Icma.az
close
up
RU
Zakirə xanim xeyirxahliq rəmzi

Zakirə xanim xeyirxahliq rəmzi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Zakirə xanım Allahverdiyeva... Bu imzanı eşidəndə “Tut ağacı” mahnısı düşür yadımıza. Zakirə xanımın sözlərinə 20-dən artıq mahnı bəstələnib. Amma müəllifə əbədiyaşarlıq gətirən “Tut ağacı”dır.

75 yaşını qeyd edən Zakirə xanımla 45 ilin dostu, rəfiqəsiyik. ADU-nun (BDU) Jurnalistika fakültəsinin qiyabi şöbəsində birgə təhsil almışıq. Yaş etibarilə qrupumuzda hamımızdan böyük idi. Yəqin ki, dekanlıq-da xanımın yaşını nəzərə alaraq, bizə qrup nümayəndəsi seçdilər. “Mamaşa” deyib müraciət etdiyimiz Zakirə xanım qrupla ünsiyyətdə bu gün də həmin missiyasın-dadır.

Televiziyada işləmək zövq verirdi insana...

Zakirə xanım I kursdan ana televiziyamız olan AzTV-də “Günün ekranı” xəbərlər proqramında işləyirdi. Sonra ədəbi-dram verilişləri baş redaksiyasına keçdi. Əvvəl incəsənət, sonra ədəbiyyat şöbəsində redaktor oldu. Çox səmimi, orijinal müəllif verilişləri də var idi. Yadımdadır, "Kitab köşkü"nü intizarla gözləyərdim.

O illərlə bağlı yaddaşında o qədər xatirələr var, hərəsi bir kitaba sığmaz. Hər zaman deyir ki, orda işləmək zövq verirdi insana. Mühit özü maraqlı idi. Əlçatmaz saydığın insanlarla görüşmək xoşbəxtlik idi. Dünya şöhrətli bəstəkarlar Niyazi, Fikrət Əmirov, Qara Qarayev... qonağı olub. Xalq yazıçıları İlyas Əfəndiyevin, Mirzə İbrahimovun evində çəkilişlər aparıb. Xalq şairləri Osman Sarıvəlli, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Qasım Qasımzadə... qonağı olan daha neçə ədəbiyyat, incəsənət adamıyla görüşlərini indi də unutmur. Təəssüflənir ki, həmin verilişlərlə bağlı arxivində heç bir lent yazısı qalmayıb. “Qızıl Fond”da nə qalıbsa, odur.

Ziyalı kollektivdə işləməyi xoşbəxtlik sayır. Gəray Fəzli, Nahid Hacızadə, Firudin Ağayev, Cəlal Bərgüşad, Həbibə Məmmədxanlı, Tariyel Vəliyev, Ramiz Həsənoğlu, qardaşı Rauf Süleyman, Qurbanəli Şərif, Elmira Şirməmmədova, Məhərrəm Bədirzadə... neçə-neçə ədəbiyyat adamı, rejissor, operator, diktor... Sonra orijinal dəsti-xəttə malik Sadıq Elcanlı qatılıb kollektivə.

Böyük redaktor Həbibə Məmmədxanlı ilə aralarındakı mehri-məhəbbəti, ehtiramı nostalji hisslərlə xatırlayır. Cavidin yadigarı Turan xanımla teleməkanda tanış olub. Bacı qədər yaxın olduğu Həbibə xanımın yanına gələrmiş. Həbibə xanımın vəfati Zakirə xanımı da doğmaları qədər sarsıdır. Bu ayrılığın nisgilini bölüşmək üçün Turan xanımın görüşünə gedib, dərd ortağı olurmuş. Sonra Turan xanım da dünyasını dəyişir. O günlərdən danışanda Turan xanımın xarakterini də açır: “Repressiya qorxusu o qədər iliyinə işləmişdi, danışığında xəsislik vardı, söhbətcil deyildi”. İfadələrini dediyi kimi işlədirəm. Elə kövrək danışır, sanki o zamanın içindədir. Turan xanım dünyasını dəyişəndən sonra isə könül dünyasında bir boşluq yaranır. Öz itkiləri də az deyil. Ana məclisinə gedə bilmir. Bir dəfə bir yerdə olduq. Nə hala düşdüyünü gözlərimlə gördüm. 

Ailədə Azərbaycançılıq ruhu çox yüksəkdir

Onu işə götürən, müsahibələrində “Televiziya əbədi məhəbbətimdir” deyən Elşad Quliyevi də xoş xatirələrlə anır. Sonra münasibətləri ailəvi dostluğa çevrilib.

Teleməkan təkcə Zakirə xanıma yox, övladları Arzuya, Xanəliyə də doğmalaşıb. Oqtay Zülfüqarovun yaratdığı ansamblda mahnı da oxuyublar. Arzunu filmlərdə uşaq rollarına çəkmək istəyiblər. Nədənsə ana razılaşmayıb. Arzu BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirib, akademik Gövhər xanım Baxşəliyevanın rəhbərliyi altinda ərəb filologiyasından müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur. Təhsil sahəsində fəaliyyət göstərir. Eyni fakültənin yuxarı kursunda təhsil alan Azad Cəbrayılovla ailə qurub. Bu il Arzu xanımla birgə ömürlərinin 35 ilini başa vuran Azad Cəbrayılov sonra Qərb Universitetini də bitirib, başqa ixtisasa yiyələnib. Oğlu Nəriman İsveçrədə təhsil alıb, orada fəaliyyət göstərir. Qızı Təhminə anasının arzularını reallaşdırır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan “İçəri Şəhər” filmi qısa müddətdə dünyanı dolaşdı. İdeya rəhbəri və ssenari müəllifi (İlqar Safatla birgə) olduğu filmdə Təhminə Rafaella həm də baş rolun ifaçısıdır. Film gənc qızın Qarabağ müharibəsi veteranı Rafaelə olan sevgisindən bəhs edir. "İçəri Şəhər" "World Hyuston" Beynəlxalq Film Festivalında qadın roluna görə “Ən yaxşı nominant” elan olunub. 5-ci "Van gölü" festivalında da "Ən yaxşı aktrisa" mükafatina layiq görülüb. Film dünyanı gəzib, hər yerdə də mükafata layiq görülüb. Filmdə ən çox nəzərimi cəlb edən Təhminənin rolunu - Arzunu özü səsləndirməsidir. Bütün bağça, orta, ali təhsilini rus və ingilis dillərində alan Təhminə Rafaella rolunu ana dilində mükəmməl səsləndirir. Ümumiyyətlə, ailədə azərbaycançılıq ideyaları, ana dilinə hörmət mühüm məsələlərdəndir, çox güclüdür.

Baş rola çəkildiyi “Banu” və “Məryəm” filmləri də Təhminə xanıma dünya şöhrəti gətirib.

Gənc Təhminə bu yaxınlarda özünü rejissor kimi də sınayıb. "Qadın" adlanan qısametrajlı filmin ssenari müəllifi olmaqla yanaşı, həm də baş rolun ifaçısıdır. Film ekranlara çıxdığı qısa müddətdə məşhur festivallara düşüb və yüksək qiymətləndirilib.

Zakirə xanımın oğlu Xanəli əvvəl Xalq Təsərrüfati İnstitutunu (İqtisadiyyat Universiteti), sonra Qərb Universitetini bitirib. Həyat yoldaşı Rəminə xanım həkimdir. Böyük qızı Sona Amerikada universitet bitirib. Facebook şirkətinin aparıcı simalarındandır. Aişə Kolumbiya Universitetinin tibb fakültəsində oxuyur. Rafail Amerikada universitet təhsili alır. 

Zakirə xanımın həyat yoldaşı Rafail Allahverdiyev 16 il əvvəl dünyasını dəyişsə də, ocağı yerindədir, yadigarları ocağa yalnız baş ucalığı gətirirlər. 

* * *

Nə tələbəlik illərində, nə də televiziyada işlədiyi dövrdə Zakirə xanımın şeir yazdığını, rəssamlıqla məşğul olduğunu bilmirdim. Sonralar söhbətlərindən öyrəndim ki, uşaqlıq dövründən yazırmış. Abşeronun Fatmayi kənd orta məktəbində sizə ədəbiyyat fənnini tədris edən Mikayıl müəllim onun ilk qələm təcrübələrini oxuyanda şagirdini ruhlandırırmış. Divar qəzetində dərc olunan şeirinin se-vinci bu gün də yadındadır. 

* * *

Əvvəldə dediyim kimi, Zakirə xanım qrupumuzda hamımıza əziz, ana və bacıdır. Amma Rəhilə Səfərəliyeva ilə daha yaxındır. Bəlkə də uzun illər ana televiziyada birgə işləmələri yaxınlaşdırıb onları. Bu gün minnətdarlıqla bildirir ki, kitablarının çapına onu Rəhilə xanım təhrik edib. Bu təhrikdən sonra şeirləri beş kitabda işıq üzü gördü - "Duman, al apar məni", "Bihuşam dən düşən telin ətrindən", "Açıl səhər", "Bir zəng gözləyirəm", "Duman, al götür beni". Hələ çapını gözləyən neçə kitablıq şeirlər var və yaranmaqdadır.

“Tut ağacı”. Səni bu nəğmə ilə soraq verirlər

Elə ilk kitabının çapından sonra şeirlərinin taleyinə gün doğur. Yeni əsrin əvvəllərində bi nəğmə “Tut ağacı” səyyah kimi dünyanı dolandı. Abşeron bağlarının, Bakı kəndlərinin əzəli və əbədi rəmzi “Tut ağacı”.

Tut ağacı, tut ağacı, 

Aman yerim, güman yerim, 

Xatirələr qanadında 

Yaşatdığım pənah yerim. 

Qumlu sahil, şıltaq Xəzərin lacivərd suları, aydın üfüqlər, ulduzlu sərin axşamlar, meynəliklərin, tut bağlarının bənzərsiz ətri, tut ağacından asılmış yelləncəklərdən quma sallanan yalın ayaqlar...

Sözlə çəkilmiş nə gözəl mənzərə!

Üç abşeronlu xanımın ürəyinin hərarətiylə ərsəyə gəlib ürəkləri riqqətə gətirən "Tut ağacı"! Xanımlığı və incə qəlbiylə hamımıza örnək olan Zakirə xanımın könül rübabından qələminə süzülən misralar Aygün Səmədzadənin bəstəsiylə Aygün Bəylərin səsiylə süslənib ürəyimizə axır. 

Təsadüfi deyil ki, yaradıcılığının zirvəsi olan "Tut ağacı" "Nəğmələrin nəğməsi-2002" müsabiqəsində mahnı nominasiyasında I dərəcəli diploma layiq görüldü. İndi Səni bu mahnıyla soraq verirlər. "Tut ağacı" bu gün də yaradıcılığının zirvəsidir.

Çadır şəhərciklərində uşaqların sevincini bu gün də unutmur

Zakirə xanımın elə işləri, xeyirxah xidmətləri var ki, onları yazmasam, günah olar. Və bunları mənə söylədiyinə görə Rəhilə Səfərəliyevaya minnətdarlıq düşür. Çadır şəhərciklərində yaşayan qaçqınlara mütəmadi yardımı müxtəlif qadın cəmiyyətlərindən göndərib. Çox zaman Rəhilə də onlarla gedirmiş. Yardımdan bəhrələnən qaçqınlar hər dəfə Zakirə xanımı görmək arzusunda olduqlarını bildirirlər. Rəhilə bu arzunu ona çatdıranda təvazökarlıq edir. Nəhayət, bir gün yardım aparanlara qoşulub Saatlıya gedir. Qaçqınlarla səmimi görüşləri qəlbində bir rahatlıq yaradıb. Saatlı rayonunda çadır şəhərciyinin rəhbərliyi "Saatlının fəxri vətəndaşı" vəsiqəsini xeyriyyəçi xanıma təqdim etməklə məsuliyyət hissini daha da artırıb. Yaxın illərə kimi himayədarlığını qaçqınlardan əsirgəməyib.

Salyan şəhərində isə uşaqların sevincini bu gün də unutmur. Uşaq evindəki oğlan uşaqlarının sünnət mərasimini keçirir. Bakıdan apardığı həkimlərə rayonun əlaqədar təşkilatlarının kollekivi də qoşulub. Sonra qazanlar asılıb, samovarlar qaynadılıb. Zəngin süfrə arxasında uşaqlara unudulmaz bir gün yaşadıb. Bakıdan apardığı pal-paltarı elə paylayıb, uşaqlar hədiyyənin kim tərəfindən verildiyini bilməyiblər.

“Sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamı xarakterinin bu gün də dəyişməz cizgilərindəndir.

* * *

Zakirə xanımdan yazı yazmaq istəyəndə rəssamlığın-dan söz açmaq fikrindən uzaq idim. Düşünürdüm ki, qüdrətim çatmaz. Zakirə xanım Qarabağın qara günlərində fikirlərini hüznlü səslə bildirirdi: "Qarabağın şah tacı Şuşamızın ağrılı günündə mən də ağrı-acımı, kədərimi kağızlarla bölüşürdüm. Boş qalmış evlər, üzü Kəbəyə dayanmış başdaşları. İçimdəki kədəri rəngsiz tonlarla ifadə etdim. Şuşanın, Qarabağın qələbə xəbərindən sonra əlvan rənglərdən  istifadə edəcəyəm”.

- İnşallah, əlvan rəngli tabloların Qarabağda, Şuşada sərgilənsin, - demişdik. 

Şükür ki, Ali Baş Komandanın rəhbərliyi, cəngavər igidlərimizin şücaəti sayəsində Qarabağ torpaqları işğaldan azad edildi. Zakirə xanımın da fırçası al-əlvan rəngə boyandı, indi al-qırmızı lalələr, çəhrayı güllər çəkir...

* * *

Zakirə xanım növbəti yubiley yaşını da təmtəraqdan uzaq qeyd edir - oğul, uşaqlarıyla, sevdikləriylə...

Nə xoş ki, qələmi hələ əlindədir. Sevgiylə, həsrətlə, ağrı-acılarla, intizarla dolu hisslərini duyğulara çevirib yazıb-yaradır.

Fırçası əlvan rəngə boyanıb, gözəllikləri ürəyincə əks elətdirə bilir, ruhumuzu oxşayır.

Yubiley yaşında özündən özünə ən gözəl hədiyyə — son illərin şeirləri və boyakarlıq işləri toplanmış “Tut ağacım” kitabı.

Təbrik edirik, Zakirə xanım, axarlı olsun.

Sevda Əlibəyli,

“Söz” jurnalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see176

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see139

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see119

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see117

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see116

Maskın təklifi

08 İyun 2025 04:23see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see113

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri