Icma.az
close
up
RU
“Yadımdadır, AFFA “Spartak”a zəng edib, mənə görə pul tələb etmişdi” Ramiz Məmmədovun ə MÜSAHİBƏSİ + FOTO

“Yadımdadır, AFFA “Spartak”a zəng edib, mənə görə pul tələb etmişdi” Ramiz Məmmədovun ə MÜSAHİBƏSİ + FOTO

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

O, şübhəsiz ki, 90-cı illərin postsovet futbolunun ən yaxşı müdafiəçilərindən biri idi - Rusiya çempionatının beşqat qalibi, həmçinin Ukrayna və Avstriya çempionu. Üstəlik, Çempionlar Liqasının qrup mərhələsində üç fərqli klubun heyətində çıxış edən yeganə rusiyalı futbolçu olub. Bütün bu uğurlar Ramiz Məmmədovun karyerasının parlaq səhifələrində yer alır.

İdman.Biz oxucularına sabiq futbolçudan götürdüyü eksklüziv müsahibəni təqdim edir:

- Ramiz Məmmədov bu gün nə işlə məşğuldur?

- Veteranların oyunlarında iştirak edirəm və fiziki formamı qoruyuram.

- Hələ də futbol oynamaqdan doymamısız? Axı artıq 53 yaşınız var...

- Siz hələ bizim digər uşaqları görməmisiniz (gülür). Xlyestov oynayır, halbuki o məndən bir yaş böyükdür. Nə Xlyestov, Şavlo ilə Dasayev hələ də oynayırlar, onların isə yaşı 70-ə yaxındır. Onların yanında mən hələ gümraham.

- Bəs niyə böyük futboldan bu qədər tez ayrıldınız? Axı 31 yaş, xüsusən müdafiəçi üçün çox tezdir...

- Çempionlar Liqasından və yüksək liqalardan sonra birinci liqada oynaya bilmədim, başa düşdüm ki, bu, mənlik deyildi.

- Doğrudan da, siz hələ də üç fərqli ölkənin üç klubunda Çempionlar Liqasının qrup mərhələsində oynamış yeganə rusiyalı futbolçusunuz – Rusiya “Spartak”ı, Ukrayna “Dinamo”su və Avstriyanın “Şturm”u. Necə oldu ki, “Şturm”dan sonra Rusiyanın birinci, hətta ikinci liqasında olan komandalarında görünməyə başladınız?

- Bu, “Şturm”la mənə ödənilməli olan qonorar uğrunda uzunmüddətli mübahisədən sonra baş verdi. Klubla məhkəmə çəkişməsi ucbatından səkkiz ay oynamadım. Bu vəziyyətdən sonra hansı məşhur klub məni götürərdi ki? Ona görə də bir az “dolaşmalı” oldum. Amma tez başa düşdüm ki, bu, mənlik deyil.

- Amma yenə də “Volqar-Qazprom” və “Luç-Energiya” komandalarında yaxşı çıxış etmisiniz. Hətta “Luç”u birinci liqaya çıxarmağa kömək etmisiniz. Yeri gəlmişkən, “Volqar-Qazprom”da o zaman Qurban Qurbanov da oynayırdı – indi “Qarabağ”ın baş məşqçisidir...

- Bəli, əlbəttə, xatırlayıram. Biz birlikdə oynayırdıq. O vaxt da futbola çox bağlı idi, həyatda çox sakit və təmkinli idi, meydanda da emosiyalarını az büruzə verirdi. Bildiyimə görə, indi də məşqçi kimi elə həmin sakit təbiətini saxlayıb.

- Onunla və ya digər azərbaycanlı futbolçularla əlaqə saxlayırsınızmı?

- Təəssüf ki, yox. Amma mənim əmioğlum İlqar Məmmədov uzun illər sizin çempionatda oynayıb. Hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayır.

- Siz Moskvada doğulmusunuz, amma atanız Gürcüstandandır...

- Bəli, Dmanisi rayonunun Qarabulağ kəndindəndir. Orada əsasən azərbaycanlılar yaşayır. Mən orta məktəbi bitirənədək hər yay ora gedirdim, ona görə dili də unutmadım. İndi ora yalnız atamla anam gedir. Mən isə gedə bilmirəm, çünki yay bizim – veteran futbolçuların ən aktiv dövrüdür, mütəmadi oyunlarımız olur. Bacım və həyat yoldaşı isə çoxdan Moskvaya köçüblər, Lyubertsıda yaşayırlar (Moskva vilayətinə daxildir – red). Yəni bütün ailə buradadır.

- Bəs sonuncu dəfə nə vaxt doğma yerlərdə olmusunuz?

- 1994-cü ildə. O zaman məni dünya çempionatına aparmadılar. Sadırin (Sovet və Rusiyanın futbol məşqçisi Pavel Sadırini nəzərdə tutur – red.) Ternavski və Xlestovu apardı, amma məni yox, halbuki çox yaxşı formada idim. Həmin vaxt Gürcüstana Bakının üzərindən getdim. İki gün Bakıda qonaq olduq, sonra maşınla Gürcüstana yollandıq. Hətta məni az qala orduya aparırdılar (gülür).

- Necə yəni?

- Bəli, geriyə dönəndə yenə Bakının üzərindən uçmalı idik. Aeroportda məni saxladılar, pasportumu aldılar, yarım saat dindirdilər. Axırda aydınlaşdırdılar ki, doğrudan da Moskvada doğulmuşam, orada yaşayıram və məni Azərbaycanla yalnız soyadım bağlayır (gülür).

- Özünüzü daha çox azərbaycanlı, yoxsa rus hiss edirsiniz? Axı ananız rusdur...

- Pasportda azərbaycanlı yazılıb və müsəlman qaydasına görə sünnət olmuşam, daha kim ola bilərəm (gülür)? Amma ciddi desəm, bu barədə heç vaxt çox düşünməmişəm. Amma nədənsə Azərbaycan məni gəncliyimdən “özününkü” sayırdı.

- Necə yəni? Sizi milliyə çağırmaq istəyirdilər, Samədovu çağırdıqları kimi?

- Yox, o qədər irəli getməmişdilər. Amma bir az gülməli hadisə olmuşdu - AFFA-dan “Spartak” klubuna zəng edib, mənə görə pul tələb etmişdilər (gülür).

- Doğrudan?!

- Bəli, tam ciddi deyirəm. Bu, 1992-ci ildə olmuşdu. “Spartak”da hamı şoka düşmüşdü. Əgər belə yanaşsaq, mənim üzərimdə daha çox hüququ Gürcüstan iddia edə bilərdi – axı köklərim ordandır.

- Həmişə maraqlı olub, niyə “Spartak”dan getdiniz?

- Mən getmədim, məni göndərdilər. O vaxt Romasov klubun həm prezidenti, həm də baş məşqçisi idi. O, istədiyi kimi davranırdı. Təkcə məni yox, Titovu, Tixonovu, Tsımbalaryanı da göndərmişdi… çoxlarını “sındırdı” o dövrdə.

- Bəlkə məsələ rejim pozuntusu ilə bağlı idi?

- Hansı rejim pozuntusu? Biz Tsımbalarla bir dəfə qaydanı pozmuşduq və cəzamızı da çəkmişdik. Bu, 1995-ci ildə idi. Mən isə “Spartak”da 1998-ci ilə qədər oynadım.

- Azərbaycanlı futbolçu ilə oynamısınız, bəs azərbaycanlı klublara qarşı çıxış etmisinizmi?

- Dəqiq xatırlamıram. Ola bilər, axı sizinkilər bəzən Birlik Kubokuna gəlirdilər. Amma düzünü desəm, yadımda deyil.

- Amma eşitdiyimizə görə, bir dəfə Azərbaycan dilini bilməyiniz sizə meydanda kömək etmişdi...

- Bəli, olub (gülür). “Şturm”un heyətində “Qalatasaray”la oynayırdıq. O vaxt Hacının (Rumıniyalı Georgi Hacını nəzərdə tutur – red.) parladığı dövr idi. Onlar cərimə zərbəsi yerinə yetirməli idilər. Hacı komanda yoldaşına türkcə nəsə dedi ki, guya rəqib başa düşməsin. Demək istədi ki, topu burax, mən vuracağam. Mən isə dediyini anladım və dərhal topa atıldım (gülür).

- Hacı yəqin təəccüblənmişdi...

- Şokda idi, ya yox, bilmirəm, amma bir az “tormozladı” (gülür), başa düşmədi ki, avstriyalı komanda oyunçusu bunu necə bildi.

- Sonda, bir sual da: ata-baba yurdunuzun hansı yeməklərini daha çox sevirsiniz, hansılar üçün darıxırsınız?

- (düşünür) Bəlkə də qutablar... Uşaqlıqda hər yay Gürcüstana gedəndə mənim üçün qutab bişirirdilər. Amma təkcə göyərtidən yox, həm də gicitkandan hazırlayırdılar, mən onu çox sevirdim. Moskvada eləsini tapmaq mümkün deyil...

Vüqar Vüqarlı

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Oktyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri