14 noyabr Ümumdünya Diabet Günüdür
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bəşəriyyətə bəxş edilən həyat: Ümümdünya diabet günü və insulinin kəşf tarixi
Hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. Ümumdünya Diabet Günü, bu mühüm elmi nailiyyəti yad etməklə yanaşı, bəşəriyyəti şəkərli diabet xəstəliyinə qarşı sayıqlığa, maarifləndirməyə və sağlam həyat tərzinə çağırır.
Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1991-ci ildə təsis edilmişdir. Bu tarix 1922-ci ildə Çarlz Bestlə birlikdə insulini kəşf edən kanadalı alim Frederik Bantinqin doğum günü şərəfinə seçilmişdir. Məqsəd şəkərli diabet xəstəliyi haqqında maarifləndirməni artırmaq və profilaktik tədbirləri gücləndirməkdir.
Elm tarixində elə kəşflər var ki, onlar sadəcə tibbi uğur deyil, milyonlarla insanın ölüm hökmündən xilas olaraq həyata yenidən bağlandığı möcüzədir. 1921-ci ildə insulinin kəşf edilməsi məhz belə xilaskar addımlardan biridir.
20-ci əsrin əvvəllərinə qədər şəkərli diabet (xüsusilə 1-ci tip) demək olar ki, çarəsi olmayan və qaçılmaz ölümə aparan ağır xəstəlik hesab olunurdu. Xəstələrə yalnız son dərəcə sərt və ac qalmağa əsaslanan pəhrizlər tətbiq olunurdu ki, bu da ömrü çox qısa müddətə uzadırdı.
Kanadalı həkim və alim Frederik Bantinq (Frederick Banting) mədəaltı vəzinin sekresiyası üzərində apardığı tədqiqatlar zamanı insulini təcrid etmək ideyasına aludə olur. O, professor Con Makleodun laboratoriyasında gənc tələbə Çarlz Best (Charles Best) ilə birlikdə gərgin təcrübələrə başlayır.
1921-ci ilin yayında Bantinq və Best mədəaltı vəzindən saf ekstrakt – insulini əldə etməyi bacarırlar. 1922-ci ilin əvvəlində Torontoda şəkər xəstəliyindən ölüm ayağında olan 14 yaşlı Tommi Tompson adlı uşaq üzərində həyata keçirilən ilk uğurlu insulin inyeksiyası xəstənin gözlənilməz şəkildə sağalmasına və səhhətinin bərpa olunmasına səbəb olur. Bu, tibb tarixində əsl inqilab idi.
İnsulinin kəşfinə görə, Frederik Bantinq və Con Makleod 1923-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görüldülər. Bantinq ədalətli davranaraq mükafat məbləğinin yarısını laboratoriyadakı əməkdaşı Çarlz Bestlə bölüşdürdü. İnsulinin kəşfatoru Frederik Bantinqin doğum tarixi olan 14 noyabr tarixi sonradan qlobal səhiyyə təqviminə dərin iz saldı.
Beynəlxalq Diabet Federasiyası (IDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü ilə 1991-ci ildə şəkərli diabetin sürətlə yayılmasına qarşı qlobal mübarizə məqsədilə 14 noyabr "Ümumdünya Diabet Günü" elan olundu. 2007-ci ildən etibarən isə bu tarix BMT-nin rəsmi qətnaməsi ilə qlobal səviyyədə qeyd olunmağa başlandı. Diabetlə mübarizənin beynəlxalq simvolu olan "Mavi Dairə" (Blue Circle) bütün dünya xalqlarının bu xəstəliyə qarşı birliyini, həmrəyliyini və həyat işığını simvolizə edir.
Bu gün şəkərli diabet təkcə tibbi problem deyil, həm də qlobal sosial-iqtisadi çağırışdır. Xəstəliyin əsasən iki növü mövcuddur: 1-ci tip (genetik və otoimmün) və 2-ci tip (həyat tərzi, qidalanma və artıq çəki ilə əlaqəli).
2-ci tip diabetin qarşısının alınmasında fiziki aktivlik, sağlam qidalanma, şəkər və un məmulatlarının istehlakının tənzimlənməsi həyati əhəmiyyət daşıyır.Qanda şəkərin səviyyəsinin mütəmadi olaraq yoxlanılması, həkim nəzarəti və müasir qlükometrlər, insulin pompaları sayəsində diabet xəstələri tam normal, aktiv və uzun ömür sürə bilərlər.
Ümumdünya Diabet Günü hər birimizə sağlamlığımızın qədrini bilməyi, vaxtında müayinə olunmağı və həyat tərzimizə diqqət yetirməyi bir daha xatırladır.
Müşfiq MİRZƏ
XQ
Baxış sayı:66
Bu xəbər 14 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















