Icma.az
close
up
RU
18 oktyabr: Azadlığın qan, istiqlalın şərəflə yazıldığı tarix

18 oktyabr: Azadlığın qan, istiqlalın şərəflə yazıldığı tarix

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir millətin əsrlərin sınağından keçən müstəqillik arzusu, istiqlal mübarizəsinin qəhrəmanları və üçrəngli bayrağın əbədi ucalığı- 18 oktyabr Azərbaycan xalqının taleyinə qızıl hərflərlə yazılmış, milli yaddaşımızda əbədiyaşarlıq qazanmış müqəddəs tarixdir. Bu gün sadəcə təqvimin bir səhifəsi, dövlətçilik tariximizin növbəti ildönümü deyil. Bu gün xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq eşqinin, milli ləyaqətinin, mübarizə əzminin və sarsılmaz iradəsinin təntənəsidir. 18 oktyabr Azərbaycan xalqının XX əsrdə ikinci dəfə müstəqil dövlətçilik hüququna qovuşduğu, tarixi ədalətin bərpa olunduğu və milli istiqlal mübarizəsinin qələbə ilə nəticələndiyi möhtəşəm gündür. 1918-ci ildə qurulmuş müstəqil Azərbaycan dövləti 1920-ci ildə hərbi müdaxilə nəticəsində süquta uğradılmışdı. Lakin 71 il sonra xalqımız öz azadlıq iradəsini yenidən ortaya qoyaraq itirilmiş dövlət müstəqilliyini bərpa etdi. Bu mənada 18 oktyabr Azərbaycanın ikinci istiqlalının, milli dövlətçiliyimizin yenidən doğuluşunun və xalqımızın siyasi taleyində yeni dövrün başlanğıcının tarixidir.

    18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktını qəbul etməklə xalqımızın azad yaşamaq, öz müqəddəratını müəyyənləşdirmək və müstəqil dövlət qurmaq iradəsini hüquqi müstəvidə təsbit etdi. Bu tarixi sənəd Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu müəyyənləşdirməklə iki istiqlal dövrü arasında hüquqi və siyasi bağlılığı rəsmiləşdirdi. Beləliklə, xalqımızın zorla əlindən alınmış dövlətçilik hüququ bərpa olundu. Dövlət Müstəqilliyinin Bərpası Günü yeni nəsillər üçün şanlı tarix, həmin hadisələrin şahidləri və iştirakçıları üçün isə bütün sevinci, kədəri, ağrısı və həyəcanı ilə daim yaşayan, heç vaxt dünənə çevrilməyəcək gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz həmin tarixin ucalığından baxırlar. Ömrünü dövlətin azadlığına həsr etmiş, bu yolda təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş istiqlal mücahidləri və sovet totalitarizminin repressiyalarını, sürgünlərini, milli hüquqların tapdanmasını yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Çünki müstəqillik bizə bağışlanmadı. O, hansısa imperiyanın mərhəmətindən doğmadı. Xalqımızın qanı, canı, göz yaşları, mübarizəsi, qurbanları və sarsılmaz milli iradəsi hesabına qazanıldı.

   Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. Arxada qalan illər dövlətçilik tariximizdə ağır sınaqların, böyük itkilərin, mühüm nailiyyətlərin və tarixi qələbələrin yaşandığı dövrdür. Bu yol bir daha sübut etdi ki, azadlığı qazanmaq nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə əmanət etmək də bir o qədər böyük məsuliyyətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından danışarkən bu tarixin mənəvi və siyasi təməlini qoymuş şəxsiyyətləri xatırlamamaq mümkün deyil. Çünki 18 oktyabr 1991-ci ilə aparan yol 1918-ci ilin 28 mayından, Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyanından və milli oyanış mübarizəsindən keçir.

   Məhəmməd Əmin Rəsulzadənin istiqlal məfkurəsi, Əli bəy Hüseynzadənin milli düşüncəsi, Əhməd bəy Ağaoğlunun maarifçilik və azadlıq ideyaları, Fətəli xan Xoyskinin dövlət quruculuğu fəaliyyəti, Nəsib bəy Yusifbəylinin siyasi xidmətləri, Əlimərdan bəy Topçubaşovun diplomatik mübarizəsi və digər Cümhuriyyət qurucularının fədakarlığı Azərbaycan dövlətçilik tarixində silinməz izlər qoyub. Məhəmməd Əmin Rəsulzadənin «Bir kərə yüksələn bayraq bir daha enməz!» kəlamı sonrakı nəsillərin də istiqlal andına çevrilmişdi. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun dövlətçilik ideyası xalqın yaddaşından silinmədi. 1991-ci ildə bərpa edilən müstəqillik həmin tarixi ənənənin davamı, yarımçıq qalmış istiqlal yolunun yeni şəraitdə dirçəlişi oldu.

   XX əsrin sonlarında Azərbaycan xalqı yenidən öz tarixi missiyasının qarşısında dayanmışdı. Sovet imperiyasının siyasi təzyiqləri, milli hüquqların məhdudlaşdırılması, torpaqlarımıza qarşı irəli sürülən əsassız iddialar və ədalətsizliklər xalqın səbir kasasını daşırmışdı. 1988-ci ildən geniş vüsət alan Milli Azadlıq Hərəkatı xalqımızın milli özünüdərk və istiqlal mübarizəsinin qüdrətli təzahürünə çevrildi. Meydanlara toplaşan yüz minlərlə insan yalnız etiraz etmirdi. Onlar millətin ləyaqətini müdafiə edir, müstəqil dövlətçilik hüququnu tələb edir, Azərbaycanın gələcəyinin öz xalqının iradəsi ilə müəyyən olunmasını istəyirdilər. O meydanlarda xalq öz səsini, öz gücünü, öz birliyini yenidən kəşf etdi. Azadlıq şüarları illərlə qəlblərdə yığılıb qalmış həsrətin səsinə çevrildi. Üçrəngli bayraq yenidən başlar üzərində dalğalandı. Bir zamanlar qadağan edilmiş istiqlal rəmzi milyonların ümidinə, qüruruna və müqavimət nişanəsinə çevrildi.

   Azərbaycanın ikinci istiqlal mübarizəsinin ən mühüm xüsusiyyətlərindən biri onun ümumxalq xarakteri daşıması idi. Müxtəlif peşə və sosial təbəqələrdən olan insanlar azadlıq meydanlarında eyni amal ətrafında birləşmişdilər. Xalqın meydanlarda ifadə etdiyi müstəqillik tələbi getdikcə siyasi mübarizənin əsas istiqamətinə çevrilirdi. 1990-cı ilin qanlı 20 yanvar gecəsi xalqımızın azadlıq iradəsini sındırmaq istəyən sovet imperiyasının törətdiyi ən ağır cinayətlərdən biri kimi tarixə yazıldı. Sovet ordusunun dinc əhaliyə qarşı həyata keçirdiyi qanlı qırğın imperiya hakimiyyətinin əsl mahiyyətini nümayiş etdirdi, xalqın sovet siyasi sisteminə inamını sarsıtdı. Lakin Bakının küçələrində axıdılan günahsız insanların qanı milli azadlıq mübarizəsini dayandırmadı, əksinə, istiqlal əzmini daha da möhkəmləndirdi. Azərbaycanın ikinci istiqlal tarixində həlledici dönüş nöqtəsinə çevrilən 20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. O gecə şəhid olanlar Azərbaycanın gələcək müstəqilliyinin mənəvi sütunlarına çevrilərək öz fədakarlıqları ilə bir həqiqəti tarixə yazdılar: azadlıq uğrunda ayağa qalxmış xalqı tanklarla, silahlarla və ölüm hədələri ilə əsarətdə saxlamaq mümkün deyil.

    1991-ci il Azərbaycan xalqının dövlətçilik tarixində son dərəcə mürəkkəb, eyni zamanda taleyüklü qərarların qəbul edildiyi il idi. Sovet İttifaqının siyasi böhranı dərinləşir, müttəfiq respublikalarda müstəqillik meyilləri güclənirdi. Lakin müstəqilliyə aparan yol heç də maneəsiz deyildi. Sovet hakimiyyətinin siyasi təsiri, mövcud idarəçilik sisteminin müqaviməti, Qarabağda dərinləşən münaqişə və ölkənin qarşılaşdığı təhlükələr istiqlal mübarizəsini daha da çətinləşdirirdi.

   Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixində 43 istiqlalçı millət vəkilinin adı xüsusi ehtiramla çəkilməlidir. Onların mövqeyi milli iradənin parlament müstəvisində ifadəsinin, siyasi cəsarətin və dövlətçilik məsuliyyətinin mühüm nümunəsi idi. 7 mart 1991-ci ildə SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsi məsələsi Azərbaycan Ali Sovetində müzakirə olunarkən 43 deputat buna qarşı çıxaraq Azərbaycanın müstəqilliyi mövqeyindən çıxış etdi. Bu tarixi mövqe onların istiqlalçı millət vəkilləri kimi xalq yaddaşında yer tutmasının əsasını təşkil etdi. Bu, sadəcə parlamentdə verilmiş səs deyildi. Bu, imperiya düşüncəsinə qarşı milli ləyaqətin səsi, əsarətə qarşı azadlıq iradəsinin ifadəsi idi. 43 istiqlalçı deputatın nümayiş etdirdiyi siyasi prinsipiallıq göstərdi ki, xalqın meydanlarda yüksəltdiyi müstəqillik tələbi artıq dövlət hakimiyyətinin ali qanunverici orqanında da öz qətiyyətli müdafiəçilərini tapmışdır.

   43 istiqlalçı millət vəkilinin tarixi xidmətinin mahiyyəti onların Azərbaycanın gələcəyinin yenidən sovet imperiyası ilə bağlanmasına qarşı çıxaraq müstəqil dövlətçilik yolunu müdafiə etməsində idi. Bu, ölkənin siyasi taleyi ilə bağlı prinsipial seçim və xalq qarşısında böyük məsuliyyət tələb edən mövqe idi. Onların nümayiş etdirdiyi cəsarət istiqlal mübarizəsinin parlament tarixində xüsusi yer tutur.

    1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə qəbul etməsi istiqlal yolunda mühüm siyasi addım oldu. Bu sənəd müstəqilliyin bərpası iradəsini rəsmən bəyan etdi və oktyabrın 18-də qəbul olunacaq Konstitusiya Aktına aparan hüquqi-siyasi prosesin mühüm mərhələsini təşkil etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin tarixi iclasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edildi. Bu sənəd Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və xalq hakimiyyəti prinsipini təsbit edərək dövlətin öz daxili və xarici siyasətini sərbəst müəyyənləşdirməsi üçün hüquqi əsas yaratdı.

   1991-ci il dekabrın 29-da keçirilən ümumxalq səsverməsində Azərbaycan vətəndaşlarının dövlət müstəqilliyini dəstəkləməsi isə 18 oktyabr qərarının ümumxalq iradəsinə söykəndiyini təsdiqlədi. Beləliklə, 1991-ci ilin avqustunda Bəyannamənin, oktyabrında Konstitusiya Aktının qəbul edilməsi və dekabrında referendumun keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesinin əsas tarixi mərhələlərini təşkil etdi. 18 oktyabr həm də müstəqil dövlət quruculuğunun yeni və məsuliyyətli mərhələsinin başlanğıcı idi. Artıq qarşıda dövlət hakimiyyəti institutlarının yaradılması, milli ordunun formalaşdırılması, müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, beynəlxalq əlaqələrin qurulması və suverenliyin qorunması kimi həyati əhəmiyyətli vəzifələr dayanırdı.

    Müstəqilliyin ilk illəri Azərbaycan üçün mürəkkəb və ağrılı dövr oldu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, torpaqlarımızın işğalı, siyasi qarşıdurmalar, iqtisadi böhran və dövlət institutlarının zəifliyi gənc müstəqil respublikanı ciddi təhlükələrlə üz-üzə qoydu. Bununla belə, xalqımız öz dövlət müstəqilliyindən imtina etmədi. Çünki bu müstəqillik təsadüfi siyasi hadisənin nəticəsi deyil, onilliklər boyu davam edən milli mübarizənin, qurbanların və azadlıq iradəsinin bəhrəsi idi.

    Azərbaycanın üçrəngli bayrağı bu tarixi mübarizənin, milli kimliyimizin və dövlətçilik iradəmizin rəmzidir. Əli bəy Hüseynzadənin məfkurəsi ilə mənəvi bağlılıq daşıyan bu bayraq 1918-ci ilin istiqlal ideallarını 1991-ci ilin müstəqillik mübarizəsi ilə birləşdirən müqəddəs dövlətçilik nişanəsidir. Onun ucalığında neçə-neçə nəslin azadlıq arzusu və Vətən uğrunda canından keçmiş insanların xatirəsi yaşayır. Azərbaycan dövləti böyük qurbanların, ağır sınaqların, şəhid qanının və xalqın yenilməz iradəsinin üzərində yüksəlib. Bu dövlətin təməlində Cümhuriyyətin istiqlalını müdafiə edənlərin, sovet repressiyalarının qurbanı olmuş milli ziyalıların, 20 Yanvar şəhidlərinin, Qarabağ uğrunda döyüşən qəhrəmanların və Vətən torpağının bütövlüyü naminə canından keçən igidlərin müqəddəs xatirəsi dayanır.

   Müstəqillik yalnız dövlətin siyasi və hüquqi statusu deyil. Müstəqillik torpağa sahib çıxmaq, milli ləyaqəti qorumaq, xalqın dilini, mədəniyyətini, tarixini və mənəvi dəyərlərini yaşatmaq deməkdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımız müstəqilliyimizin müdafiəsinin nə qədər böyük fədakarlıq tələb etdiyini öz həyatları ilə sübut etdilər.

   2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa olunması dövlətçilik tariximizin yeni və şərəfli səhifələrini açdı. Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Xocalıda, Xocavənddə, Ağdərədə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və Vətənimizin hər bir guşəsində dalğalanan üçrəngli bayraq həm də istiqlal ideyasının yaşarlılığının, milli birliyin və ərazi bütövlüyü uğrunda aparılmış mübarizənin rəmzidir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə başlanan tarixi yol 2020-ci ilin Zəfəri və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin təmin olunması ilə yeni məzmun qazandı. Bu hadisələr göstərdi ki, müstəqilliyin əsl qüdrəti dövlətin öz torpaqlarına, milli iradəsinə və gələcəyinə sahib çıxmaq bacarığında təcəssüm olunur.

   Bu gün müstəqil Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, azad dövlətin vətəndaşı olmaq yalnız hüquq deyil, həm də böyük məsuliyyətdir. Bu məsuliyyət şəhidlərin xatirəsinə sədaqət, dövlətçiliyə bağlılıq, milli maraqların müdafiəsi və gələcək nəsillərə daha qüdrətli Azərbaycan əmanət etmək borcudur. İllər keçir, nəsillər dəyişir, zaman öz axarı ilə irəliləyir. Lakin bəzi tarixlər var ki, onlar keçmişdə qalmır, xalqın bu günündə yaşayır, sabahına işıq salır. 18 oktyabr məhz belə tarixdir. Bu günün mənasını yalnız rəsmi mərasimlərdə, təbriklərdə, bayram çıxışlarında axtarmaq doğru olmaz. Onun əsl mənası istiqlal uğrunda ömrünü mübarizəyə həsr etmiş insanların taleyində, şəhid analarının göz yaşlarında, repressiya qurbanlarının yarımçıq qalmış ömürlərində, meydanlarda azadlıq hayqıran insanların yaddaşında, 43 istiqlalçı millət vəkilinin prinsipial mövqeyində, üçrəngli bayrağı sinəsinə sıxaraq ölümün gözünə dik baxan qəhrəmanların fədakarlığında yaşayır.

    18 oktyabrın 35-ci ildönümündə bu tarixi yalnız bayram kimi deyil, həm də milli yaddaş və dövlətçilik dərsi kimi dəyərləndirməliyik. Müstəqilliyin bərpasının şahidi olmuş nəslin yaşadığı hadisələr zaman keçdikcə tarixə çevrilir. Həmin tarixin həqiqətlərini qorumaq, istiqlal mübarizəsinin iştirakçılarının xidmətlərini obyektiv qiymətləndirmək və onların fədakarlığını gələcək nəsillərə çatdırmaq mənəvi borcumuzdur. Gənc nəsil bilməlidir ki, müstəqil Azərbaycan dövləti bir gündə, bir qərarla və heç bir mübarizə aparılmadan yaranmayıb. 18 oktyabrda qəbul edilmiş Konstitusiya Aktının arxasında illərin azadlıq həsrəti, meydanların mübarizəsi, şəhidlərin qanı, milli ziyalıların fədakarlığı, istiqlalçı siyasətçilərin prinsipial mövqeyi və milyonlarla insanın azad yaşamaq arzusu dayanır.

   18 oktyabr bizə xatırladır ki, dövlətçilik millətin ən böyük sərvətlərindən biridir. Onu qazanmaq üçün əsrlərin həsrəti, nəsillərin mübarizəsi, minlərlə insanın fədakarlığı tələb olunub. Məhəmməd Əmin Rəsulzadənin istiqlal amalı, Əli bəy Hüseynzadənin milli məfkurəsi, Əhməd bəy Ağaoğlunun azad düşüncəsi, Cümhuriyyət qurucularının dövlətçilik iradəsi, 43 istiqlalçı millət vəkilinin siyasi cəsarəti, Milli Azadlıq Hərəkatının fədakar iştirakçılarının əzmi və şəhidlərimizin müqəddəs qanı eyni böyük tarixi amalın müxtəlif dövrlərdəki ifadəsidir.

    Bu amalın adı Azərbaycandır.

    Bu amalın adı istiqlaldır.

    Bu amalın adı azadlıqdır.

    Bu amalın adı xalqımızın öz taleyinə sahib çıxmaq, müstəqil və suveren dövlət kimi əbədi yaşamaq iradəsidir.

   Azərbaycanın müstəqilliyi xalqımızın keçmişindən gələn, bu günündə yaşayan və gələcəyinə ünvanlanan ən müqəddəs milli əmanətdir. Bu əmanəti qorumaq, dövlətimizin suverenliyini, ərazi bütövlüyünü, milli birliyini və istiqlal məfkurəsini yaşatmaq hər bir azərbaycanlının tarixi və vicdani borcudur.

   Bu gün dövlət müstəqilliyimizin bərpasının 35-ci ildönümündə ötən yola nəzər salarkən bir həqiqət bütün aydınlığı ilə görünür: Azərbaycan xalqı azadlıq uğrunda mübarizə aparmağı da, dövlət qurmağı da, müstəqilliyini qorumağı da bacaran xalqdır. 18 oktyabr 1991-ci ildə xalqımız yalnız öz müstəqilliyini bərpa etmədi, həm də milli ləyaqətini, siyasi iradəsini və dövlətçilik haqqını bütün dünyaya bir daha bəyan etdi. Çünki bu dövlətin hər qarış torpağında bir tarix, hər zəfərində bir fədakarlıq, hər bayrağında bir millətin şərəfi yaşayır. 18 oktyabr Azərbaycan xalqının əyilməz iradəsinin, azadlıq eşqinin və əbədi dövlətçilik haqqının təntənəsidir. Otuz beş il əvvəl bərpa olunan müstəqilliyimiz bu gün xalqımızın ən böyük milli sərvəti, gələcək nəsillər qarşısında ən müqəddəs əmanətidir. İstiqlal uğrunda mübarizə aparanların, azadlıq yolunda həyatını qurban verənlərin, dövlətimizin qurulmasına və möhkəmlənməsinə xidmət edənlərin adları Azərbaycan yaşadıqca yaşayacaqdır. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, üçrəngli bayrağımız müstəqil Vətənimizin səmasında dalğalanır, istiqlalımız uğrunda mübarizə aparanların adı, amalı və müqəddəs xatirəsi də yaşayacaqdır.

    18 oktyabr keçmişimizin şərəfli tarixi, müstəqil Azərbaycanın əbədi gələcəyinə verilmiş milli anddır!

  Yaşasın müstəqil Azərbaycan!

Samir Əsədli

“Dövlətçilik Ənənələrinin Təbliği” İctimai Birliyinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri