Icma.az
close
up
RU
“3+3” formatı və Cənubi Qafqazda geosiyasi rəqabət

“3+3” formatı və Cənubi Qafqazda geosiyasi rəqabət

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

I MƏQALƏ

Postmüharibə mərhələsinin ilk sülh təşəbbüsü

2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı zamanı birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti R.T.Ərdoğan dünya üçün gözlənilməz olan bir təşəbbüslə çıxış etdilər. Bu təşəbbüsün gözlənilməzliyi İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra irəli sürülməsi ilə əlaqəli idi. Çünki D.Trampın illər sonra Azərbaycan Prezidentinə üz tutaraq “Siz irəli gedə bilərdiniz, niyə getmədiniz?” sualının sətiraltı mənasından hiss olunurdu ki, Qərbdə müəyyən dairələr Azərbaycan ordusunun Ermənistanı tamamilə nəzarətə götürə biləcəyini ehtimal edirdilər.

Ancaq Prezident İlham Əliyev qətiyyətlə Azərbaycanın bütün Cənubi Qafqazda sülh, barış, əməkdaşlıq və təhlükəsizlik yolunu seçdiyini bəyan etdi. Bunu konkret indi “3+3” formatı adlandırılan təhlükəsizlik və əməkdaşlıq platformasını irəli sürməsi ilə sübut etdi. Onun qısa mahiyyəti üç region ölkəsi ilə 3 böyük qonşu dövlətlərin Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmini məsuliyyətini öz üzərlərinə götürməli olmaları ilə bağlıdır. Təşəbbüsdə üç əsas məqsəd bir-biri ilə əlaqəli şəkildə ifadə edilmişdir. Onlar aşağıdakılardır:

- regionun problemləri kənar qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir;

- regional sahiblik prinsipi ödənməlidir, yəni bütün məsələlər birbaşa region dövlətlərinin özləri tərəfindən həll edilməlidir;

- Cənubi Qafqazda nəqliyyat xətləri açılmalıdır.

Bu çərçivədə ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutdu. Ancaq Gürcüstan Rusiya ilə olan siyasi münasibətlərinə görə “3+3” formatında iştirakdan imtina etdi. Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan isə mütəmadi olaraq müzakirələr aparırlar.

Deməli, “3+3” formatı faktiki olaraq mühüm geosiyasi, siyasi, iqtisadi və kommunikativ faktorları özündə birləşdirən məharətli və sülhyaradıcı diplomatik addımdır. Hərb meydanında möhtəşəm zəfər əldə edən bir dövlətin başçısının bu təşəbbüsü həm region üçün əhəmiyyətli tarixi dönüşün ifadəsi idi, həm də müasir dünya siyasətində çox nadir diplomatik gediş idi. Ona görə ki, müharibədə çox amansız düşməni və havadarlarını məğlub edən ölkə postmüharibə dövründə xarici siyasətinin qayəsini aydın, qəti və inamla bəyan edirdi: Azərbaycan regional sülhyaradıcılığı, əməkdaşlığı və təhlükəsizliyi təmin edən xətti seçir!

Bu, o demək idi ki, Azərbaycan Prezidenti müasir mərhələdə müstəqil dövlətin identikliyinin başlıca xüsusiyyətini dəqiq ifadə etmişdir. Yəni Azərbaycan qələbədən sonra müharibə paradiqmasını deyil, sülh, barış, əməkdaşlıq və təhlükəsizlik paradiqmasını seçməkdə qərarlıdır! Deməli, burada əsas geosiyasi məna Azərbaycanın öz maraqlarını təmin etməsi ilə məhdudlaşmır, əksinə regional miqyasda davamlı sülh, barış, əməkdaşlıq və təhlükəsizliyin təmininin konkret platformasını ortaya qoyması ilə xarakterizə olunur.

Bunları ümumiləşdirsək, belə bir qənaət alınır: “3+3” formulu bütövlükdə, Cənubi Qafqazın sülh, barış, əməkdaşlıq və təhlükəsizlik məkanı olması üçün fundamental anlamı olan ciddi formuldur! Burada bir mühüm geosiyasi reallığı qeyd etmək gərəkdir.

Geosiyasi təfəkkürün şablonları

Azərbaycanın “3+3” təşəbbüsü güc mərkəzlərinin Cənubi Qafqazla bağlı artıq şablon halını almış təsəvvürlərini darmadağın edirdi. Əlbəttə, müəyyən dairələr nəinki buna hazır deyildilər, hətta o qədər “yanlışı düz kimi qəbul etmişdilər” ki, “3+3”-ü özlərinə ciddi təhlükə hesab edirdilər. Rusiya və İran isə, şübhəsiz, sözdə razılaşalar da, reallıqda çoxlu gizli məqsədlər güdürdülər. İran regional əməkdaşlığın yeni formatından çox “Amerika və Avropa buraya ayaq basmasın” məqsədinin izində idi, Rusiya isə “3+3”-ü əsas olaraq regiona olan ənənəvi təsirini saxlamaq və ya yeni müstəviyə transfer etmək imkanı kimi baxırdı.

Biz burada Qərb analitik və ekspertlərinin məsələyə münasibətinin ümumiləşdirilmiş formasını təqdim etməyə çalışacağıq. Dövri mətbuatda, xüsusi analitik bülletenlərdə ifadə edilmiş fikirlərin ümumi məzmununu təqribən aşağıdakı kimi təqdim edirlər.

Birincisi, Qərb ölkələri Cənubi Qafqazdakı “3+3” formatına xeyli şübhə və ehtiyatla yanaşırlar. Bunu iki aspektlə əsaslandırmağa çalışırlar. Onlardan biri regiona geosiyasi təsir təşəbbüsünün başqa böyük dövlətlərin əlinə keçməsindən ehtiyatlanmaqla bağlıdır. Digəri isə bunun fonunda Qərbin regiondan kənarlaşdırılma ehtimalının mövcudluğu ilə əlaqəlidir. Təsirlə bağlı Qərb analitikləri və siyasətçiləri “3+3” formatını “əsasən Rusiya və Türkiyənin Cənubi Qafqaz bölgəsində nüfuzlarını təsdiqləmək və qorumaq üçün idarə etdiyi bir mexanizm kimi görürlər”. Həmin prizmada, təbii ki, bunu Qərbin regional məsələlər üzərində iştirakını və nəzarətini məhdudlaşdırmaq cəhdi kimi görmək mümkündür.

Belə bir qənaətin davamı kimi isə Qərbin kənarlaşdırılması narahatlığı meydana çıxır. Ona görə də ABŞ və Avropa analitikləri “3+3” formatını “Qərb ölkələrini, xüsusən də Aİ və ABŞ-ı Cənubi Qafqaz sülh və təhlükəsizlik proseslərindən uzaq tutmağın bir yolu kimi” şərh edirlər.

Ən maraqlısı və düşündürücüsü isə bu kimi qiymətləndirmə əsasında Qərb siyasi dairələrinin gəldikləri ümumi qənaətdir. Onlar hesab edilər ki, “3+3” formatı regional əməkdaşlığın inklüzivliyini və balansını məhdudlaşdıra bilər. Konseptual olaraq məsələnin bu tərəfi çox aktualdır və praktiki aspektdə prinsipial xarakter daşıyır. Onun üzərində bir qədər geniş dayanaq.

Geosiyasi inklüzivlik və balans

“Geosiyasi inklüzivlik” xüsusi mənası olan anlayışdır. Onun kökündə, ümumiyyətlə, “inklüzivlik” termininin semantikası dayanır. İnklüzivlik cəmiyyət həyatının təşkili prinsiplərindəndir. Əsas şərt hər bir insanın cəmiyyət quruculuğu prosesində özünün tam olaraq iştirak etdiyini hiss etməsi ilə bağlıdır. Bu zaman insanın fiziki, mental, mədəni və ya sosial fərqi nəzərə alınmamalıdır – o, vətəndaş kimi sosial təşkilin (bütün anlamlarda) tamhüquqlu iştirakçısı olmalıdır.

Bu ümumi təsəvvürlər əsasında geosiyasi inklüzivlik müəyyən olunur. Geosiyasi inklüzivlik, hər şeydən öncə beynəlxalq münasibətlər konsepsiyasıdır. Onun başlıca özəlliyi dövlətlərin iqtisadi çəkisi, hərbi gücü və ya coğrafi ölçüsündən asılı olmayaraq bugünün qlobal gündəminin müəyyən edilməsində və dünya proseslərinin idarə olunmasında iştirakının təmini ilə bağlıdır.

Həmin prinsip semantik müstəvidə başqa bir prinsipdən tam imtinanı tələb edir. Yəni geosiyasi inklüzivlik ayrı-ayrı fövqəldövlətlərin və müəyyən bloklaşmanın (məsələn, NATO, Aİ və ya “Böyük yeddilər”) monopoliyasından imtinanı nəzərdə tutur. Onun əvəzində daha geniş qarşılıqlı münasibətlər formatına üstünlük verilir.

Bu mövqedən çıxış edəndə ümumi geosiyasi inklüzivlik “Qlobal Cənubun” maraqlarının nəzərə alınmasını, beynəlxalq institutların islahatlarını, çoxqütblülüyü və resurslara bərabər əlçatanalığın təminini tələb edir.

Vurğulanan prinsip və tələblər bizim mövzu baxımından çox əhəmiyyətli olan bir xüsusiyyəti ön plana çıxarır. Biz geosiyasi inklüzivliyin təminində çoxvektorlu diplomatiyanın zəruriliyini nəzərdə tuturuq. O kontekstdə regional alyansların yaradılması xüsusi yerə malikdir. Həmin alyansların inklüzivliyi əsas geosiyasi aktorlar – ABŞ, Çin, Aİ və Rusiya arasında seçim məcburiyyətinin olmaması ilə sıx bağlıdır. Nəhayət, bir vacib geosiyasi məqamı da vurğulayaq. Geosiyasi inklüzivlik ənənəvi eksklüziv sistemin böhranı fonunda aktuallaşmışdır. O yanaşmada qərarlar məhdud sayda ölkələr çərçivəsində qəbul edilirdi. Buna qarşılıq olaraq geosiyasi inklüzivlik qlobal gərginliyi azaltmaq, ümumi problemləri daha səmərəli həll etmək və yeni “soyuq müharibələr” girdabına düşməkdən sığortalanmaq üsulu olaraq görülür.

Bunlardan geosiyasi inklüzivliyin dörd əsas xüsusiyyəti ilə bağlı nəticə çıxarmaq olar.

Birincisi, geosiyasi inklüzivlik hər bir dövlətin geosiyasi kontekstdə hüquqlarının tam təmin olunmasını nəzərdə tutur.

İkincisi, onun başlıca funksiyası qlobal gərginliyi azaldaraq dünyanın hər bir regionunda sabitlik, sülh, təhlükəsizlik və inkişafın təmin edilməsi ilə bağlıdır.

Üçüncüsü, qlobal məsələlərdə qapalı bloklaşmadan imtina edərək çoxtərəfli əməkdaşlıq modelinə üstünlük verməklə əlaqəlidir.

Dördüncüsü, geosiyasi inklüzivlik hər bir regionda inklüzivliyin təmin olunması əsasında dünya sisteminin mövcudluq və inkişafının başlıca istiqamətlərini beynəlxalq münasibətlər aspektində müəyyən edir.

Yekun nəticəni çıxarmaq üçün bir məsələyə də aydınlıq gətirmək lazımdır.

Geosiyasi balans

Geosiyasi balans beynəlxalq sabitliyin vəziyyətinə aiddir. Onun başlıca xüsusiyyəti dünya nüfuzu və gücünün əsas geosiyasi aktorlar (indiki dönəmdə dövlətlər qrupu) arasında bərabər nisbətdə paylanması ilə bağlıdır. Eyni zamanda, onlardan hər hansı birinin dominant olmasına imkan verməmək vacib şərt kimi qəbul edilir. Burada müharibələrin aradan qaldırılması və çoxqütblülük əhəmiyyətli şərtlərdən sayılır.

İndi geosiyasi inklüzivliklə balansın nisbətinə baxa bilərik. İlk olaraq belə qənaət yaranır ki, inklüzivliyin real olması üçün mütləq balans lazımdır. Geosiyasi balans inklüzivliyin təməl faktorudur. Çünki dövlətlərin hər birinin qərarqəbuletmədə bərabərhüquqlu iştirakı təmin olunmasa, inklüziv münasibətlərdən danışmaq əsassızdır. Balans məsələsi isə hər bir regionda real işləyə bilən sülh, barış, əməkdaşlıq və təhlükəsizlik formatının yaradılmasını tələb edir.

Ancaq qəribədir ki, Qərbin müəyyən dairələri inklüzivliklə balansın ümumi səviyyədə qarşılıqlı əlaqəsini qəbul edirlər, lakin konkret regional miqyaslarda ikili standart üzrə fəaliyyət göstərirlər. Ayrıca, Cənubi Qafqaz üçün “3+3”ə alternativ axtarışları bununla bağlıdır. Qərbli ekspertlərin təkliflərində bunu aydın görmək olur. Onlar alternativ platformalara üstünlük verilməsi ilə bağlı tezis irəli sürürlər.

Onun mahiyyəti belədir: “Rusiya, Türkiyə və ya İran kimi xarici güclərin birbaşa iştirakı olmadan yalnız üç Cənubi Qafqaz ölkəsini (Ermənistan, Azərbaycan və Gürcüstan) əhatə edən “3” formatı daha səmərəli ola bilər”. Bu nümunəni “regional əməkdaşlıq üçün daha balanslı və effektiv bir çərçivə” kimi təqdim etməyə çalışırlar. Burada “3+3” formatının səmərəliliyinə şübhə ilə yanaşma sindromu aydın duyulur. Əsas arqumentləri də belədir ki, “3+3” formatında iştirak edən güclərin ciddi rəqabətli maraqları mövcuddur və buna görə də konsensusun davamlı olması ehtimalı azdır. Yəni Rusiya, İran və Türkiyə arasında rəqabət həmin formulun reallaşmasına ciddi əngəl törədəcək.

Burada iki məntiqi təhrif vardır və o, cidd-cəhdlə gizlədilir. Birincisi, “3” formatı paradokslu rəqabəti daha geniş miqyasa atır. Çünki Cənubi Qafqazın üç dövlətinə dünyanın əsas güc mərkəzləri fərqli yanaşırlar və onlar arasındakı rəqabət əsrlərdir ki, məhz həmin müstəvidə davam edir. “3” formatı qlobal rəqabəti sadəcə, reallıq pərdəsi altında gizlətməkdən başqa bir şey deyildir.

İkincisi, əsas olaraq Qərb-Rusiya imperialist rəqabəti və qarşıdurması sayəsində Cənubi Qafqaza qondarma aktor – Ermənistan daxil edilmişdir. Azərbaycan uzun müddət bu süniliyin qurbanı olmuş və yalnız özünün güclü dövlətçilik iradəsi ilə o prosesi dayandırmışdır. Ona görədir ki, hazırda Ermənistan rəhbərliyinin əsas qayğısı Azərbaycanın tarixi 29 min kvadratkilometrlik ərazisində qondarılan dövlətin hüquqiliyini qəbul etdirməkdən ibarətdir. Bu, bizim üçün acı reallıqdır, lakin beynəlxalq hüquq baxımından faktdır.

Bütün bunların fonunda “3+3” formatı kontekstində məsələnin hazırkı vəziyyəti ilə bağlı əhəmiyyətli məqamlara nəzər salmaq olar.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri