3 liderin hazırladığı müharibə PLANI
Son dövrlər ABŞ-nin Ukraynaya Rusiyanın ərazisinə hücum etmək üçün uzaqmənzilli silahlar verməsi ilə bağlı KİV-də yayılan xəbərlər beynəlxalq siyasi müstəvidə ciddi narahatlıq doğurub.
“Reuters” və “The New York Times” agentliklərinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden Ukraynaya ATACMS taktiki raketləri ilə Rusiyaya qarşı hücumlar həyata keçirməyə icazə verib. Bu qərar hərbi vəziyyətin kəskinləşməsinə və beynəlxalq münasibətlərə böyük təsir göstərə bilər.
ABŞ Prezidenti Co Baydenin Rusiyaya qarşı ATACMS taktiki raketləri ilə hücuma icazə verməsi beynəlxalq arenada ciddi narahatlığa səbəb olub. Bu raketlərin mənzili 300 kilometrə qədərdir və Rusiyanın dərinliklərindəki mühüm hərbi obyektləri hədəf almaq üçün istifadə edilə bilər.
Bu qərar Ukrayna müharibəsində mühüm dönüş nöqtəsidir. İndiyə qədər ABŞ əsasən Rusiyanın hücumlarına qarşı Ukraynanın müdafiəsini təmin edən silahlar tədarük edirdi. Lakin Rusiyaya qarşı belə güclü silahların istifadəsinə icazə verilməsi müharibənin strateji təsirini ciddi şəkildə dəyişə bilər. Bu da münaqişənin daha da şiddətlənməsinə və beynəlxalq səhnədə gərginliyin artmasına səbəb olar.
Bununla yanaşı, “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-nin Ukraynanın bütün silah tələblərini təmin etməyəcəyi gözlənilir. “The New York Times” agentliyinin mənbələrinə görə, bu tələblərdən biri də Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyaya qarşı istifadəsidir. Lakin “The Times”-ın verdiyi məlumata görə, bu raketlərin istifadəsinə icazə ayrı-ayrılıqda ABŞ-dən alınmalıdır, çünki onlar Amerikanın texnologiyalarına əsaslanır.
Bir çox ekspertlər düşünürlər ki, bu raketlərin istifadəsi proqnozlaşdırıla bilməyən nəticələrə səbəb ola bilər. Ən narahatedici məqamlardan biri bu cür hücumların Rusiyada təxribat kimi qiymətləndirilərək, yeni hərbi cavab tədbirlərini tətikləməsi ehtimalıdır. Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov ABŞ-nin raket hücumlarına icazə verməsini "misilsiz bir addım" kimi qiymətləndirib. Bunun Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola biləcəyini bildirib.
Bu fikir digər analitiklər tərəfindən də dəstəklənir. Onlar hesab edirlər ki, Ukraynadakı hərbi gərginlik artıq beynəlxalq əlaqələrə ciddi təsir edir və hər hansı bir hərbi eskalasiya cavab tədbirləri zəncirini işə sala bilər.
Uzaqmənzilli silahların Rusiyaya qarşı istifadəsi yalnız hərbi müstəvidə deyil, həm də siyasi və diplomatik aspektləri əhatə edir. Bu xəbərlər fonunda beynəlxalq cəmiyyətin necə reaksiya verəcəyi və bu qərarın qlobal təhlükəsizlik üçün nə demək olacağı sualları gündəmə gəlir.
Baydenin qərarına yalnız Rusiya deyil, digər beynəlxalq oyunçular da reaksiya verəcək. Daha əvvəl siyasi müstəvidə belə addımların güc balansını pozacağı və münaqişənin genişlənməsinə səbəb olacağı qeyd olunub. Eyni zamanda, Baydenin ATACMS raketlərinin istifadəsinə icazə verməsi avtomatik olaraq Britaniyanın “Storm Shadow” raketlərinin istifadəsinə icazə verilməsi demək deyil. Britaniya hökuməti ABŞ-yə təzyiq göstərir ki, bu raketlərdən istifadə icazəsi verilsin, lakin hələ də məsələ həll edilməyib.
ABŞ və Britaniya arasında silah tədarükü ilə bağlı diplomatik səylər NATO və digər beynəlxalq təşkilatlar səviyyəsində daha geniş koordinasiya tələb edir. Əgər Vaşinqton və London razılığa gəlsələr, ABŞ texnologiyalarına əsaslanan silahların istifadəsi üçün əlavə icazə alınması tələb olunur.
Donald Trampın komandası da məsələyə diqqət yetirir. Trampın keçid komandasının nümayəndələri bildiriblər ki, yalnız o, Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll edə bilər. Trampın keçid komandası üzvü Stiven Çun Trampın "münaqişə tərəflərini yaxınlaşdırmağı" və "sülhə nail olmaq" məqsədilə danışıqlar aparmağı bacaracağını vurğulayıb. Baydenin Rusiyaya hücum etmək üçün icazə verdiyi raketlər barədə məlumat aldıqdan sonra Çun bildirib ki, Tramp belə bir eskalasiyanı qəbul etməzdi və müharibəni başa çatdırmaq üçün danışıqlara başlardı.
Mövzu ilə bağlı rusiyalı politoloq Darya Qrevsova “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, belə bəyanatlar məhz münaqişənin genişlənməsinə səbəb olur. Onun sözlərinə görə, ABŞ bu taktikadan kiçik addımlarla istifadə edir, yəni Rusiya tərəfindən qoyulmuş qırmızı xətləri kəskin şəkildə keçmədən, müxtəlif kiçik təhriklərlə məqsədinə çatmağa çalışır:
"Bu, daha əvvəl də baş vermişdi və biz indi bunun yeni nümunəsini görürük. Fransanın, ABŞ-nin və Böyük Britaniyanın Rusiyaya qarşı uzaqməsafəli raketlərlə zərbələr endirməyə icazə verdikdən sonra indi bu məsafə 300km təşkil edir.
Amma zamanla onlar bu məsafəni 400, 500 km-ə qədər uzadıb, münaqişəni dərinləşdirəcək və məqsədlərinə kiçik addımlarla çatmağa çalışacaqlar. Burada məqsəd xaos yaratmaqdır. Hər zaman amerikalıların sevdiyi şey xaos yaratmaqdır.
Amma sual budur ki, onlar gələcəkdə Rusiyanı idarə edə biləcəklərmi? Çünki nüvə silahı var və biz bilirik ki, ABŞ raketləri kimi xarici nüvə silahları ilə Rusiyaya edilən zərbələr Moskva tərəfindən müharibə elan edilməsi kimi qəbul ediləcək.
Dəfələrlə bildirilib ki, belə bir addım atılarsa, digər ölkələr də Rusiya ilə müharibəyə girəcək. Rusiya təbii ki, ilk növbədə, Polşa və Almaniyadakı hərbi bazalara zərbələr endirəcək, sonra taktiki və strateji nüvə silahlarından istifadə oluna bilər. Nəticədə nüvə müharibəsi başlayar. Bütün bu hadisələr çox sürətli bir eskalasiyaya yol aça bilər".
Ekspert hesab edir ki, hadisələr belə davam edərsə, eskalasiyanın yaxın zamanda baş verməsi qaçılmazdır:
"Çünki Trampın hakimiyyətə gəlməsi Amerika "dərin dövlət”ini çox narahat edir. Onların məqsədi Trampın prezident olmasının qarşısını almaqdır. Əgər belə bir eskalasiya olarsa, Rusiya sərt cavab verərsə, Bayden NATO ölkələrindəki hərbi vəziyyətə görə hakimiyyətin ötürülməsinin mümkün olmadığını və bunun heç bir mənasının olmadığını bəyan edəcək. Buna görə də prezidentlik müddətini davam etdirəcək. Bu, elə bir mürəkkəb plan və konspirasiyadır ki, onu Bayden, Makron və Böyük Britaniyanın Baş naziri həyata keçirir. Ən baş rolu isə burada Makron oynayır.
Çünki o, Rusiyaya nifrət edir və Trampın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün əlindən gələni edir".
Ekspert qeyd edib ki, Qərb Trampı Rusiyayönlü kimi ittiham edir, çünki Tramp güclü bir idarəetmə komandası qurur. Bu, qlobal elitlərə lazım deyil:
"Bu qlobal elitlərin, xüsusilə də Makronun əsl məqsədi Rusiyanı böyük bir eskalasiyaya çəkmək, müharibə, xaos yaratmaq və Trampın ölkəyə rəhbərlik etməsinə, Ukrayna münaqişəsini həllinə imkan verməməkdir. Halbuki Tramp bunu etmək istəyir. Ukraynanın məğlubiyyətini görən bu qlobal elitlər bu vəziyyəti düzəltməyə və idarəedilən xaos yaratmağa çalışırlar. Lakin əslində, idarəedilən xaos çox sürətlə idarəolunmaz bir vəziyyətə çevrilə və nəticədə Üçüncü Dünya müharibəsi başlaya bilər.
Məlumdur ki, bu müharibə əvvəlki kimi olmayacaq, sadəcə nüvə silahları ilə bütün dünyanın məhvi ilə nəticələnəcək”.
Politoloq Fransa Prezidenti Makron haqqında ayrıca danışıb. Bildirib ki, Makronun Rusiyaya qarşı uzaqməsafəli raketlərlə zərbələr endirməyə icazə verdiyi barədə məlumat yayıldıqdan sonra Makron indi bu mövzudan geri çəkilməyə çalışır. O, digər dünya liderlərindən gələn zənglərdən və Üçüncü Dünya müharibəsinin baş verməməsi tələblərindən sonra geri addım atmaq istəyir:
"O, bir növ bu məsələdən qaçmağa çalışır və demək istəyir ki, məsələ yanlış başa düşülüb. Onun xarici işlər nazirinin çıxışları da çox qarışıq olub, nə demək istədiyini anlamaq çətindir. Anlayış və məna dəyişmələri var. Həmçinin, "Le-Figaro" qəzeti bu xəbəri yaydıqdan sonra həmin məqalə saytdan silindi.
Görünür, Makron ya geri addım atmaq, ya da bu məsələdə heç bir əlaqəsi olmadığını göstərmək istəyir. Lakin hamı başa düşür ki, Fransa nə istəyir, Makronun hansı məqsədləri var və onları necə həyata keçirmək istəyir. Təəssüf ki, burada heç bir müsbət nəticə olmayacaq”.
Səbinə Uğur
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
![see](https://icma.az/template/assets/see.png)