Üzeyir Hacıbəylinin dünyagörüşündə milli fəlsəfi və sosial siyasi aspektlər
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
IV yazı
Üzeyir Hacıbəyli hesab edirdi ki, bir zamanlar cəhalət içində yaşayan Avropa xalqları sonralar məhz istedadlı, dahi insanların sayəsində qaranlıqda işığa çıxmış, milli təşkilatlar yaratmış və bir zamanlar qul ikən indi ağa olmuş, üstəlik əksər Şərq xalqları üzərində də ağalıq etməkdədir. Ona görə Şərq xalqları, o cümlədən müsəlman xalqları da tərəqqi və yeniləşmə yolunu tutmalı, artıq istedadlı insanlarına və onların yaratdıqları cəmiyyətlərə sahib çıxmalıdırlar. Bu cür istedadlı insanların Qafqaz müsəlmanlarının oxumuşlar, ya da oxumamışlar arasında da olduğunu deyən Hacıbəyliyə görə əgər onlara şərait yaradılarsa, millət və insaniyyət naminə çox iş görərlər: “Mən öz içimizdən bir çox savadsız və elmsiz adamlara təsadüf etmişəm ki, bir də görürsən özündən cürbəcür şeylər icad edir. Yaxud ən ali və filosofanə məsələlər həllinə məşğul olur. Yaxud iti və müəssir bir dil il danışmaq qabiliyyəti var. Mən bu cür adamları gördükdə, həm onların özlərinə və həm də öz millətimizə və hələ ümuminsaniyyətə də yazığım və heyfim gəlir... Hələ onlar kənarda dursun, oxumuşlarımız içində də cürbəcür elm, fənn və sənətdə bir çox müstəid və qabil adamlarımız vardır. Amma nə etməli ki, onlar üçün şərait, məişət o qədər namüsaid və o qədər müşküldür ki, asudə nəfəs almağa belə imkanları yoxdur” (10).
1910-cu illərdə, xüsusilə də 1-ci Dünya müharibəsinin ilk illərində Hacıbəyli əvvəllər olduğundan daha çox, müasir ruhlu milli-demokratik bir siyasi təşkilatın yaranmasının zəruriliyindən, milli təfəkkürlü insanlara sahib çıxmağın vacibliyindən bəhs etmişdi. O, “Yeni İqbal” qəzetində yazdığı “Nəyimizin vaxtıdır?” məqaləsində də göstərirdi ki, indiyə qədər var olan ümummüsəlman təşkilatlarının gözə görünən və işə yaradılan nəticələri olmasa da, mənəvi əhəmiyyəti olmuşdur. Bu baxımdan yeni istər ümum Rusiya müsəlmanları, istərsə də xüsusi Qafqaz müsəlmanları təşkilatının yaranması zəruriliyini vurğulayan Üzeyir bəy yazırdı ki, artıq ümumi və təkrarçı sözlərdən işə keçməyin vaxtıdır: “...Bu milli ehtiyaclarımızın, və milli məsələlərimizin bundan belə quru danışmaq deyil, bəlkə felən rəf və dəfini və həllini təmin edə biləcək yollar xüsusunda danışıb və ictimalar qurmağımız daha münasib deyilmi? Və bundan sonra məhz bu yolların aranılmasının vaxtı deyilmi? Qəzetə vasitəsilə danışmaq yenə danışılmağında qalır. İctimai qurmaq yenə qurulmasında qalır. Ancaq “tema” dəyişilir. Yeni qəzetə və ictimai söhbətinin zəmin və mövzusu daha milli ehtiyaclarımız və məsalimiz olmayıb, bəlkə bu ehtiyac və məsalimizin keçirilmək və hüsulə gətirilmək yolları söhbətinə dəyişir. Bu gün o söhbətin ibtidası zənnimcə 1) biz 30 milyonluq Rusiya müsəlmanlarının bu böyük məmləkətdəki öz hal və mövqeyimizdən və 2) siyasi firqələr cərgəsində tutmuş olduğumuz məqamdan başlanmalıdır”(5, s.73-74).
Hacıbəyli yazırdı ki, Rusiya millətləri arasında sayına görə (30 milyon)ikinci olmasına baxmayaraq türklər arasında milli birlik yoxdur. Əgər bəzilərində milli ictimai işlərlə bağlı bir həvəs əlaməti görsənirsə, bu həvəs də tez yatıb yenə biganəlik zülməti içində yox olur. Müsəlmanlar yalnız şəxsi mənafeyi ilə bağlı olduqda bu cür milli və ictimai işlərə maraq göstərirlər. O, yazırdı: “Hərəmizin fikri başqa, hərəmizin amal və arzusu varsa başqa, tərzi-hərəkətimiz başqa-başqa. Bu səbəbdəndir ki, ümumi cəmaət və dövlət işlərindəki əməllərimiz dəxi pərişanlıq üzündən calibi-diqqət degildir. İçimizdəki pərişanlıq bir dərəcəyə çatıbdır ki, hətta əlimizdə olan hüquq və ixtiyaratdan dəxi layiqilə istifadə etməgə həvəsimiz olmayıb, bu üzdən hətta bəzi vaxt elə də olur ki, o hüquq və ixtiyaratdan mənfəət almaz əvəzində özümüzə zərər də vururuq. Və bu da bizi heç də acındırmayır da! Çünki ruhsuz, həvəssiz, laqeyd, Avropa təbrilə “apatiçni” olmuşuq. İctimai və siyasi işlərə qarşı göstərməkdə olduğumuz bu “apatiya” və qeydsizlik bizim hər bir sinifimizdə mövcuddur. Xass, avam, oxumuş, oxumamış, ümumiyyətlə hamısı bu “apatiya” dərdinə mübtəladır. Doğrudur, bəzi vaxt olur ki, qaranlıq içində bir balaca işıq zühuru görünən kimi bizim içimizdə dəxi milli və ictimai işlərə qarşı bəzilərimzidə bir həvəs əlaməti görünür. Zühur edib tez də sönən kimi, bizim bu həvəsimiz dəxi tez yatıb yenə qeydsizlik zülməti içində yox olur” (5, s.74-75).
Onun fikrincə, 1905-ci il 1-ci Rusiya inqilabının verdiyi azadlıqlar sayəsində milli qəzetlər, milli məktəblər, maarif və xeyriyyə cəmiyyətləri təşəkkül tapmışdı ki, indiyə qədər bundan daha çox faydalanmaq olardı. Ancaq ötən on il ərzində bütün bunlardan faydalanmaq əvəzinə müsəlman ziyalılar arasında əlaqə kəsilmək həddinə çatmış, bunun nəticəsində də “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və başqa bu kimi milli qəzet-jurnallar bağlanmış “Səadət”, “Nur” və başqa milli məktəblərin, eyni zamanda mədəni-maarif cəmiyyətlərinin (“Nicat” və b.) fəaliyyəti zəifləmişdi. O, yazırdı: “Əvvəllərdə həvəs ilə işə girişmiş olan başbilən ziyalı və inteliigentlərimiz nədənsə yavaş-yavaş camaat işlərindən çəkilməyə və boyun qaçırmağa başladılar. Milli qəzetə ilə müsəlman intelligentləri arasında əvvəlcə bağlanmış olan əlaqə, get-gedə azalıb axırda lap kəsilmişdir. Bu gün müsəlman ziyalıları ilə müsəlman mətbuatı arasında heç bir əlaqə yoxdur. Müsəlman intelligentlərinin oxuduqları qəzetələr rus qəzetələridir” (5, s.78).
Hacıbəyli yazırdı ki, halbuki müsəlmanca bisavad olan intelligentdə savad olmasa da, milli şövq və həvəs olsa, millət qeydinə qalmaq, millətin mütərəqqi və mütəməddin bir hala salmaq arzusu olsa, həmən bu tərəqqi və təməddün nişanəsi olan milli mətbuatda iştiraka özünü məcbur bilər, müsəlmanca bisavad olmağı da bu yolda ona əngəl olmaz: “İntelligentlərimizin sair bəhanələri də heç tənqidə də layiq olmayıb, yenə milli “apatiya” və milli ruhsuzluq üzündən əmələ gəlmiş haldır. “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” kimi cəridələrimizin əlimizdən getməyinin təqsiri hamıdan artıq intelligentlərimizin boynundadır, bu halda isə əlimizdə olan qəzetələrin halı belədir ki, oxucularımız az olan kimi qəzetədə işləyənlərimiz dəxi bir o qədər azdır” (5, s.79).
Üzeyir bəyə görə ötən 10 il ərzində (1905-1915) Dövlət Dumasında Qafqaz müsəlmanlarının siyasi sima kimi tanınmamaları təsadüfi deyildir. Çünki Dumada olan kadetlər, nasionalistlər, oktyabristlər, sosial-demokratlar müsəlman fraksiyasının hansı siyasi firqəyə bənzədyini və ya xüsusi siyasi sifətinin olmasını müəyyən edə bilməyiblər. O, bundan nicat yolu kimi, Qafqaz müsəlmanlarının bir millət kimi varlıqlarını ortaya qoymağın vaxtının çatdığını yazırdı: “Hal-hazırda əsil bunun vaxtıdır ki, biz öz-özümüzə məhəl qoyaq, millətimizin qədrini bilək, müsəlman millətinin içini və çölünü o cürə düzəldək ki, bizə də bir millət olub millətlər arasına girməyə layiq olaq. Ehtiyacımızın deyil, tək-tük ağızlardan bəlkə ümummillət ağzından çıxan bir səs olduğuna və bu səsə də rus camaatı, rus mətbuatı və Dövlət Dumasının tərəqqipərvər vəkilləri ağzından da səs verilib kömək edilməsinə və qonşu millətlər tərəfindən də haqlı görülməsinə yol göstərən şərait ilə dolanmaq xüsusunda danışmağımızın və çalışmağımızın vaxtıdır...” (5, s.85-86).
