Zəfərdən yeni strateji mərhələyə
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını göstərən siyasi hadisədir. Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin qurultayda söylədiyi nitq bu mərhələnin əsas koordinatlarını müəyyən edir və partiyanın siyasi xəttinin davamlılığını bir daha təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında qurultayın mahiyyətini belə ifadə edir: "Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir". Siyasi təhlilin ən fundamental prinsiplərindən biri odur ki, istənilən siyasi hadisə onu əhatə edən tarixi və geosiyasi mühitdən kənarda düzgün qiymətləndirilə bilməz. Bu baxımdan, VIII Qurultayın "yeni vəziyyət"də keçirilməsi də Azərbaycan dövlətçiliyinin son onilliklərdə yaşadığı ən dərin struktur dəyişikliklərinin məntiqi nəticəsidir.
Çıxışda xüsusi vurğulanan bir məqam qurultayın ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsindən sonra keçirilməsidir. Ərazi bütövlüyü və suverenliyin tam bərpası dövlətin mövcudluq şərtlərini, təhlükəsizlik arxitekturasını və beynəlxalq mövqeyini köklü şəkildə dəyişdirir. Belə bir şəraitdə partiyanın siyasi xətti də təbii olaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
***
Prezidentin nitqində YAP-ın tarixi trayektoriyası xüsusi olaraq diqqətə çatdırılır: partiya müxalifət qüvvəsi kimi yaranmış, lakin 30 ildən çoxdur ki, iqtidardadır. Politoloji ədəbiyyatda bu tip təkamül nadir haldır və onu şərtləndirən bir neçə amil mövcuddur. Birincisi, postsovet məkanında siyasi partiyaların əksəriyyəti ya fraqmentləşmiş, ya da sırf seçkiyönümlü siyasi strukturlara çevrilmişdir; YAP isə uzunömürlü, institusional davamlılığa malik siyasi subyekt kimi çıxış edir. İkincisi, partiyanın iqtidar dövrü ölkənin müstəqilliyinin bərpası, iqtisadi transformasiya və regional sabitlik kimi mürəkkəb proseslərlə üst-üstə düşmüşdür ki, bu da ona legitimlik resursu qazandırmışdır.
Çıxışda qeyd olunan bir digər mühüm tezis budur ki, YAP nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Regionda oxşar miqyaslı, davamlı və dövlət idarəçiliyi təcrübəsinə malik başqa bir siyasi qüvvənin olmaması bu tezisi obyektiv olaraq əsaslandırır. Partiya fəallarının ölkənin "uğurlu və şərəfli yolunda" payı isə göstərir ki, YAP özünü təkcə seçki strukturu kimi deyil, həm də kadr və idarəçilik məktəbi kimi təqdim edir.
***
Nitqin analitik cəhətdən ən qiymətli hissələrindən biri Azərbaycanın üzləşdiyi maneələrin açıq şəkildə sadalanmasıdır. Prezident bildirir ki, bu illər ərzində ölkə "çox ciddi müqavimətlə" üzləşmiş, Azərbaycana qarşı "yalan, iftira ilə dolu kampaniyalar" aparılmış, bəzi ölkələr sanksiyaların tətbiqi məsələsini "ciddi müzakirə" etmişdir. Təbii ki, bütün bunlar beynəlxalq sistemdə kiçik və orta dövlətlərin üzləşdiyi struktur maneələrin real təsviridir.
Politoloji nöqteyi-nəzərdən burada üç ayrı təzyiq kanalı ayırd edilə bilər: informasiya kanalı – yalan və iftira kampaniyaları; iqtisadi-hüquqi kanal – sanksiya təhdidləri; diplomatik kanal – beynəlxalq təcrid cəhdləri. Prezidentin diqqət çəkdiyi əsas nəticə isə budur ki, bu təzyiqləri neytrallaşdıran əsas amil "Azərbaycan xalqının vahid mövqedə olması" olmuşdur. Bu tezis dövlət-cəmiyyət münasibətlərinin klassik müqavilə modelinə uyğundur: xarici təzyiqlərə qarşı davamlılıq daxili konsolidasiyanın gücündən asılıdır. Başqa sözlə, milli birlik burada konkret geosiyasi müdafiə mexanizmi kimi təqdim olunur.
Çıxışın ideoloji özəyini tarixi hadisələrin siyasi kodlaşdırılması təşkil edir. İkinci Qarabağ müharibəsi "şanlı tariximiz" kimi, 8 Noyabr isə "əbədi bayramımız" kimi təqdim olunur. Eyni əhəmiyyət 20 Sentyabra da şamil edilir – çünki məhz 2023-cü il sentyabrın 20-də separatizmə və işğala son qoyulmuş, ərazi bütövlüyü və suverenlik tam bərpa edilmişdir. Siyasi təhlildə tarixi kodlaşdırma "yaddaş siyasəti" çərçivəsində qiymətləndirilir. Milli kimliyin formalaşdırılmasında və nəsillər arası siyasi davamlılığın təmin edilməsində ortaq tarixi referensiyalar mühüm rol oynayır.
***
Prezidentin çıxışında təhlil baxımından ən dərin tezislərdən biri budur ki, hər iki hərbi Zəfər "təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". Burada beynəlxalq münasibətlər baxımından yeni siyasi davranış modelinin və presedentin formalaşmasından söhbət gedir. Beynəlxalq hüquq nəzəriyyəsində presedent dedikdə, sonrakı oxşar hallar üçün istinad mənbəyinə çevrilən real siyasi-hüquqi təcrübə nəzərdə tutulur. Azərbaycan nümunəsi bu mənada göstərir ki, uzun illər dondurulmuş münaqişə iştirakçısı olan bir dövlət, iradəsini birləşdirərək və beynəlxalq hüququn fundamental prinsiplərinə – ərazi bütövlüyü və suverenliyə – arxalanaraq, öz ərazisini hərbi-siyasi yolla bərpa edə bilər.
Analitik cəhətdən çıxışın ən kəskin tezislərindən biri Minsk qrupuna aid olan hissədir. Prezident qeyd edir ki, "sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox". Tezisdə diqqət yetirilməli iki aspekt var. Birincisi, beynəlxalq vasitəçilik institutunun fəaliyyət məntiqinin açıq şəkildə sual altına alınmasıdır. İkincisi isə daha geniş konseptual məqamdır: "dondurma" strategiyası mahiyyət etibarilə status-kvonun qorunmasına xidmət edir və ərazi bütövlüyü pozulmuş tərəfin haqlı tələbini qeyri-müəyyən müddətə təxirə salır. Çıxışın bu tezisi məhz ikinci ssenarinin qaçılmazlığını əsaslandırır və vasitəçilik institutlarının legitimlik resursunu ciddi şəkildə sarsıdır.
***
Nitqin analitik baxımdan ən qiymətli detallarından biri təzyiq kanallarının ikili xarakterinin açıqlanmasıdır. Prezident bildirir ki, İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində Azərbaycana qarşı "böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir – həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında".
İkili struktur onu göstərir ki, münaqişə zamanı beynəlxalq sistem təkcə hüquqi normalarla deyil, həm də qeyri-formal güc münasibətləri ilə idarə olunur. Bağlı qapılar arxasında səslənən hədə-qorxular məhz bu qeyri-formal müstəviyə aiddir. Buna qarşı Azərbaycanın cavabı isə iki sütun üzərində qurulmuşdu: dövlət iradəsinin qətiyyəti və xalqın vahid mövqeyi. Çıxışın ifadəsi ilə desək, "heç kim bizi yolumuzdan döndərə bilmədi", burada xarici təzyiqə qarşı daxili konsolidasiyanın həlledici üstünlüyünü nümayiş etdirilir. "Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi". Siyasi təhlildə legitimliyin iki mənbəyinin – xalq iradəsi və dövlət qətiyyətinin – üst-üstə düşməsi vacib əhəmiyyət kəsb edir və xarici təzyiqlərə davamlılığın əsas şərtidir.
***
Çıxışın ən güclü ritorik və eyni zamanda analitik məqamlarından biri geosiyasi dəyişikliyin nəticələrinin təsviridir: vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyənlərin bu gün "Qarabağ Azərbaycandır!" deməsi. Burada beynəlxalq ictimai rəyin və rəsmi mövqelərin köklü transformasiyası göstərilir. Lakin Prezident mühüm dəqiqləşdirmə aparır: "Bunu məcburən deyirlər". Yəni mövqe dəyişikliyi könüllü etirafın deyil, real güc balansının nəticəsidir.
Çıxışın digər mühüm analitik müddəası da bununla səsləşir: "Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz". Burada isə Ermənistanın 2022-ci ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasının siyasi məntiqini açılır: tanıma məcburi xarakter daşıyırdı və onun arxasında real güc reallığı dayanırdı.
Struktur baxımından çıxışın ən sistemli hissəsi Zəfərdən sonrakı fəaliyyətin çoxcəbhəli təsviridir. Prezident vurğulayır ki, "biz bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində biz bir gün də istirahət etmədik". Davamlılıq və fasiləsizlik prinsipinin siyasi prioritet kimi təqdim olunması çox böyük əhəmiyyət kəsb edir. Prezidentin çıxışı İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövrü bir neçə paralel cəbhəyə ayırır: Siyasi-diplomatik cəbhədə "ermənipərəst ölkələr"in niyyətlərinin qarşısının alınması və beynəlxalq təşkilatlarda "çox ciddi beynəlxalq maarifləndirmə kampaniyası"nın aparılması, strateji mövqe cəbhəsində isə Qarabağ bölgəsində strateji mövqelərin "böyük dərəcədə yaxşılaşdırılması, hərbi cəbhədə isə bir neçə uğurlu, qısamüddətli hərbi əməliyyatın keçirilməsi.
Beləliklə, məqalənin bu birinci hissəsi VIII Qurultayın konseptual çərçivəsini – partiyanın tarixi təkamülünü, milli konsolidasiya modelini, beynəlxalq-hüquqi presedenti və yaddaş siyasətini – vahid analitik məntiq daxilində ortaya qoyur.
(ardı var)
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Oktyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















