YAP cəmiyyətin tərəqqisinə töhfə verən aparıcı siyasi qüvvədir
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müsahibimiz Milli Məclisin deputatı Müşfiq Məmmədli
- Müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan ictimai-siyasi böhran şəraitində Yeni Azərbaycan Partiyasının təsis olunmasının əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik?
- 1990-cı illərin əvvəlləri Azərbaycanda həm ictimai-siyasi böhran, həm də xarici təhdidlərin kəskinləşdiyi bir dövr idi. O vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi respublikamızda hakimiyyət boşluğunun meydana gəlməsinə səbəb olmuşdu. Ermənistanın hərbi təcavüzü dövlət suverenliyinə və ərazi bütövlüyünə ciddi təhlükə törədir, orduda vahid komandanlığın formalaşdırılması isə faktiki olaraq mümkün deyildi. Xalqımız gələcək barədə qeyri-müəyyən vəziyyətdə yaşayır və dövlətə inam sürətlə azalırdı.
Belə mürəkkəb şəraitdə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması yalnız siyasi təşəbbüs deyil, ölkənin mövcudluğunu və dövlətçilik prinsiplərini qorumaq üçün tarixi zərurət idi. Həmin dövrdə cəsarət və milli düşüncə nümayiş etdirən məşhur “91-lər”in Ümummilli Lider Heydər Əliyevə müraciəti intellektual təbəqənin və eləcə də geniş ictimaiyyətin çıxış yolunu məhz qətiyyətli, böyük dövlətçilik təcrübəsinə malik liderdə gördüyünü nümayiş etdirirdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın siyasi arenasında tamamilə yeni bir mərhələnin başlanğıcı oldu. Bu konfransda YAP-ın Proqramı və Nizamnaməsi qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Qısa müddət ərzində partiyanın cəmiyyətdə nüfuz qazanması ictimai tələbatın doğurduğu nəticə idi və bu amil ölkənin siyasi sistemində yeni dinamikanın yaranmasına şərait yaratdı.
1993-cü ildə baş verən proseslər ölkəmizin dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi baxımından mühüm dönüş nöqtəsi oldu. Həmin il Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə dərin siyasi xaosun qarşısını aldı, hüquqi və inzibati idarəetmə sistemi yenidən formalaşdırıldı, həmçinin ordunun müasir standartlara uyğun olaraq formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Ümummilli Lider, ilk növbədə sabitliyin bərqərar olmasını prioritet kimi müəyyənləşdirdi, çünki davamlı inkişaf, sosial rifah və iqtisadi irəliləyiş yalnız təhlükəsiz və idarə olunan şəraitdə mümkün ola bilərdi. Daxili sabitliyin təmin olunması xalqın dövlətə inamını bərpa etdi, idarəetmədə etimadı gücləndirdi və Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi çıxış etməsinə geniş imkanlar yaratdı.
Ulu Öndər Heydər Əliyevin “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” fikri həmin dövrdə həyata keçirilən siyasətin ideoloji əsasını təşkil edirdi. Ümummilli Liderin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” neft sazişi ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu, dövləti enerji sahəsində regional lider mövqeyinə yüksəltdi və strateji resurslardan səmərəli istifadə imkanlarını genişləndirdi. Bu saziş yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır, çünki Azərbaycan dünya iqtisadi sisteminə fəal inteqrasiya etməyə başladı və enerji sahəsində qlobal aktorlarla uğurlu əməkdaşlıq imkanları qazandı.
Ümumilikdə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin möhkəmlənməsi, strateji planlaşdırmanın əsaslarının qoyulması və müasir inkişaf modelinin formalaşdırılması ilə nəticələndi. Onun rəhbərliyi ilə reallaşdırılan uğurlu strategiya ölkənin siyasi sabitliyini təmin etdi, bütün sahələrdə dayanıqlı inkişafın yolunu müəyyənləşdirdi, milli və beynəlxalq səviyyədə dövlətimizin nüfuzunu artırdı. Eyni zamanda, bu dövr ölkənin uzunmüddətli inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və yeni hədəflərin uğurla reallaşdırılması üçün möhkəm təməl yaratdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin bərqərar olunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından həlledici rol oynadı. YAP həmin illərdə milli həmrəyliyi gücləndirən, dövlət idarəçiliyində çevik və məsuliyyətli qərarların verilməsinə dəstək göstərən mühüm siyasi qüvvəyə çevrildi. Partiyanın ideoloji xətti Ümummilli Liderin dövlətçilik prinsiplərinə əsaslanır, sosial-iqtisadi islahatların geniş ictimai dəstək qazanmasına şərait yaradırdı. Yeni Azərbaycan Partiyası, həmçinin xarici siyasətdə aparılan kursun cəmiyyət tərəfindən dəstəklənməsində mühüm rol oynayaraq ölkənin beynəlxalq münasibətlərdə nüfuzunun artmasına töhfə verdi. Həmin dövrdə partiyanın güclü təşkilati strukturu formalaşdı, ölkənin sabitliyi, inkişafı və strateji məqsədlərinin reallaşdırılmasında aparıcı siyasi qüvvə kimi mövqeyi davamlı olaraq güclənirdi.
- Prezident İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə mövcud olan effektiv idarəçilik modeli kontekstində YAP-ın qələbələr partiyası kimi nüfuzu daha da artıb. Bu uğurların əsasını hansı amillər təşkil edir?
- 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz yeni tarixi dönəmə qədəm qoymuşdur. Bu dövrdən etibarən dövlət idarəçiliyində çevik islahatlar, müasir çağırışlara uyğunlaşan inkişaf kursu və uzunmüddətli strateji planlaşdırma tətbiq olunmuşdur. Dövlətimizin başçısının siyasi fəaliyyəti ölkənin qarşısında duran mühüm vəzifələrin ardıcıl və sistemli şəkildə həllinə yönəldi, dövlət quruculuğunun modernləşdirilməsi, iqtisadiyyatın daha da gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi kimi sahələrdə yeni keyfiyyət mərhələsi formalaşdı.
26 mart 2005-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayı isə Ulu Öndərin siyasi kursunun partiya səviyyəsində də uğurla davam etdirilməsinə şərait yaratdı. Cənab İlham Əliyevin YAP-ın yeni Sədri seçilməsi partiyanın fəaliyyətinə yeni dinamizm gətirdi. Bu amillər partiyanın təşkilati strukturunun yenilənməsi, ideoloji xəttinin müasir tələblərə uyğunlaşdırılması və cəmiyyətdə nüfuzunun daha da artması baxımından mühüm əhəmiyyət kəsb etdi. Həmin mərhələ YAP-ın dövlətin əsas strateji hədəflərinin reallaşdırılmasında aparıcı siyasi qüvvə kimi rolunu möhkəmləndirdi və partiyanın ölkənin inkişaf prosesində fəal iştirakını təmin etdi.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlət idarəçiliyi daha çevik, funksional və nəticəyönümlü model əsasında yenidən quruldu, müxtəlif sahələrdə ardıcıl, sistemli islahatların həyata keçirilməsi təmin olundu. Bu mərhələ modern dövlət idarəçiliyi prinsiplərinin tətbiqi, şəffaflığın artırılması, elektron hökumət xidmətlərinin genişləndirilməsi və dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə xarakterizə olunur. İdarəetmədə innovativ yanaşmaların tətbiqi həm dövlət orqanlarının çevik fəaliyyətinə, həm də vətəndaş məmnuniyyətinin artmasına şərait yaratdı.
Dövlətimizin başçısının siyasətində əsas prioritetlərdən biri neftdən asılılığın minimuma endirilməsi və iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi olmuşdur. Həmin istiqamətdə həyata keçirilən islahatlar, sənaye zonalarının yaradılması, aqrar sektorun modernləşdirilməsi, qeyri-neft ixracının artırılması ölkə iqtisadiyyatının dayanıqlılığını gücləndirmişdir. Dövlət investisiyaları hesabına icra olunan genişmiqyaslı infrastruktur layihələri - yollar, körpülər, hava limanları, elektrik və su təchizatı sistemləri, sosial obyektlər Azərbaycanın simasını köklü şəkildə dəyişdirdi və regionların inkişafında yeni dinamika yaratmışdır.
Sosial siyasət də bu dövrdə xüsusi önəm kəsb etdi, əhalinin rifahının yüksəldilməsi, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi, təhsil və səhiyyə sahələrinə dəstəyin genişləndirilməsi insan amilinin dövlət siyasətinin mərkəzində olduğunu bir daha təsdiqləyir. Əməkhaqqları və pensiyaların mərhələli şəkildə artırılması, sosial proqramların icrası, aztəminatlı və həssas qruplara yönəlmiş tədbirlər sosial ədalət prinsipinin təmininə xidmət edir.
Xarici siyasətdə isə balanslı, praqmatik və milli maraqlara əsaslanan xətt Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirib. Ölkəmiz həm regional əməkdaşlıq formatlarında, həm də beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi çıxış edir. Enerji təhlükəsizliyi layihələri, nəqliyyat dəhlizlərinin inkişafı, humanitar təşəbbüslər və çoxşaxəli diplomatik fəaliyyət Azərbaycanı regional sabitliyin, əməkdaşlıq və inkişafın aparıcı güclərindən birinə çevirib. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi dövrü ölkəmizin siyasi-iqtisadi və sosial sahələrdə yeni keyfiyyət mərhələsinə keçidi ilə yadda qalıb, dövlət idarəçiliyinin bütün istiqamətlərində davamlı inkişafın təmin olunmasına şərait yaradıb.
Misilsiz uğurların məntiqi davamı kimi Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi müstəqillik dövründə əldə olunan bütün nailiyyətlərin zirvəsini təşkil edir. Prezident İlham Əliyevin “Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik” fikirləri həmin dövrün mahiyyətini və Qələbənin dövlətçilik tarixində tutduğu xüsusi yeri dolğun şəkildə ifadə edir.
Bu Qələbənin əldə olunmasında Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti xüsusi əhəmiyyət kəsb edib. Dövlətimizin başçısı həm diplomatik müstəvidə, həm informasiya cəbhəsində, həm də hərbi-strateji sahədə prosesləri məharətlə idarə edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına və şanlı ordunun uğurlu əməliyyatlarını ardıcıl şəkildə həyata keçirməsinə şərait yaratdı. Ölkə rəhbərliyinin strateji düşüncə tərzi və prinsipial mövqeyi tarixi Qələbəni təmin edən ən mühüm amillərdən biri oldu.
44 günlük Vətən müharibəsi həm də gənc nəslin yüksək vətənpərvərlik ruhunu, fədakarlığını və müstəqillik ideallarına sədaqətini nümayiş etdirdi. Ölkənin azadlığı və suverenliyi uğrunda döyüşən minlərlə gənc əsgər və zabit öz cəsarəti ilə Azərbaycan Ordusunun gücünü bir daha sübut etdi. Mütərəqqi gənclər siyasəti nəticəsində yetişən bu nəsil tarixə qəhrəmanlıq nümunəsi kimi yazıldı. Onların göstərdiyi misilsiz şücaət xalqın birlik ruhunu daha da gücləndirdi və şanlı Qələbənin təmin olunmasında həlledici rol oynadı.
- Vətən müharibəsində əldə olunmuş Tarixi Zəfərdən sonra ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri xalqın dövlətə olan etimadını növbəti dəfə nümayiş etdirdi. Bu seçkiləri demokratik ənənələrin inkişafı baxımından necə dəyərləndirirsiniz?
- Tarixi Zəfərdən sonra – 2021-ci il martin 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkənin siyasi həyatında modern yanaşmaların tətbiq edildiyi yeni dövrün başlanğıcı kimi dəyərləndirilir. Qurultay Azərbaycan cəmiyyətinin dəyişən tələblərinə uyğun olaraq YAP-ın strukturunu yeniləmiş, idarəetmə mexanizmlərini təkmilləşdirmiş və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir. Bu faktorlar Yeni Azərbaycan Partiyasının modern, çevik və strateji hədəflərə uyğun fəaliyyət göstərən siyasi təşkilat kimi mövqeyini daha da gücləndirmişdir. Dövlətimizin başçısı həmin qurultaydakı çıxışında qeyd etmişdir: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri ilə ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Bu əməliyyat həm dövlətin suveren hüquqlarının təminatına, həm də regional sabitliyin bərqərar edilməsinə yönəlmişdi. Qısa müddət ərzində işğaldan edilmiş ərazilərimizdə separatçı silahlı qruplar zərərsizləşdirildi, qanunsuz rejim tamamilə ləğv edildi.
2024-cü il prezident və parlament seçkiləri, eləcə də 2025-ci il bələdiyyə seçkilərində qazanılan tarixi qələbələr YAP-ın siyasi sistemdə aparıcı rolunu bir daha təsdiqlədi. Bu qələbələr xalqın dövlət siyasətinə inamını ifadə edir və ölkənin qarşıdakı illərdə çağırışlara daha güclü şəkildə hazır olduğunu göstərir. Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır” fikirləri bu qələbələrin siyasi məzmununu və strateji əhəmiyyətini ifadə edir.
Məhz bütün bu uğurların fonunda xalqımızın Yeni Azərbaycan Partiyasına ictimai dəstəyi daha da artmışdır. YAP-ın iştirak etdiyi bütün seçkilərdə qalib gəlməsi partiyanın cəmiyyət üçün alternativsiz siyasi qüvvəyə çevrildiyini göstərir. Qazanılan nailiyyətlərin fövqündə xalq-dövlət birliyi, güclü siyasi liderlik, hərtərəfli, misilsiz inkişaf və real nəticələrə əsaslanan fəaliyyət konsepsiyası dayanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















