Icma.az
close
up
RU
​​​​​​​Vətəndaşlıq borcu

​​​​​​​Vətəndaşlıq borcu

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

İllərmi arzuların yolgöstərənidi, arzularmı illərin?..

Ürəkmi arzuların işığıdı, arzularmı ürəyin?

Düşüncələrmi sualdı, suallarmı düşüncələrdi?

Bilmirəm, ancaq illərin o üzündə qalan xatirələr gündüzlər düşüncələrimdədi, gecələr yuxularımda. Hər xatirə bir tarixdi, tarixləşən xatirələrin işığında bu gündən zaman anlamında dünənlərə baxmaq qüdrətim olacaqmı? Ürəyim o illərin qaynarlığına, səmimiliyinə, qayğıkeşliyinə, hərdən kövrəkliyinə can atmaqdadı...

Murad Fərəc oğlu Rəhimovu yeniyetməliyimizdən tanıyıram. Eyni ildə anadan olmuşuq – 1956-cı ildə, yaşdaşıq. Mən Canbarda böyümüşəm, Murad Şayıflıda. Mən 1973-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universitetinə) daxil olmuşdum, Murad Səməd Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfarı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universitetinə). Mən müəllim oldum, Murad mühəndis-mexanik. Ali təhsil alandan sonra mən də rayona qayıtdım, Murad da. Mən məktəbdə müəllilm işlədim, Murad sovxozda mühəndis-mexanik. Mən şagirdlərin biliyinin, milli-mənəvi dəyərlər əsasında formalaşmasının cəfakeşi olmuşdum, Murad texnikanın sazlığının. Mən də hərbi xidmətə getmişdim, Murad da. Mən sıravi əsgər idim, Murad institutda hərbi kafedrada zabit kimi hazırlıq keçmişdi, ehtiyatda olan leytenant idi, hərbi xidmətə zabit kimi çağırılmışdı, taqım komandiri idi. Mənim də partiya sıralarına qəbul olunmağım üçün sənədlər hərbi xidmətdə hazırlanmışdı, Murad da partiya sıralarına hərbi xidmətdə qəbul olunmuşdu...

Analogiyalar bizim ruhən doğmalığımızın tarixi məqamlarına işıq salırmı?..

İnsanı tanımaq onun düşüncələrinə bələdlik deməkdir. Onun düşüncələrinə bələd olmadan gördüyü işlər haqqında bilgilərin də, eşitdiklərin də, təqdimatlar da gerçəkliyi ifadə edə bilməyəcək. Bu baxımdan həyat həqiqətləri, insanın insana münasibətləri düşüncələrlə, düşüncələr sistemi ilə bağlı olur. Mən də “tanıyıram”, “tanıdım” fikirlərini məhz bu fəlsəfi ülgü ilə müəyyənləşdirənlərdən biri olmuşam. Murad Rəhimovu da belə tanımışam: dürüst düşüncəli, analitik təfəkkürlü, vətənpərvər, məsuliyyətli...     

Ordu sıralarından 1982-ci ildə baş leytenant kimi tərxis edilən Murad Rəhimov dekabrın 2-dən 1985-ci il aprelin 3-dək Zəngilan rayon Aqrar Sənaye Birliyində Baş dövlət texniki nəzarət müfəttişi işləyib, rayonun bütün kolxoz-sovxozlarında olan texnikaların işlək vəziyyətdə olması, vaxtında təmiri istiqamətində böyük təşkilatçı kimi tanındı. 

Yaxşı iş işıq kimidi. Hər tərəfdən görünür, görünənlər dəyərləndirilir.

Murad Rəhimov 1985-cü il aprelin 4-də Zəngilan rayon Xalq Nəzarət Komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkildi. 1988-ci ilin noyabrından 1990-cı ilin dekabrına kimi Zəngilan rayon partiya komitəsində təlimatçı, 1990-cı ilin dekabrından 1991-ci ilin sentyabrına kimi rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində işlədi.

Cavanlığımızın ortaqlığına görə hər görüşəndə səmimi söhbətlərimiz olurdu. Vətənpərvərlik, bircə zərrədən də duyulan, hiss olunan duyğudur. Muradı vətənpərvər gənc kimi tanımışdım. Hələ rayon komsomol komitəsində işləyəndə onun siyasi düşüncələrinə bələd idim. Hər dəfə söz sözü çəkirdi, Vətəndən danışırdıq, vətəndaşlıqdan danışırdıq, ədəbiyyatdan, milli-mənəvi dəyərlərdən danışırdıq. Rayonumuzun gənclərinin dünyaduyumunun bu dəyərlər əsasında formalaşmasının cəfakeşləri kimi müxtəlif tədbirlər haqqında fikir mübadiləsi aparırdıq. Muradın geniş dünyaduyumuna rayonumuzun gənclərinin həsəd aparması təbii (və ədalətli) idi.

O illərdə Ermənistan ərazi iddiasına görə Azərbaycana qarşı elan etmədən müharibəyə başlamışdı. Qarabağda da, Ermənistanla sərhəd rayonlarda da döyüşlər gedirdi. Bu səbəbdən formalaşan ordumuzun tərkib hissəsi kimi Zəngilanda da ərazi özünümüdafiə taboru yaradılırdı. Bu taborun da əsgəri könüllülər, bir də keçmiş hərbi qulluqçular – əhali olacaqdı. Hamısı da vətənpərvər, Vətən üçün yaşayanlar. Bu vətənpərvərlərin sırasında Murad Rəhimov da vardı. Tabora ürəyinin hökmü ilə gəlmişdi. Həmin vaxtlarda düşünürdüm ki, vətəndaşlıq borcu sərhədlərdə yad nəfəsi əsəndə, sərhədlərə yad ayağı dəyəndə, sərhədlərdə güllə səsləri eşidiləndə yerinə yetirilməli borc olmalıdı. “Vətəndaşlıq borcdu, vətəndaşlıq bu borcun dərkindən başlanır. Biz də vətəndaşlıq borcunu barmağı avtomat tətiyini sıxmaqla yerinə yetirənlərin sırasındayıq. Bunu əsgərlərə də aşılayarıq...”, - demişdim. Fikrimi Murad da bəyənmişdi. Bu mövzuda söhbət Canbarda da, Şayıflıda da, Seyidlərdə də, ... böyük coşqu ilə keçmişdi.  

Ehtiyatda olan baş leytenant Murad Rəhimov 1992-ci il sentyabrın 27-dən 1993-cü il oktyabrın 26-dək 865 nömrəli alayın 2-ci moto-atıcı taborunun komandirinin arxa cəbhə üzrə müavini kimi Şayıflı istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edirdi. Həmin vaxtlarda əli silah tutan bütün zəngilanlılar əsgərləşmişdi. Əhali də əsgər idi, əsgər də əsgər idi, zabit də məqamında əsgər olurdu. Bu, Zəngilana sevginin təzahürü idi. Murad Rəhimov da bu sevgilərlə müdafiə olunan Zəngilanın müdafiəsində dayananlarla nəfəs-nəfəsə idi. Mən həmin vaxt alay komandirinin müavini idim. Buna görə vaxtaşırı görüşürdük, onun da məsul olduğu ərazidə hərbi vəziyyətlə marqlanırdım. Hərbçi kimi müfəssəl məruzə edirdi, bəzən əlavə nəsə soruşmağa ehtiyac da qalmırdı...

Muradla bir söhbətimiz mahiyyət baxımından Zəngilanın müdafiəsini əhatələmişdi. Düşmən müxtəlif istiqamətlərdən həmlələr edirdi. Rayonun müdafiəsi ciddi təşkil olunsa da, müdafiəni daha da gücləndirir, şəxsi heyətin döyüş hazırlığı ilə bir sırada mənəvi-psixoloji hazırlığının da yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirirdik. Murad Rəhimov Şayıflı istiqamətində xidmət edən hərbi qulluqçularla Vətənə, torpağa, dövlətə, dövlətçiliyə sədaqət haqqında söhbətlər təşkil edirdi. Belə söhbətlərin birində mən də iştirak etmişdim. Murad Azərbaycanın dövlətçilik tarixini əhatə edən qəhrəmanlıqlardan danışmışdı, qəhrəmanlardan söz açmışdı. Fikrini ümumiləşdirərək demişdi ki, dövlətin ərazisini müdafiə edənlərin hamısı qəhrəmandır. Bu gün siz Zəngilanın müdafiəsindəsiniz, siz də qəhrəmansınız. Bu söhbət əsgərlərin döyüş ovqatını da, döyüş əzmini də yüksəltmişdi, qələbə ruhunu da. Tərtərli Vəzir Orucovun döyüşlərindən danışmışdı, “Hər biriniz Vəzir kimi düşmənin arxasına keçib onun bir bölüyü ilə tək döyüşməyə qadirsiniz. Buna komandirləriniz də inanır, Vətən də...” Duyğulanan əsgərlərdən biri baş leytenant Murad Rəhimova xitabən, “Kaş bizim döyüşlərimiz də Zəngilanın müdafiəsinə kərəkli olaydı, kaş Vətən bizə də oğul deyəydi...”, - demişdi. Onda baxışlarımız qoşalaşmışdı. İkimiz də həmin əsgərin timsalında Zəngilanın bütün müdafiəçilərinin qələbə ruhunun işığını görmüşdük. Bir müddətdən sonra bu əsgərlər düşmənin ciddi bir hərbi əməliyyatının qarşısını qətiyyətlə almışdı. Murad Rəhimova təşəkkür elan etmişdim, sonra ərklə “Bu təşəkkür sənə ana südü kimi halaldı...”, - demişdim. Onda həmin əsgərin dediklərini xatırlamışdı: “Kaş Vətən bizə də oğul deyəydi”. Gülümsünmüşdük. Bu niyyət də Zəngilanın müdafiəsinə məsuliyyətdən yaranan niyyət idi, işıqlı niyyət idi...

Respublikanın sərhədyanı rayonlarında şəraitin normallaşdırılmasında xidmətlərinə, ictimai asayişin mühafizəsi vəzifələrinin həyata keçirilməsi zamanı mərdlik və fədakarlıq göstərdiyinə görə Azərbaycan SSR prezidentinin 25 yanvar 1991-ci il tarixli fərmanı ilə  Azərbaycan Sovet Sosialist Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdi.

Xatırlayıram: İkilikdə söhbətləşirdik. “Gün o gün olsun ki, müstəqil Azərbaycanın Fəxri fərmanını alasan... ”, - demişdim. Minnətdarlıqla gülümsünmüşdü. Milli-azadlıq hərəkatının dövlət müstəqilliyimizin bərpası ilə nəticələnəcəyinə ikimiz da varlığımızla inanırdıq...

Zəngilanın işğalı bir zəngilanlı kimi, bir azərbaycanlı kimi onun da qürurunu silkələmişdi. O da bu işğalın haralardan rişələndiyini yaxşı bilirdi – kifayət qədər geniş dnyagörüşə malik idi.

1994-cü ilin martından 1994-cü ilin avqustunadək Zəngilan rayon İcra Hakimiyyəti başçısının Yenikənd kəndi üzrə ərazi icra nümayəndəsinin müavini, 1994-cü ilin avqustundan 2014-cü ilin yanvarınadək Zəngilan rayon İcra Hakimiyyəti başçısının Zəngilan şəhəri üzrə ərazi icra nümayəndəliyinin müavini, 2021-ci ilin iyulunadək Zəngilan rayon İcra Hakimiyyəti başçısının  Zəngilan şəhəri inzibatı ərazi dairəsi üzrə nümayəndəsi işlədi...

Murad Rəhimov həmişə, hər yerdə məsuliyyətlə işləyib, yaxşı təşkilatçılığı, qayğıkeşliyi, sədaqəti, xoş münasibəti yaxşı işin düsturu bilənlərdən biri olub. Harada işləyibsə, orada bir pedaqoji mühit yaradırdı; Murad Rəhimov öyrənməyə həvəsi, öyrətməyə istəyi pedaqoji mühit adlandırırdı.

Murad Rəhimov dövlət qulluqçusu idi. Onsuz da əmək fəaliyyətinə başladığı vaxtlardan dövlət (partiya, sovet orqanlarında) idarələrində işləmişdi. Bu vəzifələrdə yenilik yaratmamışdı, işə yeni ruh gətirmişdi, işə mövcud sevgiyə yeni çalarlar gətirmişdi. “Ən gözəl yenilik hər bir işçinin vəzifə borclarına məsuliyyəti ilə müəyyələşdirilir. Yaxşı vətəndaş bu borcu tarixi borc bilənlərdi...”, - bu fikirlər onun əmək fəaliyyətinə fəlsəfi baxışlarının əsasını təşkil edirdi, onu tanıyanların, ürəyinə bələd olanların düşüncələrinə hopurdu...

Murad Rəhimov belə düşünürdü, belə işləyirdi. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli 580 nömrəli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildi. 

2-ci dərəcəli dövlət qulluqçusu kimi 2021-ci ilin iyulundan təqaüddədi.

Murad Fərəc oğlu Rəhimov yüksək əqidəli vətəndaşdı. Yeni Azərbaycan Partiyasının üzvü kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin daha da yüksəlişi istiqamətndə səmərəli fəaliyyət göstərir. Vətəndaşlıq məsuliyyəti ilə, vətəndaşlığa sayğısı ilə...

Murad Rəhimov vətəndaşlıq borcunu tarixi borc bilən yaxşı vətəndaş kimi tanınıb, sevilib, indi də belə sevilir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 18 May 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri