Ziyalı ilə ziyanlının en qədər fərqi Könül Bünyadzadə yazır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Könül BÜNYADZADƏ
İnsana fitrətən verilən xüsusiyyətlərdən biri də fərqlənmək hissidir. Körpəlikdə bunu ağlamaqla, şıltaqlıq etməklə, bir az böyüyəndə şuluqluq salmaqla, yaxud dərslərində daha çalışqan olmaqla edirlər. İllər keçdikcə üsullar dəyişir, hissin özü isə dəyişmir və hər kəs bunu öz bilik səviyyəsinə, tərbiyəsinə, dünyagörüşünə uyğun edir. Bunun üçün ən radikal üsula əl atanların da altşüurda hərəkətverici qüvvəsi yenə həmin fərqlənmək istəyi olur. Məsələn, danimarkalı filosof Sören Kierkegaard günahı müsbət bir şey kimi qələmə verir, çünki o, insanı Allahın hüzuruna gətirir. Filosof belə hesab edir ki, "Allah qarşısında mütəəssir olan özü olmaq istəyəndə və ya olmaq istəməyəndə günah işlədir". Bunu yəqin ki, hər işdə bir xeyir axtarmağa da bənzətmək olar.
Bir şey də həqiqətdir ki, insan ağıllandıqca, müdrikləşdikcə, yalnız özünü, eqosunu deyil, mənsub olduğu cəmiyyəti, xalqı da düşünməyə başlayır, onu da fərqləndirməyə, başqa xalqlar arasındakı yerini, identikliyini göstərməyə, təsdiqləməyə çalışır. Çünki bilir ki, xalqı onun varlığının, böyüklüyünün təməlidir. Əmindir ki, rəzil tayfada, alçaq keyfiyyətləri özünə hakim bilən xalq arasında böyük şəxsiyyət yetişə bilməz. Bu səbəbdən, belə şəxsiyyətlər, Məhəmməd Hadi demiş, imzalar içində ilk növbədə xalqının imzasını görməyə və göstərməyə çalışır.
Hər nə qədər sosial şəbəkələr zahiri parıltıya köklənsə də, diqqətli təhlil fərdlərin iç üzünü görməyə imkan verir. Burada fərqlənmək istəyi özünü daha qabarıq göstərir, çünki meydan çox, iştirakçı da minlərlə, milyonlarladır. Radikallıq sınanmış üsul olduğuna və yüz faizli nəticə verdiyinə görə, ona əl atanların sayı da artıb. Millətin dahi şairini, yazıçısını yerlə-yeksan etmək, "bu xalqın heç vaxt filosofu olmayıb, ola da bilməz" (olsa, mütləq həmin şəxsə məruzə etməliymişlər!) iddiaları, "qadından mütəfəkkir olmaz", "bu millətin düşünən başı yoxdur" əminliyi və daha neçə alçaldıcı "qənaət" dərin düşüncənin, təhlilin yox, məhz fərqlənmək, tanınmaq şakərinin təzahürüdür!
Bunlar bir ziyanlı fərdin cılız istəkləri, nüfuz qazanmaq xülyasıdır. Cəmiyyətin həqiqi ziyalısı isə yüksək ideyaları önə çıxardan, baş verən mənfi halları, bunlara imkan verən kəsləri tənqid edən və bununla millətin halına yanan, onun gələcəyini düşünən şəxsdir. Məsələn, Hind mütəfəkkiri Rabindranat Taqor ömrünün ahıl vaxtında qayğılanırdı ki, bir vaxtlar sevinirdim ki, Britaniya mədəniyyəti gəlib bizim mədəniyyəti daha da zənginləşdirəcək, ancaq "Britaniya təhsil idarələrinin rəsmi kanalları ilə bizim uşaqların başına ingilis ədəbiyyatı deyil, onun tör-töküntüsü yeridildi, bu da onlarda öz mədəniyyətlərinə olan məhəbbəti məhv elədi". Alman romantik şairi Fridrix Hölderlin xalqının düşüncə səviyyəsindən narazılıqla haray çəkirdi ki, "Hər şey iyrəncdir, ətrafda hər şey pisdir, murdardır". O, dəhşətlə öz cəmiyyətində insanlığın öldüyünü deyirdi: "Almanlardan rəzil xalq yoxdur! Siz onların arasında sənətkar taparsınız, insan yox, mütəfəkkir taparsınız, insan yox, keşiş taparsınız, insan yox, ağa və qul, cavan və qoca taparsınız, amma insan yox". Hegel də reallığın boğucu olduğunu, insanların get-gedə mənən rəzilləşdiyini görüb bildirirdi ki, "alman həyatı indiki vəziyyətində qala bilməz, çünki hər şey bütün qüvvəsini, bütün ləyaqətini itirib, nə isə mənfi bir hadisəyə çevrilib". Xalqın mövcud səviyyəsindən narahat olan, hər şeyi məhv edib yeni bir Super-İnsan arzusunda olan alman məşhurlarından biri də "Mənə mənim əsl insanlarım hələ çatmır" - deyən Fridrix Nitsşe idi. Azərbaycanda bu missiyanı - milləti oyadıb öz böyüklüyünə fokuslamağa çalışan böyük şəxsiyyətlərdən biri Mirzə Cəlil idi. Nəsli inkişafa deyil, deqradasiyaya aparan xurafatı, savadsızlığı, millətin adını cılızlaşdıran məmurları amansızca tənqid edən mütəfəkkir belə bir çağırış edir: "Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa "Molla Nəsrəddin"in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə". Burada açar məqam mütəfəkkirlərin diqqəti millətin potensialına, daha yüksək addımlara qadir olduğuna yönəltməkləridir. Atalar sözü var, "oha" var, dağdan endirər, "oha" var, dağa qaldırar". Adətən millətin böyüklüyünü dərk edən, onun gələcəyinə inanan şəxslər mənfi halları tənqid edir, onu alçaltmır, keçmişinə, gələcəyinə inamı sarsıtmır. Məhz öz kökünə inanmaqla (!), ziyalısına inanmaqla cəmi bir əsr ərzində "rəzil alman xalqı" özünü "ari xalq" kimi təsdiq edə bildi. Bu prosesdə ziyanlı təşəbbüs günahı və günahkarı fərqləndirmədən ümumi bir nifrət yaratmaq cəhdidir. Öz eqosuna aşiq şəxslər kimi isə alçaltmaqla özünü ucaltmaq yolunu tutur. Sanki kiçik bir budaq çinarı ağırlıqda, qocalıqda, kökünün üzərində sabit qalmaqda, o gövdənin üstündə həşəratlar gəzdiyinə, hətta bəzi yerlərində göbələyin yaranmasına görə günahlandırır və ondan ayrı həyatın necə gözəl olduğunu tərənnüm edir. Ziyanlıdan fərqli olaraq, ziyalı diqqəti, qayğını məhz həmin çinara yönəldir.
Milləti yox eləmək, kiminsə xammalına çevirmək istəyirsənsə, onun düşüncə sahiblərini, ziyalılarını gözdən sal, məhv elə və bunun üçün bəhanəni bəhanəyə cala. Çünki onların məhvi bütövlükdə təməldə duran keyfiyyətləri sarsıdır. Burada ön plana dil çıxır. Haydegger deyirdi ki, dil varlığın evidir və şairlər, mütəfəkkirlər onun qoruyucuları və qurucularıdır. Söhbət yalnız gözəl cümlə qurmaqdan deyil, millətin ruhunu əks etdirməkdən, yaşatmaqdan gedir. Nizami Gəncəvinin şah əsərləri farscadır, ancaq məhz onun ruhundan çıxış edənlər, dahi şairin türk olduğunu sübut etmək mümkündür. Çingiz Aytmatov rus dilində yazıb, ancaq onun manqurtu ilə tanış olan anlayır ki, bu dilin altında məhz qırğız xalqı üçün həyat qədər əhəmiyyətli ismarış var. Səlahəddin Xəlilov yazır: "Dilin gözəlliyi onun səslənmə xüsusiyyətləri və bədii ifadə imkanları ilə müəyyən olunduğu kimi, dilin tutumu da onun ifadə edə bildiyi fikrin dərinliyi və dəqiqliyi ilə müəyyən olunur". Deməli, dil yalnız gözəlliyi ilə deyil, daşıdığı məna yükü ilə dəyərli olanda, "varlığın evinə" çevrilir. Sufi mütəfəkkir Əbu Yəzid Bistaminin sözlərinə görə, "suyun rəngi qabının rəngidir, qara qabda o, qara, qırmızı qabda qırmızı görünər". Millətinin ruhunu, dəyərini anlamağa çalışan şəxs də qabın rəngini deyil, suyu görməyi bacarmalıdır.
Kimdir ziyalı?! Qurani Kərimdə deyildiyinə və geologiyanın da təsdiqlədiyinə görə, dağlar Yerin sabitliyini qoruyan vacib bir elementdir: "Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq (Qurani Kərim 21/31). Bax, ziyalı cəmiyyət üçün həmin dağların missiyasını daşıyır. Bir tərəfdən, o, milli dəyərləri təhrifdən qoruyur, tanıdır və bununla da milli ruhun sanki canlı mücəssəməsinə, mayakına çevrilir. Digər tərəfdən də, həm xalq məhz onun zirvəsindən dünyaya baxır, həm də onun vasitəsilə dünya bu xalqı tanıyır. Deməli, ziyalının inkarı millətin inkarına bərabərdir. Kütləni əyləndirmək üçün başqa peşə sahibləri var, ziyalı isə düşündürmək, hər şəxsin diqqətini öz mahiyyətinə, kökünə yönəltmək üçündür. Adından da bəlli olur: ziyalı düşüncələrə işıq salandır, ancaq maraqlıdır ki, suda batan onu xilas edəni batırmağa çalışdığı kimi, ziyalının düşməni də həmin o xilas etmək istədiyi qaranlıq kütlədir. Bunun ən gözəl nümunəsi Maksim Qorkinin Dankosudur: ürəyini insanlar üçün məşəl edib onları qaranlıq meşədən çıxardandan sonra kütlə həmin o ürəyi tapdalayıb keçir.
Kütlənin mütləq qaranlığı onun cəhalətində, yaxud kimi isə idola çevirməyində deyil, onun fərdlərinin öz kimliyini itirib, öz ağlından xəbərsiz olub, başqasının ağlı ilə oturub durmağındadır. Elə ki, insan oxuduğunu, gördüyünü təhlil etmir, anlamağa çalışmır və şüurunu başqasının ideyaları üçün "kirayə verir", tədricən kütlənin - qaranlığın içində əriyir, yox olur. Şopenhauer deyir ki, "mühakimə azadlığı hər adamda olmur, qalanlarını isə avtoritet və nümunə idarə edir". Əslində, cəhalət düşüncə kimi ağır bir işdən azad olmaq deməkdir və bundan "azad olan" şəxslər özlərini həqiqətən də məsuliyyətdən kənar, başqasının azadlığına ziyan vuracaq qədər sərbəst hiss edirlər. Onlara kütlənin bir hissəsi olduğunu sübut etmək çox çətindir. Belə şəxslər həmin qaranlıqda oturub istədiyi şəxsə dil uzada bilir və bu "söz azadlığından" həzz alırlar.
Kütlə qatı qaranlıqdır və onun gücü elə bundadır. Bir ağıl onu öz marağı istiqamətinə yönəldir, onun gücündən istifadə edir və kütlə üçün qəhrəmana çevrilir. Ancaq burda təhlükəli bir məqam var: daha güclü bir idarəedici ağıl gələn kimi, kor kütlə öz "qəhrəmanına" qarşı çevrilib bir anda onu məhv edə bilir. Məhz bunu bildiyinə görə, ziyalı kütləni idarə etmək, onun qəhrəmanına çevrilmək yox, onu seyrəltmək, korlara "göz" vermək istəyir. Bəli, kütlə ziyalını görmür, görə bilmir, amma ziyalı onu çox gözəl görür.
Deyilənə görə, Antik dövr filosoflarından biri insanlara hikmət anlatmaq istəyir və meydanda moizə deməyə başlayır. İnsanlar yanından etinasız ötüb keçirlər. Filosof düşünür və başlayır quş kimi cəh-cəh vurmağa. Ətrafdakılar yavaş-yavaş toplanıb maraqla ona tamaşa edir, dinləyir. Biri dözmür, ondan niyə belə etdiyini soruşur. "Nə edim? Ağıllı söz dinləmək istəmədiniz, mən də cəh-cəh vurdum".
Kimdir ziyalıya hücum edən, onu inkar edən? Kimdir kütləni ziyalıya qarşı çevirən? Fizik Stiven Hokinq deyir: "Biliyin əsas düşməni cahillik deyil, biliyin illüziyasıdır". Bəli, məhz biliyin illüziyasını yaradanlar, "cəh-cəh" vuranlardır ki, öz psevdo-ziyalı obrazı ilə ətrafına kütlə yığıb, onları idarə edir, ən ağır ziyanı vurur. Öz gerçək simasını gizlətmək üçün isə, həqiqi ziyalını silməyə çalışır. Maraqlıdır ki, əslində şou əhlini "ziyalı" kimi qələmə verib cəmiyyətə səfsətə çatdıranlar Şopenhauerin "insanlar daha ağıllını deyil, daha ucadan danışanı dinləməyə meyillidir" hikmətini çox gözəl bilirlər. Bilmirəm, təəssüf edim, yoxsa şükür oxuyum ki, ziyalı ziyanlı ilə eyni meydanda deyil və eyni üsuldan iştirak etmir. Əslində, dar meydanda azlıqda qalan ziyalı arxasında kor kütlə duran ziyanlıya uduzmağa məhkumdur. Yalnız daha böyük zaman dilimində ziyalının xidməti də, fədakarlığı da bəlli olur.
Bu xalqın filosofunun, ziyalısının olmadığını car çəkən və bunun mümkünsüzlüyünü sübut eləmək üçün dəridən-qabıqdan çıxan şəxs özü də bilmədən özünü təhqir edir, özünün heç olduğunu qəbul edir. Belə şəxs anlamır ki, xalqın düşünən təbəqəsini, hətta bəzən daha da irəli gedib, ümumiyyətlə xalqı aşağılamaqla özünün məhz həmin kor kütlə təbəqəsinə aid olduğunu təsdiqləyir. Onun inkarı ilə neçə əsrlik tarix, yaddaş silinmir, düşüncə sahibləri ondan inciyib qələmini yerə qoymur. O, sadəcə özünün bu ziyalı təbəqədən xəbərsiz olduğunu etiraf edir. Ən təəssüfedici hal isə odur ki, əslini, kökünü qəbul edib çinar olmaqdansa, başqa millətin alaq otu olmağa razı olanlar, yenə də bu xalqın bir nümayəndəsi olmaqda davam edirlər. Axı, çinarın qurumuş budağı, hətta saralmış bir yarpağı da yenə həmin çinarın adı ilə tanınır.


