Zülmətdən işığa çıxan Qarabağ: “Azərişığ”ın 10 illik uğur yolu
Report.az-dan verilən məlumata görə, Icma.az xəbər edir Zülmətdən işığa çıxan Qarabağ: “Azərişığ”ın 10 illik uğur yolu.
Atalar deyib ki, işıq olan yerdə yaraşıq olar. Ötən əsrin 90-cı illəri ilə müqayisədə bu gün Azərbaycanda elektrik enerjisi təchizatı tamamilə fərqli səviyyəyə yüksəlib. Artıq əsassız işıq kəsintiləri müşahidə olunmur, enerji təminatında məhdudiyyətlər yoxdur. Əksinə, son illərdə ölkəmizə gələn xarici turistlər abadlıq-quruculuq işlərindən, şəhərlərin müasir işıqlandırılmasından heyranlıqla danışırlar. Parlaq və estetik işıqlandırma Azərbaycanı digər ölkələrdən fərqləndirir, turistləri cəlb edir və ümumi abadlıq mənzərəsini tamamlayır.
Bundan əlavə, Azərbaycan yaxın gələcəkdə elektrik enerjisini təkcə qonşu İran və qardaş Türkiyəyə deyil, hətta Avropa ölkələrinə ixrac etməyi planlaşdırır. Ölkənin enerji sektorunda əldə etdiyi nailiyyətlərdə isə mühüm rol oynayan qurumlardan biri “Azərişıq” ASC-dir
Ucqar dağ kəndlərindən sərhəd bölgələrinə qədər fasiləsiz enerji
Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “Azərişıq” 10 fevral 2015-ci ildən etibarən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtda və regionlarda bir sıra uğurlu layihələr həyata keçirib. Şirkətin əsas məqsədi istehlakçıları dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək, enerji itkilərini minimuma endirməkdir.
Son illərdə “Azərişıq” təkcə iri şəhərlərdə deyil, ən ucqar dağ kəndlərində və sərhəd bölgələrində də elektrik infrastrukturunu yeniləyib. Bunun nəticəsində həmin ərazilərdə yaşayan vətəndaşlar 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Müasir texnologiyaların və innovativ həllərin tətbiqi xidmət keyfiyyətini artırmaqla yanaşı, vətəndaş məmnuniyyətini də yüksəldib.
Son 10 ildə görülən işlər
“Azərişıq” ASC son on il ərzində ölkə üzrə genişmiqyaslı təmir və yenidənqurma işləri həyata keçirib:
- 20 min km uzunluğunda yeni elektrik veriliş xətləri çəkilib;
- 30 min km-ə yaxın köhnə xətlər yenilənib;
- 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib;
- 7 min yeni transformator məntəqəsi quraşdırılıb;
- 700 min köhnə sayğac yeni və daha dəqiq ölçü cihazları ilə əvəz olunub.
![](https://static.report.az/photo/a8cfed30-ee67-361a-b161-c297284b791a.jpg)
Bu dövrdə elektrik enerjisi alan abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı isə 386 mindən 1 milyon 120 minə yüksəlib.
Həmçinin şəbəkənin qoyuluş gücü son illərlə müqayisədə xeyli artıb. Təkcə son bir ildə bu göstərici 14 min 400 MVA-dan 14 min 900 MVA-ya çatıb.
Son 10 ildə rəqəmsal idarəetmə mərkəzlərinin və SCADA sistemlərinin tətbiqi enerji şəbəkəsinin dayanıqlılığını və etibarlılığını artırıb. Hazırda ölkədə 34 yarımstansiya bu sistem vasitəsilə idarə olunur.
“Azərişıq”ın uğurlu strategiyası Azərbaycanın enerji sektorunun daha da möhkəmlənməsinə və ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfə verib. Bu inkişaf gələcəkdə Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq və ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Azad edilən ərazilərə ilk daxil olan qurum: Qarabağda işığı yandıranlar
Azərbaycanın torpaqları işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən ilk mühüm infrastruktur layihələrindən biri elektrik enerjisinin bərpası olub. 30 il düşmən işğalı altında qalmış, qaranlığa qərq olmuş bu əraziləri işıqla bürüyən və ilk enerji təminatını quran qurum isə “Azərişıq” ASC olub.
Bir çoxları hesab edir ki, azad edilmiş ərazilərə ilk daxil olan qurum Minatəmizləmə Agentliyi olub. Ancaq energetiklər bildirirlər ki, əslində bu torpaqlara ilk ayaq basanlar işıq gətirənlər olub. “Bir işıq da sən yandır” şüarı ilə yola çıxan “Azərişıq” əməkdaşları, çətin hava şəraitinə baxmayaraq, təhlükəli ərazilərdə işıq xətləri çəkməyə başlayıblar və bu torpaqları zülmətdən azad ediblər.
Bir elektrik mühəndisinin sözlərinə görə, Füzuli rayonu azad olunan kimi, minalardan təmizlənmiş ərazilərdə dərhal işıq dirəkləri basdırılıb və elektrik enerjisi təmin edilib. 2020-ci ilin sentyabr ayının son günlərində Füzulinin işğaldan azad olunmuş ərazilərinə elə rayonun azad hissəsindəki Elektrik Şəbəkəsindən enerji verilib. Daha sonra Cəbrayıl rayonu azad edildikdə həmin şəbəkədən bu əraziyə də işıq ötürülüb.
![](https://static.report.az/photo/3d97134e-1f75-3c92-b8f4-b4b3586e0aa8.jpg)
Zəfər günündən cəmi bir neçə gün sonra isə Şuşada Azərbaycan işığı yanıb. Beləliklə, Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunan ərazilərin bərpasında energetiklərin də rolu böyük olub.
Qarabağda işıqlandırma: 10 illik prioritet
Ötən 10 il ərzində “Azərişıq”ın əsas prioritetlərindən biri Qarabağ və Şərqi Zəngəzurda enerji infrastrukturunun yenidən qurulması olub və bu proses hazırda da davam edir. İşğaldan azad edilən rayon və kəndlərdə məhv edilmiş elektrik təsərrüfatı bərpa edilir, yeni elektrik xətləri çəkilir, müasir enerji sistemləri qurulur.
Bu illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 7 yeni yarımstansiya (35/0,4 kV-luq), Daşaltıda 35/10 kV-luq 1 yarımstansiya, Hadrutda qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.
![](https://static.report.az/photo/e77d1588-dd2e-3485-845e-e08f62ec2d0f.jpg)
2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyası və Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi açılıb. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər üç enerji mərkəzi SCADA sistemi ilə təchiz edilib və müasir standartlara cavab verir.
Genişlənən enerji şəbəkəsi: Yeni layihələr
“Azərişıq” Qarabağ və Şərqi Zəngəzurda enerji infrastrukturunu daha da inkişaf etdirmək üçün genişmiqyaslı layihələr həyata keçirməkdə davam edir:
- Laçında yeni yarımstansiya və rəqəmsal idarəetmə mərkəzi tikilir, 110/35/10 kV-luq “Minkənd” yarımstansiyası inşa edilir, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir.
- Xocalıda “Xocalı” yarımstansiyası və idarəetmə mərkəzi, “Əsgəran”, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyalar qurulur.
- Xocavənddə “Zoğalbulaq” yarımstansiyasının inşası, Hadrut “Qovşaq” yarımstansiyası ilə “Zoğalbulaq” arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi aparılır.
- Qubadlıda Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri görülür.
Eyni zamanda, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında yeni yaşayış məntəqələrinin enerji təchizatı üçün müasir transformator yarımstansiyaları tikilir.
Bu işlər sayəsində Kəlbəcər, Laçın, Ağdam, Xocalı, Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının kənd və qəsəbələri elektrik enerjisi ilə tam təmin olunacaq.
İşğaldan azad edilən torpaqlarda həyata keçirilən irimiqyaslı bərpa və inkişaf layihələri arasında elektrik enerjisi infrastrukturunun yenilənməsi xüsusi əhəmiyyət daşıyır. “Azərişıq” bu prosesin öncüllərindən biri kimi fəaliyyətini genişləndirir və işğaldan azad edilən əraziləri sürətlə işıqlandırmağa davam edir. Azərbaycan işığını Qarabağda yandıran qurum, həm də bu ərazilərin yenidən qurulmasında əsas sütunlardan biri kimi çıxış edir.
Qaranlığı aydınladan 5 mindən çox abonent
Son 10 ildə “Azərişığ”ın abonentlərinin sayı təxminən 3 milyona çatıb. Hazırda işğaldan azad edilən ərazilərdə 5 097 abonent qeydiyyata alınıb ki, onların 4 182-si əhali, 915-i isə qeyri-əhali qrupuna aiddir. Bir zamanlar qaranlığa qərq olan bu torpaqlarda artıq 5 mindən çox nöqtədə işıq yanır.
![](https://static.report.az/photo/f73ea430-b141-39b8-ab9c-98b42a4ddd75.jpg)
Enerji sektorundakı inkişaf təkcə abonent sayının artması ilə məhdudlaşmır. Son 10 il ərzində enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itkilər isə 13,9 %-dən 8,5 %-ə qədər azaldılıb. Bu ilin sonuna qədər texniki itkilərin 8,3 %-ə endirilməsi proqnozlaşdırılır.
Vətəndaşlara göstərilən xidmətlərin sadələşdirilməsi və əlçatanlığının artırılması sahəsində də mühüm addımlar atılıb. 2017-ci illə müqayisədə “Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzlərində təqdim edilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Əvvəllər 7 prosedur tələb edən müraciətlər hazırda cəmi 2 prosedurla icra olunur, şəbəkəyə qoşulma müddəti isə 41 gündən 20 günə endirilib.
Bundan başqa, “Azərişığ”ın 15 elektron xidməti mövcuddur ki, bu da abonentlərə prosedurları onlayn idarə etməyə imkan verir. 2023-cü ildə sahibkarlıq subyektlərinin 53,4 %-i məhz elektron qaydada müraciət edib.
Avtomobillərə doldurulan “yaşıl enerji”
Dünya sürətlə "yaşıl enerji"yə keçid edir və “Azərişıq” da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Son illərdə ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafına dəstək məqsədilə elektromobillər üçün enerjidoldurma məntəqələrinin (EDM) qurulması diqqət mərkəzində olub.
Xüsusilə, ötən ilin noyabr ayında Bakıda keçirilən COP-29 iqlim konfransı ərəfəsində bu sahədə ciddi addımlar atılıb. Paytaxtda, regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" ilə işləyən EDM-lər quraşdırılıb və istifadəyə verilib:
![](https://static.report.az/photo/74ffe833-8daa-300d-a89c-ec89b9ac0bd6.jpg)
Belə ki, Bakı və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDM quraşdırılıb. Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində, Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və proqram təminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib.
İşıqlı gələcəyə doğru
Son 10 ildə “Azərişıq” ölkənin enerji təchizatını gücləndirmək, abonentlərə daha keyfiyyətli xidmət göstərmək və bərpa olunan enerjiyə keçidi sürətləndirmək üçün mühüm layihələr icra edib. Qarşıdakı illərdə isə bu proses daha da genişlənəcək.
İşğaldan azad edilmiş ərazilərdə abadlaşma və quruculuq işləri davam edir. Daha çox kəndlər işıqlanacaq, daha çox evlərə nur dolacaq. Azərbaycan işığını daha da uzaqlara yaymaq üçün görüləsi hələ çox iş var.
Allah hər kəsin evini işıqlı etsin!
Bu yazı “Azərişıq” ASC-nin 10 illik yubileyinə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media subyektlərinin təmsilçiləri arasında elan edilən müsabiqəyə təqdim edilir.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)