Icma.az
close
up
RU
525 ci qəzet ÖMÜR BƏLƏDÇİLƏRİMİZİN İLKİNİ Rafael Hüseynov yazır

525 ci qəzet ÖMÜR BƏLƏDÇİLƏRİMİZİN İLKİNİ Rafael Hüseynov yazır

Icma.az xəbər verir, 525.az-ə əsaslanaraq 525 ci qəzet ÖMÜR BƏLƏDÇİLƏRİMİZİN İLKİNİ Rafael Hüseynov yazır.

Rafael HÜSEYNOV
Akademik

Düşünən insanın minillərin uzağında əriyib itən qocaman tarixi başdan-başa kəşflərin, ixtiraların tarixidir. İkinci minilliyin son əsri sıra-sıra heyrət doğuran kəşfləri ilə bəşərin sanki bütün ötən ixtiralarını da üstələdi. Kosmos zamanı, bilgisayar əyyamları başlandı.

Bəni-adəm süni adam yaratmağa bir az da yaxınlaşdı. Amma insan nə qədər inkişaf etsə də, tapğılarının, açğılarının miqdarı nə qədər çoxalsa və qeyri-adiləşsə də, ixtiraların ən köhnələrindən olan iki ixtira əbədi birinciliyini saxlayır: əlifba və on rəqəm.

Sonrakı bütün ixtiraların da, bütün tərəqqilərin də ilki, təməl kərpici onlardır.

Əlifbanın, yazının qüdrətindəndir ki, yüz il əvvəlin də, beş əsr qabağın da, min il oyanın da sözünü, düşüncəsini, hiss və həyəcanını olduğu kimi, elə bir qərinə, yüz il, beş əsr, min il əvvəlki təzəliyi və təravətində bizə yetirir. Ən möhtəşəm daş tikililəri zamanın gərdişi dəyişir, soldurur, parçalayıb dağıdır, məhv edir. Amma söz - yazıya köçərək əyaniləşmiş, maddiləşmiş SÖZ bu hürküdən uzaqdır.

Əlifba olmasaydı, yaddaşın ömrü bunca uzun olmazdı.

Əlifba olmasaydı, mənəviyyat bunca zəngin olmazdı.

Əlifba olmasaydı...

Əlifba var və əlifbaları öyrənəcək yeni-yeni insanlar da hər an doğulur.

Dünyanın hər yerində hər xalq öz övladını mədəni dünyanın balası etməkçün ona savad verir, əlifba öyrədir və əlifbanı öyrətməkçün də kitablar yaradır.

Əlifba kitabları!

Ömrümüz boyu çox kitablar oxuyuruq. İllər uzunu oxuduğumuz kitablardan sevdiyimiz də olur, yaddaşımızda alababat qalanları da, yerli-dibli unutduğumuz da. Amma ilk kitabı hər kəs hər zaman xatırlayır. İlk kitabımızsa "ƏLİFBA"dır.

"Əlifba" bünövrədir, özüldür. Özül sağlam olduqca onun üzərində ucalan qatlar da mötəbər, möhkəm olur.

İyirmi birinci əsr gəldi, Üçüncü minillik başlandı və artıq göz açıb-yumunca bu əsrin üçüncü onili yarıbayarı oldu.

Yenə hər payız astanasında on minlərlə (son illərdə bizdə ilk dəfə məktəbə yollanan birincilərin sayı aşağı-yuxarı 140 mindir) Azərbaycan uşağı məktəbə yollanacaq, ilk dəfə qələm götürəcək, kağız üzərində ilk hərfləri cızacaq (Daş üzərində bizə ilk məktublarını göndərən ən ulu babaları kimi məhz cızacaq. Yazı əlin az sonrakı vərdişi və qabiliyyətidir).

Məktəbin sehrli aləminə düşmüş çocuq başlayacaq ilk öyrəndiyi hərflərdən sözlər qurmağa, höccələyə-höccələyə gözünün asta-asta alışdığı hərflərin ardındakı sözü OXUMAĞA!

Orta çağda müsəlman Şərqində, o sıradan Azərbaycanda mədrəsələrdə oxumağa başlayan şagirdlərə klassiklərin ən seçmə şeirlərindən mütləq proqram olaraq təxminən 40 min misra əzbərlədilərmiş, 10 min misra da müasirlərdən.

Bu zəngin ehtiyat həm öyrəncinin söz ehtiyatının artmasına, həm dünyagörüşünün inkişafına, həm də şeiri duyma və özünün də şeir yaza bilmə vərdişlərinin yaranmasına səbəb olurmuş. Yaxın və Orta Şərqdə, yenə o sıradan Azərbaycanda əksəriyyətin söz qoşa bilmək, şeir təfəkkürünə malik olmaq qabiliyyətinin izləri bu ənənədən kök alır.

Orta çağ ayrı zaman idi, indi başqa Vaxtdır.

Hətta indi XX əsr də deyil.

33 səsimiz, 32 hərfimiz yerindədirsə də, mühit dəyişib, təfəkkür başqalaşıb, bildiklərimizin çevrəsi və bilməli olduqlarımızın dairəsi genişlənib.

İndinin 4, 5, 6, 7 yaşlısını 125, 100, 80, 50, heç 20 il əvvəlin də o yaşlı uşaqları ilə müqayisə etmək olmaz.

Bunlar yaxşı mənada çoxbilmişlərdir. Bunlar hər gün televiziya ilə, kompüterlə yatıb-dururlar. Lakin Yeni Minilin, başqa bir zamanın yavrusu olan körpə soydaşımız da yenə atasının, babasının, babasının atasının oxuduğu "Əlifba" kitabındanmı alsın savadı? Axı bu uşağın tələbi atasının, babasının, babasının atasının umduğu biliklərdən fərqlidir. Axı bu uşaq gərək onlardan ən azı bir addım irəli gedə. Axı bu uşaq artıq tam haqla dünya ailəsinin bir üzvü olan Azərbaycan dövlətinin, ona dədələrdən miras qalmış bu müqəddəs Vətənin və bu şərəfli millətin daha işıqlı gələcəyini qurmalıdır.

Sabahımızın ümidi olan bu övlada gərək onun layiq olduğu kitabı verək axı!

O çağlar ki əlifba bəlalarımızdan yalnız hələ birincisinə düçar olmuşduq - qədim türk yazısını əldən verərək ərəb əlifbasına keçmişdik və yaxşı-yaman bu əlifba həyatımıza işləmişdi, min ildən artıq müddətdə ərəb yazısı ilə zəngin kitab sərvətimiz yaranmışdı, o əyyamlarda bu hökmran əlifba yazı-pozuya başlayan uşağa elə doğma yazımız kimi öyrədilirdi (Güney Azərbaycandakı 40 milyondan artıq azərbaycanlımız üçünsə həmin gerçəklik bu gün də qüvvədədir).

O zamanlarda mədrəsələrdə və mollaxanalarda ilkin yazı və qiraət vərdişlərini Sədi Şirazinin az qala qeyri-rəsmi dərslik səviyyəsində bütün Yaxın və Orta Şərqdə qəbul edilmiş "Gülüstan"ından seçmə parçalar əsasında mənimsədərdilər.

Və dillərə indiyəcən yaşayan bir deyim qonmuşdu: "Gülüstan"ı 7 yaşında oxuyub, 70 yaşında anlayarlar".

Bu sözlərin ilk həqiqəti ondaydı ki, dahi klassikin ömrün müdriklik çağında qələmə aldığı bu nəsihətamiz əsərdəki dərin hikmətləri anlamaq, onların mahiyyətinə varmaq, əlbəttə ki, sütül uşaq qafasının gücündə deyildi. Amma o əski deyişin daha vacib gerçəyi də var - Sədinin səslənişi cazibəli misraları uşağın ayna kimi təmiz yaddaşına möhkəmcə yapışırdı, illər boyu zehnində yaşayırdı, ilk kitabın hikmətləri yaş artdıqca dünənki uşağa, indiki cavana, ahıla yeni mənalar pıçıldayırdı.

Beləcə, "Əlifba" - ilk bələdçi, ilk kitab həyatı boyu insanın içərisində yaşayırdı.

Azərbaycan məktəbinin həmişə öyrənciylə yaşayan, daim onun həmsöhbətinə çevrilə bilən, illər ötdükcə onunla yeni tərzdə, yaşının sonrakı çağına uyar şəkildə dərdləşəcək, sirdaş olacaq kitablara ehtiyacı var. Yeni minillik içərisindəki müstəqil Azərbaycanın "Əlifba"dan üzü yuxarı bütün dərslikləri gərək belə ola! Və inanıram ki, olacaq da!

Amma bir para vacib mətləblərə keçməzdən öncə yüngülvari də olsa tarixə səyahət etməyin yeri var.

İlk dəfə ana dilimizdə "Əlifba" dərsliyi tərtib etmək təşəbbüskarlığı böyük Mirzə Fətəlinin payına düşən xidmətdir. Lakin o əsər əlyazma şəklində qalıb, nə dərəcədə tətbiq edilib-edilməməsi də hələ ki aydın cavabı bilinməyən ayrıca sualdır. Ancaq peşəkar dərslik mənasında işıq üzü görən - nəşr edilərək məktəblərdə istifadəsi başlanılan ilk "Əlifba"mıza görə Aleksey Çernyayevskiyə (1840 - Şamaxı, 1897 - Tiflis) minnətdar olmalıyıq.

Aleksey Osipoviç təşəbbüskar, öyrənmək və öyrətmək yanğısı ilə dolu bir cavanmış. Azərbaycan dilini təmiz bilirmiş və Ağsuda poçt şöbəsində işləyərkən varlığındakı müəllimlik eşqinin yönəltməsiylə kənd uşaqlarını yığıbmış başına, onlara ruscanı öyrədirmiş.

Tale belə bir ssenari qurur ki, Qafqaz təhsil dairəsinin müdiri Ağsudan keçib Şamaxıya gedərkən poçt şöbəsinə girəsi olur və Çernyayevskinin qeyri-rəsmi məktəbinin qeyri-rəsmi şagirdləri nəzərini çəkir. Onları danışdırır və görür ki, bu kənd uşaqları özünü müəllim yerinə qoymuş həvəskarın sayəsində əməlli-başlı rus dilini bilirlər. Çernyayevskiyə söz verir ki, onun müəllim olaraq işə götürülməsinə nail olacaq. Bircə əirzə və sənədlərini yollamağı tapşırır və ərizə gəlib Tiflisdə əlinə çatan kimi "popeçitel" məsələni müsbət həll edir və Çernyayevski köçür Tiflisə.

Az sonra isə Aleksey Osipoviç artıq Qori Müəllimlər Seminariyasında Azərbaycan, ya ovaxtkı deyilişlə ifadə etsək, tatar bölməsinin müdiri təyin edilir - bu, 1879-cu il idi. Elə həmin ildən də Çernyayevski Azərbaycan dilində "Əlifba", "Ana dili" dərsliklərinin yoxluğunun yaratdığı bütün çətinlikləri çılpaqlığıyla duyur. Qərara alır ki, bu kəsiri özü aradan götürsün.

Aleksey Çernyayevski 1882-ci ildə oxucusuyla görüşən "Vətən dili" kitabıyla yalnız "Əlifba" dərsliklərimizin nəşri ənənəsinin deyil, ümumən milli dərsliklər gələnəyimizin əsasını qoydu.

 O ilk dərsliyimiz daşbasma üsulu ilə nəşr edilmişdi və xətt Çernyayevskinin yetirməsi Rəşid bəy Əfəndiyevinki idi.

Bu qaranquş "Əlifba"mız vur-tut 48 səhifə idi və Çernyayevski həmin dərsliyi necə öyrətmək yollarını göstərən metodik vəsait - "Üsul kitabı" da qələmə almışdı. "Vətən dili" elmi prinsiplərlə yazılmış ilk "Əlifba"mız olan sayaq, bu kitab da müəllimlər üçün yazılmış əvvəlinci bələdçi idi.

Aleksey Çernyayevskinin 1888-də Tiflisdə basılan "Vətən dili" kitabı ilk nəşrin təkrarı deyildi. Əvvələn, bu kitabı artıq o, tək işləməmişdi, müəllif-tərtibçilər sırasında Səfərəli bəy Vəlibəyovla Həsənəli Qaradaği də vardı; ikincisi də, bu kitab 6 il əvvəlki dərsliyin müəyyən mənada davamı idi.

Bir neçə il sonra isə Rəşid bəy Əfəndiyev ustadının başladığı yolu bir az da irəlilədəcək, 1889-cu ildə öz "Əlifba"sını yaradacaq - "Uşaq bağçası" dərsliyini nəşr etdirəcək ("Savadsız adam bu kitab ilə bir ayda oxur və yazar" - Rəşid bəyin öz sözləridir).

Qori seminariyasından sonra Rəşid bəy kənd məktəblərində müəlliminin "Əlifba"sı ilə dərs deməyə başlamışdı, təcrübədə o dərsliyin üstün və zəif cəhətlərini sınaqdan keçirə bilmişdi və həmin səbəbdən yaratdığı yeni dərslik də qavrayış üçün daha sadə və münasib idi.

Yol başlanmışdı və Azərbaycan maarifçiliyinin, Azərbaycan ziyalılığının dəyərli elçilərinin neçəsi sonralar bu nəcib ənənəni davam etdirdi, ciddi milli mənası olan işi daha da təkmilləşdirmək səmtində can qoydu.

İlk qiymətli "Əlifba"larımızdan birinin üstündə Mahmudbəy Mahmudbəyovun imzası yaşayır. 1907-ci ildə çıxan kitabının ünvanı "Türk əlifbası və ilk qiraət" idi.

Firidun bəy Köçərlinin 1912-ci ildə çap edilən "Balalara hədiyyə"si bir "əlifba qoşqusu" idi, indiyəcən də hədiyyəliyini hifz etməkdədir.

"Əlifba"mızın və ibtidai siniflər üçün ilk dərsliklərimizin, ədəbi örnəklərimizin yaradılması və cilalanması, millətə layiq səviyyəyə çatması uğrunda Seyid Əzimin də, Abbas Səhhətlə Mirzə Ələkbər Sabirin də, Abdulla Şaiqlə Hüseyn Cavidin də, Hacıkərim Sanılının da, Fərhad Ağazadənin də, Üzeyir bəy Hacıbəylinin də... unudulmaz əməkləri, maarif və maarifçilik tariximizdə qalan pozulmaz izləri var.

İyirminci yüzilin otuzuncu illərinədək "Əlifba"ya yaradıcı yanaşmalar və müəllif rəngarəngliyi vardısa da (təbii ki, bu, çox gözəl idi, inkişafa, yeni axtarışlara təkan verirdi), həmin dövrdən sonra müəyyən səngimə başlandı.

1933-36-cı illərdə Azərbaycan məktəblərində istifadə edilən "Əlifba"nı Veysəl Mustafazadə yazmışdı. Böyük ölçüdə yanaşılanda həmin dərsliyin ovqatı indiyəcən yaşayır və məktəblərimizdə oxunan "Əlifba" kitabı hələ də o cazibə dairəsindən çıxa bilməyib. Niyə?

Veysəl Məmmədzadə imzalı son "Əlifba" 1936-cı ildə nəşr edildi. 1937-də Azərbaycan məktəbi yerində idi, yeni birincilər vardı, Veysəl Mustafazadə isə artıq yox idi. Daha onun adını kitabın üstünə yazmaq olmazdı. Onu "xalq düşməni" elan etmişdilər və belələrinin adətən kitablarını da yox edirdilər. Lakin belə tələsikdə təzə "Əlifba" dərsliyi düzəltmək də çətin idi. "Əlifba" kitabının üstündən Veysəl Mustafazadənin adını sildilər, iki nəfərə tapşırdılar ki, köhnə dərsliyə bir qədər əl gəzdirib "Əlifba"nın yeni nəşrini hazırlasınlar. 1937-də Veysəl Mustafazadəsiz nəşr edilən, keçənilki nəşrdən az seçilən "Əlifba"nın üzərində artıq Yusif Zeynalovla Əliməsrur Qafarinin adları dururdu.

Veysəl Mustafazadənin yasaq adı kitabın üzərindən özü cəmiyyətdən və həyatdan qoparılanda silinmişdi. İllər ötdü, digər həmmüəllif də çıxdaş olundu və Yusif Zeynalov "Əlifba"nın tək müəllifinə çevrildi - 1946-dan 1962-yədək "Əlifba" onunku idi. Xeyli dəyişikliklər edilmişdi, amma təməl, Veysəl Mustafazadədən gələn cövhər qalırdı. Mən həmin "Əlifba" dərsliyi ilə yolunu başlayan sonunculardan oldum. 1963-də buraxılan "Əlifba"da müəlliflər yenə qoşalaşmışdı. Yusif Zeynalov adının yanına yeni ad əlavə edilmişdi: Yəhya Kərimov. Bu qoşamüəllifli zahirən təzə dərslikdə də yeniləşdirmələr, dəyişdirmələr vardı, amma əski özək - Veysəl Mustafazadə havası yenə qalırdı.

Bir müddət sonra isə "Əlifba", bir növ, Yəhya Kərimovun inhisarına keçdi. Düz 4 onillik boyunca! Bu böyük vaxt kəsiyində dünyada çox şeylər dəyişdi və əlbəttə ki, Y.Kərimovun da "Əlifba"sında ara-sıra xırda əskiltmələr, artırmalar, rəsm dəyişiklikləri baş verirdi. Lakin əsaslı fərq yox idi. Veysəl Mustafazadənin özünü rejim asanlıqla öldürə bilmişdi, bilənlərsə bilirdi ki, Veysəl Mustafazadənin "Əlifba"dakı ömrü davam edir, o, elə bir qəlib yaradıb ki, sonralar sadəcə həmin cazibə dairəsində hərəkət edir, xırda-para (bir sıra hallarda qüsurlu) dəyişikliklərdən uzağa gedə bilmirlər.

İkinci minillik bitdi, üçüncü minillik başlandı, artıq orta məktəblərdə işlənən "Əlifba" dərsliyinin bəsitliyi, günün tələblərinə, yeni təhsilin umacaqlarına cavab vermədiyi aşkar duyulurdu, ancaq qırsaqqız inadkarlıqla Yəhya Kərimov kimsəni "Əlifba"ya yaxın buraxmırdı.

Bəlkə həmin kitab, doğrudan da, əvəzedilməz idi, onu dəyişməyə heç ehtiyac da yox idi? Axı hər halda neçə onil ərzində bu qədər Azərbaycan balası həmin kitabdan oxuyub-öyrənmişdi. Di gəl, başı qaldırıb dünyaya da baxmaq, ətrafda baş verənləri də izləmək zəruri idi axı!

Son yarım əsrdə dünyanın maarifi, təhsili irəli getmiş ölkələrinin əksərində bir neçə dəfə deyil, on dəfələrlə "Əlifba" dərsliklərinin müəllifləri də, məzmunu da dəyişib. ABŞ-da, İngiltərədə, Avropanın onlarca başqa ölkəsində, əlimizin ən tez çatdığı, yeniliklərini daha asan müşahidə etmək imkanına malik olduğumuz Rusiyada alternativ "Əlifba" dərslikləri artıq XX yüzilin axırlarından etibarən bir neçə deyil, onlarladır. Lakin heyiflər ki, bizdə təqribən 40 il istifadədən sonra təhsil dövriyyəsindən kənarlaşdırılan Yəhya Kərimov "Əlifba"sından sonra da daha bir sönüyünü ortaya çıxartdılar, fərqli, daha gözəl ola biləcək, rəqabətə girərək üstünlük qazanmaq imkanlı yeni alternativ "Əlifba" dərsliklərinə yenə meydan verilmədi.

Belə qısqanc yanaşmanın səbəbi o deyildi ki, rəqiblərinin yaranmasına, məktəbə yol tapmasına macal verilməyən bir qisim dərsliklər, ilk növbədə isə tətbiq edilməkdə olan "Əlifba" dərsliyi həqiqətən, əvəzedilməz idi. Yox, belə deyildi. Səbəblər başqa idi. 1960-cı illərin lap əvvəllərindən Azərbaycan məktəblərində dörd onillik ərzində işlədilən Yəhya Kərimovun tərtib etdiyi dərslik oldu. Ona görə də bu müəllif və bu dərsliyin üzərindən sükutla keçmək yaramaz. Parlaq klassiklərdən, yalnız pedaqoji biliyə deyil, həm də yüksək bədii istedada malik güclü qələm sahiblərindən sonra onlarla hec vəchlə müqayisə edilə bilməyəcək bu müəllifin "Əlifba"sının belə dayanıqlı istifadəsinin səbəbi nə idi? Çox sanballı və mükəmməl idi - ona görəmi, ya bir çoxlarının təsdiqlədiyi kimi, bu sahəni monopoliyasına çevirməyi bacardığı üçünmü belə olmuşdu? Bu, ayrıca mövzudur, onu incələmək boş vaxtı çox olanların məşğuliyyətidir (amma hər halda buna da ehtiyac var. Çünki təhsilimizin və deməli, millətimizin taleyi ilə bağlı heç bir məsələ diqqətdən kənarda qalmamalıdır) və bizim məqsədimiz köhnə palan içi eşmək yox, yeni və uğurlu olanı təklif etməkdir. XX yüzilin sonlarında, yeni əsrin əvvəllərində Azərbaycan mətbuatında Yəhya Kərimovun "Əlifba"sı haqda bu yıpranmışlıqdan təngə gələn bişkin mütəxəssislərin, təcrübəli müəllimlərin, tanınmış qələm sahiblərinin bir-birinin ardınca kəskin tənqidi yazıları dərc edildi. Bəzən o yazılarda qədərindən artıq sərt ifadələrə də rast gəlinirdi. Belə yanaşmaları sona qədər qəbul edə bilmirəm. Axı adama deyərlər ki, bu müəllifin kitabı təxminən 40 il məktəbdə istifadə edilib, pis idi, bəyənmirdiniz, kənarlaşdıraydınız, başqa müəllifə sifariş verəydiniz kitabı. Bu irada belə cavab tapırdılar ki, Yəhya Kərimov Təhsil Nazirliyində ibtidai siniflər üzrə dərslik və proqramların hazırlanmasına nəzarət edən komissiyanın sədri imiş və onun marağında olduğu əraziyə girməyə iddialı olan bircə fərli rəqibə və dərsliyə də bu maneəni aşmağa imkan vermirmiş, üstəlik, yalnız "Əlifba" ilə kifayətlənməyərək, asta-asta digər ibtidai sinif dərsliklərinin də müəllifliyini öhdəsinə götürübmüş. Yəhya Kərimovun kəskin tənqidçiləri "Əlifba"da və onun digər dərsliklərində bəsitliyin, zövqsüz ədəbi parça seçiminin, çağdaş təhsilin tələblərindən uzaq məqamların bolluğundan yazırdılar (Bir az ehtirasla yazsalar da, hər halda sübutsuz, dəlilsiz keçinmirdilər, dərsliyə necə düşməsi adamı mat qoyan tutarlı nümunələr gətirirdilər). Bəziləri isə onun Azərbaycan türkcəsini qədərincə bilməməsində, yəni heç olmazsa Azərbaycana uşaqlarına əlifba öyrədəcək səviyyədə bilməməsində təkid edir, iradlarını da Yəhya Kərimovun dərsliklərindəki saysız dil pintilikləri ilə sübut edir, əşyayi-dəlil olaraq ən azı onun "Dovşanın iki qulağı var" əvəzinə "Dovşan iki qulağa malikdir" kimi əndrəbadi cümlələrini misal gətirirdilər.

Artıq nə Yəhya Kərimov həyatdadır, nə onun "Əlifba"sı işlədilir. Həmin müəllif və dərsliyi ilə bağlı qənaətlərimi mətbuatdan və ən yüksək kürsülərdən onun öz sağlığında açıqca demişəm, odur ki, indi bu qeyd edilənlər sadəcə tarixi xatırlamalardır. Bunları yada salmaqla da nə artıq ömrünü başa vurmuş müəllifi, nə də, nəhayət ki, məktəbimizin qurtulduğu kitabı təhlil, ya tənqid etmək istəyirəm. Bunları ona görə yazıram ki, bir daha düşünək: axı niyə beləyik? Niyə millətin ümdə maraqları ilə bilavasitə bağlı olan bir çox məsələlərdə onillərlə mütiliklə dözüb iş-işdən keçəndən sonra tərpəşməyə başlayırıq?! Yaxşı, heç olmazsa, ağlımız başımıza gələndə, hərəkət etmək istəyinə düşəndə də yalnız dünəni bihudə ahlarla xatırlamayıb olub-keçənlərdən ibrət götürək, bugünümüzdəki başqa oxşar qüsurların elə keçmişdəkilər kimi onillərlə acı bağırsaq kimi uzanmamasından ötrü tədbirlər görməyə can ataq. Axı Yəhya Kərimovun "Əlifba"sından qurtulandan sonra da müşkülümüz həll olunmadı. İndi "Əlifba"mız əvvəlkilərdən də betər kökdədir, digər orta məktəb dərsliklərimizin, xüsusən DİLİMİZ və ƏDƏBİYYATIMIZLA əlaqədar olanların aqibəti çox ciddi narahatlıqlar doğurur, etirazlar da səslənir, ancaq nəticə hasil olmur, dəyirman elə əski fırlanışında davam edir, demək, millət müqəddəratı ilə birbaşa bağlı bu cür həyati məsələlərdə qətiyyət təcrübəmiz yetərli deyil.

Gərək millət üçün yalnız zərərli deyil, ümumən arzulanan qədər faydalı olmayanlardan vaxtında imtina etməyi bacarasan, ad-sanı, maddiyyatı Azərbaycan millətinin ali mənafeyindən yüksək tutmayasan. Tutarsan, bu, artıq millətəəks əməl olur, bu haqsa heç kəsə verilməz.

Bir millət üçün onun təməl kərpici, bünövrəsi ƏLİFBAdan, DİLdən, ƏDƏBİYYATdan müqəddəs nə ola bilər ki! Qutsal olana isə yalnız və yalnız PAK niyyətlərlə yanaşmaq, özünü unudaraq, könlünü aşağı tutaraq vicdanlı münasibət bəsləmək vacibdir.

İnsanı insan edən, insanı üstün edən, tərəqqini təmin edən ilk amil seçmək imkanıdır. Niyə Azərbaycan məktəbi, niyə Azərbaycan balası, niyə Azərbaycanın Gələcəyi ümdədən-ümdə olanı - "Əlifba" kitabını seçmək imkanından məhrum qalmalıdır? İmkan verək, yeniləri də yaransın, yalnız imkan verməklə işimiz bitməsin, əksinə, bu işin təşkili yolunda səylər qoyaq. Bəd ayaqda lap o köhnə və köhnəlmiş də qalsın, amma başqalarının, yenilik təklif edənlərin, zamanın istəyindən törəyənlərin də yolu qapanmasın. Dərslik siyasətində onillərdən bəri müşahidə etdiyimiz və davamı da əvvəlki qaydada gələn mühafizəkarlığın ardında heç də xoş olmayan, milli mənafeyə xidmət etməyən məxsusi hədəfli niyyətlər gizləndiyini də ağıldan keçirməyə bilmirsən.

Milli maraqlar dairəmizə daxil olan mühüm mətləblərlə bağlı bu qəbil nigaran məqamların bizi hər gün müşayiət etməsi bütün bunların yalnız bilməzlikdən, səriştəsizlikdən, təkəbbürdən, şəxsi maraqlardan deyil, həm də qat-qat təhlükəli olan xarici təsirlər, düşünülmüş qəsdlərdən qaynaqlandığını istisna etmir.

Susmaq da olar, danmaq da, görməzliyə vurmaq da. Amma heç kəs heç bir zorun gücünə el naminə gedilən yolun qarşısında maneə ola bilməz. Vaxt nə istəyir, o olacaq! Vaxt qaxsımış nələr varsa, hamısından imtina edəcək. İlk növbədə təhsil, dərslik siyasətində kiflənmiş nə varsa tullayacaq, yerinə təri, təzəni, özünə gərəkəni, özünə yaraşanı götürəcək. Vaxt gözləməyəcək ki, kimsə onun əvəzinə seçsin və öz primitiv seçimini ONA diktə etsin. Vaxt nəyi istəyir, özü seçəcək! Hökm edən də, hər bir işə, əmələ, əsərə ən ədalətli məhək daşı ola bilən Hakim də Vaxtdır.

1905-ci ildə "Həyat" qəzetində qiymətli maarifçimiz, milli mətbuatımızın təməlçisi Həsən bəy Zərdabi qəlbində bəslədiyi yeni dərsliklər, dərs vəsaitləri, məktəblinin oxu üfüqlərini genişləndirəcək bol-bol kitablar arzusundan yazırdı: "Bəlkə siz elə fikir edirsiniz ki, məktəblərdə verdiyiniz dərslər bəsdir, artıq lazım deyil? Yox, yox, o vaxtlar keçibdir. Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə-beş artıq işləsin".

Elə millət böyüklərinin belə vəsiyyət və tövsiyələrinin təsiri ilə mən də 25 il əvvəl bir "Əlifba" yazdım və həmin kitab 2001-ci ildə nəşr edildi.

O kitab necə yarandı, hansı tale yaşadı, ayrı bir macəralı hekayətdir. Ancaq XX əsrin bitəcəyində həmin kitabı yaza-yaza əlifbamız dolayısınca hər gecə-gündüz düşündüyüm əsnada mənə bir həqiqət də əyan oldu ki, o barədə söz açmağı gərək qabağa salam.

Bunu hər kəs bilərək öz əcdadı ilə iftixar etsin ki, qədim türklərin bəşərin mədəni inkişafında müstəsna yeri var. Qədim türk tarixini, əslimizi, kökümüzü gərəyincə bilməməyimiz, yetərincə öyrənməyə cəhd də göstərməməyimiz ciddi kəsirimizdir ki, gərək hər an ondan qurtulmağa çalışaq.

Qədim Elladanın başda Zevs olmaqla Olimp dağına sığınan ilahları, onlara həsr edilmiş əsatirlər hər zaman bizi heyran qoyub, yunanların bunca əski və cəlbedici keçmişi bizi heyrətli cazibəsiylə çəkib. Lakin eyni mənzərə daha əvvəl türk mühitində görünür və bir çox başqa ənənələr kimi, əslində bu da yunanlara qədim türklərdən keçmədir. Qədim türklərin inandığı 33 ilahlı tenqriçilik (tanrıçılıq) dini varmış. Baş Allah Qorbustanın (bu, yunanlarda Zevsdir) ətrafına toplanan ilahların hərəsi bir sahənin "himayədarı" idi. Yaşı onminillərlə ölçülən Qobustanımızı tanrıçılıq dininin baş allahı Qorbustanla sadəcə səsləniş oxşarlığının yaxınlaşdırdığını düşünmək sadədillik olardı. Elə Qobustanın adı da baş tanrının adından alınıb. Və bu da var ki, Qobustan insanlarının sığındığı mağaralar çox qədim yaşayış məskəni deyil, nəhəng ibadətgahmış - tanrıçılıq dininin Məkkəsi, Mədinəsiymiş.

Tanrıçılıq dini, onun baş tanrısı Qorbustan haqda elmi həqiqətlər XX yüzilin səksəninci illərində artıq mübahisəli elmi suallar çərçivəsindən çıxaraq təsdiqlənmiş, etiraf və qəbul edilmiş gerçəklər kimi ikicildlik mükəmməl "Dünya xalqlarının mifləri" və digər oxşar ensiklopediyalara daxil edilmişdi. Yunanlara hamının - onlardan savayı bütün digər millətlərin "mənəviyyat, mədəniyyət müəllimi" yarlığını tələsik yapışdıranlar tarixin çox həqiqətlərindən, o sıradan qədim türklərin bəşər sivilizasiyasının yüksəlişlərindəki yerindən və xidmətlərindən bixəbər olmuşlar. Lap qədimlərdən yazıya, əlifbaya malik olan türklər bəs hərflər sırasını necə adlandırırmışlar?

Bu gün hərflər cərgəsinin ümumi adı kimi işlətdiyimiz "Əlifba" kəlməsi ərəbcədən gəlmədir. Yalnız biz yox, bir sıra başqa türk və İrandilli xalqlar da eyni termini istifadə edir. Ərəb əlifbasının ilk hərfinin adı əlif, ikincisininki bedir, birləşərək "əlifba" sözünü yaradıblar. Ayrılıqda nə "əlif"in, nə də "be"nin bir mənası var. Düzdür, ərəbcədə "min" anlamı verən "əlf" kəlməsi də işlənir. Lakin bunun o biri əlifə dəxli yoxdur. Hərflər toplusundakı ilk iki hərfin adını götürərək bunu hərflər qatarının ümumi adına çevirmək ənənəsinin yunanlardan gəldiyi fərz edilir. Onların ilk hərfinin adı alfa, ikinci hərfinin adı betadır. Qovuşaraq "Alfabet" olublar. Ayrılıqda söz olaraq nə "alfa"nın, nə "beta"nın mənası var. Ruslar da həmin sözyaratma quruluşu üzrə ilk hərfləri olan "az" və ikinci hərfləri "buki"ni birləşdiriblər, "Azbuka" yaranıb. Ruscada nə "az", nə "buki" sözünün müstəqil mənası var.

Bəs biz necə deyirikmiş, hərflərimizin cəmini qədim türklər nə təhər adlandırırlarmış?

Çox da ki, sonradan bədbəxtlik baş verib - dünya türkləri öz doğma, əsl əlifbalarını, həmin əlifbada qələmə alınmış kitabları əldən veriblər və əsrlərcə yad qrafikalardan istifadə etmək zorunda qalıblar. Qalan o əlifbanın hərfləridir, həmin qədim türk yazısında əbədiləşmiş daş kitabələrdir. Yazımız, əlifbamız olubsa, yəqindir ki, onun adı da olub. Düzdür, "əlifba" kəlməsi bizimçün doğmalaşıb, bu da dilimizdə vətəndaşlıq hüququ qazanmış yüzlərlə gəlmə kəlmələrdən biridir. Lakin ən azı bilməliyik axı hərflər sırası bizdə necə adlanırmış. Bəlkə elə onu tapandan sonra tətbiq də edək?!

Araşdırmalar əslində "alfabet"in də kökü etibarı ilə qədim türklərə sarı uzandığını göstərir. Həmin "bet"in yerində bizdə "bit" durub. Qədim türkcədə yazıya "BİT" deyilirdi. Kitaba da elə həmin səbəbdən qədim türkcədə "bitik" deyilirdi. Bu söz indiyə qədər bir çox türk dillərində, o sıradan Azərbaycan türkcəsində işlənməkdədir. "Dua-pitik" ifadəsi danışığımızda indi də diridir. Qədimdə "dua" şifahi oxunan dualara, "pitik" (ya bitik) isə yazılı dualara deyilirmiş. "Dua-pitik" də indi dilimizdə məhz yazılı duanı nişan verən kəlmə kimi işlənir. Alfanın yerində isə bizdə "ALP", "ALPA" dururmuş. Bu söz "igid", "mərd" mənasında bu gün də dilimizdədir. "Qədim türk lüğəti"ndə isə "alp" sözünün, heç bir mənası olmayan "alfa"dan, "əlif"dən fərqli olaraq, bir silsilə anlamı var: igid, qoçaq, uca, başlanğıc, çətin sınaq.

Beləliklə, qovuşan ALP və BİT kəlmələri hərflər sırasına verilmiş ümumi adı - ALPABİT sözünü doğurur və bu termin bizdən başqalarına keçsə də, özümüzdə tədricən unudulub, bizimki olduğu yaddan çıxıb. Bizdən başqalarına keçməsinin ən üzdəki sübutu ALPABİT sözünün hər iki hissəsinin qədim lüğətlərin təsdiqlədiyi mənasının olması, o biri dillərdə Alfabet, Alfavit, Alfabe, Əlifba ... kəlmələrinin etimoloji anlamdan məhrum olmasıdır.

ALPABİT - YAZININ BAŞLANĞICI. Söz özümüzünkü, anlamı üstündə və birbaşa mahiyyətlə bağlı. Bizsə yad kəlmədən yapışıb qalmışıq. Bu elmi həqiqət balalarımızın yaddaşına elə gözləri hərfləri tanıyandan hopsun deyə o vaxt - hər birimizi nadir tarixi insanlara döndərən minilliklər kəsişməsində ayrıca bir şeir də yazıb "Əlifba" kitabıma daxil etdim:

Yazıya ulu babam

Qədimlərdə "bit" dedi.

"Sözü daşda, kağızda

Ək, becər, dirilt", - dedi.

Bitki kimi bitdi söz,

Bitdi, vərəqlər doldu.

Kitabın köhnə adı

Bizlərdə "bitik" oldu.

İlk hərfimiz "alp" idi,

Anlamı - igid, qoçaq.

Başqa yozumu - uca,

Başlanğıc, çətin sınaq.

Qovuşdu "alp" ilə "bit",

"Alpabit" oldu ünvan.

Hərflər sırasını

Belə verdilər nişan.

"Alpabit"in açımı:

"Yazının başlanğıcı"!

Minillərlə uzaqda

Bu bitməz yolun ucu.

Bir xalq dedi "alfabet",

Bir başqası "alfavit".

"Əlifba" sözü çıxdı,

Unuduldu "alpabit",

Güclü olmaq istəsək,

Qayıdaq özümüzə.

Ataq yadı, üz tutaq

Doğmaca sözümüzə.

Hərflər düzümünə

Dədələr kimi biz də

"Alpabit" deyək, yenə -

Dirilsin ulu kəlmə.

Düz iyirmi beş il əvvəl bu şeiri ilk dəfə oxuyub əzbərləyən uşaqların indi özləri ata-anadırlar, bəzilərinin uşaqları artıq "Əlifba" oxuyur. O vaxt yazdığım kitabın yaxşı-yamanını birbaşa təmaslarda duymaqçün özüm də birinci sinifdə dərs deyirdim. 33 uşaq idilər, hamısı bu şeiri əzbər söyləyirdi, "Əlifba"ya da "Alpabit" deyirdilər. Bu şeiri yazanda, kitabıma əlavə edəndə məqsədim o deyildi ki, "Əlifba" sözündən imtina edib "Alpabit"ə keçək. Sadə bir dillə mühüm tarixi həqiqəti şeirləşdirmişdim ki, elə birinci sinifdən, başlanğıcdanca balalarımızın düşüncəsində özünə yer etsin, onlarda öz əslini-kökünü tanıyıb-bilmək vərdişini yaratsın.

Dilimizin, qulağımızın öyrəşdiyi, başqalarının bizdən alıb bizə özününkü kimi qaytardığı o qədər sözlərimiz, sərvətlərimiz var ki! Dərinə getdikcə qan qanı çəkir. Sözlərin təkinə daldıqca özümüzü daha aydın görürük. Özümüzü tanımanın, millət olmağın dərslərini aşılamağasa elə gərək təməldən - "ƏLİFBA"dan başlayaq!

20 fevral 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see201

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see134

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see129

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see122

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see122

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see121

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see121

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see121

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see120

Byanka Senzori bu dəfə ÇADRA geyindi

25 Fevral 2025 06:02see120

Leyla Əliyeva Forumda iştirak edir FOTOLAR

25 Fevral 2025 09:44see115

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see114

Zelenski danışır, onlar diqqətlə dinləyirlər FOTO

25 Fevral 2025 11:31see113

Xaçatryanın Rusiyada qeyri adi sərgüzəti: 150 avtomobili icarəyə götürdü və...

26 Fevral 2025 13:37see113

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

25 Fevral 2025 08:00see112

Xocalı soyqırımı Fotolarda

26 Fevral 2025 13:16see112

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see111

Bu gün Ruben Vardanyanın məhkəməsi davam edəcək

25 Fevral 2025 09:25see110

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see110

Azərbaycana bu yolla kiberhücumlar həyata keçirilir Vətəndaşlara XƏBƏRDARLIQ

25 Fevral 2025 09:36see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri