Icma.az
close
up
RU
Yaxın Şərqdə dağıdılan sərhədlər: sonsuz müharibənin anatomiyası

Yaxın Şərqdə dağıdılan sərhədlər: sonsuz müharibənin anatomiyası

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert

Yaxın Şərqdə baş verən prosesləri anlamaq üçün, həm regionun tarixini, həm də beynəlxalq güclərin strateji yanaşmalarını dərk etmək vacibdir. Son onilliklərdə bu region sadəcə geosiyasi maraqların toqquşma məkanı deyil, həm də böyük güclərin öz metodologiyalarını sınaqdan keçirdiyi bir laboratoriyaya çevrilib. İstər ABŞ və onun müttəfiqləri, istər Rusiya və İran kimi əks-kampaniya yürüdən aktorlar, istərsə də regional güclər - Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı - hamısı bir-biri ilə rəqabət aparmaqla yanaşı, lokal oyunçuları da öz təsir dairələrinə cəlb etməyə çalışır. Bu mürəkkəb struktura həm ideoloji, həm hərbi, həm də etnik və dini parçalanmalar damğasını vurur. Elə bu səbəbdən də bölgədə sabitlik anlayışı uzunmüddətli olaraq qeyri-mümkün hala gəlib.

Amerikanın və onun müttəfiqlərinin regionda apardığı siyasət əsasən "stabilləşdirici xaos" prinsipinə əsaslanır. Bu yanaşmanın mahiyyəti təkcə rejim dəyişikliyi deyil, həm də potensial düşmənlərin güc strukturlarının dağılması, ərazilərinin parçalanması, nəticə etibarilə isə yeni, zəif, asılı və nəzarətolunan aktorların meydana çıxmasıdır. İraqın işğalı, Suriyanın de-fakto parçalanması, Liviyanın dağılması bu strategiyanın klassik nümunələridir. Bu modeldə məqsəd "liberal dəyərləri" ixrac etmək deyil, əksinə, alternativ güc mərkəzlərinin formalaşmasının qarşısını almaqdır. Bu yanaşma rəqiblərin məhvini yox, onların uzunmüddətli zəiflədilməsini hədəfləyir. ABŞ-ın bu kontekstdə istifadə etdiyi metodologiya daha çox münaqişəni sonsuz vəziyyətdə saxlamağa yönəlib - burada nəticə vacib deyil, prosesin özü idarəetmə alətinə çevrilib.

Bu siyasətin daha incə təzahürləri Suriyada, xüsusilə də onun şimal-şərqində müşahidə olunur. Kürdlərin liderliyində yaradılmış "avtonom" strukturların ABŞ tərəfindən dəstəklənməsi həm Türkiyə ilə münasibətlərə zərbə vurur, həm də Suriya mərkəzi hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevrilir. Bununla paralel olaraq İdlibdə radikal qrupların qorunması, bəzən isə onlara dolayı yolla dəstək verilməsi göstərir ki, ABŞ və onun müttəfiqləri bölgədə istədikləri zaman gərginliyi artıra və ya azalda biləcək oyunçular saxlayır. Bu strategiyada etibarlı müttəfiq anlayışı yoxdur, yalnız mövcud taktiki ehtiyaclara cavab verən subyektlər var. Bu da regionda inamı məhv edir, etnik və dini icmaların daha da silahlanmasına, bir-birinə qarşı daha aqressiv mövqe tutmasına səbəb olur.

Druzlar bu mənzərədə maraqlı istisna təşkil edir. Əsrlərdir dağlıq bölgələrdə yaşayan, öz izolyasiyasını qoruyan bu azlıq qrup, müasir dövrdə müxtəlif dövlətlərin oyun meydanında çevik siyasi adaptasiya qabiliyyəti ilə seçilir. Onlar nə tamamilə loyal, nə də tamamilə müxalif mövqedə dururlar. Livanda SSRİ ilə yaxın əlaqələr quraraq siyasi təsir imkanlarını genişləndirmiş, Suriyada BƏƏS partiyasının hakimiyyətə gəlməsində rol oynamış, İsraildə isə bəziləri orduya xidmət etmişlər. Bu çeviklik Druze icmasını həm mövcud sistemlər üçün faydalı edir, həm də öz maraqlarını qorumaqda yardımçı olur. Bununla belə, onların yaşadığı bölgələr - xüsusilə də Suriya və Qolan yüksəkliklərindəki kəndlər - daimi strateji münaqişə zonasında yerləşdiyindən, təhlükəsizlikləri daim təhlükə altındadır. İslamçı qrupların onları mürtəd və ya kafir adlandırması, bəduinlərlə resurs üstündə olan münaqişələr, onları hərbi və siyasi təzyiqlərin daimi hədəfinə çevirir. Yəni druzlar nəinki ideoloji düşmən, həm də praktik rəqib sayılır.

İsrailin 2025-ci ilə qədərki davranışı isə Qərbin ümumi yanaşmasının daha da radikallaşmış formasıdır. Bu dövlət artıq regional balansı nəzərə almır, diplomatik çərçivələri də bir kənara qoyaraq açıq hərbi gücə söykənir. Əvvəllər "öncədən zərbə", "hədəfli hücum", "müdafiə strategiyası" kimi təqdim olunan yanaşma indi açıq-aşkar "gücü ilə qorxu yaratmaq" siyasətinə çevrilib. İranın nüvə obyektlərinə qarşı mümkün hücumlar, Hizbullah və HƏMAS-ın infrastrukturuna endirilən ardıcıl zərbələr, Livan və Suriyadakı mövcudluq bu yanaşmanın bariz göstəriciləridir. Amma paradoks burasındadır ki, bu qədər sərt və sistemli zorakılıq sabitlik gətirmir. Əksinə, təhlükəsizlik hissi daha da azalır, daimi "həyəcan vəziyyəti" formalaşır. İnsanlar özlərini qorunmuş yox, daim hədəfdə hiss edirlər. Müharibə müvəqqəti yox, daimi rejimə çevrilir.

Bu kontekstdə Çin strateji düşüncəsinin - xüsusilə Mao Zedonqun "protracted war" - "sonsuz müharibə" - doktrinasının  yenidən dəyərləndirilməsi baş verir. Mao üçün müharibə uzunmüddətli ola bilərdi, amma onun konkret siyasi məqsədi olmalı idi: xalqın səfərbərliyi, düşmənin tükənməsi, sonda isə qalibiyyət. Amma müasir Yaxın Şərqdə bu nəzəriyyə işləmir. Burada müharibə nəticə üçün deyil, prosesin özü üçün aparılır. Yəni qalib gəlmək yox, münaqişəni sürəkli davam etdirmək əsas məqsədə çevrilib. Bu isə artıq Mao düşüncəsi deyil, daha çox yapon militarist fəlsəfəsinə yaxınlaşır: "Samurayın hədəfi yoxdur, yalnız yolu var". Bu yanaşma - metodologiyanın məqsədə çevrilməsi - müharibənin absurdluğunu açıq şəkildə ortaya qoyur.

Suriyanın özü bu absurdluğun canlı sübutudur. Son zamanlar bu ölkənin sərhədləri kağız üzərində mövcuddur, real idarəetmə isə müxtəlif güclərin nəzarətindədir: Türkiyə, ABŞ, Rusiya, İran, kürd bölmələri, islamçılar. Hər biri öz zonasında öz qaydalarını tətbiq edir. Bu səbəbdən "dövlətçilik" anlayışı formal xarakter daşıyır. Siyasi hakimiyyətlə vətəndaş arasında bağ yoxdur. İnsanlar ya silahlı dəstələrə sığınıb, ya da xaricə qaçıblar. Qalanlar isə yalnız sağ qalmaq uğrunda mübarizə aparır. Bu baxımdan, Suriya regional aktorların "təcrübə poliqonu"na çevrilib.

Livan da bənzər bir taleyi yaşayır. Burada etnik və məzhəbi müxtəliflik sosial sistemi tənzimləyən əsas faktor olsa da, xarici təsirlər ölkənin daxili balansını pozub. SSRİ-nin zamanında Kamal Cumblat kimi liderləri silahlandırması, sonradan İranın Hizbullah vasitəsilə nüfuzunu genişləndirməsi, İsrailin zaman-zaman müdaxilələri, ABŞ-ın sanksiyaları və iqtisadi təzyiqləri bu ölkəni funksional dövlətdən fəlakətə sürükləyib. Bu gün Livanda elektrik, su, səhiyyə, təhsil - heç bir sahə normal işləmir. Druzlar, xristianlar, sünnilər, şiələr - hamısı öz milislərinə güvənir. Yəni yenə də dövlət yox, yalnız icmalar mövcuddur.

Bu mənzərədə ABŞ və müttəfiqlərinin strategiyası, hər nə qədər qısa müddətli taktiki uğurlar qazansa da, uzunmüddətli perspektivdə regionun struktur sabitliyini dağıdır. Demokratiya, insan haqları və azad bazar iqtisadiyyatı adı ilə təqdim olunan siyasət faktiki olaraq güc boşluğu yaratmaqla yeni ekstremistlərin yetişməsinə zəmin hazırlayır. Bu isə "sonsuz müharibə" konsepsiyasını daha da möhkəmləndirir. Çünki qarşı tərəf tam məğlub edilmir, lakin zəif də saxlanılır - bu da daimi təhlükə hissi yaradır və hərbi-siyasi maşının daim işləməsinə əsas verir.

Yekun olaraq qeyd edim ki, Yaxın Şərq artıq geosiyasi xəritə yox, strateji tezislərin və metodologiyaların mübarizə meydanıdır. Burada dövlətlər yox, şəbəkələr, ideologiyalar və maraqlar toqquşur. Müharibə isə təkcə silahla deyil, həm də təbliğatla, iqtisadi manipulyasiyalarla, etnik qarşıdurmalarla aparılır. Nəticədə isə qazanan yoxdur. Müharibə qalib tanımır - o, sadəcə davam edir. Və bəlkə də bu, onun əsl məqsədidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri