Icma.az
close
up
RU
525 ci qəzet Anama məktublar

525 ci qəzet Anama məktublar

525.az-dan alınan məlumata görə, Icma.az xəbər verir 525 ci qəzet Anama məktublar.

Yusif İLDIRIMZADƏ

Anama ünvanlanmış bu məktublar nə oyaq xatirələrin kükrəməsidir, nə də ocaq yeri kimi soyumuş duyğuların közərməsi. Bu, bir qəlb yanğısıdırmı, hüznlü bir könül çırpıntılarıdırmı? Bəlkə, bu, bir borc hissidir, daxili çağırışdır?Ana ruhu qarşısında övlad ehtiramıdır? Yoxsa, anasız ömrün yaşam formasıdır, ovuntusudur, təsəllidir? Bəlkə, bununla mən anasız dünyamda yeni bir analı dünya axtarışına çıxmışam? Bütün bunların, cavablı-cavabsız sualların bir məntiqi var - ana məhəbbətinin cazibəsi. Bütün bunlar, hər bir halda, anasızlayanda, anasız anlarımda özünüaxtarışım, özünütapmam və ən nəhayət, özünüyaşatma vasitəmdir.

Bu məktublar hələ çox yazılacaq, Anacan! Ömrüm boyunca sürəcək. Sənə ünvanlanmış bu ürək sözləri, bu qəlb çırpıntıları, hər şeydən əvval, mənim özümlə həsb-halımdır. Sənsiz sənə ünvanlanan bu qanadlı cümlələr, mənə elə gəlir ki, həm də mənim özümün özümə məktublarımdır. Axı, bu, həm də etirafdır. Biz bu ünvanda axı, qovuşuruq.

Çox xahiş edirəm, Anacan, həzin notlar səni kövrəltməsin, sətirlərə səpələnmiş solğun təbəssümüm səni qüssələndirməsin, kədər və gözyaşlarım ruhunu incitməsin...

Üçüncü məktub

"Cənnət anaların ayaqları altındadır".
Həzrəti Məhəmməd

Ana! Mən həmişə səninləyəm, sənin yanındayam... Başqa cür ola bilərmi?.. Biz sağ-salamatıq. Hər şey yaxşıdır. Bircə, sənsizliyin göynərtisindən başqa...

Ana! Bu cümə axşamı da ordaydım, yanındaydım, məzarının başında, mənimçün ən müqəddəs bir ünvanda. Sənsizləşdikcə bu ünvanda səninləyəm. Qəbrin üstündəki gülləri yerbəyer səhmana saldım, çiçəkləri suladım... Üzümü başdaşına sürtdüm, nəfəsimlə qəbrini isitdim - mənə belə gəldi... Neynim, anacan?.. Əlimdən nə gələr?.. Gücüm yetən budur... Bu da bir təsəllidir, ruhun və qəlbin dincliyimə köməkdirsə, yetərlidir. Yetərli olsa da, ovundurucu deyil axı, anacan! Mən belə istəmirdim axı, ana! Bu nə sınaqdır, mən yaşayıram, bu nə burulğandır, mən düşmüşəm, bu nə qovğadır, mən çabalayıram?.. Düzdür, həyat əbədi deyil, bir gün gələn, bir gün gedəcək. Amma elə insanlar var ki, onların çox yaşamağa haqqı var. Allah belələrinə ölməzlik verməsə də, gərək uzun ömür verə. Bizim sənə ehtiyacımız var idi axı, ana!.. Sən, hələ yaşamalıydın, ana! Biz sənin qalın kölgəni öz üzərimizdə hələ uzun müddət hiss eləməliydik... Əlindən tutmaq, üzümü üzünə söykəmək, səsini eşitmək, nəfəsini hiss etmək amacındaykən soyuq mərmər parçalarına pənah gətirirəm, lal-dinməz, ağır sükut yüklü daş yastığına sığınıram. Bu nə xəyaldır, bu nə təsəlli, bu nə özünüovutmadır?!

İlahi, əlimdən nə gələr?.. Geniş qəlbi, təmiz mənəviyyatı, pak əxlaqı ilə dünyaya sığmayan gözəl bir insan, böyük bir Ana görən bura, bu dar məzara necə sığıb?.. Adam inanır da, inanmır da... Başının üstünü kəsdirirəm, başdaşınla üz-üzə dayanıb xəyallanıram... Şüurumdan, qəlbimdən nələr gəlib keçmir, ilahi?! Şıltaq uşaqlığım, qaynar gəncliyim, analı günlərim... Bunlar təkcə göz önündə dayanmır, həm də sənləşir, səninlə bir nəfəs alır, canlanır, bütövləşir... Sakitləşirəm, reallığa qayıdıram, taleyə boyun əymək zoruna gəlirəm... Bəlkə öyrəşirəm?.. Bəlkə ölümə, sənin ölümünə, yoxluğuna alışıram?! Bəlkə yoxluğunla barışıram, ana?!

Ən ağrılı, ən hüznlü, ən yandırıcı hiss-ölüm hissidir. Ölüm... yoxluq... boşluq... Ey, səni yox olasan ölüm, qoca bilmir, cavan bilmir, gözəl bilmir, çirkin bilmir... Qara yel kimi kim gəldi ağzına alır. Amma nə yaxşı ki, ölümdən güclü olan misilsiz insan məhəbbəti, ölməz, yenilməz insan ruhu var... Bəlkə düz demirəm, anacan?! Milyon belə dar məzar səni məndən ayıra bilərmi!?. Milyon ölüm olsun, səni məndən alıb apara bilərmi!? Heç vaxt!..

Ömür boyu həyatımızı, cari günlərimizi bəzən sevinclə, bəzən kədərlə, bəzən də eləcə, hissiz-duyğusuz, boz, donuq bir vərdişlə yaşayırıq. Yaşadıqca öyrəşirik, alışırıq. Amma anacan, sənə qədər ölümə belə baxmamışam - kənardan, ötəri nəzər yetirmişəm... Mən onunla çox görüşmüşəm - hansısa bir tanışın, yadın-yaxının timsalında, lakin demə, bu, onunla uzaqdan-uzağa görüş, ötəri ünsiyyət imiş... Biz sadəcə görüşmüşük, yaxından tanış olmamışıq. Müxtəlif adamların yasında iştirak etmişəm, hətta mərhumlardan çoxunu son mənzilə qədər ötürmüşəm - ölümü tanımamışam, ölüm mənə toxunmayıb... Səndən sonra bildim ki, ölüm varmış... Səndən sonra bildim ki, ölüm nədir... Bu hiss məndən də keçdi... Bu həyatı mən də yaşadım... Ölümü gördüm, tanıdım, daha mənə ölüm yoxdur. Ölümü görənlər əbədiyyətə qovuşur. Şopenhauer deyir ki, ölüm haqqında düşüncələr adama ölümün özündən daha çox əzab verir. Sən öz ölümünlə bizi bu əzablardan da qurtardın, mənim əzabkeş anam! Sən bu fədakarlığınla bizi ölüm qorxusundan, ölüm əndişəsindən də xilas etdin, mənim fədakar anam! Biz ölümü gördük, ölüm bizimçün adiləşdi, indi o bizimçün qorxulu deyil. Sən öz ölümünlə ölümü də öldürdün, ölümə qalib gəldin, ölümsüzlük qazandın, mənim ölməz, əbədi anam! Görünür, sənin kimi mərd, müqəddəs adamların fonunda ölüm əhəmiyyətini itirir, əbədiyyət yaranır... Düşünürəm ki, dünyaya əbədi rahatlıq üçün gəlmiş insan ölmür, əbədi rahatlığa qovuşur. Belədə ölüm xofu əbədi rahatlıq duyğusuyla əvəz olunur...

Əziz anam! Baxma ki, deyirəm, bəlkə öyrəşirəm?.. Yox, yox, ana! Heç, öyrəşə bilərəmmi?.. Yoxluğuna heç, alışmaq olarmı? Vaxt ötdükcə səni özümdə, içimdə, qəlbimdə, ruhumda, varlığımda daha çox hiss edirəm. Qüssə, kədər dolu günlərimi, bir az da günahkarcasına yaşayıram. Sənə kömək edə bilmədim axı! Təsadüflər yoxdur. Bu dünyada hər şey ya sınaq, cəza, mükafat, ya da hansısa hadisənin yaxınlaşmasını qabaqcadan bildirən əlamətdir. Sən xəstə yatırdın. Qəribə, təzadlı, anlaşılmaz hisslər keçirirdim. Yox... yox... Bircə bu olmayaydı, ana! Bu, ola bilməzdi, ana! Bu hissi, bu duyğunu mən yaxına buraxa bilməzdim! Bəs onda ürəyim niyə belə döyünür, qəlbim yerindən niyə çıxmaq istəyirdi? Niyə dolaşıq, qarışıq hisslərlə çırpınırdım?.. Elə bil burulğana düşmüşdüm. Niyə, ana?! Bu, sənsizliyin qabaqcadan duyulan ağrı-acılarıydımı, yaşanan əlamətləriydimi?..

Anacan, biz dözdük, mən dözdüm. Düşünürdüm ki, dözə bilmərəm, amma dözdüm. Dağ imişəm, daş imişəm, nə imişəm, bilmirəm. Bu altı ay on üç gün sanki bir ömür boyu sürdü. Bu, ömür deyildi, iztirab idi. Sonu görünməyən işgəncə dolu zülmətli bir boşluq idi. Altı ay on üç gün... Ömrümüzün səksəkəli, üzüntülü tarixi, yaddaşımızın amansız xatirəsi... Altı ay on üç gün.. Təlatümlü, fırtınalı bir həyat... Sən orda, palatada sonsuz və ümidsiz bir aləmdəydin. Ölümlə həyat arasında çarpışırdın. Qəlbimdə ağır kədər, üzüntülü qüssə çar-naçar, yaşayırdım. Xaricdən həkimlər, dava-dərman, qayğı-nəvaziş, daha nələr.. nələr... Nə faydası?.. Xəcalət çəkirdim, ana! Əlimdən bir şey gəlmədiyindən, sənə kömək edə bilmədiyimdən üzülür, əzab çəkir və utanırdım. Özümü həyatda hələ bu qədər aciz, çarəsiz və gücsüz görməmişdim. Nə edim, anacan, nə edim ki, mənimlə bir ağız danışasan, nələri qurban verim ki, səsini eşidim, səninlə kəlmə kəsim, səsinə qurban, ay ana! Hər şeyi qurban verərdim, bir kəlmə "Yusif" desəydin! Nə edim, belə anda qurban da kömək etmir, qurbanlıq da, qurbanın olum, ay ana!..

Əziz anam, gözümüzün nuru! Yaşadıq o anları, yaşaya bildiyimiz qədər. Palatada sakitcə uzanıb göylə yer arasında vuruşur, ölüm-dirim anlarıyla çarpışırdın. Bəs mən necə, yaşayırdımmı, yaşaya bilərdimmi, ay ana?! Mən səndən öncə ölməmişdimmi, səndən qabaq o dünyada deyildimmi, ana?! Təsəlli axtarıram, göydə uçan quşların qanad çırpıntılarında, yerdə gəzən qarışqaların səssiz qatarında, küləkdə, günəşin rəngində, yarpaqların pıçıltısında, insanların sifətində, hər şeydə, hər şeydə ümid axtarıram. Nə qədər xoş əlamətlər gözləyir, ələkdən-xəlbirdən keçirirəm, nə qədər istixarələr edirəm. İnsanların üzünə baxmaqdan yorulmuram, xoş bir təsəlli, ümidverici soraq üçün... Insanların danışığına qulaq kəsilirəm, yaxşı bir söz eşitmək üçün... Bu an, anacan, ən pis adam da dünyanın ən xeyirxahı, ən əməlisalehi kimi görünür, mənə... Axı onlar səndən xoş soraq gətirə bilər... Həkimlər ağ xalatlı mələklər kimi görünür gözümə, xilaskar bir ümid işığı kimi. Onlar səndən müjdə verər, məni xoşbəxt edə bilərlər axı... O xoş sözü, o müjdə dolu işıqlı sifəti gözləyə-gözləyə qaldım, anacan! O sözü mənə deyən olmadı. Qayğı gördüm, təsəlli eşitdim... mənə bunlar lazım idimi? Mən o sözü gözləyirdim, mən o muştuluğu gözləyirdim, olmadı, deyilmədi, çatdırılmadı... Heyhat!..

Mərkəzi Klinik Xəstəxananın qarşısındakı balaca, xudmani köşk məndən ötəri ümid adasına çevrilmişdi. İnsanların üzünə baxırdım, acizanə şəkildə ümid işartısı axtarırdım. Uşaq kimi səksəkəli baxışlarla nigaran-nigaran ora-bura döyükürdüm. Sanki sənin həyatın, ömrümün mənası bu üzlərdən, intizarında olduğum sözlərdən asılmışdı, tükdən asılan kimi... İlahi, bu sözü mənə deyən tapılacaqdımı?.. Elə bil ki, insanların üzü dönmüşdü... Sanki insanlar daşlaşmışdı... İnsanlar niyə belə qəddarlaşıb, - öz-özümə düşünürdüm. Bilmirlər ki, mən ana xəbəri gözləyirəm?.. Eləsə sifətlərdəki bu donuqluq, buz soyuqluğu nədir?

İnsanlar ötüb keçirdi... Hərəsi öz dərdində, öz hayında... Hər kəs öz kədər yükünü daşıyırdı... Mənsə elə bilirdim ki, hamı mənim dərdimi yaşamalıdır. Başqa cür düşünməyə yer vardımı?..

Əziz anam! Sən demə, insan üçün xəstəxana da doğmalaşarmış, hamının qaçdığı, hamının uzaq olmağa çalışdığı arzuolunmaz, əlahiddə bir məkan da lazım gələndə bu qədər munis olarmış... Bu günlərdə xəstəxana mənim üçün vətən timsallı bir şey olmuşdu... Çəkdikcə çəkirdi məni. Heç yerdə qərar tuta bilmirdim. Vətən, sən idin, əziz anam! Sənin cazibən idi məni ora çəkən! Sən ordaydın, demək, bütün dünya ordaydı. Sən ordaydın, demək, Vətən bu balaca palataya sığışmışdı. Ana ünvanıdır, elə Vətən ünvanı... Ana Vətən!.. Elə belə demirlər, mənim vətənim, Vətən ünvanım anam!

Altı ay on üç gün... Get-gəllər, hüzn, qüssə dolu günlər, səksəkəli düşüncələr, ürək çırpıntıları, intizar dəqiqələr, saatlar... İsti, bürkülü yay qurtardı... Sonra sərin payız yelləri, yağışlar... Ən nəhayət qış... qarlı-sazaqlı... Əslində mən bu günləri fəsil-fəsil ilin dönümləri kimi yaşamadım. Mənimçün bu fəsillərin də bir ünvanı vardı - sənin palatan. Demə, günəş burda doğub, burda batırmış, sərin payız yelləri havasını burdan alırmış, elə qarın şaxtası, sazağı da burda başlamışdı... Mənimçün dünya bu balaca otaqdan ibarət idi... Havasıyla, fəsliylə... Həm də dəyişməyən ətriylə. Bu qədər dava-dərman qoxusu içində sənin ətrin, sənin iyin necə aydın, təmiz hiss olunurdu, mənim ətirli anam! Bu, Ana ətriydi, Ana varlığının təcəssümüydü. Burada da ay ana, mənə mərhəmət göstərdin, yeganə mənə! Heç kimlə danışmadığın halda, - "məni eşidirsən, ana," - deyəndə başını tərpətdin, təsdiq əlaməti olaraq... Yalnız bir dəfə... Bu da bəs idi... Bu mərhəmətini, bu diqqətini dünyaya dəyişmərəm, mənim sevimli anam!

Anacan, yadındadır?! Əllərimi sənə toxundururdum, sığallayırdım... Tərpənirdin, reaksiya verirdin, sifətində xoş bir ifadə cilvələnirdi. Yəqin təmasımı hiss edirdin, bilirdin mənəm, odur ki, xoşbəxt-xoşbəxt təbəssümlənirdin. Sənə qəribə gəlməsin, ana! Bu günlərdə də mən xoşbəxt anlarımı yaşayır, sevinirdim. Axı sənlə bir yerdəydim, sənli günlərim davam edirdi. Sən sağ idin ana, dəxli yoxdur, xəstə, sağlam, sən mənimlə idin. Əlim əlinə dəyirdi, gözlərim gözlərinə baxırdı, səni oxşayır, sığallayır, əllərindən, saçlarından öpürdüm... Saçlarını yuyurdular. Bəzən heç kimi qoymurdum, özüm yuyurdum. Həmin saçlar idi, lap uşaqlıqda gördüyüm kimi... Ətirli, isti, bir az nəm, ipək kimi parlaq saçlar...

Yaşamışam anacan, bu xoşbəxtliyi də yaşamışam. Həmişə dua eləyirdim ki, ey böyük Allah, anamı bizdən alma, qoy yaşasın. Lap elə bu şəkildə, mən razıyam. Təki mən onu hər gün görüm, ona toxunum, səhərləri onunla birgə açım, axşamları onunla yola salım. Bütün ömrümü sənə xidmətə həsr edərdim. Bunu ömrümün mənası bilərdim, ana! Nə etməli, qismət deyilmiş, tale bunu da çox gördü.

Bahar bayramı, Novruz mənimçün səninlə daha çox bağlıdır. Novruz xoşbəxtliyinin hər elementində, hər simvolunda sənin nişanən var, ana! Həmişə Novruzqabağı ev-eşiyi silib-süpürər, hər yeri parıldadardın. Evimiz çiçək kimi üzə gülərdi... Hələ bişirdiyin şirniyyatları, şəkərbura-paxlavaları, demirəm. Dəmlədiyin aşın ətri aləmə yayılardı. Evimizdən yüngül, xoş bahar ətri, yaz nəfəsi gələrdi. Sənsiz bir Novruz yola saldıq. Nə həmin dadı-tamı gördük, nə də həzin yaz havasını hiss etdik. Sən demə, həmin ləzzət, o dad-tam da sənmişsən, həmin yüngül bahar nəsimi də sənin nəfəsinmiş...

Niyyətim qəlbimdə qaldı, ana! Novruz günü səni aparacaqdım evə, qismət olmadı. Elə bil ürəyimə danmışdı ki, sənli son Novruzumuzdu. Odur ki, çox istəyirdim evimizdə, bir yerdə keçirək, bayramı. Novruz bayramını heç vaxt sənsiz təsəvvür eləməmişəm, ana! Son illər Novruzu Şüvəlanda, bağ evimizdə qarşılayardıq. Deyib-gülər, tonqal üstündən tullanardıq. Sevincdən üzün şölə saçardı, balalarını bir yerdə görüb fərəhlənərdin. Səninçün bayram deyilən şey, elə bu idi. Bu da bizim ailə idi, Şəfiqəli günlərin sevinc payı... Heyif!..

Sənsiz keçən ilk Novruzu "qara bayram", - deyə qarşıladıq... Sənsiz səni andıq, səni hiss etdik... Əlin dəymiş, izin qalmış, hərarətin hopmuş hər şey səni bir daha yaşatdı, mənim əbədiyaşar anam. Amma bu bayram günündə də hər şeydə bir qüssə və kədər vardı. Sanki hər şey sənin xiffətini çəkirdi, dilsiz, cansız əşyalar da... Səki boyunca əkdiyim yasəmənlərin ətrafı bürümüş tünd ətrində də, yavaş-yavaş çiçəkləyən ərik ağacının xəfif titrəyişində də, havada da - o sənin nəfəsin dediyim bahar nəsimində də, sanki utanırmış kimi sifətini az-az göstərən, bulud örpəyini atmaqdan çəkinən günəşin zərif şöləsində də mən bu qüssəni, bu kədəri gördüm, bu xiffəti hiss etdim. Vəfalı itimiz Qrafın sarışın gözləri də xəyallanır, yol çəkir, könülsüz-könülsüz uzaqlara baxırdı. Elə bilirsən, o, sənin xiffətini eləmir?.. O da sənin yoxluğundan küskündür. Beləcə keçdi, sənsiz heç vaxt təsəvvür etmədiyim sənsiz keçən ilk Novruzumuz. Yəqin bundan sonrakı bayramlarımızın da dadı-tamı olmayacaq... Sənsiz nə bayram, nə şadlıq, anacan!..

Həqiqətin meyarı zamandır, -deyirlər. Həqiqət zaman hüdudlarında sınanır. Səndən ayrıldığım zaman həddi böyüdükcə mən sənə daha da yaxınlaşıram, sənə daha çox qovuşuram. Yara soyuduqca göynərtisi artır... Otururam, başımı tuturam, tənhalaşıram, sənə qovuşur, sənli günlərim kino lenti kimi gözlərim önündə canlanır. Şəkillərinə baxıram, yaddaşım hərəkətə gəlir, sənin obrazın, canlı surətin huşumu, şüurumu çəkib aparır. Cavanlıqdan ta ahıllığadək ömrünü eyni səmimiyyətlə yaşamısan. Şəkillərdə zaman-məkan dəyişir, həyatın müxtəlif anları bir-birini əvəz edir, sənin üzündəki nur, səmimiyyət dəyişmir, anacan! Mənə baxan bu gözlər, bu saf, təmiz təbəssümlər səmimiyyətlə doludur. Sən həmişə belə olmusan, pislikləri, xəbis duyğuları həyatına, qəlbinə yaxın buraxmamısan. "Ən böyük ləyaqət səmimiyyətdir", - sözləri sənə necə də yaraşır!.. Sən belə yaşadın, can ana, sadə, səmimi, özünə, özgələrə xəyanət etmədən. Sən belə yaşadın, dünyaya sığmayan geniş qəlbinin səmimiyyət yükünü bölüşə-bölüşə, mənim qəlbigeniş, gözü-könlü tox anam!

Başqa bir təsəllim səndən yadigar şeylər, pal-paltarlardır, anacan. Göz bəbəyi kimi qoruyuram. Ən qiymətli nemətimdir mənim. Səni mənə andıran, xatırladan hər şey mənə necə əziz olmasın, mənim əziz anam?! İllah da ki, yaylıqların. Hər biri bir yaddaş xəzinəsi, duyğu boxçası, xatirə saxlancıdır. Sənin iyin, ətrin hopub bu yaylıqlara. Elə bil sehrli bir qüvvə bu ətri, bu iyi günü-gündən artırır, təravətləndirir... Onları bağrıma basıb qoxlayıram... Elə bil səni bağrıma basıram, anacan! Yaylıqlarından aldığım iyinə, ətrinə qurban, mənim ətirli anam!

Son vaxtlar tez-tez xəstələnərdin, ağrıların şiddətlənərdi. Bir kəlmə giley-güzar, sızıltı, inilti, eşitməzdik dilindən. Bizi narahat etməməkçün ağrılarını içində yaşayırdın. Sən bəşər deyilmişsən, mələkmişsən, ana! Hər şeyə dözürdün, dərdini, ağrı-acını da hamıdan mərdliklə gizlədirdin, mənim mərdanə anam! İstəmirdin dərd çəkək, kədərlənək, narahat olaq. Hardandı səndə bu qədər güc-qüvvət, mərdanəlik, dəyanət, ay ana?! Bizi düşünürdün, ailəni, övladlarını incitmək istəmirdin. Əliyə, Yusifə dərd vermək istəmirdin... Mələklik necə olur, ey mələksima anam?!

...Altı ay on üç gün! Mənim kədərimin, qüssəmin yaşıdına çevrilmiş, bəzən ümidli, bəzən ümidsiz, nigaran, səksəkəli bu günlər bir ömrün yükünü daşıyıb. Sənin də bəxtinə bu düşdü, altı ay on üç gün. Sən də zamanın ağır bir parçası kimi bizimlə çəkdiyini çəkdin, altı ay on üç gün... Amma dözmədin, qırıldın... İnsan dözdü, zaman dözmədi... Qəfil qırıldın, ağır qırıldın, sanki parçalandın... Kim tab gətirərdi bunu saxlamağa, hansı çiyin dözərdi?..

Türkiyədə müalicədəydim... Bu qəfil xəbəri eşidəndə büküldüm, qıvrıldım, içimdə sanki bir sim qırıldı. O simin səsi qulaqlarımdadır. O simin səsi yəqin mənim içimdə əbədi çalınacaq, qulaqlarımda əbədi eşidiləcək.

Dərdin rəngini kim bilir, görən olubmu?.. Hansı rəssamın fırçasında canlanıb bu kədər?.. Bəs faciənin yaşı neçədir, neçə min il yol gəlir?.. Həmin o anda mən bu suallara cavab verə bilərdim. Verdim də. Özümün özümə yönəltdiyim suallara cavab da verdim. Mən anamı itirmişdim. Təkcə ana itirmişdimmi? Mən səninlə inamımı, ümidimi, təsəllimi də itirmişdim, anacan! Mən nə etməliyəm, nə edə bilərəm, ana! Artıq sən yoxsan, bu, həqiqətdir. Nə qədər acıymış həqiqət!.. Bu dar macalda Hippelin sözləri köməyimə gəlir: "İnsanı kamilləşdirən yalnız dərdləridir". Allaha şükür ki, dərd sarıdan kasıb deyilik...

Ağrılar altda qıvrılır, səni düşünürdüm ana! Gözəl çöhrəni, nurani sifətini, alicənab görkəmini yadıma salıb dünyanın faniliyi haqda düşünürdüm. Ey gidi dünya, mənim anama da qıydınsa, səndən ta nə gözləyəsən?.. Təsəlli axtarmıram... Yox, təsəlli nəyə lazım? Nəyə gərəkdir? Onsuz da yolumuz birdir... Təsəlli lazımdırsa, bu da təsəlli. Sənə doğruyuq, üzü sənəyik. Özün də yaxşı bilirsən ki, sən ölməmisən, sadəcə dünyanı dəyişmisən. Nizami elə belə demir ki: "Ölüm ölmək deyil, yer dəyişməkdir". Sən yerini dəyişibsən, daha təmiz, daha saf, bakirə, halal bir dünyaya qovuşubsan. Darıxma, ana, gec-tez yanındayıq...

Bu gün cismən ayrı olsaq da, ruhunla baş-başayam. Hər an, hər dəqiqə səninlə söhbətləşir, sənə hesabat verirəm. Heç narahat olma, ana! Əmanət qoyub getdiklərindən arxayın ol, bildiyin kimi hamının qarşısında kiçiklik edirəm. Sağlığında dediyini deyib, tapşırmalısını tapşırıbsan. Nigaran olma, hər şey qaydasındadır. Bu, mənim borcumdur, sənin qarşında, o müqəddəs ruhun qarşısında şərəfli vəzifəmdir. Mən bundan həzz alıram ana, məndən umduğunçün sevinirəm, ana! Ən azından, sənin ruhuna xidmətdən məmnunluq duyuram, həzz alıram, ana! Həmişə əmr elə, o böyük, o təmiz, o saf ruhun qarşısında həmişə müntəzirəm, ana!

Sənin Yusifin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see357

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see168

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see168

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see120

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see117

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see116

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see114

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see109

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see108

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Zoğal bu infeksiyanın qarşısını alır

21 Fevral 2025 20:14see107

Sürücü idarəetməni itirdi, svetoforu aşırdı Video

21 Fevral 2025 00:27see107

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see107

2024 cü ildə ən çox satılan 10 avtomobilin adı açıqlanıb…

21 Fevral 2025 01:08see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri