Yanacaq doldurma məntəqəsinin operatoruna hökm oxundu
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Xətai Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Abbas Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.
İttihama görə, Abbas Həsənov “Baku Oil" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru zərərçəkmişin icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 51 ünvanında yerləşən yanacaq doldurma məntəqəsində 2022-2023-cü illərdə əmək müqaviləsinə əsasən, operator vəzifəsində işləyib. O, faktiki olaraq növbə rəisi vəzifəsini icra edib. Abbas çalışdığı müddət ərzində yanacaq məhsullarına görə ümumilikdə ödənilmiş 10 453 manat pulu mənimsəyib.
İstintaq dövründə Abbas Həsənovun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
O, məhkəmə ifadəsində cinayət əməlini törətdiyini etiraf edib, hazırda vurulan ziyanın tam şəkildə ödənildiyini, zərərçəkən şəxslə barışdığını və zərərin 25%-i məbləğində vəsaiti dövlət nəfinə ödənildiyini söyləyib.
Qeyd: Abbas Həsənov Xətai Rayon Məhkəməsinin 2023-cü il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşu.
Kamal Məmmədov
