Icma.az
close
up
RU
Xəzəryanı region və müasir geosiyasət: Azərbaycan konteksti

Xəzəryanı region və müasir geosiyasət: Azərbaycan konteksti

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

I MƏQALƏ

“Böyük neft oyunu” Xəzərin dəyişən geosiyasəti fonunda

XXI əsrin üçüncü onilliyində Xəzər hövzəsinin geosiyasətini, bir qayda olaraq, “mürəkkəb və çoxtərəfli fenomen” adlandırırlar. Onun əsas komponentləri kimi enerji resurslarını, onların nəqlini, təhlükəsizliyi, ekologiyanı, 5 xəzəryanı dövlətin rəqabətini və qlobal geosiyasi güclərin təsirini vurğulayırlar. Bu zaman əsas məsələ kimi Xəzərin statusunu, onun sektorlara bölünməsini, boru marşrutları layihələrini, münaqişələri, ekoloji problemləri, son zamanlar isə dəniz səviyyəsinin düşməsini önə çəkirlər. Bunlar, müəyyən mənada Xəzər hövzəsindəki gərginliyi ifadə edirlər.

Bundan başqa, XXI əsrdə Xəzər maraqların “kəsişmə sahəsi” kimi qəbul edilir. Xəzər hövzəsi Avropa, Asiya və Yaxın Şərq arasında körpüdür. Burada dünya və regionun güclü dövlətlərinin energetik, iqtisadi və hərbi maraqları toqquşur.

Bu təsəvvürlər indiki mərhələdə tamamilə məntiqi və qəbul edilmiş görünür. Ancaq Xəzərin hövzə, region, geosiyasi məkan kimi hazırkı statusa gəlib çıxması ayrıca hadisədir. Çünki tarixi mənbələr, aparılan tədqiqatlar göstərir ki, əslində, Xəzər bütövlükdə dünya geosiyasətində, iqtisadiyyatının transformasiyalarında, hərbi proseslərin gedişində, müxtəlif dövlətlərin münasibətlərinin tarixi təkamülündə xüsusi rol oynamışdır. Faktlardan aydın görünür ki, Xəzər qədimdən böyük dövlətlərin diqqətini çəkmişdir, son bir neçə yüz ildə isə böyük geosiyasi oyunların mühüm tərkib hissəsi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin müasir mərhələdə Xəzər nefti ilə əlaqəli aparılan mübarizəni “böyük neft siyasi oyunu” adlandırması çox maraqlıdır. Bu tezisin mənasını tam dərk etmək üçün dövlət başçısı İlham Əliyevin Azərbaycan neftinin dünya siyasətində yeri və rolu kontekstində yazdığı iki əsərində gətirdiyi faktlar və irəli sürdüyü fikirləri təhlil etmək lazımdır.

Əlbəttə, bunun üçün daha geniş tədqiqat tələb olunur. Ancaq həmin kitablarda yer almış fikirlərin yığcam geosiyasi anlamı da mümkündür. Həmin kitablar “Azərbaycan nefti dünya siyasətində” (1997-ci il) və “Azərbaycanın Xəzər nefti” (2003-cü il) adlanırlar. Bu kitablar Ulu öndərin göstərişi ilə Azərbaycan neftinin dünya siyasətindəki rolunun tədqiq edilməsinə həsr edilmiş çoxcildliyin tərkib hissələridirlər. Onların tərtib edilməsində Akif Muradverdiyev də iştirak etmişdir.

Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti həmin əsərlərdə çox dərin və geniş təhlillər aparmış, çoxlu sayda faktlara müraciət etmiş və konseptual aspektdə olduqca maraqlı və əhəmiyyətli nəticələr əldə etmişdir. Müasir dövlət quruculuğu, geosiyasi tədqiqat, siyasi-diplomatik fəaliyyət və uzun müddəti əhatə edə bilən strateji proqnozların verilməsi baxımından son dərəcə qiymətli əsərlərdir.

Həmin əsərlərdə yer almış fikirlər müasir analitiklərin Xəzərin geosiyasətini “dəyişən, dinamik proses” adlandırmaları fonunda konseptual aspektlə yanaşı, çox əhəmiyyətli praktiki məna kəsb edirlər. Çünki dəyişən geosiyasət özlüyündə çevik və sistemli yanaşma tələb edir. Bu, faktiki olaraq müasir elmi tədqiqatda aparıcı yer tutan mürəkkəb, qeyri-xətti və açıq sistemlərin adekvat elmi dərkinə nail olmağı tələb edir. Azərbaycan Prezidentinin tədqiq etdiyi konseptual xarakterli problemlərin həllinə yanaşması məhz həmin baxımdan çox maraqlı və məntiqidir.

Burada bir sıra terminoloji izahdan sonra Azərbaycan Prezidentinin məsələnin tarixinə və müasir geosiyasi xüsusiyyətlərinə olan baxışları əsasında Xəzərin geosiyasətinin əsas hesab etdiyimiz məqamlarını araşdırmağa çalışacağıq.

“Xəzər regionu”ndan “Böyük Xəzər”ə

Son illərin nəzəri tədqiqatlarında “Xəzər hövzəsi”, “Xəzər regionu”, “Xəzəryanı region”, “Xəzərin geosiyasi məkanı”, “Böyük Xəzər” kimi terminlər müxtəlif kontekstlərdə işlədilir. Lakin onlar müəyyən dərəcədə mənaca fərqləndirilirlər. Bir sıra hallarda isə sinonim olaraq işlədilirlər. Bu, bir qədər terminoloji mürəkkəblik (və ya qeyri-müəyyənlik) yaradır. Ancaq hansı kontekstdə termindən istifadə edildiyinə diqqət edəndə mənzərə aydınlaşır.

Vurğulanan terminlərin hər biri üçün ortaq olanı “Xəzər” sözüdür. Xəzər burada iki anlamda - dəniz (su yeri) və geosiyasi anlamı olan coğrafi məkan, ərazi kimi işlədilir. Bu baxımdan yuxarıdakı terminlər arasında ciddi məna fərqi mövcud deyildir – onların hər biri Xəzərin nəzəri obrazına daxildir.

Bir sıra tədqiqatlarda vurğulanır ki, hazırda “Xəzərin geosiyasi məkanı” əsas olaraq “Böyük Xəzər” termini ilə ifadə edilir. Bura regionun təbii ehtiyatları və nəqliyyat-kommunikasiya potensialı da daxildir. Bundan başqa, Xəzərin vahid ekosistemi və bioloji müxtəlifliyi kimi mühüm anlayışlar da aiddir. O halda “Böyük Xəzər”i geosiyasi konsept kimi, ümumiyyətlə, “Xəzər regionu” anlayışının tərkib hissəsi kimi təsəvvür edə bilərik.

Bununla yanaşı, elmi ədəbiyyatda adətən Xəzər regionu məhdud mənada da dərk edilir. Yəni o, dəniz su sahəsinə çıxan ərazilər olaraq təsəvvür edilir. Geniş anlamda isə Xəzər regionu Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən geosiyasi məkan olaraq qəbul edilir.

“Xəzər hövzəsi” Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın qurudan əhatə etdiyi su hövzəsidir. “Xəzəryanı region” dənizə çıxışı olan 5 dövlətin əhatə etdiyi geosiyasi məkandır.

Bu terminoloji müqayisələrdən belə alınır ki, daha uyğun olanı “Xəzəryanı region”dur. Çünki o, həm su hövzəsini, həm də onu əhatə edən bütün əraziləri tam olaraq nəzərə almağa imkan verir. Bununla yanaşı, müasir geosiyasi anlam üçün “Böyük Xəzər” anlayışının mənasına baş vurmaq gərəkdir. Bunun başlıca səbəbi hazırda bir sıra geosiyasi xarakterli nəzəri yanaşmalarda məhz “Böyük Xəzər” anlayışına tez-tez rast gəlinir və həm də onun konseptuallıq məna yükü genişdir.

“Böyük Xəzər” – “dünyanın karbohidrogen deposu”

Tədqiqatçılar vurğulayırlar ki, “Böyük Xəzər” anlayışı daha çox Xəzərin “geosiyasi ölçülməsi” üçündür. Ancaq onun hələlik dayanıqlı izahı yoxdur. Həmin anlayış əsasən böyük geosiyasi güclərin geosiyasi maraqlarına uyğun izah edilir. Bu o deməkdir ki, “Böyük Xəzər” sırf konseptual-nəzəri termindir və onun məna yükü müxtəlif böyük dövlətlərin maraqlarından asılı olaraq dəyişə bilir. Bu, bir tərəfdən, əlbəttə nəzəri qeyri-müəyyənlikdir, digər tərəfdən isə müasir mərhələdə Xəzəryanı regionun qlobal miqyasda geosiyasi aktuallığının təsdiqidir.

XXI əsrdə Xəzər əvvəlki dövrlərdən daha çox “siyasiləşdirilmiş və geosiyasiləşdirilmişdir”. Bu prizmada hələ keçən əsrin son onilliyindən Azərbaycan neftinə dünya siyasəti kontekstində yanaşmağın uzaqgörənlik olduğuna şübhə yoxdur. Ulu öndərin xüsusi olaraq Azərbaycan neftinin dünya siyasətində yeri və rolunu tədqiq etməyi tapşırması liderin yüksək zəkasından xəbər verir. Məsələnin digər mühüm tərəfi, əlbəttə, Azərbaycanda neft istehsalı, istismarı və nəqlinin qədim tarixə malik olması ilə bağlıdır. Bununla əlaqədar Prezident İlham Əliyev yazır ki, Ulu öndər Azərbaycanın neft tarixini çox dərindən bildiyinə, onun siyasi və geosiyasi əhəmiyyəti ilə yanaşı, dövlətçiliyimizdə tutduğu mühüm yeri tam dərk etdiyinə görə uğurlu neft siyasəti aparmışdır.

“Böyük Xəzər” termini Azərbaycan Prezidentinin vurğuladığımız fikrinin nə dərəcədə əhəmiyyətli olduğunu əlavə olaraq təsdiq edir. Belə ki, “Böyük Xəzər” “Xəzəryanı region” anlayışının iki aspektdə - ərazi və nəqliyyat-daşınma üzrə, genişlənməsidir. Nümunələrə baxaq.

Avropa Şurası terminologiyasında “Böyük Xəzər regionu” adı altında 5 Xəzəryanı ölkənin əraziləri və onlara yaxın olan, Xəzərlə tarixi, iqtisadi və mədəni əlaqələrə malik ölkələr (Özbəkistan, Gürcüstan, Ermənistan) birləşdirilmişdir. Ermənistanı hansı əsasla AŞ bura daxil etmişdir, məlum deyildir. Çünki Ermənistan adlanan dövlət XX əsrin ikinci onilliyində Azərbaycan ərazilərinin hesabına yaradılmışdır ki, ölkə kimi onun Xəzərlə hansısa tarixi əlaqəsindən söhbət gedə bilməz.

ABŞ diplomatı R.E.Hoqlend “Böyük Xəzər” regionunu “dünyanın ən böyük karbohidrat depozit mərkəzi” adlandırır və onun uğrunda Rusiya, Çin, ABŞ və Avropanın mübarizə apardığını vurğulayır.

Bir başqa yanaşmada, “Böyük Xəzər” 5 Xəzəryanı dövləti və “Xəzəryanı onluğu” (Ukrayna, Türkiyə, Gürcüstan, Ermənistan, İraq, Qırğızıstan, Özbəkistan, Tacikistan, Əfqanıstan, Pakistan) birləşdirir.

Digər təsnifdə “Böyük Xəzər” kimi Şimali Qafqazı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı əhatə edən ərazi verilir. Elə yanaşmalar vardır ki, Xəzəri Qara dəniz hövzəsi ilə vahid geosiyasi məkanda görür. Digərlərində hansısa regional və ya beynəlxalq təşkilatın maraqları kontekstində (məsələn, MDB və ya AİB) “Böyük Xəzər”dən bəhs edirlər. Ancaq onların hər birinə ayrıca nəzəri baş vurmadan da “Böyük Xəzər”in müasir mərhələdə geosiyasi anlamı üzərində dayana bilərik.

Xəzərin geosiyasi aktuallaşması

Gətirilən nümunələrdən görünür ki, Xəzər, ümumiyyətlə, müasir mərhələdə çox ciddi və geniş geosiyasi kontekstdə dünya siyasətinin predmetidir. Onun müxtəlif aspektləri vardır.

Birincisi, Xəzər regionu ərazi kimi əsas olaraq geosiyasi kontekstə malikdir. Yəni müasir mərhələdə Xəzər region ölkələrinin və böyük güclərin məhz geosiyasi aspektdə rəqabət meydanıdır.

İkincisi, Xəzərin “Böyük Xəzər”ə çevrilməsi Xəzəryanı ölkələrlə yanaşı, yaxın və uzaq qonşuların da bu regionda mövcud olan reallıqlara marağının son dərəcə artması ilə bağlıdır. Məsələn, coğrafi olaraq uzaq olan Ukrayna və ya İraqın “Böyük Xəzər”ə daxil edilməsinin başqa hansı anlamı ola bilər? Bu ölkələrin də geosiyasi olaraq Xəzərə aid edilməsi onların təbii resursların istehsalı, istismarı və nəqlində iştirak istəyi ilə əlaqəlidir. Çünki XX əsrin son onilliyindən Azərbaycan Xəzər neft və qazını böyük məharətlə dünya siyasətinin aktual məsələsinə çevirmişdir. O zamandan bu yana rəsmi Bakı çox ciddi və geniş addımlar atmış, layihələr həyata keçirmiş, dünyanın ən güclü şirkətlərini bu prosesə daxil etmiş və faktiki olaraq qlobal miqyasda, obrazlı desək, “Xəzər konsorsiumu” yaratmışdır. İndi uzaq ABŞ və Çindən tutmuş irili-xırdalı çoxlu sayda dövlət “xəzərli” olmağa can atır. Onlar özlərini Xəzər hövzəsinə ərazi və siyasi çıxışı olan ölkə kimi hiss edirlər. Hətta bir sıra ölkələr inciyir, umur, küsür və s.

Ancaq cəmi 32 il öncə vəziyyət tamam başqa idi. Belə ki, Ermənistan və havadarları Azərbaycanı məhv etməyə çalışanda, indi Xəzər həvəsli olanların heç biri Bakının yanında dayanmadı, ona dəstək vermədi. Heydər Əliyevin lider müdrikliyi, siyasi-diplomatik məharəti və qətiyyətli addımları olmasa idi, indi “Böyük Xəzər” anlayışı yox idi və ya heç “kiçik Xəzər”dən danışmağa həvəsli olan dövlət tapmaq mümkün olmazdı.

Tarix isə hökmlüdür. Azərbaycan xalqının qüdrətli oğlu Heydər Əliyev tarixin hökmünü, öz xalqının hökmlü tarixini və ayrıca neftin dövlətçilikdə oynadığı rolu da çox gözəl bilirdi. Məharəti, iradəsi və qətiyyəti ilə Azərbaycanın neft diplomatiyasını dünya siyasətinin incisinə çevirdi və Azərbaycan neftinin adını dünya sərvəti kimi tarixə qızıl hərflərlə yazdı. Məhz Ulu öndərin neft siyasəti XXI əsrdə “Xəzəryanı region”u “Böyük Xəzər”ə qədər geosiyasi mənada genişləndirdi! Bunun tarixdən gələn məqamları və müasir dünya siyasəti kontekstində təsirli faktorları olan izahı mövcuddur.

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see196

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri