200 ildən sonra bir ilk olacaqdı: Edam masasında sağ qaldı
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ-də sentyabrın 30-da edam edilməsi nəzərdə tutulan Krista Qeyl Payk iki doza ölümcül dərman yeridilməsinə baxmayaraq sağ qalıb.
“Cebheinfo.az” xəbər verir ki, 50 yaşlı Payk edam cəhdindən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Onun vəkilləri qadının hələ də nəfəs aldığını və xırıldadığını açıqlayıblar. Ölümcül inyeksiya protokolu çərçivəsində ona iki doza “pentobarbital” vurulub. Şahidlərin sözlərinə görə, edam otağından bir müddət səslər eşidilib. Daha sonra Payk həbsxanadan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
“Associated Press”in məlumatına görə, Payk edam zamanı bir anda başını qaldıraraq həbsxana əməkdaşlarından qolunu necə hiss etməli olduğunu soruşub. İkinci dozanın təxminən saat 20:26-da vurulduğu, pərdə bağlandıqdan sonra isə Paykın səsinin eşidildiyi bildirilib. Paykın vəkilləri edamın dayandırılması üçün təcili müraciət edərək, müvəkkillərinin “lazımsız ağrı” çəkdiyini bildiriblər. Qadının xəstəxanadakı hazırkı vəziyyəti ilə bağlı isə hələlik ətraflı məlumat verilməyib.
Edamı izləyən media nümayəndələri proses zamanı edam otağını göstərən pərdənin bir neçə dəfə bağlandığını bildiriblər. Ştatın Baş Prokurorluğu tərəfindən təsdiqlənmiş edam protokolunun bütün mərhələləri tətbiq edilib. Ştatın mövcud protokolunda ilk dərman dəstindən sonra məhbusun həyatını itirmədiyi müəyyən edilərsə, ikinci dərman dəstinin tətbiqinə icazə verilir. Lakin ikinci dozadan sonra şəxsin hələ də sağ qalması halında hansı prosedurun tətbiq edilməli olduğu qeyd edilməyib.
Paykın edamının başlamasına təxminən bir saat qalmış ABŞ-nin 6-cı Dairə Apellyasiya Məhkəməsi edamın müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Məhkəmə Paykın uşaqlıq dövründə məruz qaldığını bildirdiyi cinsi istismarın ona ölüm cəzası verilərkən kifayət qədər nəzərə alınıb-alınmadığının araşdırılması üçün vaxt verib. Lakin Tennessi Cəzaçəkmə Müəssisələri Departamenti ABŞ Ali Məhkəməsinə müraciət edib. Ali Məhkəmə 6-ya 3 səs nisbətində aşağı instansiyanın qərarını ləğv edərək edamın həyata keçirilməsinə yol açıb. Bundan sonra Paykın edam prosesi yenidən başladılıb.
Qeyd edək ki, Paykın edamı həyata keçirilsəydi, o, Tennessi ştatında 200 ildən artıq müddətdə edam edilən ilk qadın olacaqdı. Paykın iki doz ölümcül dərman verilməsinə baxmayaraq sağ qalması edam metodunun tətbiqi baxımından olduqca qeyri-adi hal kimi qiymətləndirilir. Krista Paykın ölüm cəzası 1995-ci ildə ABŞ-də böyük rezonans doğuran qətllə bağlıdır. Belə ki, Payk cinayəti törədərkən 18 yaşında olub. O, 19 yaşlı sinif yoldaşı Colleen Slemmeri sevgilisi ilə birlikdə meşəlik əraziyə aparıb.
Payk Slemmerin onun sevgilisini əlindən almağa çalışdığından şübhələnib. 1995-ci il yanvarın 12-də baş verən hücum zamanı Slemmer bıçaqlanıb və ağır şəkildə döyülüb. Paykın sevgilisi Tadaryl Shipp daha sonra Slemmerin bədəninə pentagram çəkildiyini etiraf edib. Cinayətin bu detalı 1980-1990-cı illərdə ABŞ-də satanizm qorxusu ilə əlaqələndirilən “satanik panika” dövründə işin ölkə üzrə geniş diqqət çəkməsinə səbəb olub. Payk və Shipp qətlə görə məhkum ediliblər. Cinayət zamanı 17 yaşında olan Shipp şərti azadlığa çıxmaq imkanının olduğu ömürlük həbs cəzasına məhkum edilib. Ölüm cəzası isə yalnız Payka verilib.
Payk cinayəti törətdiyini inkar etməyib. Əfv müraciəti çərçivəsində verdiyi ifadədə Slemmerlə yalnız dalaşmaq istədiyini, lakin hücum zamanı özünə nəzarəti itirdiyini bildirib. Paykın vəkilləri isə cinayət törədilərkən onun 18 yaşında olmasına, uşaqlıq dövründə ağır zorakılığa məruz qaldığını bildirməsinə, daha sonra bipolyar pozuntu və travmadan sonra stress pozuntusu diaqnozları almasına diqqət çəkərək ölüm cəzasının yenidən nəzərdən keçirilməsini istəyiblər.
Paykın işi, xüsusilə gənc yaşda törədilən cinayətlərə görə ölüm cəzasının tətbiqi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib. Onun edam cəhdinin uğursuz olmasından sonra Tennessi qubernatoru ilin qalan hissəsi üçün planlaşdırılan digər edamların dayandırıldığını açıqlayıb. Qubernator hadisənin müstəqil üçüncü tərəf tərəfindən hərtərəfli araşdırılacağını bildirib. Tennessi ştatında bu il daha əvvəl də edam cəhdi uğursuz olub. May ayında Tony Carruthersin edamı zamanı əməkdaşlar bir saatdan çox müddət ərzində damar yolu açmağa çalışıblar. Cəhdlər uğursuz olduqdan sonra proses dayandırılıb.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 01 Oktyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















