Icma.az
close
up
RU
Yaş 30, baxış 60 və ya yaşlanmamış yaşlı…

Yaş 30, baxış 60 və ya yaşlanmamış yaşlı…

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Naxçıvan şəhərində ilk dəfə Bəhruz Kəngərli Muzeyində olarkən rəssamın əsərləri qarşısında heyranlıqdan gəldiyim qənaət belə olmuşdu: yaş 30, baxış 60. Bəli, cəmi 30 il bu gəlimli-gedimli, bir ucu ölümlü dünyanın qonağı olan, ömür pəncərəsindən həyatı, sadəcə, bir qərinədən də az seyr edən rəssamın zamana baxışının, dünyagörüşünün yaşı 60, hələ, bəlkə də, bundan çox olub. Sözsüz ki, Bəhruz bəy Kəngərlinin əsərlərinə tamaşa edən hər bir kəsdə heyranlıq hissi yaranmamış olmaz. Hələ üstəlik onun 30 səhifəlik ömür kitabını vərəqləyib, bu üç onilliyin birini onun uşaqlığına çıxanda, yerdə qalan illərdə bu qədər, həm də bir-birindən gözəl, qeyri-adi əsərlərin yaranmasını zamanın ömrə, yoxsa ömrün zamana sığdırması qarşısında heyrət etməyə bilmirsən. Düşünürsən ki, bu, yalnız Yaradanın yaratdığına verdiyi nadir istedad ola bilər.

Nədənsə, rəssam deyəndə adamın gözləri önündə yaşlı, saçları ağarmış, üzü yaşanan illərin hər birindən bir cizgi almış insan canlanır. Lakin Bəhruz bəy rəssamlığa yeniliklər gətirdiyi kimi, özü də bir çox rəssamlardan fərqli ömür sürdü. Bir əsrdən artıqdır ki, o, qəlblərdə öz gənc portreti ilə yaşayır. İndiyədək çox rəssamın əsərlərinə baxıb, onların yaradıcılığı ilə tanış olub, fəaliyyəti haqqında oxumuşuq. Yaradıcılığa, adətən, kiçikhəcmli əsərlərlə başlayan, gənclikdə daha asan mövzulara toxunub, daha sonralar, yəni püxtələşdikcə fırçasını abidələr, tarixi məkanlar, portretlər yaratmaqda sınayan rəssamları tanımışıq. Lakin Bəhruz bəy yaradıcılığa elə böyük əsərlərlə başlayıb. Onun “Möminə xatın türbəsi”, “İmamzadə”si, “Şəhər məscidi”, “Əshabi-Kəhf”i, “Nuhun qəbri”, həqiqətən də, öz dövrünün gəncliyində fərqli bir gənc olduğundan söhbət açır. Bu rəsmlərdəki çalarlar, rəng keçidləri heç də hər gəncin duyub, düşündükləri ola bilməz. Sözsüz ki, rəssamın abidələrlə zəngin şəhərin – Naxçıvanın sakini olması da onun yaradıcılığını başqalarından fərqləndirib, əlinə fırça alandan ətrafında gördüklərini rəsmlərə köçürməsinə səbəb olub. Elə muxtar respublikada tarixi abidələrin bərpasında orijinal görüntü olaraq Bəhruz bəyin əsərlərinə istinad olunur.

Rəssamın sulu boya ilə çəkdiyi “Qaçqınlar” silsiləsindən olan 30-dək əsəri – “Qaçqınlar”, “Ayaqyalın qadın”, “İki qaçqın qız” və sair... 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdiyi faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlərdə üzlərdəki kədər, doğma ocaq yanğısı necə də poetik çalarlarla əks olunmuşdur! Sanki rəsmlər dil açıb qaçqınlıq acısından, torpaq həsrətindən danışır. Bir-bir baxıb keçdiyim bu rəsmlər mənə sanki bir film təsiri bağışlayırdı.
Sözsüz ki, hər bir rəssamın əsərləri onun dünyagörüşünün, bu həyatı necə gördüyünün, bəzən görmək istədiyinin əksidir. Bəhruz bəyin realist rəssam kimi yetişməsi də, təbii ki, onun həyat hadisələrinə düzgün yanaşmasından doğub. Və onu Azərbaycan rəssamlığına realizmi gətirən Bəhruz bəy Kəngərli kimi bu sənətin tarixinə həkk edib. Hadisələrə ahıl bir insanın gözü ilə baxıb, gənc bir adamın enerjisi ilə gecəsini gündüzünə qatıb yaratdığı saysız əsərlərin müəllifinin 22 yaşlı rəssam olması insanda heyrət doğurur.

1914-cü ilin iyununda Naxçıvanda açılan bu əsərlərdən ibarət ilk böyük sərgisindəki tamaşaçı heyranlığı “İqbal” qəzetinin onun haqqında bu cümləni yazması ilə nəticələndi: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.
Tək realizmmi? Bəhruz bəy portret və mənzərə janrlarında da gözəl rəsm əsərləri yaratmışdır. Onun portretlərinə diqqətlə baxanda özünü sanki canlı insanlarla qarşı-qarşıya durubmuş kimi hiss edirsən. Kömürlə işlədiyi akademik əsərləri və portretləri isə adama möcüzəvi təsir bağışlayır, ağ kağızın üzərində qara kömürlə müxtəlif obrazlar yaratmağın çətinliyi insan zəkasının nələrə qadir olduğundan “söhbət açır”. “Nəhəcir dağları”nın, “Ağrı dağı”nın, “Haçadağ”ın, ümumilikdə isə “Dağlar”ın füsunkarlığı, “Ağaclar”ın, “Bahar”ın, “Payız”ın göz­oxşayan, könülaçan mənzərələri qarşısında heyrət edirsən. Mənzərələrdəki rəng seçimi, təbiilik bir insanın təbiətə necə bağlılığının, onu duyduğunun, hiss etdiyinin göstəricisidir.
“Naxçıvan toyu” bir əsr bundan əvvəlki toylarımızın bugünkülərə nümunə olan mənzərəsini, buradakı milli geyimlər, zinət əşyaları, çalğı alətləri, rəqslər qədim diyarımızın zəngin mənəvi irsini ortaya qoyur. “Naxçıvan gözəli” bu yurdun təbii, boyasız gözəllərindən, “Naxçıvan çaparı” igid, ər oğullarımızdan “danışır”.
2002-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı ilə açılışı olan Bəhruz Kəngərli Muzeyində rəssamın sərgilənən əsərlərindən 61-i orijinaldır. Bundan başqa, muzeydə onun yaradıcılığı boyu cızıb, yəqin ki, sonralar rəsm əsərlərinə çevirmək istəyində olduğu 109 eskiz də yer alır. Bu eskizlər də onun əsərləri qədər dəyərlidir.

Diqqət­çəkən məqamlardan biri rəssamın sərgilənən əsərləri arasında “Yatmış uşaq” silsiləsindən olan 30-dək rəsmdir. Müxtəlif fonlarda, vaxtlarda çəkilmiş bu rəsmlər sirli məqamları ilə insanı düşünməyə vadar edir. Nə üçün bu qədər yuxuda olan uşaq rəsmi, məsum görüntü? Çox düşünmüş və belə qənaətə gəlmişdim ki, bu rəsmlər, bəlkə də, rəssamın duyğularında yaşatdığı övlad həsrətindən doğubmuş?..
Bəhruz Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. O, Naxçıvan teatrında səhnəyə qoyulan 60-dək əsərə, o cümlədən “Ölülər”, “Hacı Qara” , “Pəri-cadu” tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir.
Bəhruz bəyin füsunkar əsərlərinə tamaşa edə-edə Ümummilli Liderimiz Heydər Əliyevin rəssam haqqında söylədiyi fikirləri də xatırlamışdım: “Bəhruz bəy Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm. Xüsusən o ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz əsərlərində əks etdiribdir”.
Naxçıvanda istedadlı insan, unudulmaz şəxsiyyətlərdən biri kimi Bəhruz bəy Kəngərliyə də layiq olduğu yüksək dəyər verilib. Naxçıvan şəhərində rəssamın adını daşıyan muzey və bir zamanlar sərgisi açılan yerdə Rəssamlar Parkı yaradılıb. Rəssamlar Birliyində Bəhruz Kəngərli adına Sərgi Salonu açılıb. Əsərlərinin tam külliyyatı albom-kataloq şəklində hazırlanıb, haqqında sənədli film çəkilib. Şair-dramaturq Adil Babayevin rəssama həsr etdiyi “Yarımçıq şəkil” pyesi tamaşaya qoyulub. 120 illik yubileyinə həsr olunan zərf və marka buraxılıb. Məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb və sair.
Muzeydə rəssamın əsərləri ilə yanaşı, naxçıvanlı rəssamların Bəhruz bəyi düşündükləri, xəyallarında canlandırdıqları kimi portretləşdirdikləri əsərlər də sərgilənir. Rəssama, onun əsərlərinə olan sevgi xalçaçı rəssam Aynurə Əsədullayevanın “Bəhruz Kəngərli dünyası” adlı əsərində isə daha özünəməxsus şəkildə ifadə olunub. Bəhruz bəyin 1911-ci ildə işlədiyi avtoportretinin və onun ətrafında əsərlərinin də ilmə-ilmə xalçaya köçürülməsi rəssama sevginin, əsərlərinə heyranlığın təzahürüdür. Muzeydə sərgilənən kitablar da rəssamın həyat və yaradıcılığının öyrənilməsinə əvəzsiz töhfədir.
Muzeydən Bəhruz bəyin qısa, lakin zəngin ömür yolunun, bənzərsiz yaradıcılığının təəssüratları ilə ayrılmışdım. Yolboyu bir zamanlar çox istedadlı, lakin bir o qədər də sadə insan olan İohann Sebastyan Baxın şagirdinin onun məzarı üstündə söylədiyi fikirləri xatırlayıram: “Bizim qoca o qədər sadəürəkli idi ki, dahiliyinin qiymətindən xəbəri yox idi. Dünyanın tanıyıb onu anlaması üçün aradan, bəlkə də, əsrlərin keçməsi lazım olacaq”.
Bəli, əsrlər sonra Bax musiqisi qarşısında bütün Avropa “diz çökdü”. Düşünürəm ki, Bəhruz bəy Kəngərli yaradıcılığının sirli məqamları bir gün tamamilə tədqiq olunarsa, onun 2 mindən çox itmiş əsəri tapılıb ortalığa çıxarılarsa, bu əsərlər qarşısında isə Qoca Şərqin “diz çökəcəyi” sözsüzdür.
Beləcə, Bəhruz bəy Kəngərlinin əsərləri ilə tanış olandan və onlara doyunca tamaşa edəndən sonra mən də riqqətə gəlib bir portret yaratmaq istədim, lakin fırça və rənglərlə deyil, qələm və sözlə. Buna nə dərəcədə nail olduğumu deyə bilməsəm də, “Yaşlanmamış yaşlı” adlı bir portret yaratdım...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see400

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see248

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see241

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see207

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see205

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see202

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see188

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see180

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see179

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see176

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see175

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see174

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see172

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see172

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see171

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see169

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see165

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see162

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see161

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri