31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Hər bir xalqın öz milli birlik fəlsəfəsi var. Azərbaycanlıların da tarixində birlik və bərabərliyi ifadə edən möhtəşəm təqvimlər mövcuddur. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü təqvimizdə xüsusi yer tutur. "Həmrəylik" mənası yekdilliklə hərəkət və ya qərar üçün qarşılıqlı məsuliyyət konsensus, öhdəlik əks etdirir. Artıq neçə illərdir ki, azərbaycanlılar öz həmrəylik günlərini qeyd edirlər.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Azərbaycanlıların həmrəylik modelinin, xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi diqqət mərkəzində saxlanılıb. Ulu öndər Heydər Əliyev 1991-ci ildə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur, dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapmışdı.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq, dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək, başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
AZƏRBAYCANÇILIQ MƏFKURƏSİNDƏN YARANAN AMAL
Azərbaycan diasporu bu gün bir məslək və əqidə ətrafında yetərincə birləşərək, ölkəmizin mənafeyi istiqamətində ardıcıl iş aparır. Qloballaşan dünyada müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları bir araya gətirmək, bir məslək və ideya ətrafında birləşdirmək, əlbəttə ki, azərbaycançılıq məfkurəsindən yaranan amaldır. Təbii ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik əldə etmiş Azərbaycanda ideya əsas prioritetlərdən biri elan edilərək, bu istiqamətdə ardıcıl işlər görülməyə başlandı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Dünya azərbaycanlılarının vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub-saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək kimi məqsədləri reallaqdırmaq üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi və azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid və bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı.
"MÜXTƏLİF ÖLKƏLƏRDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİ, ONUN XARİCİ SİYASƏTİNİ TƏBLİĞ ETMƏKLƏ YANAŞI, AZƏRBAYCANIN PROBLEMLƏRİNİN HƏLL OLUNMASINA YARDIM ETSİNLƏR"
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması kimi məsələlərin, zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda Ulu Öndər Heydər Əliyev qurultayın məqsədinə, qarşıya qoyulan məsələlərə aydınlıq gətirərək, bildirmişdi ki, hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın: "Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər və o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır. Bu gün işinə başlayan qurultay da, məhz bu məqsədi daşıyır". Bir il sonra 5 iyul 2002-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman tarixi hadisəyə çevrildi. Artıq imzalanan bu rəsmi sənəddən bu gün 19 il keçir. Tarixi dövr ərizində görülən işlərin miqyası ildən-ilə artmışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 500-ə yaxındır. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar. Bu gün əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.
DÜNYANIN HƏR BİR QİTƏSİNDƏ MƏSKUNLAŞAN SOYDAŞLARIMIZ
Azərbaycan diasporu təşkilatlanaraq, ölkəmizin milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrilib.Azərbaycan diasporunun məskunlaşma coğrafiyasının miqyası sonsuzdur. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait və mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətinliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub-saxlayıb və tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da, məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin şimal, mərkəzi və cənub hissəsində daha çox məskunlaşıblar.
Mövcud vəziyyət, belə deməyə əsas verir ki, yeni dünya düzəni və qloballaşma prosesləri nəticəsində, diasporlar yalnız müəyyən dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi də tanınırlar. Bu gün Azərbaycan diasporu dünyanın bütün qitələrində ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Almaniya, İspaniya, Qazaxıstan və İtaliya kimi onlarla dövlətdə fəaliyyət göstərir. Dünya ölkələrində Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası, Qafqaz Yəhudiləri Cəmiyyəti və onlarla belə qurumlar diaspora quruculuğu siyasətinin məntiqi olaraq təşəkkül tapıb. Diasporun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlib.
Ölkəmizdə keçirilən dünya azərbaycanlılarının qurultayları da ölkəmizin tarixinə iftixar gətirəcək hadisələr sırasındadır. Çünki dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycana - doğma Vətənə gəlir, birliyi və həmrəyliyi nümayiş etdirirlər. Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda, onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq" deyərək, birliyin əsas məsələlərdən olduğunu diqqətə çatdırmışdır: "Xüsusilə, nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin". Qurultayda müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsinin aparılması dünya azərbaycanlılarının daha da sıx birləşməsinə təkan oldu.
MİLLİ HƏMRƏYLİYİN TƏCƏSSÜMÜ – 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ
Azərbaycan millətinin birlik şüarının simvolik günü ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycan xalqının milli həmrəyliyi 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında mühüm rol oynadı. Haqq, ədalət savaşı Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü oldu. Bu tarixi Zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz də dəyərli töhfə veriblər. Onlar da doğma Azərbaycanımızın haqq işi naminə qüvvələrini birləşdirərək yaşadığı ölkələrin ictimaiyyətinə Vətən müharibəsi barədə doğru-düzgün məlumatlar çatdırıblar. Harada yaşamasından asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi çox sevindirici haldır. Azərbaycanın bir sıra dünya ölkələrdəki formalaşmış diaspor fəalları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Son vaxtlar ölkəmizin siyasi həyatında baş verən hadisələr zamanı soydaşlarımızın vətən naminə atdığı addımlar, yumruğu bir yerə vurması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bir amal, məqsəd uğrunda birləşməsinin bariz nümunəsidir. Bu gün əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəni bütün dünya azərbaycanlıları yaşadı. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı həmrəy oldu. Bir yumruq ətrafında birləşirdi. Bu ən böyük uğurlarımız sırasındadır. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının qəlbi doğma yurdla döyünür. Əlbəttə ki, Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Dünya ölkələri tərəfindən tanınması, haqq səsinin dünyaya çatdırılmasında kifayət qədər güclüdür, güclü diasporu formalaşıb. Vətənin haqq səsini yaşadıqları ölkələrdə ifadə gücündədirlər. Azərbaycan diasporunun belə mütəşəkil olması əlbəttə ki, diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, tətbiq edilən yeni proqramlar bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır.
"TARİXİ ZƏFƏRDƏN SONRA İLK DƏFƏDİR Kİ, DÜNYA AZƏRBAYCANLILARI TOPLAŞIR, QURULTAY KEÇİRİR VƏ ÜMUMİYYƏTLƏ ZƏFƏR ADI XALQIMIZA ÇOX YARAŞIR"
Bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi tariximizdə yeni səhifə açdı. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi Qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.
Qurultayda Prezident İlham Əliyev öz çıxışında "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər", - - deyib.
Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bu gün isə artıq Azərbaycan xalqı bu torpaqlarının əsil sahiblərinin kim olduğunu bütün dünyaya nümayiş etdirir və bir daha özünün yaradıcı, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan xalq olduğunu hər kəsə sübut edir. Şuşa bu gün hər bir Azərbaycan vətəndaşının, eləcə də xaricdə yaşayan soydaşlarımızın qürurunun ünvanıdır. Dünya Azərbaycanlılarının V Qurultayı da, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük strategiyanın, milli həmrəylik konsepsiyasının uğurlu davamının məntiqi kimi xarakterizə olunur.
Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Dünya ilə sərhədsiz münasibət quran Azərbaycan müxtəlif qitələrdə öz sözünü əməli çərçivəsində deyə bilir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diasora siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davamının məntiqidir.
Zümrüd BAYRAMOVA