Icma.az
close
up
RU
Yeniyetmələrə ailə dəyərlərini əllərindəki İKT vasitəsilə anlatmalıyıq

Yeniyetmələrə ailə dəyərlərini əllərindəki İKT vasitəsilə anlatmalıyıq

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Əli Cəfərov: “Aralıq “dəhlizdə” yaşadığımıza görə müxtəlif qütblü ölkələrin dəyərlərimizə mənfi təsirləri də var”

Milli mənlik şüurunun qorunması və inkişafı müəyyən mənada xalqın və dövlətin özünüyaşatma instiktinin əsas əlamətlərindən, bazalarındandır. Zaman-zaman həm digər xalqların, həm də bizim ziyalılarımızın bu anlamda narahatlıqları, hətta “həyəcan təbilləri” özünü göstərir. Bu vacib elementlərin qorunması yolunda çabalar göstərən ziyalılarımızdan biri də Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərovdur. Əli bəydən bu xüsusda bir neçə sualımızı cavablandırmasını xahiş etdik.

-Əli bəy, bir xalq kimi mövcudluğumuzun təməl prinsiplərindən olan milli mənlik və ailə dəyərlərimizin qorunub saxlanılması sizin mütəmadi olaraq gündəmə gətirdiyiniz məsələlərdəndir. Sirr deyilsə, bu aspektdə narahatlığınızın konturlarını oxucularımız və ümumən ictimaiyyətlə bölüşməyinizi istərdik…

-Ailə hər bir insanın zənginliyidir. Əbəs yerə deyilmir kı, əsas ailəni qurmaq yox, onu qorumaqdır. Hər bir insan özlüyündə götür-qoy etməlidir kı, ailə nədir? Ailə iki nəfər arasında olan sevgi, hörmət, dürüstlük əsasında qurulmağa başlayan isti bir yuvadır. Necə gəldi qurulan ailələrin sonu heç də yaxşı başa çatmır. Cəmiyyətimizdə əsasən ənənəvi ailə modelinə üstünlük verilir. Bunun üçün keçmişdəki nümunəvi ailələrdən çoxlu misallar göstərə bilərik. Orta və yaşlı nəslin nümayəndələri ata-analarımızın həmişə öz ailələrinin nə qədər möhkəm olduğunu, ailəyə dəyər verildiyini, adi problemləri böyütmədikləri kimi tövsiyələrini xatırlayırıq. Valideynlərimiz də daima bizə adi problemləri böyütməməyi, ailəmizə sahib çıxmağımızı təbliğ edirdilər. İndiki zamanda isə biz nə qədər istəsək də bəzən bu gerçəkliklər istəyimizcə alınmır. Təbii ki, bunun müəyyən səbəbləri var. Belə ki, çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin üstün cəhətləri ilə bərabər, qaçınılmaz zərbələri də Azərbaycan ailəsindən yan keçmir. Bu qloballaşma və texnologiyanın inkişafı bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərimizin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına səbəb olur. Kişik dövlət sayılan milli ailə modeli getdikcə zəifləməyə başlayır. Əlavə olaraq onu da söyləyim kı, əvvəllər kişi və qadından ibarət ailə tipi mövcud idi. Bu ailə tipi başqa ölkələrdən fərqli olaraq ancaq bizdə daha çox qorunurdu. Amma hazırda yeni ailə tipləri də meydana gəlib. Belə ki, Avropa ölkələrində olduğu kimi, bizdə də tənha qadın və ya tənha kişidən, yaxud tənha ana və uşaq, kişi və uşaqdan ibarət ailə tipləri də artmaqdadır. Yaxud vətəndaş nikahı ilə evlənmiş insanlardan ibarət ailə tipləri vardır kı, bu da ailə dəyərlərimizə və milli ruhumuza ziddir. Ailə dəyərlərinin aşınması, soykökümüzdən uzaqlaşma kimi hallar bizi nərahat edən əsas məsələrdəndir və bu çatışmazlıqlar dövrümüzün də ən böyük bəlalarına çevrilib. İndi rayon və kəndlərdə Şərq ailə tipinə, milli mentalitetə uyğun yaşayan ailərlə böyük şəhərlərdə – Bakıda və dünyanın müxtəlif ölkələrində yaşayan ailələr arasında həmişə nəzərəçarpan fərqlər get-gedə daha da dərinləşməkdədir. İkinci tip ailə bizim mövcud ailə modelimizin dağılmasına təsir etməklə yanaşı, milli mentalitetimizə uyğun gəlməyən, dəyərlərimizi zədələyən xaricdən “ixrac olunmuş” bir ailə modelidir. Fərqlər ətrafında sosioloqlar, psxoloqlar və eləcə də filosoflar müzakirə-mübahisələr açıb müxtəlif fikirlər söyləsələr də, təəssüf ki, biz hazırda bu iki fərqli ailə tipi ilə rastlaşmaqdayıq. Sosial şəbəkə üzərindən tanışlıqlar, yalançı evlilik proqramları, təsadüfi tanışlıqlar, məcbur evliliklər, erkən nikahlar, təhsilsizlik, xarakterlərin uyğunsuzluğu kimi problemlər ailə dəyərlərini zədələyən amillərdir. Ona görə də sadaladığımız və sadalamadığımız bu neqativ halların geniş müzakirəsinə ehtiyac var. Əfsuslar olsun ki, ənənəvi mediada, internet saytlarında bu cür ciddi məsələnin müzakirələri çox bəsit səviyyədə aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən işlər görsə də düşünürəm kı, dövlət səviyyəsində daha ciddi tədbirlər – konfranslarda və alimlərin əhatəsində bu müzakirələrin aparılmasına, bu ümummilli problemin daim diqqət mərkəzində saxlanılmasına lüzum vardır.
-Nədənsə vətəndaş cəmiyyətinə inteqrasiya, daha çox texnoloji avadanlıqların idarə etdiyi müasir mühitin fonunda ailə dəyərləri, ümumən milli, əxlaqi, tarixi dəyərlərimiz arxa planda qalmış kimi görünür. Sizcə, müvəqqəti də olsa başgicəlləndirən, müəyyən parıltılarla müşayiət olunan İKT və digər proqramlar ailə dəyərlərimizi sıradan çıxarmağa qadirdimi və onlarla mübarizə tədbirləri necə aparılmalıdır? Texnologiyanın və İKT-nin inkişaf etməsinin ailə dəyərlərinin zədələnməsinə təsiri nə qədər aktualdır?
-Təbii kı, cəmiyyətimiz dünyaya inteqrasiya edir, inteqrasiya etdikcədə Avropa dəyərləri bizdə də bərqərar olmağa başlayır. Biz Şərq dünyası üçün müsəlmanıq, Qərb dünyası üçünsə avropalı… Biz bir azərbaycan ailəsi olaraq çox mürəkkəb formada inkişaf edirik. Aralıq “dəhlizdə” yaşadığımıza görə bu müxtəlif qütblü ölkələrin bizim dəyərlərimizə müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də vardır. Bununla belə Azərbaycan ailəsinə kənar ideoloji təsirlər də çoxalıb. Xristian missionerlərinin, vəhhabilərin də ideoloji təsirləri özünü göstərməkdədir. Eyni zamanda hansısa yol və üsullardan istifadə edilməklə Avropa dəyərləri də məişətimizə daxil olur. Bu müvəqqəti başgicəllədici “uğurdu”. Çünkü zaman gələcək öz dəyərlərindən uzaqlaşan Avropanın özü də çökəcək. Müvəqqəti də olsa hələ ki, Avropa bizə cəlbedici, zəngin görünür. Bütün bu sadaladıqlarım ailədə həm də nəsillər arasında narazılıqlar yaradır. Hətta qanla, genlə bir-birinə doğma olan qohumlar belə bir stol arxasında oturmaq istəmirlər. Təəssüf ki, ailəyə pis təsir edən belə cərəyanlar çoxdur. Bu təhlükəli amildir.
İkinci bir tərəfdən təbii ki, informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı insan həyatının bütün sahələrinə təsirsiz ötüşmür. Bu inkişaf bir tərəfdən həyatımızı asanlaşdırsa da, digər tərəfdən ailə dəyərlərinə mənfi təsirlər də göstərməkdədir. İKT vasitələrinin — telefon, planşet, kompüter və sosial şəbəkələrdən həddindən artıq istifadə hətta ailə üzvləri arasındakı ünsiyyəti də zəiflədir. Əvvəllər ailə üzvləri birgə vaxt keçirir, söhbət edir, problemləri birlikdə həll edirdilərsə, indi hər kəs virtual aləmdə öz “məkanına” çəkilir. Hətta yemək süfrəsi ətrafında da ailə üzvləri əllərində telefon əyləşirlər. Nəticədə emosional yaxınlıq azalır, ailə bağları zəifləyir. Sosial mediada yanlış nümunələrin təbliği, dəyərlərin təhrif olunması, yad mədəniyyətlər ailə dəyərlərimizə mənfi təsir göstərir. Bəzən övladlarımız evdə bir şeyi eşidir, küşədə və sosial şəbəkədə başqa fikirləri. Bu da onların düşüncələrini çaş-baş salır, hansının doğru olduğunu müəyyən edə bilmirlər. Nəticədə gənclərimiz real həyatdan uzaqlaşaraq virtual münasibətləri üstün tuturlar ki, bu da ailə qurmaq, birgə məsuliyyət daşımaq kimi dəyərlərin kölgədə qalmasına səbəb olur.
-Dəyərlərimizi qorumaq dövlətin və xalqın müqəddəs borcudur. Bəs bu problemlə mübarizənin effektivliyi və daha geniş parametrləri əhatə etməsi üçün onu hansı məkanlarda, hansı yaş qrupları arasında aparmaq təsiredici ola bilər?
-Bidirirəm ki, dövlətimiz ailə problemini milli dəyərlərə daxil edərək, ona böyük önəm verir. Ailə dövlət siyasətinin tərkib hissəsi olduğu üçün bu işlərlə məşğul olan komitə yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemlərlə bağlı müəyyən addımlar atsa da, nəticələr yetərli deyildir. Düşünürəm kı, dövlət və ictimai sektor bu istiqamətdə daha ciddi nəticələr əldə etməyə istiqamətlənməlidir. Ümumiyyətlə götürdükdə uşaq ailədə dünyaya göz açır, eyni zamanda onların ilkin sosiallaşması və tərbiyə edilməsi də ailədən başlayır. Ailə tərbiyəsi geniş imkanlara malikdir. Ailədə ünsiyyət, əmək və şəxsi nümunə, davranışın qiymətləndirilməsi, mükafatlandırma və cəzalandırma kimi təsir formalarından istifadə edilir. Həmiçinin böyüklərə hörmət və qayğı göstərmək vəzifəsi ailə tərbiyəsindən qidalanır. Ailə ünsiyyəti uşaqların dəyərlərə bağlılığı və hətta onların intellektual qabiliyyətinin stimullaşdırılmasında böyük rol oynayır. Sosioloji tədqiqatlar göstərir ki, ailə tərbiyəsinin səmərəliliyi onun tərkibindən (bütöv və ya yarımçıq olmasından), mənəvi-psixoloji mühitdən, sosial istiqamətindən, valideynlərin şəxsi nümunəsi və nüfuzundan, onların ümumi və pedoqoji savadından, uşaqlarla ünsiyyətin xarakterindən asılıdır. Eyni zamanda yaşayış yeri, milli mənsubiyyət, maddi vəziyyət, ailə üzvlərinin təhsili, mədəni səviyyəsi, ailənin mənəvi dəyərlərə münasibəti ailə dəyərlərinin formalaşmasına təsir edən amillərdəndir. Təəssüflər olsun kı, son zamanlar söhbətimizin əvvəlində də toxunduğumuz sosial şəbəkə üzərindən ailə qurmaq, yalançı evlilik proqramları, ailə qurulan zaman sosial və psxoloji uyğunsuzluqlar, ailə qurulan zaman valideyn xeyir-duasının olmaması, maddi çətinliklər, ərlə arvad arasında ailənin idarə edilməsi formasındakı fikir ayrılıqları, bir-birini başa düşməməkləri, istək və arzular arasındadı fərqlər, “mütləq mən deyən olmalıdır” iddiaları, gender bərabərsizliyi, qadınların fundamental dəyərləri unudub yalnız önə çıxmaq istəkləri kimi hallar ailə bağlarının qopmasına səbəb olan təəssüfləndirici faktorlardır. Fikir ayrılıqları, qərarsızlıqlar, bir-birini başa düşməmək kimi problemlər ailə bağlarının qopmasına səbəb olur. Bu problemlər ilk baxışda adi görünsə də, əslində belə kiçik çatışmazlıqlar böyük problemlərə yol aça bilir. Unutmayaq ki, “Ailə kiçik bir dövlətdir” – boşuna ortaya atılmış fikir deyil. Təbii ki, ailədə problemlər həmişə olur. Lakin kişi və qadın problemlərini birlikdə həll edərək, bir-birini başa düşməyi öyrənməli, bacarmalıdırlar. Son dövrdə ailə üzvləri arasında ünsiyyət, qarşılıqlı müzakirələr, bir-birinin fikirlərinə diqqətlə yanaşmamaq kimi halların da baş verməsi ailə mədəniyyətinə mənfi təsir göstərir. Bütün bu sadaladığımız neqativ amillər sonucda uşaqların psixologiyasına təsir göstərən amillərdir. Müasirləşmə adı altında qadın-kişi münasibətləri gərginləşir, evdə həm tərbiyədə, həm də idarəçilikdə problemlər yaranır kı, bu da sonda ailələrin dağılmasına gətirib çıxarır. Bundan da ən çox əziyyət çəkən uşaqlar olur. Uşaqlarımızı milli dəyərlərimiz ruhunda tərbiyə etmək, onların vətəndaş cəmiyyətinə rahat inteqrasiyasını təmin etmək ailə tərbiyəsindən başlamalıdır. Valideynlər öz aralarında olan problemləri özləri həll etməli, bunda uşaqlardan bir vasitə kimi istifadə etməməlidirlər. Uşaqlara diqqət ayırmalı, eyni zamanda onların məktəblə birgə koordinasiyalı şəkildə təhsil və davranışlarına diqqət etməlidirlər. Uşaqlar milli ruh və düşüncəni ailədən götürməlidirlər. Uşaq baxçaları, məktəb, mədəniyyət evləri və ictimai təşkilatlar isə məhz ailədə bünörəsi qoyulan dəyərləri inkişaf etdirməlidirlər.
-Şagirdlər, yeniyetmələr arasında müvafiq təbliğatın qurulması şübhəsiz ki, təqdirolunası amillərdəndir. Lakin valideynləri də bu işə cəlb etməklə yəqin ki, mövzunun əhatə dairəsinin genişlənməsinə nail olmaq mümkündür…
-Rəqəmsal mühit gənclərin ailə dəyərlərinə və milli-mənəvi kimliyə bağlılığının zəifləməsinə səbəb olur. Lakin respublikamızda ailə institutunun möhkəmləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar kimi yetişdirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Müşahidələr göstərir ki, yeniyetmələr arasında sosial məsuliyyət hissinin zəifləməsi, ailədaxili ünsiyyətin azalması və dəyərlərdən uzaqlaşma halları artmaqdadır. Bunun qarşısını almaq üşün valideyn, təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı mütləqdir. Çünki dəyərlərin gənclərə ötürülməsi yalnız dərs proqramı ilə məhdudlaşmır. Bu proses mühit, praktiki fəaliyyət və nümunəvi təcrübələr vasitəsilə daha səmərəli həyata keçirilir. Bunun üçün də şagirdlərimizdə ailə dəyərlərinə hörmət, vətənpərvərlik hisslərinin güclənməsində ata və ananın rolu əvəzsizdir. Valideynlər övladlarının təlim-tərbiyəsində əsas vasitədir. Təbii ki, hər şey ailədən qaynaqlanır. Ailə başçılarının təhsilsizliyi, övladlarına laqeyd münasibəti, təhsil və davranışları ilə maraqlanmaması və eləcə də ər-arvad arasındakı gərgin münasibətlər sagirdlərin davranış və düşüncəsinə mənfi təsir göstərir. Eyni zamanda sağirdlər ailədə bir, məktəbdə fərqli sosial mühitlərdə dəyərlərə fərqli yanaşmalarla üz-üzə qalır, hansı dəyərlərin daha önəmli olmasını müəyyən etməkdə çətinlik çəkirlər. Bu amilləri nəzərə alaraq deyirik kı, mütləq çəkildə valideynlərin məktəb və içtimai sektorla əlaqəli şəkildə işləmələri vacibdir. Bunun üçün məktəblərdə psixoloqların iştirakı ilə müəyyən tədbirlər təşkil etmək zərurudur. Həmin tədbirlərdə valideynlərin iştirakı ailədə sevgi və güvən hisslərini gücləndirər. Çünkü bu tədbirlər sevginin sadəcə emosional bağ deyil, həm də birlik, qarşılıqlı hörmət və güvən hissi kimi formalaşmasına təsir edər.
-Bəs şagird və yeniyetmələri onlar üçün bir o qədər də maraqlı olmayan, daha doğrusu yaşlarına müvafiq olaraq hələ dərindən dərk etmədikləri milli dəyərlərin qorunmasına həvəsləndirmək üçün hansı işləri hansı vasitələrlə görmək lazımdır?
-İKT vasitələrinin — telefon, planşet, komputer və sosial şəbəkələrin — həddindən artıq istifadəsi dediyimiz kimi ailə üzvləri arasındakı ünsiyyəti zəiflədir. Nəticədə emosional yaxınlıq azalır, ailə bağları zəifləyir. Eyni zamanda sosial mediada yanlış nümunələrin təbliği, dəyərlərin təhrif olunması, yad mədəni təsirlər ailə modelinə mənfi təsir göstərir.
Bəs problemdən çıxış yollarının tərbiyələndirici və texniki yolları necə istifadə edilməlidir? Bəzi hallarda gənclər real həyatdan uzaqlaşaraq daha çox virtual münasibətlər üzərində yaşamağı üstün tuturlar. Lakin burada vacib psixoloji bir məqamı da diqqətdə saxlamalıyıq. Bilirik ki, indi İKT vasitələrinə aludə olmuş uşaq və gənclərin əlindən həmin avadanlıqları zorla alanda onlar valideynlərinə qarşı daha da aqressivləşir, bəziləri hətta dava-dalaş həddinə qədər gedib çıxırlar. Ona görə də dəyərlərimizi onlara başa salmaq üçün bu inzibati metoddan istifadə etməməli, əksinə əllərindəki həmin avadanlıqlar vasitəsilə onlara milli, əxlaqi dəyərlərimiz, ailə dəyərlərimiz və ailə münasibətləri haqqında bilgilər verməyi hədəfləməliyik. Düşünürəm, bunu elə etməliyik kı, gənclərimiz texnologiyadan asılı duruma düşmədən ondan necə və nə qədər istifadə etməyin vacib olduğunu özləri dərk edə bilsinlər. İkinci və ən vacib məqam təbii ki, övladlarımızın maarifləndirilməsi və onlarla yaxından təmasların qurulmasıdır. Valideyn, məktəb və ictimaiyyət nümayəndələri öz üzərlərinə düşən vəzifələri icra etməlidirlər. Tariximizdən məlumdur ki, dəyərli ziyalılarımız uşaq və yeniyetmələrin düzgün tərbiyə olunmasında təhsilin rolunu yüksək dəyərləndirməklə yanaşı, məktəblərin sayının artırılmasını, əsasən də qızların təhsil almasını daha çox istəyirdilər. Bu aspektdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xidmətləri əvəzsizdir. Tağıyev “bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə” fikrini söyləməklə qadınların təhsilinin cəmiyyətdə daha geniş əhəmiyyətini vurğulayırdı. O öz vəsaiti hesabına rus-müsəlman qız məktəbi yaratmışdı. Bu məktəb müsəlman dünyasında ilk dünyəvi məktəb idi. Tağıyev təhsilə önəm verməklə yanaşı, islam dini dəyərlərinə də hörmətlə yanaşır və yeri gəldikcə ailə üzvlərini də bu işə təşviq edirdi. Z.Tağıyev və digər xeyriyyəçi ziyalılarımız haqlı olaraq qızların təhsilinə önəm verirdilər. Çünki bu günki qızlar sabahın analarıdır. Onların təhsil alması gələcəkdə bir ailənin təməlinin möhkəm qoyulması və dəyərlərimizə sadiq övladların yetişdirilməsi demək idi. Biz də zamanımızda mütəmadi olaraq şagirdlərin dəyərlərimizə maraqlarını artırmaq məqsədi ilə müxtəlif layihələr – interaktiv təlimlər, debatlar, yaradıcılıq tapşırıqları və ictimai təqdimatlar təşkil etməliyik. Eyni zamanda məktəblərdə valideynlərin iştirakı ilə ailəvi idman yarışlarının, inşa müsabiqələrinin, rəsm müsabiqələrinin, dəyərlərimizi özündə əks etdirən tamaşaların və digər vasitələrin təşkilinə nail olmalı və qalib şagirdlərin mükafatladırılması proseslərini reallaşdırmalıyıq ki, bu addımlarımız valideyn –övlad münasibətlərinə müsbət təsir etməklə yanaşı, məktəb – valideyn –şagird əməkdaşlığını da gücləndirsin. Düşünürəm ki, tanınmış psixoloqların, ziyalıların və nüfuzlu ailələrin məktəblərdə valideynlərin iştirakı ilə görüşlərinin təşkili milli dəyərlərimizin qorunmasına öz müsbət nəticəsini verər. Bu təmaslar şübhəsiz ki, həm də valideynlərlə övladlarının effektiv ünsiyyət metodunun formalaşmasına öz təsirini göstərər və uşaqlarda valideynlərə qarşı etimad və hörmət hisslərini də gücləndirər. Nəticədə bu tədbirlər valideyn və övlad arasında sağlam münasibətlərin əsasını təşkil edən dialoq, empatiya və etimad mühitini yaratmış olar. Görülən işlər nəticəsində hələ də təfəkkürləri korlanmamış yeniyetmələr öz ətraflarında baş verən prosesləri təhlil etmək və mübahisələndirməklə həyata baxışlarını formalaşdırar. Beləliklə, şagirdlərdə milli kimlik şüuru güclənər, onlarda milli-mənəvi dəyərlərə bağlılıq artar və onlar özlərini cəmiyyətin bir parçası kimi dərk etməklə yanaşı dəyərlərimizin qoruyucuları və təbliğatçılarına çevrilə biərlər.
Sonda onu da deyim ki, biz QHT olaraq məktəblərdə, mədəniyyət evlərində şagird və yeniyetmələrlə görüşlər keçirmək üçün şərait yaradılmalıdır. Bəzən İcazələrin alınması, tədbirlərin təşkili kimi texniki problemlər yaranır. Yaxşı olardı ki, müvafiq dövlət qurumları – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, müvafiq İcra Hakimiyyəti orqanları, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və bunların yerli strukturları layihələrin həyata keçirilməsi proseslərində maraqlı olsunlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see216

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see215

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see145

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see144

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see144

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see139

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see139

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see135

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see134

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see133

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see132

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see127

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see126

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see126

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see125

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see122

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see122

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see122

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri