Icma.az
close
up
RU
Zirə dadlı nemətlər yetirən torpaq

Zirə dadlı nemətlər yetirən torpaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Paytaxtdan 40 kilometrliyində yerləşən Xəzər rayonu Zirə qəsəbəsi qədim yaşayış məskənlərindən biridir. Qədim qəsəbə adət-ənənələrini bu gün də qoruyub saxlaması ilə seçilir. Arxeoloji tapıntılar göstərir ki, min illər əvvəl burada insanlar məskunlaşıb. Zirə tarixən ovçuluq, əkinçilik, balıqçılıq və bağçılıqla məşğul olan kənd kimi tanınıb.

İstər paytaxt, istərsə də rayon yaşayış məntəqələrinin hansınasa yolum düşürsə, ilk növbədə tarixi ilə maraqlanıram. Gəzib-görməli yerlərini hökmən ziyarət edirəm. Hər qəsəbə, kənd özlüyündə bir tarixdir.

Zirə qəsəbəsindəyik. Bələdçimiz Zirə “Cümə məscidi” dini icmasının sədri və imamı Qədir Nəcəfzadə qəsəbənin tarixi haqqında ətraflı məlumat verir:

– Zirə kəndinin adının haradan yaranmasıyla bağlı müxtəlif versiyalar var. Bəzi etnoqraflar burada tarix boyu Cirə (Zirə) bitkisinin yaxşı becərildiyinə görə kəndə də Zirə deyildiyi fikrini irəli sürür. Bəzi alimlər isə bu kəndin adının farsca Zir (ərəb əlifbasında hərflərin aşağısına qoyulan və “i” səsini ifadə edən işarə) sözündən əmələ gəldiyini və “aşağı yer”, “aşağıda olan yer” anlamını verdiyi fikrinin üstündə dayanırlar. Zirə toponiminin ərəbcə “Ziraət” (əkinçilik) sözündən də əmələ gəlməsi fikri irəli sürülmüşdür.

Ədəbiyyatçı alimlərin yazdıqlarına görə, Zirə qəsəbəsi ölkənin ən şərq nöqtəsində yerləşdiyi üçün günəş Azərbaycana məhz buradan doğur. Həqiqətən də Zirə ən şərq nöqtədə Şah Dili qoruğunda yerləşən bir qəsəbədir. Şah Dili dil olaraq Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən isə Zirə qəsəbəsi ərazisinə daxildir.

3 tərəfdən su ilə əhatə olunduğuna görə min illər əvvəl Cəzirə deyiblər. Sonralar Zirə adlandırılıb. Maraqlı məqamlardan biri budur ki, ölkəmizdə 9 mayakdan 2-si məhz Zirədə yerləşir. 1858-60-cı illərdə o mayaklar 2 il fasilə ilə tikilib: Böyük Zirə və Abşeron mayakı. Bu mayakların da 165-170 yaşları var.

Kəndin yaxınlığındakı qədim insan məskənləri nəzərə alınmasa müasir Zirə kəndinin 350-400 il tarixi var. Bu məlumatı kəndin köhnə qəbiristanlığındakı Pirin daşlarının üzərindəki yazılardan da oxumaq mümkündür. Kəndin cənub-şərq tərəfində “Qubələ” adlı yaşayış məskəninin olduğu da alimlər tərəfindən təsdiqlənmişdir.

Zirənin Xəzər dənizinə yaxınlığı ticarət və yaşayış üçün əlverişli məkan olmasına şərait yaradıb. Türkmənistana, İrana dəniz vasitəsilə qayıqla balıq, üzüm, əncir, kişmiş qurusu aparıb parçaya, əsasən də çaya, düyüyə dəyişirmişlər.

Qədir Nəcəfzadə söhbətinə davam edərək bildirir ki, Abşeron yarımadasının digər kəndləri kimi, Zirə də qədimdə kiçik kənd icmaları şəklində formalaşıb. Bakı və Bakıətrafı qəsəbələrin kameral təsvirində qeyd olunur ki, 1823-25-ci illərdə qəsəbədə 249 sakin yaşayıb. 30 evdən ibarət olub. Bu ailələrin böyük əraziyə malik torpaq sahələri də böyük təsərrüfatla məşğul olmağa imkan yaradıb. Qəsəbənin şərqində yerləşən Gürgan su altında qaldığından oradan xeyli sayda əhali bura köçüb. Kameral təsvirdə də göstərilir ki, 1896-cı ildə orada qalan 4 ailə də Zirəyə köçüb. Zirə qəsəbəsinin sakinləri vaxtilə İrandan, Qazaxıstandan, Quba və Xızıdan köç ediblər.

Hazırda 18 min əhalidən 15 mini yerlidir. Qalan 3 mini Şamaxı və Suraxanıdan vaxtilə Zirə sovxoz deyilən ərazidə köç edib yaşıyanlardır.

Qədir Nəcəfzadə daha sonra qeyd edir ki, Zirənin torpaqları şoran olduğundan məhsullarının dadı-tamı da diqqət çəkib. Badam, üzüm, əncir, püstə, xartutu, özünəməxsus cirəsi, zəfəranı ilə tanınıb. Hətta İtaliyada, İspaniyada, İraqda, Səudiyyə Ərəbistanında, Şərq və Avropa ölkələrində Zirə göbələyinin, zeytununun satışına rast gəlib.

Qəsəbənin cənub hissəsində Dübəndi bağları deyilən ərazidəki mağaralardan həm qışda, həm də yayda heyvanların saxlanc yerləri kimi istifadə olunub. Şirin su quyularının qazılması ilə heyvandarlıq inkişaf edib. Kolxoz dövründə geniş kanallar çəkilib və əkin sahələri yaradılıb, burada taxıl, arpa, yonca əkilib.

Vaxtilə Azərbaycan ilan zəhəri istehsalı sahəsində keçmiş SSRİ məkanının lider ölkəsi hesab olunub. Zirə kəndində fəaliyyət göstərən Herpetoloji Kombinat 70-ci illərdə SSRİ-nin müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirmiş. Bu zəhərdən müxtəlif farmokoloji kombinatlarda dərman preparatlarının hazırlanmasında istifadə olunub. 1995-ci ilə qədər kombinat fəaliyyət göstərib və ildə 25 litrə qədər ilan zəhəri toplanıb.

Zirənin tanınmış adamlarından xəttatçı Mirzəəhməd Əlizadə Şərq ölkələri arasında tanınmış simalardan olub. Əlyazmalar Fondunda nüsxələri və nəfis əl işləri var. Şərq ədəbiyyatından qəzəlləri, divanları olduğu kimi yazıb bərpa edib.

Cümhuriyyət dövründə ictimai–siyasi xadim, yazıçı-publisist və dilçi kimi tanınan Mirzəbala Məmmədzadə Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olub. Məzarı Türkiyədədir. Zirəli şərqşünas–alim Xəlil Hüseynzadə Məhsəti irsinin araşdırmaçısı kimi tanınıb. Digər tanınmış şəxsi Baba Əliyev dünyaşöhrətli rəssamdır. Rəsm əsərləri bir çox dünya ölkələrində sərgilənib. Nəvəsi Fərid Əliyev isə vokalçıdır.

Qəsəbədə Dostəli adlı bir tanınmış neftçi, neftçi Qurbanın və bir çoxlarının müəllimi hesab olunurmuş. Pirallahı neft yataqlarının və Neft Daşlarının, Zirədə qazılan neft buruqlarının, demək olar ki, ustası olub. Təhsili olmasa da, geoloji sahədə püxtələşmiş mükəmməl bir insan kimi tanınıb. Yataqların və buruqların istismarına, çıxan neftin tonuna qədər əvvəlcədən söyləyərmiş. Sovet dövründə fəaliyyətə başlayan “Azneft”in təşkil olunmasında Dostəli kişinin böyük məsləhətləri olub. Neft sahəsində tanınmış neftçilərdən biri də Rəhman Qurbanovdur. Rəhman müəllim fəhləlikdən “Azneft”də çalışıb. Xoşbəxt Yusifzadə kimi, Rəhman müəllim də neft sahəsinin qocaman simalarındandır.

Ərazisində kiçik qalalar və məscidlər də mövcud olub. Bu da onun həm müdafiə, həm də dini mərkəz kimi əhəmiyyət daşıdığını göstərir. Qəsəbədə ölkə əhəmiyyətli heç yerdə təkrarı olmayan Qələndəriyyə Xanəgahı məzarlığı var. Qələndərxana yataq yeri olmayan müsafirlər üçün qonaq evi kimi istifadə olunub. Bu tikilinin 5 əsr yaşı və ətrafında məzarlıq da var. Ölkə əhəmiyyətli tarixi memarlıq abidələri siyahısına daxil edilib.

Zirə “Cümə məscidi” də yerli əhəmiyyətli tarixi abidədir. Qoşa minarəli məscid kompleksidir. Bu məscidin 5 əsr yaşı var. Müxtəlif illərdə məsciddə təmir-tikinti, bərpa işləri aparılıb. El hamamı 1749-cu ildə Məhəmməd Ağaverdi oğlu tərəfindən inşa olunub. İkigünbəzli və 8 tağdan ibarət olan hamam 19-cu əsrin 80-ci illərində işlək vəziyyətdə olmuşdur. Sonralar baxımsız vəziyyətə düşsə də, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmişdir.

Zirə ənənəvi dəyərləri, müasir Azərbaycan ruhunu birləşdirən nadir ünvanlardan biri kimi həm də zəngin mədəni həyatı ilə tanınır. “Zirə İncəsənət Kəndi” 2015-ci ildə yaradılıb və Azərbaycan incəsənətinə yeni nəfəs verib. Layihənin əsas məqsədi Azərbaycanın milli sənətkarlıq ənənələrini qorumaq, gənc rəssamları və sənətsevərləri bir araya gətirməkdir. Kompleks milli memarlıq üslubunda tikilib və həm müasir, həm də ənənəvi mədəni ornamentləri özündə birləşdirir. Bu mərkəz yerli və beynəlxalq səviyyəli mədəniyyət turizminin inkişafına öz töhfəsini verir.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri