20 Yanvar əvvəli Zəngilan: Fövqəladə vəziyyətə qarşı xalq dirənişi
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov Dağlıq Qarabağda, Azərbaycanın sərhədyanı rayonlarında və Gəncə şəhərlərində fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzaladı. Azərbaycanın İranla sərhədyanı rayonlarında yaranmış gərgin vəziyyətlə əlaqədar və guya bir sıra yerlərdə hakimiyyətin zorla devrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə 16 yanvardan etibarən həmin ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilməli idi. Bu qərar hadisələrin daha gərgin xarakter aldığı Bakıya şamil olunmamışdı. Bunun məkrli bir planın tərkib hissəsi olduğu, hazırlanan təcavüz qarşısında xalqın arxayın salınması məqsədi güddüyü bir neçə gün sonra məlum olacaqdı...
Bakıda SSRİ rəhbərliyinin birbaşa göstərişi və imperiya cəza qüvvələrinin iştirakı ilə törədilən 20 Yanvar qətliamı barədə çox deyilib və yazılıb. Ancaq həmin günlərdə Azərbaycanın rayonlarında baş verən hadisələr barədə az yazılıb, bəzi rayonlar barədə isə, ümumiyyətlə, yazılmayıb. Əslində isə, Azərbaycanda milli-azadlıq hərəkatı yalnız Bakı və ətrafını deyil, bütün ölkəni əhatə etmişdir. Sovet hökumətinin mövcudluğu ərzində bu və ya digər formada davam etmiş həmin mübarizənin son iki ilinin bir sıra şərəfli səhifələri müxtəlif bölgələrimizdə, rayon və kəndlərimizdə də yazılıb. 20 Yanvar ərəfəsində Zəngilan rayonunda baş verən hadisələrin diqqətdən kənarda qalması bunu bir daha təsdiq edir. Ümummübarizə tariximizin tədqiqi baxımından az da olsa əhəmiyyət kəsb edəcəyini və bu boşluğun bir rayonun timsalında belə aradan qaldırılmasını zəruriliyini nəzərə alaraq, həmin hadisələr barədə qeydlərimi çatdırmağı lazım bildim.
Həmin vaxt mən ADU-nun jurnalistika fakültəsini bitirib, təyinatla Zəngilan rayonunda çıxan “Kənd həyatı” qəzetində şöbə müdiri işləyirdim. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının erməni təcavüzündən qorunması zəminində başlanan və sonradan milli-azadlıq, müstəqillik uğrunda mübarizə mərhələsinə keçən milli hərəkatda Zəngilan fəalları da iştirak edirdilər. 1988-ci ilin sonlarından 1990-cı ilin yanvarınadək ən başlıca vəzifəmiz Zəngilanın Ermənistanla 158 kilometrlik sərhəd ərazisi üzrə əksər kəndlərdə yaradılmış postları möhkəmləndirmək, hər an gözlənilən təxribatların qarşısını almaq idi. Bu işdə rayonun bir çox idarəsinin rəhbərləri də bizə lazım gəldikdə köməklik göstərir, xüsusi ilə ucqar kəndlərə getmək üçün nəqliyyatla təmin edirdilər. Postlarda ov silahları, əksəriyyəti isə əliyalın dayananların ərzağını isə, əasən yerli sakinlər təmin edirdi.
1988-ci ilin fevralından Ermənistanda anti-türk, anti-Azərbaycan ovqatının daha da güclənməsi nəticəsində öz dədə-baba torpaqlarından zorla, ölüm təhdidi altında çıxarılmış azərbaycanlıların ilk dəstəsi Qafan rayonundan Zəngilana pənah gətirmişdi. Qaçqınların gəlişi, Ermənistanın digər ərazilərində deportasiyanın, daha doğrusu, etnik təmizləmənin davam etdirilməsi, Dağlıq Qarabağ ətrafında proseslərin Azərbaycan maraqlarına zidd məcrada inkişafı Zəngilanda da gərginliyi az qala günbəgün artırırdı. Həmçinin İranla sərhəddə mümkün təxribatların (yerli adamları buna həmin ərazidə yerləşən sərhəd dəstəsinin əməliyyat əməkdaşları da sövq edə bilərdilər) qarşısının alınması üçün müvafiq tədbirlər görülürdü. Əlbəttə, bu, daha çox xüsusi xidmət orqanlarının işi olsa da, baş verənlərlə bağlı əhalinin düzgün məlumatlandırılması lazım gəlirdi.
Bu işlər aparıldığı üçün İranla sərhəddə bir neçə dəfə əhali toplanıb, azsaylı etirazlar və mitinq keçirilsə də, sərhədin texniki vasitələrinə hər hansı zərər yetirilməsinə imkan verilməmişdi. Belə toplantılardan biri 1990-cı il fevralın 10-da Türkmənçay müqaviləsinin 162-ci ildönümü günündə baş tutmuşdu. Bunu təsdiq edən həmin gün çəkilmiş foto şəkillər də var. O foto şəkilləri də ilk dəfə bu yazı ilə birgə dərc etməyi lazım bildim.
Bir çox yaxın ərazilərdə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda insanları İranla dövlət sərhədinə yığıb toplantı keçirmək heç də asan deyildi və zəngilanlı fəallar bunu hər hansı təxribata şərait yaratmadan bacarmışdılar. Təbii, bu məsələlərdə 1989-cu il dekabrın 31-də Naxçıvan sərhədində baş verən və milli iradənin nümayişi olan hadisələrin də təsiri var idi. Sovet mərkəzi orqanlarının, xüsusi ilə onun yerlərdəki nümayəndələrinin həmin hadisələrdən milli hərəkata qarşı istifadə cəhdləri nəzərə alınmış, məlum təcrübədən lazımi nəticələr çıxarılmışdı.
Yeri gəlmişkən, Güney Azərbaycanın Arazın o tayında yerləşən həmsərhəd kəndlərinin sakinləri də həmin gün bizə dəstək nümayiş etdirdilər. Uzun illər Novruz tonqalları ilə çatdırılan mesajları indi sərhəd hər iki tərəfində göz-gözə, ürək-ürəyə dayanıb bir-birini salamlayan, dərdinə şəriki olan vahid xalqın övladları canlı şəkildə çatdırırdılar. Bu birgəlikdə, candan-qandan gələn dəstəkdə 162 illik həsrətin, çin olacağına hələ də ümid qalan arzuların doğurduğu romantik duyğular da yer almışdı.
“Heydər baba yolum sənlə gəc oldu,
Ömür keçdi gələmmədim gec oldu, deyən”lərin ürək çırpıntılarından güc alıb havada düyünlənən qəzəbli yumruqlar, Vətən, millət, yurd ağrılı hayqırtılar rus sərhədçilərini ciddi narahat etdiyindən, əlllərində avtomat tikanlı məftil çəpərlər boyu düzülüb hadisələrin nə ilə nəticələnəcəyini gözləyirdilər. Bəlkə də o anlarda ürəklərindən artıq oyanan, öz haqqını tələb etməkdə israrlı olan bu insanları gülləboran etmək keçirdi, nə deyim. Ancaq 20 Yanvardan cəmi 20 gün sonra Azərbaycanın ucqar bir rayonunda belə qətliamın törədilməsi qəzəbini güclə boğan xalqın olan-qalan səbrini də daşıra biləcəyindən ehtiyatlandıqları və bizim etirazçılara sərhəd xəttinə yaxınlaşmamaq barədə israrlı xəbərdarlığımızdan arxayınlaşdıqları üçün bu addım atılmadı. Bunun bir səbəbi də Zəngilan rayonunda fövqəladə vəziyyət rejiminin tətbiqinin dayandırılması barədə Xüsusi komendantlığın rəisinin qərar qəbul etmək məcburiyyətində qalması ilə bağlı idi. Zəngilan rayonunun milli azadlıq hərəkatında rolu deyəndə o vaxt bu hərakatda iştirakçısı olanlar həm də bunu nəzərdə tuturuq (bax, modern.az, “20 Yanvarı xatırlarkən...” 2018-ci il 20 yanvar – L.Ş.). Türkmənçay müqaviləsinin bağlanmasının ildönümü mitinqi sürprissiz başa çatdı.
Ancaq sən demə sürpriz məni evdə gözləyirmiş. Evə girər-girməz iki tələbə dostumun ailə üzvləri ilə söhbətləşdiyini gördüm. Onlar sərhəddə mitinq barədə eşidib qatardan düşən kimi ora gəlmədiklərinə görə dilxor olmuşdular. Ancaq rayona gəlmək qərarını qəfil verdiklərindən, bu dəfə iradsız qurtuldum. Yeniyetməlikdən tanıdığım, əslən zəngilanlı, gələcəkdə Cümhuriyyətin tarixi irsinin tədqiqinə əvəzsiz töhfələr verəcək Nəsiman Yaqublu və hərbi jurnalistikamızın cığırdaşlarından olacaq Ədalət Teymurovla gecəyədək Ermənistanla sərhəddəki vəziyyətdən, əhalinin özünümüdafiə imkanlarından danışdıq və qərar gəldik ki, səhər onlarla birgə sərhədyanı kəndlərdən birinə baş çəkək. İndi hər iki dostumuz haqq dünyasındadır. Allah onlara və dünyasını dəyişən, Azərbaycanın millət, Vətən sevdalısı olan fədakarlara rəhmət eləsin. Yeri gəlmişkən, 1990-cı ilin 17 və 22 yanvar, 10 fevral mitinqləri və milli azadlıq hərəkatı dövründə Zəngilanda baş verən digər hadisələr barədə dostumla ətraflı danışsam da, mən və digər hərəkat yoldaşlarım qeydlərimizi yazılı təqdim etmədiyimiz üçün o hadisə və faktlar Nəsiman Yaqublunun yorulmadan araşdırıb ərsəyə gətirdiyi “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” (Bakı: Qanun nəşriyyatı, 2018-ci il) kitabına düşmədi. 22 yanvar mitinqindən çəkilmiş videonun da sonrakı taleyi naməlum qaldı. Ümidimiz yalnız onadır ki, böyük yazıçı Bulqakovun öz qəhrəmanının dili ilə dediyi kimi, əlyazmaları yanmadığı tək, video və foto çəkilişlər də itib-batmır, sadəcə, saxlanıldığı seyflərin açılacağı günü gözləyir...
1990-cı il yanvar ayının 16-da fövqəladə vəziyyət tətbiq edilməsi, qadağan saatı qoyulması barədə qərar rayonda həm hərəkat fəallarını, həm də əhalinin böyük əksəriyyətini hiddətləndirmişdi. Başlıca təhlükənin Ermənistanla sərhəddən gözlənildiyi halda, diqqətin bilərəkdən İranla sərhədə yönəldilməsi bir məqsədə xidmət edirdi. Silahlı erməni yaraqlıları qarşısında əliyalın qalan xalq, başına od ələnsə, evində gülləboran olunsa da, axşam saat 21-dən səhər saat 6-yadək evində dustaq qalmalı idi. Daha acınacaqlısı isə bir sıra yerli rəhbərlərin bu qərarın əhalinin xeyrinə olduğunu demələri və insanları buna inandırmaq cəhdləri idi. Əhalinin haqlı narazılığı və coşan hiddəti bizim mitinq qərarımızı qətiləşdirdi. Bütün xəbərdarlıqlara, hətta komendant saatının tətbiqinə cavabdeh qüvvələrin (proseslərə nəzarət edən bu qüvvələr başqa millətlərin nümayəndələrindən ibarət hərbçilər idi – L.Ş.) artıq rayona gətirildiyinə baxmayaraq, 17 yanvar saat 11-ə mərkəzi meydanda mitinq təyin edildi. Mitinq xalqın kükrəyən qəzəbinin Zəngilanda həmin vaxtadək görünməmiş bir həddə nümayişi oldu. 34-35 min nəfər əhalisi olan bir rayonda 20 min nəfərə qədər insanın mitinqdə iştirakı mübaliğəsiz deyim ki, rayon rəhbərliyini, yad, əslində, rus hərbçilərini qorxuya salmışdı. Çıxış edənlərin tələbi eyni idi: heç bir əsas olmadan tətbiq olunan xüsusi vəziyyət və qadağan saatı ləğv edilməlidir. İnsanlar “biz təhlükəsizliyimizin təminatına yönəlmiş bütün cəhdləri alqışlayacağıq, bu qadağalar isə bizi təhlükə qarşısında qoyur” deməklə sanki sovet rejiminin, onun qərar verənlərinin ermənipərəst mövqedən qaynaqlanan məkrli niyyətlərinə işıq tuturdular. Mitinq iştirakçılarının qəti tələbi ilə Zəngilanda sərhədyanı rayonlarda fövqəladə vəziyyətin tətbiqi barədə qərarın icrası dayandırıldı. Xüsusi komendantlığın rəisi A.Yakovlev istəməsə də, bu barədə qərarı meydanda elan etmək məcburiyyətində qaldı və sənədin surətini nümayiş etdirdi. Səhəri gün həmin hadisələr barədə rayon qəzetində həmkarlarım Azad Qaradərəli və Salam Cavadovla birgə yazdığımız “Xalq birliyinin gecəsindən reportaj”ımız dərc edildi. Hələ də rayon partiya təşkilatının orqanı olan bir qəzetin mərkəzi və yerli partiya, sovet orqanlarının yarıtmaz fəaliyyətinə, antixalq mövqeyinə güzgü tutan bu reportajı insanlar maraqla və qürurla oxuyurdular. Çünki Sovet İttifaqının ali hakimiyyət orqanından gələn antiAzərbaycan fərmanın icrası ilə bağlı qərarın bir bəndinin kiçik rayon səviyyəsində də olsa dayandırılması onların birliyinin, iradəsinin nəticəsi idi. Əslində, bu, insanların erməni təcavüzünə və bu təcavüzə rəvac verənlərə qarşı ciddi etirazının, kükrəməkdə olan qəzəbinin açıq təzahürü idi.
Rayonda ikinci çoxsaylı etiraz mitinqini 1990-cı il yanvar ayının 22-də yenə şəhərin mərkəzi meydanında təşkil etdik. Minlərсə insan mərkəzi hakimiyyətə, şəxsən M.Qorbaçova Bakıya cəza dəstələri yeridilməsinə, soyqırımı törətdiyinə görə öz qəti etirazını bildirirdi. Yüzlərcə şəxs bu qanlı aksiyaya etiraz əlaməti olaraq partiya biletlərindən imtina etdi, 400-dən çox kommunist biletini yandırdı. Həmin vaxt mən artıq 2 il idi ki, rayon partiya komitəsinin orqanı olan “Kənd həyatı” qəzeti redaksiyası və mətbəənin kommunistlərindən ibarət ilk partiya təşkilatının katibi idim. 20 Yanvar qətliamının səhəri günü ilk partiya təşkilatının iclasını çağırıb, üzvlərin ərizələri əsasında və mütləq əksəriyyətin səsi ilə ilk təşkilatın ləğvi haqqında qərar çıxarmışdıq. Bu rayonda ilk partiya təşkilatının ləğv edildiyi yeganə qərar oldu. Bundan hiddətlənən rayon rəhbərliyi rayon partiya komitəsinin 1990-cı il martın 26-da keçirdiyi plenumda (Zəngilanda fövqəladə vəziyyətin tətbiqinin dayandırılması ilə bağlı Xüsusi komendantlığın rəisinin imzaladığı qərar artıq ləğv edilmişdi – L.Ş.) mənim işdən çıxarılmağım barədə büronun qərarını çıxarmışdı. Onu da bildirim ki, həmin qərarın əmək kitabçama yazılmasına baxmayaraq, mən işsiz qalmadım, əksinə əyalətdən Bakıya gələrək burada öz ixtisasım üzrə yeni nəşrə başlayan “Vətən səsi” qəzetində işə qəbul olundum.
20 Yanvar qətliamından sonra Bakıda və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejimi daha sərt şəkildə həyata keçirildi. Yerlərdə yaradılmış xüsusi komendantlıqlar tərəfindən milli-azadlıq hərəkatının üzdə olan fəallarının həbsinə, bir sıra iştirakçılarının isə təqibinə start verildi. Zəngilandan olan fəallar da iki aydan sonra həbs, təqib və təzyiqlərə məruz qaldılar...
Lətif Şüküroğlu,
Siyasi analtik
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Yanvar 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















