XƏBƏRDARLIQ: Bu maklerlərə qətiyyən pul verməyin, əks halda aldanacaqsınız KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda daşınmaz əmlak bazarında bəzi vasitəçilərin (maklerlərin) ev göstərilişi üçün müştərilərdən əvvəlcədən pul tələb etməsi halları son zamanlar artıb. Mütəxəssislər bunun həm etikaya, həm də normal bazar prinsiplərinə zidd olduğunu bildirirlər. Maraqlıdır, müştəridən əvvəlcədən razılaşdırılmadan “ev göstərmə haqqı” tələb olunması düzgündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, vasitəçilik fəaliyyəti qanunla tənzimlənən xidmət sahəsidir və bütün ödənişlər əvvəlcədən, şəffaf şəkildə razılaşdırılmalıdır:
“Vasitəçi ilə müştəri arasında ilkin danışıqlarda xidmət haqları açıq formada bildirilməlidir. Əgər vasitəçi (makler) bunu öncədən demədən sonradan 1 faiz və ya əlavə məbləğ tələb edirsə, bu, tərəflər arasında mübahisə yaradır. Düzgün olan odur ki, əmlaka baxış keçirilməzdən əvvəl xidmət barədə qarşılıqlı razılıq əldə olunsun”.
Ekspert evə baxmadan əvvəl “kartıma pul at, sonra aparım göstərim” kimi tələblərin tamamilə yanlış olduğunu vurğulayıb:
“Bu, düzgün praktika deyil. Xidmət haqqı yalnız iş başa çatdıqdan – yəni müştəri evi aldığı və tərəflər arasında müqavilə bağlandıqdan sonra ödənilməlidir”.
Anar Nəsirov həmçinin vasitəçilərə dövlət nəzarətinin olmamasının bazarda xaosla nəticələndiyini qeyd edib. Onun sözlərinə görə, bir çox ölkələrdə maklerlik fəaliyyəti imtahan, icazə və ya lisenziya əsasında həyata keçirilir, lakin Azərbaycanda bu mexanizmlər olmadığından qanunsuz fəaliyyət göstərən vasitəçilər daha üstün mövqedədir:
“Vergi verib qanuni işləyən vasitəçilər kənarda qalır, əvəzində heç bir səriştəsi olmayan şəxslər bazarı zəbt edir. Dövlət tərəfindən icazə və nəzarət mexanizmlərinin tətbiqi vacibdir”.
Ekspert onlayn elan platformalarında ucuz qiymətə mənzil yerləşdirib vətəndaşlardan beh alaraq dələduzluq edən “makler” probleminə də toxunub. O bildirib ki, belə halların qarşısı yalnız dövlət səviyyəsində effektiv nəzarət mexanizmlərinin tətbiqi ilə alına bilər.
Nəsirov vətəndaşlara da müraciət edərək xəbərdarlıq edib ki, yalnız əvvəlcədən razılaşdırılmış, açıq və şəffaf şərtlərlə işləyən vasitəçilərə etibar etsinlər:
“Vasitəçilərin xidmətinin ödənişli olduğunu alıcı əvvəlcədən bilməlidir. Bəzən vətəndaşlar bu xidmətdən istifadə edir, amma sonradan ödənişdən yayınmağa çalışırlar. Bu, doğru yanaşma deyil.
Eyni zamanda vətəndaşlar heç bir halda mənzilə baxış keçirmədən, yaxud üzünü görmədikləri “realto”’ya onlayn şəkildə beh və ya avans göndərməsinlər. Bu hallar çox vaxt dələduzluqla nəticələnir. Normal vasitəçi ev göstərmədən pul tələb etməz”.
Ekspertin sözlərinə görə, mövcud xaosun aradan qaldırılması üçün həm hüquqi tənzimləmə, həm də ictimai maarifləndirmə vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Noyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















