Zəngəzur dəhlizi Cənubi Qafqazın dünya qapısı olacaq
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
ABŞ, Ermənistan, Türkiyə və Azərbaycan “Tramp marşrutu” (TRIPP) layihəsi üzrə danışıqları intensivləşdiriblər. Layihə çərçivəsində gələn il Ankaranın İrəvanla sərhədini qismən açmağa hazırlaşdığı, Azərbaycan və Ermənistanın isə ticarət dövriyyəsini artırmaq istiqamətində fəaliyyətlərini davam etdirdiyi bildirilir. Bu barədə məlumatı “Nezavisimaya qazeta” yayıb.
Vaşinqtonda keçirilən dəyirmi masada Ermənistan və Azərbaycanın səfirləri Narek Mkrtçyan və Xəzər İbrahim iştirak ediblər. ABŞ–Azərbaycan Ticarət Palatasının məlumatına görə, tədbirdə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan diplomatları da təmsil olunub. Müzakirələrdə TRIPP-in infrastruktur inkişafını sürətləndirmək, regional inteqrasiyanı gücləndirmək və ABŞ-ın Orta Dəhliz boyunca davamlı iqtisadi iştirakını təmin etmək potensialı əsas mövzu olub.
Görüş zamanı diqqətçəkən digər məsələ isə Azərbaycan və Ermənistan arasında ticarət əməliyyatlarının başlanmasıdır. Bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edildiyi kimi, münaqişə dövründə Ermənistana tətbiq edilən yük tranzit məhdudiyyətləri ləğv edilib. İlk mərhələdə İrəvan Rusiyadan və Qazaxıstandan olan buğda məhsullarını Bakı vasitəsilə tranzitlə alıb, daha sonra isə Azərbaycandan 1,3 min ton Aİ-95 markalı benzin idxal edib. Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, hazırda Azərbaycandan Ermənistana idxal var və gələcəkdə Ermənistandan Azərbaycana ixracın da mümkün olacağı gözlənilir.
Hər iki tərəf bu əməliyyatları Vaşinqtonda paraflanan sülh müqaviləsi ilə birbaşa əlaqələndirir. Region üçün bu addım həm iqtisadi əməkdaşlığın simvolik başlanğıcı, həm də etibar və ticarət əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Eyni zamanda, Türkiyə və Ermənistan arasında İstanbul–İrəvan istiqamətində gündəlik birbaşa hava reyslərinin başlanması barədə razılıq əldə olunub. Sərnişin daşıması “Turkish Airlines” vasitəsilə həyata keçiriləcək və proqram 11 mart 2026-cı il tarixindən fəaliyyətə başlayacaq. Yük daşımaları üçün sərhəd-keçid məntəqələrinin açılması da planlaşdırılır. İlk mərhələdə Marğara körpüsü yalnız yük daşımaları üçün istifadəyə veriləcək, sonrakı mərhələdə isə sərnişin daşımaları üçün də açılacaq. Bu addım regional ticarət əlaqələrinin genişlənməsinə və Türkiyə–Ermənistan iqtisadi münasibətlərinin normallaşmasına təkan verəcək.
Bununla belə, Ermənistanın Rusiya ilə əlaqələri də diqqətdən kənarda qalmayıb. Daha əvvəlki danışıqlarda Baş nazir Nikol Paşinyan qeyd edib ki, İrəvan və Bakı arasında sülh Ermənistan–Rusiya münasibətləri üçün yeni imkanlar yaradır. O, Rusiya tərəfini Azərbaycanın və Türkiyənin birləşdirdiyi dəmir yolu infrastrukturunun bərpasına cəlb etməyə çağırıb: “Hesab edirik ki, Tavuş ərazisində, ən azı, İcevan stansiyasına qədər təmir işlərinin aparılması vacibdir. Axurik ərazisindəki hissə – Türkiyə sərhədindən mövcud dəmir yolu xəttinə qədər, eləcə də Ermənistan–Azərbaycan sərhədindən Yerasxa qədər olan hissə bərpa olunmalıdır. Ümid edirik ki, rusiyalı tərəfdaşlarımız bu işi mümkün qədər tez başa çatdıracaqlar”.
“Nezavisimaya qazeta” yazır ki, 2026-cı ilin birinci yarısında sülh müqaviləsinin imzalanacağı təqdirdə, sərhədin 2027-ci ilə qədər tam açılması və tammiqyaslı ticarət əməkdaşlığının başlaması gözlənilir. Bu proses yuxarıda qeyd etdiyimiz kimi, artıq simvolik addımlarla – buğda və yanacaq tədarükü ilə başlayıb. Növbəti mərhələdə sərhədin tam açılması və iqtisadi inteqrasiyanın genişlənməsi planlaşdırılır.
Layihənin icrasında isə müəyyən maliyyə və infrastruktur çətinlikləri mövcuddur. Ermənistanda müasir dəmir yolu tikintisi üçün yetərli maliyyə resursları yoxdur.
Üstəlik, ölkənin bütün dəmir yolu infrastrukturu Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yoluna məxsusdur. ABŞ isə layihəni yalnız icarəyə götürməyə və nəzarət etməyə hazırdır.
Təhlükəsizliyin təmin olunması üçün isə adı açıqlanmayan özəl hərbi şirkətdən 1000 əsgər yerləşdiriləcək. Şirkət idarəetmədən gələn gəlirin 40 faizini, Ermənistan isə 30 faizini alacaq. Qalan hissə isə infrastrukturun inkişafına sərf olunacaq. İlkin hesablamalara görə, bu ərazinin idarə olunmasından əldə edilən illik gəlir, təxminən, 100 milyard dollar təşkil edəcək.
Layihənin inkişafı üçün ABŞ və Ermənistan “TRIPP Company” adlı birgə müəssisə yaradacaq. Bu marşrut üzrə yolların, boru kəmərlərinin və telekommunikasiya kabellərinin çəkilməsi planlaşdırılır. Hazırda ABŞ Ermənistana ilkin olaraq 145 milyon dollar tranş ayıracağını açıqlayıb, lakin əlavə investorlara ehtiyac yaranacağı gözlənilir.
Layihədə Rusiyanın iştirakı isə istisna edilir. Bunun əsas səbəbi onun geosiyasi və strateji əhəmiyyətidir. Çünki TRIPP marşrutu ABŞ-ın Orta Dəhliz boyunca nəzarət imkanlarını artırır, Şərq–Qərb ticarət axınlarını izləməyə şərait yaradır və alternativ tranzit yolları vasitəsilə regional təsir imkanlarını genişləndirir.
Layihə eyni zamanda enerji, telekommunikasiya və logistika sektorlarını canlandıraraq uzunmüddətli iqtisadi faydalar təmin edəcək. Əgər Rusiya rəsmi iştirakçı olarsa, ABŞ-ın strateji üstünlüyü zəifləyəcək və layihənin məqsədi təhlükə altına düşəcək. Bundan əlavə, TRIPP Gürcüstan tranziti olmadan işləyəcək yeni marşrut üzərində qurulur ki, bu da Rusiyanın mövcud dəmir yolu və tranzit sistemindən asılılığı minimuma endirir. Hətta Ermənistanın dəmir yolu Rusiyanın nəzarətində olsa da, TRIPP infrastrukturu bu nəzarətdən kənarda qalacaq. Layihə ABŞ tərəfindən idarə olunacaq, təhlükəsizlik üçün isə özəl hərbi şirkət fəaliyyət göstərəcək. Maliyyə və texniki idarəetmə tamamilə ABŞ-ın nəzarətində olacaq, buna görə də Rusiya marşrutun icrasına birbaşa cəlb oluna bilməyəcək.
Bununla bağlı politoloq Cəsarət Hüseynzadə bildirdi ki, TRIPP marşrutu Cənubi Qafqazın iqtisadi inteqrasiyasını sürətləndirə, Mərkəzi Asiya ilə ticarət əlaqələrini möhkəmləndirə və bölgədə yeni geosiyasi dinamika yarada bilər: “Sərhədlərin tam açılmasından əvvəl, ticarət əməliyyatlarının başlaması və tranzit məhdudiyyətlərinin aradan qaldırılması göstərir ki, tərəflər artıq praktiki əməkdaşlıq mərhələsinə keçiblər. Bu isə sülh müqaviləsinin daha dayanıqlı və real əsaslar üzərində formalaşmasına əlavə impuls verir.
Layihə çərçivəsində regional aktorlar arasında yeni rol bölgüsü də aydın şəkildə müşahidə olunur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədə qalib gəlmiş və sülhün müəllifi kimi proseslərdə əsas aktor rolunda çıxış edir. Bütün mərhələlər boyunca əsas söz sahibi olan tərəf məhz Azərbaycandır və Bakı, eyni zamanda, prosesləri qarşıdurmadan əməkdaşlığa, münaqişədən isə qarşılıqlı inkişaf və müsbət gündəlik istiqamətinə yönəldir.
Eyni zamanda, Azərbaycan enerji və logistika mərkəzi statusunu daha da möhkəmləndirir, Türkiyə regional inteqrasiyanın siyasi dayağı rolunu gücləndirir, ABŞ isə investisiya, təhlükəsizlik və texniki idarəetmə vasitəsilə Orta Dəhliz boyunca strateji mövqelərini genişləndirir. Ermənistan üçün isə TRIPP uzun illər davam edən iqtisadi təcriddən mərhələli çıxış və regional iqtisadi sistemə inteqrasiya üçün real imkan yaradır. Bunun qarşılığında isə Ermənistan işğalçılıq siyasəti, separatizm və qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə birdəfəlik vidalaşmalı olduğunu qəbul edir. Ümumiyyətlə, bu marşrut Cənubi Qafqazda geosiyasi qarşıdurmadan iqtisadi qarşılıqlı əməkdaşlığa keçidin praktik mexanizmi kimi dəyərləndirilə bilər”.
Beləliklə, TRIPP marşrutu Cənubi Qafqazın iqtisadi və geosiyasi mənzərəsini dəyişə biləcək strateji təşəbbüsdür. Layihənin icrası regionun nəqliyyat və ticarət xəritəsini yenidən formalaşdırmaqla yanaşı, tərəfdaş ölkələr üçün strateji üstünlük yaradır və Cənubi Qafqazın uzunmüddətli iqtisadi inteqrasiyasına mühüm töhfələr verir.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 26 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















