Icma.az
close
up
RU
Zəngəzur mahnısı Ermənistanda ajiotaj yaratdı

Zəngəzur mahnısı Ermənistanda ajiotaj yaratdı

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Ötən ay mədəni sferada xüsusi rezonans doğuran hadisələrdən biri də "Zəngəzur mahnısı"nın təqdimatı oldu. "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi tərəfindən Qərbi Azərbaycan mövzusunda hazırlanmış yeni musiqi əsərinin ideya müəllifi, tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımov təqdimat mərasimində qeyd etmişdi ki, "Zəngəzur mahnısı" sadəcə bir musiqi əsəri deyil, o, həm də mədəni və siyasi əhəmiyyət ksəb edir.

Sonrakı hadisələr R.Qasımovun sözlərində nə qədər həqiqət olduğunu təsdiqlədi. "Zəngəzur mahnısı" və klipi təqdim olunar-olunmaz Ermənistanda böyük səs-küy və ajiotajla qarşılandı. Erməni mətbuatı bu xəbəri "Azərbaycanda "Zəngəzur mahnısı" yaradılıb - Ararat və Sünik "qələbə yolu" kimi təqdim olunur" başlığı ilə tirajlamağa başladılar.

Xəbərlərdə, xüsusən, iranşünas Vardan Voskanyanın fikirləri ön plana çəkilir. O, iddia edir ki, sözügedən klipdə Ermənistan ərazisindən - o cümlədən Noravank yolundan görüntülərdən istifadə olunub: "Mahnı pan-turançı, ekspansionist ideyalarla yazılıb". Eyni zamanda V.Voskanyan öz iddialarını əsaslandırmaq üçün mahnının mətnini tərcümə edərkən bilərəkdən, ya da bilməyərəkdən "kiçik" dəyişikliklərə yol verib. O, şeirdə "Ağrı dağı" ifadəsinin işləndiyini və bunun da Ararat dağına iddia olduğunu deyib. Həmçinin, mahnıda Zəngəzurun "qələbə yolunun son nöqtəsi" kimi təqdim olunduğunu, türklərin Nuhun nəslindən gəldiyinin, Göy Tanrıdan güc aldığının, Oğuz soyu ilə bağlı olduğunun vurğulandığını əlavə edib.

Voskanyan xüsusilə qeyd edir ki, "Zəngəzur" adlı bu mahnı mədəni təbliğat vasitəsi kimi Azərbaycanın ərazi iddialarına xidmət edir və erməni tarixi-mədəni dəyərlərinə qarşı ideoloji hücumdur.

Məsələ ilə bağlı "525"ə açıqlama verən "Zəngəzur mahnısı"nın sözlərinin müəllifi, tanınmış şair və bəstəkar Şahin Musaoğlu isə qarşı tərəfdən səsləndirilən iddiaları absurd və həqiqətdən uzaq hesab edir:

"Bu, artıq ikinci şeirimdir ki, ermənilər həm erməni, həm də digər dillərə tərcümə edərək tirajlayırlar. İlk mahnım Birinci Qarabağ müharibəsində yazdığım, söz və musiqisi mənə aid olan "Cənab leytenant" mahnısı idi ki, təxminən 2-3 il bundan öncə onlar həmin mahnını tərcümə edərək "Hay ver mənə, cənab leytenant" cümləsindəki "hay" kəlməsini öz təbirlərincə "erməni" kəlməsi kimi qələmə verdilər. Təbii ki, bu, çox absurd iddia idi və bir müddət lətifə kimi dildən-dilə dolaşdı.

İndi isə "Zəngəzur mahnısı"nın mətnini tirajlayıblar və etiraf edim ki, mətnin rus dilinə tərcüməsi qüsursuzdur, mənim fikirlərim olduğu kimi çatdırılıb. "Zəngəzur mahnısı" "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin layihəsi idi. Təəssüf ki, qarşı tərəf yenə də məqsədli şəkildə absurd iddialarla çıxış edir.

Əvvəla, qeyd edim ki, mən şeirdə onların iddia etdikləri kimi "Ağrı dağı" yox, "Tanrı dağı" ifadəsini işlətmişəm ki, bu da Tengri dağının dilimizdəki tərcüməsidir. Tanrı dağı bir ucu Orta Asiyadan tutmuş Çinin ərazisini də əhatə edən, təxminən 3 min kilometrlik gözəl təbiəti ilə seçilən dağ silsiləsidir. O, YUNESKO-nun Dünya irs siyahısına daxil olmuş bir bölgədir. Mahnıya bircə dəfə qulaq asan hər kəs o adı aydın şəkildə duyacaq. Hörmətli Xalq artistimiz Mübariz Tağıyev öz ifasında həmin adı xüsusi və aydın vurğu ilə çatdırıb.

Mənim şeirimdə söhbət konkret olaraq türklərdən, türklərin tarix səhnəsinə çıxışına şahidlik edən müqəddəs ulu yurd Zəngəzurdan gedir. Biz tarixi torpaqlarımız haqqında mahnı qoşa bilmərik?! Canımız, qanımız hesabına azad etdiyimiz Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın Zəngəzur deyil? Biz məhz şanımızla, şöhrətimizlə, gücümüzlə azad etdiyimiz əzəli torpaqlarımıza şeir yazıb, mahnı qoşmuşuq. Bəli, bu yol Zəfər yoludur!

Təbii ki, bu iddialar qonşu xalqın rəsmi mövqeyi deyil, öz xalqına, dövlətinə qənim kəsilən bir qrup avaturistin mövqeyidir. Mən onları mahnını bir daha, amma bu dəfə diqqətlə, qərəzsiz dinləməyə dəvət edirəm!"

Qeyd edək ki, əsərin sözləri Şahin Musaoğluya, musiqisi tanınmış bəstəkar, Əməkdar artist Vüqar Camalzadəyə aiddir.

Mahnını Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov və gənc ifaçı İlkin Dövlətov ifa ediblər. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib. Layihənin səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır.

Klipin çəkilişləri Şərqi Zəngəzurun füsunkar təbiətinə malik Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb.

Şahanə MÜŞFİQ

P.S. Etirazlara səbəb olan mahnının mətninin orijinal variantını (necə ki mahnıda da məhz bu cür ifa olunub!) təqdim edirik:

Tanrı dağdan əsən yel

Min illərdir yol gəlir.

Gəlir, Turan elləri

Birləşdirən qol gəlir.

Həniri Göy Tanrıdan,

Səmiri Nuhdan gəlir.

Hopub nəfəsdən cana

Coşaraq ruhdan gəlir.

Bir sinədə bir vuran

Ürəkdən, qandan gəlir.

Canda ruh, ruhda candan

Əhdə-vəfadan gəlir.

Çıx yoluna qarşıla

Üfüqdə dan eşqinə,

Ay-ulduzu parlayan

Azərbaycan eşqinə.

Nəqarət:

Boyu oğuz boyudur,

Ər oğlu ər soyudur,

Yolu zəfər yoludur

               Zəngəzur!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri