Icma.az
close
up
RU
Yaradan püşkümü atıb Yeni şeirlər

Yaradan püşkümü atıb Yeni şeirlər

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Qardaşxan Haqqararın "Dualar" silsiləsini təqdim edir.

Göy şeiridi mənim şeirim göydə işarələr olmur

Qoy özü hifz eləsin
bizi bir olan Allah
bu haqq nahaq dünyada
haqqa var olan Allah
zərrən ürəyimizdə
yerin ürəyimizdə
görün ürəyimizdən
ərzə nur olan Allah
sözü seçən kəslərə
sözü keçən kəslərə
düzü seçən kəslərə
özü yar olan Allah

***

Təvəkkül böyük Allaha
yanlışımı naxışlayar
yaşatdığı canım ölməz
ömrü şeirə bağışlayar
necə veribsə Allahım
canımı eləcə alar
söz əlində həlak canım
şeirlə ona ucalar
Allahın verdiyi canı
qoymuşam quru yerdə mən
div şüşədə qoyan kimi
qoydum canı şeirdə mən

***

Allahından səbir dilər
saf eşqin yolçuları
axır haqqa qovuşdurar
əsl eşqin yolları
toxtamaz eşq pirgahında
tanrının yer bargahında
azad olar dərgahında
qolu bağlı qulları
yeri dar haqq aşiqinin
göyü var haqq aşiqinin
haqq arar haqq aşiqinin
qələm olan qolları

***

Allaha qurban olum
canda canı yaşadır
adama bu dünyada
o dünyanı yaşadır
kimi alır qoynuna
göz yaşı bir ahunun
qoyur onun boynuna
millətin günahını
çox şükür gah bağlayır
gah açır yollarını
tanrı sınağa çəkir
sevimli qullarını

***

Allahın izni ilə
can verib ölür anlar
anca da yaşamı yox
can verə ölü canlar
namərdin canı çıxır
comərdin qanı çıxır
damardan ani çıxır
an qədər dəli qanlar
kaş qayıdaydım ana
məni sən doğan ana
o an dönəydim Ona
tək O mən qulu anlar

***

Dəli aşiqi Allahın
yazdığı yazı öldürür
üstündə namaz qılınır
oxunur yasin öldürür
baxıb viran taleyinə
tanrı verən taleyinə
vermirsə can taleyinə
olursa asi öldürür
ruhunu göyə qaldırır
yerini göydə saldırır
rəngini göyə çaldırır
özünü asıb öldürür

***

Yaradan püşkümü atıb
işıq və zülmət qatına
verdi mənim taleyimi
ilahi hökmü altına
mən o qatın o qat mənim
ən qatı qatı mənimdi
ən işıqlı yeri mənim
qatı zülməti mənimdi
ondan o yana yolum yox
mənimki o qatacandı
mənim həyatda taleyim
işıqla zülmətəcəndi

***

Məhəbbət sözündən gözəl
söz yoxdu inan Allaha
sevməyənlərə tanrı da
soyuqdu inan Allaha
dilində Allahın adı
ölən oldusa ağlama
ölüm haqqını sevgidən
alan oldusa ağlama
bizdə o sevgi hardandı
Allah sevdiyi tək bizi
biz sevə bilək Allahı
illah da bir birimizi

***

Qüdrətini yoxlamısan
yoxsa bu səsdə ay Allah
bu səsi hansı taledə
salmısan testə ay Allah
bu səs kimin olacaqsa
onu qana salacaqsan
çoxmu canlar alacaqsan
bu səsin üstə ay Allah
bu səsi versən sözümə
göy də verər can sözümə
bir qurban da mən özüməm
təki sən istə ay Allah

***

Təki Allah deyən olsun
o səssənsə bu sənsənsə
taleyimə xoş gəlmisən
əgər haqdan gələnsənsə
bəlkə adın da sevdadı
özün də əsl sevdamsan
məni yer üzündən alıb
göyə verəcək adamsan
Allah şükür aldığına
şükür olsun verdiyinə
görməsəm də inanıram
sənin məni gördüyünə

***

Sevgiyə xələl gətirən
söz deyilməyir Allaha
o qədər mehribandı ki
siz deyilməyir Allaha
ucasan təksən deyilir
Allah böyüksən deyilir
yüksəyə yüksək əyilir
söz əyilməyir Allaha
sözün dadı duzu Allah
özü əymir sözü Allah
.................................
.................................

***

Allah şükür birliyinə
bu yolu mənə vermisən
bu qanada layiq bilib
bu qolu mənə vermisən
kəlməni kəlmə dalınca
düzüb çatdıra bilmirəm
günlərlə yazmadığımı
yazıb çatdıra bilmirəm
dərgahından gələn yolun
bəlkə də özüdü Allah
bu yol oxuya bildiyim
ilahi yazıdı Allah

***

Allah sənə qurban olum
mənə çox görmə bu yolu
dərgahına gələn bu yol
ümidlə inamla dolu
Allah sənə üz tutmuşam
başqa heç kimə sözüm yox
indi qəzaya bax sənə
üz tutmağa da üzüm yox
söz söz öz başına çevir
məndən üz çevirmə Allah
özün qoyduğun bu yolu
sən mənə çox görmə Allah

***

Allahım göy adamının
qəlbində qaralar olmur
göy şeiridi mənim şeirim
göydə işarələr olmur
Allahın hökmü var dinə
peyğəmbər verib hər dinə
dindar adamın dərdinə
türkücə çarələr olmur
yerin min cəncəl qanunu
göyün bir əcəl qanunu
əcəldən macal qanunu
bir kəsə gör olar olmur

***

Yolsuz adamın üzünü
Allah da güldürə bilmir
kor qəlb öz ağlar gözünün
yaşını sildirə bilmir
su gəlir axdığı yerdən
ildırım çaxdığı yerdən
Ürəyin baxdığı yerdən
ağıl heç nə görə bilmir
əvvəl aləmi yaradıb
sonra Adəmi yaradıb
Allah adamı yaradıb
indi də öldürə bilmir

***

Yerdən ruhlar aləminə
bir ruh uçur ilahi
yer üzündən baş götürüb
bir ruh qaçır ilahi
axı yer hara ruh hara
varlığı çəkilsin dara
perikdirib onu qara
guruh o cür ilahi
yer üzündə qara qullar
göy üzündə azad yollar
dərgahında bağlı qollar
qanad açır ilahi

***

Sözüm sözünə yovuşa
ilahi düzüm alına
sözüm sözünə qovuşa
lahi üzü alına
bir günə qoy bu qələmi
qalmaya tabı qələmin
ilhamın təbin qələmin
ilahi sözü alına
nola ilahi düzümün
ola cilası sözümün
ala ilahi özümü
ilahi özü alına

***

Heç dünya deməyib axı
puç dünya deməyib axı
Allah dünyasız darıxıb
ol deyib dünya yaranıb
dünya qoy gülüb oynasın
tanrı baxmaqdan doymasın
dünyanı gözdən qoymasın
onsuz olmasın bir anı
Allah faniliyi vursun
dünyanı qurduqca qursun
dünyalar durduqca dursun
görüm dünyanı quranı

***

Qəlbimə ilahimin
eşqi dolandan uçuram
könlümün pasibanı
quşlar olandan uçuram
sübhü sübh gülşən ara
quşlar lap düşüb damara
boz şəhərdə zil qara
daşlar əlindən uçuram
düşdüm yerə daş kimi
qalxıram göyə quş kimi
ilahidən eşqimi
peşkəş alıb mən uçuram

***

O cani dildən yaradıb
Adəmi gildən yaradıb
min bir könüldən yaradıb
nə cin, nə şeytan olmağa
sınayıb Musaya qədər
həzrəti İsaya qədər
qədəm qədəm aya qədər
ucaldıb insan olmağa
sən Allahı sal yadına
o da çatsın imdadına
qalxmışam insan qatına
Allaha qurban olmağa

***

Allah sən keç günahımdan
bu dünyadan köçüb gedim
özüm öz meyitim üstən
qalib kimi keçib gedim
özüylə apardı yoxdu
bir çöpündə gözüm olsun
beş günlük dünya beş arşın
bezin də özünə qalsın
haram yerlə halallaşıb
haqq ilə üzbəüz gəlim
nahaqla haqq hesab edib
haqqı salama düz gəlim

***

Ölümdən başqa hər şeyin
çarəsi var gözəl Allah
haqqı qoyub nahaqqına
çarə qılar gözəl Allah
bu dünya ki çarəsi var
çarəsi o dünya olar
çarəni çarəsiz qılar
gözəl olar gözəl Allah
çarəsi var hər düyünün
göy çarəsi yer düyünün
nahaqqa haqq verdiyini
gözəl alar gözəl Allah

***

Birinci şeirim də mənim
birinci iş yerim kimi
bir inci şeirim də yerin
ən birinci şeiri kimi
uyudar sözüm duyanı
özgə sözünə uyanı
yazdığım şeir dünyanın
xeyri kimi şəri kimi
bu ilahi səsi Allah
mənə çox görməsin Allah
dünyaya verməsin Allah
mənim şeir şərikimi

Qardaşxan Haqqarar

"Dəyirman" yenidən Azərbaycan dilində Opera və Balet Teatrı Çin Beynəlxalq Forumunda Kamal Hüseynzadənin ilk kitabı çap olundu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see329

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see252

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see243

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see203

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see201

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see196

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see193

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see193

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see192

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see188

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see184

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see183

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see177

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see176

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see174

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see171

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see170

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see170

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see169

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri