Icma.az
close
up
RU
30 illik mübarizəm l YAZI

30 illik mübarizəm l YAZI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlk dəfə siqareti 2-ci kursda çəkmişəm. “Tətbiqi riyaziyyat”dakı uşaqların çoxu çəkən idilər. Kafedra müdirimiz prof. Vaqif Pirməmmədov koridorda bizimlə siqaret çəkir, Gümrah Cəfərli (mərhum Nəcəf Nəcəfovun qaynatası) isə mühazirənin ortasında şirin Borçalı ləhcəsi ilə ‘’kimdə pışka var, a bala” deyib, “qəm tütəyi” adlandırdığı siqaretini yandırırdı. “Marlboro”nun qoxusu köhnə binanın 3-cü mərtəbəsindəki böyük auditoriyadan koridora yayılır, əfsanəvi ‘’Qara Rəşid’’ (görkəmli pedaqoq, professor Rəşid Məmmədov ) qonşu otaqdakı kabinetindən gəlib, zəhmli baxışları ilə gah otaqdakı dumana, gah da həmkarının şalvarına baxırdı. Dost idilər, Gümrah müəllimin mühazirəyə “cins şalvar”la gəlməyinə göz yumurdu. O vaxt heç bir müəllim instituta o qiyafətdə gələ bilməzdi. 

Bir Vaqif Səmədoğlu və Vəfa Quluzadə zövqlə geyinirdi, bir də bizim Gümrah müəllim. Dissident düşüncəli və qatı “anti-sovetçik” idi, Brejnev öləndə 5-6 nəfəri yığıb 28 apreldəki ‘’Avtomat pivəxana’’ya aparmışdı bizi. Onun bahalı siqaretinin ləzzətli tüstüsünü içimizə çəkə-çəkə Leonid İliçin ruhuna bokal toqquşdurduq. Qrup yoldaşımız Hüseyn isə “qəfil” ölümdən elə “sarsılmışdı” ki, pivəsinə gizlincə araq da qatmışdı. Gəncdik, toy idik, çəkirdik, amma oxumağımızdan qalmırdıq, buz baltası kimiydik...
1-2 qüllabla başlayıb sonradan gündə 1-2 ədəd siqaretə keçmişdim. Moskvada, tələbə-inşaat dəstəsində isə artıq “paçka” gəzdirməyə başladım, əməllicə siqaret tiryəkisinə çevrildim. Lovğalanmaq üçün “BT” və ya “Rodopi”ni (o vaxtın ən populyar bolqar siqaretləri) köynəyin döş cibinə qoyurduq. 3-cü kursda ‘’Azİ’’nin Nizami küçəsindəki “Tri ognya” tələbə barının tualetində tanımadığım uşaqlar nəsə bir ot çıxartdılar. Şiddətlə rədd elədim. Dayıma danışdım, ‘’Qəti yaxın durma’’ dedi. Heç vaxt da onun dadını bilmədim. Zatən söz vermişdim-çox oxuyacaq, aspiranturaya girəcəkdim...

Atam siqaret çəkmir, qatı siqaret düşməniydi. Məni siqaretlə tutar deyə ar edirdim (oxu: qorxurdum). Qoxusu gəlməsin deyə cibimdə daima ‘’barbaris’’ konfeti, çantamda dezodorant gəzdirirdim. İnstitutda hamı hər yerdə rahatca siqaret çəkirdi – ‘’Təzə Bina’’nın önündə, ‘’Köhnə’’nin qarşısındakı sütunlu keçiddə, mərtəbələrdə, hətta kafedranın girişində belə. Mənimsə durumum fərqli idi – atam oxuduğum Neft və Kimya institutunun professoru, kafedra müdiri idi. Hər an qarşıma çıxa bilərdi. Hələ siqaretin zərərlərini bilmir və anlamırdım. 5-ci kursda qərar verdim ki, diploma çıxan kimi bu mərəti buraxacam.  

Vaqif Pirməmmədov diplom işini yazmaq üçün məni Kibernetika institutundakı laboratoriyasına göndərdi. O gözəl kollektivin aurası siqareti unutmağa yardım etdi. Yarım il sonra diplom işimi müdafiə edib Naxçıvana 3 aylıq ‘’sbor’’a – hərbi təlimə getdik. Andropov Komunist partiyasının Baş katibiydi. Ayaqda zorla dururdu, ölkədə “suxoy zakon” vardı, mağazalar bomboş idi. Naxçıvanın mərkəzindəki batalyonun əsgər mağazasında kiflənmiş siqaretdən başqa heç nə satılmırdı. Dedilər ki, “qəm tütəyini hicran yerinə qoyub çəkək ki, bu zillət tez bitsin”. Bakıya qayıdan kimi siqaretə son dedim. 12 kilo arıqlamış, amma buz baltası kimiydim...
Təyinatla 2 il çalışdım, sonra aspiranturaya qəbul oldum, siqaretə başladım. Müdafiə etdim, Moskvadan – ‘’VAK’’dan təsdiqim gəldi. Elmlər namizədi olan kimi buraxdım. Qızım oldu təkrar çəkdim, oğlum oldu tulladım. 


Elmi rəhbərim, görkəmli alim, akademik Azad Mirzəcanzadəni sıxışdırırdılar, o da ömrünü verdiyi Neft-Kimya institutundan mən də daxil 11 nəfər tələbəsini – 11 elmlər namizədini alıb nümayişkarcasına çıxdı (İndi o 11 nəfərdən 3-ü Akademiyanın müxbir üzvü, 5-i professordur). Azad müəllimə dost əlini akademik, gözəl insan, mərhum Fərəməz Maqsudov uzatdı. Mexanika-riyaziyyat institutunda bir laboratoriya açdı ona. Amma yer yox idi, bizə Bəşir Səfəroğlu küçəsindəki tarixi hamamın içində 4 otaq ayırdılar. 


Hamamda otağın birində Azad müəllim, iki otaqda isə biz otururduq. 4-cü otağa isə yeganə qiymətli inventarımız olan “CM 4” hesablama maşınımızı (o vaxt kompyuter elə adlanırdı) yerləşdirdik. Başneft və Tatneft üçün elmi araşdırmalar aparırdıq. Oradan qazandığımız qonorarı öz aramızda bölüşdürmək yerinə “Zaporojets” marka avtomobil aldıq. Azad müəllim yaşlanırdı, onu 28 aprel küçəsindən işə gətirmək və aparmaq lazım idi. Düşünə bilrsizmi, dünya miqyaslı alim o sınıx-salxaq 2 qapılı “əlamətə” minib “hamama işə gəlirdi”.


Azad müəllimin iri cüssəli bədəni ilə çətinliklə maşına minməsi və əziyyətlə, qan-tər içində enməsi gəlir gözümün qabağına. O balaca maşına sığmadığı kimi ölkəyə də sığmırdı əziz müəllimim. O sistemin adamı deyildi, başqa bir dünyanın adamı idi Azad Mirzəcanzadə.
İndi Akademiyanın müxbir üzvü olan Geylani Pənahov bir gün “Zaporojets”i hamamın önündə saxlayıb bizi səslədi ki, gəlin maaşlarınızı daşımağa kömək edin. Nə dediyini maşından çıxan böyük qutuları görəndə anladıq – Maaş əvəzinə hər birimizə qutu-qutu “Prima” papirosu vermişdilər. Ölkə batmaq üzrə idi, dövlətdə nə pul var idi, nə də bu dövləti saxlamağa güc.

Qorbaçov bir epoxanın sonunu gətirmək üzrə idi. Mən o axşam yenə çəkməyə başladım. Bu dəfə “maaşımı çəkirdim”...


Sovet dağıldı, hər şey dəyişdi, mən yenə də bu zəhrimardan qurtula bilmirdim. Tərgidir, yenidən başlayırdım. Tədricən siqaretin cana zərərini hiss etməyə başladım. Siqaretlə boğuşmağım AzTV-nin Türkiyə Təmsilçisi kimi qardaş ölkəyə getdiyimdə də davam etdi. Satışda “Marlboro 100’s” gördüm, nəfsimi saxlayammadım. Təzyiqin oynadı. Həkim dostlarım qorxutdular. Mən də zərəri guya azdır deyə “sigarilla”ya keçdim. Zamanla gündə bir paçka “Cafe Creme” çəkməyə başladım. Siqaret çəkəndə saralan dişlərim Sumatra tütünündən daha da qaralmağa başladı. Pul da çatdırmaq olmurdu, düşündüm ki, ən yaxşısı gündə 1 dəfə axşamları bir dənə sigar çəkim. Hollandiyalı jurnalist dostum ad günümə mənə bir yekə qutu “Cohiba” gətirdi. Bolluğa düşdüyümdən sigarı da sigaret kimi çəkməyə başladım.


Ankarada, Çevrə Sokakdakı mənzil həm evim, həm də Təmsilçiliyin ofisi idi. Yer, göy, üstüm, başım, xidməti maşınım – hər yer sigar qoxurdu. Nifrət edirdim özümdən – bu mərətin əsirinə çevrilmişdim. Sağlamlığım silkələnirdi. Sigarı da buraxıb idman salonundan çıxmamağa başladım. Düz 3 il çəkmədim, bir dostum avtomobil qəzasında həlak olması ilə yenidən başladım. 
30 il siqareti yenmək üçün müxtəlif yollara baş vurdum – müxtəlif seanslar, nikotinli saqqızlar, yapışdırma plastırları, elektronik siqaretlər. Və bu mübarizə düz 2009-a qədər davam etdi. Əczaçı dostum Zeynep Akaslan bir gün MORA Terapidən bəhs etdi mənə. O gün həyatım dəyişdi...

DAVAMI VAR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri