Icma.az
close
up
RU
YAZILARI SOLMUŞ VƏRƏQLƏRDƏKİ HƏYAT Rafael Hüseynov yazır

YAZILARI SOLMUŞ VƏRƏQLƏRDƏKİ HƏYAT Rafael Hüseynov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rafael HÜSEYNOV
Akademik

Onda hər mənzildə divarlardan asılı bir radio vardı və gün boyu səslənərdi. Azərbaycanın dörd bucağında belə idi - şəhərlərdə də, ən ucqar kəndlərdə də radio xətti olmayan yer, radiosuz ev tapılmazdı.

Yəqin, o vaxt bütün Sovet İttifaqı boyunca belə imiş və bu da dövlət siyasətinin tərkib hissəsiymiş.

Radio ilk növbədə dövlətin səsi idi, onun siyasəti də, xəbərləri də hər vətəndaşa çatmalıydı. Əlbəttə, qəzetlər də vardı. Ancaq qəzet harasa yetişməzdi, harasa gecikərdi, kimsə oxuyardı, kimsə oxumazdı, radio isə belə idi ki, o səs hər yana uçurdu və görünür, ölkəni tam radiolaşdırmaq da dövlətin siyasətiymiş ki, daim onun xətti, sözü insanlarla birgə olsun.

Radio cəmiyyətə hakim idi. Dan yeri çırtlayandan gecə saat 12-də gün bitənədək açıq idi. Radio günləri dövlət himni ilə başlayıb dövlət himni ilə də bitirərdi. Ancaq radio həm də cəmiyyətdən asılı idi. Yalnız xəbər oxusaydı, təkcə siyasətdən danışsaydı, şübhəsiz ki, insanları yorar və ona qulaq asan da olmazdı, ya lap az olardı. Radionu isə hamı həvəslə dinləyirdi, hamı onun cazibəsində idi. Çünki bu səslər qutusu cəmiyyətdən ötrü hər şey demək idi - həm bilik verən məktəb, həm biliyi olanın savadını daha da artıran universitet.

Radio həm konsert salonu, həm teatr səhnəsi idi, həm qızğın idman yarışlarının getdiyi tamaşaçı dolu stadion, həm bir-birindən maraqlı kitablar, həm də tanınmış şəxsiyyətlərlə görüş yeri. Məhz bu qədər çox vəzifəni daşıdığından radio cəmiyyətə hakim olmaqla yanaşı, həm də ondan asılı idi. Radio onillərcə mötəbər bir məktəb, zövq və səviyyə tərbiyəçisi, yönəldici oldu.

Azərbaycan insanlarının sıra-sıra nəsilləri təhsil aldıqları orta və ali məktəblərdən savayı, həm də hamınınkı sayılan radionun şagirdi, tələbəsi, müdavimi oldular.

Azərbaycan insanı XX əsr boyunca, xüsusən həmin yüzilin ikinci yarısı davam etdikcə həmişə yüksək səviyyəli müştərək mədəni-ədəbi-elmi mühit içərisində olmasına, bu ab-havada yetişib inkişaf etməsinə görə radioya borcludur.

Gün boyu evlərdən səsi kəsilməyən Azərbaycan radiosu insanlarımıza yalnız qulaq yoldaşı deyil, həm də könül hayanı idi.

Zəhmətdən usanmayan arılar çəməndən-çəmənə, çiçəkdən-çiçəyə uçur, zərrə-zərrə topladığını pətəyinə daşıyır, bala döndərir, əməyinin bəhrəsindən özü də qidalanır, insanlara da pay düşür.

Radiomuz var olduğu bir əsrə çatan müddətdə beləcə bir arı yuvası kimi daim qaynayıb və yaşadığı şərəfli ömürlə də millətinki olduğunu çoxdan sübuta yetirib.

Təbii ki, zaman-zaman radioda əməkdaşlar çalışırdı, hazırlanan verilişlər, səsləndirmələr onların əməyi ilə dalğalara dönərək yaxın-uzaq ünvanlara baş alırdı. Lakin radionu hamınınkılaşdıran, bunca sevimli və gərəkli edən o idi ki, burada bütün millətin zəkası, istedadı, qabiliyyəti, həmin üstün keyfiyyətləri özündə birləşdirən parlaq övladları birləşirdi.

Radio bütövlükdə Azərbaycanın qovuşan düşüncə və ilham gücünün bəhrəsi idi, milli radiomuz nəhəng bir sinif otağı, əzəmətli bir tədris auditoriyası, əngin dənizdə nuru heç zaman kəsilməyən mayak idi ki, buradan hər kəsə işıq çatırdı.

Sovet dönəmində SSRİ-yə daxil digər respublikalarda olduğu kimi, Azərbaycanda da hər il mayın 7-si “Radio Günü” kimi bayram edilirdi.

Vaxt gəldi, təqvimə əl gəzdirildi, daha mayın 7-si bizdə “Radio Günü” kimi qeyd edilmədi. Ancaq Radionun bayramı da bayramlığında qaldı. Dəyişən siyasətlər insanların sədaqətli yol yoldaşı radionu xalqdan ayıra bilməzdi ki! Müstəqillik dönəmində Azərbaycan noyabrın 6-sını özünün Milli Radio Günü kimi təqviminə daxil etdi. Azərbaycan radiosunun 1926-cı ildə daimi yayımlarını başladığı gün Millət təqvimimizdə Radio Günümüzə çevrildi və yəqin, bundan belə dalğaları yayılmaqda davam etdikcə həmin gün elə həmişəlik Radio Bayramımız olaraq qalacaq!

Əslində isə radiomuzun yaşı daha əvvəldən başlayır - Cümhuriyyət dönəmindən, 1919-cu ildən.

O çağlar Parisdə, Eyfel qülləsində Avropa Radiostansiyası yerləşirdi. Azərbaycanın da həmin radiostansiyaya qoşulması, öz radiosunun fəaliyyətə başlamasından ötrü razılıq almaq məqsədilə Azərbaycan Məclis-i Məbusanının - ilk parlamentimizin sədri Əlimərdan bəy Topçubaşov (1863-1934) Azərbaycan dövləti adından rəsmi məktublarla Fransa Müdafiə Nazirliyinə, Fransa Xarici İşlər Nazirliyinə müraciətlər etmişdi.

Və 1919-cu ilin noyabrında Əlimərdan bəy Eyfelin zirvəsindəki Avropa Radiostansiyasında idi, oradan Gəncədəki Azərbaycan Radiostansiyasına birbaşa xətlə qoşlaraq hökumətin başçısı Nəsib bəy Yusifbəyliyə (1881-1920) teleqram göndərirdi: “Əziz Vətənimizin iqtisadi və mədəni tərəqqisində böyük rol oynayacaq ilk Azərbaycan radiostansiyasının fəaliyyətə başlaması münasibətilə Sizi təbrik edirəm!”

Sovet dönəmində Radio günü bayram olaraq təqvimlərə 1945-ci ilin 7 mayından etibarən düşdüsə və Sovet İttifaqı ərazisindəki xalqlara radionun ixtiraçısının rus alimi Aleksandr Stepanoviç Popovun (1859-1906) olduğu qəbul etdirilmişdisə də, həmin vaxtlarda bizlərçün qapalı olan Qərb dünyasında və ümumən dünyada bununla bağlı qənaət başqa idi.

Dalğa kimi ötürülərək səsə çevrilə biləcək möcüzəyə çatmaq yolunda dünyanın irəligetmiş ölkələrinin bir çoxunda alimlər ən ciddi çalışmalara başlamışdılar və təqribən aşağı-yuxarı eyni illərdə hamısı öz ixtirasını etmişdi. Ona görə də hər ölkə öz aliminə üstünlük verir, bu ixtirada məhz özünün birinci olduğunu iddia edirdi.

Elektrik siqnallarının naqilsiz ötürülməsini ixtisasca diş həkimi olan amerikalı araşdırıcı Malo Lumis hələ 1866-cı ildə kəşf edərək patentini 1872-ci ildə alsa da, Birləşmiş Ştatlarda bu sahədəki ixtiraçılıq Devid Hyuzla (1878) Tomas Edisona (1876), bir də 1891-ci ildə rezonans transformatorlu ötürücü qurğunu yaratmış Nikola Teslaya (1856-1943) aid edilir. Bir sıra Balkan ölkələri də Teslanı bu sahədə birinci kimi qəbul edib. Almaniyada Henrix Hersi (1888), Fransada Eduard Branlini (1890); Braziliyada Landela de Morunu (1893-1894), Böyük Britaniyada Oliver Cozefi (1894), Hindistanda Caqadiş Çandra Boşeni (1894-1895), Rusiyada Yakov Narkeviç-İodkonu (1890) və Aleksandr Popovu (1895) ilkin sayıblar.

Qərb ölkələrinin əksəri isə ənənəvi olaraq italyan mühəndisi Qulyelmo Markonini (1895-1896) radionun atası hesab edib.

Bu ixtiraçıların hər biri sonsuz ehtiram və sevgiyə layiqdir. Bəzən onlardan hansınısa qabağa çəkərək digərini qırağa qoymağa edilmiş cəhdlər insafsızlıqdır. Axı onların hamısını birləşdirən xoş məram insanlara indiyəcən misli olmamış bir gözəllik bəxş etmək idi. Kimin kimdənsə nəyisə çırpışdırdığını dilə gətirmək də rəva deyil. Onların hər biri ayrılıqda dəyərli araşdırıcılar, məsuliyyətli ixtiraçılar idilər. İxtiraların fərqli məkanlarda, bir-birindən xeyli aralı ölkələrdə təxminən eyni vaxtda baş verməsinin anlatdığı ayrı bir hikmətsə ondan ibarətdir ki, bu, zamanın hökmüymüş, başlanan yeni çağın umacağıymış. Bəşəriyyətin həyatında yeni səhifələr açacaq radionu da, kinonu da XIX yüzilin bitər-bitməzində yeni əsrə ən vacib hazırlıqlardan biri kimi dövr özü yaradırdı.

1896-cı il sentyabrın 2-də Solsberi düzənliyində öz ixtirasını nümayiş etdirərək ilk dəfə radioqrammanı oçağacan ən uzaq sayılan 3 kilometrlik məsafəyə göndərən Markoni əslində çox da uzaq olmayan sabahlarda dalğaların onminlərlə kilometrləri aşaraq səsə və təsvirə çevriləcəyi fövqəladə əyyamların müjdəsini verirdi.

Dünya dəyişirdi, yeni zaman gəlirdi və dünyanın dəyişməsinin, zamanın yeniləşməsinin ən aşkar göstəricilərindən biri elə doğulan radio idi.

Azərbaycan bu tərəfdən də bəxtlidir ki, yeniləşən dünyanın dəyərləri sırasında əhəmiyyətli yer tutacaq radioya sahib olmaq baxımından da o, dünyanın ilkləri sırasında oldu.

1922-ci ildə Amerika Birləşmiş Ştatlarında eyni proqramları ölkə boyu yayan 22 ötürücü stansiya vardı. Elə həmin ilin 15 dekabrında İngiltərə də müntəzəm radio yayımlarını başlayır. Almaniya və Fransa da daimi radio efiri tarixini 1922-ci ildən hesablayır. İtaliya fasiləsiz radio efiri tarixini 2 il sonra - 1924-də başlayıb. Bizə coğrafiyaca ən yaxın və sovet onillərində sıx bağlı olduğumuz Rusiyada ardıcıl sınaq səslənişlərindən sonra 1924-cü ilin 23 noyabrından radionun daimi yayımları başlanır.

Düz ikicə il sonra artıq Azərbaycanın da öz radiosu var. Həm də qısa müddət ərzində təcrübələnərək bu yolu çoxdan gedirmiş təəssüratı yarada biləcək sanballı radiosu. Müvəffəqiyyətin əsas açarı isə bu idi ki, Azərbaycan ziyalılığının ən aparıcı qüvvələri lap əvvəldən radio ilə birlikdə idi.

Və sonra bunun özü də yazılmamış bir qaydaya, üstün ziyalılığın səliqə ilə riayət etdiyi vərdişə çevrildi.

Varlığının bir əsrinin 90 ili ərzində Azərbaycan radiosunun özündə də həmişə sanballı bir ziyalı özək, bacarıqlı qələm sahibləri, iti yaradıcı təfəkkürlü insanlar çalışdı, kənardan da ölkə ziyalılığının müxtəlif yaş nəsillərinə mənsub seçkinlər müdam radioya can atdılar - həm radionun sabit müəllifləri sırasında oldular, həm də radio verilişlərində iştiraka məmnunluqla mail oldular. Ancaq yeni minillikdəki çoxistiqamətli cəmiyyət dəyişmələrinin bir əks-sədası da radiodan keçdi. Ənənə daşıyıcısı köhnə radioçuların hansılarısa həyatdan getdi, hansılarısa yaşlaşıb təqaüdə çıxdı, asta-asta sıralar seyrəldi, radioya yürüdülən tələblər dəyişdi, məzmun da başqalaşdı, keçmişdəki şöhrətli, dinləyicili verilişlərin əksəri qaldı dünəndə, radio bütövlükdə maarifçilikdən daha çox əyləncəliliyə doğru çöndü.

Dünənki radionun xiffətini çəkməyə dəyərmi? O radio o epoxanın övladı idi, o dövrün istəklərindən, ehtiyaclarından doğmuşdu, qarşısında duran vəzifələri də onillərcə şərəflə yerinə yetirdi. Ən mühümü sovet dövlətinin məfkurə silahlarından biri hesab edilsə də, həmişə millətinki olaraq qalmağı bacardı.

Lap bircə kəlmə söz deməyib, şərh də vermədiyi konserti ilə də milli ideyaya xidmət etdi. Hər bazar günü saat 14-də radio Azərbaycan boyu hamını başına yığaraq muğamat konsertini dinlətdirərdi. Hakim sovet ideologiyasının istədiyi əslində bu deyildi. O siyasətin tələbi “sovet xalqları” adlandırdığı və çətiri altında saxladığı millətləri bir-birində əritmək, onların milli özünəməxsusluqlarını tədricən yeknəsəqləşdirmək, birovuzlaşdırmaqdı. Ancaq hər bazar günü muğam səslənirdi, hamı dinləyirdi və hamının o konserti dinləməsində xoşu gəlməkdən daha artıq bir etirazçılıq vardı ki, bu bizik, bu bizə babaların mirasıdır, ondan ayrılan deyilik.

Bazar günlərinin həmin muğamat konserti yenə Azərbaycan radiosunda həmin saatda qalır. Lakin düşəsən Azərbaycan boyu araşdırasan, sorğu aparasan, müəyyənləşdirməyə səy edəsən ki, görən, bəs indi əhalinin nə qədəri həmin saatda radionun yanındadır. Beş faizmi, onmu, ya daha az? Yox, bu, heç bir xəyal qırıqlığı yaratmayacaq, o dövrün öz rəngi vardı, bu dövrün ayrı hüsnü.

Fəqət istənilən halda qoca və həmişəcavan radiomuzdan bugünəcən etdiklərinə, həm də bir çox hallarda bunu etməyin müşkül olduğu çağlarda gerçəkləşdirdiyinə görə sayğımızı və minnətdarlığımızı əsirgəməyək.

Azərbaycan yeddi sovet onili ərzində öz milli kimliyini çox cəhətdən qoruyub saxlamağı bacardısa, dilinin saflığını hifz etməyə qadir oldusa, milləti millət edən ümdə mənəvi sütunlarını yaşada bildisə, bunda radionun xidməti sözəsığmaz dərəcədə nəhəngdir.

Qala divarlarının yanında, o yerdə ki, indi Mirzə Ələkbər Sabirin əzəmətli heykəli hər gün insanlarla üzbəüzdür, ora elə 1926-cı ildə də Sabir bağı idi, amma heykəl bu heykəl deyildi. Orada Sabirin ayaq üstündəki abidəsi ucalırdı, bu, bir Azərbaycan şairinə yüksəldilmiş ilk abidə idi və üstündəki örtük vur-tut 4 il öncə çəkilmişdi. O abidə açılanda Azərbaycan ziyalılığının, Azərbaycanın ovaxtkı rəhbərliyinin təmsilçiləri, böyük şairi sevənlər, onu 15-20 il öncə həyatda görüb həmsöhbət olanlar, “Hophop”un tanışları, dostları yığışmışdılar və yarandığı gündən bəri o bağ ilk dəfə o cür izdihamlı olmuşdu. Ancaq 1926-cı ilin noyabr günlərində həmin bağ elə Sabir heykəlinin açılışında olan sayaq hər gün adamla daşırdı. Bakılıları o bağa çəkən həmin bağla “İsmailiyyə” binasının aralığındakı bir hündür dirəyə bənd edilmiş iri qara reproduktor idi.

“İsmailiyyə”, indiki Elmlər Akademiyası binasının 3-cü qatında yenicə işə başlamış Azərbaycan Radiosuna 3 otaq ayırmışdılar. İlk verilişlər oradan səsləndirilirdi və Sabir bağındakı reproduktorun yanına toplaşanlar diktorun oxuduğu xəbərləri, arada səslənən musiqiləri heyrət və heyranlıq içində dinləyirdilər.

Ömrünün ilk günlərini yaşayan Azərbaycan radiosu “Danışır Bakı” deyirdi. Ömründə ilk dəfə radio görüb-eşidən insanların arasında elə sadədillər də vardı ki, bunu elə, doğrudan, Bakının, Azərbaycanın danışması kimi anlayırdılar.

İndi, aradan bir əsr ötürkən birinci dəfə radio eşidən o insanlara “sadədil” deyirik.

Amma məgər zahirən sadəlövhlük təsiri bağışlayan həmin düşüncələri ilə insanlar haqlı deyildimi?

Məgər danışan elə gerçəkdən Bakı, Azərbaycan deyildimi?

Ogünəcən camaat məşhur xanəndə Cabbar Qaryağdıoğlunu (1861-1944) toylarda, el şənliklərində, Filarmoniyadakı Şərq konsertlərində oxuyan görmüşdü. İndi isə diktor elan edirdi ki, Cabbar oxuyacaq və o qara reproduktordan yayılan səs bağı doldururdu, qala divarlarını aşıb İçəri şəhərə doğru havalanırdı.

Hələ 1926-cı ilin noyabrı idi, hələ çalğıçılar, oxuyanlar mikrofon qarşısında dayanıb oxumurdular, hələ səsləndirilən vallar idi. Bir neçə ay sonra “İsmailiyyə”nin üçüncü qatında radio üçün ayrılmış otaqlardan biri, ən iri olanı xalılarla döşənəcək, hər gün çalğıçılar, oxuyanlar gəlib növbə ilə mikrofon qarşısına keçəcək, çalıb-oxuyacaq və Sabir bağına toplaşanların sayı həmin oxuların, çalğıların həvəsinə birə-beş artacaq. Amma aylar ötdükcə Bakının bir neçə başqa yerində də belə reproduktorlar asılacaq və asta-asta radionun səsinin gedib yetişdiyi nöqtələr daha uzaqlarda olacaq.

Radionun o tək studiya otağında döşəməyə xalılar salıb divarlara məxmər örtüyü yaraşıq üçün çəkməmişdilər. Məqsəd yaraşıqdan əvvəl səsin daha keyfiyyətli alınması, xalıların kənar küyləri udması idi. İlk addımlarını atdığı o günlərdə radionun varı-yoxu bircə dəftərin bir neçə səhifəsindəki qeydiyyatla tamamlanırdı. Onda, 1926-cı ilin son aylarında, 1927-ci ilin əvvəllərində radionun fonotekası cəmi 40-ca valdan ibarət idi. Hələ lent yazılışlarının başlanacağı illərə çox qalırdı. Bütün çıxışlar da, musiqi də canlı idi.

Radiomuz o günlərdən 100 yaşına çatanadək nə qədər zənginləşib sualının cavabı qarşı-qarşıya qoyulan ikicə rəqəmdədir. Yolunu başlayanda Azərbaycan Radiosunun 40 valı vardı, bu gün səs xəzinəmizdəkilərin sayı 140 mini çoxdan aşıb, 200 minə yaxınlaşmaqdadır. Bu isə misilsiz bir sərvətdir. Millətin səs irsi!

...1970-ci illərdə Azərbaycan radiosunun köhnə diktorlarından olan Soltan Nəcəfovla (1911-1981) tez-tez görüşərdik. Ayrı-ayrı verilişlərə vaxtaşırı qonaq olar, xatirələrini söylərdi. Əruzlu şeirlər oxumaqçün də aktyorlardan daha çox məhz Soltan müəllim dəvət edilərdi. Səbəb bu idi ki, Soltan müəllimin həm səsi cazibəli idi, əski şeirlərin ruhu ilə daha uyğun gələrdi, həm də köhnə şairlərin şeirlərini vəzni sındırmadan, daha düz oxuyardı.

O dövrdə Soltan Nəcəfova da, elə radiomuza da “qocaman” deyərdik.

Mənim bəlkə də haqqım vardı. Çünki özüm çox gənc idim. 20-21 yaşım vardı. Ancaq məndən qat-qat yaşlılar da Soltan müəllimi “qocaman” deyə təqdim edirdilər axı!

Ancaq Soltan müəllim də, sən deyən, yaşlı deyildi, 60-nı təzəcə başa vurmuş, heç 70-nə çatmamışdı. Radio isə ondan da gənc idi - yaşı 50-nin həndəvərində idi. Amma hər ikisi də artıq klassik kimi qavranılırdı. Çünki ovaxtacan radiomuz da, onun ilk diktorlarından biri Soltan Nəcəfov da şirin hekayətləri olan maraqlı bir yolu arxada qoymuşdular. Ancaq nə qədər ki Soltan Nəcəfov həyatda idi, xatirələrini bölüşürdü, sanki uzaq tarix də yaxınlaşırdı, radiomuzun ilk illəri adama lap yaxın görünürdü.

Soltan Nəcəfov radiomuzun ən köhnə diktorlarından idisə də, ilk deyildi, ondan qabaq diktorlarımız olmuşdu. Mikrofon qarşısında dayanmış ilk kişi diktorumuz o çağlarda Politexnik İnstitutunda oxuyan İsmayıl Əlibəyov (1902-1988) olmuşdu. O, radioya 1927-ci ilin iyununda birinci dəfə qədəm basmışdı, bir il sonra isə radiodan ilk milli qadın diktorumuzun da səsi gəldi.

Bu, Bakıya Salyandan gələrək Azərbaycan Dövlət Darülfünunundakı Hüquq-iqtisad fakültəsində yenicə təhsil almağa başlamış Raya İmanova idi. Onun radioya gəlib çıxmasına səbəb elə qonşusu İsmayıl Əlibəyov olmuşdu. Təsadüfən söz düşür, Raya İsmayıla iş axtardığını bildirir. İsmayıl da qayıdır ki, bilirsən, indi bu, çətin məsələdir, gərək əmək birjasına müraciət edəsən, sənədlər verəsən, sonra da oturub gözləyəsən haçan çağıracaqlar. Ancaq bir başqa münasib yol da var.

Həmin daha qısa və əlverişli yolun da nədən ibarət olduğunu İsmayıl Rayaya başa salır. Deyir ki, mən Xalq Rabitə Komissarlığı nəzdindəki Radio Mərkəzində işləyirəm. Diktor bir mənəm, bir də rusca mətnləri oxuyan bir qadın var. Azərbaycanca mətnləri oxuyacaq qadın diktorumuz yoxdur. İndi diktora çox ehtiyac duyulduğuna görə bu işə əmək birjasını aşaraq, elə birbaşa müsabiqədə iştirak etməklə girmək mümkündür.

İsmayıl bunu da əlavə edir ki, sən həm savadlı qızsan, həm də, baxıram ki, nitqin də aydındır, səsin mikrofona yaxşı yatacaq.

Bir neçə gün sonra Raya İsmayılla birgə artıq “İsmailiyyə”də, orada Radio Mərkəzi ilə ayrılmış 3 otaqdan birində idi. Onu yoxlayan münsiflər 3 nəfər idi. Üzeyir Hacıbəyli və təzə ayaq tutan radionun 2 işçisi - diktor İsmayıl Əlibəyovla texniki şöbənin müdiri İosif Qotlib. Əvvəlcə söhbət edirlər, mətnlər verib oxutdururlar, “o biri otağa keç” deyərək səsinə mikrofondan da qulaq asırlar və qərarları da bu olur ki, “sabahdan işə çıx”.

Çox keçməyəcək, Raya İmanova diktor kimi şöhrətlənəcək və lap az sonra Azərbaycan radiosunun bu ilk qadın diktorunun adına da, soyadına da yüngülvari əl gəzdiriləcək. Bunu edən də Cəfər Cabbarlı olacaq.

Söz yox, bu sevimli şeirin əvvəlinci misraları səslənincə ardı yaddaşınızda əks-sədalanacaq.

Qaranlıq gecədə səni gözləyib

Durmaqdan yoruldum, ey dan ulduzu!

...Oxşatdım, yanıldım, könül verdim mən,

Bilmədən vuruldum, ey dan ulduzu.

Arxasınca qoşdum sonsuz bir yola,

Hər addımda tuş gəlincə bir kola,

Qaranlıqda çox baxındım sağ-sola,

Hər yana buruldum, ey dan ulduzu!

Büsbütün yorulub gücdən düşərkən

Bir ulduz parladı uzaq üfüqdən.

O görünən səndin, artıq gəldin sən,

Axır səni buldum, ey dan ulduzu!

Bu sətirlər parlaq Cəfər Cabbarlının qələmindən çıxıb. Elə Cəfər özü də ədəbiyyatımızın, mənəvi həyatımızın səmasında bərq vuran bir dan ulduzu kimi idi. 1920-1930-cu illər mədəniyyətimizin hansı səmtinə üz tutursansa, oradan Cəfər Cabbarlı sorağı gəlir. Və Cəfər özü də hansı sahədə görünürsə, oraya mütləq yeni olan nəyisə gətirir.

Teatr mühitimiz çağlayır və bu təlatümü yaradanların önündə gənc Cəfər gedir. Bədii kinomuz oturuşmağa, gücünü artırmağa, uğurlu sözünü deməyə başlayıb və burada da Cəfər qabaq sıradadır. Radiomuzun xalqla təmasları dərinləşir, mikrofon qarşısında mütəmadi dayananlardan biri Cəfərdir.

Elə Cəfərin “İsmailiyyə”yə növbəti gəlişlərindən birində Radio Mərkəzinin Ədəbi verilişlər bölümünün rəhbəri olan Məmməd Səid Ordubadi onu diktor Raya İmanova ilə tanış edir.

Cəfər Cabbarlının bütün başqa məziyyətlərindən savayı bir gözəlliyi də dilimizin saflığına çalışması, Azərbaycan türkcəsini səslənişi ağır ərəb-fars kəlmələrindən bacardıqca xilas edərək onları öz kökdən gələn sözlərimizlə əvəz etməsi, məlum söz yatırımızdan qaneedici qarşılıqlar tapılmayanda yeni uğurlu sözlər yaratması idi. Cəfərin söz yaradıcılığının bir yönü də adlar sarı çevrilmişdi. Bu gün Azərbaycanda sayı-hesabı bilinməyən Sevillərin də, Yaşarların, Dönməzlərin də ilkinini Cəfər yaratmışdı, onun qələmində doğulmuş bu adları ən birinci daşıyan onun ədəbi qəhrəmanları olmuşdu.

Azərbaycanın milli radiosundakı ilk qadın diktorun adı və soyadı canında bu yenilikçi və təmizləyici şakər olan Cəfər Cabbarlının döşünə yatmır. Axı səsindən savayı bu diktorun adı və soyadı da hər gün efirdən eşidilirdi: “Raya İmanova”. Təbii ki, adın və soyadın əvəzində yenisini təklif edən deyildi. Söyləyir ki, əvvələn, soyadınızı İmanova yox, bundan sonra İmanzadə deyin və yazın. İkincisi də, “Raya”, yəqin ki, sizin adınızın qısaldılmış şəklidir. Ola bilsin ki, adınızın əsli “Rayihə” imiş, amma sevərək, əzizləyərək uşaqlıqda sizi “Raya” çağırıblar, ad da beləcə qalıb. Qoy bundan sonra ad-soyadınız radiodan Rayihə İmanzadə kimi elan edilsin.

Beləcə, Cəfər Cabbarlı iki daş arasında, bir-iki dəqiqəlik söhbət əsnasında, elə ayaqüstü daha bir faydalı işini görməyə macal tapır, Raya İmanova o gündən dönüb olur Rayihə İmanzadə.

Və bu danışan həmin Rayihə xanımdır. Bu səs yazısının yaşı 60 ildir və ilk qadın diktorumuz bu xatirələrində 1920-ci illərin sonlarında, 1930-cu illərin lap əvvəllərindədir. Danışdıqca bizi də o günlərə aparır: “RV stansiyasının açılışı 29-cu ilin axırında oldu. Müslüm Maqomayev (1885-1937) buna bir marş həsr elədi. O təzə studiyada birinci dəfə o “RV8” marşı çalındı. Mənim çox yaxşı yadımdadı Məmməd Səid Ordubadi, biz ona Mirzə deyərdik. O, çox tez-tez səhnəciklər yazardı. Hər bir kampaniya keçirilirdisə, hər bir bayramlar, hər bir əlamətdar günlər olurdusa, səhər o, səhnəcik, ya bir ədəbi veriliş yazıb gətirərdi. Çox, olduqca səmərəli işləyən bir ədib idi. Özü də o, həmişə biz diktorlara baxardı, hərənin özünə xas olan rollar yazardı”.

Böyük Müslüm Maqomayevin indi çoxlarına bəlli olmayan bir təxəllüsü də varmış: “Çahargah”. Muğamlar içində ən çox sevdiyi “Çahargah”mış, bəstələrində də “Çahargah”a vaxtaşırı müraciət edərmiş. Ona görə də bu muğamı dostlar onun adıyla qoşalaşdırıbmışlar. Ancaq Müslüm Maqomayev 1929-cu ildə radioda bədii rəhbər olduğu dövrdə yaratdığı bir musiqi incisi ilə elə möhür vurub ki, nə qədər radiomuz var, onun adı həmişə radiomuzla birgə çəkiləcək.

1929-cu ildə radiomuz 3 yaşına çatırdı. Ancaq bu 3 il ərzində istər texniki təchizatı, istərsə də bədii səviyyəsi, verilişlərin keyfiyyəti baxımından bir neçə 3 ilə sığacaq qədər inkişaf etmişdi.

Köhnə radioçular danışırdı ki, məhz 1929-cu ildə radionun həyatında kəskin dönüşün başlanmasının əsas təkan nöqtələrindən biri RV8 radiostansiyasının istifadəyə verilməsi oldu. Buna qədər RV8-dən müqayisəedilməz qədər zəif olan RV47 stansiyasından istifadə edilirmiş. Stansiyanın ötürücülük gücü aşağı olduğundan verilişlərə Bakının yalnız məhdud bir dairəsində qulaq asmaq mümkünmüş.

1929-cu ilin sonlarında Radio Mərkəzi “İsmailiyyə” binasından Bakı Baş Poçt-Teleqraf binasına köçür. Həm qat-qat güclü RV8 stansiyasının işə düşməsi, həm yeni binadakı daha uyğun iş şəraiti, həm radiodalğaların yayılış əhatəsinin artması yaradıcı kollektivi daha da ruhlandırır.

Konsertlərin, bədii proqramların saatı artmağa üz qoyur. Bakı və ətrafında reproduktorların quraşdırıldığı məntəqələr də çoxalır. Radioya yeni nəfəs gəlmişdi və sevincli günlərdə Müslüm Maqomayev də yeni radiostansiyanın şərəfinə “RV8” adlandırılacaq və ilk səslənişindən də qan qaynadacaq, hər kəsin qəlbinə yatacaq, onillər sonra da təravətini itirməyəcək radio marşını bəstələyir.

Qismət elə gətirmişdi ki, “Axşam görüşləri”, “Nəğməli ömürlər” verilişlərimi montaj etdiyim vaxtlarda bir neçə dəfə təsadüfən unudulmaz Soltan Nəcəfovla rastlaşmışdıq. Elə dəhlizdən keçəndə tanış melodiyanı eşidərək montaj otağına daxil olmuşdu, əyləşib həmin radio marşını dinləmişdi və hər dəfə də mütəəssir olmuşdu.

Bu marş bizimçün sadəcə gözəl, qəlbəyatan musiqi idi.

Onunçünsə bu musiqi ömrün bir daha qayıtmayacaq, sabahlara arzu və ümidlərlə dolu gənclik parçasıydı.

Bu melodiya ondan ötrü köhnə, munis çöhrələrlə yenə üz-üzə qalmaq fürsəti idi...

Azərbaycan Radiosunun səsləndiyi illər boyunca həmişə musiqi və ədəbiyyat istiqaməti yüksək səviyyəsi ilə seçilib, örnək ola bilib, zövq, dəb, üslub diktə edib. Həmişə də bu redaksiyalarda sanballı ədiblər, istedadlı qələm ustaları, səriştəli, qabil musiqiçi və musiqişünaslar çalışıb. Bünövrədən ənənələr elə gəlib ki, bu sağlam xətdən kənara bircə addım atmaq belə mümkünsüzləşib. Səbəb sadədən-sadədir. Azərbaycan radiosu yolunu başlayanda musiqi sahəsinə Müslüm Maqomayev, ədəbi işlərə isə Məmməd Səid Ordubadi rəhbərlik etdi. Onların yaratdığı mükəmməl özüldür ki, sonra onillərcə işlək qaldı.

Unudulmaz Soltan Nəcəfov ilk müəllimlərindən saydığı Müslüm Maqomayevin radio illərini həmişə xüsusi həyəcan və riqqətlə xatırlardı. Soltan müəllimlə mən bu söhbətimizi lentə alanda 1975-ci il idi, hələ tələbə idim və o il Üzeyir bəylə Müslüm bəyin 90 illiyi bayram ediləcəkdi.

O iki dahi sənətkarla ünsiyyətdə olmuş insanları danışdıraraq xatirələrdən ibarət iki ayrıca veriliş hazırlamışdım. Həmin xatirə söyləmişlərin özləri hamısı çoxdan xatirədir. Səslərsə qalır. Düyməni basınca adam canlanır, Soltan Nəcəfov sanki yanımızdaymış kimi danışmağa başlayır: “Müslüm Maqomayev 1928-ci ildən 1933-cü ilədək radioda bədii rəhbər vəzifəsində işlədiyi müddət ərzində müxtəlif janrlı konsertlərin efirdə qüsursuz səslənməsinə, konsert proqramlarının yüksək məzmunlu olmasına böyük diqqət verərdi. Ara-sıra konsert ərəfəsində bəstəkarın ifaçılarla şirin yaradıcılıq söhbətlərinin şahidi olmuşam. O, bəzən məşq zamanı gənc ifaçılara dəyərli məsləhətlər verərdi. Müslüm Maqomayev təşkilati işlərlə yanaşı, yaradıcılıqla məşğul olmağa da vaxt tapırdı. Onun bəstələdiyi “RV8” radio marşı, “Azərbaycan çöllərində”, “Karvan, Şüştər”, “Şəlalə” rapsodiyaları, “Neft, mazut ordusu” və başqa mahnıları radioda xidmət etdiyi illərin məhsuludur. O zaman radioda ədəbi rəhbər vəzifəsində çalışan yazıçı Məmməd Səid Ordubadi ilə Müslüm Maqomayevin sıx yaradıcılıq əlaqələri və səmimi dostluq münasibətləri vardı. Belə ki, Müslüm Maqomayevin bəstələdiyi “Yaz”, “Kolxozçular marşı”, “Bizim kənd” və başqa mahnılarının sözlərini Məmməd Səid Ordubadi yazmışdı. Eləcə də həmin illərdə Məmməd Səid Ordubadinin qələmə aldığı “Aprel gəlini”, “Altı nömrəli otaq” və “Çobanlar” radio səhnəciyinin musiqi tərtibatını Müslüm Maqomayev vermişdi. Bu radio səhnəciyinin maraqlı yaranma tarixi ilə sizi tanış etmək istəyirəm. “Çobanlar” mənzum radio səhnəciyində Azərbaycanın yoxsul kəndlilərinin müsavatçılara qarşı mübarizəsindən bəhs olunurdu. Əsərin baş qəhrəmanları kəndli qızı Nərgiz və çoban Əlyar idi. Müslüm Maqomayev bu radio səhnəciyi üçün orijinal musiqi parçaları bəstələmişdi. Əsər 1932-ci il aprelin 28-də efirdə səsləndi. Kəndli qızı Nərgizin parlaq obrazı bəstəkara yaradıcılıq ilhamı verdi. O, bu fikri Məmməd Səid Ordubadiyə söylədi. Fikir bəyənildi. 1933-cü ildən “Nərgiz” operası yazılmağa başlandı. 1935-ci il dekabrın 24-də isə “Nərgiz” operasının ilk tamaşası böyük müvəffəqiyyət qazandı”.

...Radionun ilk illərində hər gün verilən konsertlərin proqramları makinada çap olunurdu, təsdiqlənirdi. Konert oldu, bitdi, növbəti gün, yeni konsertlər gəlirdi və sanki dünənki, srağagünkü konsert elanı proqramları əhəmiyyətini itirirdi. Axı o vərəqlərdə zahirən xüsusi diqqətə layiq bir şey yoxdu. Konsertin günü, radioda hansı saatda səslənməsi, hansı ifaçının nəyi oxuyub çalması. Vəssəlam! Xəsis sətirlər. Radioda o kağızların hamısını yığıb saxlasaydılar, 3-4 ildən sonra oralarda tərpənməyə yer olmazdı, heç saxlamağa lüzum da yoxdu. Odur ki, atırdılar gedirdi. Soltan Nəcəfovsa illərin saraltdığı həmin vərəqlərin hamısını ömrünün sonunacan ən əziz yadigarlar kimi qoruyub saxladı. Başqalarının nəzərində sadəcə ayrı-ayrı musiqi nömrələrinin elanından ibarət bu vərəqlərin hər biri Soldan müəllimçün xatirələr dağarcığı, qərib dünənlərdə sayrışan yaddaş adalarına aparan bələdçilərdi.

Hər adı oxuyunca o gün o saat bütün ayrıntılarıyla hafizəsində dirçəlirdi, Soltan müəllim başlayırdı gah Seyiddən, gah Zülfidən, gah Qurbandan, gah Yavərdən sıra-sıra xatirələri nağıl etməyə, elə bil bu saralmış, üstündəki yazıları solmuş vərəqlər ömür səhnəsinin qalın pərdəsiymiş, çəkilincə ardındakı dünənki həyat bütün rəngləri və çalarlarıyla göz önündə sayrışırdı, axarındaysanmış kimi canlanırdı...

10 iyul 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 16 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see536

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see162

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see119

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see114

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see113

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see113

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri