Icma.az
close
up
RU
Xocalıdan Ağdama 12 günlük qaçış...

Xocalıdan Ağdama 12 günlük qaçış...

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xocalının müsibəti zaman-zaman göynədəcək bizi. 2 cahan savaşı görmüş XX əsrin dinc insanlarına qarşı görünməmiş qətliam. Erməni hərbi birləşmələri və rusların 366-cı motoatıcı alayının şəhəri mühasirəyə alması nəticəsində Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qan gölündə boğuldu. Çaylar, meşələr, dağlar da qana boyandı. İnsanların fəryadından göylər də qan ağlayırdı...

Kişilər ölüm-dirim savaşında əliyalın döyüşdülər. Qana susamış düşmən igidlərimizi gülləyə tutub, qız-gəlinlərimizi əsir götürdü. Anaların, körpələrin ərşə qalxan fəryadı bu gün də həmin gecənin canlı şahidlərinin gözlərində dil açıb haray qoparır.

Xocalı sakinlərindən biri Tofiq Süleymanovun o müdhiş gecədə başına gələnləri də ilk növbədə çöhrəsindəki əzabdan duyub, sonra dilindən eşitdik:

– Artıq 2 il idi ki, Xocalının üstünə fəlakət, qara duman çökmüşdü. Özünümüdafiə batalyonlarının tərkibində mən də səngərdə növbə çəkirdim. Axşam idi, növbədən gəlib dincimi alırdım. Rəhmətlik anam bayırdakı gurultunu eşidib dedi: “Oğul, dur ayağa, deyəsən, bu it uşağı bizi mühasirəyə alıb. Camaat deyir ki, tanklar şəhərə yaxınlaşır.”

Yorğunluğumu belə unudub çölə çıxdım. Hamının nəzərləri bir-birinə dikilmişdi. Zirehli maşınların, tankların vahiməsi qanımızı dondurmuşdu. Bizim məhəllə aeroportun yaxınlığında idi. Birdən gördük ki, o tərəfdən güclü bir fişəng atıldı. Bütün Xocalının üstünə sanki bir atəş saçdı. Sən demə, düşmən qüvvələri bir-birinə işarə verirlərmiş ki, hücuma keçmək lazımdır.

Tanklardan, zirehli maşınlardan üstümüzə od saçmağa başladı, güllələr yağış kimi yağdı. Hər kəs özünü, yaxınlarını xilas etmək, əsir düşməmək üçün müxtəlif istiqamətlərə qaçmağa başladı. Göyün üzü od tutub yanırdı. Anamla qardaşımı götürüb dağlara tərəf qaçmağa başladıq. Anam o qədər heydən düşdü ki, ayaqları sözünə baxmadı. Qardaşım onu kürəyinə aldı. Qarqarçaydan keçəndə qardaşımın ayağı sürüşdü, anamla birgə çaya yıxılıb islandılar.

Əsir düşməmək üçün irəliləyirdik. Bu dəfə anamı mən kürəyimə aldım. Dağlara doğru qaçırdıq. Yolda qaçıb, canını qurtaranların pal-paltarı səpələnmişdi. İnsanlar xilas olmaq üçün qiymətli nə vardısa atıb gedirdilər.

Birdən bizə tərəf atəş yağmağa başladı. Qardaşım bizdən ayrı düşdü, artıq anamla mən, bir də qonşularımız qalmışdı. Hiss etdim ki, anamın nəfəsi gəlmir. Yaxınlıqdakı meşəyə girdik. Anam şaxtadan islanmış paltarında donaraq şəhid olmuşdu.

Dəhşət içində qalmışdım. Anamı meşədə bir ağacın yanına uzadıb, üstünə kol-kos, odun parçaları döşədim. Fikirləşdim ki, qardaşımı tapıb həmin yerə geri qayıdaram. Amma anamın donmuş bədənini oradan xilas etmək mümkün olmadı. Bu gün də içim qan ağlayır, 39 yaşlı anamın şaxtadan buz bağlamış vücudunu özümlə gətirə bilmədim... Bu nisgil bütün ömrüm boyu mənə əzab verəcək...

Bu yerdə Tofiqin gözləri doldu.Özünə gəlib söhbətə davam elədi:

– Qarın qalınlığı imkan vermirdi ki, düşmənin mühasirəsini yaraq. Silahlardan isə od yağırdı. Qonşumuz olan kişini də öldürdülər. Onun arvadı və 2 uşağı, başqa bir qadın və mən qarlı aşırıma üz tutduq. Yolu itirmişdik. Hara gedirdik, erməni kəndlərinə rast gəlib geri qayıdırdıq. Aclıq da bir tərəfdən bizi taqətdən salmışdı. Artıq sürünə-sürünə yol axtarırdıq.

12-ci gün idi ki, mühasirədən çıxmaq üçün çarə axtarırdıq. Axır qarşımıza Azərbaycan qəbristanlığı çıxdı. Bildim ki, artıq xilas olmuşuq. Yanımdakı qadınlara dedim ki, əvvəlcə mən gedim yoxlayım, sonra sizə xəbər verərəm. Məzarlıqdan bir az aralıda sığınacaq gördüm, sürünərək ora getdim. Qapını açıb səsləndim. Sən demə, Qatır Məmmədin özünümüdafiə batalyonu burada yerləşirmiş. Onlara vəziyyəti danışdım. Yoldaşlarımı gətirməyə getdilər.

Martın 8-də bizi Ağdamdan xəstəxanaya apardılar. Mənimlə yol gələnlərin ayaqları şaxtadan elə hala qalmışdı ki, xilas etmək mümkün olmadı. Mənim də ayaqlarım tamamilə donmuşdu. Lakin aldığım müalicə kömək elədi. Bir aydan sonra yeriməyə başladım.

Müsahibim bu əzablı duyğu-düşüncələrindən sonra bir anlıq özünə gəlib dedi:

– Qəhrəman oğullarımızdan biri olan Aqil Quliyevin və onun döyüş yoldaşlarının qeyri-bərabər savaşdakı döyüşkənliyini heç vaxt unutmaram. O zaman döyüşüb Azərbaycanın Milli qəhrəmanları adına layiq görülən oğulları hörmətlə yad edirəm: Ələsgər Novruzov, Əlif Hacıyev, Xocalının “Mixaylo”su Tofiq Hüseynov, Araz Səlimov, Füzuli Rüstəmov, Hikmət Nəzərli, Şöhrət Həsənov. Bu igidlər olmasa idilər, Xocalıdan sağ çıxan çətin ki, tapılardı. Onlar adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdırıb geri döndülər. Köməksiz insanları xilas etmək üçün qeyri-bərabər döyüşə girib şəhid oldular. İnqilab İsmayılov var idi. Bu qəhrəman oğlan yaralıları və şəhidləri Azərbaycan kəndlərinə daşıyırdı. Ancaq sonda özü də şəhid oldu. Xocalı aeroportunun rəisi Əlif Hacıyevin isə qəhrəmanlığı haqqında cildlərlə kitab yazılsa, yenə də azdır.

Müsahibim daha sonra qeyd etdi ki, 1988-ci ildə Fərqanə vadisindən qovulmuş Ahıska türklərinin böyük bir hissəsi, Qərbi Azərbaycandan sürgün olunmuş 1500 nəfər Xocalıda məskunlaşmışdı. Xocalı aeroportu Qarabağın yeganə hava limanı idi. 1991-ci ilin oktyabrından bu şəhər blokadada idi: “Xocalını ermənilərin hədəfə almaqda bir məqsədi də onunla bağlı idi ki, bu şəhər Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsində yerləşirdi. Düşmən bu maneəni aradan qaldırmaq üçün məhz Xocalını seçmişdi”...

Tofiq Süleymanov sonda bildirdi:

2020-ci ildə Vətən müharibəsində oğlum, qardaşım oğlu könüllü iştirak etdilər və düşməndən qisasımızı aldılar. 2023-cü ildə anti-terror əməliyyatlarında isə Xocalı azadlığına qovuşdu. Artıq camaatımızın köçü başlanıb, şəhər tikilir, qurulur, bərpa edilir. Tezliklə biz də doğma elimizə qayıdacağıq.

Hazırladı:
Kəmalə ABDİNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see288

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see282

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see228

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see220

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see216

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see214

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see213

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see209

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see204

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see201

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see191

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see186

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see186

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see176

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see175

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see174

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see173

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri