Icma.az
close
up
RU
525 ci qəzet Bu, taledir, insanın taleyi... Firuzə Nadir yazır

525 ci qəzet Bu, taledir, insanın taleyi... Firuzə Nadir yazır

Firuzə NADİR

"Ömrümdən gileylənməyə haqqım yoxdur, illəri boşuna xərcləməmişəm. İki əsrdə yaşamışam: bunun özü xoşbəxtlikdir. 21-ci əsrdə Azərbaycanda yaşamaq isə ikiqat xoşbəxtlikdir. Fəaliyyətimə ən yüksək qiyməti ölkə rəhbəri, Prezident İlham Əliyev verib, Əməkdar mühəndisəm. Ömrü yenidən yaşasaydım, yəqin, elə belə də yaşayardım. Mən dəyişə bilmərəm, bu, mümkün deyil, necə varam, oyam. Heç nəyə də heyifsilənməmişəm heç vaxt. Çünki tale özü aparır adamı. Nə olubsa, demək, bu, yaxşıdır, bu, taledir, insanın taleyi..."

...Bu talenin sahibi bütün zamanlarda prinsiplərinə sadiq qalan, hədəflərinə doğru qətiyyətlə addımlayan, uzun illər ən çətin sahədə işləyərək həmin sahənin inkişafında hər cür fədakarlıqlar göstərən güclü bir insandır. Bəxtinə düşən vaxtın, zamanın övladı və həm də yaşadığı dövrün parlaq zərrəsinə çevrilən şəxsiyyətdir. Zəngin ömür yolu, həyat təcrübəsi var, mövqeyini təsdiq etmiş, sözünü demiş insandır. Yaşadığı ömür vətənpərvər, peşəkar və məsuliyyətli bir insanın ömrüdür. Fəaliyyəti xalqına, dövlətinə sədaqət nümunəsidir. Milli dəyərlərə hörmət xarakterinin əsas cizgilərindəndir. Ömrü boyu məsul vəzifələrdə çalışıb, əməyini ləyaqətlə sərf edib, işgüzarlığı, yüksək idarəçilik qabiliyyəti, prinsipiallığı həmişə uğur gətirib ona. Getdiyi hər yerdə etibar qazanıb, inamı doğruldub. Bir üstünlüyü də olub: hansı vəzifədə işləyibsə, haqqın tərəfində dayanıb. Səmimidir, hər cür kompleksdən uzaqdır. Əslində, onunla görüşə gedəndə belə olacağını düşünürdüm. Hər mövzuda xeyli söhbət etdik, hamısında da onu rahat gördüm. Özünü şanslı sayır, uğurlarına görə xarakterinə borclu olduğunu söyləyir, "Dürüst, cəsarətli, möhkəm və güclü insanam, bu, çox vacibdir" deyir.

Əməkdar mühəndis Quliyev Rafayıl Şahvələd oğlu 2025-in yubilyarlarındandır...

"O müqəddəs yurdla bağlı heç nə unudulan deyil..."

Qarabağdan - Ağdamın Novruzlu kəndindən olan köklü-budaqlı bir ocağın nümayəndəsidir. El-oba təəssübü çəkən insanlardan tərbiyə alıb. Uşaqlığını da, o məhrəm ailəni də yaxşı xatırlayır. Ata babası İsmayıl kişi bəy oğlu olub. Sovet hökuməti gələndə isə var-dövləti başına bəla olub. Hər şeyini əlindən alıb özünü də sürgün ediblər Qazaxıstana. İsmayıl bəyin canı qəriblikdə "çürüyüb", övladları da burada min cür əzab-əziyyətlə üz-üzə qalıb...

"Yaxşı kişinin ailə tərbiyəsini görmüşəm..."

Atası, Şahvələd Quliyev Azərbaycanın məsul təsərrüfat işçilərindən biri olub. İkinci Dünya müharibəsinin ağır illərində Yevlaxda baza müdiri işləyib. Sonra tale onu Mingəçevirə aparıb. Bu şəhərin ilk iki qurucusundan biri (İslam İslamzadə ilə birgə) olub. Adı şəhərin ilk sakinlərindən biri kimi də yadda qalıb. Mingəçevirin inkişafında böyük əməyi olub. 79 yaşında vəfat edib, məzarı da quruculuğunda yaxından iştirak etdiyi Mingəçevirdədir - Əli qəbiristanlığında.

Şahvələd Quliyevin böyütdüyü beş övladın ilkidir Rafayıl müəllim. İndinin özündə də atasını iftixarla yad edir, "Yaxşı kişinin ailə tərbiyəsini görmüşəm" deyir. Mingəçevirlə bağlı xatirələri də az deyil, bu şəhər, həm də onun yeniyetməliyinin unudulmaz yadigarıdır...

"Novruzlu kəndindəki baba evimizi hələ də xatırlayıram..."

Uşaqlıq illəri Yevlaxda, Mingəçevirdə, Şamaxıda keçib. Ağdamın Novruzlu kəndi ilə bağlı xatirələrini xəfif bir xiffət hissi müşayiət edir. Çünki Novruzlu uzun illər erməni işğalında qalıb. "Bu işğal müvəqqətidir" deyə ata-baba yurduna aparan yolların açılacağına çox inanıb. Artıq inamı çin olub... "Novruzlu kəndindəki evimiz indi də gözümün önündədir: nənəm, üzüm çardağımız, daha çox meynəli bağ-bağatı ilə gəl-gəl deyən həyət-bacamız... Nənəm nurani bir qadın idi, həmişə milli geyimlər geyinərdi. Xarakterində ipək yumşaqlığı vardı. Namaz qılar, oruc tutardı. O vaxt biz başa düşmürdük bu, nədir, hamımız "sovet məktəbi"nin ateistləri idik. Evimiz həmişə qonaq-qaralı olardı. Anam da çox qonaqpərvər və təmizkar qadın idi, evə gələn hər kəsi xoş üzlə qarşılayar, yüz cür qulluq göstərərdi. Çox xeyirxah, mərhəmətli idi..."

"Atam "xalq düşməni"nin oğlu olsa da, bacarığına görə işdə saxlayıblar..."

Valideynlərinin "məhəbbət tarixi"ni də xoş təbəssümlə yada salır. "Anam Yelena Alekseyevna moskvalı idi. Çox gözəl idi. Sovet vaxtı alitəhsilli gəncləri ayrı-ayrı respublikalara bölüşdürürdülər. Anamı da göndəriblər Yevlaxa, mühasib işləyirmiş. Atamla orada tanış olurlar, 1939-da evləniblər, bir il sonra mən anadan olmuşam. Atam "xalq düşməni"nin oğlu olsa da, bacarığına görə işdə saxlayıblar, amma həmişə "NKVD"nin nəzarətində olub. Atamın Mingəçevirlə bağlı çoxlu xidməti var. Mingəçeviri 1945-də başlayıblar tikməyə, ancaq şəhər bundan da əvvəl tikilməli imiş, müharibə ləngidib. Biz də 45-də gəlmişik Mingəçevirə. Tikintidə çox sayda, 30-40 mindən çox adam işləyirdi. Rəis də İslam İslamzadə idi. Atamı yaxşı tanıdığından onu ərzaq məsələləri ilə məşğul olan təsərrüfata direktor təyin edir. Hətta o da yadımdadır ki, atam hər səhər saat 6-da gedərdi işə, gecə saat 10-da qayıdardı. Ədalətli, dövlətə, ölkəyə bağlı insan idi. Həmişə deyərdi ki, qayda-qanunu, nizam-intizamı pozmaq olmaz. 48-də Mingəçevir şəhər statusu aldı. O vaxt "xalq düşməni"nin ailəsi şəhərdə yaşaya bilməzdi, ona görə bizi Şamaxıya göndərdilər. Atamı Sabir adına sovxozun şərab zavodunun tikintisinə rəis qoydular. 1953-də, Stalin öləndən sonra babama bəraət verildi. Yalnız ondan sonra atamı partiyaya qəbul etdilər və biz qayıtdıq Mingəçevirə..."

"Müharibəni iki yaşımda görmüşəm..."

Uşaqlıq illəri ilə bağlı bir epizodu anasından eşitsə də, heç unuda bilmir. "Həyatımda ilk müharibəni iki yaşımda görmüşəm. Körpə olanda anam məni də götürüb gedir Moskvaya. İstəyir, doğmaları da məni görsün. Amma Moskvada çox qala bilmirik, tərslikdən, biz orada olanda müharibə başlayır, aləm dəyir bir-birinə, geri qayıdası oluruq, min bir əzab-əziyyətlə üzləşirik, anamın qucağında güc-bəla 6 sutkaya gəlib çıxırıq Yevlaxa. Anam həmişə böyük ürək ağrısı ilə danışardı bunu. Həm də sağ-salamat qayıtmağımıza görə Allaha şükür edərdi..."

Uşaqlıq arzuları isə yaşına uyğun, rəngarəng olub. Gah təyyarəçi olmaq istəyib, gah da kəşfiyyatçılıq keçib könlündən. Amma nə təyyarəçi, nə də kəşfiyyatçı olub. Buna qətiyyən heyifsilənmir. İki yaşında "gördüyü" müharibə isə ömründə yeganə müharibə olmayıb. Sonralar dəhşətli müharibəni elə evlərinin içində, Qarabağda görüb...

Yeniyetməliyi də qaynar keçib. Mingəçevirdəki 3 nömrəli məktəbdə oxuyub. Fəal şagird olub, məktəb komsomol təşkilatına rəhbərlik edib. İdmançı kimi tanınıb, boksla, yüngül atletika ilə ciddi məşğul olub. Hətta Azərbaycan yığma komandasına üzv seçilib, məktəbli ikən idman ustalığına namizəd normasını da yerinə yetirib, məktəblilərin SSRİ spartakiadasında iştirak edib...

Ali təhsilini Politexnik İnstitutunda alır, mühəndis-mexanik ixtisasına yiyələnir. Bakıda qalası olur. Sonra tale, sanki özü nizamlayır hər şeyi, onu lazım olduğu yerə aparır...

Bir ömür boyu unudulmayan telefon zəngi...

1967-dən Bakıda "Azərenerjitəmir" zavodunda mühəndis işləyir. İki ildən sonra Naxçıvana gedir, "Arazhidrotikinti"yə, Sovet-İran birgə tikintisində əvvəlcə baş mexanik işləyir. Üç aydan sonra energetika şöbəsini ona həvalə edirlər. Stansiyanın tikintisini uğurla başa çatdırır. Çox keçmir, Arpaçayın tikintisinə rəis müavini, il yarımdan sonra isə rəis təyin olunur. Burada da özünü təsdiq edir, bir milyon rubl plan verir, halbuki ona qədər plan heç 300 min rubla da çatmırmış. Naxçıvandakı bu uğuru geniş əks-səda yaradır. 1971-ci ilin mayında həyatında ömrü boyu unutmayacağı bir hadisə baş verir. Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyev zəng vurub onu təbrik edir. O böyük insanla telefon söhbətini indi də həyəcan dolu sevinclə xatırlayır. Bunu ömrünün unudulmaz hadisəsi hesab edir.

"29 yaşımda böyük bir tikintinin rəisi olmuşam. Amma həmişə işçilərimə kömək etmişəm. Naxçıvanda işləyəndə gördüm fəhlələrin şəraiti ağırdır, onlara ev tikdirdim. Arpaçayda bir milyon rubl plan verəndə bir qəsəbə vardı, susuz qalmışdı. İki ay ancaq o işlə məşğul oldum, ora su çəkdirdim. Ona görə də kollektiv yaxşı işləyirdi, planı doldururduq. Gərək əvvəlcə insanlara xidmət edəsən, sonra da nəticəsini görəsən. Gərək hər kəs qəlbinin küncündəki nuru üzə çıxarsın ki, dünyamız işıqlı olsun..."

Sonralar Ulu öndər Heydər Əliyevin qurduğu YAP-a daxil olacaq, çalışdığı müəssisədə partiyanın özəyini yaradacaqdı. Bu, o müdrik insana sevgisindən, onun getdiyi yolun aydınlığına inamından idi. Ömrü boyu da bu yola sadiq qalacaqdı...

"Rafayılın təkcə Baş Mil-Muğan kollektorunun tikintisindəki zəhməti nəyə desən dəyərdi..."

Onun ötən əsrin 80-ci illərində Baş Mil-Muğan kollektorunun tikintisindəki fədakarlığı dillər əzbərinə dönüb. İş yoldaşları, dostları indi də həmin hadisəni minnətdarlıqla xatırlayırlar: "Bu tikintidə Rafayıl əsl qəhrəmanlıq göstərdi. Əgər biz o vaxt bu işi görməsəydik, respublikanın yarısı indi su altında qalardı".

Elə özü də narazı qalmayıb işindən. "Mən Bakıda işləyəndə belə bir layihə vardı: Baş Mil-Muğan kollektoru. Bu kollektor Neftçaladan Beyləqana kimi ərazini duzlu sulardan təmizləməli idi. Uzunluğu 141 km, eni 120, hündürlüyü 6-7 metr idi. Bunu tikmək üçün bizdə texnika yox idi. Həmin texnikanı SSRİ-də yalnız Ukraynanın Kramatori şəhərindəki zavoddan gətirmək mümkün idi. Orada güclü ekskavatorlar istehsal olunurdu. Bizə 4 ekskavator yazdılar. Ağırlığı 300 ton idi, onu hissələrlə gətirmək və montaj etmək lazım idi. Rəis bu işi mənə tapşırdı. Getdim Ukraynaya. Zavodun direktorunun qəbuluna düşdüm, dedi, sən nə danışırsan? 1982-nin sonunda ancaq birini verə bilərik, o birilərini də 83-də, 84-də... Bu, bütün planlarımızın pozulması demək idi. Əliboş qayıda bilməzdim. Çox fikirləşdim, neyləyim. Atamın dostu İslamzadə yadıma düşdü. Həmin vaxt o, Moskvada işləyirdi. Çox çətinliklə də olsa, Ukraynadan onunla telefon əlaqəsi yaratdım. Bir daha bu kişinin vətənpərvərliyinə, torpağa, yurda bağlılığına heyran oldum. Moskvadan direktora zəng edib məsələni yoluna qoydu. Qalan işi isə özüm görməli idim. 18 nəfər rus, ukraynalı mütəxəssis tapdım, onları ailələri ilə birgə Azərbaycana gəlməyə razı sala bildim. Beləcə, 3 ay gecə-gündüz işlədik, böyük zəhmət sayəsində kollektoru vaxtında tikdik..."

"Bu şəhərlə çoxdan doğmalaşmışıq..."

"Azərbaycanda doğulmaq, azərbaycanlı olmaq böyük xoşbəxtlikdir" - bu da onun fikridir. Deyir, taleyim çox şəhərdən keçib, amma həyatım Bakı ilə bağlıdır. "Bu şəhərlə çoxdan doğmalaşmışıq, onu çox sevirəm, özümü ondan kənarda görə bilmirəm. Şəxsiyyət kimi formalaşmağımda Bakının xüsusi rolu var. Çox gözəl ölkələr gəzmişəm, amma hər dəfə geri dönəndə əmin olmuşam ki, Azərbaycan onların hamısından gözəl, firavan və rahatdır. Bu gözəlliyin, bu firavanlığın, bu rahatlığın əsasını o böyük kişi - Heydər Əliyev qoyub. İndi Azərbaycan o təməl üzərində yüksəlir. Prezident İlham Əliyevin ölkə üçün gördüyü işlərin misli-bərabəri yoxdur..."

"Qarabağdakı Qələbə hər bir azərbaycanlının ürəyini titrətdi..."

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mümkünsüzü mümkün etdi. Qarabağdakı Qələbə illərdir ürəklərdə yara bağlayan arzuları göyərtdi, millətin qamətin düzəltdi, qürurunu özünə qaytardı. İllər keçəcək, bu Qələbənin həyəcanı, qüruru heç vaxt bizi tərk etməyəcək. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ailələrinə, qazilərimizə minnətdarlığımız sonsuzdur. Bir neçə dəfə Zəfər yolu ilə Şuşaya getmişik, ata-baba yurdum Ağdamdan, Əsgərandan, Xocalıdan, Xankəndidən keçib Laçına getmişik. İllərdir doğma hənirtiyə möhtac bu yerlər indi dolub-daşır. Köçkünlər halal yurdlarına qayıdır. Qarabağda, Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işlərinin miqyası insanı heyrətləndirir. Prezident İlham Əliyev böyük qətiyyətlə, qeyrətlə Qarabağı azad etdiyi kimi, onu həm də yenidən qurur, yenidən yaradır. Bu misilsiz xidmətin qarşısında ona minnətdarlıq üçün söz tapa bilmirsən. Çox xoşbəxtik ki, belə bir Prezidentimiz var. Allah onun dayağında dursun..."

"Bahar xanım elə bir şəxsiyyətdir ki..."

Rafayıl müəllim həyatını Azərbaycan cəmiyyətinin yetərincə tanıdığı və hörmət etdiyi, bir xalqın, bir millətin öyünəcəyi, qürur duyacağı güclü şəxsiyyətlərdən, güclü siyasətçilərdən, haqqında ən yüksək fikirlər söylənən ictimai-siyasi xadimlərimizdən, azərbaycanlı kimi öz köklərinə, milli dəyərlərinə bağlı vətəndaşlarımızdan biri, Bahar xanım Muradova ilə birgə addımlayır. Görəsən, çətin deyil ki?..

"Ömür yolunu Bahar xanımla birgə keçmək çətin yox, əksinə, asandır. O, elə bir şəxsiyyətdir ki... Onu birinci Heydər Əliyev tapıb. Siyasi xadim kimi Bahar xanımı tərifləməyə ehtiyac yoxdur, fəaliyyəti göz önündədir. Evdə uşaqlara, yaxınlara, doğmalara, tanışlara, eləcə də xalqa münasibətindən gəldiyim qənaət budur ki, o, çox ağıllı, çox mərhəmətli, çox səbirli insandır. Yüksək zövqü var. Taleyimə çox minnətdaram ki, həyatda belə bir insana rast gəldim..."

Bəs Bahar xanım həyat yoldaşı haqqında hansı fikirdədir? "Rafayıl müəllimə hər şeydə etibar etmək, arxayın olmaq, onunla dünyanın o başına getmək olar. Taleyimə minnətdaram ki, belə bir insana rast gəlmişəm. Hesab edirəm ki, əldə etdiyim uğurların yarısı Rafayıl müəllimindir. Parlamentin üzvü olduğum müddətdə seçicilərlə elə bir görüşüm olmayıb ki, o, məni müşayiət etməsin. İstər ölkədəki fərqli fəaliyyətlərinlə bağlı məsələlər, istərsə də xarici səfərlər, rəsmi görüşlərlə əlaqəli bütün problem və qayğılardan azad olmuşam. Məhz onun sayəsində  yalnız öz işim haqqında düşünmüşəm. Bir dost, bir siyasi həmfikir kimi ondan çox razıyam. Çünki o, həddən artıq vicdanlı, məsuliyyətli, öz borcuna sadiq, başqalarının maraqlarına daim hörmət edən bir insandır. Bir ailə başçısı kimi çox qayğıkeşdir. O, övladları üçün daimi dost, yeri gələndə onların həmyaşıdıdır..."

"İnsanın ən gözəl tərifi, həm də onun övladlarıdır..."

"Biz öz övladlarımıza düzgün tərbiyə verə bilərik, onlara müəyyən qapılar aça bilərik, qalan şeylər isə artıq onların özündən asılıdır. Xoşbəxtəm ki, övladlarım bunu yaxşı dərk edir. Oğlum Nurlan, qızlarım Aydan, Nigar, nəvələrim Azər, Cəmilə, balaca Leyla - onların hər birində özümü görürəm, özümü axtarıram və nəslimin sabahına əmin olmaq istəyirəm. Nagüman olmağa haqqım yoxdur, şükür Allaha..."

"Ən böyük dostum Aslan olub, qardaşım..."

"Dost dürüst olmalıdır, dürüst insan heç vaxt sənə xəyanət etməz. Az sayda dostum var, heç vaxt da yaddan çıxarmıram onları. Həmişə maraqlanıram, kömək edirəm. Əslində, ən böyük dostum Aslan olub, rəhmətlik qardaşım. Aslan əvvəl komsomol işçisi olmuşdu, sonra Bakıda ən böyük mətbəələrdən birinə rəhbərlik etdi. Daha sonra Mətbuat Komitəsi sədrinin müavini işlədi. Ailədə iki bacı, üç qardaş olmuşuq. Ailəmizin ortancılı, bacım Afət atamın yolu ilə gedib. Qardaşım Nüsrət indi də Mingəçevirdə yaşayır, energetikdir. O biri bacım Aidə isə Moskvada yaşayır. Orada fəaliyyət göstərən 157 saylı Azərbaycan məktəbinin direktoru olub, Azərbaycan diasporunun fəallarından biridir..." 

Dostları da onunla fəxr edir. Xalq artisti Fərhad Bədəlbəyli deyir ki: "Nə 85 yaş? Bu, Rafayılın növbəti zarafatıdır!.."

"Hansı qarabağlı musiqini sevməz?.."

"Musiqi, muğam qanımızda, genimizdədir. Musiqi savadım yoxdur, amma yalandan da olsa, nəsə çalıram pianoda. Balaca qızım Nigar öyrətdi mənə. Nigara piano aldıq, əvvəlcə heç yaxın durmadı. Bir dəfə böyük qızım Aydan gəldi, onun musiqi təhsili də var. Dedim Aydan, bir çal, Nigar da qulaq assın. Çaldı, Nigar baxdı, baxdı, dedi, ata, mən də istəyirəm. O gündən məktəbə getdi, çox gözəl musiqi yaddaşı var..."

"Axı, mən nə etmişəm ki..."

"Çox kitab oxuyurdum uşaqlıqda. Amerikalı Sidni Şeldon - detektiv yazar - ən çox sevdiyim yazıçıdır. Məktəb vaxtı şeir də yazmışam, qızlara yazardıq. Sonra anladım ki, bu, mənlik deyil, yaza bilmirəm axı. İndi ötüb keçənlər haqqında nəsə yazmaq istəyirəm. Hərdən də "Axı, mən nə etmişəm ki" deyə əl saxlayıram. Düşünürəm ki, heç Heydər Əliyev kimi dahi yazmayıb özü haqqında, biz kimik ki... Bir də indi elə bil dəb düşüb, hər kəs bir bioqrafik kitab buraxır, özündən başqa da heç kim oxumur onu... Amma yox, imkan tapıb, uşaqlar üçün nəsə yazacam. Mütaliəmdən isə qalmıram. Heyif, cavanlar az oxuyur. Bax, oxusunlar Deyl Karnegini, heç kim oxumur, soruşursan, bilmirlər kimdir. Gözüaçıq, savadlı olmaq üçün mütaliə vacibdir..."

"Mən həyatı Günəş rəngində görürəm..."

"Cavan vaxtı praktikaya getmişdim Moskvaya. Ordan bir yapon kaseti aldım. "More" adlanırdı, gətirdim evə, təsəvvür edirsiniz, 45 dəqiqəlik bu kaset ancaq dəniz səsindən ibarət idi. Yaponların psixoloqları bu qənaətə gəliblər ki, dənizin səsi insanı sakitləşdirir. Sonra mən də bu fikirlə razılaşdım. Yayda külək olanda açırsan pəncərəni, dənizin səsi gəlir, doğrudan da, adama ləzzət edir. Dənizin səsi, sanki mənəvi güc verir adama, sevdiyin və yaxşı anladığın musiqi qədər. Dənizi sevirəm, dəniz gözəldir, amma dənizdən çox dağlar xoşuma gəlir. Dağa ki, piyada qalxırsan, dörd bir tərəf yaşıllıq, zirvədə isə ağappaq qar... Yəqin qarabağlı olduğum üçün dağ xoşuma gəlir. Bilirsən, həyatda gözəl nə varsa, ondan zövq almağı bacarmalısan, çünki onu Allah insan üçün yaradıb. Səhər tezdən oyanıb səmaya baxanda görürsən gün çıxıb, ya görürsən yağış yağır. Bil ki, bu, sənin üçündür. Yəni bu, Allahın yerə, insanlara sevgisidir. Göndərib ki, sevinək... Həyat gözəldir, həyatı olduğu kimi: acısı, şirini, yaxşısı, pisi ilə birgə qəbul etmək lazımdır. Mən həyatı Günəş rəngində görürəm - o rəngi ümid, inam rəngi hesab edirəm. Əgər rəssam olsaydım, əsərlərimdə o rəngə üstünlük verərdim. Ömür yoluma nəzər salanda da elə ən çox Günəşin rəngini görürəm. Bu rəngin müşayiət etdiyi yol mənim taleyimdir...

seeBaxış sayı:44
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri