Icma.az
close
up
RU
525 ci qəzet HƏLƏ BİTMƏMİŞ SÖHBƏT Rafael Hüseynov yazır

525 ci qəzet HƏLƏ BİTMƏMİŞ SÖHBƏT Rafael Hüseynov yazır

Rafael HÜSEYNOV
Akademik

Onu tanıyan azdır, amma sözləri az qala hamının yaddaşında onillərdir ki, bir nəğmənin məhrəm sədalarında yaşamaqdadır. Şair Şeyda Əziz əslən Dərəçiçək mahalından idi. 1889-1957-ci illər arasında ömür sürdü, uzun olmayan həyatının narahatlıqları çox oldu, amma insanlara adını, xatirəsini yaşadacaq bulaq suyu kimi saf şeirləri də yadigar qaldı.

"Mən arifəm, işarədən qananam, Kəlməni başlayıb sözə gələndə". İndi sözümü başlamaq istərkən yaddan çıxmış Şeyda Əzizin bu misraları hafizəmdə dolaşır, çünki niyyətim elə söz içində insana mətləb qandırmaqda vacib olan bir işarəcik haqqındadır.

Bu işarə bizə kənardan gəlmədir və mahiyyəti etibarilə dilimizin təbiətinə yaddır. Lakin dünyada nə tərtəmiz, cılxa öz sözlərindən ibarət dil var, nə də bizim dil bu baxımdan istisnadır.

Əsrlər boyunca minlərlə əcnəbi kəlmə dilimizə təşrif gətirdiyindən və onların da böyük hissəsi zaman keçdikcə bizimkiləşərək istifadədə az qala doğma sözlərimiz qədər gündəlikləşdiyindən, həmin əcnəbi sözlərin bir qisminin təbiətinə uyğun olaraq apostrof hadisəsi də dilimizə köç edib.

Ona görə də XX əsrin ortalarından etibarən vaxtaşırı olaraq əlifbamızda "qalsın, ya qalmasın" mübahisələri doğurmuş apostrofdan biz bu gün sadəcə bir işarə kimi deyil, məhz haqqında ciddi və həssaslıqla düşünülməli özünəməxsus dil hadisəsi kimi bəhs etməliyik.

Sözlər dilin şəhərində gəzib-dolaşan, öz həyatını yaşayan insanlar kimidir. Yazımızdakı işarələrsə həm bu şəhərdəki insanlara, həm də maşınlar üçün hərəkəti tənzimləyən nəqliyyat işıqlarına, yol nişanlarına bənzəyir.

Lakin apostrof yazıdakı digər vacib, heç kimin də atılması barədə qara-qura fikirlər ağlına gəlməyən nöqtə, vergül, qoşa nöqtə, üç nöqtə, sual, nida işarələrindən fərqli olaraq, yalnız işarə deyil, həm də müəyyən mənada hərfdir, özü də sadəcə hərf  deyil, çoxfunksiyalılığa malik olan, bir neçə hərfin yükünü daşımağı bacaran önəmli dil elementidir.

Hərflə durğu işarələri arasındaymış kimi olan, amma hər halda daha çox hərflərə yaxın apostrofu elə həmin səbəbdən də adətən əlifbanın sonunda yerləşdiriblər. Adına işarə deyilsə də, mahiyyətindəki hərflilik siqlətinə görə sonuncu pillədə qərar tutsa da, hərflər cərgəsinə qatılıb.

Apostrofun varlığı təqribən 1000-ə yaxın sözümüzün taleyi ilə bağlıdır. Onlardan təqribən 950-si VII-VIII yüzillərdən başlayaraq dilimizə varid olmuş ərəb-fars kəlmələridir.

Həmin aşağı-yuxarı 950 sözün üçdəikisi XIX əsrin sonu, XX əsrin əvvəllərinədək dövriyyədə olsa da, indi fəal şəkildə mövcud olanlarının miqdarı 30 civarındadır.

Ehtimal budur ki (və həmin güman da dil proseslərinin izlənilməsinin məntiqindən yaranan qənaətdir), hazırda işlənməkdə olan və apostrof istəyən ərəb-fars mənşəli kəlmələrin əksəri asta-asta ana dilimizdən qaynaqlanan ya əski, ya yeni yaradılacaq sözlərlə əvəzlənəcək.

Lakin həmin 900-dən çox söz canlı dilimizdən, nitqimizdən çıxsa da, klassik ədəbiyyatımız öz yerindədir və həmin sözlər də əski şeirimizin qoynunda ömrünü davam etdirir.

Biz də bu 950 rəqəmini İzzəddin Həsənoğludan başlayaraq ta Sabir, Cavid, Vahid kimi şairlərimizədək olan 8 əsrdən uzun bir dövrdə yaranmış ədəbi mirasımızı təhlil edərək müəyyənləşdirmişik.

Demək olar ki, həmin iri vaxt kəsiyi boyunca yazıb-yaratmış bütün böyük şairlərimizin "Divan"larını və məsnəvilərini araşdırmaya cəlb etdiyimizdən bu tədqiqatdan kənarda qalan söz ustalarının irsi içərisindən uzaq başı 10-15 əlavə söz tapıla bilər ki, bu da bütövlükdə bizim gəldiyimiz nəticələri əsaslı şəkildə dəyişməz.

Böyük dilşünas akademik N.Y.Marrın tələbəsi olmuş görkəmli filoloq Əkrəm Cəfər sonralar ədəbiyyatşünaslıq və şərqşünaslıq istiqamətində daha çox fəaliyyət göstərsə də, yolunu dilçi kimi başlamışdı və Azərbaycan rus qrafikası əsasında düzəldilmiş yeni əlifbasına keçəndən sonra ilk dəfə nəşr edilən "Orfoqrafiya lüğəti"nin yaranmasında bilavasitə iştirak edənlərdən idi. Nəşrin müəllifləri kitaba yazdıqları müqəddimədə lüğətin təkmilləşdirilməsində iştirak edənlər sırasında Şəmsəddin Abbasov, Məmmədağa Şirəliyev, Səttar Axundov, Hacı Əliyevlə yanaşı Əkrəm Cəfərovun da adını qeyd edirlər.

1950-ci illərin ortalarında orfoqrafiya qaydalarımızda yeni dəyişikliklər edilməsi ilə bağlı təşəbbüslər və hərəkətlər artan dövrdə Əkrəm Cəfər həmin gedişatı diqqət və həyəcanla izləyənlərdən idi. Söz yox, o, ayrı-ayrı müzakirələrə qatılır, sanballı sözünü də söyləyirmiş. Bunu mənə vaxtilə özü danışırdı. Lakin arxivində qalan bir əlyazması onun bu yöndəki düşüncə və baxışlarını artıq əyani şəkildə əks etdirməkdədir. "Orfoqrafiyamız və əlifbamız haqqında" adlı və o vaxt "Kommunist" qəzetində dərc olunmaq üçün hazırladığı həmin qeydlərində Əkrəm Cəfər öncə diqqəti orfoqrafiyada islahatlar məsələsinə cəlb edərək bunun yalnız ən zəruri hallarda edilməsinin mümkünlüyünü, həm də köklü deyil, konkret detallarla bağlı və ehtiyatla aparılmasını vurğulayır: "1954-cü ilin axırlarında akademik Obnorski (XX əsrin əvvəllərində Peterburq Universitetində məşhur dilçi və tarixçi  A.A.Şaxmatovdan [1864-1920] dərs almış Sergey Petroviç Obnorski [1888-1962] ən mötəbər rus və sovet linqvistlərindən sayılır, qiymətli tədqiqlərindən savayı, rus dilinin 17 cildlik akademik lüğətinin əsas yaradıcılarından idi - R.H.) bir məqaləsində yazmışdı: "Nəzərə almaq lazımdır ki, orfoqrafiyanı tez-tez islah etmək fayda deyil, ziyan gətirir". Təcrübəmiz akademikin mülahizəsini təsdiq edir. Ziyalılarımızın və məktəblilərimizin imla işində zəifliyi, savad işində geriliyi bir də bizdə olmuş keçmiş orfoqrafik islahat işlərindəki nöqsanlarla izah olunur. İslahat öz-özlüyündə yaxşı şeydir, irəliyə doğru hərəkətdir. Lakin onun həyata keçirilməsi üçün ciddi elmi hazırlıq görülməsə, bu hərəkət mədəni inkişafımızı irəliyə deyil, geriyə çəkə bilər".

Daha sonra isə Əkrəm Cəfər həmin yazısında bilavasitə iştirakçısı və müşahidəçisi olduğu 1940-cı illərə aid orfoqrafiya müzakirələrini, ardınca 1954-cü ildə bu istiqamətdəki yeni cəhdləri xatırlayır, qabartdığı yaxşı və yaman tərəflər sırasında apostrofu ləğv etmək çağırışlarını mənfi qarşılayırdı: "1940-cı ildə biz imlamızı dəyişdirdik. Bu, lazımdımı? Lazımdı. Çünki o zaman biz yeni əlifbaya keçirdik. Bu münasibətlə orfoqrafiyamız ətrafında bir neçə ay müzakirələr getdi. Partiyanın Mərkəzi Komitəsində, Xalq Komissarları Sovetində, Azərbaycan Elmlər Akademiyasında, "Kommunist" qəzetinin Stalin adına klubunda, müxtəlif mətbuat orqanlarında dəfələrlə imla məsələləri üzrə mübahisələr, müzakirələr təşkil edildi. Bunların nəticəsində indiki orfoqrafiya qaydaları və lüğəti yaradıldı (Azərbaycan Respublikası Xalq Komissarları Sovetinin 1940-cı ildəki 2921 saylı "Azərbaycan dilinin orfoqrafiyası" adlı qərarı nəzərdə tutulur - R.H.). Həmin orfoqrafiya bəzi xırda istisnalar nəzərə alınmazsa, əsas etibarilə bugünə qədər yazı mədəniyyətimizdə tətbiq olunmaqdadır. Deyə bilərik ki, onda köklü islahatlar tələb edən böyük nöqsanlar da yoxdur. Buna baxmayaraq, 1954-cü ildə onun bəzi qaydalarını dəyişdirmək istədilər. Məsələn, yaxşı tədqiq etmədən, elmi yollarla əsaslandırmadan apostrofu atmaq, "-stan" şəkilçisində samitlə bitən kökdən sonra saiti atmaq və s. "yeniliklər" yaratmaq istədilər. Bu "yeni qaydalar" da təsdiq edildi, amma həyata keçirilmədi. Bununla da sübut edildi ki, bu cürə "islahat" bizə lazım deyil, praktikada o, ancaq ziyan gətirə bilər. Bunun ziyanlı olduğunu mətbuatımız və birinci növbədə "Kommunist" qəzeti və onun təcrübəli işçiləri qabaqcadan gördülər, bu əsassız "yenilikləri" haqlı olaraq qəbul etmədilər. Bunu qəbul edib həyata tətbiq etsəydilər, orfoqrafiyamızda yenə bir sıra hərc-mərclik əmələ gələcəkdi. Bu ziyandan yazımızı qorumuş olan "Kommunist" qəzeti redaksiyasına biz ancaq təşəkkür etməliyik".

Dilimizi tarixin çətin sınaqlarında yad dillərin bəd təsirlərindən hifz edən, bir sıra hallarda isə ərazilərimizi qəsb etmişlərin eyni işğalı öz lisanları vasitəsilə dilimizə də tətbiq etmək niyyətlərinin qarşısının alınmasına əsas səbəb dilimizin mahiyyətində nəbz kimi vuran müqavimət hissidir.

Bu duyğunu dil və millət təəssübü çəkən hər kəs elə dilin özündən əxz etməlidir.

Əkrəm Cəfərin bu yadigar yazısındakı təşəkkür hissəsini təsadüfən saxlamıram. Həqiqətən, sovet dönəmində həmin qəzet ən çox sayda buraxılan gündəlik nəşr olmaqdan əlavə, həm də dilimizin saflığının, dürüst ifadəsinin keşiyində dayanan əsgər kimiydi. Çünki həmin redaksiyada həmişə Azərbaycanın ən nüfuzlu ədib və jurnalistləri, həm qələmcə, həm şəxsiyyətcə güclü yaradıcıları fəaliyyət göstərmişlər. Bunu da unutmayaq ki, sovet dönəmində ən birinci siyasi qəzetin qəbul edilmiş qərarın əksinə olaraq yanlış saydığı qaydaları yazıda tətbiq etməməsi sadəcə müqavimət deyil, zamanına və şəraitinə görə hətta siyasi dikbaşlıq idi.

Bu gün isə gerçəkliyimizdə dil normalarına doğru riayətin əsas aparıcı qüvvəsi Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-dır ki, imla məsələləri ilə bütün həssas müzakirələrə o kollektivi həmişə yaxından cəlb etmək vacibdir.

Bu əhvalatı xatırlatmaqda qabartmaq istədiyim digər məqam da odur ki, orfoqrafiyamızla bağlı qəbul edilmiş məqbul sayılmayan qərarların işləməməsi və geriyə çağırılması təcrübəsi əvvəllərdə də olub və oxşar hallarda gələcəkdə ola biləcəyi də istisna edilməməlidir.

Klassik ədəbiyyatımızsız biz bir xalq olaraq yoxuq. Var olduğumuz müddətcə bu söz sərvəti bizi müşayiət edəcək və hamımıza azərbaycanlı olmağın dərslərini verəcək, ruhumuzu öz ahənginə kökləyəcək, düşüncəmizi, dilimizi, nitqimizi, yazımızı səmtləndirəcək. Biz klassik ədəbiyyatımıza tabeyik. Və bu, sevgi kimi könüllü, doğma bir asılılıqdır. Özümüz onunla aramızda ixtilaflar, maneələr, anlaşılmazlıqlar yaratdıqca itirən o yox, biz olacağıq, tədricən özlüyümüzdən, əslimizdən, kökümüzdən aralanmaq təhlükəsi artacaq. Ancaq başqa bir təhlükə də var.

Biz burada - Azərbaycan Respublikasında vətəndaşımız olan digər milli azlıqlarla birlikdə 10 milyondan çoxuq.

İranda - Güney Azərbaycanda isə artıq 40 milyonu keçmişik.

Bizi bir edən, eyni edən, sərhədlərin ən qapalı çağlarında da aramızda heç bir ayırıcı məsafə yoxmuş kimi yaxın edən ən mühüm ortaq dəyərlərdən biri, bəlkə də ən birincisi bədii sözümüz, ədəbi dilimiz, milli ədəbiyyatımızdır.

Həmin 40 milyondan çoxun əski ədəbi dilimiz kimi qəbul etdiyi klassik ədəbiyyatımız, müasir ədəbi dil kimi tanıdığı Quzey Azərbaycanda XX əsr boyunca mükəmməl bir hala gətirilmiş, cilalanmış, qaydaları-qanunları tənzimlənmiş yazı dilimizdir.

Ona görə də rəsmi ədəbi dilimiz və ona birbaşa bağlı orfoqrafiyamızın üstündə naşı eksperimentlər etdikcə biz bir tərəfdən klassik ədəbiyyatımızla bugünkü və gələcək insanlarımız arasında dərinə işləyən çatlar salacağıq, o biri yandan da Cənubi Azərbaycandakı 40 milyondan artıq soydaşımıza daha da yaxınlaşmaq əvəzinə onlardan daha çox uzaqlaşmağa üz qoyacağıq, onlardan daha çox fərqlənməyə başlayacağıq.

Onsuz da bir parçalayıcı faciəmiz artıq var və ondan qurtulmaq bundan sonra hətta mümkünsüz kimi görünür.

Cənubdakı bacı-qardaşımız ərəb əlifbası ilə yazıb-pozur, biz latınla.

Bir millətin iki minillikdə 4 dəfə əlifba dəyişməsi böyük milli dərddir: əvvəlcə əski türk yazısından ərəb əlifbasına keçmişik, sonra ərəb əlifbasından latın qrafikasına, oradan kirilə, ardınca yenə latına. Amma bundan da qat-qat ağır dərd bir millətin bu gün də bir hissəsinin bir, digər hissəsinin ayrı bir əlifba işlətməsi gerçəkliyidir.

Apostrof o iki əlifbanı bir-birinə yaxınlaşdıran, oradakı tələffüzlə buradakı oxunu müştərək edə bilən vacib körpülərdəndir.

Onlar ərəb əlifbasını işlətdiklərindən, yazılarında ayn hərfi və həmzə olduğundan hansı sözü necə oxumağı, vurğunu harada qoymağı rahatca müəyyənləşdirirlər.

Biz isə apostrofsuz bu imkandan məhrum oluruq.

Xüsusən klassik ədəbiyyatımızı düzgün oxuya (və hətta müəyyən məqamlarda apostrofsuzluğun yaratdığı alatoranda bəzi kəlmələrin mənasını da doğru anlaya bilməkçün) bu işarə bizə lazımdır.

Azərbaycan dilinə ərəb və farscadan keçmiş və yazımızda apostrof tələb edən 900-dən artıq sözün vaxt gedişində ələnərək müasir dilimizin gündəlik danışıq və yazı dövriyyəsində iki-üç faizi qalmışsa da, bu tarixən baş vermiş təbii arıtlanma prosesi apostrofdan istifadəyə "yox" deməkçün əsas sayıla bilməz. Hətta ola bilər ki, müəyyən vaxtdan sonra biz nə "mə`na", nə "mə`zuniyyət", nə "vüs`ət", nə "mə`dən",  nə "sə`y", nə "rə`y"... sözlərini işlədək.

Dil getdikcə təmizlənir, saflaşır və işlək qatdan çıxan apostroflu əcnəbi sözlərin yerini ya dilimizin daxili imkanları və sözyaratma üsullarına müvafiq olaraq təzə yaranan uğurlu sözlər tutur, ya da əski türkcəmizdən hansısa uyğun söz bugünə gətirilir.

Lakin məhz klassik ədəbiyyatımızın varlığı, ondan daimi istifadəmiz, 900-dən artıq apostrofla yazılan sözün solmaz söz incilərimizdəki diriliyi hökm edir ki, apostrof qalsın.

Məhəmməd Füzuli bizim taleyimizə Tanrıdan yazılıb. Ondan imtinamız, ondan ayrılmamız mümkünsüzdür. Yüzillərdir Füzulini oxuyuruq, bizdən sonra da yüzillər boyu oxuyub zövq alacaqlar.

Lakin Füzulinin apostrofları götürülmüş bir şeirini bu gün Azərbaycanda neçə nəfər düz oxuya bilər?

Bircə bu işarənin yazımızdan gedişiylə hətta dilin ritmi, musiqisi, vurğusu, ahəngi dəyişir.

Apostrofun dilimizdə birbaşa yerinə yetirməli olduğu funksiyadan savayı onun yerinə yetirə biləcəyi ayrı bir vəzifə, verə biləcəyi digər fayda da unudulmamalıdır. Xarici ad və soyadlar, əcnəbi müəlliflərin yazımızda hal şəkilçiləri əlavə edərək işlədirkən bəzən həmin ad, yaxud soyadın dəqiq qavranılmasında çətinliklər əmələ gəlir. Tutalım, "Braunun əsəri", yaxud "Levinin fikri" yazılanda oxucu bu soyadlarla ilk dəfə qarşılaşırsa, heç vəchlə əminliklə müəyyən edə bilməz ki, burada yiyəlik hal şəkilçisi "Braun", ya "Brau", ikinci halda "Levi", ya "Levin" sözlərinə artırılıb. Səhv başa düşmək bir yana, bu qəbil iradədən asılı olmayaraq baş verən xətalar hansısa vacib yazı və ciddi sənədlərdə soyadın təhriflə təkrarlanmasına gətirib çıxarar ki, belə qələtlərin sonra yarada biləcəyi mümkün inciklik, narazılıq, hiddət və sairənin yüz cür ssenarisi ağla gəlir. Heç xarici adları bir kənara qoyaq. Zahirən sanki nabələd olmadığımız öz dilimizdə də oxşar qüsuru təkrarlamaq ehtimalı həmişə var və burada da bizi yenə apostrof xilas etmək gücündədir. Söz məsəli, bizlərdə Məti ad da var, Mətin də. Yiyəlik hal şəkilçisi birləşdiriləndə oxucu hansı meyarla müəyyən etsin ki, söhbət bu adlardan hansından gedir. Və ya görün bir cümlə içərisində bu iki ad yanaşı gələrək yiyəlik hal şəkilçisi qəbul etsə, hansı qatmaqarışıqlıq və dil pintiliyi yaranar: "Bu işdə Eldarın, Aslanın, Mətinin və Mətinin əli var". Yazan öz aləmində bilir ki, burada söhbət Mətidən və Mətindən gedir, bəs zavallı oxucu bu tapmacadan nə təhər baş çıxarsın? "Məti`nin", "Mətin`in" yazanda isə hər şey yoluna düşür.

Odur ki, apostrofdan əcnəbi ad və soyadlarda (həm də yalnız Avropa mənşəlilərdə deyil, elə Şərq dilləriylə gələnlərdə də) hal şəkilçilərindən öncə qoyulan ayırıcı işarə kimi istifadə etmək məqsədəuyğun, hətta zəruridir. Dünyanın bir sıra müasir və aparıcı dillərində də bu məntiqli və gərəkli təcrübədən yararlanırlar.

Yazımızda naşılıq ucbatından, dilçi olmayanların, ya dilçilikdə piyadaların səriştəsizliyi, yaxud da dilimizə məqsədli şəkildə qəsd törədənlərin hökmü ilə çıxarılmış apostrof qaytarıldıqdan sonra qeyd etdiyimiz hallarda ondan istifadə edilməsi, sözsüz ki, xeyir verərdi.

Apostrofdan düşünülməmiş imtinanın doğru olmamasının ən üzdəki dəlillərindən biri də odur ki, Avropa dillərinin bir çoxunda bu işarə var, uğurla istifadə edilir və mahiyyəti etibarilə bu, beynəlxalq, universal bir dil elementidir. Avropa dilləri ilə müqayisədə isə apostrofun bizim dilimizdəki yeri daha görünən, vəzifələri daha çoxdur. Məsələn, apostrof ingilis dilində yiyəlik halı ifadə edə bilir, fransızcada müəyyən fonetik qaydalara görə buraxılmış "a", "e", "i" saitlərini əvəzləyir, alman dilində vurğusuz saiti əvəzləyir, danışıq dilinin özəlliklərini çatdırır, nitqin sürətini göstərir. Ancaq Azərbaycan türkcəsində, həm klassik, həm də müasir dilimizdə apostrofun daşıdığı vəzifələr digər dillərlə müqayisədə daha çox, daha geniş və daha əvəzedilməzdir.

Birincisi, apostrof saitlə samit arasında qoyularaq saitin uzadılması zəruriyyətinə işarə edir. Təbii, bunların hamısı gəlmə sözlərdir və tarixi gedişatda o sıradan olan bir çox sözlər fəal dil dövriyyəsindən çıxaraq dilin işlək olmayan, ya az işlək qatına keçib. Ancaq elə bu gün də işlənənləri az deyil. Digər tərəfdənsə, bizim əski ədəbiyyatımız var axı! Köhnə nəsil həmin sözlərin işlək zamanından düzgün tələffüzünü elə yazısız da, şifahi olaraq da xatırlayırdı, kitabda-dəftərdə isə bəzən lap mənasını dəqiq bilmədiyi o sözləri apostrofun sayəsində dürüst tələffüz edirdi. Müasir nəsil, ərəb-fars dillərindən daha az xəbərdar olanlar vaxtilə apostroflu olmuş, indi apostrofsuz qalmış sözlərin çoxunu dilə səhv gətirir. "Məna", "məbəd", "mömin", "əla", "rəna" sözləri hər gün dilimizdədir. Onları "məəna", "məəbəd", "möömin", "əəla", "rəəna" kimi tələffüz etməsək, məna çıxmaz, vurğunun da yeri dəyişər, bunlar başqa anlaşılmaz sözə, ya hərflər yığınına çevrilər. İki "ə", iki "ö" yazmırıq, amma apostrofu da dəfn etmişik. Bəs necə olsun?! Sənin dilini bilməyən və kitabla öyrənmək istəyən ingilis açıb baxacaq dilçilik kitablarına, öyrənəcək ki, bu dildə təbiətən uzun sait yoxdur, ona görə də qarşısına çıxan "tərif" sözünü vurğunu sona qoyaraq, "ə"ni uzatmadan, elə yazıldığı kimi oxuyacaq. Amma küçəyə çıxıb eşidəcək ki, burada camaat bir-birinə "tərif" demir, "təərif" deyir. Ona görə gərək hökmən işarəni gətirək qoyaq yerinə ki, dil onu bu kökə salmışların əzabından qurtulsun: "mə`na", "rə`na","tə`xir", "tə`sir"... yazaq.

İkincisi, əksinə olur - yəni apostrof samitlə sait arasında gəlir, ayırıcı vəzifə daşıyır. Belə sözlərin dilimizin dibinə çökənləri çöküb, amma "sürət" elə əvvəlki sürətlə işlənməkdədir, "cürət" də, "ənam" da digər bir çox bu sözlər də həmin  sayaq. Klassik şeirimizdə bu qəbil sözlər yüzlərlədir. Yaxşı, tutalım, "məsul" yazılanda məşhur söz olduğundan da əksəriyyət bu kəlməni elə köhnə yaddaşla "məs`ul" oxuyacaq, bəs təzə çap olunmuş klassik poeziyaya aid kitabda bir şeirdə qarşısına mənasını lüğətsiz anlamadığı "ləmə", "mələbə", "ilələbəd"... sözləri çıxanda neyləyəcək? Axı bu sözlərdə apostrof qoyulmasa, bu kəlmələr  "ləm`ə", "məl`əbə", "iləl`əbəd" kimi yazılmasa, müasir Azərbaycan oxucusu həmin kəlmələri öz dilinin səs və vurğu yatımına uyğun tələffüz edəcək və dərhal vəzn pozulacaq. Apostrof olanda isə sözlərin heç mənasını bilmədən də düz oxuyacaq. Yaxud həmin samitlə sait arasında apostrofun gəldiyi daha bir yetərincə məşhur söz: "nəş`ə". Apostrofsuz yazılanda bu söz ləzzətdən, zövqdən əvvəl oxuyanın yadına tiryəki salacaq (Hərçənd tiryəkilərçün nəşənin də öz nəş`əsi var). Hələ mən onu demirəm ki, apostrof qoyulmadığından indi çoxları bu sözdəki vurğunun, ayırıcılığın da yerini taydəyişik salır, "nəş-ə" deyil, daha çox "nə-şə" kimi tələffüz edir.

Üçüncüsü, dilimizdə indi də bol olan bir çox təkhecalı sözlərin arasında, bir qisim də tək və çoxhecalı sözlərin sonunda işlənən apostrofdur ki, indi onun da yoxluğu hər an narahatlıq oyadır.

Apostrofun gərəksizliyini iddia edən və dilin tarixi, təbiəti, tələblərindən yetərincə agah olmayan, amma hətta elmi dərəcələr daşıyan bir paralar apostrof həmlələr əsnasında bəyan edirdilər ki, guya bu qəbildən olan bir çox sözləri xalq artıq öz dilimizin səs ahənginə uyğunlaşdıraraq deyir, həmin səbəbə görə də apostrofdan qurtulmağı həyat özü təklif edir. Belələri "lə`1"i guya artıq hamının "ləl", "sə`y"i hər kəsin "səy" kimi tələffüz etdiyini nümunə gətirirdilər. Əvvələn, heç də hamı yox, dili yaxşı bilməyənlər, sözün əsl mənasından bixəbərlər o  sözləri və o kəlmələri apostrofsuz işlədə bilər. Savadlı adam, ana dilinin oturuşmuş qaydalarına riayət edən şəxs "bə`d"i heç vaxt "bəd", "və`z"i əsla "vəz" kimi deməz. Çünki dərhal məna dəyişir. "Bə`d" - "sonra"dırsa, "bəd", sözlərlə belə rəftara yaraşan dəqiq anlamı verən fərqli sözdür - "pis" deməkdir, "çalışqan" anlamlı "sə`y"i bir adama aid edib onu sevindirərsənsə, həmin sözü apostrofsuz işlədərək "səy" söyləyərsən, ona "dəli", "axmaq" dediyinçün qanı qaralar.

Açın Nəsiminin, Xətainin, Füzulinin və bir qatar başqa ölməzlərimizin "Divan"larını, bu cür sözlərin olduğu şeirləri (yeri gəlmişkən, başına oyun açılmış sözlərdən biri də elə bu "şe`r"dir. Zorla sözün ortasına "i" dürtmüş, sözü saxtalaşdırmış, onun kökünə zidd hərəkət etmişik). Köhnə şairlərimizin əruzda yazdığı o şeirlərin hansında (orfoqrafiya qaydalarını və orfoqrafiya lüğətini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq etdiyindən mən orada nəşr edilən və rəsmən qəbul edilmiş kimi yazmağa məcburam. Ancaq bilirəm ki, səhvdir, bilirəm ki, belə olmaz və səhv olduğunu bilə-bilə o yolu getmək də elə qəbahətdir ki, gərək son verilə) "rəy" yazaraq "rəəy", "səy" yazıb "səəy", "ləl" yazıb "ləəl" kimi oxumasanız, mütləq şeir şeirlikdən çıxacaq, vəzn şikəst olacaq.

"E`lan"ı kim "elan" oxuyur ki?! Hamı "eelan" deyir. Eyni şəkildə vurğunu sona ataraq "etiraz" demirik, "eetiraz" söyləyirik. Eyni şəkildə Azərbaycanın minlərlə Etibarını heç kim vurğunu axıra qoyaraq çağırmır, "Eetibar" səslənir. Elə isə özümüzü dağa-daşa salmağa, hər şeyi aydınca görə-görə düz olmayan yolla getməyə nə ehtiyac?! Elə dediyimiz kimi də apostrofu yerinə qoyaraq yazaq.

Üçüncü qisim apostroflu sözlər sırasında tək və çoxhecalı sözlərin sonunda işlənənləri göstərdik - "qət`", "nəf `", sün`"... kimi. Sonunda qoyulmalı olub arxa çevrilən bircə sözün apostrofsuzluğunun yaratdığı məna çarpaşıqlığını açıqlayınca lazımınca düşünülmədən atılmış addımların nə qədər ziyanlı olduğu bir daha aşkarlanır. Hüquq terminologiyamızda (söz açılmışkən, bu sahədə ciddi terminoloji islahata zərurət duyulmaqdadır. Sadə vətəndaşları bir kənara qoyaq, təcrübəli hüquqçuların özlərinin belə başını şişirdən, mənası dumanlı ərəb-fars kəlmələri ilə dolmuş hüquq dilimizə əsaslı şəkildə əl gəzdirmək, nimdaşlaşmış və yöndəmsiz "icra icraatı" qismindən olan silsilə çürük kəlmələrdən azad olmaq gərəkdir) "qətimkan" deyilən bir ifadə var. Əhali, onlardan əvvəlsə hüquqçular arasında sorğu aparılsa, mütləq əksəriyyət bu sözbirləşməsinin nə demək olduğunu anlada bilməyəcək, çünki bu cür apostrofsuz şəkildə anlanılması da çətindir. Əslində bu, bir izafət tərkibidir, düzü - "qət`-i imkan". Yəni həbs, azad hərəkət imkanının kəsilməsi. Əksəriyyətsə bunu "qəti imkan tədbiri" kimi dərk edir, o cümlədən bir çox hüquqçular da. Ümumiyyətlə, bu, dilimizdə ömrünü bitirən, atılmalı, dəyişdirilməli terminlərdəndir, ancaq o, başqa mövzudur, indiki halda məqsədim diqqəti sonunda apostrof olan, indi sadəcə "qət" kimi yazılan kəlməyə cəmləməkdir.  Dilimizdə "qət etmək", yəni hansısa məsafənin sonuna çatmaq anlamındakı deyim də var, "qərara almaq" mənasında işlənən "qət etmək" ifadəsi də.  O "qət"lər apostrofsuzdur, ancaq "kəsmək" mənalı "qət" apostroflu. 

Axırında apostrof qoyulan "mürəbbə" sözü bəndlərinin sayı 5 ilə 7 arasında olan dördlüklərdən ibarət şeir şəklidirsə, apostrofsuz "mürəbbə" müxtəlif meyvələrin şəkər qatılaraq qaynadılmasından hazırlanan şirniyyatdır. O, ayrı, bu, ayrı. 

Beləcə, bircə apostrofla məna kökündən dəyişirsə və belə sözlərimiz çoxdursa, apostrofu gərəksiz kimi qırağa atmağa DİLİMİZ heç kəsə hüquq verməz!

Dördüncüsü, apostrofun dilimizdəki birbaşa mənadəqiqləşdirici funksiyasıdır. Bir çoxu klassik ədəbi nümunələrdə rast gəlinən, amma bir qismi elə çağdaş dilimizdə işlənən 50 civarında söz var ki, ərəb əlifbasında yazılmazsa və indiki halda latın qrafikası ilə göstərilərsə, əsl anlamını üstündəki apostrof aydın edə bilir. "Dəf `" qarşısını almaqdır, "dəf"i isə çalırlar. Sonu apostroflu "şər`" "şəriət"dir, ortası apostroflusu "şə`" "tük", "qıl", "saç"dır, apostrofsuzu - "şər" isə fitnə, birinə atılan böhtandır! "Bəzən"mək bir ayrı mənadır, "bə`zən" tam ayrı məna, müqəddəs Kitabımız "Qur`an" ayrı, "quran"-tikən ayrı. Apostrofsuz "şən" şadlıq edir, apostroflu "şə`n" isə ad-san, şöhrət, əzəmət vəd edir. "Də`va" da var, "dəva" da, "tən" də var, "tə`n" də, "mə`lul" da var, "məlul" da, "a`c" da var, "ac" da, "mən`" də var, "mən" də, "mə`dəni" də var, yəni yerin altından çıxarılmış qiymətli filiz, "mədəni" də var ki, bu, tərbiyəvi, savadlı insana yaraşan rəftardır ki, dilimizə və onun apostrofuna da məhz belə münasibət bəsləmək imandandır!

Kiçik bir hissəsini sadaladığımız, apostrofla mənası dəqiqləşən belə sözlərin misralarına səpildiyi klassik irs nümunələri apostrof aradan götürüləndən sonra cild-cild kitablarda nəşr edilib. Açın o kitabları, qoyun apostrofu ləğv etmiş guya başbilənlərin qarşısına, düz oxuya bilməyəcəklər, mənaları qatmaqarışıq salacaqlar. Akademik yazıda emosional kimi təsir buraxa biləcək bu sözləri hissə qapılaraq deyil, elə elm faktı kimi yazıram. Dilçilik elmi həm də statistika, müqayisələr, müşahidələr, təhlillər deməkdir, doğru nəticələr məhz bu araşdırma vasitələri və alətləri ilə əldə edilir. Apostrofla mənası və vurğusu dəqiqləşən, əks təqdirdə eyni söz kimi qavranılan belə kəlmələrin daxil olduğu şeir parçalarını bütün ölkə üzrə təhsil müəssisələrində öyrəncilərə və müəllimlərə paylayaraq eksperiment keçirilsə, o imtahandan şagird və tələbələri bir kənara qoyun, heç ən bilikli müəllimlər müvəffəqiyyətlə çıxa bilməyəcək. Ona görə yox ki, bisavaddırlar, ona görə ki, apostrof qoyulmayanda omonimləşən sözlərin mənasını düzgün anlamağa bir çox hallarda heç kontekst də kömək göstərə bilmir. Bu, aksiomdur, təcrübədə də rəsmən yoxlanılması mümkündür. Elə isə bu cür acınacaqlı hallar doğuran apostrof ləğvetməsinin adı sadəcə "yaxşı düşünülmədən atılmış addım" qoyulmamalı, ən vacib milli dəyər olan dilə vurulan zərbə sayılaraq hüquqi məsuliyyət müəyyən edən hərəkət kimi tövsif edilməlidir.

Şübhə yoxdur ki, bizim daha əvvəlki əsrlərdə də, Nizami, Xaqani əyyamlarında da, ondan əsrlər öncə də anadilli əruzlu şeirimiz olub. Lakin XIII yüzildən etibarən milli poeziyamızda farsca və ərəbcə yazmaq şakəri səngiməyə, əsrdən-əsrə türkdilli şeirimiz daha geniş qol-qanad açmağa başlayır.

Beşincisi apostrofun bir qisim sözləri gücləndirmə, şiddətləndirmə məziyyətidir. Bizim son yüz ildən artıq müddətdə yaranmağa başlamış yeni dövr poeziyamız da bir xəzinədir, misilsiz örnəkləri var. Ancaq bizim daimi və haqlı iftixar qaynağımız daha çox XIII-XIX əsrlərdə, XX yüzilin ilk onilliklərində qələmə alınmış, "klassik" deyərək yalnız zamanını yox, həm də ali keyfiyyətini düşündüyümüz söz sərvətimizdir. Apostrofsuzluq yeni nəsillərlə o irs arasındakı rabitəni xeyli dərəcə sadəcə zəiflətmir, həqiqəti adı ilə deyək - qırır, silir, heydən salır. Klassik şeirdə "tü`əm", "fə`al", "tü`əman", "əşi`əriz" və digər belə kəlmələrə çox rast gələcəksiniz. Həbibi, Kişvəri, Əmani, Füzuli uzaqdadır, Seyid Əzim, Sabir, Hadi ki yaxındadır. Belə sözlər onlarda da çoxdur, bunlarda da. İndi həmin şairlərin kitabları 10, 20 il, 30-40 il əvvəlkindən fərqli olaraq apostrofsuz əlifbamızla nəşr edilir. Sözlərin tələffüzünü gücləndirən, təşdidləndirən apostrofsuz həmin şeirlər oxunarkən vəzn pozulur - bu, öz yerində, amma daha artıq - misralara, beytlərə ayrı bir siqlət verən həmin tələffüz gücləndirməsi itdiyindən (şairsə bir sıra hallarda belə sözləri məqsədli şəkildə, mənanı daha da qüvvətləndirməkçün seçir) səslənişdəki musiqililik, təsirlilik də yoxa çıxır.

Altıncısı, apostrof dilin səs aləmi, vurğu şəbəkəsi, ahəng mühiti ilə birbaşa bağlıdır. Orta çağ musiqiçiləri, başda Səfiəddin Urməvi olmaqla, öz musiqişünaslıq risalələrinə "İqa" adı qoyduqları fəsli hökmən daxil edərdilər. Çünki bu, musiqinin təməlində duran şərtdir. İqa - ritmdir və ritmsiz nə musiqi var, nə şeir, nə də ümumən, insanın özü. Musiqinin də, şeirin də, insanın da və əlbəttə ki, dilin də diriliyi ahəng, vurğu, ritmdir.  Xəlil ibn Əhməd Fərahidinin icadı olan əruz vəzni də ahəng, vurğu, ritm ifadə edən bəhrlər, təfilələr üzərində qurulub. Əruz elmi klassik poetikanın riyazi dəqiqliyə söykənən mühüm qanadıdır. Əruzda yazıb-yaratmış köhnə şairlərimiz əruz dairələrinə də, bəhrlərə də mükəmməl bələd idilər. Ancaq XIX-XX yüzillərdə əruzda yazmış bir qisim şairlər də olub ki, əruzun nəzəri əsaslarını bilmədən, elə onun musiqisini tutaraq yazıblar, bu, onlarda gözəl də alınıb, oxuyanın heç ağlına gəlməyib ki, bu qələm sahibi yazarkən heç təfilələr sırasını düşünməyib.

Lakin biz gərək apostrofu düşünək. Çünki indi klassik şeiri mütaliə edənlərin yüzdədoxsanı əruzun bəhrlərindən bixəbərdir. Klassik şeirimizsə ayn hərfli və həmzəli sözlərlə ləbələb olduğundan onları apostrofsuz düz oxumaq, ahəngi pozmamaq, vəzni qırmamaq, vurğu yanlışlığına yol verməmək mümkünsüzdür.

Apostrofun yoxluğu əruzlu şeirimizin lətif musiqisinin, xoş ahənginin indinin insanlarının qulaqlarına çatması yolunda əngələ çevrilən qalın divar hesab edilə bilər.

Ümumi sayı 900-dən çox olan, 1000-ə yaxınlaşan və apostrofla verilməli sözlərin hamısı kənardangəlmə, başqa dillərin bətnindən çıxan olsa da, onların böyük bir hissəsi dilimizdə vətəndaşlıq qazanıb, hətta mənaları bu gün anlaşılmayanları da şeirimizə elə qaynayıb-qarışıb ki, onları daha heç vəchlə ədəbiyyat tariximizdən poza bilmərik. 

Pozusuz yazılara, fəlsəfəsi ilə tarix olana isə həmişə həssaslıqla və ağılla yanaşmaq, onlara münasibətdə səhv hərəkətlərdən qaçmaq, hansı səbəblərdənsə yanlış qərarlar qəbul edəndə də, belə qüsurlu və zərərli cəhdlərin nəticələrinin dərinə işləməsini gözləmədən doğru yola qayıtmaq borcdur. Dərd bitməyincə, söz bitməz...

29 yanvar 2025

seeBaxış sayı:25
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri