Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: çağdaş siyasi yanaşma
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
I SİLSİLƏ
Təhlükəsizlik konsepsiyası və yeni konseptual doktrina
IV MƏQALƏ
Böyük Qayıdış və sosial inkişaf
Dövlət başçısının qurultaydakı nitqində strateji prioritetlər sırasında iqtisadi və sosial inkişaf vurğusu ayrıca yer tutmuşdur. O cümlədən Qarabağ və Şərqi Zəngəzurun inkişafı məsələsinə diqqət yönəldilmişdir.
Konseptual doktrina baxımından sosial-iqtisadi istiqamətin əhəmiyyəti böyükdür. Çünki bu, Azərbaycanın faktiki olaraq sosial dövlət kimi inkişaf etmək xəttinin çox ciddi strateji mahiyyət kəsb etdiyini göstərir. Əlbəttə, burada təhlükəsizlik konsepsiyasının bütün şərtlərini kompleks şəkildə nəzərə almaq zəruridir. Yeni təhlükəsizlik konsepsiyasında siyasi, hərbi, strateji müttəfiqlik və tərəfdaşlıq kimi məqamlar əhəmiyyətli yer tutur. Bununla yanaşı, hər bir sfera üzrə daxili inkişaf məsələsi mühüm prioritet istiqamətdir. Onun tərkibində, təbii ki, bütövlükdə ölkənin iqtisadi və sosial inkişafı xüsusi əhəmiyyətə malikdir.
Bu kontekstdə “Böyük Qayıdış” strateji xarakterli konsepsiyadır ki, yeni konseptual doktrinanın bünövrəsində dayanan konsepsiyalar sırasındadır. Eyni zamanda, “Böyük Qayıdış” bu konsepsiyanı həyata keçirən dövlət proqramıdır. Həmin anlamda o, ideya olmaqla yanaşı, konkret icra olunan layihələrin toplusudur. Deməli, “Böyük Qayıdış” yeni konseptual doktrinanın tərkib hissəsi kimi konkret məzmun və məqsədli prinsiplər, hədəflər və prioritetlər sistemidir. Onun 3 əsas komponenti vardır:
– Vətəndaşların öz yurdlarına dönməsi (demoqrafik aspekt);
– Regionun bərpası (quruculuq aspekti);
– Regionun sosial-iqtisadi reinteqrasiyası (Azərbaycan miqyasında sosial və iqtisadi bütövləşmə).
Bu üç aspektin vəhdəti “Böyük Qayıdış”ın nəzəri-konseptual tərəfi ilə yanaşı, praktiki-tətbiqi cəhəti üçün də çox maraqlıdır. Proqram kimi layihə əməliyyatları olaraq o, konkret tikinti, infrastruktur, mənzil, sosial dəstək və investisiya üzrə fəaliyyətləri ehtiva edir. Prezident İlham Əliyev bununla bağlı VIII Qurultaydakı nitqində ifadə etmişdir: “Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək”.
“Böyük Qayıdış”la əlaqəli Prezident İlham Əliyevin müəyyən etdiyi və şübhəsiz ki, yeni konseptual doktrinanın tərkibinə daxil olan başqa bir vacib məqam da mövcuddur. Biz Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) verdiyi müsahibədə ifadə etdiyi tarixi bir tezisi nəzərdə tuturuq. Dövlət başçısı həmin müsahibədə demişdir: “Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün”.
Ölkə rəhbəri bu regional inteqrasiya və inkişaf modelinin konkret məqamlarını çıxışları və nitqlərində vurğulamışdır. Aşağıdakı 4 istiqamət Azərbaycan lideri tərəfindən müəyyənləşdirilmişdir. Onlar birbaşa yeni konseptual doktrina kontekstində strateji xarakterli mühüm fəaliyyət istiqamətləridir.
“Naxçıvan sinerji”sindən inkişaf modelinə
Azərbaycan Prezidenti Naxçıvan-Şərqi Zəngəzur-Qarabağ inteqrativ sosial-iqtisadi məkanının formalaşdırılması ilə bağlı ifadə etdiyi fikirlərlə yanaşı, bu konseptual mahiyyətli məqsədə çatmanın dörd konkret istiqamətini də müəyyənləşdirmişdir.
Birincisi, vahid idarəetmə və planlaşdırma istiqaməti. Burada əsas xətt azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan müasir idarəetmə forması və yenidənqurma təcrübəsinin Naxçıvan Muxtar Respublikasında da reallaşdırılması ilə bağlıdır. Həmin kontekstdə dövlət başçısı ayrıca ifadə edir ki, azad olunmuş bütün şəhərlərin Baş planları təsdiq edildiyi kimi, Naxçıvan şəhərinin də yeni Baş planı hazırlanmışdır, yəni dövlət artıq konkret addımlar atır.
