Icma.az
close
up
RU
İyirmi ilin doğmalığı: Müəllim kimi gəldim, alim kimi yetişdim

İyirmi ilin doğmalığı: Müəllim kimi gəldim, alim kimi yetişdim

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Turizm və Menecment Universitetinin 20 illik yubileyinə

Hər bir insanın həyatında elə məkanlar var ki, zaman keçdikcə onlar sadəcə fəaliyyət göstərdiyi iş yerindən çıxaraq ömrünün ayrılmaz bir parçasına, mənəvi dünyasının mühüm ünvanına çevrilir. Belə məkanlar insana yalnız peşə qazandırmır, həm də onu formalaşdırır, dünyagörüşünü zənginləşdirir, həyat və fəaliyyət prinsiplərinə təsir göstərir. Mənim üçün Azərbaycan Turizm və Menecment Universiteti məhz belə doğma bir məkandır.

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) yaradılmasının 20 illik yubileyini qeyd edərkən geridə qoyduğum illərə, bu təhsil ocağında keçdiyim pedaqoji və elmi fəaliyyət yoluna xüsusi minnətdarlıq hissi ilə nəzər salıram. Təxminən iyirmi il əvvəl bu universitetə müəllim kimi gəlmişdim. Bu gün isə onun Humanitar və sosial elmlər kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru kimi fəaliyyətimi davam etdirirəm. Mənim üçün bu iyirmi il yalnız əmək stajı deyil, müəllim kimi formalaşdığım, alim kimi yetişdiyim, mənəvi dəyərlər qazandığım və şəxsiyyət olaraq inkişaf etdiyim mühüm həyat mərhələsidir.

İyirmi illik inkişaf salnaməsi

Hər bir universitetin yaranması müəyyən ictimai tələbatdan, zamanın çağırışlarından və gələcəyə hesablanmış strateji məqsədlərdən qaynaqlanır. Azərbaycan Turizm və Menecment Universitetinin də formalaşması ölkəmizdə turizm sektorunun inkişafı, beynəlxalq turizm məkanında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və bu sahə üçün peşəkar kadrların hazırlanması zərurəti ilə bağlıdır.

Universitetin tarixinin başlanğıcı 2006-cı ildə yaradılmış Azərbaycan Turizm İnstitutuna gedib çıxır. Fəaliyyətə cəmi 200 tələbə, bir fakültə və üç ixtisasla başlayan institut qısa müddətdə ölkəmizdə turizm təhsilinin formalaşmasında mühüm rol oynamağa başladı. Bu, sadəcə yeni ali təhsil müəssisəsinin yaradılması deyildi. Eyni zamanda, Azərbaycanın iqtisadi və mədəni inkişafında getdikcə daha böyük əhəmiyyət qazanan turizm sahəsi üçün yeni akademik istiqamətin formalaşması idi.

2014-cü il dekabrın 22-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması bu inkişaf yolunda mühüm tarixi mərhələ oldu. Beləliklə, formalaşmış akademik təcrübə daha geniş fəaliyyət imkanları və yeni strateji hədəflərlə zənginləşdi.

İyirmi il ərzində universitetin fəaliyyət istiqamətləri genişləndi, tədris və idarəetmə strukturları təkmilləşdi, professor-müəllim heyətinin elmi-pedaqoji potensialı gücləndi. Universitet turizm və xidmət sahələri ilə yanaşı, menecment, humanitar və sosial elmlər istiqamətlərində də akademik fəaliyyətini inkişaf etdirdi.

Bu gün ATMU-nun inkişaf yolundan danışarkən onun beynəlxalq əlaqələrinə xüsusi diqqət yetirmək lazımdır. Hələ 2007-ci ildən Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə həyata keçirilən ikili diplom proqramı ölkəmizdə turizm təhsilinin beynəlxalq təcrübə ilə zənginləşdirilməsi baxımından mühüm addım olub. Bu proqram çərçivəsində 400-ə yaxın məzunun yetişməsi əməkdaşlığın real nəticələrini göstərir. 2023-cü ildən Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi, DAAD mübadilə imkanları vasitəsilə Avropa universitetləri ilə əlaqələrin genişlənməsi universitetin beynəlmiləşmə strategiyasının mühüm tərkib hissəsidir.

ATMU-nun beynəlxalq akademik məkanda təmsil olunması baxımından «Times Higher Education Impact Rankings 2025» reytinqində iştirakı və ilk dəfə «Round University Ranking 2025» reytinqinə daxil olaraq Azərbaycan universitetləri arasında ilk yeddilikdə qərarlaşması da diqqətəlayiq nailiyyətlərdəndir. Bu göstəricilər universitetin tədris, elmi-tədqiqat, beynəlmiləşmə və institusional inkişaf istiqamətlərində apardığı işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.

Universitetin Dövlət Turizm Agentliyi ilə əməkdaşlığı da xüsusi qeyd edilməlidir. Bu tərəfdaşlıq tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, tələbələrin istehsalat təcrübələrinin təşkilinə, müxtəlif təlim və layihələrdə iştirakına, nəzəri biliklərin praktiki mühitdə tətbiqinə geniş imkanlar yaradır.

Mənim qənaətimcə, universitetin əsas uğurlarından biri onun məzunlarının əmək bazarında mövqe qazanmasıdır. Dövlət Məşğulluq Agentliyinin hazırladığı «Məzunların məşğulluq reytinqi»ndə ATMU məzunlarının ölkə üzrə ön sıralarda yer alması ali təhsil ilə əmək bazarı arasında qurulan əlaqələrin səmərəliliyini göstərən mühüm amildir.

Bütün bu nailiyyətlər universitetin iyirmiillik tarixinin yalnız başlanğıc deyil, həm də yeni inkişaf mərhələsi olduğunu təsdiqləyir. Çünki müasir universitetin uğuru təkcə tədris etdiyi ixtisasların sayı ilə deyil, yetişdirdiyi mütəxəssislərin keyfiyyəti, elmi potensialı, beynəlxalq əlaqələri və cəmiyyətə verdiyi töhfələrlə ölçülür.

Rəhbərlik məktəbi: iki şəxsiyyət, iki dəyərli həyat dərsi

Bir universitetin tarixini yalnız rəsmi sənədlər, inkişaf strategiyaları və statistik göstəricilər yazmır. Onun mənəvi simasının formalaşmasında rəhbərlik edən şəxsiyyətlərin dünyagörüşü, idarəçilik fəlsəfəsi və insani keyfiyyətləri də mühüm rol oynayır. Mənim universitetdə keçdiyim iyirmi ilə yaxın fəaliyyət yolumda iki dəyərli şəxsiyyətin – universitetin ilk rektoru, hörmətli professor Cəfər Cəfərovun və sonrakı dövrdə universitetə rəhbərlik etmiş hörmətli rektor İlham Mədətovun xüsusi yeri var.

Professor Cəfər Cəfərovun rəhbərliyi altında təxminən on il fəaliyyət göstərmək mənim üçün əsl mənada bir həyat və peşə məktəbi olub. Onun sadəliyi, təvazökarlığı, qayğıkeşliyi və insanlara münasibətdə nümayiş etdirdiyi səmimiyyət hər zaman kollektiv üçün örnək idi. Mən onun timsalında rəhbərin yalnız inzibati səlahiyyətləri ilə deyil, şəxsi nümunəsi, insanlara münasibəti və yaratdığı mənəvi mühitlə də nüfuz qazandığının şahidi oldum.

Xüsusilə müəllim şəxsiyyətinə göstərdiyi hörmət, müəllim-tələbə münasibətlərinə həssas yanaşması və kollektivdə sağlam ünsiyyət mühitinin formalaşmasına verdiyi önəm mənim üçün unudulmaz təcrübədir. O, bizə müəllimə münasibətin necə olmalı olduğunu yalnız sözləri ilə deyil, gündəlik davranışı ilə öyrədirdi.

Sonrakı illərdə hörmətli rektor İlham Mədətovun rəhbərliyi altında fəaliyyətimi davam etdirdim. Onun şəxsiyyətində yüksək mədəniyyət, təmkin, səbir, təvazökarlıq və ölçülü davranış xüsusiyyətləri daim diqqətimi cəlb edib. Onun rəhbərlik üslubunda müşahidə etdiyim ən mühüm cəhətlərdən biri hər bir məsələyə düşünülmüş yanaşmaq, dinləməyi bacarmaq, ünsiyyətdə nəzakəti qorumaq və qərarlarda təmkin nümayiş etdirməkdir.

İnsan bəzən bir çox həyat dərslərini uzun mühazirələrdən deyil, müşahidə etdiyi davranışlardan öyrənir. Mən professor Cəfər Cəfərovdan sadəliyi, səmimiyyəti və qayğıkeşliyi, İlham Mədətovdan isə yüksək ünsiyyət mədəniyyətini, səbri, təmkini və ahəstə davranışın mənəvi dəyərini öyrəndim.

Bu iki şəxsiyyətin rəhbərliyi altında keçən illər mənim üçün bir-birini tamamlayan iki dəyərli məktəb oldu. Onların hər birinin universitetin tarixində özünəməxsus yeri, kollektivin yaddaşında isə xüsusi mənəvi izi var. Mənim üçün bu rəhbərlik məktəbi universitetin iyirmiillik tarixinin ən qiymətli səhifələrindən biridir.

Müəllim kimi gəldim, alim kimi yetişdim

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin Humanitar və sosial elmlər kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru kimi fəaliyyət göstərərkən öz elmi-pedaqoji yolumun formalaşmasında universitetin rolunu xüsusi minnətdarlıqla qeyd edirəm.

Tədris etdiyim Mədəniyyət tarixi və nəzəriyyəsi, Dünya muzeyləri, Azərbaycan mədəni irsi və digər fənlər mənim üçün sadəcə akademik proqramın tərkib hissəsi deyil. Bu fənlərin hər biri milli-mənəvi dəyərlərin, tarixi yaddaşın, bəşəri mədəniyyətin və estetik düşüncənin gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənim üçün mədəniyyət xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi varlığının ifadəsidir. Muzeylər isə bu yaddaşın qorunduğu, öyrənildiyi və gələcək nəsillərə ötürüldüyü mühüm mədəniyyət institutlarıdır. Dərslərimdə tələbələrə yalnız tarixi faktları və sənət nümunələrini öyrətməklə kifayətlənməməyə, onların arxasında dayanan mənəvi məzmunu, tarixi əhəmiyyəti və bəşəri dəyərləri də anlatmağa çalışıram.

Azərbaycan mədəni irsinin tədrisi isə mənim üçün xüsusi məsuliyyət daşıyır. Çünki milli mədəniyyətimizi tanımaq, qorumaq, tədqiq etmək və dünyaya təqdim etmək hər birimizin mənəvi borcudur. İstəyirəm ki, tələbələrimiz öz mədəniyyətlərini dərindən mənimsəməklə yanaşı, dünya xalqlarının mədəni irsinə də hörmətlə yanaşsınlar, mədəni müxtəlifliyin bəşəriyyətin ən böyük sərvətlərindən biri olduğunu dərk etsinlər.

Müəllimlik mənim üçün yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət yetişdirmək missiyasıdır. Auditoriyada tələbə ilə qurulan münasibət, onun fikrinə hörmət, suallarına diqqət və fərdi potensialına inam tədris prosesinin ayrılmaz hissəsidir. Mən həmişə çalışmışam ki, tələbələrim auditoriyada özlərini sərbəst hiss etsinlər, düşüncələrini ifadə etməkdən çəkinməsinlər, araşdırmağa, öyrənməyə və yeniliklərə açıq olsunlar.

Ədalət, sevgi, qayğı və sayğı – mənəvi sərvətim

Bu universitet haqqında danışarkən mənim üçün xüsusi əhəmiyyət daşıyan dörd dəyəri vurğulamamaq mümkün deyil: ədalət, sevgi, qayğı və sayğı.

Mən bu universitetdə ədalət gördüm, sevgi gördüm, qayğı gördüm, sayğı gördüm. İnsan üçün çalışdığı mühitdə bu dəyərləri hiss etmək böyük xoşbəxtlikdir. Çünki əməyə verilən qiymət, göstərilən etimad, insana münasibətdə səmimiyyət və qarşılıqlı hörmət peşəkar inkişafın ən mühüm mənəvi dayaqlarıdır.

Mənə göstərilən bu münasibətləri öz pedaqoji fəaliyyətimdə yaşatmağa, tələbələrimə ötürməyə çalışdım. İstədim ki, onlar da müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmətin, ədalətin, qayğının və etimadın nə qədər vacib olduğunu hiss etsinlər.

İllər ərzində tələbələrimlə bölüşdüyüm dərslər, elmi müzakirələr, onların uğurları və gələcəyə doğru addımları mənim müəllimlik həyatımın ən qiymətli xatirələridir. Mənə görə, müəllimin ən böyük mükafatı tələbəsinin qazandığı uğur, onun cəmiyyətdə öz yerini tapması və illər sonra müəllimini xoş duyğularla xatırlamasıdır.

İnanıram ki, universitetin əsl mənəvi sərvəti məhz bu münasibətlərdə, nəsildən-nəslə ötürülən dəyərlərdə, müəllimlərin və tələbələrin yaddaşında yaşayan xoş xatirələrdədir.

Gələcəyə inamla

Müasir dövrdə ali təhsil qarşısında yeni çağırışlar dayanır. Rəqəmsallaşma, süni intellektin təhsil prosesinə inteqrasiyası, beynəlxalq rəqabət, əmək bazarının dəyişən tələbləri universitetlərdən davamlı yenilənmə, innovativ yanaşma və yüksək akademik məsuliyyət tələb edir.

Azərbaycan Turizm və Menecment Universitetinin qarşıdakı illər üçün müəyyənləşdirdiyi beynəlxalq mövqelərin gücləndirilməsi, elmi tədqiqatların genişləndirilməsi, ikili diplom proqramlarının inkişafı və innovativ təşəbbüslərin dəstəklənməsi kimi hədəflər bu çağırışlara uyğunlaşmaq baxımından əhəmiyyətlidir.

İnanıram ki, universitet özünün iyirmiillik təcrübəsinə, formalaşmış akademik ənənələrinə və insan potensialına əsaslanaraq gələcəkdə də ölkəmizin ali təhsil sisteminə, turizm və xidmət sektorunun inkişafına mühüm töhfələr verəcək.

Bu gün yubiley münasibətilə universitetin yaranmasında, formalaşmasında və inkişafında əməyi olan bütün insanlara, rəhbərliyə, professor-müəllim heyətinə, əməkdaşlara, tələbələrə və məzunlara səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Geriyə baxanda bir həqiqəti xüsusi minnətdarlıqla etiraf edirəm: mən bu universitetə iyirmi il əvvəl müəllim kimi gəldim, burada alim kimi yetişdim. Burada peşəkar kimliyimi formalaşdırdım, elmi axtarışlarımı davam etdirdim, həyatımın ən dəyərli illərini yaşadım.

İyirmi yaşın mübarək, doğma universitetim!

Sən mənim üçün yalnız çalışdığım təhsil müəssisəsi deyil, müəllim kimi formalaşdığım, alim kimi yetişdiyim, ədalət, sevgi, qayğı və sayğı gördüyüm doğma ünvansan. Mənə bəxş etdiyin dəyərləri tələbələrimə ötürmək isə özümü hər zaman borclu bildiyim mənəvi missiyadır.

Qoy bundan sonra da sənin auditoriyalarından bilikli, savadlı, milli-mənəvi dəyərlərə bağlı, dünyagörüşlü və peşəkar gənclər yetişsin. Qoy universitetin uğurları, elmi nailiyyətləri və yetirdiyi şəxsiyyətlər onun tarixini daha böyük qürurla yazsın!

İyirmi ilin mübarək, doğma ATMU!

 Vüsalə Məmmədzadə

ATMU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Noyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri