“Yumşaq güc” alətləri Heydər Əliyev hakimiyyəti qarşısında cılız görünürdülər”
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1980-ci illərin birinci yarısında ölkəmizdə dünyanın sonuncu ən qüdrətli imperiyasının tezliklə çökəcəyinə inanan az adam tapılardı. Lakin 80-ci illərin sonuna doğru ermənilərin Azərbaycana qarşı başlatdığı təcavüzkar siyasət və bu fonda getdikcə vüsətlənən azadlıq hərakatı xalqı milli müstəqilliyin zərurət olduğuna inandırdı. O zaman sovet Ermənistanı ərazisində yaşayan soydaşlarımızın öz əzəli torpaqlarından qovularaq çıxarılması, Qarabağ ərazisində kənardan alovlandırılan “Miatsum” hərəkatı böyük bir fəlakətin sürətlə yaxınlaşdığından xəbər verirdi.
Bu hadisələrin tezliklə dinc insanların ölümünə və yüz minlərlə insanın deportasiyasına gətirib çıxarması hadisələri daha da sürətləndirdi. 1990-cı ilin 20 yanvarında fəlakəti önləməyə çalışan xalqın Kremlin qərarı ilə gülləbaran edilməsi hadisələri öz kulminasiyasına çatdırdı və nəhayət, 1991-ci ildə Azərbaycan öz müstəqilliyinin bərpasını elan etdi.
Müstəqilliyimizin ən azı formal olaraq bərpa olunması 20-ci əsr tariximizin ən böyük qələbəsi idi. O böyük qələbənin şüurumuza təlqin etdiyi anlayışlar yalnız sivil dünyaya qaynayıb-qarışmaq, sürətli inkişaf və xoşbəxt gələcək arzularımızla bağlı idi. Bu qələbənin gətirdiyi tükənməz sevinc və sonsuz qürur hisslərimizi və şüurumuzu o qədər çulğamışdı ki, ardında bizi nələrin gözləyə biləcəyini düşünmək belə istəmirdik.
Həmin illərdə SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının milli azadlıq hərakatlarını boğmaq üçün əvvəlcədən hazırladığı, bütün post-sovet ərazisində və o cümlədən Azərbaycanda və Ermənistanda eyni zamanda həyata keçirdiyi silsilə təxribatlar tədricən milli azadlıq hərakatını bir neçə cəbhəyə bölməyi bacarmışdı. Müstəqilliyin rəsmi bərpasından dərhal sonra bir neçə il əvvəl bu mübarizəyə birlikdə qatılmış eyni məqsədli və eyni məramlı insanlar və onların ətrafında formalaşmış qruplar imperiyaya qarşı mübarizəni unudub və ya arxa plana keçirib bir-biri ilə mübarizəyə başladılar. Elə o zaman zahirən vahid güc mərkəzi kimi görünən Xalq Cəbhəsi özü də bir neçə cəbhəyə bölündü və onlar arasında getdikcə qızışan nüfuz və hakimiyyət mübarizəsi az öncə uğrunda birgə yola çıxdıqları azadlıq və müstəqillik mübarizəsini kölgədə qoydu.
Özünü müstəqillik mübarizəsinin yeganə və ən güclü “lideri” kimi təqdim edən onlarla hərakatçının hər biri öz partiyasını yaratdı və dünənki məsləkdaşlarına qarşı amansız rəqabət kampaniyasına başladı. Elə o zaman siyasi leksikamıza yeni bir söz daxil oldu: Xəyanət.
O zamanlara qədər “xəyanət” sözü ilə ancaq sevgi-məhəbbət romanlarında rastlaşardıq. Bir neçə il öncə ən səmimi məqsədlərlə və ən böyük fədakarlıqlara hazırlıq qətiyyəti ilə azadlıq mübarizəsinə qoşulmuş ziyalıların, gənclərin və ahılların da çoxu xəyanətin “sevgi-məhəbbət”dən fərqli rənglərinin də ola biləcəyini hələ ağıllarına belə gətirmirdilər. Az sonra öz sıralarından da bir çoxunun bu rənglərə boyanacağını heç düşünməmişdilər.
Kreml 70 il əvvəl silah gücünə İttifaq çətiri altına topladığı xalqların müstəqillik qələbəsini heç cür qəbul etmək istəmir və nə yolla olursa olsun, onları yenidən köləliyə qaytarmaq üçün əlindən gələni edirdi. Kreml ideoloqlarının uzun müddət sınaqdan çıxardığı vasitələrdən biri yaranmaqda olan yeni milli elitanı yağlı vədlərlə şirnikləndirmək və xəyanətə cəlb etmək idi. SSRİ təhlükəsizlik orqanları bu işi yaxşı bacarırdı.
Hələ 20 yanvar hadisələri zamanı çaşqınlıq içində olan o zamankı meydan liderlərinin bəziləri qaçıb gizlənmiş, bəziləri isə “tərbiyəvi söhbətlər” aparılmaq üçün Lefortovoya göndərilmişdi. Lakin az sonra o dövr qaydalarının əksinə olaraq tutulan və gizlənən liderlər yenidən siyasi savaş meydanına geri döndülər. Sonralar məlum olacaqdı ki, onlar heç də əliboş geri qayıtmamışdılar. Artıq müstəqillik dövrünün daxili siyasi savaşında daha fəal iştirakla bağlı hər birinin “öz platforması” və ya “öz gündəliyi” vardı. Beləcə “xəyanət” anlayışının sevgi-məhəbbət romanlarından siyasi mübarizə meydanına köçməsi baş verdi.
Lakin konspirasiya bununla da yekunlaşmırdı. Sovet ərazisinin dağıntıları üzərində özünün yeni təsir dairələrini yaratmağa və ayrı-ayrı bölgələri özündən asılı vəziyyətə salmağa çalışan digər güc mərkəzləri də post-sovet ərazisində meydana çıxan yeni liderləri “demokratiya”, “insan haqları” və “söz azadlığı” kimi bəlağətli şüarlarla ələ alır və onları bəlkə hələ özlərinin də anlamadığı xəyanət missiyasına cəlb edirdilər. Bu şüarların cazibədarlığı vətəndaş cəmiyyəti təşkilatlarının, jurnalist fəaliyyətinin, demokratiyanın və s. inkişafı üçün səxavətlə ayrılan qrantlar vasitəsilə daha da gücləndirilirdi. Beləcə, milli xəyanət çeşidli rənglərə bürünür, qulaqlara xoş gələn ibarəli sözlər və ifadələr altında pərdələnirdi.
Xəyanət güc mərkəzləri tərəfindən qurulmuş saat mexanizminə bənzəyir və saat kimi də işləyirdi. Nəticədə cəbhə bölgəsində daha çox qurbanlar verilir, daha çox torpaqlar itirilir və ölkə get-gedə mövcud olmaq və ya olmamaq dilemması qarşısında diz çökdürülürdü. O zamanın “siyasi liderləri” – Əbülfəz Əliyev, İsa Qəmbər, Əli Kərimov, İsgəndər Həmidov, Rəhim Qazıyev və başqaları bir qayda olaraq qarşılıqlı şəkildə bir-birini xəyanətdə ittiham edirdilər. Hər növbəti dəfə torpaq itkisi ilə üzləşəndə biri digərini üçüncü birisi ilə əlbir olmaqda, kimisə kiməsə “torba tikməkdə”, kimdənsə intiqam almaqda və bu məqsədlə öz dəstələrini geri çəkməkdə ittiham edir və yalnız ona inanmağın zəruri olduğunu iddia edirdi. Sonralar məlum olacaqdı ki, o illərdə işğala qarşı müharibə aparan bir ölkədə dövlətin bir sıra idarəçilik orqanları, o cümlədən müdafiə nazirliyi və təhlükəsizlik xidməti orqanları da xaricə qulluq edən agentlərlə dolu imiş.
Məsələ vətəndaş müharibəsinə gəlib çatanda xalq ayrı-ayrı adamların yox, bütövlükdə hakimiyyəti zəbt etmiş bütün siyasi liderlərin xəyanətkar olduğunu anladı və yekdilliklə hamısına birdən “yox” dedi. Xalq öz nicatını müstəsna olaraq Heydər Əliyevin hakimiyyətə dəvət olunmasında gördü və üzünü ona tutdu. Heydər Əliyevin hakimiyyətə qayıdışı siyasi mübarizə meydanında ab-havanı köklü şəkildə dəyişdi. Tarixi Qayıdışın qarşısını almaqda aciz qalan xainlər xarici himayədarlarından yeni şəraitə uyğun yeni təlimatlar almaq üçün bir müddət görünməz olmağa çalışdılar. Lakin nə xəyanətdən uzaqlaşdılar, nə də siyasi iddialarından əl çəkdilər. İllər öncə xalqın inamından sui-istifadə edərək əldə etdikləri və az sonra itirdikləri hakimiyyət sevdası onları yeni xəyanətlərə sürüklədi. Vaxtaşırı baş verən müəmmalı siyasi qətllər, ayrı-ayrı bölgələrdə gizli şəkildə təşkil olunan sabotajlar, dövlətə xəyanətdə ittiham olunan ayrı-ayrı şəxslərin həbsxanadan qaçırılması, ardıcıl şəkildə dövlət çevrilişlərinə cəhdlər həmin xəyanətlərin yalnız üzə çıxan nümunələri idi. Lakin bütün bunlar Heydər Əliyevin iradəsini sarsıda bilmədi. O hələ sovetlər dövründəki siyasi fəaliyyətində belə xəyanətlərlə çox üzləşmişdi və hamısından da qalibiyyətlə çıxaraq siyasi hakimiyyətin ən yüksək olimpinə ucalmağı bacarmışdı.
Keçən əsrin ikinci yarısında dünya siyasətinin nəhənglərindən biri kimi tanınan Heydər Əliyev qısa müddət ərzində ölkədə daxili sabitliyi bərpa etdi, Azərbaycan ətrafında qurulan qlobal oyunu “time out” rejiminə keçirərək, xarici müdaxilə cəhdlərini cilovladı, cəbhə bölgəsində atəşkəsə nail oldu və Azərbaycanı dünyaya tamamilə yeni obrazda tanıdacaq iqtisadi layihələrin, xüsusilə yeni neft strategiyasının icrasına başladı.
Yeni siyasət həm xaricdə, həm də daxildə ciddi müqavimətlə qarşılaşsa da, Heydər Əliyev öz müdrikliyi ilə bu müqavimət cəhdlərini də uğurla zərəsizləşdirə bildi. Heydər Əliyevin ölkəni idarə etdiyi 10 il ərzində nə xarici güclər, nə də onların daxildəki əlaltıları sabitliyi pozmağa və işğalı davam etdirməyə müvəffəq ola bilmədilər.
Məhz həmin dövrdə ölkənin müxalifət cəbhəsində sular durulmağa başladı. O zamana qədər hakimiyyətə kəskin müxalif cəbhədə qərarlaşan siyasi liderlərin və partiyaların böyük bir qismi Azərbaycan ətrafında cərəyan edən hadisələrin əsil mahiyyətini anlayaraq Heydər Əliyev siyasətini dəstəkləməyə qərar verdilər. Siyasi mübarizə meydanında ilk dəfə olaraq dövlətçilik siyasəti ətrafında iqtidarı dəstəkləyən sağlam müxalifətçilik institutu formalaşmağa başladı. Bu siyasi prosesdə də xəyanət fərqli boyalarla özünü cildləməyə başladı. Küçə etirazlarından siyasət meydanına atılmış bəzi psevdo-liderlər müstəsna olaraq özlərinə aid etdikləri müxalifətçilik ideyasını xəyanət missiyası ilə birləşdirərək revanşa qərar verdilər. Onların bəziləri hətta xəyanəti gizlətməyə belə ehtiyac duymur, bu və ya digər güc mərkəzinin məhz onun hakimiyyətə gəlməsini dəstəklədiyini açıq-aşkar şəkildə bəyan edirdilər. Digər bir qismi isə üzdə dövlətçilik siyasətinə loyallıq göstərməklə Heydər Əliyev hökümətinin tərkibinə daxil oldu və pozuculuq fəaliyyətini o şəkildə davam etdirməyə cəhd göstərdi.
İlk baxışdan cəlbedici adlar daşıyan beynəlxalq qurumlar, qeyri-hökümət təşkilatları və s. kimi müxtəlif formalarda İnstitutlaşmış “yumşaq güc” alətləri Heydər Əliyev hakimiyyəti qarşısında cılız və aciz görünürdülər. Odur ki, Heydər Əliyevdən sonrakı dövrdə Azərbaycanda hakimiyyətin öz əlaltıları tərəfindən ələ keçirilməsini hədəfləmişdilər. 2000-ci illərin əvvəllərində bu qurumlarla yaxından əməkdaşlıq edən psevdo-liderlər də sanki əlverişli şəraitin yetişdiyini düşünür və 2003-cü ilin prezident seçkilərində növbəti xəyanət addımını atmağa hazırlaşırdılar. Lakin 2003-cü ilin prezident seçkilərində xalq özünün birmənalı seçimini İlham Əliyevin xeyrinə etdi. Nəticə bəzi “beynəlxalq qurumları” və psevdo-liderləri daha da radikallaşdırdı. Məhz bundan sonra xəyanət öz rəngini dəfələrlə dəyişdi: dünyada və bölgədə baş verən hər bir hadisədən sui-istifadə etməklə Azərbaycanda hakimiyyət çevrilişinə nail olmaq radikal müxalifətin gündəliyində əsas və daimi məsələyə çevrildi. Xarici güc mərkəzləri tərəfindən Gürcüstanda həyata keçirilən “qızıl gül” inqılabı, Ukraynada baş vermiş “narıncı inqılab”, bir sıra Yaxın Şərq ölkələrində təşkil olunmuş “ərəb baharı” inqilabları özünü “milli qüvvə” adlandıran xəyanətkar qrupları ruhlandırır və hakimiyyət hərisliyi onları növbəti xəyanət addımlarına sövq edirdi. Xarici himayədarlarının köməyinə arxalanan Əli Kərimli, Cəmil Həsənli və başqaları kimi radikallar müxtəlif illərdə və müxtəlif siyasi şəraitlərdə “İctimai Palata”, “Milli Şura”, “Xalq parlamenti” və s. kimi adlar altında qondarma qurumlar təsis etdilər, lakin bu qurumların xalq tərəfindən dəstəklənməsinə nail ola bilmədilər. Bütün bu illər ərzində onların çıxışları, şüarları və şərhləri rəngdən rəngə düşdü, dəfələrlə özləri özlərini təkzib etdilər. Müstəqil dövlətçilikdən danışdıqları halda bir imperiyanın caynağından yenicə çıxmış xalqı digər imperiyanın quluna çevrilməyə təhrik etdilər. Sərbəst iqtisadiyyatdan və iqtisadi intibahdan danışdıqları halda müstəqil Azərbaycanın dünyanın ən çox inkişaf etmiş dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq uğurlarına kölgə salmağa çalışdılar. Sosial rifahdan danışdıqları halda sərbəst iqtisadiyyatın qanunauyğun nəticəsi kimi meydana çıxmaqda olan yeni iş adamlarını ləkələməyə, xalqla biznes cəmiyyəti arasında düşmənçilik toxumu səpməyə cəhd göstərdilər. Bolşevizmin qeyri-insani rejim olduğunu iddia etdikləri halda cəmiyyətin inzibati sosial bərabərlik əsasında proletarlaşmasını tələb etdilər. Qarabağın işğaldan azad edilməsi perspektivlərindən danışdıqları halda Ermənistanın işğalçılıq siyasətini və onu himayə edən qlobal lobbiçilərin ölkəmizə qarşı beynəlxalq miqyasda apardıqları qarayxma təbliğatını heç zaman pisləmədilər. Əksinə, hər dəfə Azərbaycan dövləti və Prezidenti ölkəmizə qarşı davamlı təziyiqlərə məharətlə sinə gərib onları ifşa edəndə dərin bir məyusluq yaşadılar. Ən başlıcası isə hakimiyyətə gəlmək məqsədlərinin guya torpaqlarımızı işğaldan azad etmək arzuları ilə bağlı olduğunu iddia etdikləri halda 2020-ci ilin Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasına heç bir şəkildə dəstək ifadə etmədilər.
Onlar bu gün də Azərbaycanın Avrasiya miqyaslı siyasi-iqtisadi proseslərin ən önəmli coğrafiyasına çevrilməsini Azərbaycan dövlətinin qlobal miqyaslı qələbəsi kimi yox, özlərinin ən böyük məğlubiyyəti kimi görürlər. Onlar bu gün də özlərini “siyasi məhbus”, “jurnalist”, “vətəndaş cəmiyyəti fəalı” adlandırmaqla dondan dona girir, rəngdən rəngə dəyişirlər. Son zamanlar aşkarlanmış siyasi sabotaj cəhdlərinin indiyə məlum olan ümumi mənzərəsində dövlətə qarşı xəyanətin nə qədər fərqli rənglərdən ibarət olduğu açıq-aşkar görünməkdədir. Üzdə bir sıra dövlət məmurlarının, o cümlədən həmişə “boz kardinal” adlandırdıqları Ramiz Mehdiyevin 5-ci kolon təmsilçisi olduğunu iddia edən Əli Kərimlinin özünün də eyni şübhələr əsasında istintaqa cəlb edilməsi xəyanətin bir yox, min bir rənginin olduğunu göstərir. Bir-birinə qarışmış bu qədər çeşidli rəngləri yüksək peşəkarlıqla ayırd etmək və hərənin öz orijinal rəngini təsbit etmək isə hüquq-mühafizə orqanlarının müqəddəs vəzifəsi və dövlətçiliyə sədaqət borcudur.
Cavanşir Feyziyev - Milli Məclisin deputatı
Baxış sayı:102
Bu xəbər 22 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















