100 il əvvəl çəkilən Bismillah Filmin rejissorları arasında niyə münaqişə yaranmışdı?
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kulis.az Nəriman Əbdülrəhmanlının “100 yaşlı filmimiz: “Bismillah” yazısını təqdim edir.
1923-1924-cü illərdə istehsal etdiyi “Qız qalası haqqında əfsanə” və “Bayquş” bədii filmlərinin uğursuzluğundan sonra Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) rəhbərliyi sinfi mübarizə mövzusunda daha dəyərli ekran əsərinin yaradılması üçün tədbirlər görürdü.
Həmin vaxt artıq Sovet İttifaqının hər yerində “Allahsızlar” cəmiyyətləri yaradılır, həmin cəmiyyətlər vasitəsilə dinə qarşı kəskin mübarizə aparılır, hökumətin qərarı ilə məscidlər, kilsələr dağıdılır, ən yaxşı halda, anbara çevrilir, mollalar isə həbs olunub sürgünə göndərilirdi.
“Bismillah” filminin istehsalata buraxılması da ölkədə din əleyhinə aparılan kampaniyanın qızğın vaxtına düşmüşdü.
AFKİ vəziyyətdən çox vaxtında və yerində istifadə edə bilmiş, P.Blyaxinə yeni ekran əsərinin ssenarisini yazmaq tapşırılmış, həmin filmin quruluşçu-rejissoru olmaq üçün isə AFKİ-nin sədri Şamil Mahmudbəyov görkəmli səhnə ustası Abbas Mirzə Şərifzadəni dilə tuta bilmişdi.
Lentin quruluşçu-operatoru və ikinci rejissoru A.Yalovoy (N.Lebedev “SSRİ kiino tarixi oçerkləri” (1947) kitabında ikinci operator A.Yalovoyu səhv olaraq quruluşçu-rejissor kimi qeyd edib – N.Ə.), rəssamları A.Plaksin və K.Yevseyev təyin olunmuşdular. A.M.Şərifzadə əsas rollara M.Mərdanovu (Qulu), M.Əliyevi (Molla), İbrahim Azərini (Cəfər), K.Vzyaznovanı (Zeynəb), M.S.Kirmanşahlını (mülkədar) dəvət etmişdi. Epizodik rollarda S.Ruhulla, M.Sənani, H.Qafqazlı, ilk milli kino aktrisamız Sona Hacıyeva, K.Ziya, T.Vişnevetskaya və başqaları çəkilirdilər.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi nəzdindəki Xüsusi şöbənin rəhbəri M.Qasımov və AFKİ rəisi Hənəfi Terequlov arasında imzalanmış 31 may 1924-cü il tarixli müqaviləyə əsasən, filmi üzərinə qarşılıqlı öhdəliklər götürmüş hər iki tərəf yarıbayarı maliyyələşdirməli, məhərrəmliyə qarşı başlanan təbliğat kampaniyasının ilk günlərinədək başa çatdırmalı idi.
Lakin filmin çəkilişləri dəfələrlə təxirə salındı, yaradıcı qrup çoxlu çətinliklərlə üzləşdi.
Xüsusi Komissiyanın tapşırığı ilə filmi ekranlaşdırmaq əvvəlcə A.M.Şərifzadə və A.Litvinova həvalə edilmişdi. Lakim naməlum səbəblərdən həmin ilin sentyabrında Litvinovu V.Ballyuzek əvəz etdi. Bununla belə, çəkiliş maliyyə çatışmazlığı üzündən yenə dayandırıldı. Üstəlik, aktyor seçimində də rejissorlar arasında münaqişə yaranmışdı. Ballyuzek əsas rolların ifaçılarını kənardan dəvət etməyin tərəfdarı idi, Abbas Mirzə isə milli teatrımızın yetirmələrinə üstünlük verir, şərqlilərin həyat tərzini, yerli adət-ənənələri bilən aktyorların ifasının daha inandırıcı olacağını bildirirdi.
Nəticədə Ballyuzek filmin quruluşçularından bir olmaqdan imtina etdi. Quruluşçu-operator və ikinci rejissor kimi Moskvadan A.Yalovoy dəvət edildi və 1925-ci il aprelin 17-də üçüncü dəfə çəkilişə buraxıldı (Əfəndiyev T. “Mədəniyyətdə tarixilik və müasirlik”, Bakı, 2011, səh. 138).
Həmin vaxt mətbuat xəbər verirdi ki, “...Blyaxinin “Bismillah” (Şaxsey-Vaxsey”) adlı film üçün yazdığı ssenari əsasındakı şəklin çəkilişi rejissor Şərifzadəyə tapşırılmışdır. Din əleyhinə bu film üçün böyük hazırlıq işləri görülür. Filmin çəkilişinə bu ilin axırında başlanacaqdır” (“Bakinskiy raboçiy”, 1925, 22 aprel). Növbəti həftə isə “Kommunist” qəzeti “AFKİ-nin kino-fabrikinin istehsalat işlərini bitirməyə başladığını, Şərifzadənin şəkli türk aktyorlarının iştirakı ilə çəkdiyi” barədə xəbər verirdi.
Bu xəbərlərdən görünür ki, filmin çəkilişi barədə söhbət hələ 1924-cü ildə olmuş, maddi və texniki səbəblər üzündən çəkiliş bir il gecikmişdi, ona görə də lenti tez başa çatdırmaq üçün bütün imkanlardan istifadə edirdilər. Mətbuat filmin “türk artistlərinin iştirakı ilə çəkildiyini” (“Kommunist”, 1925, 27 aprel), 1925-ci il il aprelin 24-də çəkilişlərin artıq başlandığını (“Pravda”, 1926, 21 may) xəbər verirdi. Az sonra isə bildirilirdi ki, “keçən ildən bəri bəzi səbəblərə görə saxlanan “Allah naminə adlı inqilabi şəkil bir ay olar ki, Şərifzadənin təxti-idarəsində (başçılığı ilə) çəkilməkdədir. İyul ayının 25-dən gec olmayaraq, qurtarıb məhərrəm münasibətilə mövqeyi-tamaya qoyulacaqdır (göstəriləcək)...” (“Kommunist”, 1925, 31 may). Həmin il iyinun 1-də Dövlət Kino Fabriki nəzdində kino emalatxanası açıldığı, emalatxananın rejissorluq bölümünə A.M.Şərifzadənin başçılıq etdiyi də bildirilirdi. Beləliklə, “Bismillah” (çəkiliş müddətində film “Şaxsey-vaxsey”, “Allah naminə”, “Şəfqətli Allah naminə”, “Bismillahi-rəhmani-rəhim” kimi, müxtəlif adlar daşımışdı – N.Ə.) Azərbaycan sovet kinosunda yeni mərhələnin başlanğıcını qoymalı idi.
Bu dövrdə hər bir ekran əsəri müəyyən təbliğat-təşviqat funksiyası daşıdığından, “Bismillah” filminin məhərrəmliyədək tamamlanması siyasi-ideoloji rəhbərlik tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Buna görə də mətbuatda “Moskvadann ikinci əməliyyatçı (operator) dəvət edildiyi, çoxdan bəri Şərifzadənin rejissorluğu ilə çəkilməkdə olan “Allah naminə” (“Şaxsey-Vaxsey” şəklinin qurtarmaq üzrə olduğu, şəklin məhərrəmlik əleyhinə kampaniya aparıldıqda göstəriləcəyi” qeyd edilirdi (“Kommunist”, 22 iyul).
Filmin natura səhnələri Mərdəkanda lentə alınırdı. A.M.Şərifzadə ozamankı ideoloji çərçivənin hüdudlarını gözləyir, din əleyhinə bədii təbliğat əsəri yaratmaqla yanaşı, sənət ölçülərini qorumağa da can atırdı. Ekranda “yalançı mollaların törətdiyi cinayətlər”, “şəhvət düşkünü mollanın din pərdəsi altında dilsiz-ağızsız, yoxsul kəndli qadınların başına gətirdiyi rüsvayçılığın acı nəticələri”, “öz xeyirləri üçün “din xadimləri”nə tərəfdar çıxan yerli mülkədarların mürtəce rolu” (“Azərbaycan bədii kinosu (1920-1935-ci illər)”, səh. 29) göstərilməklə yanaşı, estetik dəyərlərə sadiq qalmalı, eyni zamanda, real həyat həqiqətlərindən uzaqlaşmamalı idi.
İdeoloji rəhbərliyin tələblərinə görə, rejissorun qarşısında dini fanatikliyin, mövhumatçılığın inqilabi dalğa ilə əvəzlənməsini, yalançı mollaların törətdikləri iyrənc cinayətləri, şəhvət düşkünü mollanın şəriət pərdəsi altında dilsiz, yazıq, yoxsul kəndli qadınların başına gətirdiyi rüsvayçılığı və bunun acı nəticələrini ekrana gətirmək dururdu.
Kəndin mollası yoxsul Qulunun körpə istəyindən istifadə edib onun arvadının namusunu ləkələyir. O, xidmətçisi - Qulunun bacısı - Gülzarın da başına eyni faciəni gətirir. Qulunun şəhərdə, zavodda işləyən qardaşı Cəfər kəndə qayıdıb inqilabi iş aparır, camaatı xanların və bəylərin əleyhinə qaldırmağa çalışır, molla isə müxtəlif hiylələrlə bunun qarşısını alır.
Mollanın dediklərini Allahın əmri kimi qəbul edən avam Qulu qardaşı Cəfərin niyyətini açır. Nəticədə Qulunu həbs edir, Cəfəri axtarmağa başlayırlar.
Quludan istifadə etmək üçün molla onu həbsdən buraxdırır. Lakin artıq Qulunun dünyagörüşündə dəyişikliklər baş verib. Toy gecəsi ər evindən qaçmış Gülzar oğlan paltarı geyinib şəhərə çıxır.
Uzun həsrətdən sonra “oğlu” olduğuna sevinən Qulu məhərrəmlik günlərində uşağın başına ülgüc çəkdirir. Bu addımı ilə körpənin ölümünə səbəb olan “ata” mollanın üstünə hücum edir, Allaha qarşı etirazını bildirir. Ancaq hələ onun inqilabi iradəsi möhkəmlənməyib. Qardaşı Cəfər isə artıq “inqilab dalğası”nın önündə gedir, hətta Gülzarı da o dalğaya qoşur. Qurulan sovet hakimiyyəti çirkin əməllərinə görə, mollanı həbs edir.
Filmin süjetinin qısa məzmunu, göründüyü kimi, “xalq kütlələrinin yeni quruluş uğrunda sinfi mübarizəsini ekranda canlandırmaqdan” ibarətdir. Əlbəttə, burada bədii həqiqətdən söhbət gedə bilməzdi: hər şey “mollaların, bəylərin – xanların eybəcərliyini, yoxsul kütlələrin inqilabi dəyişiklik nəticəsində qalib gəlməsini” qabartmağa yönəldilmişdi.
A.M.Şərifzadə ciddi ideoloji nəzarət altında çəkilən yeni ekran əsərini ancaq peşəkarlıq sarıdan xilas, düzgün aktyor seçimi, orijinal rejissor görümü, texniki və estetik cəhətdən yüksək səviyyəli operator və rəssam işi, savadlı montaj filmin baxımlı alınmasını təmin edə bilərdi.
O, məhz bu cəhətdən özünəxas qabiliyyətə və duyuma malik olduğunu göstərdi.
Araşdırıcı S.Sultanovanın fikrincə, “Əslində, süjeti eklektik saymaq olar: varlılara qarşı mübarizə aparan inqilabçıların fəaliyyəti, dinin hakimiyyətlə işbirliyi, kütlələrin dinə münasibətdə cahilliyi, qul psixologiyası, qadın haqları, milli adət ənənələrdəki arxaik detallar (məsələn, yengələrin zifaf gecəsini qapıdan güdməsi kimi).
...“Bismillah”da şərq həyatı, şərqli insanının həyat tərzi, məişəti detallı təsvirlərlə verilir, kütləvi səhnələrdəki yaxın planlarda çəkilmiş müxtəlif insan portretləri filmin vizuallığını, emosional qatını daha da gücləndirir. ...Film həm də qadın azadlığı məsələsinə toxunan ilk ekran əsəri sayılır” (“Bismillah”. https://kulis.az/).
A.M.Şərifzadənin seçdiyi aktyor ansamblı rejissor yozumunun ifadəsi üçün əvəzedilməz idi: M.Əliyevin ifasında molla “şübhə, həyasızlıq, bəzən qorxu keçirən, yeri düşəndə mülkədara arxalanan, dövrünün “güclü” adamlarına xidmət göstərən, 1910-1920-ci illərin münaqişəli vaxtlarından istifadə edən “təmkinli fırıldaqçıdır” (“Azərbaycan bədii kinosu (1920-1935-ci illər)”, səh. 34).
Aktyor oynadığı obrazın simasını tədricən açır, onun mənəviyyatındakı və hərəkətindəki eybəcərlikləri epizoddan-epizoda qatılaşdırır. M.Əliyev çəkiliş meydançasına ilk dəfə çıxsa da, ifasında səhnə elementləri, demək olar ki, duyulmurdu. O, kinematoqrafik detallardan ustalıqla istifadə edir, obrazın xarakterini açmaq üçün daha çox təbiiliyə üstünlük verirdi.
M.Mərdanovun oynadığı Qulu və İ.Azərinin ifa etdiyi Cəfər “bir ailədə doğulmalarına, bir kənddə, bir damın altında böyümələrinə baxmayaraq, xarakter etibarilə müxtəlif insanlardır. Bu kino obrazlarında ayrı-ayrı xarakterlərin əlamətləri bütün aydınlığı ilə hiss olunur” (yenə orada, səh. 34).
M.Mərdanov qəhrəmanının mənəvi təkamülünü – “avam, sadəlövh, dindar və qətiyyətsiz Qulunun tədricən din xadiminə və Allaha qarşı çıxan bir fərdə çevrilməsini” tədricən tamaşaçıya çatdırır.
İ.Azərinin oynadığı Cəfər isə artıq formalaşmış xarakter sahibidir: o, inqilabi çarpışmalarda bərkimiş, neft mədənlərində zəngin həyat məktəbi keçmiş sağlam, zəhmətsevər, iradəli gəncdir, öz hərəkətləri və dünyaya baxışı ilə Qulu kimilərini daim irəliyə, sinfi mübarizəyə səsləyir.
Rejissorun yozumunda və İ.Azərinin ifasında Cəfər yeni həyat yaradan inqilabi kütlələrin ümumiləşdirilmiş obrazıdır.
“Filmdə Qulunun oyanma prosesi ləng və aramla inkişaf etdiyi halda, qardaşı Cəfərin inqilab dalğasına qoşularaq, zamanın ahəngi ilə yaşayıb mübarizədə böyüməsi inkişafda göstərilib” (Sadıxov N., Mərdanov M. A.M.Şərifzadənnin tetr və kino fəaliyyəti”, Bakı, 1963, səh. 60).
A.M.Şərifzadə ideoloji qadağalar üzündən filmin məzmununa və obrazların mahiyyətinə çevik müdaxilələr etmək imkanından məhrum olduğundan, əsas diqqəti sırf bədii və texniki tapıntılara yönəltmişdi. O, obrazların xarakterini və hadisələrin mahiyyətini tamaşaçılara çatdırmaq üçün rəmzi ifadə elementlərindən bacarıqla istifadə edirdi.
Operator İ.Tartakovskinin şəhadətinə görə, “rejissorla işləyənlər hamişə onun tapdığı orijinal kinodetallara heyran olardılar” (“Azərbaycan bədii kinosu (1920-1935-ci illər)”, səh. 31).
Kinonun səssiz dövrünün qüdrətli ifadə vasitələrindən olan belə detallardan A.M.Şərifzadə “Bismillah” filmində bacarıqla istifadə etmişdi. Bunu rejissor tərəfindən gözəl qurulmuş, aktyorların təbii və inandırıcı oynadığı, Bibiheybət məscidində lentə alınmış “şaxsey-vaxsey” epizodundan da görmək mümkündür. Həmin kadrların Azərbaycan kinosunda ilk “gizli kamera” üsulu ilə lentə alındığını qeyd etmək olar.
Azərbaycanın Xalq artisti M.Mərdanov bununla bağlı xatırlayırdı: “Təbii çıxsın deyə, Abbas Mirzə bu səhnəni Aşura gününə saxladı. Aşura günü biz yalançı mollaların təbliğinə “uyub” baş yaranlara qarışdıq. Aparatlar hazır idi. Abbas Mirzə lazım olan səhnəni artistlərin iştirakı ilə çəkdi. Mollalar başa düşmədilər ki, biz bu şəkli film üçün çəkirik. Sonra hardansa xəbər tutdular, bir neçə nəfər yanımıza gəlib çəkdiyimiz şəkli onlara verməyimizi tələb etdi. Güc-bəla ilə onları başa saldıq ki, guya şəkil çıxmayıb, işıq dəyib, xarab eləyib. Əslində isə şəkillər çox yaxşı çıxmışdı” (Mərdanov M. “50 il Azərbaycan səhnəsində”, Bakı, 1959, 162). A.M.Şərifzadə həmin epizodu montaj edib, qısametrajlı sənədli film yaratmış, müəyyən hissələrini isə bədii lentə salmışdı.
A.M.Şərifzadənin kütləvi səhnələrin çəkilişində nail olduğu həyatilik və gerçəkliyin zəngin boyalarla təsviri ümumittifaq kino mütəxəssislərinin diqqətindən yayınmamışdı.
“Toy” və “Gülzar Bakı küçələrində” epizodları maraqlı qurulub, həll edilmiş, həm də aktyorlar inandırıcı oynamışdılar. Rejissor filmin quruluş sarıdan mürəkkəbliyini və ideya cəhətdən aktuallığını nəzərə alıb çəkilişləri həddən artıq ciddiyyətlə aparmış, filmə lazım olan rekvizit, kostyum və qrimi öz nüfuzu və Ş.Mahmudbəyovun köməyi ilə Bakının müxtəlif teatrlarından əldə etmişdi.
A.M.Şərifzadə filmi müəyyən edilən vaxtda başa vurub təhvil vermiş, 1925-ci il iyulun 13-də lentə ictimai baxış keçirilmişdi. “AFK nailiyyyətlərinin ən gözəli olan bu şəklin” studiya tələbələri, artistlər və çağrılmış qonaqlar üçün nümayiş etdirildiyi barədə mətbuatda xəbər verilir, göstərilirdi ki, “şəklin məzmunu məntiqli, oynamağı yaxşı, texniki tərəfi isə çox parlaqdır. Bakı və ətrafında olan azacıq bitkilərdən o qədər məharətlə istifadə olunmuşdur ki, şəklə baxdıqdan sonra deyirsən, şəhər yaşıllıqlara qərq olub. Şərifzadənin səy və ehtimamı nəticəsində aktyorların oyunu çox müvəffəqiyyətlə keçmişdir” (“Kommunist”, 1925, 17 iyul).
Aktyorların düşünülmüş oyunu təbliğatçılıq xarakteri daşıyan lentin təsirini qat-qat artırır, bədii dəyərini xeyli qüvvətləndirirdi. Bədii obrazlar, münaqişəli xarakterlərdən irəli gəlir, plakatçılıq geridə qalırdı ki, bu da əsəri, ümumiyyətlə, 20-ci illərin filmlərindən fərqləndirirdi (“Azərbaycan bədii kinosu (1920-1935-ci illər)”, səh. 35). “Bismillah” yalançı mollaların törətdikləri iyrənc cinayətləri bütün çılpaqlığı ilə əks etdirən, din əleyhinə çevrilmiş qiymətli bir kino əsəri idi...” (“A.M.Şərifzadənin teatr və kino fəaliyyəti”, səh. 64).
“Bismillah” filmi az sonra xüsusi qonaqlara nümayiş etdirilmişdi. Tehrandan səfərdən qayıdan və yolüstü AFKİ-də olub, Kino Fabriki gəzmiş Almaniya kino işçilərinin də xoşuna gəlmiş, “U.F.A.” firmasının müdiri Maks Broxmüller AFKİ ilə müqavilə bağlayıb, “Bismillah” və digər filmləri Almaniyaya aparmaq istədiyini bildirmişdi (“Kommunist”, 1925, 24 iyul).
Eyni zamanda, “AFKİ-nin Moskva və Xarkov səfərindən qayıtmış texniki müdiri Vaynşteyn Rusiyanın film üçün sifarişlər verdiyi, “Sovkino”nun 12 ədəd “Bismillahi-rəhmani-rəhim” sifariş etdiyi, filmin nümayişinin Moskvada çox parlaq keçdiyi, Ukraynada 4 ədəd “Bismillahi-rəhmani-rəhim” satıldığı” barədə də xəbər verilirdi (“Kommunist”, 1925, 28 oktyabr).
Film SSRİ Baş Kinolaşdırma İdarəsi (BKİ) tərəfindən yüksək qiymətləndirilib Ümumittifaq ekranlarına buraxılmış, bir sıra Şərq ölkələrində tamaşaçılara göstərilmişdi. “Sovkino” və Ukrayna FKİ-nin filmə marağı həmin dövr üçün çox yaxşı göstərici idi. 1925-ci ilin oktyabrında Moskvada nümayiş etdirilmiş, tamaşaçılarda böyük maraq doğurmuşdu.
Tənqidçi Ə.Tahir yazırdı ki, “Müsəlman qadın”, “İstanbul dilənçisi”, “Bağdad oğrusu kimi” Qərb filmləri Şərq mövzusunu ekrana gətirmək cəhətdən “Bismillah” filmi ilə rəqabətə girə bilməzlər, çünki filmin özü Şərqdə çəkilib, Şərq tamaşasıdır, Şərq aktyorları ilə lentə alınıb. Ədəbiyyatşünas Ə.Şərif isə qeyd edirdi ki, “Abbas Mirzə Şərifzadə “Bismillah” filmini çəkib göstərdi ki, bacarıqlı rejissordur” (“Abbas Mirzə Şərifzadə (sənədlər məcmuəsi)”. Tərtib ed. Q.Məmmədli, Bakı, “İşıq”, 1985, səh. 120-124).
Ə.Qəribin “Kinolarda “Bismillah”” resenziyası isə filmin Tiflisdə nümayişi ilə əlaqədar qələmə alınmışdı. Ə.Qərib sadəcə informasiya vermək yolunu tutmamış, filmdəki rejissor işi, aktyor oyunu, dil məsələləri və s. barədə maraqlı fikirlərini də nəzərə çatdırmışdı. Müəllif “Bismillah”ın həyati, təbii və inandırıcı olduğunu vurğulayır, əsas tematikasına da diqqət yönəldirdi. Ə.Qərib məşhur aktyor A.M.Şərifzadənin bu filmdə rejissor kimi ciddi işin öhdəsindən də layiqincə gəldiyini, “müqtədir bir rejissorluğunu isbat etdiyini” nəzərə çatdırırdı. “Azərbaycan Dövləti Kino Sənayesinin rejissoru Abbas Mirzə Şərifzadə, doğrudan da, müqtədir bir rejissor olduğunu isbat etmişdir. Abbas Mirzə burada ilk təcrübəsini göstərmiş və biz heç şübhə etmirik ki, Abbas Mirzənin qoyduğu şəkillər gələcəkdə biri-birindən gözəl və qiymətli olacaqdır”. Ə.Qərib resenziyada aktyorların rollarını da müfəssəl şəkildə dəyərləndirmiş, xüsusən onların ifalarındakı təbiiliyə fikir vermişdi (Həşimli H. “Kino tənqidimizin tarixindən bir səhifə”, “525-ci qəzet”, 2018, 1 yanvar). Tənqidçi filmdəki Qulu rolunun ifaçısı M.Mərdanovun oyununu yüksək qiymətləndirmişdi: “Aktyor burada da o qədər təbiidir ki, onun Mərdanov deyil, doğrudan da, avam, yazıq və cahil kəndli Qulu olduğuna bizdə şübhə oyanmayır”.
Milli teatrın və kinonun inkişafı naminə azərbaycanlı aktrisaların hazırlanması, onların formalaşması üçün şərait yaradılması kimi aktual məsələlərə Ə.Qərib də laqeyd qalmamış, həmin məqama da toxunmuşdu: “Bismillah” şəkilində (filmində) qadın rolları o qədər sadədirlər ki, Bakı kimi mərkəzdə o rolları oynayacaq türk qızları istədiyimiz qədər tapıla bilər. Budur ki, qadın rollarının rus qadınları tərəfindən oynanmasına biz çox təəccüb ediriz. Bəs nə vaxt biz hər cəhətcə milli səhnə, milli sənayeyi-nəfisə düzəldəcəyik? Biz əminiz ki, Zeynəbin və Qulunun anasının və bacısının rollarını türk qızları daha da təbii oynayardılar. Və bu rolları oynamaq da onlar üçün heç də çətin olmazdı" (“Yeni fikir”, 1926, 28 yanvar).
Titr yazılarının dilinə münasibət bildirən Ə.Qərib zərurət olmadığı halda Osmanlı türkcəsinə aid bir çox sözün işlədilməsini filmin yaradıcı heyətinə irad tutmuş, fikrini konkret faktlarla əsaslandırmış, bu ekran əsərinin dilini ağırlaşdıranları istehza ilə “kino mollası” adlandırmışdı. “Kino İdarəsi unutmamalıdır ki, onun şəkillərinə Azərbaycan kəndçiləri tamaşa edəcəklər. Ümid ediriz ki, gələcək şəkillərdə göstərdiyimiz qüsurları ortadan qaldıracaqdır” (Yenə orada).
“Bismillah” filmi A.M.Şərifzadənin kino fəaliyyətində, eləcə də Azərbaycan sovet kinosunda, bütünlükdə sovet kinematoqrafiyasında əhəmiyyətli sənət əsəri kimi qəbul olundu.
Cənub-Şərqi Asiyanın ticarət tarixinə aid önəmli kəşf: 2000 illik gümüş sikkələr "Heykəli Bakıdadır, bəzi əlyazmaları İstanbulda, məzarı isə..." - Nəsiminin məzarı Azərbaycana gətiriləcəkmi? Bu gün bəstəkar Vasif Adıgözəlovun anım günüdür

