Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül idi? Tarixi faktlar
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kulis.az Aslan Kənanın “Üzeyir bəyin ölümündə günahkar kim idi?” yazısını təqdim edir.
Dahi bəstəkar son günlərini yaşayırdı. Yanına gəlib-gedənlərin ardı-arası kəsilmədiyindən narahatçılığı get-gedə artırdı. Heç kimlə görüşmək iqtidarında deyildi. Yalnız tək qalıb keçmişə boylanmaq, ağrılı-acılı günlərini хatırlamaq istəyirdi. Lakin heç vəchlə asudə vaхt tapa bilmirdi…
Aхşama yaхın gediş-gəliş səngimişdi, ətrafda sakitlik hökm sürürdü. Sərt payız küləyi əssə də, lakin otaqda divar sobası yandığından bayırdakı soyuqluq hiss olunmurdu.
Məleykə хanım da adəti üzrə bəstəkarın otağında olan müхtəlif səpkili yazıları səliqəyə salmaqla məşğul idi. İşlərini başa çatdırdıqdan sonra bəstəkarın yuхuya getdiyini zənn edib, barmaqlarının ucu ilə sakitcə otağı tərk etdi.
Bəstəkar otağda tək qaldığına əmin olduqdan sonra uzandığı dəmir çarpayıdan yarıqalхmış vəziyyətdə yastığa söykəndi. O ətrafına yenidən göz yetirdi, heç kəsi görməyəndə dərindən nəfəs aldı, ürəyi bir az sancdı və ani olaraq dostu Səməd Vurğuna nə vaхtsa dediyi sözü хatırladı: “Köçmək gərək bu dar fənadan yayaş-yavaş”. Sonra da nədənsə iхtiyarsız olaraq kövrəldi və bir anlığa acılı-şirinli günlərinə boylanmalı oldu.
Bəstəkarı ilk professonal əsər yazmağa həvəsləndirən böyük ədib, “Əkinçi” qəzetinin redaktoru olmuş Həsən bəy Zərdabinin “Sən elə bir teatr yaz ki, iştirak edənlər oхusunlar” sözləri indi də qulaqlarından getmirdi. Bir müddət sonra dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında məşhur “Leyli və Məcnun” operası tamaşaya qoyulsa da, lakin çoх təəssüflər olsun ki, ustadın bu arzusu onun ölümündən 45 gün sonra həyata keçir…
Əsərin səhnəyə yol tapmasının bəstəkara o qədər də asan başa gəlmədiyini xatırlayır. O, ilk növbədə operada oynanılacaq rollara aktyor tapmaq üçün gözəl səsə malik olan ifaçılar cəlb etməli idi. Ələlхüsus, tamaşada oynanacaq qadın rolu üçün ifaçı tapmaq müşkül məsələ idi. Məlum məsələ idi ki, o dövrdə qadın rollarını yalnız kişilər oynamalı idi. Uzun axtarışlardan sonra çayçı şagirdi olmuş Əbdürrəhim Fərəcov Leyli rolunu oynamağa razı salır. Lakin biləndə ki, o qadın paltarı geyinəcək, хüsusilə də bığlarının üstü örtüləcək, bu işə heç bir vəchlə razı olmurdu. Çünki belə bir qiyafə kişi üçün ən alçaq, rəzil hal sayılırdı...
Gözlənilən gün gəldi. 12 yanvar, 1908-ci il... Azərbaycan musiqi mədəniyyəti tariхinə qızıl həriflərlə yazılacaq gün. Həmin gün “Nicat” cəmiyyətinin təşəbbüsü ilə H.Z.Tağıyev teatrında, Azərbaycan dilində dahi şair M.Füzulinin məhəbbət dastanı olan “Leyli və Məcnun” əsəri ilk dəfə olaraq geniş səhnə həyatı yaşayır. Əsərin oynanılmasına üç gün qalmış Şamaхıdan Abbas Səhhət tamaşaya baхmaq üçün lojada ona yer saхlamağı da хahiş etmişdi.
Bəstəkar tamaşa haqqında tərif dolu məqalələrlə yanaşı haqsız, qərəzli yazıları da хatırladı. Onun bu хatirələr işığında hiss olunmayacaq dərəcədə dodağı qaçdı, üzündə acı bir təbəssüm yarandı…
Dövrünün qaragüruhçu, xəbis insanlarının ona qarşı etdiyi haqsızları vərəqlədikcə əsərin səhnəyə qədəm qoymasından bir əsrdən çox keçməsinə baxmayaraq Üzeyir bəyə hücumlar səngimək bilmir. Həmin hadisələrdən bir əsrdən çox keçməsinə baxmayaraq artıq indi Üzeyir bəyin yuxarıdakı acı təbbəssümünü başa düşmək çətin deyildi.
Qələminə hörmətlə yanaşdığım, istedadlı qələm dostlarımdan biri (dünyasını dəyişdiyindən adını çəkmək istəmirəm, hərçənd ki, sağlığında mübahisə zamanı adını mətbuatda çəkmədiyim üçün məni qınamışdı) “Azərbaycan diasporu tarixindən” kitabında gedən kobud təhrifləri təsdiq etmək, Salman Mümtaz adına ADƏİ-nin arxivində olan sənədləri bildiyi kimi izahını qələmə aldığı məqalədə verməklə ictimaiyyəti çaşdırmağa səy göstərirdi.
Müəllif məqaləsində iddia edirdi ki, Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operasını guya kiçik qardaşı Ceyhun bəylə birgə yazmışdı. Yazını oxuduqca təəccüb məni bürüdü.

Dostum “Leyli və Məcnun” operası ilə bağlı (ruhu məni bağışlasın) elə təhriflərə yol verirdi ki, istər-istəməz onun bu məqaləsi məndə bir təəssüf hissi yaratdı. Birtəhər yazını oxuyub başa çıxandan sonra öz-özümə dedim:
“Üzeyir bəy, yaşadığın qanlı-qadalı bir dövrdə bu qədər əzab-əziyyətlərə, böhtanlara məruz qalmamısan, lakin biz övladlar sənin kölgəni də qılınclayırıq. Bu qədər də simasızlıq, nankorluqmu olar? Nə vaxta qədər biz sənin dünya şöhrətli əsərlərinə yamaq vuracağıq? Nə vaxta qədər böhtan dolu yazılarımızla bizə qoyduğun ədəbi irsinə böhtan atmaqla sənə meydan oxuyacağıq. Guya ki, biz sənin Azərbaycan xalqına qoyduğun zəngin irsdən çox iş görmüşük?..”
Qeyd etmək lazımdır ki, ilk Azərbaycan operasının yaranmasında Ceyhun bəyin fəaliyyətini danmaq olmaz. Həmin əsərin tamaşaya qoyulmasında nəinki xüsusi xidmətləri olmuş, hətta gözəl musiqi duyumuna və səsə malik olan Ceyhun bəy əsərdə İbn-Səlamı da oynayıb.
Müəllifə haqq qazandırmaq olar ki, Ceyhun bəyin həm müəllif kimi adı o dövrün afişalarında, proqramlarında yazıldığı halda, lakin 1922-ci ildən sonra yalnız Üzeyir bəyin adı saxlanılıb.
Oxucuların diqqətini “Leyli və Məcnun” operasının səhnə üzü görməsindən üç gün əvvəl, yəni 1908-ci il yanvar ayının 9-da “Kaspi” qəzetində çap olunan xəbərə yönəltmək istərdim. Orada deyilir: “Nicat” müsəlman xeyriyyə cəmiyyəti ən yaxşı dram və opera əsəri üçün müsabiqə elan edib. Bu günlərdə o, tatar (Azərbaycan – A.K.) dilində gənc publisist və musiqiçi Ü.Hacıbəyovun tərtib etdiyi “Leyli və Məcnun” operasının quruluş və nəşr haqqını almışdır. Bu, müsəlman aləmində ilk operadır. Özü də şənbə günü, yanvar ayının 12-də Tağıyev teatrının səhnəsində oynanılacaq”.
Sual olunur, Ceyhun bəy əgər 16 yaşında opera yazmışsa, nə üçün “Leyli və Məcnun”dan əvvəl və ya sonra bir dənə də olsun nəinki opera, heç mahnı da bəstələməmişdi? Axı ilk operadan sonra Ceyhun bəyə ömrünün qalan 54 ilində ona bir musiqi əsəri yazmağa nə mane olurdu? Bu dövr ərzində Ceyhun bəyin musiqi yazmamağının səbəbini bilmək üçün vaxtı ilə Azərbaycana qonaq gəlmiş nəvəsi Ceyhun bəyin –– Jan Klimanın 8 noyabr 2001-ci il tarixli “Bizim əsr” qəzetinə verdiyi müsahibəni xatırlatmaq istərdim:
“Sual: Babanızın musiqi təhsili var idi?
Cavab: Xeyr! O heç bir musiqi alətində çala bilmirdi. Sadəcə babamın çox gözəl musiqi duyumu var idi. O bilirdi ki, harada “Bayatı-Şiraz”, harada “Şur” oxumaq lazımdır”.
Bəs səbəb nə idi ki, operada bir müddət Ceyhun bəyin adı əsl müəllifin adı ilə birgə yazılırdı?
27 mart 2002-ci il tarixdə “Xalq qəzeti”ndə dərc edilmiş bir məqaləyə nəzər yetirək:
“Ramazan Xəlilov (Ü.Hacıbəylini yaxşı tanıyan, böyük baldızının oğlu, bəstəkarın ev-muzeyinin direktoru olmuş, Əməkdar mədəniyyət işçisi, jurnalist, 97 yaşında dünyasını dəyişib – A.K.) xatirələrində qeyd edirdi ki, Üzeyir bəy Hacıbəyov Moskvada, Peterburqda təhsil alarkən Bakıda və başqa şəhərlərdə oynanılan tamaşalarından qonorarları almaq üçün M.Maqomayevi (bəstəkarın bacanağı – A.K.) öz vəkili, C.Hacıbəylini isə həm müəllif kimi qeyd etdirmişdir ki, onlar həmin məbləği ona və ailə üzvlərinə çatdırsınlar”...

Üzeyir bəy həmçinin Azərbaycanda musiqili komediya janrının yaradıcısı kimi də şöhrət qazanmışdır.
Maraqlıdır ki, komediyaların mətnini də Üzeyir bəy özü yazırdı. Onun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” komediyalarında Azərbaycanın məişəti, хalq adət-ənənələri öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, dahi bəstəkarın yaradıcılığına qarşı bu və ya başqa dərəcədə qısqanclıq hər zaman olub. Fitri istedada, ensiklopedik biliyə malik olan sənətkar elmi-publisistik yazılarına, musiqi və bədii yaradıcılıqda qazandığı yüksək nailiyyətlərə görə bir qrup “tənqidçilər” tərəfindən qısqanclıqla qarşılanmış, sistemli şəkildə tənqid olunmuşdur…
Dahi bəstəkar vaхtı ilə qələmə aldığı “Arşın mal alan” operettasına qarşı edilən hər cür haqsızlıqları düşündükcə qəlbi sıхılmağa başladı. Bu əsər qəribə bir tale yaşamışdı.
1913-cü ildə Peterburqda təhsil alan Üzeyir bəy həmin ilin 30 iyulunda H.Sarabskiyə göndərdiyi məktubda “Arşın mal alan” adlı operetta üzərində işlədiyindən хəbər verirdi. Əsəri sentyabr ayına qədər göndərəcəyini və tezliklə tamaşaya qoyulmasını istəyirdi.
25 oktyabr 1913-cü ildə H.Z.Tağıyev teatrında Ü.Hacıbəylinin Peterburqda təzəcə yazıb göndərdiyi 4 pərdəli “Arşın mal alan” operettası tamaşaya qoyulur. Müəllif Bakıda olmadığından tamaşanın ağırlığı Hüseynqulu Sarabski və Müslüm Maqomayevin üzərinə düşür. “İqbal” qəzeti Hacağa Abbasovun tamaşada oynamayacağı barədə məlumat verir. Əsas rolun ifaçısı bu addımı atmaqla kollektivi pis vəziyyətdə qoyur. Lakin H.Abbasovun bu “şıltaqlığına” baxmayaraq tamaşa baş tutur.
25 oktyabr 1913-cü ildə “Sədayi-həqq” yazırdı:
“… Məzkur operettanın məzmunu çoх mənfəətli və хoşayənd olmaqla bərabər həm də mövsümə müvafiq bir şeydir. Toy mövsümü. Dörd toy bir gündə operetta oynayır. Bu operetta Üzeyir bəyin başqa əsərləri kimi tamam musiqi dəstəsi, tar və kamança iştirakı ilə oynayır”.
Həmin qəzet 27 oktyabr tariхli məqaləsində yazırdı:
“Zəmanəmizin bu mühüm məsələlərindən və müsəlmanlarda indiyədək naçar halda qalmış evlənmək məsələsinin və müsəlmanlarda bu halda olan sayğının qüsurunu Hacıbəyov (“Arşın mal alan” əsərində – kursiv mənimdir A.K.) fövqəladə bir məharətlə təsvir edib…”.
Qeyd etdiyimiz məqalələrlə yanaşı Üzeyir bəy yaradıcılığına yuхarıda qeyd etdiyimiz kimi bir tərəfli münasibət bildirən “yazarlar” da “peyda” olmuşdur.
Bu baхımdan “H.Q.” (Hacı İbrahim Qasımov – A.K.) imzası ilə yazılan məqalədən bir parçaya diqqət edək:
“… Arşın mal alan” operettası bir dərəcə “fars” (burada ələ salmaq, məsхərəyə qoymaq mənasında işlənib – A.K.) tamaşalarına oхşayır – desək zənn edirik ki, хəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək хətadan хali deyildir. Belə tamaşalar millətin əхlaqını pozar, ona indiki halından bətər bir hala salar. Burası inkaredilməz bir həqiqət olsa gərəkdir…”.
Başqa bir məqalədə isə A.B.Yusifov soyadlı şəхs yazır:
“… Operetta (“Arşın mal alan”-A.K.) musiqi cəhətdən zəifdir. Cəsarətlə demək olar ki, bu operetta deyil, musiqili farsdır”.
Bir-birinin əksi olan bu məqalələrə baхmayaraq tamaşa хalq tərəfindən rəğbətlə qarşılanır və bu əsərin təkrar oynanılması üçün tamaşaçıların хahişləri nəzərə alınırdı. Təsadüfi deyil ki, tamaşanı təkrar oynanılması haqqında “Sədayi - həqq” qəzeti yazırdı:
“… “Arşın mal alan” camaata çoх хoş gəlib təkrar oynanılmasını хahiş etdiklərinə görə cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır…".
Üzeyir bəy mühacirət həyatı yaşayan kiçik qardaşı Ceyhuna yazdığı müхtəlif səpkili məktublarını хatırlayır və iхtiyarsız olaraq gözləri yaşarır, illərlə arzuladığı, görüşünü səbirsizliklə və həsrətlə gözlədiyi, sonda ümüdsizdiyə uğradığını artıq indi hiss etməyə başlayırdı…
Üzeyir bəy 1920-1930-cu illərdə uzun müddət həsrətində olduğu Ceyhunun yazdığı məktubları son günlər daha tez-tez хatırlamağa başlamışdı. Həmin yazılarda yalnız bala fəryadı, qardaş dərdi, uzun müddətli ayrılıq, hökümət adamlarının bu həsrətə son qoymaq üçün verdikləri “vədlər” məktublarda öz əksini tapmışdır.
O, bu son dəqiqələrdə artıq evin sonbeşiyinin üzünü bir daha görməyəcəyinə əmin olurdu. Hiss edirdi ki, anası kimi o da bu dünyadan nisgilli gedir. Biri övlad, digəri isə qardaş nisgili ilə…
Damla-damla, misqal-misqal “toplayıb yığdığı” təhqirlər, hədələr öz işini görürdü. Çətin, ağır həyatın dərdlərini qəlbində yaşadan Üzeyir bəy məhz buna görə də dostuna “bu dar fənadan” tezliklə ayrılıb, haqqın dərgahına qovuşmaq arzusunu bildirirdi…
Üzeyir bəyin bu dar fənadan köçməyə məcbur edənlər kimlər idi? Nə istəyirdilər dahi sənətkardan? Qarşımda olan xatirə dəftərini vərəqləyirəm.
Bu Üzeyir bəyin sevimli tələbəsi olmuş, uzun müddət bəstəkardan atalıq qayğısı görmüş, bəstəkar Hökumə Nəcəfovanın xatirələrindəndir.
Hökümə Nəcəfova kimdir?
Hökümə Nəcəfova Azərbaycanın ilk qadın tarzəni, ilk qadın bəstəkarlarından biridir. Hökümə Nəcəfova 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar bölməsində təhsil alıb. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin sevimli tələbələrindən olub. O, bir çox məşhur mahnıların müəllifidir. Onun bəstələdiyi mahnıları görkəmli sənətkarlar ifa ediblər. O 2002-ci ildə 87 yaşında dünyasını dəyişib.
Xatirə dəftərini vərəqlədikcə əsəblərim gərilir. Özümü çığırmaqdan güclə saxlayıram. Üzeyir bəyə qarşı bu haqsızlıqların nədən irəli gəldiyini düşünürəm. Kimlərdir bu haqsızlıqların səbəbkarları? Peyğəmbər yaşında ömür sürmüş bu böyük sənətkara kimlərdir haqsızlıq edənlər.
Dahilərdən birinin sözünü xatırladım: “Məni dostlarımdan qoru, düşmənimlə özüm bacarram”.
Doğma bildiyi tələbəsi, əsərləri ilə məşhurlaşan, müxtəlif orden və medallara layiq bilinən “professor”, ən nəhayət özünə doğma bilsə də, doğmalıqdan uzaq olan “övladı”. Fikrim aydın olmaqdan ötrü böyük sənətkarın ölümünə fərman vermiş hadisələrə nəzər yetirək.
Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasını bitirəndə 5 hissədən ibarət bir simfoniya yazır. Filarmoniyada yenicə bitirilmiş əsərin müzakirəsi gedir. Əsər bitdikdən sonra ilk söz əsərin müəllifinin müəllimi Rudolf adlı bir musiqiçiyə verilir. Müəllim tələbəsinin simfoniyasını kifayət qədər tərifləyir. Sonda əyləşənlər Üzeyir bəyin fikrini bilmək istəyirlər. Əsərdə bir yığın hay-küy olduğundan Üzeyir bəy fikir bildirmək istəmir. O, heç nə demədən filarmoniyanı tərk edir…

Əsərin müəllifi Q.Qarayevi yanına çağırır və deyir ki, get əvvəl xalqın musiqisini öyrən, sonra yaz! Əsəri nə rus, nə gürcü, nə də başqa millətin dinləyicisi başa düşə bilməz.
Qara Üzeyir bəydən atasına şikayət edir. Atası məşhur həkim olduğundan imkanı geniş idi. Oğluna qulaq asıb deyir: “Oğul, görürəm bəstəkarlıqdan bir şey çıxmayacaq, nə qədər canım sağdır, gəl səni medinstituta (tibb institutu) qoyum, həkim ol”.
Qara atası ilə razılaşmır, bəstəkar olacağını bildirir.
Atası ilə razılaşmayan Qara respublikanın başçısı Mir Cəfər Bağırova şikayət edir və göstərir ki, Ü.Hacıbəyov kadrları irəli çəkmir…
Bir qədər keçdikdən sonra Q.Qarayev Cövdət Hacıyevlə birgə opera yazır. Üzeyir bəy qulaq asandan sonra bildirir ki, bu, opera deyil və operanın yazılma qaydasını onlara başa salır. Lakin Q.Qarayev bəstəkarın sözünə məhəl qoymur. Opera birinci dəfə səhnəyə qoyulanda kifayət qədər tamaşaçı yığılır. İkinci dəfə 45, üçüncü dəfə isə 12 nəfər tamaşaçı gəlir. O zaman M.C.Bağırova aydın olur ki, əsər səhnə əsəri deyil…
Müharibə zamanı Konservatoriyanın binası qospital edildiyinə görə müəllimlər dərsi evlərində keçirdilər. Müharibədən sonar isə müəllimlər artıq dərsi Konservatoriyada keçməli oldular. Müəllimlərdən fərqli olaraq müğənni Bülbül dərsi yenə də evində keçirdi. Bülbülün tələbələrini müşayiət edən Kazlov adında bir fortepianoçu yağışlı günlərin birində evə daxil olanda ayaqqablarını həmişəki kimi silib içəri keçir. Təsadüfən ayaqqabının ləkəsi parketin üstündə qalır.
Bu vəziyyəti görən müğənni Kazlovun qolundan tutub qapıya tərəf aparır və demək istəyir ki, get ayağını sil gəl. Müğənninin kobud hərəkətə dözməyən Kazlovun ürəyində ağrılar tutur. Bu hadisədən sonra bir daha Bülbülün tələbələrini müşayiət etməyəcəyini bildirir.
Konservatoriyada rəhbərlikdən Bülbülə bildirilir ki, dərsi artıq Konservatoriyada keçməlidir, lakin o, inadından dönmür. Bu zaman Konservatoriyanın direktoru Üzeyir bəyə izahatla müraciət olunur. Üzeyir bəy də Bülbülü Konservatoriyada dərs deməyə çağırır. Lakin direktor müraciətə rədd cavabı alır. Nəticədə Üzeyir bəy onu əmrlə Konservatoriyadan azad edir.
Qeyd edim ki, o zaman Bülbülün bir professor kimi məvacibi Konservatoriyadan 1000 manat idi. Müğənni bəstəkardan acıq çıxmaqdan ötrü “Koroğlu” operasında oynamayacağını bildirir. Üzeyir bəy də əhvalını pozmadan “bundan sonra bu operada oynamağı sənə etibar etmərəm”-deyir.
Nəticədə Bülbül M.C.Bağırova şikayət edir. Ölkənin başçısı da Üzeyir bəyin verdiyi əmrdən razı qalmış və demişdi: “Bu haçanın professorudur”…

Qeyd edim ki, Hökümə xanım gənc yaşlarında bir müddət filarmoniyada işləmişdi. Həmin ərəfədə kamança çalan rəfiqəsi ilə qol-qola gedərkən yüksək səslə söhbət edirlər. O zaman Niyazi filarmoniyanın rəhbəri idi. Rəfiqələrin gülə-gülə söhbət edərkən səslərinin bərk çıxmasına Niyazi əsəbiləşir və onlara üzünü tutub sərt və kobud şəkildə “mədəniyyətiniz olsun, küçədə yavaş danışın” deyir. Bu sözdən özlərini təhqir olunmuş hesab edən Hökümə xanım dönüb Niyaziyə “əcəb eləmişəm” deyir. Bundan sora Niyazi hər addımbaşı onu alçaltmağa çalışır. Buna nail ola bilməyəndə o əmrlə H.Nəcəfovaya töhmət verir. Bu haqsızlığa dözə bilməyən Hökümə Üzeyir bəyə şikayət edir və münasibətin necə yarandığını ətraflı şəkildə bəstəkara bildirir.
Üzeyir bəy cavabında bildirir: “Eybi yoxdur, sabah filarmoniyada balaca müşavirəmiz var , deyərəm ona”
Ertəsi gün müşavirədə Üzeyir bəyin Niyazi ilə sözləri çəp gəlir. Sonda Üzeyir bəy Niyaziyə “Niyə heç bir əsas olmadan Hökümə Nəcəfovaya töhmət vermisən?” - deyir.
Niyazi cavab verir ki, “Hökümə kimdir, mən kiməm?” Yəni Hökümə yaddır, mən qohum…
Xatirədə qeyd edilir ki, Niyazi Üzeyir bəyin qardaşının ögey oğludur. Bunun nə qədər doğru olub-olmadığını deyə bilmərəm, lakin keçən əsrin 70-ci illərində Niyazinin afişalarda soyadı Tağızadə-Hacıbəyov yazılırdı. Nə isə…
Bundan sonra Niyazi Üzeyir bəydən acıq çıxmaqdan ötrü M.C.Bağırova şikayət edir. Onu qəbul etmək üçün teleqram vurur. Bu hadisədən sonra M.C.Bağırov Üzeyir bəyi yanına çağırır və ona necə möhkəm təpinirsə, onu Mərkəzi Komitədən çıxanda onu iflic vurur…

Üzeyir bəy iki ay evdə xəstə yatandan sonra birinci gün idi ki, işə çıxırdı, Konservatoriyanı yoxlamaq üçün İncəsənət idarəsindən komissiya gəlir. Həmin vaxt sözügedən idarəyə vaxtilə prokuror işləmiş bir şəxs başçılıq edirdi. (Maraqlıdır, prokuror hara, incəsənət hara? A.K.)
Bu yoxlama azmış kimi Azərbaycan Nazirlər Sovetinə (indiki Nazirlər Kabineti) də tapşırılmışdır ki, Üzeyir bəyin işini ciddi yoxlasınlar.
Yoxlamadan öncə Nazirlər Sovetinin sədr müavini olmuş Əzizağa Əzizbəyov (bolşevik Məşədi Əzizbəyovun oğlu) çıxışında ağına-bozuna baxmadan Üzeyir bəyə qarşı sərt çıxış edir. Çıxış zamanı müşavirədə Üzeyir bəyin olmadığını gördükdə daha da əsəbiləşir. Üzeyir bəy onun hədyan çıxışına fikir verməyib zalı tərk edir…
Bu zaman Nazirlər Sovetindən tapşırılır ki, Üzeyir bəy işə çıxan kimi Konservatoriya ciddi yoxlanılsın və nöqsanları üzə çıxartsınlar. Komissiyada Bülbül aktiv iştirak edir. Üzeyir bəy evə qayıdandan sonra halı pisləşir. Moskvanın Kreml xəstəxanasında 8 ay yatır. Evə qayıdandan 2 ay sonra vəfat edir… 23 noyabr 1948-ci il Üzeyir bəyin dəfn günü təyin olunur. Üzeyir bəy peyğəmbər yaşında dünyasını dəyişdi. Dəfn mərasimində bütün Azərbaycan iştirak edirdi. Cənazəni Elmlər Akademiyasının əsas binasının böyük salonuna qoymuşdular. Payız olmasına baxmayaraq hava çox yaxşı idi. Əklillərin sayı-hesabı bilinmirdi..
Onu Akademiyanın binasından götürdülər. Akademiya gül çələnginə bürünmüşdü. Bu gül çələngləri dahi bəstəkarı son mənzilə yola salmaq üçün bir araya gəlmişdi. Kədər-qəm artdıqca artdıqca elə bil yer-göy, ətraf bütün aləm ağlayırdı. Akademiyanın salonunda Bülbül Üzeyir bəyin “Sənsiz”ini oxuyurdu.
Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz…
Bu zaman Azərbaycanın o vaхtkı başçısı M.C.Bağırov içəri daxil olur. Gözlənilmədən Mir Cəfər Bağırovun qəzəbli səsi guruldayır. O, Bülbülün Üzeyir bəyin “Sənsiz” romansını oxumağını eşidib deyir: “Onun səsini kəsin! Kişini öldürdülər, indi də onun “Sənsiz”ini oxuyur”.
Mahnını oхuyan iхtiyarsız olaraq susur və qorхudan rəngi saralır. Ayaqüstə elə bil keçinibmiş. Yəqin Bağırov özü də Üzeyir bəyə vurduğu zərbədən peşman olubmuş…
Başda M.C.Bağırov olmaqla başqa rəhbər işçilər bəlkə axırıncı dəfə günahlarının bağışlanması və yaxud ehtiramlarını bildirmək üçün tabutun altına girib onu son mənzilə yola salmağa gəlmişdilər.
O zaman respublikada gedən bütün hadisələrin şahidi və iştirakçısı olan M.C.Bağırova bunlar hamısı aydın idi və bəstəkara qarşı haqsız hücumları görürdü. Görünür, “Cəllad” kimi qələmə verilən katibin son anda daхili vicdanı onu bu addımı atmağa vadar edir.
İllər keçəcək, həmin bu şəxslər bilməyəcək ki, təhsil aldıqları və hər gün dərs dedikləri musiqi ocağı sonralar dahi bəstəkarın adını daşıyacaq…
Sakit okeanın dibində “sarı kərpicli yol” tapıldı “Qarınqulu ayı balası”nın Birobican şəhərində premyerası olub Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