Cümhuriyyətin quruluşu və onun fəlsəfəsi. Ü.Hacıbəyli milli mövqeyi ilə zamanla milli-demokrat cərəyana daha çox yaxınlaşmış, başda “Müsavat” olmaqla milli təşkilatlarla yaxından əməkdaşlıq etməyə başlamışdır. Bu baxımdan da Hacıbəyli milli-demokratik cərəyanın bariz örnəyi olan Azərbaycan xalqının milli istiqlala qovuşması hadisəsini təbii qarşılamışdı. Azərbaycan Cümhuriyyətinin istiqlalının ilk ildönümü ilə bağlı “Bir yaş” məqaləsində Hacıbəyli yazırdı ki, Azərbaycan Türk dövlətinin istiqlalı “Türk irqində sağlam bir milliyyət hissi oyatdı, millət nə olduğunu milliyyətini unutmuş türklərə bildirdi: Onlara – sən əvvəl-əvvəl bir türksən dedi və “türkəm” dedirtdi” (12).
Onun fikrincə, Azərbaycan Cümhuriyyəti türklüyün ümidgahı, İslamın pənahı və dünya mədəniyyətinin daşıyıcısıdır. Çünki islam ölkələri arasında, ilk dəfə Azərbaycan türkləri dinimizin, Quranımızın, peyğəmbərimizin bir olduğunu ortaya qoydu. O, vaxtilə Azərbaycan türklərinin müstəqil hökumət qura bilməyəcəyi fikrini səsləndirənlərə cavab olaraq isə yazırdı: “Adamlar var ki, bizim istiqlalımızı istəmirdilər, halbuki bizə düşmən deyil idilər və bu istəməməklikləri düşmənçilik üzündən deyil idi. Fəqət onlar qorxurdular. Qorxurdular ki, biz hökumət etməyə, məmləkət dolandırmağa, dövlət saxlamağa qabil olmayıb da müxtəlif millətli təbəəmizin can və malını mühafizə edə bilməyən məmləkətdə asayiş bərpa edə bilməyək, nizam və qaidə qoya bilməyək, siyasətdə bacarıqsızlıq göstərib xalqın istirahətini pozaq”(12).
Üzeyir Hacıbəylinin fikrincə, bayrağımızın mənəvi mənası olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, mavi boya isə mədəniyyətə işarədir (12). Deməli, Ü.Hacıbəyli qırmızı boyanı türkçülüyə aid edərək mavi rəngi mədəniyyət mənasında qəbul etmişdir.
Hacıbəylidə olan bu milli ruhu inkar edə bilməyən sovet müəllifləri yazırdılar ki, 1920-ci il aprel işğalına qədər Ü.Hacıbəyli marksizmə yiyələnə bilməmiş, “bəzi digər demokratik ziyalılar kimi, müsavatçıların “milli istiqlaliyyət” pərdəsi altında apardıqları hiyləgər millətçilik siyasətinin həqiqi mənasını düzgün başa düşməmişdi. Müsavatçıların hakimiyyəti illərində o, dərin mənəvi böhran keçirir, millətçilik təsiri altında ciddi ideya-siyasi səhvlərə yol verirdi” (14, s.7). Sovet müəlliflərinin Ü.Hacıbəylidə “ciddi ideya-siyasi səhvlər” kimi qələmə aldığı məsələlər, əslində onun vətəninə, millətinə, dininə, demokratik dəyərlərə və istiqlalçılığa bağlılığı idi.
O, Sovet dövründə də mümkün olduğu qədər türkçülüyü, Azərbaycan türkçülüyünü yaşatmağa çalışmışdır. Milli ruhun daşıyıcısı kimi də o, “proletar mədəniyyəti” adı altında milli mədəniyyətin assimilyasiya olunması ilə qətiyyən razılaşmamışdır. Hacıbəylinin kosmopolitçilərə qarşı mübarizəsini təhlil edən Arzu Hacıyeva doğru qeyd edir ki, o, novator bəstəkar olmasına baxmayaraq, həmişə xalq musiqinin, xalq mahnılarının yaşadılmasına və inkişafına mühüm yer vermişdir. Xüsusilə, 1920-ci illərdə Ü.Hacıbəyli bir tərəfdən muğamın, o cümlədən “çahargah”ın, tarın iranlılaşdırılmasına, digər tərəfdən milli musiqimizin avropalaşdırılmasına qarşı çıxmışdır (13, s.23).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 18 Noyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















