Yunis Hüseynov: Bir dəfə də olsun mənə məşqçi kimi “Neftçi”dən təklif gəlməyib MÜSAHİBƏ
Idman.biz-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Yunis Hüseynov: Bir dəfə də olsun mənə məşqçi kimi “Neftçi”dən təklif gəlməyib MÜSAHİBƏ.
Azərbaycan futbolunun əfsanələrindən biri Yunis Hüseynov Futbolinfo.az saytına müsahibə verib.
İdman.biz fevralın 1-də 60 yaşını qeyd edən mütəxəssisin müsahibəsini təqdim edir.
- 60 illik ömür. Geriyə qayıdanda nəyi dəyişərdiz? Amma sizdən asılı olan halları deyin, həyatınız və karyeranıza müdaxilələri kənara qoyun…
- O vaxt mənə xaricdən gələn təklifləri geri çevirməzdim. Onları mütləq dəyərləndirədim. Yəni, gedib normal futbol ölkələrində legioner həyatı yaşayardım. Ona görə peşmanam. Hər halda, gənclik illəri idi, Azərbaycandan kənarda qala bilmirdim.
- Baxın, indiki futbolçularda da bu “xəstəlik” var. Yaxşı pul verirlər, şərait var, qalıb burada oynayır. Bəlkə sizin dövrünüzdə şərait yaxşı idi deyə getməmisinz…
- Doğrusu, o vaxtı da əla şərait yox idi. Əksinə, mənə kənarda yaradılan şərait buradakından qat-qat üstün idi. Guya bizim vaxtımızda necə idi ki? İki otaqlı ev verirdilər, bir də maşın ala bilərdin. Halbuki, Azərbaycandan kənarda yaxşı şərait var idi. Sadəcə, darıxırdım, qala bilmirdim.
- O vaxt Moskva “Lokomotiv”indən sizə təklif gəlmişdi. Bu haqda danışardız.
- Moskvaya Samir Ələkbərovla getmişdim. Orada bir məşqə də çıxdım. Komandanı Yuri Syomin çalışdırıdı. Samir Tolyattinin “Lada” klubuna gedəcəkdi. Nə isə, məşq etdim, paltardəyişmə otağına göz gəzdirdim, heç kimi tanımıram. Amma adamın üstündə Allah var, mənə hər cür şəraiti yaradacaqdılar, mənzil, maşın, yaxşı maaş verəcəkdilər. Yaxşı vaxtlarım idi, 26-27 yaşım var idi. Amma qala bilmədim, çox darıxdım. Onu deyim ki, məni bazaya aparırdılar, mən isə Samirə qoşulub sinif yoldaşının evinə getdim. Dedim səhər məşqə gələcəyəm, amma aradan çıxdım. Elə oldu ki, elə Moskvada olduğumuz müddətdə bizi Odessanın “Çernomorets” klubu çağırdı. O vaxt onları Viktor Prokopenko çalışdırırdı. Samirlə birgə Odessaya yollandıq. Bir həftə orada qaldıq, bizi komandaya götürürdülər. “Neftçi”yə təklif göndərdilər, buradan da onlara çox böyük pul “oxudular”. “Neftçi” bunlardan 100 min dollar istədi. 100 min dollar da o vaxt üçün fantastik məbləğ idi. Biz də dedik ki, kimdir bizə görə bu qədər pul xərcləyən?! Mümkün deyil! Burada da bizi şirnikləndirdilər, maşın, pul verdilər, dedim yaxşısı budur burada qalım. Sonra elə alındı ki, bir müddət sonra Vladiqafqaza getdim. Orada da hər cür şərait var idi. Ora mövsüm başlamamış yollandım, komanda heç yığılmamışdı. Nə isə, klubun rəhbəri ilə, baş məşqçi Aleksandr Novikovla görüşdük, müzakirə etdik, 3 gün də qaldım orada. Nazim Süleymanov da həmin vaxt Vladiqafqazda deyildi. Komandanın üzvü idi, sadəcə, şəhərdə yox idi. 10 gündən sonra təlim-məşq toplanışı olacaqdı və mən Bakıya gedib yenidən bura gəlməli idim. Elə oldu ki, Bakıya gəldim, yenidən Vladiqafqaza yollanmaq həvəsim öldü. Cavanlıq idi də. Qıraqda qala bilmirdim. Amma onu da sizə deyim ki, yollandığım yerlərdə mənə özümüzkülərdən dəstək olsaydı, belə etməzdim. Məsələn, Nazimlə Vladiqafqazda rastlaşsaydım, “Spartak-Alaniya”nın təklifini qəbul edəcəkdim. Halbuki, öncədən qeyd etdiyim kimi, Samirlə Odessada qalacaqdım, sadəcə, transfer məbləği işləri korladı.
- Futbolu seçməsəydiz, hazırda hansı sahədə işləyərdiz?
- Ümumiyyətlə, mən dərslərimi yaxşı oxuyan olmuşam. Riyaziyyatı çox güclü bilirdim. Amma təhsili seçəcəyimə əmin deyildim. Bizim Gəncədə küçəmiz “Alverçilər küçəsi” adlandırdı. Bazarın başı deyilən bir yer var idi, hamı alver edirdi. Bizim küçənin sakinlərinin hamısı da alverçi idi. Orada yaxşı pul qazanmaq olurdu. Xarici malllara qədər satılırdı. Mənə elə gəlir ki, futbolçu olmasaydım, o yolu da gedəcəkdim. Çünki artıq başlamışdım. Əl altından paltar-palaz satırdım. Yaxınlaşdırdılar, filan malın məndə olduğunu soruşurdu, mən də bilirdim ki, kimdə nə var, belə-belə qazanırdım. Gördüm ki, 15-16 yaşım var, artıq yaxşı qazanıram. Günə 200-300 rublum olurdu. Fikirləşdim ki, nə yaxşı şeydir, qoy elə alverlə məşğul olum. Doğrudur, futbol oynayırdım, amma bu işim də var idi. O vaxtı da idman komitəsinin rəhbəri var idi, Hamlet müəllim. Soyadını unutmuşam. O mənim “Kəpəz”də oynayan qardaşımı tanıyırdı. Bilirdi ki, mən də Konstantin Abramenkonun yetirməsiyəm. Bir gün mənə yaxınlaşıb dedi ki, “sən burada neynirsən?” Həmin gün də “Kəpəz” Lənkəranın “Xəzər”i ilə hazırlıq görüşü keçirəcəkdi. Onda da lənkəranlıları Kazbek Tuayev çalışdırırdı. Mənə dedi ki, axşamüstü stadonda olarsan, butslarını da götür. Nə isə bazaya gəldim, özü də orada idi. Baş məşqçi Zahid Hüseynova dedi ki, “Yunisə da şans ver”. Həmin bu Zahid Hüseynov səhv etmirəmsə, müğənni Abbas Bağırovun babasıdır, vaxtilə “Kəpəz”in qapıçısı olub. Nə isə, İkinci hissədə məni meydançaya buraxılar. Həmin matçda çox yaxşı oynadım. Elə bu görüşdən sonra da məni ştata götürdülər. Onunla da alverin başını buraxdım.
- Gəncədə doğulmağınız, futbol mühiti, Kirovabad “Dinamo”sunun ənənələri və s. Bu potensialla ölkənin futbol həyatı yaşamayan bölgəsində doğulsaydınız, belə qabağa gedə bilərdiniz?
- Əslim Ordubadın Dəstə kəndindəndir. Anam da oradandır, atam da. Mənim istedadım varsa, harada doğulmağımdan asılı olmayaraq futbolçu kimi yetişəcəkdim. Regionun əhəmiyyəti yoxdur. Özü də həmin dövrdə seleksiya işi yüksək səviyyədə idi. Məni aşağı yaş qruplarından ibarət milli komandaya necə götürdüklərini danışım. Biz Hacıqabulda turnirə getmişdik. Ora Bakıdan da komandalar gəlmişdi. 13-14 yaşım var idi. Turnirdə çox yaxşı çıxış etdim. Orada idman komitəsindən biri var idi, “Neftçi” ilə də əlaqələri yaxşıydı. Məni göstərib dedi ki, “bu uşaq “Neftçi”nin futbolçusu olacaq. O vaxt rayonları qarış-qarış gəzib uşaqları seçirdilər. Mənim milliyə yolum oradan başladı. Amma milli komandanın düşərgəsində də darıxmağa başladım. Orada da qalmaq istəmirdim. Deməli, Soçidə turnirimiz var, komanda yoldaşlarımdan heç kimi tanımıram, Gəncədən bir nəfər də yoxdur. Məni elə darıxma tutdu. Dedim “yox e, bir daha bura gəlməyəcəyəm”. Amma yavaş-yavaş uşaqlarla yaxınlaşdım, bir-birimizə uyğunlaşdıq, öyrəşdim.
- Karyeranızın yaralı anları… Seul Olimpiadasından kənarda qalmaq sizi futboldan küsdürdü?
- Bunu mən heç vaxt unuda bilmərəm. Orada oynasaydım, indi olimpiya çempionu kimi təqdim olunacaqdım.
- İqor Ponomaryov kimi…
- Kimə qismət olubsa, Allah canını sağ eləsin. Qisməti idi. Ponomaryov yaxşı futbolçu olub, bunu heç kim dana bilməz. Əlbəttə ki, mən də istəyərdim ki, olimpiya çempionu olum. İstəməkdən söhbət getmir, hamı istəyə bilər. Mən layiq idim. Mən heç vaxt SSRİ-nin əsas millisinə düşməmişəm. İndi deyim ki, mən layiq idim, niyə çağrılmamışam?! Amma mən SSRİ-nin olimpiya millisində layiqli şəkildə oynamışam. Bütün məşqçilər mənim Olimpiadaya yollanmağımı dəstəkləyirdilər. Hamı deyirdi ki, 100 faiz gedəcəksən. Proqram vermişdilər, onun əsasında da hazırlaşırdım. Bu haqq-hesabdan sonra getməyəndə… İnanırsınız, həmin ərəfədə 3-4 xarici ölkə klubu məni transfer etmək istəyirdi. 23 yaşım var idi, SSRİ-dən qırağa çıxmağa qoymurdular. Sırf oyunuma görə istəyirdilər. Təəssüf ki, məhz buradan mənim qabağımı kəsdilər, futboldan küsdürdülər. Belələri ən axırıncı adamlardır.
- Bizim azərbaycanlılar sizin qarşınızı kəsdi, elədir?
- Təbii ki, özümüzkülər, kim kəsəcəkdi ki?
- Məqsədləri nə idi?
- Onu deyə bilmərəm. İndi o vaxt Ponomaryov tanınan idi, 28 yaşı var idi. Yəqin bunu fikirləşdilər. Bir var gənc Yunis getsin, bir də var daha təcrübəli futbolçu. Moskvaya zəng edib məni pisləyirdilər, deyirdilər ki, əyyaşlıq edir. Bunu mən haradan bildim? Olimpiada qurtarandan sonra Moskvada Hacı Hacıyevlə görüşdüm, o mənə dedi ki, hər gün buradan idman komitəsinə zəng edib sənin içki düşgünü olduğunu və məşq etmədiyimi söyləyirdilər. Axırda da baş məşqçi Anatoli Bışovets də əsəbləşib, deyib lazım deyil.
- Eşitdiyimə görə, burada Nikita Simonyanın da rolu olub.
- Simonyanın milliyə dəxli yox idi. Bəlkə də onun da rolu olub, amma mən bilirdim ki, buradan da əngəl olurdular. Amma onu deyim ki, mən tək namizəd olsaydım, heç bir problem olmayacaqdı. Ponomaryovla getdiyimə görə seçim etməli oldular. Mən özümü yaxşı tərəfdən göstərsəm də, bunun nəticəsi olmadı.
- Bir çox klubda baş məşqçi işləyən Yunis Hüseynov hazırda “Turan Tovuz”da köməkçi-məçqçidir. Bu, çarəsizlikdən atılan addımdır, yoxsa Kurban Berdıyevin təcrübəsindən yararlanmaq istəyirsiz?
- Yox, bu çarəsizlikdən deyil. Hər halda, federasiyada işləyirdim. Kurban Berdıyevi də çoxdan tanıyırdım, onun işinə də bələdəm. Hələ də məşqçilər Berdıyevin yanına təcrübə toplamağa gəlir. Mənə də ondan təklif gələndə məmnuniyyətlə qəbul etdim. Berdıyev həqiqətən də çox güclü bir mütəxəssisdir. Ondan öyrənəsi çox şey var.
- Bəs Berdıyevdən başqa hansı mütəxəssisin köməkçisi olmağa razılaşardız?
- Berdıyevdən başqa heç kimlə işləməzdim. Çünki mən heç bir məşqçini yaxından tanımamışam.
- Heç millidə də köməkçi-məşqçi olmazdız?
- Baxır millini kim çalışdırır?! O demək deyil ki, köməkçi işləmək sənin dərəcəni aşağı salır. Sadəcə, çox güclü mütəxəssislə bir yerdə işləyərdim. Mən özüm həmişə baş məşqçi işləmişəmsə, bu o demək deyil ki, hər şeyi bilirəm. Berdıyevdə o qədər yeniliklər var ki. Bilmədiklərimi ondan öyrənirəm. Ümumiyyətlə, öyrənməyə meyilli insanam. 2004-xü ildə mən “Karvan”ın baş məşqçisi təyin olunanda 39 yaşım var idi. İşi bilmədiyimə görə Ağasəlim Mircavadovu özümə məsləhətçi götürdüm. Deyə bilərdim ki, “məsləhətçini nə edirəm, mən Yunis Hüseynovam, heç kimə ehtiyacım yoxdur”. Məşqçiliyin dərinliyini bilmək lazımdır. İndi də futbol dayanmır, dəyişikliklər olur. Kurban Berdıyev də tanınmış mütəxəssisdir, dünya məşqçilərinin reytinqində 54-cü sıradadır.
- Amma müasir futbolda gənc məşqçilərə üstünlük verirlər, Berdıyev yaşda olan mütəxəssislərə “tükənmiş” damğası vururlar. Berdıyev müasir futbolla ayaqlaşa bilir?
- Yaşlı mütəxəssislər futbolu gənclərdən daha yaxşı əxz edir. Müasir futbolla nəinki ayaqlaşırlar, hətta üstündən də keçirlər.
- Məsələ ondadır ki, müasir futbolda Kapello və Lippi kimi məşqçilər bir kənara çəkilib…
- Niyə çəkiliblər, nə bilirsiniz nəticə verməyəcəklər? Karlo Ançelotti niyə nəticə verir?
- O istisnadır. Məsələn, Del Boske də yoxdur. Sizcə, özləri komanda çalışdırmaqdan imtina edir?
- Siz nə bilirsiniz ki, onlar yenidən futbola gəlsə, nəticə verməyəcəklər? Onu sizə kim deyib? Yaşlı mütəxəssis çıxıb meydanda futbol oynayır? Yaş futbolda hədd deyil. Məşqçinin yaşlı olması söhbəti cəfəngiyyatdan başqa bir şey deyil.
- Bəs niyə Avropada, lap elə bizim özümüzdə daha çox gənc məşqçilərə şans verirlər?
- Onu artıq sız klub bosslarından soruşun. Biz bu suala cavab verə bilmərik.
- Təsəvvür edin ki, 2008-ci ildə “Qarabağ” rəhbərliyi Qurban Qurbanova yox, sizə şans verir və sona qədər arxanızda durur, səbrli olur. Bu dövrə qədər siz “Qarabağ”ı bu səviyyəyə qaldıra bilıərdiz?
- O şansı versəydilər, uğurlu olub-olmayacağımı zaman göstərəcəkdi.
- Yəni, siz özünüzə inanırsız ki, bunu bacarardız?
- Hər bir məşqçi özünə inanır. Məşqçi özünə inanmırsa, deməli o, məşqçi deyil. Bu sualı Azərbaycanda istənilən məşqçiyə verə bilərsiniz. Hamı da deyəcək ki, “mənə şans verilsə, uğurlu ola bilərəm”.
- Mənim bu sualı verməyimdə məqsədim var idi. İşlədiyinz komandalarda “Qarabağ”ın Qurban Qurbanova verdiyi dəstəyi görmədiniz. Ya dəstək olsa da, o şərait yox idi. Deməli, problem digər klublarda idi.
- Belə deyək də, Qurban hazırda Azərbaycanın 1 nömrəli məşqçisidir. Allah ona can sağlığı versin, işlərində də uğurlar arzulayıram. Həmişə də görüşürük, bir-birimizə dəstək oluruq. Mən şəxsən özümdən danışmaq istəyirəm. Mən “Karvan”ı 0-dan qurdum. 2-3 il bu komanda çox yaxşı vəziyyətdə idi. Avrokuboklarda da mərhələ keçdik. Komanda maliyyə cəhətdən yaxşı vəziyyətdə idi deyə, nəticələr də yaxşı idi. Biz kubokun finalına çıxdıq, çempionatda bürünc medal da qazandıq. Maliyyə azalandan sonra futbolçular dağıldı. “Xəzər Lənkəran”ı 5-ci yerdən götürüb 2-ci yerə daşıdım. Avropa Liqasında da bu komanda ilk dəfə mənim başçılığım altında mərhələ keçdi. Bundan sonra komandanın bir neçə aparıcı futbolçusu müqavilə yenilənmədiyinə görə getdi, başqa güclü oyunçuları da gətirmədilər, maliyyə azaldı. Yadınıza gəlirsə, mən işləyən dövrdə Azərbaycanda 17 yaşlılar arasında dünya çempionatı keçirilirdi. Həmin vaxt biz Lənkəran stadionunu təhvil verib ardıcıl səfər oyunları keçirdik. Mən də gənclərlə oynamalı idim. Biz 7 səfərdən sonra 7 ev oyununa çıxmalı idik. Liderlərdən 7-8 xal geridə idik, elə planlaşdırmışdıq ki, son oyunları evdə keçirib fərqi azaldacağıq. Amma klubun rəhbərliyi bunu gözləmədən məni komandadan göndərdi. “Standart” komandasını də mən 0-dan qurmuşam. Sadəcə, 6 aydan sonra “Karvan” məni yenidən çağırdı, doğma klub olduğuna görə Yevlaxa qayıtdım. Sonradan “Keşlə”dən dəvət aldım, orada da 6 ay işlədim. Koronavirusa yoluxdum, bir müddət komandanı meydana çıxara bilmədim. 5-6-cı yerdə gedirdik, elə oldu ki, rəhbərlklə görüşdüm, yollarımızı ayırdıq. “Kəpəz”ə də yaya qədər getmişdim. Sadəcə, həmin dövrdə biz Premyer Liqada qalmalı idik, gələn mövsümün komandasını qururduq. Amma bizdən yuxarıda qərarlaşan komanda ilə aramızda xal fərqi böyük idi. Komandaya maliyyə dəstəyi zəif idi. Çempionatın sonuna 2 tur qalmış bizə dedilər ki, “yox, sonuncu yeri tutduğunuza görə I Liqaya göndəriləcəksiniz”.
- İllərinizi “Neftçi”yə vermisiniz, 15 il bu komandanın heyətində çıxış etmisinz. Amma “ağ-qaralar” heç vaxt məşqçi kimi sizə təklif göndərmədi.
- Yox, heç vaxt.
- Adrian Mutu böyük futbolçu olub, amma harada məşqçi kimi işləyibsə, uğursuz olub. Üstəlik, o heç vaxt “Neftçi”ni sizdən yaxşı tanıya bilməzdi. Mutuya verilən şans Yunis Hüseynova verilmədi…
- Sizinlə razıyam. Mən həyatımı “Neftçi”yə həsr etmişəm. Doğrudur, Gəncə böyüyüb-boya başa çatmışam, “Kəpəz”də karyerama başlamışam, amma məni Yunis Hüseynov kimi tanıdan “Neftçi” olub. 15 il bu komandada canımı qoymuşam, 9 il də kapitanı olmuşam. Bir dəfə də olsun mənə məşqçi kimi “Neftçi”dən təklif gəlməyib. Amma təklif göndərməmələrinin səbəbini bilmirəm.
- Ürəyinizin dərinliyində inciklik var?
- Yox, heç bir incikliyim yoxdur. Mən belə şeylərə görə incimirəm. Ola bilər ki, mənim məşqçiliyimə güvənmirmirlər. Siz indi mənə çox böyük hörmət edib müsahibə götürürsüz, mənə hörmət etməyən görüşə gəlib müsahibə götürməz. Yəqin ki, “Neftçi”də işləyən bəzilərinin xoşuna gəlmirəm. Kimləri xoşlayırlar, onları da çağırırlar. Doğrudur, 60 illiyimə görə zəng edib məni təbrik etdilər, hətta xatirə hədiyyəsi vermək üçün görüş də təşkil olunmalı idi. Doğrusu, işimlə əlaqədar gedə bilmədim. Sağ olsunlar, yada saldılar.
- İndi futbol oynasaydız, hansı səviyyədə olardız və qiymətiniz nə qədər idi?
- Ovaxtkı potensialım olsaydı, mən Azərbaycanda oynamazdım. Bu dəqiqə “böyük beşlik” ölkələrində top qovurdum. Azərbaycan üçün qiymətim olmazdı. Özümü tərifləmək istəmirəm, amma faktdan danışıram.
- İrana da getmişdiz, amma orada da çox qalmadız. Səbəb nə oldu?
- Tehranın “Keşavərzi” klubuna getdim. İran millisinin 6 futbolçusu bu klubda oynayırdı. Millinin kapitanı da bizdə idi. Orada bir Zərneçinin adı yadımda qalıb, təbrizli idi. O məni maşınla aparıb gətirirdi. Mən orada məşqlərə başladım, “Neftçi” də keçidimə razılıq vermişdi. Amma yenə də son sözü federasiya deyirdi. AFFA icazə vermədi. Mən orada 3-4 ay qalıb komanda ilə birgə məşq etdim. O vaxt milli komandamız Təbrizə yoldaşlıq görüşü keçirməyə gəldi. Onda AFFA prezidenti Fuad Musayev əlyazması ilə “Kəşavərz”ə keçməyə icazə verdi. Onu da 4 aylıq verdi. 4 aydan sonra bu komanda federasiyanın hesabına pul köçürməli idi. Fikirləşdim ki, dəyməz, Bakıya qayıdıram.
- Sizə vaxtilə Cənubi Koreya, Türkiyə və İsveç klublarından təklif gəlib. Hansı klublar idi? Adlarını xatırlayırsız?
- Biz SSRİ-nin gənclərdən ibarət komandası ilə gedəndə, orada bir ağsaqalla görüşdüm, O mənə dedi ki, “səni ya “Qalatasaray”a, ya da “Fənərbağça”ya keçirəcəyəm. Bircə “hə” deməli idim. Orada Türkiyə millisinin üzvləri də məni çağırdılar. Çıxışlarımı da izləyiblər. Həmin ağsaqqal da sonradan otel otağına gəldi. Uşaqlara nəsə dedi, onlar da “konuşacağıq” dedilər. Deməli, məsələ bu imiş, ağsaqqaldan qabaq bunlar mənimlə danışmalı idilər. Məqsəd ya “Qalatasaray”, ya da “Fənərbağça” imiş. Dedim “bizdə sovet rejimidir, gedin SSRİ rəhbərliyi ilə danışın”.
- Xanımınız Aynur Sofiyevayla şahmat oynayırsınız?
- Yox. Bir dəfə oynamışam, o da təzə ailə həyatı quranda. O da necə oynamaq. Kənarda durub gedişləri deyirdi, mən də lövhəyə baxıb oynayırdım.
- Mətbuata müsahibələrinin birində demişdi ki, “mən Yunis Hüseynovla şahmat oynamıram, çünki zəifdir, zəiflə oynamaq da məni geri salır”.
- İstər-istəməz elədir. Təsəvvür edin, mən futbolçuyam, futbol oynamağı bilməyən biri ilə oynayıram, nə cür olar?!
- Şahmat proseslərini izləyirsiz?
- Əlbəttə. Elə az öncə chess.com portalında amerikalı biri ilə onlayn oynadım və ona qalib gəldim. Azərbaycandakı şahmat proseslıərini izləyirəm, bütün beynəlxalq turnirləri diqqət mərkəzində saxlayıram. Dekabrın sonlarında Nyu-Yorkda start götürən rapid və blitz növləri üzrə dünya çempionatında şahmatçılarımızın çıxışını diqqət mərkəzində saxladım. Ümumiyyətlə, bütün idman növlərində oynamağı bacarıram. Şahmat və dama oynaya bilirəm, basketbol, həndbol və voleybolda da yaxşıyam. Hətta sizi inandırım, o vaxt “klyuşka” düzəldib hokkey də oynayırdım.
- Qızlarınız niyə şahmatçı olmadı? Təhsilə üstünlük veriblər. Biri kosmos sahəsinə üstünlük verib, digəri…
- Bəli, o biri də dizaynerdir. Hərçənd şahmatçı olmaq istəyirdilər, yaxşı da oynaya bilirdilər. Amma elə oldu ki, əsas üstünlüyü oxumağa verdilər. İkisi də məktəbi qızıl medalla qurtarıb. Universiteti də İngiltərədə bitiriblər. Böyük qızım Fransada da təhsil alıb. Balaca qızım kosmos sahəsində işləyir, mühəndisdir, böyük qızım maliyyəni də bitirib, dizaynerliyi də. İndi dizaynerdir. Balaca qızım təyinat üzrə Çexiyada çalışır, arzusu Hyustona gedib NASA-da işləməkdir.
- Siz “Kəpəz”i çalışdırarkən, Şadon Vinçester məşqlərin birində Samir Zərgərovla əlbəyaxa olub, nəticədə onu heyətdən kənarlaşdırmısınz. O da mətbuata açıqlama verib və sizi tərəf tutmaqda ittiham edib. Sonra da “Kəpəz”dən gedib. Yəqin, xatırlayarsınız. Onu da deyim ki, bir neçə il əvvəl avtomobil qəzasında həlak olub.
- Hə, Vinçesteri xatırlayıram. Amma qəzada dünyasını dəyişməsini indi sizdən eşidirəm. Təəəssüf. O ki qaldı Samir Zərgərovla əlbəyaxa olmasına, onu xatırlamıram. Amma sizə bir söz deyim: mən o vaxt onu uzaqlaşdırıb Samir Zərgərovu oynatmışamsa, deməli günah onda olub. Həyatı boyunca ola bilməz ki, kimdəsə günah ola, mən onu saxlayıb günahısızı kənarlaşdırım. Məni tanıyanlar yaxşı bilir ki, gözümün işığı da olsa, günahkara bəraət qazandırmaram.
- Sonda legioner limiti haqda soruşum. Limitin ləğvi nə ilə nəticələnəcək?
- Maliyyəsi yaxşı olan komandalar limit ləğv olunandan sonra legionerləri gətirib çempionatın daha gərgin keçməsinə nail olacaqlar. Yəni, bu gözlənilir. Sizə onu deyim ki, I Liqadan iki komanda da gələcək, guya onların maliyyəsi olmayacaq, xeyir, onların da legionerlər gətirməyə imkanı olacaq. Bütün komandalar legionerlərə üstünlük verəcək. Guya “Kəpəz”ə gələn legioner burada böyük pul qazanır ki? Pis də oynamırlar. Belə futbolçuları gətirib oynadacaqlar. Onlar da özlərini burada Avropaya göstərmək üçün gələcəklər. Hərçənd bununla yerli futbolçuların qarşısı kəsiləcək, bu da milli komandaya ziyan vuracaq. Bəlkə də mən səhv fikirləşirəm, ola bilər ki, limitin ləğvi ilə yerli futbolçu daha istəkli çalışacaq. Amma mən vaxtilə futbolçu olduğuma görə bilirəm: psixologiya dəyişməlidir. Bizim futbolçularda psixologiya dəyişməsə, çətin olacaq. Rəqabətə dözmək lazımdır. Biz buna dözmürük, rəqabət apara bilmirik. Bunu mən özümdən götürürəm, mən də belə olmuşam. Kimsə oynamırsa, günahı özündə görməlidir. Baş məşqçi kim yaxşıdırsa, ona şans verəcək.
İdman.biz
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)