107 ilin 44 gün 23 saat 43 dəqiqəlik zirvəsi Azərbaycan Ordusunun yaranma tarixi şanlı Zəfərin təntənəsində qeyd olunur
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 26 iyun, G.Mahmudlu, F.Səlimov, AZƏRTAC
İyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə - Əlahiddə Azərbaycan korpusu yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirib. Bu sahədə aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün dünyanın ən güclüləri sırasında olan, Cənubi Qafqazda rəqib tanımayan Azərbaycan Ordusu 107 yaşını şanlı Zəfərin beşinci ildönümünün təntənəsində qeyd edir.
Tarix yazan Azərbaycan Ordusu
Peşəkar kadrlara və müasir təchizata malik güclü ordu hər bir dövlətin qüdrətinin göstəricisi, xalqın təhlükəsizliyinin qarantıdır. Ordunun gücü verilən döyüş tapşırıqlarının düzgün və sonacan yerinə yetirilməsində, qarşıya qoyulan hədəflərə nail olunmasında əksini tapır. Hərbi əməliyyatların qısa müddətdə ən yüksək səviyyədə icra edilməsi isə həmin ordunun hər bir mənsubunun fövqəladə döyüş qabiliyyətindən, əzmindən və peşəkarlığından xəbər verir. Son 10 ilə, xüsusilə də 2020-ci ildən bu yana nəzər salsaq, sadalanan şərtləri ödəyən ordular timsalında Azərbaycan Silahlı Qüvvələrini ilk pillədə nümunə göstərmək olar. 44 günə 30 illik mifləri, istehkamları dağıdan, torpaqlarımızı əsarətdən xilas edən Silahlı Qüvvələrimiz üç il sonra Zəfər təqviminə 23 saat 43 dəqiqə davam edən lokal antiterror əməliyyatlarında əldə olunan uğuru da daxil etdilər. Qısası, son beş ildə hərbi qulluqçularımız öz canları, qanları bahasına təqvimi dəyişdi, tarixi yenilədilər...
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan və 1918-ci ildə əsası qoyulmuş qalib və rəşadətli Azərbaycan Ordusunun Qələbəsini şərtləndirən ən vacib amillərdən biri də hərbi qulluqçularımızın ruhunda kök salmış Vətən sevgisi və onları dəstəkləyən xalqa əminliklə kürəyini söykəməsi idi. Ordunun arxasında dağ kimi dayanan 7-dən 77-yə hər kəsin uzun illərdir gözlədiyi o tarixi anlar son beş ildə reallaşdı: Üçrəngli Bayrağımız Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Vətən göylərinə çəkildi.
Vətəni qorumağı hər şeydən üstün tutan qəhrəmanlar
AZƏRTAC-ın müxbirləri böyük coşqu ilə qeyd etdiyimiz Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə həmsöhbət olublar. İllərini Vətənə xidmətə həsr etmiş və bir neçə döyüş əməliyyatlarının iştirakçıları olan qəhrəmanlar Zəfərlə bağlı xatirələrini qürurla bölüşüblər.
Quru Qoşunlarında artilleriyaçı kimi xidmət edən baş leytenant Baloğlan Səmirov Azərbaycan Ordusunun sıralarına 2015-ci ildə Heydər Əliyev adına Hərbi İnstitutun kursantı kimi qoşulub. 2019-cu ildən isə peşəkar zabit kimi xidmətə başlayan artilleriyaçı bu illər ərzində müxtəlif hərbi hissələrə təyinat alıb. 44 günlük Zəfər yürüşünün və 23 saat 43 dəqiqəlik antiterror əməliyyatlarında iştirak edən zabit təəssüratlarından bəhs edib: “Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində bildirmişdi ki, Vətəni, torpağı, dövləti qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir. Bizim vəzifə borcumuz ölkəmizin sərhədlərini, ərazi bütövlüyünü, müstəqilliyini qorumaqdır. Hər zaman məsuliyyətimizi dərk edib, hərbi geyimi fəxarət, qürur hissi ilə geyinirdik. Sadəcə olaraq, yeganə problemimiz Qarabağ məsələsi idi. Məlumdur ki, 1990-cı illərin əvvəllərindən başlayaraq torpaqlarımız işğalçılıq siyasətinə uğramışdı. Mənfur düşmənlərimiz analarımızı, bacılarımızı, qardaşlarımızı şəhid etmişdilər. Bu, bizim üçün ağrı-acılı bir dövr idi. Bir hərbçi olaraq, müharibəyə qədər əhvali-ruhiyyəmiz o qədər də yaxşı deyildi. Uzun illər davam edən işğal prosesi bizə istər mənəvi, istərsə də psixoloji cəhətdən çox pis təsir edirdi. Düşmən yenicə müstəqillik qazanmış Azərbaycanda baş verən hərc-mərclikdən, dərin böhran içərisində olan ordu quruculuğundan istifadə edərək torpaqlarımızın 20 faizini əsarət altına almışdı. Lakin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatlar nəticəsində qısa müddət ərzində tərəqqi başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirərək Silahlı Qüvvələrimizin daha da güclənməsinə nail oldu, onu hazırkı səviyyəyə çatdırdı.
Düşmənin illərdir atəşkəsi pozması, həm hərbi qulluqçular, həm də mülki vətəndaşlar arasında itkilərlə nəticələnirdi ki, bu da səbrimizi daşırırdı. Bunun bir sonu olmalı idi. 2020-ci ilin sentyabrında isə düşmənin təxribatları bizə bu illər ərzində edilən pisliklərə son qoymaq üçün fürsət verdi. Azərbaycan Ordusunun Qələbə qazanacağına güvənən Müzəffər Ali Baş Komandan 2020-ci il sentyabrın 27-də düşmən təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlamaq haqqında əmr verdi. "Dəmir yumruq" əməliyyatında artilleriyaçı zabit kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində döyüşdüm. 44 günlük müharibə zamanı böyük əhvali-ruhiyyə var idi. İstər hərbi qulluqçularda, istər mülki əhalidə döyüş ruhu hökm sürürdü. Hərbi əməliyyatlara Füzuli rayonundan başladıq. Mülki əhalinin dəstəyi bizi daha da ruhlandırırdı. Bütün dünya azərbaycanlıları həmrəylik nümayiş etdirir, maddi-mənəvi, psixoloji dəstək göstərirdilər. Nəticədə tarixi Qələbəni, böyük uğuru birlikdə qazandıq.
Qələbədən sonra xidmətimizə ruh yüksəkliyi ilə davam edir, hər gün xidməti əraziyə müsbət əhvalla yollanırıq”.

Azərbaycan Ordusunun sıralarına 2009-cu ildə kursant kimi daxil olan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotu, mayor Soltan Orucov artıq 12 ildir ki, zabit kimi xidmət edir. O, bu illər ərzində Aprel və Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi və lokal antiterror əməliyyatlarında uğurlu uçuşlar həyata keçirməyi bacarıb. Zabit xidmət illərinin qürurunu bu cür ifadə edib: “Biz ordu sıralarına daxil olan gündən etibarən İkinci Qarabağ müharibəsini gözləyirdik. Bilirdik ki, bu gec-tez olacaq. Odur ki, daha da təkmilləşməyə və hər an veriləcək əmrə hazırlıqlı olmağa çalışırdıq. Beş il öncə düşmən təxribatına cavab olaraq "İrəli" əmri verilən kimi sevinc və fərəhlə döyüşə atıldıq, qorxmadan hamımız bir nəfər kimi düşmənin üzərinə şığıdıq və onları darmadağın edərək torpaqlarımızı əsarətdən qurtardıq.
Haqq savaşımızda bütün istiqamətlərdə uçuş yerinə yetirdim və düşmən hədəflərini - cəmləşmə nöqtələrini və dayaq məntəqələrini məhv etdim. Verilən bütün tapşırıqları layiqincə və düzgün icra edərək sağ-salamat bazaya qayıtdım. Döyüşlərdə yadımda qalan ən maraqlı məqamlardan biri Ağdərə istiqamətində düşmən mövqeyini vurmağım idi. Belə ki, həmin rayon ərazisində düşmənin minaatan taboru var idi. Mən Tərtər istiqamətindən onları nişan aldım və cəmləşmə nöqtəsini vurdum. Canlı qüvvə itkisi 15-dən çox idi. Bundan sonra Azərbaycan Ordusunun digər bölmələri həmin istiqamətdə irəliləyərək təpəni ələ keçirib əməliyyata davam etdilər. Hədəfi vurub geri qayıtdıqdan sonra silahdaşlarımızla müzakirələr aparır, hansı istiqamətin təhlükəli, hansının təhlükəsiz olduğunu, hədəfin sağında və solunda hansı oriyentirlərin mövcudluğunu, qarşı tərəfin cəmləşdiyi ərazidə nələrin yerləşdiyini müzakirə edir, əldə etdiyimiz məlumatları bölüşürdük. Bu, növbəti döyüş uçuşunu yerinə yetirəcək pilot yoldaşımızın həyatının təhlükəyə düşməməsi üçün də vacib idi”.
HHQ-nin Vətən müharibəsində qazanılan Zəfərdə əvəzolunmaz rolundan danışan mayor Azərbaycan Ordusunun çox müasir silahlarla təchiz edilməsi və hərbçilərin peşəkarlığının artırılması istiqamətində görülən tədbirlərin Qələbəni tezləşdirdiyini vurğulayıb. “Bununla yanaşı, taktikalarımız da müasir idi. Ona görə də çaşbaş düşən düşmən növbəti addımımızı müəyyənləşdirə və taktikanın qarşısını ala bilmirdi. İllərdir çəkdiyimiz əziyyətin bəhrəsini 44 gündə gördük. Döyüş meydanında əldə olunan Qələbə hisslərini dilə gətirmək, sözlərlə ifadə etmək çətindir. Bu, çox fərqli və tərifə sığmayacaq duyğulardır. Ən əsası, biz anaların gözlərinin yaşını sildik və Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının başını uca etdik. Ali Baş Komandan vacib hərbi əməliyyatların iştirakçısı kimi əziyyətimi yüksək dəyərləndirdi və müvafiq sərəncamlarla orden və medallarla təltif olundum: “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları”, - deyə o vurğulayıb.
Qalib ordunun mayoru, həmçinin pilot olmaq istəyən gənclərə tövsiyələrini verib, Azərbaycan Ordusunun hər bir mənsubuna təbriklərini çatdırıb: "Bütün peşələr çətindir. Lakin insan bir peşəni sevirsə və yüksəlməyi hədəfləyirsə, heç bir çətinliyi qarşısında əngəl olaraq görmür. Pilot peşəsinə sevgi insanda kiçik yaşlarından formalaşır. Həmin peşəni sevənlər çəkinmədən onun arxasınca getsinlər. Azərbaycan Ordusunda xidmət etmək qürurdur, şərəfdir. Pilot peşəsinə sahib olmaq istəyənlər imtahanlardan yüksək nəticə əldə edərək ordu sıralarına daxil ola bilərlər. Peşəkar pilot olmaq üçün çox çalışmaq, öz üzərində işləmək, daim oxumaq, praktikalarda olmaq və uçuşlar yerinə yetirmək lazımdır. Sonda isə rəşadətli Azərbaycan Ordusunu, əzmkar Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Var olsun Azərbaycan Ordusu, var olsun Azərbaycan xalqı!”
Ordumuzun onurğa sütunu: Görünmədən görənlər
20 ildir Azərbaycan Ordusunun hərbi geyimini geyinən Hərbi Dəniz Qüvvələrinin (HDQ) mənsubunun sözlərinə görə, Vətən müharibəsinə qədər HDQ-nin xüsusi təyinatlıları barədə məlumat çox az idi. Təlimlərinin, kurslarının çox çətin və ağır olduğunu bildirən gizli qəhrəman bunların nəinki ölkəmizdə, daha çox müxtəlif xarici ölkələrdə keçirildiyini vurğulayıb.
Onun sözlərinə görə, görünmədən Vətənə xidmət etməyin üstün cəhəti çoxdur. Bildirilib ki, ümumiyyətlə, Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsublarının tək amalı Vətənə layiqincə xidmət etməkdir.

Vətən müharibəsində döyüşlərə Ağdərə rayonunun Talış kəndi istiqamətindən başladığını qeyd edən dəniz xüsusi təyinatlısı fikirlərinə belə davam edib: “İlk döyüş tapşırığımız “Mübariz” postundan başladı. Növbəti döyüş əmri Lələtəpə yüksəkliyi, Arazboyu istiqamətindən hücuma keçmək idi. Əsas əməliyyatlarımız da elə Arazboyu istiqamətində aparıldı. Xudafərinə qədər irəlilədikdən sonra Xocavənd rayonu uğrunda döyüşlərə qoşulduq. Müharibənin sonuna qədər də həmin istiqamətdə uğurlu hərbi əməliyyatlar yerinə yetirdik.
Məlum olduğu kimi XTQ mənsubları üzbəüz döyüşlərdə yüksək peşəkarlığa malik olurlar. Vətən müharibəsində də yaxın məsafədən, üzbəüz döyüşlərdə XTQ mənsublarının üzərinə çox məsuliyyət düşürdü. Hər bir XTQ mənsubu döyüşə girəndə ən çətin məqamda belə geri qayıtmağı, sağ qalmağı düşünmür. Nə olur-olsun qarşıya qoyulan tapşırıqlar icra edilməli, hər hansı bir yüksəklik, kənd, qəsəbə, şəhərin düşməndən azad olunması əmri varsa, mütləq yerinə yetirilməlidir. Ümumiyyətlə, XTQ mənsubları döyüş tapşırığını tək icra etmirlər. Dünyada həmin qoşun növündə "badi" deyilən sistem var. "Badi" yəni, bir bədən iki can, mənim döyüşdə həmin silahdaşıma arxalanmağım deməkdir. Yəni, yaralansam da, şəhid olsam da, əminəm ki, döyüş yoldaşım məni orada qoymayacaq. Biz nəyin bahasına olur-olsun öz şəhidimizi, yaralımızı döyüş meydanında tərk etməz, onu mütləq savaş meydanından çıxardarıq.
20 ildir əynimdəki hərbi geyimi daşımaq mənim üçün çox qürurludur. Bundan sonra da qarşımıza qoyulan hər hansı bir tapşırığın öhdəsindən layiqincə gəlməyə hazırıq. Ordumuz istənilən tapşırığı ən yüksək səviyyədə yerinə yetirmək gücünə və ruh yüksəkliyinə malikdir”.

Digər dəniz xüsusi təyinatlısı isə 14 ildir Vətənin keşiyində dayanmaq kimi məsuliyyətli bir vəzifəni icra edir. 2011-ci ildə HDQ-də matros kimi xidmətə başlayan döyüşçü 2015-ci ildən etibarən dəniz xüsusi təyinatlılarının mənsubu kimi bir sıra vacib hərbi əməliyyatların iştirakçısıdır. Xidmət illərinə üç vacib Zəfər - Aprel döyüşləri, Vətən müharibəsi, lokal antiterror əməliyyatları – daxil olan görünməyən qəhrəman 44 günlük salnamədə iştirakından danışıb: “İlk tapşırığı Füzuli rayonu istiqamətindən aldıq. Burada düşmən mövqelərinin yarılması, istehkam maneələrinin və sədlərin aradan qaldırılması, düşmənin möhkəmləndiyi yüksəklik və postların məhv edilməsi əmri verilmişdi. Mənim irəlilədiyim qrup Füzulidə keçirilən uğurlu hərbi əməliyyatların davamını Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində də gətirdi. Şəhid və yaralılarımızın olmasına baxmayaraq, verilən bütün tapşırıqları layiqincə yerinə yetirərək qarşıya qoyulan bütün məqsədlərə nail olduq. Müharibə, döyüş varsa, şəhid də, yaralı da olur. Qalibiyyəti hədəfləmişiksə, bu yolda ölməyi gözə almışıqsa, soyuqqanlılığımızı qoruyub irəli getməli idik. Əldə etdiyimiz şanlı Zəfərlə həm ərazi bütövlüyümüzü bərpa etdik, həm də şəhid olan silahdaşlarımızın qisasını aldıq”.
Dəniz xüsusi təyinatlısı lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində döyüşdüyünü də diqqətə çatdırıb.
Ümid sənədir ancaq, Azərbaycan əsgəri...
Xalq şairi Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirində deyilir:
İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız.
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz…
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Şairin illər öncə xalqın hayqırışını, ümidini, çağırışını əks etdirən sətirlərinə, sözlərinə Azərbaycan Ordusu layiqli Qələbə ilə cavab verdi. 18 yaşlı əsgərimizdən tutmuş illərini Vətənə xidmətə həsr edən peşəkar zabitə qədər hər bir hərbi qulluqçu döyüşə böyük məsuliyyət, Qələbəyə inamla qoşuldu. Addım-addım, qarış-qarış irəliləyən Ordumuz 44 gündə ümidimizi gerçəkləşdirdi, torpaq həsrətimizi sonlandırdı, qisasımızı aldı. Ən əsası artıq dünya əsl həqiqətlərin şahidi oldu: bu xalq döyüşkəndir, məqsədlidir, torpağına sahib çıxmağı bacarır. Sevindirici hal odur ki, qəhrəmanların ayaq izləri o torpaqlardan silinmir, onların şücaətindən ilhamlanan gənclər öz məqsədlərini Vətənə xidmət etməyə, şəhidlərin, qazilərin canı-qanı bahasına xilas etdiyi torpaqlarda keşik çəkməyə yönəldirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizə bu qüruru bəxş edən Azərbaycan Ordusunun hər bir mənsubunu təbrik edir, onlara ayıq-sayıq və layiqli xidmət arzulayır, əmin-amanlığımızın, təhlükəsizliyimizin yüksək səviyyədə təmin olunmasında ümidimizi Vətən keşikçilərinə bağladığımızı bildiririk. Elə şairin dediyi kimi : “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”...


