Icma.az
close
up
RU
Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Telman ORUCOV

Yaponiya ziddiyyətlərlə və metamorfozalarla dolu həyat yaşadı

Yaponiya Avrasiya qitəsinin şərqdəki son qurtaracağında, Sakit okeanın qərb sahilində yerləşən adalar ölkəsidir. Bu ölkənin ərazisi Hokkaydo, Honsyu, Sikoku, Kyusyu kimi dörd böyük və digər kiçik adalardan ibarətdir. Günəş Şərqdə doğduğundan ilk olaraq bu torpaqlara öz şəfəqlərini saçır, təsadüfi deyildir ki, Yaponiya "Gündoğan ölkə" adını daşıyır. Adalar müxtəlif relyefə və iqlimə malik olmaqla, cənubdakı tropik zonadan, şimaldakı Sibir soyuqlarının daha çox müdaxilə etdiyi ərazi ilə qurtarır. Təbiət bu adalara çox sayda dağlar, dərələr bəxş etmişdir. Yapon kəndlisi Avropadakı yunanlar kimi, əsasən, dağ yamaclarında torpaqları becərmiş, ancaq fərqli olan ərzaq bitkisini -  düyü yetişdirmişdir. Yaponların inancına görə, Sintoizm dinində baş ilahə və Günəşin təcəssümü sayılan Ametarasu adaları göydən seyr etdikdə, düyü zəmilərinin yaşıllığından vəcdə gələrək, onlara, bütövlükdə Yaponiyaya xüsusi qayğı göstərmişdi.

Bu hərarətli himayəyə laqeydlik göstərən təbii qüvvələr isə ölkə ərazisini və onun sakinlərini tez-tez sınağa çəkmişdir. Odlu Qövsdə yerləşən adalar təbii fəlakətlərdən, zəlzələlərdən, sunamilərdən, vulkan püskürməsindən mütəmadi olaraq əziyyətlərlə üzləşmişdir. Ölkədə aktivliyi ilə seçilən 40 vulkan yerləşir. Yaponlar təbiətin onlara göstərdiyi sınaqlara öyrənmişdilər, ondan elə qorxu hissi də keçirmirlər, əksinə, tikdikləri evlərini yüngül materiallardan meydana gətirdiklərindən, yanğın və uçqun vasitəsilə onlar dağıldıqda belə,  onları asanlıqla bərpa etməyi bacarırdılar. Müasir yaponlar isə, şəhərlərdəki uca hündürlükdəki binaları seysmik təhlükəyə cavab verən qaydada tikməklə, zəlzələlərin vurduğu ziyanı minimuma endirməyi müvəffəq olmuşlar.

Təbiət qüvvələri ilə daim mübarizə şəraitində yaşayan yaponlar, cəmiyyətin təşkilində də ziddiyyətlərsiz ötüşməmişlər. Ölkədə iri torpaq sahibləri olan lordlar - sonralar onlar daymyolara çevrilmişlər - meydana gəlmişdir. Avropadakı cəngavərlərə bənzər qaydada, həm də onların mülkiyyətini silahlı müdafiə edən samuraylar silki yaranmışdır. Samuray ağasına öz sədaqəti ilə seçilirdi, onun naminə hətta həyatı ilə vidalaşmağa da hazır idi. Samuray, həm də kəndlinin əsarətdə saxlanması aləti kimi çıxış edirdi, ağasına görə ona hər cür zülm göstərməyə, hətta öldürməyə hazır idi. Yapon kəndlisi Rusiyadakı təhkimçi kəndli kimi torpaqla birlikdə alınıb-satılmasa da, adi hüquqlardan, hətta onların təbii növlərindən belə məhrum idi. Kəndlinin adı da olmurdu, o, yalnız məşğul olduğu fəaliyyət növünə uyğun gələn adı daşıyırdı. Samuraylar isə yüksək təbəqə olduğundan ada və familiyaya malik idi.

Cəmiyyətin belə quruluşu, əhalinin 85 faizini təşkil edən kəndlinin bütöv insan haqlarından kənarlaşdırılması, heç də ziddiyyətsiz ötüşmürdü. Daymyo adlanan lordlar da əlavə ərazi tutmaq naminə bir-biriylə rəqabət aparır, vuruşurdular. Ona görə də XVII əsrin başlanğıcına qədər ölkə vətəndaş müharibələrindən əziyyət çəkmişdi.

Vuruşan qüvvə isə heç də torpaq sahiblərinin özü deyil, samuraylar idi. Bu mübarizənin nəticəsi kimi hərbi hakimiyyəti təcəssüm etdirən syoqunat sistemi meydana gəldi. Syoqunlar hərfi mənada, ilk hərbi komandan olmaqla, tabeliyində olan ərazilərdə yeni dövlət quruluşunun əsası olan hərbi idarəçilik münasibətlərini qurdular, həm də onlar özlərinin hakimiyyətini böyütmək naminə ölkəni birləşdirməyə can atırdılar. Bu vaxt kiçik feodallar, irilərin vassalına çevrilirdi. XIX əsrin III rübünə qədər 265 il hakimiyyətdə olan Tokuqava sülaləsi mərkəzləşmiş dövlət yaratmağa nail olmuşdu, lakin ölkədə kəndlinin istismarı dəyişmirdi, yenə əvvəlki səviyyədə qalırdı.

Göründüyü kimi, Yaponiya, baş verən böyük transformasiyalar hesabına Avropa ölkələrindən tam fərqlənir. Transformasiyalar, idarəetməyə müəyyən düzəlişlər etsə də, ümumi istismar mühitini ləğv etmirdi. Lordların, samurayların, syoqunların meydana gəlməsi heç də kəndlinin əzablı həyatını dəyişdirməmişdi. Ona görə də Avropada Orta Əsrlər 1500-cü ildə başa çatsa da, Yaponiya onun qaranlıq labirintində hələ 2,5 əsr dolanmalı olmuşdu. Feodalizm buxovları yaponları öz caynaqlarından buraxmaq istəmirdi və bu formasiya ilə vidalaşma yalnız XIX əsrin son onilliklərində baş verdi. Buna təəccüblənmək də düzgün deyildir, çünki qonşu Rusiyada da quldarlığın başqa bir növü olan təhkimçiliyin ləğvi, Yaponiyadakı kəskin dəyişikliklərdən vur-tut 7 il əvvəl baş vermişdi.

1868-ci ildə baş verən və Meydzi Bərpası adlanan inqilab ölkədə radikal transformasiyanın baş verməsinə səbəb oldu. Feodalizm quruluşunun əsas dayaqları məhv edildi. Qərb dövlətlərinin müsbət təsiri nəticəsində, ölkənin hərtərəfli modernləşməsi işinə başlandı. Sənaye müəssisələri meydana gəldi, feodalizmin başlıca məhsulu olan samuray silki məhv edildi, təhsil almaq üçün yapon gəncləri Qərb ölkələrinin universitetlərinə göndərildi. Sənayenin diversifikasiyası isə gənc milli kadrlara böyük ehtiyac yaradırdı. Transformasiya

böyük müsbət metomorfozalara, ölkənin əsl modernləşməsinə yol açsa da, mənfi təsirini də göstərməmiş qalmadı. Yaponiya bütün sahələrdə onun diqqətini cəlb edən, əslində, onu valeh edən Qərb lider dövlətlərini təqlid etməyə çalışdığından, Avropanın və ABŞ-ın müstəmləkə siyasətini də davam etdirməyə, öz imperiyasını qonşu dövlətlərin ərazisi hesabına genişləndirmək sahəsindəki niyyətini həyata keçirməyə başladı. XIX əsrin sonunda və XX əsrin ilk dekadasında Çinlə, Rusiya və Koreya ilə qalibiyyətli müharibələr apardı, çoxdankı arzusu kimi Koreyanı özünün müstəmləkəsinə çevirdi.

Yaponiya militarizmə xüsusi diqqət verirdi, yeni tipli silahlara sahib olan müasir ordu yaratmaq qayğısına qalırdı. Burada təkcə imperialist ideyalar deyil, həm də özünü müdafiə etmək qabiliyyətinə yiyələnmək əsas götürülürdü. Qonşu Çin zəif hərbi gücə malik olduğundan "Açıq Qapı" siyasətinə güzəştə getməyə məcbur edilmiş, Avropa dövlətlərinin və ABŞ-ın ölkədə ağalıq etməsinə yol açmışdı. Yaponiya Çinin taleyini yaşamaqdan qorxurdu, ona görə də hərbi quruculuğa, hərbi-sənaye kompleksinin inkişafına, ağır xərclərə səbəb olsa da, daha böyük investisiya sərf edirdi. Ona görə də, qısa müddətdə hərbi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməyi bacarmışdı.

Təəssüf ki, XX əsrin birinci yarısına yaxın müddətdə militarizm dövlətin aparıcı siyasətinə çevrildi, bunun zərərli ifadəsi kimi ordunun hökumətə təsiri, əslində təzyiqi xeyli gücləndi. 1931-ci ildə Yaponiya Çinin təbii resurslarla zəngin olan şimal əyalətini, Mancuriyanı işğal etdi, 1937-ci ildə isə Çinin cənubunda işğal ərazilərini genişləndirməyə başladı. Bütün bunlar, onun Cənubi-Şərqi Asiyanın ağası olmaq iştahını daha da gücləndirdi. 1941-ci ilin 7 dekabrında həddi aşıb, Sakit okeanda ağalığa malik olmaq üçün, ABŞ-ın Havay adalarındakı Pyorl Harbor hərbi-dəniz bazasına ağır zərbə endirdi. ABŞ bir gün sonra, 8 dekabrda Yaponiyaya müharibə elan etdi və 4 il 10 ay davam edən müharibə Yaponiyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndi. Yaponiya Cənubi-Şərqi Asiya ölkələrində tutduqları ərazilərdən və Sakit okeandakı adalardan geri çəkilməyə məcbur oldu.

Yadellinin tarixdə Yaponiya üzərində ilk qələbəsi, ona olduqca baha başa gəldi. Onun şəhərləri tamamilə dağıdılmışdı, sənayesi məhv edilmiş, təslim şərtinə görə ordusu da buraxılmışdı. Yaponiyanın milli təhqirlə üzləşməsi, hərbçi xadimlər arasında seppuku ilə, özünü intihar etmək seriyası ilə müşayiət olundu. Samurayların ləyaqəti qorumağının bu dəhşətli üsulunu, yapon hərbçiləri də özlərinə qarşı tətbiq etdilər.

Daha böyük transformasiya isə II Dünya müharibəsindəki məğlubiyyətdən sonra baş verdi. Bunu mübaliğəsiz olaraq, Milli İntibah adlandırmaq olardı. Viran qalmış ölkə öz yaralarını sağaltmaq kimi ağır bir prosesə başladı. Qalib Birləşmiş Ştatların bu sahədə ona kömək əlini uzatması da olduqca böyük rol oynadı.

Amerikalıların təzyiqi ilə Yaponiya militarizm siyasətini rədd edib, ondan bütünlüklə uzaqlaşdı. Ölkə demokratik dövlət quruluşuna yol açan yeni Konstitusiya ilə təmin olundu. Ölkədə sənayenin və kənd təsərrüfatının bərpasına başlandı, sənaye isə müharibə ərzində daha böyük dağıntılara məruz qalmışdı.

Dünyanın təəccübünə səbəb olan bir hadisə baş verdi, məğlubiyyətdən altı il sonra Yaponiya xarici maddi yardımı qəbul etməkdən imtina etdi. Əlavə on il sonra isə Yaponiya müharibədən əvvəlki sənaye istehsalının səviyyəsini dəfələrlə ötməklə, "yapon möcüzəsinə" imza atdı.

Yaponiya inkişaf etmiş sənaye və texnologiya ölkəsinə çevrildi, bu mühüm sahələr artıq hərbi ehtiyacları ödəmək kimi ağılsız siyasətə xidmət etməkdən bütünlüklə uzaqlaşmış, ixracın xeyli artırılmasına xidmət edən maşınqayırma və elektronika məhsullarının istehsalına keçmişdi. Qısa müddətdə robotlardan istifadə genişlənmiş, bütünlüklə kompüter idarəetməsi ilə fəaliyyət göstərən sənaye müəssisələri yaradılmışdı. Ümumi iqtisadi inkişaf, müharibədən sonra dilənçi şəraitində yaşayan yaponların maddi rifahının xeyli yaxşılaşdırılmasına da səbəb olmuşdu. Sosial şəraiti yaxşılaşmış yaponlar bunun əyani ifadəsi kimi, öz ölkəsinin və dünyanın görməli yerlərini seyr etmək üçün turist səfərlərinə yollanırdılar.

Bu transformasiya həm də yapon xalqının necə böyük enerjiyə və yaradıcı ehtirasa yiyələndiyini göstərdi. Bəzi sənaye sahələrində Yaponiya Avropa ölkələrinin və ABŞ-ı ötüb keçdi. Yapon minik avtomobilləri, məişət texnikası, xüsusilə rəngli televizorlar istehsalında və ixracında öz rəqiblərini geridə qoymağı bacardı. Zəif sənayeyə malik olan ölkələrin vətəndaşları Yaponiyanın istehsal etdiyi videomaqnitofonlara və videokameralara böyük maraq göstərirdilər. Bir neçə musiqi alətini bir alətdə əvəz etməyə imkan verən sintezator icad edildi, karaoke oxumaları əyləncəsi dəbi də yenə yaponların nümunəsi hesabına dünyaya yayıldı.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri