Icma.az
close
up
RU
Yavaş yavaş bizlərə ehtiyac qalmır, oturub əsərlərimizi yazsaq, daha doğru olar Yasəmən Qaraqoyunlu

Yavaş yavaş bizlərə ehtiyac qalmır, oturub əsərlərimizi yazsaq, daha doğru olar Yasəmən Qaraqoyunlu

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün bəşəriyyətin elə bir dönəmindəyik ki, istəyimizdən asılı olmayaraq, siyasət həyatımızın bir parçasına çevrilib. Vaxtilə siyasət çoxumuz üçün uzaq bir anlayış idi - qəzetlərdən oxunan, televiziya ilə izlənilən, gündəlik həyatla əlaqəsi olmayan bir mövzu kimi görünürdü bizə.

1988-ci ildən başlayan hadisələr Azərbaycan xalqını siyasətə çox yaxınlaşdırdı. Məhz bu tarixdən sonra xalqın gündəlik yaşamı siyasətdən ayrı düşmədi. Uzun zaman davam edən 30 illik işğal dövrü, qaçqın-köçkün həyatı, torpaq həsrəti, müharibə illərinin ağrısı və sonunda Vətən müharibəsinin gətirdiyi Zəfərlə gördük ki, siyasət hər birimizin həyatında əhəmiyyət kəsb edir. Bu gün regionda baş verən proseslər fonunda Azərbaycan dünyanın əksər ölkələrinin diqqət mərkəzindədir. Bütün bunlar siyasətin təkcə dövlətin deyil, hər birimizin taleyində nə qədər önəmli olduğunu təsdiqləyir.

Bugünkü müsahibimizi sosial şəbəkə üzərindəki yazıları ilə tanıyırdım və soyadı həmişə maraqlı gəlirdi. Haqqında apardığım araşdırmadan sonra həmsöhbət olmaq qərarına gəldim.

Beləliklə, müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Yasəmən Qaraqoyunludur.

- Yasəmən xanım, uzaq tarixə, kökə söykənən bir dövlətin adını soyad kimi götürmüsünüz özünüzə...

- Qərbi Azərbaycanın Dilican dərəsində yerləşən bölgə həm də Qaraqoyunlu dərəsi adlanırdı. Dilican dərəsi Qazaxdan başlayıb Göyçə gölünə qədər uzanan bölgənin adıdır. Orada yaşayanlar özlərini Qaraqoyunlu hesab edirlər. Uşaqlıqdan analarımızdan, babalarımızdan elə hey eşidərdim ki, Qaraqoyunlular toya getdilər, yasa getdilər, ya bir başqa məclisə yığışdılar. Nənə-babamın dilindən Qaraqoyunlu kəlməsi əskik olmurdu. Lakin ötən əsrin 88-ci ilində torpaqlarımızdan qovulduq. Bir gecənin içində kəndimiz əlimizdən alındı, əhali hərə bir yerə qaçdı, kim hara köçdü, harada qaldı bilinmədi. Kəndimizin əhalisi toplum olaraq bir yerdə məskunlaşa bilmədi. Həmin il Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi idim. Baş verən hadisələr mənə dərin travma yaşatdı. Bir günün içində on yeddi illik həyatım, torpağım, evimiz, Vətənimiz ermənilər tərəfindən əlimizdən alındı, ailəmiz hər şeyini itirmiş qaçqına döndü. O illərdə özlüyümdə düşündüm ki, Qaraqoyunlu eli darmadağın oldu, bəs mən onları yaşatmaq, yenidən birləşdirmək, torpağımıza qayıtmaq uğrunda mübarizəyə səsləmək, Vətəni unutdurmamaq üçün nə edə bilərəm? Xeyli çək-çevirdən sonra Qaraqoyunlu elinin adını soyad kimi götürmək qərarına gəldim. Düşündüm ki, o torpağın insanları davamlı olaraq soyadımı eşitdikcə, öz vətənlərini unutmaz. Beləcə, Qaraqoyunlu soyadı ilə tanınmağa başladım. Düzü, ətrafda bu, o qədər də xoş  qarşılanmadı. Görünür, cəmiyyət buna hazır deyildi. Açıq deyəcəyəm, insanlar soyadımı gülüş obyektinə də çevirdilər. Səbəb də o idi ki, yaşadığımız sovet dövrü bizə türk boy və tayfa adlarını, şəcərələri, nəsilləri unutdurmuşdu.

- Ömrünüzün on yeddi ili o torpaqlarda keçib. Belə baxanda böyük bir zaman kəsiyi deyil. Amma həsrətiniz çox böyükdür...

- Çünki o illəri bir an da olsa, unutmadım. Böyüklərimiz türk  olduğunu heç zaman yaddan çıxarmadılar, türk törəsinə sarıldılar və həmin gələnəklərlə yaşadılar. Biz elat mədəniyyəti, saf bir türk törəsilə yaşayan el-oba idik. Biz heç zaman ermənilərlə bərabər yaşamadıq, ətrafımızda bir nəfər belə, erməni olmadı. Biz nə ərəbləşmişdik, nə farslaşmışdıq. Ata babam kiçik yaşlarından aşıq Ələsgərin dastan gecələrini  dinləyib və ondan eşidib əzbərlədiklərini sonralar biz nəvələrə danışardı. O, canlı bir ensiklopediya idi. Milli folkloru, dastan ədəbiyyatını, nağılları, bayatıları, atalar sözlərini dərindən bilən biri idi. Onun mənim üzərimdə böyük təsiri olub. Qaraqoyunlular hər il yaylağa köç edərdi. May ayının axırında Banu nənəmlə birlikdə o yaylağa qalxardım. Yaylaqlarımız Murğuz, Cantəpə, Soyuqbulaq dağları, bir tərəfi isə Göyçə gölü idi. Köç hərəkət etdikcə, qəribə duyğular oyanardı məndə. Vətən, millət, torpağa bağlılıq duyğusu ilə yanaşı, dərin bir kədər də olardı onların içində. Bəlkə də zamanın gətirəcəyi bir xəbərdarlıq olub o kədər. Qaçqınlıq illərində davamlı olaraq Göyçə gölünü yuxularımda görürdüm. Göyçə içimdəki bir acı, niskildir indi. Vətəni yuxuda görmək çox ağırdır...

- Qonşu dövlətin ərazisində yaşayırdınız, lakin bu yerlərin əzəli Azərbaycan torpaqları olduğundan xəbərsiz deyildiniz yəqin ki...

- Bayaq qeyd etdim ki, biz ermənilərlə yaşamamışıq. Biz onları evimizdə, həyətimizdə tikinti işləri aparanda gətirib işlədərdik. Və o zaman həmin işçilər deyəndə ki, niyə tikirsiniz bu evləri, onsuz da bunlar bizə qalacaq. Biz eşitdiklərimizin fərqinə varmayıb  gülərdik, amma heç demə, Ermənistanda 88-ci ilə hazırlıq hələ o vaxtlardan başlayıbmış. Biz tərəfdə yaşayan ermənilər 60-70-ci illərdə Suriyadan, Livandan, Türkiyədən köçürülənlər idilər və onlar Dilican, İcevan, Çəmbərək rayon mərkəzlərində məskunlaşdırılmışdılar. SSRİ və Ermənistan rəhbərliyi tərəfindən  Avropadan, Fransadan, Amerikadan böyük imtiyazlar vədi qarşılığında aldadılaraq köçürülən ermənilər sonradan buranı tərk etdilər. Biz hər zaman türk olduğumuzu, öz torpağımızda yaşadığımızı bilmişik və kökümüzə bağlı olmuşuq, çünki sovetlərin İrəvanın 20-ci illərdə qonşularımıza verdiyindən xəbərdar idik. Heç zaman bunu nə unutduq, nə də həmin adı qəbul etdik. Burada bir haşiyə çıxmaq istərdim.

- Buyurun...

- 1918-ci ildə İrəvan şəhəri Ermənistan adlandırıldı. Həmin ildə Tiflisdə Azərbaycan, Gürcüstan, Ermənistan öz istiqlaliyyətini elan etdiyi dönəmdə Ermənistan haradır, hara olacaq haqqında heç bir bilgi, təsəvvür yox idi. Çünki nə belə bir tarix, nə ərazi vahidi, nə də torpaq vardı. 1918-ci ildə Batum müqaviləsinə əsasən İrəvan şəhəri və ətrafı ermənilərə güzəştə gediləndə, həmin ərazi Ermənistan adlandı. 1919-cu ildə həm daşnaklar, həm Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransına Zaqafqaziya ölkələrinin sərhədi hara olacaq deyə, memorandum təqdim etmişdi. Torpaq hərisi olan qonşular tərəfindən Azərbaycanın, Gürcüstanın, hətta Türkiyənin çox yerlərinə iddia edilmişdi. Memorandum qəbul edilmədi və nəhayətdə sovet hakimiyyəti yaranandan sonra Ermənistan dövləti quruldu və1920-ci ildən 1988-ci ilə qədər davam etdi.

- 1988-ci ilə qədər davam etdi deyirsiniz, amma həmin dövlət öz ab-havasındadır...

- Fikrinizlə razıyam, amma unutmayaq ki, həmin dövləti SSRİ yaradıb, həmin quruluş artıq 34 ildir dağılıb, təbii ki, Ermənistanın coğrafiyası, ərazisi haqqında qanunlar da, özü ilə birlikdə qüvvəsini itirib, tarixə düşüb. Nədənsə bunun dərinliyinə varmaq istəmirik.

- Köçkün həyatı yaşamağa məcbur olanda birinci kurs tələbəsi idiniz. Necə deyərlər, qanın qaynayan vaxtında olmusunuz. Belə düşünmək olar ki, Milli Hərəkata qoşulmağınızın səbəbi bu olub?        

- Yox... Orta məktəbdə quzeyli-güneyli bütün Azərbaycan yazıçılarının əsərlərini oxumuşdum, çünki filologiya fakültəsinə hazırlaşırdım. Mirzə Cəlil, Hüseyn Cavid kimi yazarların ədəbi yaradıcılığını oxuduqca, artıq bilirdim ki, ömrümü millət davasına həsr edəcəyəm, çünki onların təsiri altında idim. Tələbə vaxtı qaçqın düşməsəydik, Xalq hərəkatı başlanmasaydı, yenə də bütöv Azərbaycan uğrunda mübarizə aparacağımı bilirdim. Millətimin nə istədiyini, kim olduğunu oxuduqlarımdan öyrənmişdim, necə deyərlər, yolumu cızmışdım. Birinci kursda ictimai-siyasi xadim Xudu Məmmədovun dəfnində iştirakımı ilk milli hərəkatım hesab edirəm. Universitetdə qurulmuş "Yurd" Birliyinə qoşuldum və sonra öyrəndim ki, birliyin gizli rəhbəri Əbülfəz Elçibəy olub. Bu birliyin məqsədi Azərbaycan milli abidələrini bərpa etmək, Xudafərin körpüsünü qorumaq, milli mədəniyyəti yaşatmaq idi. Əslində bu, mədəni-kültür hərəkatı idi, milli özünüdərk prosesi başlatmışdı. Elə birinci kursda həmin birliyə qoşuldum. 1988-ci ilin noyabr ayında Meydan hərəkatı başladı və 17 yaşlı bir yeniyetmə ilk gündən meydanda oldu. O gündən başlayaraq indiyə qədər meydandan çəkilmədim və bu yolu davam etdirdim. İstər tələbəlik illərimdə, istər jurnalist kimi çalışdığım zamanlarda, istər AMEA-da elmi fəaliyyətim dövrüdə hər zaman Türk millətinin davasını aparan bir mövqedə olmuşam. Həm elmi, həm siyasi fəaliyyətim bu amala xidmət edir.

- Əbülfəz Elçibəyin hakimiyyəti dövründə AXC-nin ideologiya şöbəsində çalışmısınız. Ətrafındakıların ona nə dərəcədə sadiq olduğunu bilməmiş deyilsiniz...

- Universitet həyatında aktiv tələbə olmuşam, sonuncu kursda Güney Azərbaycan problemində çox aktiv idim. Məqalələr yazır, konfranslar keçirir, siyasi fəaliyyət göstərir, Güney Azərbaycan problemlərini hərəkatın içinə gətirirdim. Bu baxımdan AXC-nin ideologiya şöbəsinə dəvət olundum.

Sualınıza gəlincə, AXC xalq hərəkatından gəlmiş böyük bir təşkilat idi. Təşkilatlanma aşağıdan yuxarıya doğru aparılırdı. Bu baxımdan təşkilatın daxilində fərqli mənfəət qrupları, fərqli siyasi baxışlı birləşmələr olduğundan onlar arasında qarşıdurmalar vardı. Bu, AXC-yə güclü bir dinamiklik gətirirdi, güc qazandırırdı. Elçibəy isə güclü və demokratik lider kimi bu qrupları əlaqələndirirdi, idarə edirdi.

- Əvvəlki cavabınızda Güney Azərbaycan yönümlü olduğunuzu vurğuladınız və 90-cı illərin əvvəlində "Bütöv Azərbaycan" Hərəkatını qurdunuz...

- Həmin vaxtlarda mətbuatda ardıcıl çıxan məqalələrimdə Güney Azərbaycan problemi, onu qazanmaq üçün nə etməli kimi məsələləri qoyurdum və bu yazılarım xeyli oxucu kütləsi qazanmışdı. Qeyri-təvazökarlıq kimi səslənməsin, Güney Azərbaycan probleminin Quzey Azərbaycanda təbliğ edilməsində, siyasi məsələyə çevrilməsində ciddi rol oynamışam. Düzü, o zaman AXC-nin daxilində mənə qarşı xeyli etiraz edənlər, mübarizə aparanlar oldu. Hətta aralarında "Bu xanım Güney Azrbaycandan ona görə danışır ki, Qarabağ məsələsinin bizə unutdursun" deyənlər də vardı. Mənim düşüncəm isə belə idi ki, Qarabağ da, Güney Azərbaycan da bizim torpaqlardır və hər ikisi işğal altındadır. Güney Azərbaycan fəal olmalıdır ki, biz Qarabağı ala bilək. Əgər onlar fəal olarsa, İran hakimiyyəti Ermənistanın yanında ola bilməyəcək. Mən bir millət olmağımızın mücadiləsini aparmışam və nəticəsi də o oldu ki, Güney Azərbaycan məsələsi o zaman bütün siyasi partiyaların proqramına daxil edildi. Bundan sonra Qərbi Azərbaycan uğrunda mübarizəyə başladım.

- Amma Qərbi Azərbaycan daima gündəmdə duran problem olub...

- Elə deməzdim... Qərbi Azərbaycanla bağlı ilk yazım 2005-ci ildəçap olundu. Yazıda belə sual qoymuşdum: Qərbi Azərbaycana qayıtmaq üçün nə etməliyik? Mənim nəzərimdə bu, sadəcə məqalə deyildi, bir dövlət planı idi. Məqalədə addım-addım, mərhələli şəkildə Qərbi Azərbaycan məsələsini başlatmaq, onu qazanmaq, ora qayıtmaq üçün dövlət səviyyəsində nələr olmalıdır kimi maddələri yazdım. Yazandan sonra bir konfrans keçirtdim. Orada da niyə Azərbaycanda Qərbi Azərbaycan məsələsi müzakirə olunmur, niyə partiyaların proqramında bu mövzu əksini tapmayıb, konfranslar keçirilmir, ictimai rəy hazırlanmır kimi suallar qoydum. Açıq deyəcəyəm, o zamanlarda Azərbaycanda Qərbi azərbaycanlılara qarşı münasibət isti deyildi. Cəmiyyət onları bir klan kimi təsəvvür edirdi. Haqqına demək lazımdır ki, bu məsələdə Qərbi azərbaycanlıların öz günahları da vardı. Onlar baş verənləri millət, Vətən deyil, siyasi klan davası kimi təqdim etmişdilər. Mən bu fikri düşüncələrdən sildim və bəyan etdim ki, Qərbi Azərbaycan davası bütöv Azərbaycanın davasının bir parçasıdır. Artıq istəyimə nail olmuşam. Bu gün Qərbi Azərbaycan İcmasının yaradılması, o torpaqlara qayıdış, həmin ərazilərdən deportasiya edilmiş  azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq dövlətimizin qarşısında ən ümdə məsələdir. Mənim üçün Azərbaycanın hər dörd qütbü Vətəndir və bu bütövlük uğrunda mübarizədə həmişə varam.

- Milli azadlıq hərəkatı olmasaydı, siyasətə gəlməsəydiniz, hansı istiqamətdə fəaliyyət göstərərdiniz?

- Orta məktəb illərindən ədəbiyyatı çox sevmişəm. Düşünürdüm ki, filoloq olacağam, bədii əsərlər yazacağam. Amma dövran elə gətirdi ki, fəlsəfəyə gəldim. Fəlsəfə tarixi də, ədəbiyyatı da özündə daşıyır. İndi fəlsəfənin içində millətimi axtarmağa başlamışam. Düşünürəm ki, fəlsəfə sahəsində siyasi fəaliyyət göstərməsəydim, daha uğurlu ola bilərdim. Elm cəmiyyətdən ayrılıb kitablara qapanıb gecə-gündüz çalışmaq tələb edir. Amma Yasəmən Qaraqoyunlu nə edib? Bir tərəfdən kitab oxuyur, o biri tərəfdən narahat olur ki, ölkəmdə bu konfrans keçirilmədi və qaçır onu keçirsin, ay aman, Güney Azərbaycan, Qərbi Azərbaycan, Qarabağ davası qaldı. Siyasət məni məcbur etdi ki, davamlı olaraq meydanda qalım, enerjimin, zamanımın böyük hissəsini siyasi mübarizəyə həsr edim. Yaşadıqlarım məni buna məcbur etdi. Seçim mənə qalsaydı, özümü fəlsəfə sahəsində uğurlu əsərlər yazmağa həsr edərdim. Bu gün artıq siyasətdən uzaq qalmağa çalışıram, yazmağa daha çox üstünlük verirəm. Düşünürəm ki, artıq yaradıcılıq vaxtıdır. Dövlətçilik öz yerini alıb, milli məsələlər dövlət siyasətinin prioritetinə çevrilib. Yavaş-yavaş bizlərə ehtiyac qalmır və oturub əsərlərimizi yazsaq, daha doğru olar.

SÖZARDI: Qarşımda savadlı, həqiqətlərin gözünə dik baxan bir müsahib vardı. Faktlara söykənən cavabları millətini sevən, tarixini bilən ziyalılıqdan soraq verirdi. Son olaraq kəndini hər gün yuxularında görən, Göyçəni içində bir acı, bir nisgil kimi gəzdirən müsahibimə demək istəyirəm ki, Yasəmən xanım, nəyi, necə, nə zaman etmək lazımdır, bunu dövlətimizin başçısı yaxşı bilir. Təki inamımız itməsin...

Tamilla M-ZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see229

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see139

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see132

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see132

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see131

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see130

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see128

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see127

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see125

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see125

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see124

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see120

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see120

Roma Polşa çempionatında çıxış edən futbolçunu transfer etməyə yaxındır

23 Avqust 2025 16:47see119

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

24 Avqust 2025 10:39see119

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see119

Türk professor: İstilik ölüm riskini artıran bir amildir

23 Avqust 2025 21:47see117

40 dan sonra bədəni gücləndirəcək məşq növü adlandırılıb...

23 Avqust 2025 22:36see116

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see116

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri