Icma.az
close
up
RU
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür

XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 avqust, AZƏRTAC

Keçmişi gələcəyə bağlayan ən etibarlı körpülərdən biri maddi-mədəni irs nümunələridir. Əsrlərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan hər bir əşya yalnız öz dövrünün məişətini deyil, həm də insanların estetik zövqünü, sənətkarlıq bacarığını və həyat tərzini yaşadan qiymətli tarixi mənbədir. Bu baxımdan qədim mebel nümunələri, o cümlədən də bədii tərtibatı ilə seçilən qoltuqlu kürsülər, eyni zamanda müxtəlif dövrlərin dekorativ-tətbiqi sənət ənənələrini özündə əks etdirən sənət əsərləri hesab olunur.

Bu fikirlər Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi-işçisi Lalə Həsənzadənin AZƏRTAC-a təqdim etdiyi “XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik.

Tarixi mənbələr göstərir ki, qoltuqlu kürsülərin yaranma tarixi qədim sivilizasiyalara gedib çıxır. İlk dövrlərdə onlar hakimiyyət və yüksək ictimai mövqenin rəmzi kimi istifadə edilib, sonrakı əsrlərdə isə mebel sənətinin inkişafı ilə həm funksional, həm də bədii baxımdan zənginləşərək müxtəlif üslublarda hazırlanıb.

XIX əsrdə ağac emalı və dülgərlik sənətinin inkişafı nəticəsində yaradılan qoltuqlu kürsülər bu sahənin ən dəyərli nümunələri sırasında yer alıb. Belə nadir sənət nümunələrinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi maddi-mədəni irsin yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ölkənin müxtəlif muzeylərindən daxil olan tarixi əhəmiyyətli əşyaların bərpasını həyata keçirərək onların uzunömürlü mühafizəsini təmin edir. Mərkəzə daxil olan hər bir əşya təkcə maddi obyekt deyil, həm də öz dövrünün estetik düşüncəsini, sosial-mədəni mühitini və sənətkarlıq ənənələrini əks etdirən qiymətli mənbədir.

Bu qəbildən olan nadir əşyalardan biri Qazax rayonunda yerləşən M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyindən bərpa məqsədilə Mərkəzə daxil olmuş qoltuqlu kürsüdür. Sözügedən əşya rus ağacişləmə sənətinin XIX əsrin sonlarına aid ən maraqlı və orijinal nümunələrindən hesab olunur.

Kürsü ağac materialından hazırlanıb, hündürlüyü 95 sm, eni 74 sm-dir. Üslub xüsusiyyətlərinə görə “kəndli” üslubuna aid olan bu mebel nümunəsi ilk dəfə 1870-ci ildə Sankt-Peterburqda keçirilmiş Ümumrusiya İstehsalat Sərgisində ictimaiyyətə təqdim edilib. Kürsünün müəllifi Sankt-Peterburqlu məşhur bədii ağacoyma və mebel ustası Vasili Petroviç Şutovdur.

Şutovun ağacoyma işləri həmin sərgidə xüsusi maraq doğurmuş və qeyri-adi bədii həlli ilə seçilən bu kürsü bürünc medala layiq görülüb. Sərgidən sonra sənətkar bir gecədə məşhurlaşıb, kürsünün 50-dən çox nüsxəsi sifariş edilib və Rusiya Ticarət və İstehsalat Departamenti tərəfindən ona on il müddətinə istehsal imtiyazı verilib.

Mərkəzə daxil olan kürsüyə gəldikdə isə, ümumi kompozisiya və konstruktiv həllinə görə o, Vasili Şutov tərəfindən dizayn edilmiş “Tağ, balta və əlcək” tipli kürsü qrupuna aid edilir. Lakin əşyanın üzərində aparılan vizual müşahidələr göstərir ki, sözügedən nümunə klassik orijinal variantdan müəyyən fərqlərlə seçilir. Həmin fərqlərdən biri isə əşyanın üzərində əlcək elementinin işlənməməsidir.

Bərpa prosesinə gəldikdə isə, kürsünün üzərində uzunmüddətli istifadə, sonradan edilmiş müdaxilələrin izləri müşahidə olunurdu. Əşyanın səthi qalın toz və çirk qatı ilə örtülmüşdü. Aparılan vizual müayinə zamanı məlum olub ki, kürsü daha əvvəl qeyri-peşəkar şəkildə təmir edilib. Belə ki, itirilmiş konstruktiv elementləri kompensasiya etmək məqsədilə əlavə dayaq hissələri quraşdırılmış və müxtəlifölçülü mismar, burğulu mıx və digər metal detallar istifadə olunub. Əşyanın ağac hissələrində çoxsaylı qurd dəlikləri qeydə alınıb, bəzi sahələrdə zədələnmələrin nəticəsi olaraq material itkisi yaranıb. Xüsusilə qoltuqaltı hissələrdə ağac itkiləri müşahidə olunurdu. Kürsünün ayaq hissələrindən biri tamamilə itirilmiş, bu səbəbdən dayanıqlılığı pozulmuşdu. Bundan əlavə, səthi qoruyan lak örtüyü kəskin dərəcədə aşınaraq, demək olar ki, tamamilə yox olmuşdu. Qeyd etmək lazımdır ki, əşya Mərkəzin bərpaçı-rəssamı Gündüz Məmmədov tərəfindən bərpa olunub. Bərpa işlərinin ilkin mərhələsində kürsü demontaj edilmiş və sonradan əlavə olunmuş metal elementlər, burğulu mıx və mismar ehtiyatla çıxarılıb. Daha sonra muzey əşyasının bütün səthi mexaniki üsulla təmizlənmiş və dezinfeksiya olunub.

Təmizləmə işləri başa çatdıqdan sonra mövcud olan itkilərin bərpasına başlanılıb. Bunun üçün orijinal materialın xüsusiyyətlərinə uyğun ağac seçilib, qoltuqaltılarda və ayaqda olan itkiləri bərpa edildikdən sonra konstruktiv dayanıqlığın təmin olunması məqsədilə əşya yenidən montaj olunub.

Sonrakı mərhələdə ağac səthində mövcud olan qurd dəlikləri və çıxarılmış mıxların yaratdığı boşluqlar xüsusi doldurucu məcun ilə tamamlanıb. Bərpa edilmiş sahələrin ümumi görünüşlə uyğunlaşmasını təmin etmək məqsədilə həmin hissələrə müvafiq tonlama işləri aparılıb. İşlərin yekununda isə ağac səthinin qorunması və estetik görünüşünün bərpası üçün əşyanın üzərinə mühafizəedici lak örtüyü çəkilib.

Aparılan bərpa işlərinin əsas məqsədi kürsünün ümumi möhkəmliyini, bədii-estetik xüsusiyyətlərini və tarixiliyini qorumaqla onun muzey mühitində təhlükəsiz şəkildə nümayişini təmin etməkdir.

Nəticə etibarilə bu kürsü təkcə mebel nümunəsi deyil, sənətkarlıq düşüncəsini və estetik ideyalarını özündə birləşdirən nadir maddi-mədəni irs nümunəsidir. Onun bərpası və mühafizəsi mədəni irsin qorunması sahəsində görülən işlərin əhəmiyyətini bir daha nümayiş etdirir və bu irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2026 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see395

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see219

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see215

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see204

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see190

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see181

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see180

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see178

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see177

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see177

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see172

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see171

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see170

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see170

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see170

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see169

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see163

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see160

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see160

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri