Icma.az
close
up
RU
Üzeyir və Məleykə

Üzeyir və Məleykə

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor

Azərbaycanın XX əsr mədəniyyət və musiqi tarixində Üzeyir Hacıbəyli (Hacıbəyov) qədər hələ öz sağlığında geniş şöhrət qazanaraq tanınan və sonralar da adı və xatirəsi daim əziz tutulan ikinci bir şəxs təsəvvür etmək çətindir. İlahi istedad, böyük zəhmət, təhsil və qiraətlə daim artırılan bilik, yeniliyə açıqlıq, maraq, müşahidə, ünsiyyət, xeyirxahlıq, nəhayət qayğı və məhəbbət kimi keyfiyyətlərin təcəssümü olan bu insan nəinki öz zamanında, bəlkə də Zamanın fövqündə doğulmuşdu. Belə ki, yaşadığı bütün üç fərqli siyasi quruluş, üç dövlət - Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti, Azərbaycan SSR - şəraitində bütün sarsıntı və təlatümlərə, maneə və çətinliklərə baxmayaraq, özünütəsdiqin bütün sınaqlarından keçərək baş vurduğu hər sahədə peşə, həyatda isə şəxsi Kimliyini saxlaya bilmişdi: bəstəkar, dirijor, musiqişünas, pedaqoq, jurnalist, publisist, redaktor, naşir, dramaturq, alim, ictimai-siyasi xadim! Oğul, Qardaş, Dost, Ər, Qohum, Müəllim, sadəcə İnsan!

Lakin hətta bu gün də - Üzeyir bəyin 140 illik yubileyinin böyük təntənələr, yeni kitablar, elmi məclislər, konsertlər, tamaşalar ilə qeyd etdiyimiz günlərdə belə, biz Üzeyir bəyi "Tanıyırıq!!!" - deməyə cürət edə bilmərik. Belə ki, hələ çox cavan vaxtlarından daim mətbuatın, daha sonralar ən müxtəlif sahələrdə tədqiqatların diqqət mərkəzində olan bu insanın həyat və yaradıcılıq yolu ilə ən kiçik təmasdan sonra onun haqqında deyilən, yazılan, öyrənilən ... bilik və məlumatların heç də tam və kamil olmadığı aydınlaşır.

Neçə illər əvvəl - Üzeyir bəyin son dərəcə məzmunlu və hadisələrlə zəngin həyatını arxiv sənədləri əsasında təsvir etmək təklifi ilə işə başladığım zamandan bu həqiqəti özün üçün günbəgün təsdiq edirdim. Bəlkə də buna görə - bu suallar cavabsız qalıb, daha nə isə tapmaq olar - düşüncəsi ilə işi bitirə bilmirdim, heç indi də hələ bitirməmişəm. Çünki çox tezliklə məlum olmuşdu ki, Üzeyir Hacıbəyov hələ yalnız Azərbaycan arxivlərindəki sənədlərdə adı keçən tanınmış şəxsiyyətlər arasında bəlkə də birinci yer tutur. Bütün bu illər ərzində 1-2 cild ehtimal edilən sənədlər toplusu üçün 17 müxtəlif arxiv fondlarından artıq 4-5 cildlik  materiallar yığılıb və axtarış prosesi hələ davam edir. Lakin illər də gedirdi, odur ki, bütün cildləri hazırlayıb birdən nəşr etmək fikrindən daşınası oldum. Və bir qayda olaraq bütün böyük klassiklərin əsərlərinin (burada sənədlərin) külliyyatlarının sonuncu cildinə daxil edilən "Məktublar" hissəsinin nəşrini qabağa salmağa qərar verdim. Üzeyir Hacıbəyova ünvanlanan məktubların sayının yüzlərlə, bəlkə də daha çox olduğu faktından çıxış edərək onların içindən Üzeyir bəyin yalnız öz ailə üzvləri, qohumları və yaxınları ilə yazışmalarını ayırdım.

Bu qərarımı şərtləndirən daha bir mühüm amil vardı. Hələ 2013-cü ildə azərbaycanlıların 1918-ci il kütləvi qırğınlarına dair Fövqəladə Təhqiqat Komissiyasının iki cildlik "Şamaxı..." sənədlər toplusunu nəşrə hazırlayarkən erməni quldur dəstələrinin dinc müsəlman əhalisinə qarşı təsəvvürə gəlməz qəddarlıqlarının ağırlığından dərin stress keçirirdim. Bu əhvalın ruhuma tam hakim kəsilməməsi üçün həmin sənədlərlə paralel olaraq Üzeyir bəylə Məleykə xanımın ülvi bir sevgi, təmizlik, səmimiyyət, qayğı dolu, ruhu oxşayan, romantik aşiqanə məktublarını kompüterdə yığırdım. Əslində onları oxuduqca barmaqların özləri bu kövrək əl yazılarını çap hərflərinə, mətnlərə çevirirdi...

Tezliklə, bu məktubları siz də oxuyacaqsınız... 

İndi isə "Üzeyir Hacıbəyli. Şəxsiyyət. Sənətkar. Vətəndaş. (Üzeyir Hacıbəyov arxiv sənədlərində)" ümumi adı altında çoxcildlik nəşrin I cildinə -  "Məktublar. Xatirələr. Teleqramlar.  (Ailə üzvləri və yaxın qohumları ilə yazışmalar)" - yazdığım  "Ön söz"dən Üzeyir bəylə Məleykə xanımın münasibətlərinə aid bir hissəni diqqətinizə təqdim edirəm. Əminəm ki, çoxlarınız özünüz üçün yeni bir Üzeyir Hacıbəyov kəşf edəcəksiniz...

lll

300-dən artıq məktubu əhatə edən 9 fəsildən ibarət I cildin I fəslinin materialları - Üzeyir bəylə Məleykə xanımın yazışması, tək-tək istisnalarla, demək olar ki, ilk dəfə nəşr olunur.  

Tarix etibarilə bu yazışma 3 dövrə bölünür. I dövr 1909-cu ilin iyun-dekabr aylarındakı zaman kəsiyini - Qoridə, Zaqafqaziya Müəllimlər seminariyasında oxuduğu illərdə (1899-1904) sinif yoldaşı Əli Terequlovun Tiflisdə yaşayan ailəsi ilə yaxından tanış olan gənc Üzeyirin bu ailənin 6 qızından biri - Məlikə Terequlovaya ürəyini açdıqdan və razılıq alandan sonra başlanan və yarım il davam edərək toy ərəfəsində başa çatan məktubları əhatə edir. Üzeyir bəyin bu dövrə aid əldə olan 19, Məlikə xanımın isə 13 cavab məktubu, əgər əsas qəhrəmanın sənət bucağından baxılarsa, hələ 40 il çalınacaq böyük "Məhəbbət simfoniyasına" Giriş kimi dəyərləndirilə bilər. Əslində həmin dövr bu münasibətlər artıq özünü Şərqdə ilk operanın banisi kimi təsdiq etmiş Üzeyir bəyin elə həmin operasının qəhrəmanları ilə də müqayisə oluna bilərdi, yalnız bircə fərqlə - sonluğu vüsalla bitən "Leyli və Məcnun". Bu "həyat operası" isə hələ 1908-ci ildən də əvvəl, Üzeyir üçün böyük dünyaya ilk pəncərə olan Qoridən sonra, gördüyü ilk teatr şəhəri Tiflisdə, Volqaboyu tatarları zadəgan nəslinə məxsus Terequlovlar ailəsi ilə ünsiyyətdən bəhrələnmişdi.

Tanınmış maarifçi, qardaşı ilə bərabər Tiflisdə ilk dəfə oğlanlar və qızların birgə oxuduğu məktəb açan, Tiflis sünni məscidinin rəhbəri olan Həsən Terequlovun böyük ailəsində hökm sürən kübar həyat tərzi, yüksək əxlaqi-mədəni dəyərlər, təhsil, poeziya, musiqiyə maraq və eyni zamanda sadəlik, səmimilik və qayğı dolu bir mühitin cazibəsinə düşməmək mümkün deyildi. Terequlovlar ailəsinin gənc Üzeyirin dünyagörüşünün və zövqünün formalaşmasında oynadığı rol onun öz məktublarının və Məlikə xanımın xatirələrinin sətiraltı mənalarından çox aydın nəzərə çarpır. Sonralar Üzeyir bəy bu ailə ilə ünsiyyətdən "aldıqlarını" qat-qat artıqlaması ilə "qaytaracaq" və bəlkə də yalnız öz dairələrində geniş tanınan Terequlovlar da məhz Üzeyir bəylə qohumluqları ilə daha geniş müstəvidə şöhrət tapacaqlar. "Terequlova" soyadını "Hacıbəyova" ilə əvəz edən Məlikə xanım isə daxil olduğu yeni ailəsində Məleykə adlanacaq və ömrünün sonuna qədər həqiqətən Üzeyir bəyi dərindən sevən, anlayan və qoruyan bir mələk olacaq.

Əslində bu iki gəncin qarşıdakı böyük həyatın bütün sınaqlarından - kasıblıqdan tutmuş, dözülməz məişət çətinlikləri, xəstəliklər, ictimai-mənəvi sarsıntılar, itkilər, fiziki təhlükələr və nəhayət, övladsızlığa qədər - çıxacaq qarşılıqlı sevgisinin ilk qığılcımları haqqında məktublardan da çox, Məleykə xanımın 3 ayrı-ayrı mətnlərdən ibarət "Xatirə dəftərində" bəhs edilir. Terequlovların evində toplaşan gənclərin Tiflisin ətrafında təbiət qoynuna etdikləri gəzintilər zamanı seminarist Üzeyirin dağ çiçəklərindən toplayıb bağladığı gül dəstələrini hələ yeniyetmə Məleykəyə verməsi ilə başlayan ilk "xəbərdarlıqlar" və neçə illər sonra Bakı bulvarında gəzinti zamanı artıq müəllim və qəzetçi Üzeyirin bu şəhərdə yaşayan qardaşlarına qonaq gəlmiş gənc qıza birdən-birə həyəcan dolu - "Məleykə xanım, siz məni bəyənirsiniz?" sualı ilə "nöqtəsi qoyulan" eşq etirafı Məleykə xanımın son dərəcə dolğun, şirin, canlı, gözəl dillə qələmə alınmış xatirələrinin ən parlaq səhifələridir. Hətta bu etirafdan və "gərək ailəmlə məsləhətləşim" kimi əslində "razılıq" bildirişindən sonra da hələ Üzeyir bəyə "siz" deyə müraciət edən ağıllı, tərbiyəli, xeyirxah və incəqəlbli Məleykənin özünün də müdrik qadın, nəcib insan və məsləkdaş ömür yoldaşı kimi gələcək bitkin obrazı artıq onun ilk məktubları və xatirələrində özünü büruzə verir.

Üzeyirlə Məleykənin bu dövr "mənim əzizim, sevgilim, sevincim" başlıqlı məktublarının poetikasını və səssiz musiqisini - qarşılıqlı məhəbbət etirafları, həsrət və ayrılığın iztirabları, gecikən məktubların doğurduğu kədər və qüssə və s. və s. - yalnız bu yazışmanı oxumaqla duymaq mümkündür. Sevgililər arasında "inciklik" yalnız "ehtiyatsız" verilən sualdan (Üzeyirin Məleykəyə): "Mənim məktublarımı saxlayırsanmı?" - yaranırdı. Hər gün təkrar-təkrar oxunan bu məktubları saxlamamaq olardımı? Ah, Üzeyir!!!

Redaktoru olduğu "Tərəqqi" qəzetinə gələn zərflər arasında Məleykədən gözlədiyi məktubun olmadığına Üzeyirin reaksiyası isə bədii obrazlığına görə ədəbi uğur sayıla bilərdi: "Mən əlində bir yığın əskinaz tutan, amma bunların onun pulu olmadığına təəssüflə baxan xəzinədara bənzəyirdim..."

Qoridəki müəllimlər seminariyasının tədris proqramında şagirdlərin ən ciddi şəkildə musiqi ilə məşğul olmaları, bir, ya iki musiqi alətində çalmaqları icbari xarakter daşıyırdı. Üzeyir Hacıbəyov, eləcə də onunla eyni ildə, eyni gündə anadan olmuş, eyni sinifdə oxuyan və sonralar onunla həm də bacanaq olacaq Müslüm Maqomayev ilkin musiqi təhsillərini məhz bu ocaqda alsalar da, böyük musiqi dünyası ilə tanışlıqları Terequlovların daimi qonaqları olduqları zamanlarda, Tiflis opera teatrının tamaşaları ilə başlayır. Məleykə xanımın Üzeyir bəyin Qori dövrü həyatı ilə bağlı xatirələrindən parçalar bu baxımdan böyük maraq kəsb edir:   

"Bizim seminaristlər artıq üçüncü və dördüncü kursda olanda biz artıq dəstə ilə opera teatrına getməyə başladıq... Yadımdadır, italyan sənətçilərinin ifasında "Sevilya bərbəri" komik operasını Üzeyir necə şövqlə qarşılamışdı. Diqqətlə dinlədikdən sonra o, fasilə zamanı bu əsəri çox həvəslə şərh etdi və dedi ki, növbəti dəfə gələndə əgər bu gözəl opera ifa olunarsa, mütləq gedib yenidən dinləyərik. Xatırladığım qədər, Üzeyir "Sevilya bərbəri"nə üç dəfə baxmışdı.  Çaykovskinin əsərləri, xüsusən də müxtəlif vaxtlarda gördüyü "Yevgeni Onegin" və "Qaratoxmaq qadın"ı çox bəyənirdi və mən anladım ki, Çaykovski onun kumiridir".

Hər belə tamaşadan sonra Üzeyirin cuşa gələrək Terequlovların evində saatlarla pianoda çalması və bu zaman ona mane olmamaq üçün hamının sakitcə otağı tərk etməsi kimi ayrı-ayrı epizodlarla yanaşı, Məleykə xanım xatirələrində Üzeyir bəyin artıq musiqi dünyasına qərq olduğunu göstərən digər məqamlar da açıqlanır. Qori seminariyasında təhsilini başa vurduqdan sonra müəllim təyin olunduğu Qarabağın Hadrut kəndinə yola düşməzdən əvvəl Üzeyir Tiflisdə Terequlovlarla birlikdə bir daha "Qaratoxmaq qadın" tamaşasına baxır və dostu "Əliyə xitabən deyir ki, opera tamaşalarında iştirak etmək onun çox şeyə gözünü açıb və o, indi hansı məqsədə doğru getməli olduğunu başa düşüb".

Lakin Üzeyir bəyin yalnız musiqi deyil, qələm sahibi kimi istedadı da məhz bu illərdə üzə çıxır. Oxuduğu seminariyada şahidi olduğu məzəli hadisəni qələmə alıb hekayə-felyeton şəklində Terequlovlar ailəsində oxuyan gənc qonağına evin ağsaqqalı Həsən ağa bu yazını Tiflisdə Azərbaycan dilində nəşrə başlayan "Şərqi Rus" qəzetinin redaktoru, öz dostu Məhəmməd Ağa Şahtaxtinskiyə göstərməyi məsləhət görür. "Şahtaxtinski sonralar atama danışmışdı ki, bu felyeton onun çox xoşuna gəlib, Üzeyirə "sən qələmi əlindən buraxma" deyib, ona bəzi tapşırıqlar, tərcümələr verib. Beləliklə, Üzeyir tədricən bu qəzetin fəal yazarına çevrildi".

Məleykə xanım məktublarında Üzeyir bəylə bağlı daha bir görkəmli azərbaycanlı xadimin, Qoridəki Müəllimlər seminariyasının Azərbaycan bölməsinin müdiri və burada hüquq fənnini tədris edən böyük maarifçi, ədib, pedaqoq, alim Firudin bəy Köçərlinin də adı çəkilir. Əslində Firudin bəyi ilk olaraq Üzeyir bəy xatırladır: "Bu gün hüquq üzrə seminariya müəllimimiz Firudin bəy Köçərlinskidən məktub aldım. Məndən soruşur ki, doğrudanmı Əlinin bacısı ilə evlənirəm? Onun arvadı səni tanıyır və çox tərifləyir, onlar bizi təbrik edirlər".

Məleykə xanım da cavabında yazır: "Firudin bəy Köçərlinski və onun arvadı bizdə idilər. İndi o xanımı xatırlayıram: sən demə, öz qardaşı və gəlini ilə bizim evdə qonaq olublar. Onun sözlərinə görə, bizdə çox xoş vaxt keçiriblər. Onlar səni atama və anama çox təriflədilər və bizi öz evlərinə qonaq dəvət etdilər. Deyəsən, çox gözəl insanlardır".

Zaqafqaziya müəllimlər seminariyasında onlarla belə üzeyirlərə dərs, əslində həyata vəsiqə verən Firudin bəy Köçərlinin öz şagirdinin taleyində yaxından iştirakı və ömür-gün yoldaşı Badisəba xanımla birlikdə gənc Üzeyirlə Məleykənin izdivacına xeyir-dua verməsi özündə çox böyük mənalar daşıyırdı. Əslində, bu, Qoridə böyük bir azərbaycanlı gəncliyin - gələcək fədakar ziyalılar ailəsinin mövcudluğunu təsdiq edirdi. Bu baxımdan Qori müəllimlər seminariyasının Üzeyir Hacıbəyov da daxil yalnız bir neçə nəsil azərbaycanlıların deyil, ümumilikdə Azərbaycanın maarifçilik hərəkatından başlamış ictimai-siyasi və mədəni həyatında misilsiz rolu ilə bərabər, Üzeyir-Məleykə münasibətləri fonunda daha bir "xidməti" ölçüyəgəlməzdir. Beləliklə, məhz "Qori" şəhəri və müəllimlər seminariyası bu iki  gəncin taleyini müəyyənləşdirən, onları bir-birilə rastlaşdıran və birgə ömür yoluna çıxaran bir məkan-obraz olaraq çıxış edir. Təsadüfi deyil ki, Üzeyir bəyin bu dövr məktublarında Məleykədən başqa daha bir "səcdə" ünvanı var - Qori!  Və Məleykənin ailəsi ilə səfərə getdiyini eşidən Üzeyir bəy ondan bir xahiş edir: "Qoridən keçəndə məndən bu şəhərə təzim et!"

Əslində Qori seminariyası Məleykə xanım və ailəsi üçün də kifayət qədər vacib bir məkandır. Onun 3 qardaşından ikisi -  Hənəfi və Əli Terequlovlar bu təhsil ocağını bitirib, Əli, Üzeyir, Müslüm bir sinifdə oxuyublar və məhz bu zəmində Məleykə Üzeyirlə, bacısı Badigül Camal Müslüm Maqomayevlə, digər bacısı Əminə Terequlova Pənah Qasımovla (1906-cı il məzunu) tanış olub və ailə qurublar. Daha bir  bacı - Məryəm Terequlova Pənah Qasımovun qardaşı Qubad Qasımovla evlənib. Məleykə xanımın əmisi qızı Rahilə Terequlova isə tanınmış azərbaycanlı ictimai-siyasi xadim Mehdi bəy Hacıbababəyovun həyat yoldaşı olub.

Qori seminariyasının məzunları ilə çox yaxından tanış olan Məleykə xanım təbiidir ki, öz xatirələrində bu maarif ocağından xeyli bəhs edir, Üzeyirin, Müslümün və digər azərbaycanlı seminaristlərin təhsili və həyatı ilə bağlı bir sıra maraqlı təfərrüatlar gətirir. Onun bu seminariyanı daha əvvəl bitirmiş qardaşı Hənəfi Terequlov isə Üzeyirin yalnız yaxın dostu, məsləkdaşı və qohumu deyil, ümumən Azərbaycanın ictimai-siyasi, maarif-mədəni həyatında xidmətləri olan bir şəxsiyyət idi. Əli Terequlov da Üzeyirlə dostluğunu həyatının sonuna qədər saxlayaraq ona bütün fəaliyyətində dəstək olmuş və Üzeyir bəy haqqında çox məzmunlu və səmimi xatirələrini bölüşmüşdür. Hənəfi və Əli Terequlovlar "Leyli və Məcnun" operasının səhnəyə qoyulmasında da bilavasitə çalışmış, Hənəfi işlədiyi Alekseyevski şəhər məktəbinin şagirdlərindən ibarət oğlan xorunun tamaşada iştirakını təşkil və idarə etməklə yanaşı, özü Nofəl rolunu oynamış, Əli Terequlov isə Üzeyir və Qori seminariyasının digər bir neçə məzunu ilə birlikdə orkestrdə skripka çalmışdır. Terequlovlar demək olar ki, ailəliklə - 3 qardaş və 4 bacı "Leyli və Məcnun"un ilk tamaşasında iştirak etmiş, bacılar bu münasibətlə məxsusi olaraq Tiflisdən Bakıya gəlmiş və qadınlar üçün xüsusi pərdə ilə ayrılmış mərkəzi lojada əyləşmişlər: "Teatrda "çadrasız oturan 10 qadından 6-sı bizim ailə üzvləri idi".

Məleykə xanımın xatirə və məktublarında bu dövrə aid xeyli maraqlı epizodlar yer alsa da, onların ikisi - Qori seminariyasında təhsil və Hadruddakı müəllimlik fəaliyyəti ilə bağlı faktlar ümumən Üzeyir bəyin bioqrafiyası üçün yeni sayılmaqla xüsusi əhəmiyyət kəsb edir. 

Məlum olur ki, seminariyada oxuyarkən Üzeyir eşitdiyi və özü bəstələdiyi müxtəlif melodiyaların notlarını xüsusi bir dəftərdə qeyd edirmiş. Həmin qeydlər "Qori dəftəri" adı ilə 1902-1903-cü illər məşhur Paris sərgisində "Şagird işi" kimi nümayiş olunub.

Digər fakt: Seminariyanı bitirdikdən sonra Qarabağın Hadrut erməni kəndində müəllim işləməyə başlayan Üzeyir Hacıbəyov bir il sonra - 1905-ci ildə erməni-müsəlman silahlı münaqişəsinin Qarabağda da artıq tam gücü ilə cövlan etdiyi hadisələrin düz mərkəzinə düşür. Xüsusilə təhlükəli olan gecələrin birində bir dəstə erməni kəndlisi azərbaycanlı müəllimin qapısını döyərək onu yuxudan oyadır və "kimsə tərəfindən ona xətər yetirilməsini istəmədikləri üçün" müvəqqəti də olsa Hadrutu tərk etməyi məsləhət görür. Erməni kəndliləri Üzeyir bəyi özləri ilə gətirdikləri ata mindirir və yandırdıqları məşəllərlə ətrafı işıqlandıraraq onu Bakıya gedən yola çıxana kimi müşayiət edirlər. Bu hadisə erməni uşaqlarına cəmi bir il dərs vermiş gənc Üzeyirin artıq o vaxt yerli kənd əhalisi arasında özünə nə qədər hörmət qazandığının bariz nümunəsi olmaqla yanaşı, həmin hadisələrin tarixi kontekstində də əhəmiyyət daşıyır. 

Üzeyir bəylə Məleykə xanımın 1909-cu ilə aid yazışması daha çox şəxsi hisslər, ailələr arasında tanışlıqlar və münasibətlər, nişan və toya hazırlıqlar kimi mövzular ətrafında getdiyinə baxmayaraq, bu məktublarda, xüsusilə Üzeyir bəyin yazılarında Bakının ictimai həyatında baş verən hadisələr, onun həmin dövr müəllim və qəzetçi kimi fəaliyyəti və s. haqqında bəzi təfərrüatlar və yeni faktlar da yer almışdır. Məs., 1909-cu il 5 oktyabr tarixli məktubunda Üzeyir bəy Bakıda iki mətbu orqanın - "İttifaq" və "Tərəqqi" qəzetlərinin bağlandığını xəbər verir. Birincinin hökumət, redaktoru olduğu "Tərəqqi"nin isə öz təsisçisi (Əhməd bəy Ağayev) tərəfindən bağlandığını bildirən Üzeyir Hacıbəyov toy ərəfəsində mühüm gəlir mənbəyindən məhrum olduğu üçün narahatlığını ifadə etsə də, nişanlısını sakitləşdirərək yazırdı: "Əzizim, qəzetimizin bağlanmasına üzülmürəm, çünki oxucuların əksəriyyəti, bakılılar bu qəzeti nəinki bəyənirdilər, hətta düşmənçilik edirdilər. Bu qəzetə görə mən çox xoşagəlməz şeylərə dözməli oldum". Burada Üzeyir bəy "Tərəqqi" qəzeti ilə "Zənbur" satirik jurnalı arasında mütəmadi yaranan münaqişələri və özünün də cəlb edildiyi ağır qalmaqalları nəzərdə tuturdu. Başqa bir məktubunda Üzeyir bəy Bakıda müsəlman müəllimlərinin məktəb islahatları tələbi ilə keçirdikləri etiraz mitinqindən sonra çar hökumətinin cəza tədbirlərindən söz açır, cəzalandırılan tanış müəllimlərin adlarını çəkir və özünün də bu məsələ ilə bağlı münasibətini qəzet vasitəsilə bildirdiyini qeyd edirdi.

1909-cu ilin son məktublarında həmçinin gənc bəstəkarın ikinci operası "Şeyx Sənan" üzərində işi, gözləntiləri, tamaşaya hazırlıqlar və d. məsələlərlə də bağlı çox maraqlı məlumatlar vardır.

Burada daha bir mühüm məsələ ayrıca vurğulanmalıdır. Üzeyir bəylə Məleykə xanım rus dilində yazışırdılar və bu da o dövr üçün tam anlaşılan idi. Lakin diqqət və heyrət doğuran başqa bir məqamdır. Bu məktublar hər iki gəncin öz ana dili olmayan, xüsusilə Üzeyir bəyin ailəsində danışılmayan, yalnız təhsil aldığı rus dilinə nə qədər dərindən, bütün incəliklərinə qədər varid olduğunu çox aydın əks etdirir. Qardaşları ilə bilavasitə Azərbaycan dilində yazışan Üzeyir bəyin tədricən Məleykə xanımı da bu dildə yazmağa və danışmağa sövq etdiyi sonrakı dövr yazışmalardan bəlli olacaq. Rus dilinin ünsiyyət vasitəsi olduğu Terequlovların eyni zamanda bir ənənəvi müsəlman ailəsi kimi həyat-tərzi sürdüyü Məleykə xanımın məktublarında Ramazan bayramı, özü daxil hamının oruc tutduğu və s. kimi qeydlərindən məlum olur.

1909-cu il dekabr ayının sonlarında Tiflisdə çalınan toy mərasimindən sonra gənc ailə Bakıya köçür. Üzeyir bəylə Məleykə xanımın "məktublarda ünsiyyəti" bir də 3 ildən sonra, 1912-ci ilin yayında Üzeyir bəyin təhsil almaq üçün Moskvaya yollanması ilə başlanacaq.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see173

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see168

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see144

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see125

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see121

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see120

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri