Zəngəzurdan keçən gələcək
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan yeni iqtisadi coğrafiya yaradır
Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri və Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə mənim qənaətimcə, son illərdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi mənzərənin mahiyyətini anlamaq üçün xüsusi əhəmiyyət daşıyır. Bu səfərin proqramı müdafiə, sənaye, energetika, dəmir yolu infrastrukturu, sosial xidmətlər, şəhərsalma və mədəni irs kimi müxtəlif sahələri bir xətt üzərində birləşdirdi. Beləliklə, Naxçıvanın gələcəyi lokal inkişaf proqramı çərçivəsindən çıxaraq Azərbaycanın regional strategiyasının əsas sütunlarından biri kimi təqdim olundu. Prezidentin Naxçıvana dövlət başçısı kimi 17-ci səfəri zamanı Sənaye Parkının təməlinin qoyulması, yeni enerji obyektləri, dəmir yolu infrastrukturu və komando hərbi hissələri ilə bağlı tədbirlər bu yanaşmanın praktiki miqyasını göstərdi.
Naxçıvan uzun onilliklər ərzində coğrafi ayrılığın yaratdığı təhlükəsizlik və logistika məhdudiyyətləri ilə üzləşmiş bir Azərbaycan bölgəsi idi. Bu gün həmin coğrafiya tamamilə fərqli funksiyaya, daha dəqiq desək Şərq ilə Qərbi, Şimal ilə Cənubu bağlayan, Xəzər hövzəsini Anadolu və Aralıq dənizi istiqaməti ilə əlaqələndirən, eyni zamanda İran və Fars körfəzi xəttinə çıxış yaradan çoxşaxəli qovşaq funksiyalarına hazırlanır: Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın gələcəyi məhz bu miqyasda təsvir olunur. Burada əsas siyasi fikir aydındır: coğrafi ayrılıq strateji üstünlüyə çevrilə bilər və bu çevrilmənin mərkəzində Zəngəzur bağlantısı dayanır.
2020-ci ildən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısının bərpası Bakı üçün strateji prioritetə çevrildi. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyannamə bu prosesi yeni beynəlxalq siyasi-hüquqi mərhələyə çıxardı. Sənəddə Azərbaycan ilə Ermənistan arasında kommunikasiyaların açılmasının sülh, sabitlik və rifah baxımından əhəmiyyəti təsbit edilir, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı nəzərdə tutulur və Ermənistan ərazisində TRIPP – “Trump Route for International Peace and Prosperity” layihəsi üzrə ABŞ və qarşılıqlı razılaşdırılmış tərəfdaşlarla iş aparılması qeyd olunur. Eyni sənəd bütün mexanizmin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında qurulmasını vurğulayır.
Bu məqam prinsipial əhəmiyyət daşıyır. Azərbaycan siyasi diskursunda Zəngəzur dəhlizi kimi formalaşan strateji bağlantının Ermənistan ərazisindəki icra mexanizmi TRIPP çərçivəsində konkretləşir. Belə yanaşma iki məqsədi eyni platformada birləşdirir: Azərbaycanın Naxçıvana etibarlı çıxışı və Ermənistanın suveren hüquqlarının beynəlxalq sənədlərlə qorunduğu tranzit mexanizmi. Bu model düzgün icra olunduğu təqdirdə, keçmiş qarşıdurmanın coğrafiyasını qarşılıqlı iqtisadi maraq coğrafiyasına çevirmək potensialına malikdir. Vaşinqton Bəyannaməsinin siyasi çəkisi də burada görünür: bağlantı məsələsi ikitərəfli mübahisə çərçivəsindən çıxaraq regional sülh arxitekturasının tərkib hissəsinə çevrilib.
2026-cı ilin yanvarında ABŞ və Ermənistan TRIPP-in icra çərçivəsinin formalaşdırıldığını açıqladılar. Ermənistan hökumətinin rəsmi məlumatında marşrutların müəyyənləşdirilməsi, hüquqi qərarların hazırlanması, TRIPP adlı şirkətin yaradılması, tikinti və torpaq istifadəsi üzrə icazələrin təşkili kimi praktiki addımlar sadalanır. Bu, 2025-ci ilin siyasi razılaşmasının infrastruktur mərhələsinə keçməsi baxımından mühüm göstəricidir
Prezident İlham Əliyevin Naxçıvandakı müsahibəsində diqqət çəkən əsas məqamlardan biri rəqəmlərin artıq siyasi konsepsiyanı konkret layihəyə çevirməsidir. Ermənistan ərazisində nəzərdə tutulan dəmir yolu hissəsinin təqribən 42 kilometr olması, Naxçıvan daxilində yeni texniki-iqtisadi əsaslandırmaya uyğun 194 kilometrlik xəttin planlaşdırılması, mövcud yükaşırma qabiliyyətinin 1,5 milyon tondan 15 milyon tona çatdırılması hədəfi yeni logistika sisteminin miqyasını göstərir. Prezident həmçinin Horadiz–Ağbənd avtomobil yolunun faktiki tamamlanma mərhələsində olduğunu, Azərbaycanın əsas hissəsində dəmir yolunun Ermənistan sərhədinə qədər uzadılması işlərinin davam etdiyini bildirib.
Məncə, burada 15 milyon ton göstəricisi sırf nəqliyyat statistikası kimi oxunmamalıdır. Bu həcm Naxçıvanın iqtisadi strukturunun dəyişməsini tələb edir. Böyük yük axını logistika terminalları, anbar təsərrüfatı, gömrük xidmətləri, emal sənayesi, sığorta, maliyyə, nəqliyyat xidməti, rəqəmsal izləmə sistemləri və yeni əmək bazarı yaradır. Naxçıvan Sənaye Parkının yaradılması məhz bu gələcək iqtisadi coğrafiyaya hazırlıq kimi qiymətləndirilə bilər. Başqa sözlə, dəhliz relslər və asfalt üzərində qurulan xəttdən daha geniş iqtisadi ekosistemdir.
Prezidentin Naxçıvan dəmir yolunun reabilitasiyasında beynəlxalq konsorsium imkanını açıq saxlaması da ayrıca diqqətə layiqdir. Burada Azərbaycan dövlətinin nəzarət paketini qoruması şərti ilə xarici investorların və potensial yükgöndərənlərin iştirakı nəzərdən keçirilir. Avropa İttifaqı nümayəndələrinin Naxçıvandakı dəmir yolu seqmentinə maraq göstərməsi barədə verilən məlumat bu layihənin regional çərçivəni aşaraq Avrasiya ticarət arxitekturasının mövzusuna çevrildiyini göstərir.
Zəngəzur bağlantısının strateji çəkisi onun Orta Dəhlizlə məhdudlaşmamasındadır. Naxçıvan və Culfa üzərindən İran dəmir yolu şəbəkəsinə çıxış Şimal–Cənub xəttinin alternativ qolunu formalaşdıra bilər. Bu isə Azərbaycanı eyni vaxtda Xəzər–Anadolu–Avropa və Rusiya–Azərbaycan–İran–Fars körfəzi istiqamətlərində qovşaq ölkəyə çevirən geoiqtisadi mövqeni gücləndirir. Prezident İlham Əliyev yanvar 2026-cı il müsahibəsində də Zəngəzur xəttinin Orta Dəhliz və Şimal–Cənub marşrutları üçün əlavə imkan yaradacağını, Naxçıvandan Türkiyə və İran istiqamətlərinə çıxışın genişlənəcəyini vurğulamışdı.
Türkiyə baxımından bu xətt ayrıca strateji məna daşıyır. Naxçıvanın Türkiyə dəmir yolu şəbəkəsinə bağlanması Azərbaycan–Türkiyə iqtisadi inteqrasiyasına yeni fiziki ölçü qazandırır, Orta Asiyadan Xəzər üzərindən gələn yük axınlarının Anadolu və Avropa bazarlarına çıxışını şaxələndirir. Beləliklə, Naxçıvan türk dünyasının coğrafi kəsişmə nöqtələrindən biri olmaqla yanaşı, real infrastruktur inteqrasiyasının aparıcı halqasına çevrilə bilər. Bu perspektiv regional əməkdaşlığın siyasi bəyanatlardan konkret logistika, sərmayə və ticarət dövriyyəsinə keçməsi deməkdir.
Naxçıvan müsahibəsinin ən strateji hissələrindən biri Prezident İlham Əliyevin Zəngəzur bağlantısına multimodal yanaşmasıdır. Söhbət dəmir yolu və avtomobil yolundan əlavə elektrik xətləri, fiber-optik kabel, gələcək ehtiyaclar əsasında enerji daşıyıcıları üçün əlavə infrastruktur imkanlarından gedir. Azərbaycan tərəfi Cəbrayıl rayonunda böyük ötürücü yarımstansiyanın hazır olduğunu, Ermənistan ərazisi vasitəsilə Naxçıvana elektrik xəttinin layihələndirildiyini açıqlayıb.
Bu yanaşma Zəngəzur marşrutunu klassik tranzit dəhlizindən “infrastruktur platforması” səviyyəsinə qaldırır. XXI əsrin geoiqtisadiyyatında dəhlizin dəyəri yükün bir məntəqədən digərinə daşınması ilə ölçülmür. Enerji, məlumat, kapital və istehsal zəncirlərinin eyni coğrafiyada birləşməsi əsas üstünlüyə çevrilir. Naxçıvanda günəş və su enerjisi potensialının genişləndirilməsi, 300 meqavatlıq istilik elektrik stansiyası planı, enerji saxlanc sistemləri və ixrac imkanlarının artırılması bu platformanın enerji sütununu formalaşdırır.
Bu baxımdan Naxçıvanın gələcəyi “enerji istehlak edən eksklav” modelindən “enerji istehsal edən, ötürən və ixrac edən qovşaq” modelinə keçir. Azərbaycanın Xəzər hövzəsində və azad edilmiş ərazilərdə yaşıl enerji strategiyası ilə Naxçıvanın günəş potensialının bir sistem daxilində düşünülməsi ölkənin uzunmüddətli enerji diplomatiyasına yeni çeviklik verir. Prezidentin müsahibəsində elektrik enerjisinin Türkiyə və İran istiqamətində, perspektivdə isə Avropa bazarına ötürülməsi barədə səsləndirilən yanaşma bu strategiyanın coğrafi miqyasını göstərir.
Zəngəzur bağlantısının ən mühüm siyasi nəticəsi onun sülhü iqtisadi maraqlarla möhkəmləndirə bilməsidir. Cənubi Qafqazın son otuzillik tarixi göstərdi ki, təhlükəsizlik mexanizmləri iqtisadi qarşılıqlı asılılıqla tamamlanmadıqda siyasi sabitlik kövrək qala bilər. Kommunikasiyaların açılması Ermənistan üçün də yeni bazarlara, Azərbaycan, Türkiyə, İran və daha geniş tranzit şəbəkələrinə çıxış imkanları yarada bilər. Ermənistan rəhbərliyi də 2026-cı ildə TRIPP-i regional kommunikasiyaların açılması və sülhün praktiki mərhələsi kimi təqdim edib.
Burada uğurun əsas şərti siyasi ritorikadan daha çox hüquqi aydınlıq, qarşılıqlılıq, təhlükəsiz tranzit, sərhəd prosedurlarının işlək mexanizmi və tərəflərin qəbul etdiyi qaydalara ardıcıl əməl olunmasıdır. Vaşinqton Bəyannaməsində suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsiplərinin ayrıca vurğulanması gələcək modelin siyasi dayanıqlığı üçün mühüm zəmin yaradır.
Bakı üçün əsas strateji qazanc Naxçıvanla birbaşa və etibarlı bağlantı, Türkiyə və Avropa istiqamətində əlavə marşrut, Orta Dəhlizin şaxələndirilməsi və Şimal–Cənub xətti ilə sinerji imkanlarıdır. İrəvan üçün qazanc regional təcrid riskinin azalması, tranzit gəlirləri, yeni investisiya imkanları və qonşu bazarlara çıxışın genişlənməsi ola bilər. Türkiyə üçün Qafqazdan Xəzər və Mərkəzi Asiyaya uzanan iqtisadi xətt güclənir. ABŞ və Avropa aktorları üçün isə daha sabit, çoxmarşrutlu və rəqabətədavamlı Avrasiya bağlantısı formalaşır. Bu mənada layihənin real uğuru tərəflərdən birinin üstünlüyü üzərində qurulan sıfır məbləğli məntiqdən uzaqlaşaraq paylaşılmış iqtisadi faydanın genişlənməsindən asılıdır.
Prezident İlham Əliyevin səfərinin bütöv mənzərəsinə baxdıqda aydın olur ki, Naxçıvan üçün planlaşdırılan transformasiya bir neçə paralel xətt üzrə aparılır: təhlükəsizlik, sənayeləşmə, yaşıl enerji, nəqliyyat, sosial infrastruktur, turizm, mədəni irsin qorunması və idarəetmənin modernləşdirilməsi. Prezident Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid inkişaf konsepsiyası çərçivəsində düşünülməsini də xüsusi vurğulayıb.
Bu yanaşmanın siyasi fəlsəfəsi ərazi bütövlüyündən iqtisadi bütövlüyə keçid kimi şərh oluna bilər. Dövlətin suveren məkan üzərində nəzarəti bərpa edildikdən sonra növbəti mərhələ həmin məkanı yollar, enerji şəbəkələri, istehsal zəncirləri və insan kapitalı ilə birləşdirməkdir. Naxçıvan bu mərhələdə Azərbaycanın qərb qapısı, Türkiyə ilə birbaşa bağın dayağı və Avrasiyanın yeni tranzit xəritəsində yüksələn qovşaq rolunu əldə edir.
Mənim fikrimcə, Prezident İlham Əliyevin Naxçıvan səfərinin və müsahibəsinin əsas geosiyasi mesajı məhz budur: Azərbaycan müharibədən sonrakı mərhələni sərhədlərin qorunması ilə məhdudlaşdırmır, həmin sərhədlər daxilində və onların ətrafında yeni iqtisadi coğrafiya qurmağa çalışır. Zəngəzur bağlantısı bu coğrafiyanın əsas arteriyalarından biri, Naxçıvan isə onun mərkəzi bağlantısıdır.
Əgər tərəflər Vaşinqtonda qəbul edilmiş prinsiplərə sadiq qalaraq TRIPP-in hüquqi və texniki mexanizmlərini sürətlə formalaşdıra bilsələr, 42 kilometrlik bir xətt Cənubi Qafqazın siyasi iqtisadiyyatında ölçüsündən qat-qat böyük nəticə doğura bilər. O zaman Naxçıvanın tarixində yeni mərhələ başlanacaq: coğrafi ayrılıqla müəyyənləşən bölgədən Avrasiyanın əlaqələndirici mərkəzlərindən birinə doğru keçid. Bu, Azərbaycanın, Ermənistanın, Türkiyənin və bütövlükdə regionun gələcəyini qarşıdurma yaddaşından əməkdaşlıq rasionalizminə yönəldə biləcək strateji imkandır.
Prof. Dr. Aygün Attar
Xüsusi olaraq XQ üçün
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Avqust 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















