərkəzin qarşıdakı illərdə də növbəti belə igidlərin, gözəllərin ömrünə bir rəng qatacaq yer olacağına inanıram...”

Ağrılar, uğurlar və ümidlər...

Mərkəzin fəaliyyətində həm uğurlu, həm də ağrılı hekayələr çoxdur. Bir zamanlar küçədə zibil yığan, cinsi istismara, fiziki zorakılığa məruz qalan, toksik maddələrdən istifadə edən uşaqların bəziləri öz xoşbəxt ailəsini qurub, bəziləri hazırda ali təhsil alır, bəziləri müxtəlif peşələrə yiyələnib fəaliyyət göstərir, hətta rəhbər vəzifədə çalışanlar da var:

"Bəzən cinayət törədən hansısa keçmiş benefisiarımın pis xəbərini eşidəndə özümü günahkar hiss edirəm. Deyirəm ki, onun belə olmasında bəlkə də mənim ona əlimin çatmamasının, yetə bilməməyimin də rolu var. 2000-ci ildə bizimlə bir yola çıxan və sığınacağın ilk sakinlərinin davranış pozuntuları elə bir həddə idi ki, mənim onlardan çox böyük gözləntilərim yox idi. Çünki onlar həyatlarının böyük bir hissəsini küçədə keçirmişdilər. Zərərli vərdişləri vardı, toksik maddələr qəbul edirdilər, azyaşlı olmalarına baxmayaraq 3-5 manat pul əldə edə bilmək üçün pedofillərlə ünsiyyətdə olurdular. Küçədə yaşamaq, sağ qalmaq elə də asan deyildi.

2000 - 2006-cı illərdəki müəyyən boşluq zamanı o uşaqlar yenidən cinayətlər törətməyə davam etdilər. “Günərzi mərkəzi”ndə qalırdılar, axşam yenidən küçəyə buraxılırdılar. Biz az da olsa yeməklərini, geyimlərini versək də, bu, hələ ki, uşaq üçün yaradılan doğru-düzgün şərait deyildi.

Sığınacağımızın ilk uşaqları arasında həbs həyatı yaşayan uşaqlar çoxdur. İslah olunanlar da var. Hərdən gəlirlər, görüşürük. Bacardığm qədər Dövlət Məşğulluq Agentliyinə istiqamətləndirirəm. Bu yaxınlarda elə keçmiş benefesiarımın uşağının dünyaya gəlməsi ilə bağlı müraciət etdik. Vaxtilə valideyn narkotik maddələrdən istifadə etdiyi üçün hepatit xəstəsi olub, o, çox ehtiyat edirdi ki, virus övladına da keçə bilər. Ona kömək elədik, lazımi ünvana yönləndirdik.

Sığınacağımızdan ailə həyatı qurub ayrılanlar da var, bu yaxınlarda gözəl qızlarımızdan birini gəlin köçürmüşük.

Şükür, uğurlu yetirmələrimizin sayı da yetərincə çoxdur. Onlardan biri - hazırda bir bankda 1600 nəfərlik heyətə rəhbərlik edən mütəxəssis bu yaxınlarda sığınacağa maddi yardımla uşaqların görüşünə gəlmişdi.

Başqa bir yetirməmiz səyahət agentliyinin rəhbəridir, o, sığınacaqda genetik astmadan əziyyət çəkən Ömür adlı balacamızın Naxçıvanda "Duzdağ" Fizioterapiya Mərkəzində müalicəsi ilə bağlı bütün xərcləri qarşılamağı öz özərinə götürüb.

Yetirmələrimin uğurlarını görəndə çox sevinirəm. Biz bundan sonra da nailiyyətlərimizlə, bəzən də uğursuzluqlarımızla missiyamızı yerinə yetirməyə davam edəcəyik...”

Kəmalə Ağazadə sığınacağın ağrılı hekayələri haqqında gözləri dolaraq danışır : “O qədər ağır hekayələr olur ki, hansı birini deyim... Öncə bunu bildirim ki, o uşaqları sığınacağa mən qəbul etmirəm. Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, prokurorluq orqanları və yerli icra hakimiyyətlərinin tapşırığı ilə bu uşaqlar rəsmi olaraq Sosial Xidmətlər Agentliyinin alt sistemi üzərində qeydiyyata düşəndən sonra biz onları qəbul edirik. Ola bilər ki, bəzən uşaq valideynlərlə yola gedə bilmədiyi iddiası ilə evdən qaçıb bura gəlir, amma sonra görürük ki, bunun içində nə buketlər varmış!

Mənim üçün bəlkə də 4 yaşlı Mələyin həyat hekayəsindən ağırı yoxdur. Bir neçə ay əvvəl Mələklə bağlı paylaşım edib əlaqədar qurumlara məlumat verəndə elə bilirdim ki, həmin qızı o ailədən çıxartmasam, öləcəyəm. Bu uşaq mütəmadi olaraq anası tərəfindən fiziki şiddət görürdü. Ona şiddət də demirlər, ağır işgəncə desək, daha doğru olar. Anası uşağı o qədər döymüşdü ki, polis onu qucağında maşından düşürəndə ağlayırdı ki, məni incitməyin. Bədənində bir dənə də olsun salamat yer yox idi. Anası o uşaqla bağlı video paylaşıb demişdi ki, bunu o qədər döymüşəm, yenə sakit dayanmır. Amma indi sığınacağı gəzəndə o uşağı görəcəksiniz, o qədər sakit uşaqdır ki... Dəxli yoxdur, uşaq lap dəcəlin dəcəli də olsa, bir körpəyə əl qaldırıb işgəncə edərlər?! Mələyin hekayəsi insanın necə vəhşiləşdiyini göstərir...

Olduqca güclü insanam, amma bu qədər ağır hekayələrin içində mən də bəzən tükənirəm. O hekayələrin hər birini ürəyimdən içimdən keçirirəm, bəzi hallarda eşitdiklərimdən, gördüklərimdən başımı divara vurmuşam, bağırmışam! Çox ağırdır. Amma nə qədər ağır da olsa güc tapıb davam etməliyik ki, o uşaqlara dəstək olaq. Davamlı olaraq psixoloqlar bizə dəstək göstərirlər, müayinədən keçirirlər. Burada qalıb işləmək də hər adamın hünəri deyil, bəzi işçilərimiz 1-2 aydan sonra bütün bunlara dözə bilməyib çıxıb gedirlər...”

Sığınacaqdan İnkişaf Mərkəzinə doğru ...

Kəmalə Ağazadə gələcəkdə sığınacağın həm də inkişaf mərkəzinə çevrilməsi planlaşdırılır: “Gələn ilin yanvar ayından etibarən sığınacaq yalnız zorakılığa məruz qalmış qızlar üçün reabilitasiya mərkəzi kimi fəaliyyət göstərəcək. Məqsədimiz onlara təhsil, peşə və psixoloji dəstək verməklə gələcəyə hazırlamaqdır.

Ən böyük arzularımdan biri də regionlarda təhsil ala bilməyən, məktəbdən yayındırılan, erkən nikaha məcbur edilən qızların mərkəzin nəzdində təhsilinə şərait yaratmaqdır. Bölgələrdən təxminən 20 qızın 9-11-ci sinif təhsilini burada alması, potensiallarının qiymətləndirilməsi və ailə ilə razılaşdırılmış şəkildə həyatına yön verilməsi planlaşdırılır. Azərbaycanın aydın gələcəyi üçün oxumuş, savadlı qızların olması vacibdir. Bu layihənin 20 faizi isə inklüziv uşaqlar üçün nəzərdə tutulub. Dediyim layihələr uşaqların təhsili, bacarıqları, peşə təhsili, onların sosial-psixoloji rifahının yaxşılaşdırılması, hüquqi cəhətdən dəstək verilməsini əhatə edəcək.

Bizim sığınacaqda oğlan kontingentimiz azdır və mən artıq bir neçə ildir ki, oğlanların qəbul yaş həddini 10 yaşa salmışam. Sığınacaq sözünü, ümumiyyətlə, leksikonumuzdan çıxarmaq istəyirik. Bura İnkişaf Mərkəzi olanda dediyimiz o planlar da reallaşacaq. İnşallah, maliyyəmiz buna imkan versə, arzularımızı çin edəcəyik. Maliyyədən söz düşmüşkən, bəzilərinin düşündüyü kimi bizə dövlət tərəfindən maliyyə ayrılmır, sadəcə ianələr, xeyirsevərlərin yardımı və xeyriyyə sərgilərindən əldə etdiymiz vəsaitlər hesabına maliyyələşirik”.

Sığınacağın anbarından, yeməkxanasından, akt zalından başlamış psixoloq kabinetinəcən hər yerini gəzib uşaqlar üçün yaradılan şəraitlə əyani tanış olduq. Hər yerdə onların rahatlığı və xoşbəxtliyi üçün düşünülmüş incə detallar və o uşaqların bu dünyada hər şeydən çox ehtiyacı duyduqları qayğı ilə qarışıq bir sevgi ab-havası hiss olunurdu...

Mərkəzin müxtəlif təyinatlı otaqları zövqlü və rəngarəng dekorasiyası, təmizliyi və səliqəsi ilə göz oxşayır. Kiçiklər və böyükyaşlı yeniyetmələr üçün yataq otaqları, çoxsaylı oyun otaqları, kitabxanası olan akt zalı, yoqa guşəsi və musiqi sinfi, şahmat otağı həm uşaqların asudə vaxtının səmərəli təşkilinə xidmət edir, həm də onların xüsusi bacarıqlarının ortaya çıxarılmasında rol oynayır.


Sədrin dediyinə görə, mərkəzdə Uşaq TV də yaradılacaq: “Burada “Xəbərlər” pavilyonu və podkast çəkilişləri studiyası olacaq, aparıcılarımız da elə uşaqlar olacaq, məktəblərdən, təhsil müəssələrindən də xəbərlər hazırlayacağıq”.

Rəngarəngliyi və yaradıcı ruhuna görə ən çox diqqətimizi çəkən isə uşaqların mental cəhətdən reablitasiyasına xidmət edən geniş və gözəl psixo-art terapiya zalı oldu. Uşaqlar burada 6-7 istiqamət üzrə, əsasən, xalçaçılıq, tikiş, rəsm, toxuma, papye-maşə (kağız və yapışqan qarışığından hazırlanmış, quruduqdan sonra sərtləşən və müxtəlif formalar almağa imkan verən dekorativ və ya funksional sənət materialı - red.), kuklaların bərpası istiqamətində məşğul olurlar.

Buradakı bu hörüklü qızlar və körpəcə balalar təhsillə, sənətlə, terapiya ilə öz ailələrindən görmədikləri yuva istiliyini almağa, ruhlarının yaralarını sağaltmağa çalışırlar. Mərkəzin əsas işi bu mənəvi boşluğu doldurmağı hədəfləməklə yanaşı, həm də cəmiyyəti məsuliyyətə səsləyən mesaj verməkdir.


Və məsuliyyət demişkən, düşünürəm ki, ümumilikdə bu sığınacağın tikilməsi qeyri-hökumət təşkilatlarının və xeyriyyəçilərin birgə əməyi nəticəsində ərsəyə gələn sosial məsuliyyətin yaxşı bir örnəyidir.
Kəmalə Ağazadə qeyd etdi ki, psixo-mental reablitasiyada məqsəd uşağı təkcə psixoloq qarşısına oturtmaq deyil, həm də onun daxili dünyasını açan sənət növləri ilə məşğul olmasına şərait yaratmaqdır: “Bu terapiya studiyasında psixoloqlar yaradıcı prosesdə uşaqlarla bərabər iştirak edir. Uşaqlar karton, kağız, iplər kimi müxtəlif məişət tullantılarını yenidən sənətə çevirirlər, onlar “İkinci nəfəs” adlı sosial layihə çərçivəsində işlənmiş əşyaları yenidən canlandırırlar. Sonra bu əsərlərdən xeyriyyə sərgiləri də təşkil edirik. Mərkəzdə həm də təcrübə proqramlarımız var. Universitetlərin sosial iş, psixoloq, hüquqşünas və digər ixtisaslarının 500 tələbəsi bizdə istehsalat təcrübəsi keçir...”


Burada hər yaş kontingentindən qızlar və kiçik oğlan uşaqları var. Reportaja getdiyimiz ərəfədə sığınacaq sakinləri Nabrana bir aylıq "Kənd həyatı" yay düşərgəsinə istirahətə getməyə hazırlaşırdılar. Mərkəzin yeniyetmə qızları buna görə yır-yığış edir, səfər tədarükü görürdülər. Kiçikyaşlılar – 3-5 yaş aralığındakı uşaqlar isə oyun otağında xalıların üstündə oynayırdılar.

Uşaqların daxili dünyası, dünyagörüşü və həyata baxışları akt zalında sərgilənən əsərlərdə özünü göstərir. “Üzərində göz izləri olan qadın” “Sosial şəbəkələr və yeniyetmələr”, “Çiyni ağır yüklü qadın” kimi sənət kompozisiyaları onların daxili dünyasındakı ruhi zədələrin izlərini nişan verir, eyni zamanda sənətin gücü ilə şəfalanmanı özündə ehtiva edir...



İnsanı yaralı edən də, yararlı edən də cəmiyyətdir. Bircə hərfin sözdə yaratdığı güc aspektindən davrananda cəmiyyətin vicdan ölçüsü ortaya çıxır. Bu məqamda isə bütün ölçülər müstəsna dərəcədə həssas seçilməlidir, çünki mövzu cəmiyyətin gələcəyi olan uşaqlardır...

Fotolar: Dilşad Məmmədəliyeva

Ağ at - Yasunari Kavabatanın hekayəsi - Azərbaycan dilində ilk dəfə Təzad - Pərvanə Əliqızının hekayəsi Fantastika sevərlərə şad xəbər: “Highlander” filminə daha bir ulduz qoşuldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:14
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see126

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see118

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see117

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see116

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see116

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see115

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see114

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see114

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see111

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri