Utilizasiya, yoxsa təkrar emal?
Avtomobillərin təkrar emalı - Gələcəyin yaşıl həlli
Heç kimə sirr deyil ki, hazırda respublikanın avtomobil yollarında, əsasən də rayonlarda kifayət qədər istismara yararsız nəqliyyat vasitələri hərəkətdədir.
Bir qayda olaraq, minik avtomobilləri təxminən 300.000-400.000 kilometr xidmət müddəti üçün nəzərdə tutulmuşdur. Bu göstəricini illərə çevirsək istismar müddəti orta hesabla 15-20 il təşkil edəcək.
Rusiya Avtomobil Mühəndisləri İttifaqının statistik məlumatlarına görə, orta avtomobilin çəkisi 1390 kiloqramdır. Tam istismar müddəti 12 il, ümumi yürüşü isə 190 min kilometrdir. Bu müddət ərzində avtomobil 14 tondan çox yanacaq və 200 litr yağ istehlak edir, atmosferə 52 tondan çox işlənmiş qazlar buraxır. Bərk tullantıların ümumi həcmi 4400 kq, maye tullantılar isə 1900 kq təşkil edir.
Ötən əsrin 90-cı illərində ölkəmizə çoxlu sayda işlənmiş xarici avtomobillər gətirilmişdir və bu gün də gətirilməkdədir. 2022-ci ilin 1 yanvar göstəricilərinə istinad etsək, bəzi mənbələrə görə Azərbaycanda 1.349.307, digərinə görə isə 1.419.870 minik avtomobili var.
Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə Azərbaycanda qeydiyyatda olan 1.4 milyon (bəzi mənbələrdə bu rəqəm 1,7 milyon göstərilir) ədəd minik avtomobilinin 45 faizi (634 mindən çoxu, təxminən hər 2 avtomobildən biri) yaşı 20 il və daha çoxdur. Yaşı 30 ildən çox olan avtomobillərin sayı 19,1 faiz təşkil edir. Yaşı 10-20 il olan avtomobillərin sayı isə 545.265, bu, minik avtomobillərinin ümumi sayının 38.4 faizini (bəzi mənbələrdə bu rəqəm 80 faiz göstərilir) təşkil edir. Ümumi götürsək, avtomobillərin cəmi 17 faizinin yaşı 10 ilə qədərdir, bəzi mənbələrdə bu rəqəm 35 faiz göstərilir. Ölkə ərazisində hətta zavod buraxılış tarixi 40 ildən yuxarı olan avtomobillər də mövcuddur.
Belə ki, 2019-cu ildə Azərbaycanda yaşı 10 ildən çox olan avtomobillər 78 faiz təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 80 faiz, 2022-ci ildə isə hətta 83 faiz olmuşdur.
Ölkənin avtobus parkında isə vəziyyət daha xoşagəlməzdir. Belə ki, ölkədə olan 31 mindən çox avtobusun 63 faizdən çoxunun yaşı 20 il və daha çoxdur. Avtobusların sadəcə 12 faizə yaxınının yaşı 10 ilə qədərdir.
Hazırda dünyanın avtomobil parkı orta çəkisi 1016 kq olan 1,25 milyard nəqliyyat vasitəsi ilə qiymətləndirilə bilər - və bu, 792 milyon ton polad və çuqun, 110 milyon ton əlvan metallar (qurğuşun istisna olmaqla), 113 milyon ton plastik, 44 milyon barel neft, 12 milyon ton qurğuşun, eləcə də şüşə, rezin və digər təkrar emal edilə bilən materiallar deməkdir.
Hər bir ölkədə işlənmiş avtomobillərin orta yaşı və yürüşü fərqlidir - hamısı adambaşına düşən orta ümumi gəlir və min sakinə düşən avtomobillərin sayı kimi iqtisadi göstəricilərdən, eləcə də bu sahədə dövlət siyasətindən asılıdır. Belə ki, məsələn, Qərbi Avropa ölkələrində qeydiyyatdan çıxarılan avtomobillərin orta yaşı 12-14 ildir, Baltikyanı ölkələrdə təqribən 12 il, Böyük Britaniyada bu rəqəm təqribən 7-8 ildir. Hazırda Türkiyə yollarında təxminən 26 milyon avtomobil var və onların əksəriyyətinin yaşı 15 və daha yuxarıdır.
Lüksemburqda avtomobillərin orta yaşı bütün Avropa ölkələri arasında ən kiçikdir - 4 ildən az, lakin dünya rekordu ən gənc avtomobillərə sahib Səudiyyə Ərəbistanına məxsusdur, onların orta yaşı üç ildən bir qədər çoxdur. ABŞ-da bu rəqəm təxminən 10-11 il (Amerikada Honda avtomobilləri təxminən 7 yaşında təkrar emala göndərilir), Rusiyada 12, Ukraynada 19-20, Kubada isə hətta 38-ə qədərdir.
Müxtəlif hesablamalara görə, ABŞ-ın avtomobil parkı 240 milyona yaxın, Avropa İttifaqı ölkələri - 270 milyondan çox, Yaponiya - 75 milyon, Kanada - 21 milyon, Rusiya - 40 milyondan çox təşkil edir. Hər il ABŞ-da - 13-14 milyon, Avropa İttifaqında - 15 milyona qədər, Yaponiyada - 5 milyondan, Kanadada - 1,5 milyondan çox avtomobil qeydiyyatdan çıxarılaraq təkrar emal edilir.
Dünyada avtomobillərin təkrar emalı sistemlərinin iki əsas modeli mövcuddur - “Amerika” (ABŞ və Kanada) və “Avropa” (Avropa İttifaqı və Yaponiya) modeli.
Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də respublikanın yollarında belə demək mümkündürsə “qoca, əldən düşmüş” avtomobillərin, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin hərəkətdə olmasıdır.
Dünyanın 60-dan çox ölkəsində avtomobillərin təkrar emalı ilə bağlı xüsusi qanunlar qəbul edilmişdir. Yaponiyada avtomobillərin təkrar emalı haqqında qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minib. Hər il dünyada avtomobil emalı sənayesi 2 milyondan çox insanı işlə təmin edir və avtomobilin təkrar emalı məhsullarının ümumi dəyəri 250 milyard dolları keçmişdir. İnkişaf etmiş ölkələrdə avtomobillərin təkrar emalı uzun müddətdir ki, onların sahibləri üçün məcburidir və onun texnologiyası illərlə təcrübə əsasında işlənib hazırlanmışdır. Avtomobillərini hara gəldi atmalarının qarşısını almaq məqsədi ilə və öz avtomobillərini təkrar emal üçün gətirmələrinə görə Avropanın 13 ölkəsində, ABŞ və Yaponiyada “təkrar emal üçün bonuslar” təsis edilmişdir.
Statistik məlumatlara görə dünyada 700-dən çox parçalayıcı müəssisə var. Parçalayıcı aparat 2000 at gücündə, bir neçə dəqiqə ərzində bir avtomobili kiçik parçalara ayıra bilən, eyni zamanda avtomobildən boya, pas və digər çirkləndiriciləri çıxardığı, ötürücü mexnizmə malik böyük bir qurğudur.
Əgər 2000-ci ildə Avropa İttifaqının 15 ölkəsində 205 parçalayıcı zavod fəaliyyət göstərirdisə, 2010-cu ildə bu ölkələrdə onların sayı 276-ya, ümumilikdə isə 27 Avropa İttifaqı ölkəsində 2010-cu ilin sonunda 313-ə yaxın parçalayıcı zavod fəaliyyət göstərmişdir.
2010-cu ilin məlumatına görə belə bir parçalayıcı qurğunun orta qiyməti 20 milyon dollar olmuşdur.
Əgər belə demək mümkündürsə, “lazımsız” nəqliyyat vasitələrinin təkrar emal edilməsinin bir neçə istiqaməti var. Şübhəsiz ki, ən uğurlu modellərdən biri Amerika modeli hesab olunur. Orada istifadə olunan nəqliyyat vasitələrinin sahibləri öz nəqliyyat vasitələrini qanuni olaraq satışa çıxara bilərlər. Bir qayda olaraq, alıcılar qismində qırıntı metal, şinlər və digər avtomatik tullantılarla maraqlanan təşkilatlar iştirak edır. Nəqliyyat vasitəsini əldə etdikdən sonra şirkət onu təkrar emal etməyə və ya ona yeni bir həyat verməyə qərar verir.
Məhz işlənmiş avtomobillərin yenidən satışının “qara bazarı” ölkənin həm iqtisadiyyatını, həm də ətraf mühitini təhdid etməyə başladığı üçün hökumət həyəcan təbili çalmağa başlamışdı və təkrar emal üçün hərraclar keçirməyə qərar vermişdir. 2000-ci ildə isə hər il təxminən 3 milyon avtomobil üçüncü dünya ölkələrinə satışa göndərilirdi. Bu gün təkmilləşdirmələr müşahidə olunsa da, istismardan çıxarılan avtomobillər üçün ehtiyat hissələrinin demək olar ki, 40 faizi hələ də yenidən satılır. Təəssüf ki, belə acınacaqlı təcrübəni türklər, bolqarlar, MDB məkanına daxil olan ölkələr və bir sıra digər Avropa ölkələri ABŞ-dan götürüblər.
Bunun əksinə olaraq, digər dövlətlər ətraf mühitin mühafizəsi və avtomobillərin təkrar emalı üçün fəal mübarizə aparırlar. 2015-ci ildən başlayaraq 98 faizi təkrar emal edilə bilən avtomobillər istehsal etməyə qərar verən Toyota Korporasiyasını nümunə göstərmək olar. Vaxtı ilə müflis olan, lakin asiyalılar tərəfindən satın alınan Almaniyanın Volkswagen və İsveçin Volvo konserni bu təcrübədən yararlanmağa başlamışlar.
Müxtəlif ölkələrdə əhalini öz təyinatını yerinə yetirmiş nəqliyyat vasitələrindən operativ şəkildə canını qurtarmağa təşviq edən xüsusi proqramlar hazırlanmışdır. Bu, müəyyən yaş həddini keçən avtomobillər üçün verginin qiymətinin kəskin artması və nəqliyyat vasitəsini təkrar emala təhvil verən avtomobil həvəskarına güzəştlə yeni avtomobil almaq imkanının verilməsidir. Bəzi ölkələrdə təkrar emal haqqı avtomobil alarkən ödənilir, buna görə də avtomobil pulsuz olaraq təkrar emala qəbul edilir. Bu, bütün avtosalonlarda bildirilir və bir çox reklam lövhələrində təkrar emal vergisi ayrıca xərc maddəsi kimi göstərilir. Belçikada və bir sıra digər ölkələrdə gələcək təkrar emal haqqı yol vergisinə daxildir.
Avropada ilk dəfə olaraq avtomobil istehsalçılarını dəstəkləmək üçün avtomobilin təkrar emalı icad edilmişdir. Almaniyada təkrar emal proqramı 2009-cu ildə başlamışdır, həmin ilin əvvəlində 9 ildən köhnə avtomobilin təkrar emalına görə 2500 avro bonus tətbiq edilmişdir. Həmin ildə Almaniyanın avtomobil bazarı sürətlə inkişaf edirdi: on ildən artıq idi ki, Almaniya hökuməti köhnə, istismar müddəti bitmiş avtomobillərin sahiblərini bu nəqliyyat vasitələrini təkrar emala təqdim etdiklərinə görə mükafatlandırırdı.
Əvvəlcə başqa ölkələr Almaniyanı tənqid edərək, onu ekoloji problemlər bəhanəsi ilə avtomobil sənayesini inkişaf etdirməkdə ittiham edirdilər. Proqramdan təxminən 9 milyon insan faydalanmışdır. Proqram zamanı təkcə bazarı saxlamaq deyil, həm də onun artımına nail olmaq mümkün olmuşdur. Bir sıra ölkələr Almaniya təcrübəsini tezliklə mənimsəmişdilər.
ABŞ-da hər il ümumi çəkisi 20 milyon tondan çox olan 13-14 milyon avtomobil təkrar emal üçün qəbul edilir, onlardan avtomobil qalıqları çıxarılan 20 minə yaxın kiçik müəssisə işlənmiş avtomobillərin yığılması, sökülməsi və təkrar emalı ilə məşğul olur, ölkədə yerləşən iki yüz parçalayıcı zavoddan birinə çatdırılır. ABŞ-da köhnə avtomobillərin təkrar emal dərəcəsi orta hesabla 82-83 faiz təşkil edir. Avtomobillərdə istifadə olunan qara və əlvan metalların təkrar emal dərəcələri 100 faizə yaxındır.
Automotive Recyclers Associationun məlumatına görə, ABŞ-da illik dövriyyəsi 5 milyard dollardan çox olan avtomobillərin təkrar emalı Amerika iqtisadiyyatının ən böyük sənayeləri arasında 16-cı yerdədir.
2012-ci ildən ABŞ müəssisələri tədricən daha təkmil Avropa emal üsullarına keçmişlər. 1 iyul 2009-cu ildə Amerika federal Avtomobil Müavinəti Güzəşt Sistemi proqramı fəaliyyətə başlamışdır. Onun büdcəsi 3 milyard dollar təşkil etmişdir. Proqram həmçinin avtomobil satışlarını artıraraq amerika iqtisadiyyatının inkişafına səbəb olmuşdur. Alınan avtomobilin növündən və alınmış avtomobillə köhnə avtomobil arasındakı yanacaq sərfiyyatındakı fərqdən asılı olaraq, proqram iştirakçıları 3500 və ya 4500 ABŞ dolları məbləğində güzəşt çekləri alırdılar.
Birləşmiş Ştatlarda həm federal, həm də ştat səviyyələrində hökumət tənzimləmələri avtomobillərin təkrar emalını və tullantılardan ikinci dərəcəli xammalın istehsalını stimullaşdırmaqda getdikcə daha mühüm rol oynamışdır.
Avropa ölkələri üzrə statistika göstərir ki, Avropa İttifaqı ölkələrində təkrar emal üçün alınmış, işlənmiş avtomobillərin ümumi həcmi 10 milyon tondan artıqdır və Almaniyada işlənmiş avtomobillərin toplanması və təkrar emalı şəbəkəsi 15 mindən çox toplama məntəqəsindən ibarətdir.
Təkcə ABŞ, Kanada, Yaponiya və Qərbi Avropada hər il təxminən 35 milyon avtomobil təkrar emal olunur.
İngiltərədə işlənmiş avtomobilləri yığan və sökən təxminən 2500 kiçik müəssisə fəaliyyət göstərir, son emal 37 parçalayıcı zavoddan birində aparılır.
Fransanın avtomobillərin təkrar emalı sisteminə köhnə avtomobillərin sökülməsi üçün təxminən 2000 zavod və 54 parçalayıcı müəssisə daxildir.
Fransada avtomobillərin təkrar emalı mərkəzləri şəbəkəsi mövcuddur: 1,5 milyon insan üçün ən azı 7 təkrar emal məntəqəsi olmalıdır. Bu şəbəkə avtomobil istehsalçıları tərəfindən dəstəklənir. Avtomobilin vaxtında təkrar emala təhvil verilməməsinə görə külli miqdarda cərimə, bəzi hallarda isə hətta həbs də nəzərdə tutulur.
İşlənmiş avtomobillərin təkrar emalı ilə bağlı demək olar ki, bütün problemli məsələləri həll etməyə imkan verən ən uğurlu və effektiv avtomobil emalı sistemlərindən biri Niderlandda yaradılmışdır. 2011-ci ilin nəticələrinə əsasən, Niderlandda avtomobillərin təkrar emal dərəcəsi 96,2 faiz təşkil etmişdir və bu dünyada ən yüksək göstəricidir və ən əsası, bu sistemin maliyyələşdirilməsi hər il daha az əlavə vəsait tələb edir.
Mütəxəssislərin fikrincə, Niderlandda avtomobillərin təkrar emalı sisteminin formalaşmasının uğuruna aşağıdakı amillər təsir etmişdir:
- avtomobil təkrar emala təhvil verilərkən avtomobil sahibindən heç bir ödəniş alınmır;
- təkrar emal vergisi onu təkrar emala göndərilərkən deyil, yeni avtomobilin satışı mərhələsində toplanır. Ödəniş avtomobilin istehsalçısı (rəsmi dileri) tərəfindən həyata keçirilir;
- nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması sisteminin mövcudluğu, burada ya təkrar emal sertifikatı, ya da ixrac sertifikatı təqdim edilməlidir. Avtomobil sahibi bu sənədlərdən birini təqdim etməyənə qədər avtomobil vergisini ödəməkdən azad edilmir;
- avtomobil sahibinin qeydiyyatsız ixracı həyata keçirməsi və işlənmiş avtomobilin avtomatik təkrar emal sisteminə köçürülməsindən yayınması üçün heç bir stimul və ya üstünlük yoxdur;
- ölkədə avtomobillərin təkrar emal sisteminin idarə edilməsi və nəzarəti bu məqsədlər üçün xüsusi olaraq yaradılmış orqan (Auto Recycling Nederland (ARN) tərəfindən həyata keçirilir, bu da istifadə edilmiş nəqliyyat vasitələrinin toplanması və təkrar emalı ilə bağlı bütün bahalı əməliyyatların maliyyələşdirilməsini təmin edir.
Davamı var
Eldar Əsgərov (Şəkibəyov),
hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
1-ci hissə:
//modern.az/aktual/495216/avtomobillerinnbsptekrar-emali-nbsp-geleceyin-yashil-helli/