İkincisi, nəqliyyat və Zəngəzur dəhlizi istiqaməti. Bu istiqamətin əsas ideyası belədir: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birbaşa birləşdirəcək nəqliyyat xətləri inteqrasiyanın ən mühüm parametrlərindən biridir”. Onu vurğulayaq ki, “nəqliyyat xətləri” ifadəsi geniş anlamda işlədilir. Onun tərkibinə yalnız nəqliyyat-logistika və yükdaşıma ilə bağlı sfera daxil deyildir. O, enerji, elektrik enerjisi, neft və qaz marşrutları, əhalinin gediş-gəlişinin təmini kimi vacib aspektləri də əhatə edir. Bütövlükdə isə Naxçıvan dəmir yolunun bərpası, yükdaşıma qabiliyyətinin artırılması və regionun Şərq-Qərb ilə Şimal-Cənub marşrutlarının kəsişməsində mühüm regional tranzit habına çevrilməsi hədəflənir.
Üçüncüsü, ikinci istiqamətdə ifadə olunan fəaliyyət nümunəsi burada daha konkret əks olunur. Yəni Azərbaycan Prezidenti vurğulanan regional inteqrasiya və inkişaf modelində yaşıl enerji zonasının yaradılmasına böyük əhəmiyyət verir. Bu o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da dayanıqlı enerji təminatının gücləndirilməsi və “yaşıl enerji” zonasına çevrilməsi vahid konsepsiyanın əsas iqtisadi sütunlarından biridir ki, stratejidə Naxçıvanın daha geniş geosiyasi miqyasda vacib geosiyasi vahidə çevrilməsini ehtiva edir.
Yəni Naxçıvan real olaraq Azərbaycan Respublikasının xarici siyasətində infrastruktur və niş diplomatiyasının əsas məkanlarından biri statusuna yüksəlir. Azərbaycan Prezidenti məharətlə artıq özünü təsdiq etmiş infrastruktur diplomatiyasının (Mərkəzi Asiya, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Avropa istiqamətlərində) daha geniş geosiyasi kontekstdə niş diplomatiyası ilə vəhdətini Naxçıvanın Azərbaycanın ayrılmaz qədim hissəsi kimi regionlararası status səviyyəsinə yüksəldilməsi prosesinə tətbiq edir. Bu, nəzəri-konseptual aspektdə ciddi yaradıcılıq (kreativlik, yəni praktiki tətbiqi ilə innovativ ola bilən) nümunəsi və diplomatik yenilikdir. Onun ayrıca dərin tədqiqinə böyük ehtiyac vardır.
Dördüncüsü, infrastruktur və turizm istiqaməti. Onun əsas mahiyyəti Naxçıvan+Şərqi Zəngəzur+Qarabağ inteqrasiyasında vahid konsepsiya çərçivəsində müasir infrastrukturun qurulması, xidmət səviyyəsinin yüksəldilməsi və bölgənin zəngin turizm potensialının tam şəkildə işə salınması prosesinə xüsusi diqqət yetirilməlidir.
Burada iki səviyyə arasında sıx bağlılıq və ahəngdar yeniləşmə aparılmalıdır. Onlardan birincisi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın hər birində müasir infrastruktur şəbəkəsinin yaradılması ilə onların inteqrativ şəkildə birləşmiş struktur və funksional xüsusiyyətlərinin bütövləşməsi təmin edilməlidir. Onun başlıca özəlliyi iki aspektin (struktur və funksional) bir-birini tamamlayan proses olması ilə əlaqəlidir.
Vurğuladığımız müddəalar nəzəri bir qənaəti aktuallaşdırır. Keçən əsrdə ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində yaranan “Naxçıvan sinerjisi” (bu barədə “Xalq” qəzetində silsilə məqalələr dərc olunmuşdur) Azərbaycan miqyasından ümumtürk səviyyəsinə transformasiya olunmuş və hazırkı mərhələdə Naxçıvanın inkişafı və geniş məkanda rolu ilə bağlı yeni ideyaların yaranmasına, xüsusi proqramların tərtib olunmasına və onların reallaşmasına təkan vermişdir. Bu, ideyanın və siyasi-diplomatik fəaliyyətin çox məharətli nümunəsidir və Avrasiyada ikinci belə bir fakta rast gəlinmir.
Bizcə, bu məqam yeni konseptual doktrinada Azərbaycanın bütövlükdə sosial dövlət kimi inkişafında və konkret olaraq təhlükəsizliyin təmininin yeni konsepsiyasında ayrıca yer tutur.
Ümumiləşdirmə
Öncə onu vurğulayaq ki, Prezidentin qurultaydakı tarixi nitqinin yeni konseptual doktrina kontekstində daşıdığı ideya, prinsip, konsept və konsepsiyaların tədqiqi çox geniş araşdırma tələb edir. Onun tam adekvat elmi obrazının yaradılması kollektiv yaradıcı tədqiqat komandasının işidir. Ancaq konseptuallıqla praktiki-tətbiqi aspektlərin “ortaq semantik zonası”nda mövcud olan elə məsələlər var ki, onları araşdırmaq da çox vacibdir.
Bu istiqamətdə yuxarıda ifadə edilən müddəaları ümumiləşdirsək, 6 altsferanı müəyyənləşdirə bilərik.
Birincisi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun inteqrativ inkişafı, təhlükəsizlik konsepsiyasının yeni şərtləri nəzərə almaqla inkişafı, “Böyük Qayıdış”ın konsepsiya statusunda nəzərə alınması və hərbi gücün artırılması uzunmüddətli strateji məqsədlər kimi konseptual doktrinaya daxildir. Onları strateji prioritetlər kimi də xarakterizə etmək olar.
İkincisi, yeni doktrinanın praktik icra aspektini iqtisadi və sosial inkişaf elementləri təşkil edir. Ora daxildir: enerji sektorunun inkişafı, tranzit dəhlizlərinin genişləndirilməsi və şaxələndirilməsi, infrastruktur şəbəkəsinin Naxçıvan istiqamətində yeni çoxyönlü ahəngdar funksiyalı səviyyəyə yüksəldilməsi, Azərbaycanın infrastruktur diplomatiyasının Naxçıvanla bağlı aspektində regionlararası geosiyasi funksiyaya imkan verən niş diplomatiyasının imkanlarından maksimum yararlanmaq, investisiyaların artırılması və sosial rifahın yüksəldilməsi.
Üçüncüsü, xarici siyasətdə regional liderlikdən orta güc nümunəsinə yüksəlişin təmini. Bu, sıçrayış xarakterli və mühüm bir aspektinin təhlükəsizliklə bağlı olduğu mürəkkəb prosesdir. Regional liderliklə bağlı kifayət qədər elmi təhlillər aparılmışdır. Yeni konseptual doktrina tərkibində orta gücün Azərbaycan nümunəsi geniş və dərin təhlil edilməlidir. Burada istiqamətverici rolu Prezident İlham Əliyevin Azərbaycanın orta güc ola bilmək nümunəsi ilə əlaqəli irəli sürdüyü iki kriteriya oynamalıdır.
Birincisi, Azərbaycanın potensial imkanlarını dünyanın böyük gücləri qəbul etmişdir.
İkincisi, Azərbaycanın həmin potensial gücü reallaşdırmaq qüdrətində olduğunu qəbul etmişlər.
Ölkə rəhbərinin özü ayrıca vurğulayır ki, bu kriteriyalar araşdırılmalıdır. Biz əminik ki, onlar həqiqi mənada Azərbaycanın yeni orta güc nümunəsi kimi fundamental xarakterli tezislərdir. Və yeni konseptual doktrina çərçivəsində adekvat fəlsəfi, siyasi-nəzəri və elmi tədqiqlərinə böyük ehtiyac vardır. Bu, Prezident İlham Əliyevin nitqində yer almış çoxşaxəli xarici siyasət, strateji tərəfdaşlıqların qurulması və regionda Azərbaycanın rolunun möhkəmləndirilməsi kimi aspektlərin qarşılıqlı əlaqəsində həyata keçirilməlidir.
Dördüncüsü, dövlət başçısının nitqində Heydər Əliyev irsi, vətənpərvərlik, milli birlik və ideoloji təhlükəsizliyin təminatı konseptual doktrinanın ideoloji əsasları kimi təqdim olunur. Onları “ideoloji və milli birlik parametrləri” adı altında qruplaşdıra bilərik. Məsələnin bu aspekti də olduqca əhəmiyyətlidir və ayrıca təhlil edilməlidir.
Beşincisi, nitqdə doktrinanın tətbiqi mexanizmləri ifadəsini tapmışdır. Onlar hakim partiyanın və dövlətin idarəetmə mexanizmlərinin modernləşdirilməsi, ictimai rəyin formalaşdırılması və ideoloji işin gücləndirilməsi kimi xarakterizə olunmuşdur. Həmin faktorları ümumi “idarəetmə və islahatlar” adı altında qruplşadırmaq olar.
Altıncısı, dövlət başçısının nitqində büdcə xərclərinin, xüsusilə hərbi və sosial sahələrə ayrılan vəsaitlərin artırılması resurs təminatının əsas faktorları kimi yer almışdır. Onlar doktrinanın həyata keçirilməsi üçün əhəmiyyətli rol oynaya bilərlər. Bu qrup parametrləri “resursların və prioritetlərin idarə edilməsi” adlandırmaq olar.
Bu məsələlərin nəzəri-konseptual təhlili üçün başqa silsilə məqalələrə ehtiyac vardır.
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Baxış sayı:160
Bu xəbər 10 Oktyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















