Icma.az
close
up
RU
Xoşbulaq hələ kəşf olunmayıb…

Xoşbulaq hələ kəşf olunmayıb…

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daşkəsənin Xoşbulağını çox adam tanıyır. Amma mən deyərdim ki, bu yerlər hələ də sözün əsl mənasında kəşf olunmayıb.

Elə yerlər var ki, onları olduğu kimi nə şəkillərlə, nə digər çəkilişlərlə, nə də qələminin gücü ilə göstərə bilmirsən. Bax, Xoşbulaq da belə yerlərdəndir. Burada hava da adamı heyrətləndirir. Bir anın içində yağış yağır, az sonra günəş çıxır. Gəncədə, Yevlaxda, Mingəçevirdə istilik 40 dərəcəni keçəndə, Xoşbulaqda gecə yorğansız yatmaq olmur. Yayın ortasında isti geyim axtarırsan.

Səhər duman dağların başına qonur, günorta yamaclar günəşə bürünür, axşam isə dağlardan gələn sərin meh hər tərəfi bürüyür. Burada vaxt da başqa cür keçir. Elə bil şəhərin səs-küyündən qurtulub sanki tamam başqa bir dünyadasan. Səhərdi, axşamdı, günortadı, hiss etmirsən…

Bəlkə də elə buna görə hər yay minlərlə insan üzünü Xoşbulağa tutur. Kimi bir günlük gəlir, kimi həftələrlə qalır. Hamı bu gözəllikdən pay almaq istəyir.

Amma təəssüf ki, gedəndə hamı özü ilə xoş xatirələr aparmır, bəziləri isə xoşagəlməz iz də qoyur.

Hər yay mövsümünün sonunda eyni mənzərə ilə qarşılaşırıq. Yamyaşıl yamaclar zibilə qərq olur. Plastik qablar, sellofan torbalar, şüşələr, tonqal qalıqları, müxtəlif məişət tullantıları… Elə bil kimsə bu gözəlliyi qəsdən eybəcərləşdirib.

Hələ bir neçə il qabaq başqa bir ciddi problem var idi. Kim haranı bəyənirdisə, orada çadır qururdu. Ortada bir qayda-qanun da yox idi. Bəzən təbiətin ən gözəl hissələri plansız düşərgələrə çevrilirdi. Daha acınacaqlısı isə o olurdu ki, bəzi insanlar özlərinə eybəcər tualetlər düzəldirdilər və beləliklə də həm torpağa, həm suya, həm də insanların sağlamlığına ciddi ziyan vurulurdu. İndi son vaxtlar göy, primitiv çadırlar gözə dəymir. Bir çoxu torpaq sahələri aldı, bəziləri o şəraitdə istirahət etməyi özünə rəva bilmədi. Yeri gəlmişkən, qeyd edim ki, əvvəlki rəhbərliklərin dövründə Xoşbulağın az qala hər qarışı satıldı, müxtəlif şəxslərə paylanıldı. Nəticədə kim harada necə istədisə, elə də ev tikdi.

Əslində, problem insanların istirahət etməsində deyil. Problem ondadır ki, istirahət mədəniyyəti formalaşmayıb.

Təbiət hamınındır. Amma hamının olan yerə hamı da sahib çıxmalıdır. Sevindirici haldır ki, artıq bu istiqamətdə ilk ciddi addımlar atılır. Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Daşkəsən Şəhər Kommunal Müəssisələri Kombinatının təşkilatçılığı ilə “Təmiz Xoşbulaq” layihəsinə start verilib. Layihə çərçivəsində genişmiqyaslı təmizlik işləri aparılıb, ərazi tullantılardan təmizlənib, yeni konteynerlər quraşdırılıb. Azərbaycan Vəkillər Kollegiyasının bu layihəyə qoşularaq konteynerlər təqdim etməsi də alqışlanası addımdır.

Bütün bunlar yaxşıdır. Amma bir həqiqəti də qəbul etməliyik. Xoşbulağın problemi təkcə zibillə bitmir axı. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Əgər Xoşbulağın gələcəyini düşünürüksə, bu ərazi üçün ayrıca inkişaf konsepsiyası hazırlanmalıdır. Buraya ekoloji prinsiplərə sadiq investorlar cəlb edilməli, vahid çadır düşərgələri salınmalı, müasir sanitar qovşaqları qurulmalı, tullantıların idarə olunması sistemi yaradılmalı, avtomobil dayanacaqları, piyada marşrutları, istirahət meydançaları planlı şəkildə təşkil edilməlidir. Turizm təsadüfün ümidinə buraxılmamalı, planlı şəkildə idarə olunmalıdır. Eyni zamanda, mövsüm ərzində ərazidə daimi xidmət göstərən kommunal qruplar fəaliyyət göstərməli, tullantılar gündəlik daşınmalı, ekoloji qaydaları pozanlara qarşı ciddi tədbirlər görülməlidir. Çünki hər yay təmizlik aksiyası keçirmək çıxış yolu deyil. Əsas məqsəd Xoşbulağı elə qorumaqdır ki, bu aksiyalar adətə çevrilməsin.

Bir həqiqət də var. Dünyanın bir çox ölkələri təbiət turizmindən milyardlarla gəlir əldə edir. Bizim isə onlardan heç də geri qalmayan təbii sərvətlərimiz var. Sadəcə, bu sərvətləri sevməyi də, idarə etməyi də bacarmalıyıq. Xoşbulaq təkcə yayda istirahət olunan bir məkan kimi deyil, Azərbaycanın ən nümunəvi dağ-istirahət və ekoturizm mərkəzlərindən biri kimi formalaşa bilər. Bunun üçün isə təkcə təbiətin gözəlliyi kifayət etmir. Düzgün yanaşma, məsuliyyət və uzaqgörənlik də lazımdır.

Xoşbulaq Daşkəsənin vizit kartıdır. Vizit kartını isə heç kim cırıq, tozlu və səliqəsiz saxlamaz. Bu gün burada atılan hər addım, yerdə qalan hər tullantı, qorunan hər ağac əslində sabahın Xoşbulağını formalaşdırır.

Yazının əvvəlində dediyim, sərlövhəyə çıxardığım fikri yenidən təkrar etməyim sizə qəribə gəlməsin. Doğrudan da, Xoşbulaq hələ tam kəşf olunmayıb. Çünki bir yeri kəşf etmək təkcə onun gözəlliyini görmək deyil. Onu qorumağı bacarmaqdır. Həmin gün Xoşbulaq təmizliyi, nizamı, müasir turizm infrastrukturu və təbiətə göstərilən hörmətlə tanınanda, bax onda deyəcəyik ki, bu gözəl diyar həqiqətən kəşf olunub.

Yoxsa dağlar, bulaqlar, çiçəklər və sərin meh əsrlərdir buradadır. Kəşf olunmağı gözləyən əslində Xoşbulaq yox, bizim ona münasibətimizdir.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri
Daşkəsən

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see392

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see306

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see262

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see240

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see221

Operativ məlumat: Sahələrdən 2 milyon taxıl yığılıb

09 İyul 2026 15:40see217

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see216

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see190

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see162

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see159

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see158

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see157

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see157

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see156

Boynunuz daha tez yaşlanır gənc və elastik dərini necə qorumaq olar?

09 İyul 2026 15:30see156

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see155

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see154

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see154

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri