525ci qəzet YAZI YAZANIN QORUDUĞU YAZI ƏHLİ Rafael Hüseynov yazır
Rafael HÜSEYNOV
Akademik
O vaxt dünya indikindən daha kiçikmiş. Əlbəttə, min il əvvəl də, beş yüz il qabaq da, üç yüz il öncə də Yer kürəsi elə həmin böyüklükdə, həmin ölçülərdə idi, ancaq min il əvvəl, beş yüz il qabaq, hətta üç yüz il öncə insan dünyanı indiki kimi tanımırdı və həmin səbəbdən də dünya indikindən daha balaca idi.
Yer kürəsinin üzərindəki çox yerlər insan üçün hələ naməlum idi və əsrlər öncələrdən başlayaraq həmişə fədakar başbilənlər tapıldı ki, dünyanı içəridən böyütməyə çalışdılar, insanın gözünü daha geniş açmağa, ona dünyanı tanıtmağa səy göstərdilər.
Dünyanı yurddaşlarına da, məsləkdaşlarına da, elə bütün dünyaya da daha artıq tanıtmaq yolunda çalışanlardan biri də Hacı Zeynalabdin Şirvani oldu ki, çox da uzun olmayan 58 illik ömrünün 40 ilinə yaxınını yollarda keçirdi. Bu şəhərdən o şəhərə, bu məmləkətdən o məmləkətə, bu diyardan o diyara yollandı, sadəcə baxıb keçmədi, sadə bir insan kimi baxıb keçmədi, alim kimi baxıb keçdi, gördüklərini qələmə aldı və qələmə aldıqları, yaddaşına hopanlar zaman keçdikcə bir-birindən qiymətli qalıcı kitablara çevrildi. Ömrünü səfərlərdə, səyahətlərdə keçirmiş, o səfərlərin, o səyahətlərin bəhrəsi olan kitabları insanlara yadigar qoymuş şəxsiyyətlərin bütün başqa insanlardan seçkin bir cəhəti də var.
Hər insan ömrü boyu yaxın, ya uzaq hansısa səfərə mütləq çıxır. Ancaq dünyaya, insanlığa, içərisindəki səfərlər, səyahətlər müdam davam edən kitablar yadigar qoyub getmiş Hacı Zeynalabdin Şirvani kimi şəxsiyyətlərin özlərinin tarix içərisində, insanlar arasındakı səfərləri və səyahətləri də əbədiyyət boyu davam edir. Köhnə zərbülməsəl deyir ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Atalar sözlərinə, zərbülməsəllərə gərək inanaq. Çünki atalar sözləri, zərbülməsəllər, el hikmətləri tarixin, vaxtın sınaqlarından keçib. Ancaq hər bir fikir, hər bir söz kimi, zərbülməsəllərə, el hikmətlərinə, ata sözlərinə də daim yoxlayıcı bir nəzərlə baxmaq lazımdır.
Həqiqətənmi çox gəzən çox oxuyandan daha artıq biliyə malik olar? Əlbəttə ki, insan çox gəzdikcə, gördükcə bilikləri də artır, təcrübəsi də çoxalır. Ancaq kitabların insanlara bağışladığı qədər işığı, biliyi başqa hansı qaynaqdan almaq olar? Tarixdə məşhur alimlər, filosoflar, mütəfəkkir şairlər olub ki, heç doğulduqları, yaşadıqları qəsəbədən, şəhərdən kənara çıxmayıblar, ancaq mütaliənin gücünə, kitablardan aldıqları biliklərin sayəsində dünyanı gəzmiş, görmüş kimi olublar.
Çox gəzən çox bilər, amma kitablara dalan insanın bilikləri həmişə daha dərin və daha əhatəli olar.
Böyük Azərbaycan səyyahı və alimi Hacı Zeynalabdin Şirvanini ondan əvvəl ömür sürmüş, onun dövründə yaşayan, ondan sonra gəlib getmiş neçə-neçə alimdən, səyyahdan fərqləndirən vacib bir məziyyəti var idi.
O, həm çox gəzdi, həyatının böyük hissəsini səfərlərə sərf etdi, ömrünün 40 ilini yollarda keçirdi və təbii ki, çox zəngin bir təcrübə qazandı, çox gördü, o gördüklərindən çox biliklər əldə etdi. Amma ömrü boyu da gecə-gündüz oxumaqdan, öyrənməkdən usanmadı. Ona görə də nə danışdısa, nə yazdısa, hamısı mükəmməl oldu. Çünki o bilik də, bu bilik də Hacı Zeynalabdin Şirvaninin bütün söylədiklərində və yazdıqlarında görünməkdə, ziyasını saçmaqda idi.
Onun üç məşhur səyahətnaməsini - "Bustan us-siyahə"ni, "Riyaz üs-siyahə"ni, "Hədaiq üs-siyahə"ni əvvəldən-sonacan araşdırıblar. Bəlli olub ki, azı 500 mənbədən istifadə edib.
Bu mənbələr türkcə, farsca, ərəbcə, hind dilindədir. Ancaq bunlardan əlavə, Hacı Zeynalabdin Şirvaninin istifadə etdiyi ayrı qaynaqlar, şifahi mənbələr də vardı - insanlarla, kamil alimlərlə oturub-dururdu, onların söylədiklərini yazıya alırdı. Ayrı-ayrı xalq rəvayətlərini, söyləmələri, əfsanələri toplayırdı, onlar da bir digər qaynaq kimi yazdığı əsərlərə dayaq olurdu və söz yox ki, bir də özünün şəxsən gördükləri.
Bu qaynaqları da onun istifadə etmiş olduğu 500-dən artıq qaynağın üstünə gələndə, əlbəttə ki, yüzlərin miqdarı daha da artacaq.
Onun əsərləri belə bir möhkəm bilik bünövrəsinə dayandığından zamanlar keçdikcə köhnəlmir, təzəliyini, etibarlılığını, inanımlılığını saxlayır və yeni insanlara bilik verməkdə, yol açmaqda davam edir.
Aqil Hacı Zeynalabdin Şirvani özündən sonra gələnlərə öyüd verirdi. Deyirdi ki, insan nə qədər yüksəlir-yüksəlsin, daim onun yeni təcrübələrə və biliklərə ehtiyacı olacaq. Çünki yeni təcrübələrin və biliklərin sayəsində insan daha böyük yüksəkliklərə çata biləcək. Ancaq o bilikləri və təcrübələri qazanmaq üçün insanın həmişə möhtac olduğu digər böyük bilik sahibləri var. Ona görə söyləyirdi ki, daim kitablara və bilik sahiblərinə üz tutun.
Belə nəsihət edirdi. Özü də daim başqalarına verdiyi bu tövsiyəyə əməl etdi. Daim bir əlində kitab oldu, üzünü də hər zaman hikmət daşıyan insanlara, bilik sahiblərinə tutdu.
Bütün yazdıqları möhkəm bilik bünövrəsi üstündə ucalan Hacı Zeynalabdin Şirvanini bizim milli elmi tarixçiliyimizin, milli elmi salnaməçiliyimizin də banisi saymaq olar. Həm də Hacı Zeynalabdin Şirvani yalnız sırf Azərbaycan milli elmi salnaməçiliyi, Azərbaycan milli elmi səfərnaməçiliyinin banisi deyil.
Bu baxımdan o, Yaxın-Orta Şərqdə belə təməlqoyucu olan tək-tək insanlardan biri, bəlkə də ən öndə gedəndir. Çox oxuduğuna, çox bildiyinə, çox gəzdiyinə, çox gördüyünə görə o, mütaliə etdiyi mənbələrdəki yanlışları da, sadəlövh yanaşmaları da dərhal tuturdu.
Orta çağ müsəlman Şərqi tarixçiliyinin mötəbər abidələrindən biri olan "Tarix-i Vəssaf" əsərini Şəhabəddin ibn Fəzlullah Şirazi yazıb. Həmin Şəhabəddin Şirazi "Tarix-i Vəssaf"da qeyd edir ki, Dəməşq bir cənnətdir, şəhərlərin ən gözəlidir. Amma Hacı Zeynalabdin Şirvani "Tarix-i Vəssaf"dan bu sözləri iqtibas gətirərək altında dərhal öz iradını bildirir. Deyir ki, mən əsl cənnət adlandırılacaq və Dəməşqdən qat-qat gözəl olan çox şəhərlər görmüşəm.
Hacı Zeynalabdin Şirvani bəhs etdiyi mətləblər haqqında çox bilsə də, həmişə fikirlərini yığcam ifadə eləməyə çalışıb və mülahizələrinin arxasında da müdam mötəbər qaynaqlar dayanıb.
Hacı Zeynalabdin Şirvani hansı qaynaqlara üz tutur, hansı mənbələrə söykənir? Tarixə, coğrafiyaya, fəlsəfəyə, hikmətə dair ən məşhur məxəzlərin, orta çağda elm aləmində qəbul edilmişlərin, demək olar ki, hamısına. O dövrdə elmi-mədəni mühitdə məşhur, ən mötəbər sayılan bir silsilə kitablar vardı ki, özünü alim, qabaqcıl ziyalı hesab edənlərin onların oxuması vacib idi və Hacı Zeynalabdin Şirvani də bütün bu zəruri kitablar dairəsini mütaliə etmişdi. O mütaliələrinin əks-sədası da əsərlərindən gəlməkdədir.
Təbərini oxumadan nə keçmiş haqqında yaxşı yazmaq olardı, nə də Hacı Zeynalabdin Şirvaninin içərisində olduğu XIX yüzilin tarixi və coğrafiyası barədə. Çünki bu gördüklərini təsvir eləmək üçün onların arxasındakı tarixi də göstərməli idi və köhnə kitabların hamısını oxumuş olduğundan göstərir də.
X əsrin I yarısının məşhur ərəb səyyahı və tarixçisi Əbu Hüseyn Məsudinin "Murucu-z-zəhəb" əsəri də həmin sıradan olan yan keçilməməli tarixi qaynaqlardandır. Bugünün özündə də orta çağ tarixindən bəhs edən elmi əsərlər yazan araşdırmaçılar o kitabsız ötüşə bilmir.
Hacı Zeynalabdin Şirvaninin əsərlərini yazarkən 500-dən artıq yazılı mötəbər məxəzə istinad etdiyi bildirilirsə və Məsudinin "Murucu-z-zəhəb"i o 500 içərisində sadəcə elə bircə kitab kimi nəzərdə tutulursa, bunu da nəzərə almaq lazımdır ki, "Murucu-z-zəhəb" əslində 9 qalın cilddir. Beləcə, istifadə edildiyi təsdiqlənən əslində sayca daha çox kitab deməkdir. Çünki həmin mənbələrin neçəsi vahid adla birləşən 3, 5, 9, 10 cilddən ibarət idi, yəni üst-üstə qoyanda Şirvaninin istinad etdiyi, yararlandığı məxəzlərin miqdarı 500 deyil, bəlkə min civarında kitab edir.
Hacı Zeynalabdin Şirvani qüvvətli yaddaş sahibi olub və oxuduğu həmin kitablardakı vacib məlumatların əksəri daim hafizəsində, əzbərində idi.
Hacı Zeynalabdin Şirvani Fəzlullah Rəşidəddinin "Cami ət-təvarix"ini oxumuşdu, Həmdullah Mustovfi Qəzvininin "Tarix-e qozide"sini hafizəsinə hopdurmuşdu. Mirxondun "Rövzətu-s-səfa"sı, Xandəmirin bir neçə cildlik "Həbibü-s-siyər"i, İsgəndər bəy Münşinin yenə bir neçə cildlik "Tarix-i aləmara-yi Abbasi"si Hacı Zeynalabdin Şirvaninin möhkəm hafizəsində idi. Ancaq Hacı Zeynalabdin Şirvani üçün tarix bir vasitə idi. O, ən əvvəl coğrafiya əsəri, səyahətnamə yazırdı. Ona görə də məşhur coğrafiyaşünasların da bəlli əsərlərinə biganə qala bilməzdi. Burada da klassikadan başlamışdı, eramızın II əsrində yaşamış Ptolomeyin "Coğrafiya"sını əvvəldən-sonacan diqqətlə araşdırmışdı, İstəxrinin "Məsalik əl-məmalik" əsərini oxumuşdu, Yaqut əl-Həməvinin "Mucəm əl-buldan"ını öyrənmişdi, Həmdullah Qəzvininin "Nuzhət əl-qulub"unu bitdə-bitdə mütaliə edərək qeydlər götürmüşdü.
Orta çağın fəlsəfəyə, hikmətə, məntiqə, təsəvvüfə aid oxunmalı olan ən vacib qaynaqlarının hamısını mütaliə eləmişdi. Təbii ki, təzkirələrdən də yan keçə bilməzdi. Məhəmməd Oufinin "Lubabu-l-əlbab"ını da oxumuşdu, Fəridəddin Əttarın "Təzkirətü-l-övliya"sini da vərəq-vərəq çevirmişdi, Dövlətşah Səmərqəndinin "Təzkire-yi Dövlətşahi"si də, Əbdürrəhman Caminin "Məfahati-l-üns"ü də, Lütfəli bəy Azərin "Təzkire-yi atəşgədə"si də və neçə-neçə belə təzkirələr onun gözünün qarşısından keçmişdi. Hamısını oxumuşdu, öyrənmişdi, bilirdi. Ona görə də həm keçmiş tarixçiliyin, coğrafiyaşünaslığın yollarına yaxından bələd idi, həm ədəbiyyatın bütöv mənzərəsini görürdü, həm də fəlsəfənin ən müxtəlif qatlarına enmək gücündə idi.
Çeşidli elm sahələrinə aid ən zəruri, ən gərəkli bilgiləri qafasına cəmlədikdən, o biliklərdən əsərlərində ən vacib məqamlarda məhz öz yerində istifadə edə bildiyindən və təbii ki, bunların üstünə gəzdiklərindən, gördüklərindən ən maraqlı anları əlavə etdiyindən, Hacı Zeynalabdin Şirvaninin yaratdığı əsərlərin heç biri köhnələn deyil və onların heç biri də heç vaxt yalnız səfərnamə, səyahətnamə kimi qavranıla bilməz.
Bu əsərlərin hər biri bilik xəzinəsidir, oxuduqca Hacı Zeynalabdin Şirvani ilə bir yerdə səyahət edirsən, onun keçdiyi ölkələrdən, ötdüyü yollardan ötürsən, amma eyni zamanda maariflənirsən, içərin biliklə dolur. Çünki həmin kitabları oxuduğun anlarda sən böyük bir bilik sarayının içərisində olmuş kimisən. Hacı Zeynalabdin Şirvani yazırdı ki, çıraq insanlara çox lazımdır. Çünki çıraq olmasa, biz zülməti yara bilmərik.
Qaranlıqda görməli olduqlarımızı görə bilmərik. Amma bütün çıraqların ən üstünü elmdir. Çünki elm elə bir çıraqlar çırağıdır ki, yalnız alatoran vaxtı, qaranlıqda, ya zülmət olanda deyil, gündüzün günorta vaxtı, günəş işıq saçanda da özü nurunu yaya bilir və sənə hətta işıqlı bir gündüzün içərisində də daha aydın yolu göstərməyi bacarır.
Belə düşündüyündən, düşündüklərinə qəlbən inandığından və ömrü boyu da biliyə sonsuz məhəbbət bəslədiyindən o böyük Azərbaycan alimi, o böyük Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvani bir-birindən üstün və hərəsi bir çıraq olan əsərləri bu millətə və insanlığa yadigar qoyub getdi.
Səyyah, alim Hacı Zeynalabdin Şirvani həm də "Təmkin" idi, şair idi və ömrü boyu onun qələminin bir səmti ədəbiyyat sarı yönəlmişdi. Ömrü boyu şeirlər yazdı və təbii ki, şair olaraq ən əvvəl öz hisslərini, duyğularını, başından keçənləri şeirlərində əks etdirdi.
Ömrü kədərli olmuşdu, rastlaşdığı ağrı-acılar az deyildi. Ancaq Hacı Zeynalabdin Şirvaninin qüssəli şeirlərinin, qəmli misralarının bir çoxu heç də yalnız onun şəxsi dərdini ifadə etmir. Gəzdiyi, gördüyü yerlərdən, ayrı-ayrı şəhərlərdən bəhs edir. Onları tərənnüm edir, bu, öz yerində. Ancaq həmin şəhərlərin, həmin gəzdiyi yerlərin uğradığı hansısa bəlalar varsa, onu da öz şəxsi ağrısı kimi şeirlərinə gətirir.
Gəlib çıxmışdı Bəlx şəhərinə. Bəlx şəhərinə yetənəcən bu qədim şəhər haqqında çox oxumuşdu, çox bilirdi. Ancaq gəldi və gördükləri onu çox mütəəssir etdi. Gördü ki, tarixin içərisindən ayrı-ayrı yazılı mənbələrdən bütün möhtəşəmliyi, parlaqlığı ilə ucalan Bəlx şəhəri necə miskin bir görkəm alıb. Səbəb Çingiz xanın istilaları idi.
Monqol orduları buradan keçəndə belə gözəl şəhəri yerlə-yeksan etmiş, viran qoymuşdular və Hacı Zeynalabdin Şirvani üçün artıq vətən anlayışının coğrafiyası, sərhədləri də çox dəyişmişdi.
Ayrı-ayrı şəhərləri, kəndləri, məmləkətləri gəzib dolaşdıqca, o yerin insanları ilə təmasa girdikcə həmin məkanlar da onunçün doğmalaşırdı, olurdu öz yeri-yurdu kimi, öz doğma vətəni kimi. Ona görə də Bəlxin düşdüyü miskin vəziyyətə öz yurdunun başına gələn bəla kimi baxır, özünün çəkdiyi şəxsi müsibət kimi yanaşır və içərisini göynədən bu ağrıların hamısı misralara çevrilir.
X-XI əsrlərdən başlayaraq ta XX yüzilədək Yaxın-Orta Şərqdə çox şairlər ayrı-ayrı şəhərlərə şeirlər həsr ediblər. O yerlərin əsnafını, şəhər həyatını təsvir ediblər. Ancaq o şairlərin heç birində Yaxın-Orta Şərq şəhərlərinin ədəbi-tarixi mənzərəsi Hacı Zeynalabdin Şirvanidə olan dəqiqlikdə, həssaslıqda və genişlikdə deyil.
Hacı Zeynalabdin Şirvani ömrü boyu yaratdığı ədəbi nümunələrdə bir tərəfdən öz hisslərini, düşüncələrini ifadə edirdisə, səyahətnamələrinə, səfərnamələrinə illüstrasiya ola biləcək mənzərəli şeirlərini yaradırdısa, digər tərəfdən də müdrikliyini, alimliyini göstərirdi, nəsihətlərini verirdi, oxucusunun başına ağıl qoyurdu, yollar göstərirdi.
Farsca yazdığı dördlüklərdən birində insanları təvazöyə çağırırdı, çox oxuyub, çox qulaq asmağa, az danışmağa səsləyirdi:
Söz soruşan yoxsa, danışma heç sən,
Ürək sirlərini gizlə yad kəsdən.
İki qulağın var, dilinsə birdir,
İki dəfə dinlə, bir dəfə dillən.
Ya bir başqa şeirində ata balasına nəsihət edən kimi oxucusuna öyüd verirdi. Onu daim hövsələli, səbirli, yumşaq, mülayim olmağa çağırırdı.
Ağlın hövsələtək xəzinəsi var,
Qəzəb ürəkdəki divə oxşayar.
Həlimlik ram edər qorxunc divi də,
Mülayimlik hirsi zindanda saxlar.
Beləcə, Hacı Zeynalabdin Şirvani Təmkin bütün yazdıqlarıyla - istər tarix əsərləri olsun, istər coğrafi, istər elmi araşdırmalar, istər şeirlər - bütün yazdıqlarının hamısında yalnız sırf bir səyyah, yalnız bir şair, yalnız bir alim deyildi, həm də müəllim idi. Allah hərəyə bir cüt göz verib. Birinin gözü çox qüvvətlidir, digərininki nisbətən zəif, kimsə dünyaya eynəklə baxır ki, daha yaxşı görsün. Ancaq Hacı Zeynalabdin Şirvaninin gözləri sadə insanların gözlərindən qat-qat aydın və iti görməyi bacarırdı. Onun gözlərinə bu itiliyi verən biliklər idi. Gəlirdi çatırdı hansısa elə, hansısa yurda, hansısa məmləkətə, oel haqqında, o məmləkət barədə, o yerin keçmişi ilə əlaqədar həmin yerdə məskən salmış insanlara elə həqiqətləri çatdırırdı ki, həmin insanlar mat-məəttəl qalırdılar - illərlə bu yerdə yaşamışıq, bu qərib qədər öz yurdumuzu niyə tanımamışıq?
Şamaxı onun ata-baba yurdu idi. Cavan yaşlarında yolunun bir istiqaməti də Şamaxıdan keçmişdi. Oradan enmişdi Ağsuya və kitabında - "Bustan us-siyahə"sində yazır ki, bura Şamaxı deyirlər. Və dərhal da izah edir. Şamaxı Şamaxıdır, Ağsu Ağsudur. Bəs niyə deyir ki, bu Ağsuya da Şamaxı deyirlər? Oxucusunu yönəldir tarix sarı. Yazır ki, vaxtilə Nadir şahın qoşunları Şamaxını yerlə-yeksan elədilər. Əhalisini də köçlü-külfətli sürgün etdilər bura - Ağsuya. Və Ağsuya da o vaxt Şamaxı adı verdilər.
Həqiqətən də, tarixdə belə bir hadisə olub və Şamaxının öz əvvəlki yerinə qayıtması XIX əsrin əvvəllərində Şirvanın Rusiyaya ilhaq edilməsindən sonra yenidən başlayıb. Və həmin dövrdə Şamaxının Ağsuya köçürüldüyü əyyamlarda məşhur şair Zülali buralarda yoxmuş, səfərdəymiş, səyahətdən qayıdandan sonra Şamaxıya gəlib görür ki, yer-yurd bomboşdur. Soraqlaşır, xəbər verirlər ki, Şamaxını Ağsuya köçürdülər. Gəlir, qohum-əqrəbasını tapır, ürəyi qubar bağlaya-bağlaya sonralar dillərdə əzbər olacaq bu məşhur misraları deyir:
Qürbətdə deyirdin ki, Zülali, vətənin var,
Ensin gözünə qarə su, Ağsu vətən oldu.
Gəlib çıxmışdı Bakıya, görmüşdü ki, evlərin hamısının üstü yastıdır, ümumən damı yoxdur, hamısının da üstü qırlanıb. Dərhal qeyri-adi olan hər şeyi görürdü. Səbəbini anlatmışdılar və öyrəndiklərini də kitabında yazmışdı ki, gələcəkdə kiminsə yolu bura düşərsə, bu həqiqətdən agah olsun. Yazırdı ki, bu şəhərə el arasında bəzən "Badi-kubə" də deyirlər, yəni "küləyin döyəclədiyi yer". Elə şiddətli küləklər, qasırğalar ki, həyət-bacadakı heyvana, toyuq-cücəyə də, ev-eşiyə də ziyan vurur. Evlərin damını qoparıb aparır. Ona görə o vaxtdan bəri evlərin damını yastı edirlər, üstünü də qırlayırlar.
Qəbələyə gəlib çıxmışdı. Bəs burada onun iti gözləri başqalarının görə bilmədiyi nələri sezmişdi, nələri müşahidə etmişdi?
Təbii ki, Hacı Zeynalabdin Şirvani Qəbələyə gəlib çatanacan bu şəhərin tarix içərisində keçdiyi uzun yol haqqındakı çox həqiqətlərdən agah idi. Ptolomeydə oxumuşdu ki, vaxtilə burada, Qaraçayın sağ sahilində qədim bir şəhər olub. Soraq-sorağa gedib həmin yeri tapır. Camaat da heyrətlənir ki, o xarabazarlıqda bu kişinin nə işi var? Ancaq Hacı Zeynalabdin Şirvani həmin xarabazarlıqda gördüklərini də qələmə alır, tarixə salır ki, gələcəkdə Qəbələnin keçmişini öyrənmək istəyənlər, indiki şəhərin yerində haçansa olmuş əski şəhərin harada olduğunu arayanlar o yeri dəqiq bilsinlər. İtmiş məkanın izini onun kitabından taparaq arasınlar və torpağın altından bu şəhərin dünəni ilə bağlı çox həqiqətləri, olsun ki, gələcək zamanların içərisində üzə çıxara bilsinlər.
Bu gün Azərbaycan boyu ərəb istilası dövründən yadigar qalan neçə-neçə yer adları var: Ərəbmehdibəyli, Ərəbqədim, Ərəbşalbaş, Ərəbli, Ərəbsarvan, Ərəbuşağı, Çöl ərəb, Ərəbxana və neçə-neçə başqaları. Təbii ki, hər yer adının arxasında bir tarixçə dayanır.
Hacı Zeynalabdin Şirvani Qubadan bəhs edirdi. Qubaya özü gedib çatmamışdı. Onu Şirvanın şəhərlərindən biri kimi təqdim edir. Ancaq Qubaya gedib çatmasa da, Qubadan olan bir çox məlumatlı, bilgin adamlarla müfəssəl söhbətlər eləmişdi.
O ətraflı söhbətləri və digər mənbələrdən oxuduqlarını birləşdirərək Quba haqqında elə bilgilər verir ki, həmin gerçəklərin müəyyən hissəsi bu gün də karımıza gəlir. Məsələn, Aranda ərəblərdən qalan yer adlarından biri Ərəbqubalı kəndidir. Ərəbqubalı kəndinin adı haradan yaranıbmış?
Cavab Hacı Zeynalabdin Şirvanidədir. Yazır ki, vaxtilə bir neçə ərəb tayfası gəlib Qubada məskun olmuşdu. Sonra o ailələrdən bəziləri ayrılaraq Azərbaycanın ayrı-ayrı yerlərinə təşrif apardılar. Qubadan köç edən həmin ərəb ailələrindən bir neçəsi də gəlir Aran bölgəsinə, orada sonralar Ərəbqubalı adlanacaq kəndi yaradırlar.
Beləcə, Hacı Zeynalabdin Şirvaninin həssas eşidən qulaqları, iti görən gözləri çox həqiqətləri görüb, eşidib və sərrast yazan qələmi də bunların hamısını əks etdirib.
Və o böyük insandan xatirə qalan bu yazılar indi də əlimizdən tutur, gözlərimizi həqiqətlərə açır.
Bilik insana qanad verəndir. Biliklərin sayəsində həqiqətlərə çox yüksəklərdən baxa bilirsən. Çox hündürdən seyr edəndə isə içərisində olanda, yaxından baxanda görmədiyin çox xırdalıqları bütün ayrıntıları ilə görüb dərk edirsən. Və Hacı Zeynalabdin Şirvani çox hündürdən baxmağa qadir idi. Həm çox oxuması, öyrənməsi səbəbindən, həm də çox gəzdiyindən, gördüyündən və əksər salnaməçilərdən, səyyahlardan çox bildiyinə, həqiqətlərə xeyli hündürdən nəzər salmağa qadir olduğuna görə o, zərbülməsəllər də yaradıb. Coğrafi zərbülməsəllər! Ata sözləri kimi səslənən elə hikmətlər ki, nüvəsində elm də, ibrət də var.
Ayrı-ayrı vaxtlarda gəzdiyi, seyr etdiyi, araşdırdığı şəhərlərin üçünü birləşdirərək bir zərbülməsəl yaradırdı. Yazırdı ki, Xarəzmin suyu, İsfahanın torpağı, Heratın havası - üçü bir yerdə olsa, adam o yerdə ölməz.
Heratı, Əfqanıstanın digər şəhərlərini, kənd-kəsəyini gəzəndən sonra çoxdan arzusunda olduğu Hindiquş dağlarına qalxmışdı. Məqsədi Bamiyan şəhərini görmək idi. Daha doğrusu, Bamiyan şəhərindəki məşhur Budda heykəllərini.
Bamiyan şəhəri dəniz səviyyəsindən 6.143 metr hündürlükdə yerləşir. Yəni Bamiyan Qafqazın ən hündür yerləri olan Elbrusdan, Kazbekdən də daha yüksəkdədir. Çox əziyyətlə, amma bu əziyyətdən ləzzət ala-ala gedib çatmışdı Budda heykəllərinin yanına. Onları təsvir edirdi. Yazırdı ki, o heykəllərə insanlar rahat tamaşa eləsin deyə burada qayaları çaparaq bir meydança kimi düzəltmişlər. İnsanlar gəlib seyr edir, dərhal da çıxıb getmir, miladın VI əsrindən yadigar qalan o heykəlləri seyr edərək düşüncələrə dalırlar.
Hacı Zeynalabdin Şirvani o sal qayalarda yaradılmış iki heykəli dəqiq təsvir edir. Birinin hündürlüyü 55 metr, digərinin hündürlüyü 37 metr. Və Hacı Zeynalabdin Şirvani son dərəcə maraqlı bir təfərrüatı da diqqətə çatdırır. Yazır ki, yerli camaatla söhbət elədim, bu camaatın dilində o iki heykəlin hər birinin öz adı var: birinin adı Səlsal, digərinin adı Şəmamə.
Bamiyandakı o iki məşhur heykəl Qəndəhar-Hind mədəniyyətinin saxlancı idi. VI əsrdən XX əsr bitənə qədər - 1400 ildən artıq bir müddətdə o heykəllər qayaların üstündə ucaldılar. Ancaq 2001-ci ilin martında həmin heykəlləri darmadağın elədilər. Əfqanıstanda Taliban qüvvələri bu heykəlləri bütpərəstliyin nişanəsi olaraq dağıdacaqlarını bəyan elədilər. Biri 55, biri 37 metr hündürlüyündə olan, eni, Hacı Zeynalabdin Şirvaninin yazdığı kimi, 16 arşın, yəni 71 santimetrdən də artıq olan heykəlləri qırıb dağıtmaq elə sadə iş deyildi. Əvvəlcə raketlə vurub dağıtmaq istədilər, dinamit qoyub partlatmağa cəhd etdilər. Bu həmlə sal qayalara təsir etmədi. Sonra mina qoyaraq həmin heykəlləri partladıb dağıtdılar. O heykəllər dağıdılanda bütün dünya səsini qaldırdı, həmin heykəllərin müdafiəsinə qalxdı. Çünki heykəllərin dağıdılmasına gedən yol hələ bir müddət çəkdi. Amerika, Fransa, İtaliya, dünyanın neçə mədəni ölkəsi, YUNESKO, eləcə də müsəlman dövlətləri çağırış etdilər ki, etməyin, dayanın, qıymayın o heykəllərə. Ancaq onlara - Talibana səs verən bir qüvvə oldu - "əl-Qaidə". Beləcə, 1400 yaşı olan, Əfqanıstanda, Bamiyanda yerləşsə də, əfqan mədəni irsinin, hind mədəni irsinin nümunələri olsa da, əslində bəşəriyyətə aid iki inci məhv edildi.
Və Hacı Zeynalabdin Şirvaninin səyahətnaməsində o heykəllər barədə yazdıqları indi bizə ikiqat əzizdir. Çünki həmin heykəllərlə bağlı elə təfərrüatları, insanların dillərində o çağlarda dolaşan elə söhbətləri bizlərə çatdırır ki, daha onları heç bir qaynaqda tapmaq mümkün deyil. Beləcə, Hacı Zeynalabdin Şirvaninin qələmindən qopmuş hər sətir, hər təsvir bir bələdçidir. Bizi mənəviyyatımızın, tariximizin dünəni ilə bağlayan mötəbər ötürücüdür.
...Yeniyetməliyi, cavanlığı yollarda keçən Hacı Zeynalabdin Şirvani yalnız 40 yaşına çatanda ailə həyatı qurmağı qət etdi. Özünü işinə həsr edən, vurğunu olduğu peşənin xatirinə çox dünya ləzzətlərindən imtina edənlər Hacı Zeynalabdinin evlənməyi niyə bunca təxirə salmasının mənasını yaxşı anlayar. Tək canı idi, keçdiyi yollar boyunca hər cür sıxıntılarla rastlaşsa da, tab gətirirdi, hər cür maneəni adlaya bilirdi. Amma yanında arvad-uşaq olsaydı, əli-qolu bağlanardı, bu cür asudəcə səyahətlərə çıxmaq imkanından məhrum olardı. Odur ki, nə qədər cavan idi, güclü idi, səfərlərini etmişdi və indi bütün bunları təfərrüatı ilə yazıya da köçürmək, kitablaşdırmaq da lazım idi. Digər tərəfdən də, uzun illərin yol yorğunluğunun candan çıxması üçün xudmani bir ailə həyatına da ehtiyacı vardı.
Əlbəttə ki, səyahətləri davam etdirmək fikrində də qalırdı, elə etdirəcək də, amma artıq ailə qarşısındakı məsuliyyəti onu əvvəlki riskli səfərlərdən fərqli olaraq daha qorxu-hürküsüz yolları tutub getməyə yönəldəcək.
Gəlib İrana yetişir. Buraya təzə gəldiyi vaxtlarda sorağını alınca Fətəli şah onu iki dəfə sarayına dəvət etmişdi. Fətəli şah Hacı Zeynalabdin Şirvani haqqında uzaqdan çox eşitmişdi, ancaq oturub söhbət edincə görür ki, eşitdiyindən də üstün imiş. Tövsiyə edir ki, kifayət qədər səyahət eləmisən, görmədiyin ölkə yoxdur, indi bir az dincəl, gəl sarayımda sənə vəzifə də verim, müşavirim ol.
Bütün bunları "Riyaz üs-siyahə"sində Hacı Zeynalabdin özü xəbər verir.
Ancaq nə qədər imtiyazlı olsa da, belə bir iş, həyatın bu şəkildə davamı çərçivələrə sığmayan, azad həyat tərzinə alışmış Hacı Zeynalabdin Şirvaninin təbiətinə uyğun deyildi. Ona görə də bacardığı qədər xətrə dəyməyəcək yumşaqlıqla təklifdən boyun qaçırır. Ancaq imtinanı nə qədər mədəni şəkildə edirsən-et, sözünü yerə saldığın adətən bir sözü iki edilməyən şahdırsa, bunu itaətsizlik kimi qavrayacaq. Əlbəttə ki, Hacı Zeynalabdinin Fətəli şahın təklifinə "hə" deməməsi hökmdarda müəyyən inciklik yaradır. Üstəlik də, qarayaxanlar, Hacı Zeynalabdinə hökmdarın hüsn-rəğbətini hiss edənlər dərhal əlhaya düşmüşdülər, onlara rəqib ola biləcək, saraydakı yerlərini dar edəcək qüdrətli zəka və nüfuz sahibinin dərbardan iraq düşməsi üçün əlləşməyə başlamışdılar, Fətəli şahın da qulağını doldurmağa elə nail olmuşdular ki, o da Şirvaninin ümumən Tehranda qalmamasını istəmişdi.
Hacı Zeynalabdin Fars əyalətinə yollanmışdı, bu əyalətin baş şəhəri Şiraz tərəfə üz tutmuş, şəhərin ətəyindəki, dağlıq yerdəki "BabaKuhi" deyilən yerdə qərar tutmuşdu.
Niyə məhz həmin məskəni seçməsində də sanki vətənin cazibəsi var. Hacı Zeynalabdindən səkkiz əsr öncə buralara ayaq basmış Baba Kuhi də, elə onun kimi, əslən Şirvandan idi. Həmin o Baba dağı ki bu gün də ucalmaqdadır, bu şair və filosofun şərəfinə o cür adlanıb. Amma əslən Şamaxıdan olsa da, bir müddət Bakıya bağlansa da, XI əsrin böyük düşüncə və söz adamı Baba Kuhi həyatının böyük hissəsini Şirazda keçirdi, elə son olaraq orada da torpağa tapşırıldı. Bu səbəbdən bəzən nisbəsini elə "Şirazi" də yazdılar.
Hacı Zeynalabdin qısa müddət həmin Baba Kuhi məntəqəsində yaşayandan sonra məsləhət görürlər ki, belə ucqardansa Şiraza köçsün.
Hacı Zeynalabdin Şirazda yerləşir, bura köçəndən lap az sonra - 41 yaşının tamamında ailə həyatı da qurur. Ümid edir ki, ömrünün nahamvar parçaları arxada qalıb, indi nisbətən rahat yaşaya bilər. Lakin yanılırmış və onun qarşılaşacağı müsibətlər, nigaran günlər hələ qarşıda imiş. Hacı Zeynalabdin Şirvani gələn vaxtlarda Fars əyalətinin mərkəzi olan Şirazda beş min ev varmış. Tezliklə zəlzələ qopur, o evlərin əksəriyyətini uçurub dağıdır. Ancaq zəlzələdən sonra da Hacı Zeynalabdin Şirvani Şirazda qalmaqda davam edir. İşin tərsliyindən bu dəfə zəlzələdən də betər ev yıxan vəba Şirazı cənginə alır.
Zəlzələ də, vəba da Allahın bəlası idi, hərəsi özünə görə bir cür təbiət fəlakəti idi və Pərvərdigar insaflıdır, dərd göndərəndə dərmanı da uzaqda saxlamır, kiçicik də olsa çıxış yolları saxlayır. O, insandır ki, birinə qarşı əzazillik edəndə nə ölçü gözləyir, nə hədd bilir, baltanı dibindən çalır.
Ev-eşiyi dağılmış, bu yandan da tüğyan edən vəbanın vahiməsi ilə tıncıxan Hacı Zeynalabdinə qarşı işin ikiqat tərsliyindən Tehranda tələlər qurulmağa başlanır. Fətəli şahın yan-yörəsindəki paxıl saray adamları və ruhanilər hiss edirlər ki, hökmdarın Hacı Zeynalabdin Şirvaniyə rəğbəti aşkardır, dəvətini qəbul etməməsinə görə inciksə də, gec-tez onu yenə mütləq saraya gətirdəcək, vəzifə də verəcək. Ona görə də Hacı Zeynalabdini gözdən salmaqdan ötrü haqqında müxtəlif çirkin şayiələr uydurmağa başlayırlar. Söz çıxarırlar ki, yolunu azmışın birisidir, təriqətçidir. Bəziləri boyaları lap tündləşdirərək ona "kafir" damğası vurur. Uydururlar ki, Hindistanda gəzib-dolaşdığı vaxtlarda bizim dinimizin əleyhinə olan cərəyanlara da qoşulub.
O biri tərəfdənsə Hacı Zeynalabdin Şirvaniyə ayrı bir təhlükə yönəlmişdi. İngilislər də onu aradan götürmək istəyirdilər. Hindistanda yaşayarkən onun ingilis siyasətinə qarşı apardığı təbliğat əks acı bəhrəsini vermişdi - Hacı Zeynalabdin Şirvaninin İrana gəldiyini, Şirazda yerləşdiyini biləndən sonra ingilislər bu ölkədəki Böyük Britaniya səfirinə təlimat vermişdilər ki, o adamı aradan götürməyin yollarını arayın.
Hacı Zeynalabdinin üç istiqamətli təqibli günləri başlanır. Təqibçilərdən birindən qurtulmaq nisbətən asandı - Şirazdakı vəbadan nicatın yolu buralardan aralanıb canını qurtarmaq idi, Hacı da tələm-tələsik Qumşə qəsəbəsinə köçür. Orada olduğu vaxtlarda həyat yoldaşı da ağır xəstə imiş və bu qayğılarla başı qatışıqkən xəbərsizmiş ki, artıq aradan götürülməsi haqqında göstəriş verilib.
Şirvani özü "Riyaz üs-siyahə"sində vəbanın əsirinə çevrilmiş Şirazdan baş götürüb Qumşə qəsəbəsinə gələndən sonra burada bir il səkkiz ay yaşadığını hekayət edir, digər mənbələrsə ayrı bir gizlinci açır. Qumşədə İraq-i Ərəb səfərinə hazırlaşarkən bir karvansarada gecələməliymiş. Onunla çoxdan ədavət aparan Qasım xansa Şirvaninin yerini-yurdunu biləndən sonra əmr edir ki, fürsətdir, elə gecəylə onun axırına çıxın.
Şirvaninin ağsaqqalı, müəllimi, yolgöstərəni, nemətullahi təriqətindəki öndəri Məczübəli şah bundan xəbər tutunca lap arxayınlıq olsun deyə inanılmış bir çaparla - Hacı Zeynalabdinin yaxın dostu Rəhmətəli şah Şirazinin vasitəsilə həmin karvansaraya Hacının adına təcili məktub yollayır ki, ləngimə, bu kağızı alınca dərhal aradan çıx, mənə xəbər çatıb, sənə elə bu gecə qəsd etmək istəyirlər.
Məktub əlinə yetişincə Hacı Zeynalabdin Kirmana pənah aparır. Ancaq Kirmana yetişməsindən bir neçə gün sonra bədxahları onun burada olduğundan duyuq düşüb ardınca atlılar göndərirlər.
Bu minvalla, İrana gəlib yetişdiyi, yerləşdiyi ilk aylardan, ilk illərdən Hacı Zeynalabdin Şirvanini daim təhdidlər, təqiblər, ölüm təhlükələri qarabaqara izlədi, uzaq qürbətlərdən sonra onun öz evi kimi baxacağı yerlər həyatının qorxulu yuxusuna çevrildi.
Onun həyatı kürəyinəmi, ürəyinəmi saplanan qatil xəncəriylə elə Şirazda, Qumşədə, Kirmanda olduğu günlərdən hansındasa tamamlana bilərdi. Onun ömrü Şirazı vəba silkələyəndə bitə bilərdi. Əslində o da yoluxmuşdu. Özü "Hədiqət üs-siyahə"sində nağıl edir ki, hətta elə haldaymış ki, simsarları, yaxınları ondan əllərini üzüblərmiş, dəfninə tədarük görürlərmiş.
Ancaq Allah qıymır, Şirvani bu dəfə də labüd ölümün caynağından sıyrılıb çıxır. Taleyindən keçənləri, hələ bundan sonra gəzib-görəcəyi yerlərin əhvalatlarını qələmə almaqçün İlahinin ona ayırdığı ömür möhləti hələ tükənməyibmiş. Hacı Zeynalabdin bu dünyaya gəzib-görmək, görüb-yazmaq, gözlər açıb-düşüncələr işıqlandırmaq vəzifəsi ilə ezam edilmişdi. Dövrün gərdişi ha cəhd edə, bəndə ha çarpışıb tədbirlər tökə, hiylələr qura, Yazı Yazanın iradəsiylə yaşayıb-yaradana neyləyə bilər?!
21 dekabr 2024
![see](https://icma.az/template/assets/see.png)